Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə - 5 fevrala təsadüf edən əsas tarixi hadisələri və bayramları diqqətinizə çatdırırıq:

Beynəlxalq Skautlar Günü

Skaut yaşı 6 yaşdan ta ki 21 yaşa qədər hesab edilir. Bu gün 216 dünya ölkələrindən 50 milyondan çox uşaq, yeniyetmə və gənc skaut hərəkatının sıralarında birləşərək, «Hər gün bir xeyirxah iş görək” devizi altında fəaliyyət göstərirlər. Skaut sözünün tərcüməsi kəşfiyyatçı deməkdir, skaut hərəkatının banisi isə general Robert Baden-Pauell olub. Bu general istefada olarkən “Oğlanlar üçün kəşfiyyat” kitabını yazıb. Bu kitabda da o, yeniyetmə və gənclərin bir vahid ideya ətrafında birləşməsinin əsasını qoyub.

O cümlədən ölkəmizdə də fəaliyyət göstərən Skaut təşkilatı – müstəqil, qeyri-siyasi qurumdur, bu, uşaq, yeniyetmə və gənclərlə bir iş proqramıdır ki, özlüyündə bütün çətinliklərə baxmayaraq daim ayaqda qalmağı ehtiva edir. Skautların vətəni İngiltərə hesab edilir, 1907-ci ildə bu ölkədə ilk boyskaut düşərgəsi açılıb.

Skaut qalstukunu sonradan sovetlər götürüb pioner qalstuku kimi istifadə ediblər, eləcə də “Həmişə hazır ol” şüarını.

Skautun yaşadığı qaydalar şərçivəsi isə bunlardır: faydalı olmaq, bütün skautların dostu və qardaşı olmaq, xeyirxah, alicənab olmaq, yalan danışmamaq, təbiəti qorumaq, gülümsər olmaq, çətinlikdən qorxmamaq.

Azərbaycan skautlarının andı bilirsiniz necədir? And içirəm öz şərəfimə, məndən asılı hər bir şeyi edəcəyəm ki, Allah və Azərbaycan qarşısında olan borcumu yerinə yetirim, hər vaxt başqalarına kömək edim, skaut qanunlarına tabe olum.

Skaut gününüz mübarək, əziz uşaq, yeniyetmə və gənclər.

 

Ümumdünya Nutella günü

Bu bir uşaq bayramıdır, məşhur yerfındıqlı şokolad pastasının şərəfinədir. Bu qidanı bütün dünyada uşaqlar çox sevirlər, amma bir çox rejionda, xüsusən müharibələr və aclıqlar çəkən Afrika və Mərkəzi Asiya regionunda uşaqlar ona tamarzıdırlar. Nutella günündə xüsusən avropalı və amerikalı uşaqlar aclıq çəkən uşaqlara sovqatlar, mütləq də Nutelle göndərirlər.

 

Səhər naharına dondurma günü

Bu dadlı qidanı adətən insanlar səhərlər yeməzlər, amma bu gün insanlardan məhz səhər naharına dondurma yemək təvəqqe olunur. Bekarçılıqdan ortaya çıxan bir gündür əlbəttə. Qayğısız əcnəbi insanlar bilmirlər ki, başlarını nə ilə qatsınlar.

 

Monarx günü

Monarx günüdür həm də bu gün. Amma bu monarx o monarxdan deyil, yəni, kilsə ilə əlaqəli bir gün deyil. Söhbət nimfalid ailəsindən olan kəpənəkdən gedir, Şimalı Amerikada məskunlaşmış bu kəpənək olduqca valehedici olduğuna görə şəninə gün təsis ediblər.

Finlandiyada bayraq, Burundidə birlik, Danimarkada Şahzadə Merinin tacı, Pakistanda Kəşmirlə həmrəylik, Argentinada Linkoln və Buanes-Ayres karnavalları günüdür. İsraildə Tu bi-Şvat bayramıdır. Yəhudi təqvimi ilə şvat ayının 15-ci günündə qeyd edilən bu bayramın qeyri-rəsmi adı “Ağaclar üçün Yeni il” adlanır, insanlar bir-birini görcək gülümsəyərək “Roş xa-Şana La İlanot” söyləyirlər.

O ki qaldı Amerikaya, onlarda bu gün Milli şokoladlı fondyu günüdür. Fondyu – çörək, kartof və əridilmiş pendirin şokoladla süfrəyə verilməsidir.

