
Super User
UĞUR QAZANDIRAN KİTABLAR – Bodo Şefer, «Qaliblərin qanunları»
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Biz bir neçə gün ərzində biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.
Bu kitablar, əziz oxucularım, insanlara düzgün istiqamət verir, sürətli və keyfiyyətli dəyişikliklərə bir təkan olur.
Beləliklə, seçdiyim növbəti 10-luğu sizlərə təqdim edirəm.
Bodo Şefer, «Qaliblərin qanunları»
Avropanın bir nömrəli maliyyə konsultantı, yazıçı və biznesmen, dünyanın bir çox ölkələrində seminarları anşlaqla keçən Bodo Şeferə, təsadüfi deyil ki, «Maliyyə Motsartı» adını veriblər. Milliyyətcə alman olan Bodo Şeferin təqdim etdiyi qanunlardan ən birincisi – («Gərək tənbəl olmayasan») – haradasa, onun özünün bütün həyat və fəaliyyətinə bir işıq tutur. Çünki, Bodo Şeferə görə, bütün uğurlara çatmaq üçün çalışqan və yalnız çalışqan olmaq məcburidir.
Bodo Şefer insanları iki canlıya bənzədir: ördəyə və qartala. O, yazır ki, ördəklər daim qaqqıldayırlar, başqalarının yanlarında özlərinə bəraət qazandırmağa cəhd göstərirlər, qartallar isə heç nəyə baxmadan fəaliyyətdədirlər.
Qalib olmaq üçün, əziz oxucularım, Bodo Şeferin təbirincə, ördək yox, qartal olmaq lazımdır!
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
BİRİ İKİSİNDƏ – Həcərin “Vəsiyyət” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr saatıdır, sizlərə Həcərin “Vəsiyyət” hekayəsi təqdim edilir.
NƏSR
HƏCƏR
VƏSİYYƏT
Şəhidlər xiyabanına çatanda bərk tövşüyürdü. Daha kirdarı qalmamışdı. Belini düz tuta bilmir, dikəltsə də, yenə əyilir, ayaqlarını sürüyə-sürüyə yeriyirdi. Pillələri qalxıb nəfəsini dərmək üçün bir az dayandı. Ağaclarda quşlar şövqlə oxuyurdu. Bu, onu lap kövrəltdi, dodaqaltı: “Yazıq balam”, – deyib yoluna davam etdi. Əvvəldən söz vermişdi, səbirlə ağlayacaqdı. Buradan qayıdanda bir az yüngülləşsə də, hikkə ilə bərkdən ağlayanda heydən düşür, yeriməyə taqəti qalmırdı. Qızları ilə gələndə bir qədər rahat olur, kimsəsizliyini unudurdu. Qıpqırmızı bayraqlarla, çələnglərlə, qərənfillərlə bəzədilmiş təzə qəbirlərin birinin yanında diz üstə çökdü. Sonra bir az dikələrək başdaşındakı şəklə üzünü söykəyib gözlərini yumdu. Soyuq daş ürəyinəcən axan bir sərinlik gətirdi. Gözünün yaşı yanaqları aşağı süzülür, saqqalından axıb yaxasına tökülürdü. Belə dayanmağa heyi olmadığı üçün yenə qəbrin üstünə çökdü. Qollarını açıb sanki kimisə qucaqlamaq, bağrına basmaq istədi. Arıq, skeleti çıxmış sinəsində çarpazladığı qollarının arası boş qaldı. Bomboş... Havanı qucaqlamaq olmur. O tərəf-bu tərəfə baxıb kiminsə olub-olmadığını bilmək istədi. Hələ ki heç kim yox idi. Özünü saxlaya bilmədi, hönkürtü ilə içindən çıxan fəryad səsi az qala qulaqlarını batırdı. Yerini rahatlayıb kürəyini başdaşının kənarına söykədi. İyirmi gündü ki, gəlmirdi qəbir üstünə. Gələ bilmirdi. Həm üç avtobus dəyişmək, həm də uzaq yolu gəlmək... Ürəyi də sözünə baxmır, sinəsində ovuc içində çırpınan quş kimi pırıldayırdı. Bilirdi ki, ömrünün sonuna az qalıb, lap az... Nəfəsini dərib için-için sızıldadı, yenə ağladı. Lap körpəlikdən indiyəcən oğlunun bütün həyatı gözü önündən film kimi keçirdi. Birdən qışqırtı səsi eşidib yana döndü. Arada burda rastlaşdığı qadın idi. Oğlunun qəbri üstünə gəlmişdi. Uşaqları qonşu idi – qəbir qonşusu. Heç vaxt danışmaz, baxışları ilə salamlaşar, hər kəs öz dərdinə ağlayıb gedərdi. İndi qadın da tək gəlmişdi. Bir az ağlaşıb sakitləşdilər.