 

La Skalada “Otello”nun premyerası

2009-cu ilin 5 fevralında Somalı piratları rəsmən 3200000 dollar pul alaraq Ukraynanın “Faina” gəmisini 17 nəfər ekipajla birgə azad edərək tarixdə ilk presidentin əsasını qoyublar. 1991-ci ildə Qırğızıstanın paytaxtı 65 il bolşevik terrorçusu Frunzenin adını daşıdıqdan sonra Bişkek olub. 1958-ci ilin 5 fevralı qəribə bir olayla yadda qalıb. Jorjiya sahillərindəki təlim zamanı aviaqəzada hidrohen bombası itib. Hələ də həmin bomba tapılmayıb. 1952-ci ildə Nyu-York üçişıqlı işıqfor işlədilən ilk şəhər kimi tarixə düşüb. 1924-cü ildə BBC radiosu Qrinviç abservatoriyasından dəqiq vaxt siqnalları verməyə başlayıb. 1920-ci ildə Ukraynada ataman Maxno vərəqələr yayaraq yerli xalqı rus bolşevikləri ilə mübarizəyə səsləyib. 1916-cı ildə Sürixdə “Kabare Volter” – dadaizmin yarandığı məkan fəaliyyətə başlayıb. Dadaizmin əsas prinsipləri irrasionalizm, mövcud kanon və stereotiplərin dağıdılması olub. 1887-ci ildə Milanın La Skala teatrında Verdinin “Otello” operasının premyerası olub. 1783-cü ildə İtaliyanın Kalabriya əyalətində tarixin ən uzunmuddətli zəlzələsi qeydə alınıb – iki ay davam edən yeraltı təkanlar və sunami 180 yaşayış məskənini dağıdıb, 60 min insan həyatını itirib.

 

Üç dahi azərbaycanlının doğulduğu gün

1985-ci ilin 5 fevralında dünya futbolunun ən parlaq ulduzu – Kriştianu Ronaldu, 1968-ci ildə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, 1878-ci ildə fransız mühəndisi, “Sitroen” kompaniyasının yaradıcısı Andre-Qustav Sitroen, 1840-cı ildə Amerika silah konstruktoru, pulemyotu kəşf etmiş Qayri Maksim, 1812-ci ildə fransız baronu, Puşkini dueldə öldürmüş Jorj Dantes dünyaya gəliblər.

Təqvimdə çox az sayda günlər var ki, həmin gün bir xalqa məxsus bir neçə dahi insan doğulur. 5 fevral da belə günlərdən biridir. 1939-cu ilin bu günündə dünyaşöhrətli azərbaycanlı yazıçı, ssenarist Rüstəm İbrahimbəyov, 1923-cü ildə tanınmış azərbaycanlı tarzən Baba Salahov, 1918-ci ilin bu günündə isə dahi azərbaycanlı bəstəkar, dünya musiqi irsində əvəzsiz yerə malik Qara Qarayev doğulublar.

Niyə də 5 fevralı dahilər günü elan etməyək ki?

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

 

 

 

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət” 

 

Türkiyənin Ədəbiyyat Vakfının növbəti "Türk Edebiyatı" dərgisinin 604-cü sayı dərc edilmişdir. 

 

Dərgidə  qardaş Türkiyənin  yazıçıları ilə yanaşı fransız, qazax və azərbaycanlı yazıçıların yazıları da yer almışdır. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçımız Anar haqqında məqalə də dərgidə işıqlandırılmışdır. Enver Aykolun “Anarın Eserlerinde Ruhun Puslu Koridorları” adlı məqaləsində türk dünyasının önəmli yazarlarından biri olan Anar yaradıcılığını önə çəkərək Enver Aykol müəllifin dərin xarakter portretləri ilə klassik formulları qırdığını deyir. 

Dərgidə həmçinin əməkdaşımız mənim  “SMS” adlı hekayəm də nəşr olunmuşdur. 

 

https://www.turkedebiyati.com.tr/product-page/t%C3%BCrk-edebiyat%C4%B1-dergisi-604-say%C4%B1

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət”

 

Azərbaycan musiqi tarixində elə bəstəkarlarımız olub ki, onlar bir xalqın, bir  ölkənin çərçivəsinə sığmayıblar, dünyaya səs-soraq salıblar. Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirov! Üç dahi. Və bu gün onlardan birinin doğum günüdür! 

 

Müasir musiqi mədəniyyəti xəzinəsinə əvəzolunmaz töhvə verən böyük musiqiçi və ictimai xadim, alim və tədrisçi,  

görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində, məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. Dmitri Şostakoviç məktəbinin ən parlaq nümayəndələrindən biri olan Qarayev 1946-cı ildə Moskva konservatoriyasında dahi bəstəkarın kompozisiya sinfini bitirib. O, hələ bundan xeyli əvvəl Azərbaycan xalqının musiqi yaradıcılığına dərindən yiyələnmişdi. Bakı konservatoriyasında təhsil aldığı illərdə Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış etmişdi.

Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar Qara Qarayev təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işləyib. Müharibədən sonra Moskvada yarımçıq qoyduğu təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləməyə başlayıb. Həmin il Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. 1948–ci ildə “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırıb. 

Razılaşın ki, cəmi 30 yaşında belə nailiyyətlərə imza atmağa hər kəs müəssir ola bilməz. Və cəmi 31 yaşında - 1949-cu ildə o, Azərbaycan Dövlət Konservatoriyasının direktoru təyin olunub, 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçılıb. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub, 1959–cu ildə SSRİ xalq artisti adını alıb və Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. 1978-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib.

Görkəmli bəstəkar Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletini müasir dövrün olduqca aktual bir mövzusuna - irqi ayrı-seçkilik və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizəsinə həsr edib. Fransız yazıçısı Anri Barbüsün əsəri əsasında “Zəriflik” monooperasının, A.Puşkinin şeirlərinə bəstələdiyi “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romanslarının, “Könül mahnısı”, “Səadət mahnısı” kantatalarının müəllifidir.

Qara Qarayev Azərbaycan musiqisi üçün yeni olan müzikl janrına da müraciət edib. Fransız dramaturqu E.Rostanın “Sirano de Brejerak” komediyası əsasında “Çılğın qaskoniyalı” müziklini yazıb. Kinonu xarakter etibarı ilə “böyük müasir bəstəkarlıq məktəbi” adlandıran Qarayev, bu janrda da məhsuldar işləyib, klassikaya çevrilən sənət nümunələri yaradıb. “Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest” və digər kinofilmlərə, “Nikbin faciə”, “Antonio və Kleopatra” tamaşalarına yazdığı musiqilər onun yaradıcılığının parlaq səhifələrindəndir.

Qara Qarayevin ən məşhur əsərləri:

Operaları:

“Vətən”

“Zəriflik”

Baletləri:

“Yeddi gözəl”

“İldırımlı yollarla”

Vokal-simfonik əsərləri:

“Könül nəğməsi”, kantata

“Səadət nəğməsi”, kantata

Kamera vokal əsərləri:

Fortepiano və səs üçün Puşkinin şerlərinə romanslar

 Orkestr üçün əsərləri:

“Leyli və Məcnun”, simfonik poeması

“Yeddi gözəl”, Simfonik suitası

“Don Kixot”, Simfonik qravürləri əsərləri olmuşdur.

 

Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Xudayar Yusifzadəyə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

        XUDAYAR MÜSLÜM OĞLU YUSİFZADƏ

(15.07.1998.-22.10.2020.)

 

Bərdə şəhərində anadan olmuş, oxuduğu təsniflə milyonların sevimlisinə çevrilmiş, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

VƏTƏNİ CANDAN ÇOX SEVƏN XUDAYAR

 

Necə də şövq ilə oxuyurdu o,

Nəğmədən bir çələng toxuyurdu o,

Sanki yurdun ətrin qoxuyurdu o,

Söhbəti mahnıydı, sözü kaman, tar,

Vətəni candan çox sevən Xudayar.

 

Qəmzəli gülüşü- nurlu üzündə,

Həyat bir nəğməydi onun gözündə,

Müqəddəs Şuşanın Cıdır düzündə

Gəzsəydi, olardı necə bəxtiyar,

Vətəni candan çox sevən Xudayar.

 

Qəlbində sevgili Vətən var idi,

Qarabağsız həyat ona dar idi,

Dünya susmuş idi, dünyakar idi,

“Qarabağ bizimdir”- hey çəkirdi car,

Vətəni candan çox sevən Xudayar.