– A bacı, niyə təksən? Həmişə yanında adam olurdu axı.
– Nə bilim. Gəlin tək qoymur, mənnən gəlirdi. Cümə axşamını gözləyə bilmədim. Dözəmmədim... Dolmuşdum...
– Allah rəhmət eləsin. Bizə yaman dağ qoyub getdilər sağ olmuşlar...
Dediyi söz özünə də qəribə gəldi, yenə kövrəldi:
– Sağ olmuşlar... Hanı sağ olmuşlar, hanı ?
– Yaxşı, qardaş, dilimiz öyrəşib, sözdü daa, deyirik... Anası yoxdu? Niyə tək gəlirsən həmişə?
– Anası bəxtəvər bundan sonra yaşamadı. Getdi. Yazıq xəstəydi. Yataq xəstəsi. İflic. Neçə illərdi... Çox qulluq elədim, sağalmadı. Uşaqdan sonra onca gün yaşadı. Onca gün...
– Allah rəhmət eləsin. Yenə qalsaydı, dərd ortağı olardı. Tək çətin olar sənə.
– Dinmirdi, danışmırdı. Dərd ortağılıq bir şey qalmamışdı bədbəxtdə. Sənin də, deyəsən, yoldaşın yoxdur, – deyib sonra üzrxahlıq etməyə başladı, – bağışla, bacı, namünasib söz dedim...
– Namünasib niyə olur? Yoxdur. Çoxdan rəhmətə gedib. Rəhmətlik doxsan üçüncü ildə müharibədə həlak oldu. Bu uşağı, qardaşını nə zülmlə saxlayıb böyütmüşdüm.
– Allah rəhmət eləsin. Bir başa iki yumruq. Düşməni Allah yox eləsin. Camaatı yaman günə qoydular. Hərə bir cür çəkir.
Qadın dərindən ah çəkib:
– Hə, çəkir, – deyib sonra, – haradansan? – deyə soruşdu.
– Qarabağdanam.
– Yenə bu günə şükür. Alındı.... Heç olmasa ürəyimizə bir az su səpildi. Bildik, uşaqlarımız havayı ölmədi. Bunların qeyrətinə qurban olum. Böyük təskinlikdir. Millət bunlarla fəxr eləyir, qarşılarında baş əyir.
Danışdıqları müddətdə kişi bir dəfə də başını qaldırıb qadının üzünə baxmamışdı. İndi gözlərini qıyıb ani nəzər saldı, yerə baxaraq köksünü ötürüb:
O tərəfi də var. Yaxşıdır. Ancaq mən balamı istiyirəm. Dözə bilmirəm. Ürəyim göynüyür. Kürəyim alışır. Tək oğlumdu. Kəllədə bir göz. Bütün ümidimiz ona idi. Bu da belə. Bizimki yaman pis gətirdi, – dedi, – yoxsulluq, çətinlik.... Təzə-təzə gün görmək istəyirdik ki, davanı başladılar lənətliklər. Çıxıb gəldik bura. Yer yox, yurd yox, pul yox. Üç uşaq, bir də ikimiz... Köhnə, uçuq-sökük yataqxanada güclə bir otaq tapdıq. Sığındıq ora. Nə zülmlə qızlarımı, bu uşağı saxladım. Arvadın da bir simsarı yoxdu. O yazıq tamam yetim idi. Bibisi saxlayıb böyütmüşdü. Əsgərliyə gedəndə sözünü, razılığını alıb getdim. Gəlib evləndim. Xasiyyətim pis idi. Yazığa gün vermirdim. Cırtdqoz adam necə olar? Sözümü çevirə bilməzdi. Döyürdüm. Elə bil Allah məni qarğımışdı. O qədər xətrini istiyirdim, ancaq içən kimi hirs-hikkəmi onun üstünə tökürdüm. O yazıqdan nəyin hayıfını çıxırdım, özüm də bilmirdim. Adımı Dəli Tahar qoymuşdu. Gözümdən iraq vaxtı deyirdi. Hərdən qulağm çalırdı. Üzbəsurat deyəmməzdi. Bura gələndən sonra elə bil qollarım düşdü yanıma. Yazığım gəlirdi. Yataqxanada yaşamaq zülümdü... Bir otaq... Bakının istisi. Yoxsulluq... İrəlilər hökümətin verdiyi çörək pulu gündəlik çörəyə ancaq çatırdı. Birtəhər böyüdülər. Qızları verdim ərə. Öz qohumumuzdu ikisi də. Yeznələri deyirəm. Hə, baxırlar arvad-uşaqlarına. Ancaq uşaqları zəifdi. Hörümçəkdən can umurlar. Dünyaya düşəndən