 

Doymazdı Vahidin qəzəllərindən,

Oxuyurdu yurdun gözəllərindən,

Riyakar düşmənin əməllərindən,

Danışıb, deyərdi,- düşmən olar xar,

Vətəni candan çox sevən Xudayar.

 

Atıldı döyüşə Xudayar şir tək,

Vuruşdu düşmənlə igid tək, ərtək,

Məhv oldu düşmənlər fitnə tək, şər tək,

Adı hər bir zaman dildə dolaşar,

Vətəni candan çox sevən Xudayar.

 

Zəfərdə, şəhiddə, yurd da bizimdir,

Qalib ölkə kimi, ad da bizimdir,

“Xudayar təsnifi” necə həzindir,

Özü tək təsnifi əbədi yaşar,

Vətəni candan çox sevən Xudayar.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

 

Bazar ertəsi, 05 Fevral 2024 14:00

Heyvanxanadan qaçan var

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

LQBT təbliğatı ilə mübarizə çərçivəsində Rusiyadakı Transsibir magistralının adı dəyişdirilərək Naturalsibir edilib. 

 

2.

-“Domestos”, sən niyə mikrobları 100 faiz deyil, 99 faiz öıdürürsən?

-Çünki istəyirəm, sağ qalanlar digərlərinə mənim gücüm barədə qandonduran həqiqəti danışsınlar! 

 

3.

Fil ilə bitin əsas fərqini bilirsinizmi?

Filin biti ola bilər. Amma bitin fili ola bilməz.

 

4.

“Viaqra” “Podaqra”dan daha yaxşıdır!

 

5.

Bəzən danışanın nitqini susmaqla vurmaq olur.

 

6.

Əlbəttə, çox əyləncəlidir, “28 mall”da elan olunur ki, kim qulaq aparatını itiribsə inzibatçıya yaxınlaşsın. 

Necə, nə cür?

 

7.

Diqqət! Heyvanxanadan mühafizəçi qaçmışdır. 

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Bazar ertəsi, 05 Fevral 2024 09:30

Heyran xanımın kitabı Təbrizdə çıxıb

Azərbaycanın məşhur şairəsi Heyran Xanımın seçilmiş əsərləri Təbrizdə nəşr edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalının Təbriz təmsilçisi Əli Çağla məlumat verir. 

 

“Heyran Xanımın Seçilmiş Əsərləri” kitabı, Pərisa Sainin (şəkildə) köçürməsi ilə 286 səhifə həcmində, Həkim Nizami Gəncəvi tərfindən nəşr olunubdur. 

Kitab artıq Güney Azərbaycanın müxtəlif kitabçılarının satış rəfindədir.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

Bazar ertəsi, 05 Fevral 2024 12:00

“ŞAPUR” - Şəhram Gülkarın hekayəsi

Portalımızın Güneydən gələn səslər layihəsində ilk öncə şeirləri paylaşılan Şəhram Gülkarın indi də “Şapur” adlı hekayəsini sizə çatdırırıq. 

Layihəni portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla təqdim edir. 

 

Köçə-bəy ağzına layiq, qoxusu kəndin dört guşəsini almış bozbaş ocaq üstündə son saniyələrini yaşayırdı. Qablamanın qapağı piqq-piqq pıqqıldayırdı. Sanki qanad açıb uçacaqmış kimi, qərarı yox idı. 

Damı alçaq evin ortasında süfrə bosatı quruldu, hər kəs həndəvərində hazır idi. Motorun nəriltisi həyətdən eşidilincə, Nubah xala tez qablamanı çitlə yapışıb gətirdi ortalığa. Şapur əlindəki belini divara dayayıb, çəkmələrini çıxarıb, əl-ayağını dirsəyə dizəcən yuyub süfrə başına çatmamış dedi:

- Nəəə... o tüngü mənə, ciyarım yanır. 

Şapur tüngü alıb, sərin ayranı bir nəfəsə, ağız-burnunun o yan-bu yanından tökülə-tökülə çəkdi başına. Tər köynəyinin önü bütöv ayran oldu. Amma Şapur o yorğunluq içində əprimiş canına bu ləzzəti, heç bir qınağa qalxışılacaq çıxışla dəyişdirəcək halı yox idi. 

- Havadan od yağır od, dedi. 

Salamlaşıb oturdu süfrəyə.

Bəykişi iki barmağıyla bir tikə ət qoydu ağzına. Əngində o yan-bu yan eyləyib. Dedi:

- Qoca  heyvan ətidi. Ağızda gəvşənmir.

Nubah tez qayıdıb dedi:

- Səhər açılandan yarım­xod barlamışam, yenə də ət həlməl olmayıb.

Kişi dedi:

- Uşağı ətə yollayanda belə olur də. Qəssab da, adama baxıb, ət verir. Onurğalı, enli kürəklərə budunu, qabırğasını, ensəsini, arıq-uruq zavallılara da sür-sümük verib yola salır.

Şapur soğanı alma tək xarıldadıb yeyə-yeyə dolu ağız güclə dedi:

- Bəhram uşaq deyil ki, maşalla yekə igiddir. İyirmi iki yaşı vardır, day bundan da böyük nə olacaqdı.

- Amma çəlimsizdir bir az! Alçaq qəssab da bundan yararlanıb. Tək qəssab yox, indi camaatın gözü dönüb. Al-verçilərin çoxu belə edirlər.

Nübah dedi:  

-  Allah göstərməsin, millətdən nə desən baş verir.

- Həmişə ət almaqdan zəhləm gedib. Nə qədər oyanıq olursan ol, yenə də başuva börk qoyurlar. Olmadı bir kərə ət alam gələm, nəəəəm deyə “Əllərin ağrımasın. Ət adamın lap üzünə gülür”. - Bəhram dedi.

Danışa-danışa şirin-şirin yeyirdilər ki, dışarıdan "şaraq" deyə beş atılan tüfəngin səsi gəldi. Hərkəs müharibə kəndə gəlib çatmış misalı hürkək bir vəziyyət aldı. Dikliyi dizə çatmayan pəncərədən ilk Bəhram bir əli yerdə, bir əli gözünün üstündə süzüb, lapdan bağırdı: "Tarı gözün çıxsın tayamız yanır."

Evdəkilər darın evdən çıxıncayadək qonşulardan bir-iki nəfər artıq gəlmişədi. 

O dedi:

- Vedrə gətir.

Bu dedi:

- Şlanq apar.

Özləri üçün düzəltdikləri nə yekə, nə xırda talvar altında taya sözə baxmayıb, odlanıb əldən gedirdi. Arada bir vedrə ilə, qabla, qazanla su atanda da, benzin səpirlərmiş kimi alov daha da qabarır, daha şöləsi çoxalırdı.

Şapur gözləri bərəlmiş, dəhşətli bir xəyal yaşayırmış sankı; Mat qalmışdı. Görünməz adam yağışda görünən tək, Şapurun da fitrətində olan könəzlik, sərtlik, kobudluq, odun şiddəti artdıqca üzünə yansıyırdı. Nə edəcəyini bilmirdi. Bu yanğın adı, neçə kəndli gücünə yaxalanıb, sönəcəyə bənzəmirdi. 

Bəhramın zil çığırtısıyla Şapur özünə gəldi. Diksindi.

Lapdan mələklər andırarmış kimi xaloğlusu Vəhid yadına düşdü. Şapurun rəngi duruldu. Cibindən telefonunu çıxarıb, bəlləyində Vəhidin adının üstünə gedib, basdı düyməni. Bəxtindən telefonun bəlləyində Vəhidi yanğın söndürən idarəsı adı ilə not almışdı. Yeddi-səkkiz ay olar-olmazdı Vəhidin o idarədə yazılıb işlədiyi. Əslində Şapur nömrəni yığa-yığa kökü bilinməz bir sevincəklik gəlmişdi ona. Yəqin belə bir duyğu öyüncü içindəydi ki, Vəhidin etibarını hardasa artıracaq. Bir yandan da çətin işi gecişdirmək üçün xalası oğlu gələcəkdi bura, başqası yox! Ah bi-düzə telefondan çaldırılmış sıqnal səsi duyuldu... biiip... biiip... biiip…

- Əlo.

- Bəli.

- Atəşfişanidi (Yanğın idarəsi)!

Çətin sayıla biləcək sözcükləri yanlış söyləmə xuyu, Şapurun doğuşdan gələn özəlliyi idi.

- Bəli.

- Vəhid var?

- Yox.

- Hardadır? Nec olub?

- Buralardaydı. Necə bəyəm, işiniz, əmriniz varsa qulluğunuzdayıq.