iynə-dərmandadırlar. Həkimlər deyir, qohumluqdandı. Nə bilim, əşşi, qavaxlar da çox adam qohumla evlənirdi. Bə o vaxt uşaqlar niyə xəstə olmurdu? Mən öz dərdimi – arvadın xəstə olmağını deyirəm – ancaq çəkirdim, qızlarınkı da bir tərəfdən. Nəvənin xəstə olmağı yamandır. Arvad iflic olandan sonra bir adamı yaxına qoymadım. Dedim, uzaq durun, hər qulluğunu özüm eliyəcəm. Hər səhər duran kimi üzünü yudum, saçını daradım, yeməyini yedirtdim. Bir dəfə də olsun, hamamını gecikdirmədim. “Obşi” hamam idi. Yataqxananı bilirsiz dəə. Qucağıma alıb aparır, yerə adyal sərib üstündə çimizdirirdim. Günahlarımı yudum. Dedim, bəlkə, Allah maa cəza verdi onu döydüyümə görə. Ancaq sonra fikirləşdim ki, maa cəza verirdi, özümü eliyəydi xəstə, bu yazığın nə günahı vardı ki? Camaat yaman hörmət eliyirdi. Deyirdilər, savabını, o dünyanı qazanmısan. Taa bilmirdilər ki, ona qulluq elədikcə ürəyim sakitləşir, günahlarımı yuyuram. Dinib danışmırdı. Amma bilirdim ki, şüuru var. Bir az var. Bu uşağı görəndə gözündə ayrı cür baxış əmələ gəlirdi. Dəyişirdi yazıq. Sifəti açılırdı. Uşaq ayrı cür uşağıydı. Təpərli. Qoçaq. Oxumadı, ancaq əsgərlikdən gələndən sonra qatır kimi işlədi. Biləyində fır əmələ gəlmişdi. Pul yığdı, şəhərdən kənar, uzaq yerdə torpaq aldı. Köməkləşdik, ikicə otaq tikə bildi. Yaman söyünürdü dədəsi ölmüş. Deyirdi, dədə, o yataqxanadan, camaatla bir ubornuya getməkdən, eyni hamamda çimməkdən canımız qurtaracaq. Təzəcə yığışmışdıq o evə. İstəklisi də varıydı. Yaşı keçirdi. Elə bu arada toy eləmək istəyirdim. Dedim, gəlin gələr, evin qalanını da yavaş-yavaş tikərik. Çox söyünürdüm, çox. Həm də qorxurdum elə bil. Ürəyimə dammışdı ki, bizə söyünmək düşmür. Elə də oldu. Allaha neyləmişdik axı? Nə namarddığ eləmişdik? Qaldım o evdə bayquş kimi tək.
Qadın yaylığının altından çıxan ağ saçlarını səliqəyə salıb qəbrin üstündə yerini dəyişərək rahatladı. Sonra:
– Qardaş, – dedi, – Allah səbir versin sənə. Hansımız asan saxladıq ki balalarımızı? Mənimki o vaxt getdi, həlak oldu. Məndən on yaş böyük idi, qırx yaşı vardı yazığın. Nə çətinliklə burada özümüzə yurd-yuva qurmuşduq. Yuxu kimi gəlir. Nə zillətlər çəkdim. Gəlin xeylağı, ər yox. Yeyin yeriyirsən, deyirlər, dəlidir. Yavaş yeriyirsən, deyirlər, ölüdür. Qohum-qardaş da yaxın durmur. Əvvəl əl tuturdular arada. Sonra onlar da bezikdi. Hərdən hökümət adamları gəlirdi. Veriliş üçün çəkirdilər. Yardım-zad da olurdu. Amma o paylar qarın doyurmur ee... Bir dəfə bir qohum kişinin sənədlərini istədi ki, sizə yardım yazdıracam. Sonra gəldi ki, mümkün olmadı. Xeyli keçmişdi üstündən. Eşitdim ki, adımıza neçə yerdə yardım yazdırıb, özü alır. Özünün də neçə yerdə dükanı, vəzifədə oğlanları vardı. Məlumat verdim həmin yerlərə. Mənimlə düşmən oldu. Kitabxanada işləyirdim. Ayda beş-altı "şirvan" maaş alırdım. Onunla yaşamaq olardı? İşdən çıxdım. Bir qohumun restoranında qab yudum. Hər axşam evə yemək gətirirdim. Uşaqlar sevinirdilər. Hərdən yeməyin içindən dişlənmiş ət tikələri çıxırdı. Dəli olurdum...