Şapur yarı burnunda, yarı ağzında ala-zil səsi ilə yox dedi. Bir azdan özüm zəng eləyərəm.

Belə sıra dışı olaylar ona görə deyildi. Başı ağrı götürməz, kimsə ilə işi olmazdı. Şadlıqlarda sınır dışı sevinən, şərlərdə də aşırı nisgilli olardı.

İndi olmasın dün gecə qonşu oğlu kamilin toyunda, tək bildiyi "inanımmı, inanmayım?" mahnısını heç bir peşəkar müğənni onun kimi ürəyə yatımlı, dadlı-duzlu oxuya bilməz sanıram. Ya ardıcan durub oynayarkən qızmış başını "əəə" deyib bir o yana, yenə də "əəə" deyib bir bu yana əyməsi bütövlikdə şölən dolu çılğın bir rəqs kompozisiyadır.

Tayadan ayrılmış küləş yığınının bağlarının açılışı samanları toz-torpağa qatıb, asta-asta rəngini dəyişib qaraya çalan təzəklərlə birgə oda bürüyüb, həndəvərində olan hər kəsin çarpıcı şəkildə gənziyini göynədirdi. Tozun, tüstünün havayla qaynayıb qarışması hər şeyi göz önündə oynaq edirdi. Kədərli bir duyğuya qapılmadan bu olayla üz-göz olmaq, heç cürə olası iş deyildi.

İlk telefon zəngindən iki-üç dəqiqə sonra olmazın yanıqlı təlaş içində aşırı hirsindən əlləri titrəyə-titrəyə yenə zəng vurdu Şapur.

- Əlo.

- Bəli.

- Atəşfişanidi?

- Buyurun.

- Bağışlayın, Vəhid gəldi?

- Yox canım. Kimsən? İşin nədir? Nə istəyirsən? Bəlkə köməyimiz dəydi!

- Vəhidin xalası oğluyam...Şapur. Çox əcələ işim var özüylən. Nolar, deyin tez zəng vursun mənə.

- Deyirsən indi işimizi boşlayıb allah qoysa Vəhidi gəzək də!

Şapur köks ötürdü. Təlefona cavab verən canlı-canlı önündə olsaydı, o zaman o bilərdi nə deyib necə danışsın. Ancaq bu uzaq yolların qovşağı sehirli cihaz elə bir sıxıntıya, büküklüyə səbəb olmuşdu ki, danışığını bütün bölgə eşidircəsinə, sözlərinə beyninin alt bilincində bir sınır çizmişdi. O sınırı aşmağa da, hansısa bəlli olmayan görüntü aman vermirdi.

Yadımdan çıxdı deyim ki; Vəhid o sürədə götü-başı beşdə­beş metrlik yanğın söndürən idarəsinin düz qabağında siqaret çəkə-çəkə, bekarçılıqdan qaldırımdan keçənləri bir araşdırmaçı gözü ilə incə-incə gözləmləyirdi! Küləş orada havaya sovrulurdusa Vəhid də burada həm iş vaxtını, həm də siqareti havaya sovururdu. Orada xalası oğlunun dədə malısı, burada xala oğlunun yeni doğulmuş oğlunun bapbalaca götünə yamanacaq molfiks (Uşaq bezinin markası) pulunun fikri havadaydı.

Bir azdan aşa-aşa gəldi, minç oynaya-oynaya telefon başında əyləşmiş yanğın söndürən işçilərinin yanına.

- Əə Vəhid bir nəfər bayaqdan iki dəfə zəng vurub, səni soruşub. Deyir xaloğlumdur. Həəəə... Deyəsən Şapur dedi adını.

- Yox ədə?!

- Valla.

Vəhid əlini telefona aparıb, zəng vurmaq istəyirdi ki, idarənin telefonuna tələsik adamın zənginə oxşar zəng gəldi.

- Əloooo

- Bəliii. - Vəhid cavabladı.

- Vəhid gəlmədiii???

- Ayə Şapur nə var?! Nə olub? Xeyir ola?!

- Ayə Vəhid, laməsssəb, hardasan? Taya yandı qutardı dənə!

- Ayə bə bayaqdan niyə deməyibsən, tarun yanmasın?

– Ayə bə... Mən... Mən... Kimə...

– Ayə səni nə deyim olasan. Qət elə, qət elə. İş yoldaşlarına üz tutub bağırdı:

- Ayə durun, amandı, tez olun...

- Hara?

- "Ayaz kəndinə. Ağdamın o əlində. Şansdan buradan daha yaxındı. – Yanğın söndürən idarəsi şəhərin çıxacağında olduğunda elə dedi. Düşdülər yola.

Şapur dəli toğlu kimi əlindən heç nə gəlmədiyi sırada, üzündə insanın içinə-içinə işləyən suçlu bir gülüşlə, hirsini anladırcasına baxınırdı hər tərəfə. Beynində dolaşan şübhələrlə ürəyindəki odu, alovu həyətdə yanan taya oduyla bir cür tutuşdura bilmirdi. Bilmirdi yandıranı, yananı, ya da ki, əllərdə qalacaq veylan-veylan dolananı düşünsün.

Coşmuş azğın düşüncələri baxışını cilovlamaqda çətinlik çəkirdi. Bu odun noxtası at-qatır noxtasına bənzəmirdi. Talvarın altındakı bütün tayanı yemədən dinc duracağı yox idi. Pişik ovunu oynadıb-oynadıb yediyi tək, gərmic də samanı göydə o əl-bu əl eyləyib odun ağzına atırdı. Yanan samana da rəhm eləməyib külünü sovurub atırdı Araza. Araz da ki, Arazdı də, yananların qibləgahı, ocağı.

Getbəget qabalaşırdı. Güclü rəqib qarşısında çarəsizliyi onu kobud, kəskin, çılğın heyvana çevirirdi. Artıq eşitdiyi hər hansı bir ovundurucu ola biləcək sözləri yamanmış deyə alğılayırdı.

Amma bunlar yaranan bədbəxtliyin vurduğu ziyanının qabağını almaq üçün yetərli ola biləcək tək görünən mübarizə ilkəsi deyildi. Gərmic topa odu qabağına salıb Şapurgilin tayasını yandırdığı bir yana, sürütləyib qonşunun da tayasını yerlə bir eləyib, havaya sovurdu.

Həmişə olduğu tək, od özü yanıb sönəndən sonra yanğın söndürən maşını gəldi. Külək yanmış samanı elə sovurmuşdu ki, talvar olmasaydı, yanğının harda baş verdiyini, avara bilməyəcəkdilər. 

Böyük həyətin bir küncündə saxladılar. 

Hər kəs qərib səssizlik içində, nədənsə biraz üşənib özünü suçlu sanırdı. Fərq etmirdi bu kənd əhli, ailə adamı, ya da yeni gələn yanğın söndürənlər olsun. Təzə ölmüş ölünün yaxınları yaxından söz söylətdirmədiyi tək, kimsəni dindirib-danışmaq olmurdu. Şapur da nəsə kəşf etməyə yaxın yaradıcılar baxışına bənzər hara baxmayacağını benava bilmirdi. Hansı yana, yerə, kəsə baxırdısa tez baxışını gizlədib başqa yerə çevirirdi.

Az zaman keçməmişdi Vəhid min bir fikir eləyib, getdi Şapurun yanına.

- Əə Şapur bə niyə belə!?

- Əə nə bilim axı! Bunların üzünə lənət. Əlli il çalışsan da on qıran qazanmağa aman verməzlər! - Başı ilə ailəsini göstərirdi ki, indi demək olar bunlardan biraz uzaq məsafədəydilər.

- Əə başın sağ olsun. Özünüzə bir şey olmayıb, özü çoxdu.

- Əə kaş olaydı, bir dəfəlik canımız dincələydi!

- Əə elə demə. Nəyin nə olduğunu kim nə bilir! Özünü ələ al. 

-Səhər alatoranda hava elə mehliydi ki, öz göylümdə dedim: Bu gun əla günlərimdən biridi yəqin. Kim deyərdi ki, gün ortası belə olacaq. Kərəminə şükür Allah!

- Əə mən ölüm boşla getsin. Xalamgil nə təhərdi? Benavalar hətmən doyunca qorxdular!

- Əə kənddi dənə! Nə təhər olacaq!? Odun gətir, su gətir, uşaq sıçdı gə götür! Nə olacaq rəhmətlik oğlu.

Vəhid gördü bu pır o pırdan deyil. Bir o yana, bir bu yana baxıb sağ əli ilə Şapurun qolunun birini dəhədləyib, metr yarım qırağa çəkdi. Hal bu ki, həndəvərlərində adam yox idi. Bu qırağa çəkdi, burada başqaları eşitməsin anlamına gəlmirdi. Sadəcə bir küçə-bazar oyun­bazlığı idi. Güya indi deyilən söz, bayaqkılara bənzəməz, ya da ki, bayaqkılardan daha önməlidir.

Nəsə səsinin tonunu dəyişib, biraz xodun alıb dedi: 

- Əə uşaqlar sübhdən ac qarnına siqaret çəkməkdən qarınları şişib. Güdürdük ki, zəng gələcək, od söndürüb yağlı nahar pulu alacayıq. Tərslikdən püşkümüzə bu vəziyyətdə siz düşdünüz. Heç bilmirəm nə deyim!

- Əə siz də lap ölü baş altısını gəzirsiz a xaloğlu! Əə siz kimsiz? Yenə bir iş görsəydiz bir şey. Siz ki, əlizi cibizdən çıxartmayıbsız! 

- Əə heç olmasa klüçəylən kola pulunu verginən. Yoxsa, dostlarım uzümə tüpürərlər. Deyərlər: "Çox deyirdin xaloğlum belə gəldi, xaloğlum belə getdi. Bu da sənin xaloğlun!"

- Bu gün bizə dəyən dəyib. Gə bunu da siz yandırın. - Pulu əlində tutaraq dedi Şapur. - Sizin söndürdüyünüz yanğının...

Sözünün qalanını gərmic apardı uçan tayaların dalısınca.

Yanğın söndürənlər böyük bir davadan zəfərlə qayıdırmış kimi xımır-xımır gülümsəyib atladılar maşına. Hərəkət etmədən şofer üç-dörd kərə zəfər qazı pedalına basıb, tüstülüyündən girli tüstü buraxıb, getdilər. Gedə-gedə şüşədə pulu bölüşürdülər.

Şapur ayaqqabısını dəyişdi. Zığlı çəkməni geyinib, beli götürüb, motorunu mindi. Heç kəsə dönüb baxmadı! Getdi Muğanın qızmar günəş altında yanan, odlanan tarlalarını Arazın lil suyu ilə suvarmağa…

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)

 

 

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. 

 

Şəhidimiz Məmməd Mirzəməmmədovun həyat yoldaşı Dürdanə Mirzəməmmədovanın “Endolazer koagulasiya və pnevmoretinopektiya” əməliyyatının xərcləri Fond tərəfindən qarşılanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

 

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

 

1 fevral 2024-cü il tarixində ölkəmizdə səfərdə olan Belarus Respublikasının ədliyyə nazirinin birinci müavini Natalya Filippovanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

Belarus tərəfinin təşəbbüsü ilə baş tutan görüşün məqsədi “ASAN xidmət” konsepsiyasının ölkələrində tətbiqi istiqamətində müzakirələrin aparılması, eləcə də müvafiq istiqamətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin çatdırılması, sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yaxından tanışlıq olub.

 

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə nümayəndə həyəti arasında görüş keçirilib.  Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. 

 

Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.

 

Müzakirələrə əsasən “ASAN xidmət” təcrübəsinin Belarus tərəfi ilə paylaşılması istiqamətində anlaşma memorandumunun imzalanması ilə əlaqədar razılığa gəlinib.

 

Nümayəndə heyətinə Dövlət Agentliyi tərəfindən xidmətlərin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə geniş təqdimat edilib. 

 

Qonaqlar Səyyar ASAN xidmət, 108 Çağrı Mərkəzi, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, “ABAD” və “Bilim Bakı” mərkəzi ilə də tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

Cümə, 02 Fevral 2024 22:14

DOST Gənclər Gününü qeyd edib

 

DOST İnklüziv İnkişaf va Yaradıcılıq Mərkəzində Gənclər Günü qeyd olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına DOST İnklüziv İnkişaf va Yaradıcılıq Mərkəzinin Media və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

 

Sevilən müğənni va bəstəkar Murad Arif 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə Mərkəzin qonağı olub. Müğənni yaradıcılıq studiyalarında təlim  prosesini izləyib, audio-səsyazma studiyası ilə tanış olub, həmçinin sevilən hitlərini Mərkəzin benefisiarları ilə birlikdə səsləndirib. 

Daha ətraflı bu linkdən izləmək olar.

https://youtu.be/-vwtZzaJA40

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.