Sonra dedilər, şəhid ailələrinə dükan açmaq asandır. Kişinin şəhidlik sənədlərini təqdim elədim. Nə zillətlə balaca bir dükan açdım. Uşaqlar da kömək eləyirdi. Bir az tükümüz duruldu. Oxumuşdu bu balam. İnistut bitirmişdi. İşləyirdi. Ürəyim dağa dönürdü. Şükür eliyirdim ki, balalarım yekəldi. İşləyirlər, əziyyətdən qurtardım. Daha rahat olaram. Hardaa?.. Əşşi, nə isə... Dərdimi təzələdin... Dava başlayanda, düzü, ana ürəyidir, qorxurdum, dedim, sənin iki balan var, bala, getmə. Dədən getdi, həlak oldu, yetimliyin nə demək olduğunu bilirsən. Barı balaların yetim böyüməsin. Dedi, ana, bu günü nə vaxtdı, gözləyirdim. Gedəcəm. Qabağıma durma. Varlıların, vəzifəlilərin uşaqları onsuz da getməyəcək. Torpağı kim alsın? Namus-qeyrət işidir. Həm də atamın intiqamını alacam. Getməliyəm. Getdi. İyirmicə gün çəkdi... İyirmi gün... Həlak oldu... İnnən belə nə yaşamaq? İki körpə uşağı var. Onlardan ötrü gərək çabalayam .
Kişi arada bir öskürür, nəfəs aldıqca xışıldayan sinəsini arıtlayırdı.
– Hə, bacı, sənin də heç günün gün olmayıb. Bizimki arada kəndi soruşardı. Evimizi, həyəti, qohum-qonşuları soruşardı. Çox şey yadında deyildi. Bura gələndə bir qırıq uşaq idi axı. Bu, qızlardan sonra doğulub. Müharibə başlayanda uşaq tamam dəyişdi. Dünyanı unutdu. Ayaqları yerə dəymirdi. Sümüyü oynağa gedirdi savaşmaqdan ötrü. Davada gedib o yerləri gördü. Kəndi, evimizi tapdı. Yaman fərəhlənirdi. Deyirdi, dədə, köçüb gələrik bura. Nə gözəl ellərimiz varmış. Buranın qışı belədir, gör yazı, yayı necə olacaq. Heyvan, toyuq-cücə saxlayarıq. Anama da təmiz havanın xeyri dəyər. Arının dilini yaxşı bilirsən, öyrədərsən, arı saxlayaram. Burda olan kasıb olmaz. Eeh, yazıq balam... Fikirləşirdim, götür-qoy eləyirdim. O vaxtları dədəm xəstə idi. Cavan vaxtı burda – Bakıda işləyirmiş. Vallah, rayon yerində camaata şərait, yaşayış imkanı yaratsalar, heç kəs yurdunu buraxıb şəhərə gəlməzdi. Yazıq kişinin ayağının biri dəzgaha düşüb kəsilmişdi. Qayıdıb kənddə evlənir, orada təsərrüfatla məşğul olur. Anam çox qoçaq, işgüzar idi. Yadıma gəlir, meşələrdən zoğal toplayıb axtalayar, alça yığıb lavaşa qurudar, pendir, şor tutardı. Maşın yolu yox idi. Belimizə şəllənib piyada qonşu kəndə, ordan da yük maşını ilə Şuşaya – bazara satmağa aparardıq. Həmin gün evdə bayram olardı. Sonra yazıq arvadın canı xəstə düşdü. Ağır işlərdən oldu...
Kişi söhbətiniə ara verdi. Köhnə gödəkçəsinin cibindən canavar başlı bir qəlyan çıxarıb:
– Bunu çəkəndə qanıq verir. Siqaretlərdə dad-tam qalmayıb, – dedi. Qəlyanını odlayıb dərindən sümürdü. Qatıtüstünü ciyərlərinə çəkdi. Elə bil ürəyinin yanğısını – odu odla söndürmək istəyirdi. Ağzından, burnundan çıxan qalın tüstü dumanı içindəki yanıqlı ahı da özü ilə birgə çəkib çıxardı. Yaşarmış gözlərini qıyıb:
– Oralarda katorqadakı kimi işləməsən, dolanmaq olmurdu. Əsgərliyə gedəndə dedim, qayıdıb hər işi qaydasına salacam. Gedəndə dədəmin qapısında bir sürü heyvan qoyub getmişdim. Gəldim ki, təsərrüfat tamam dağılıb, cəmi altı keçi qalıb. Çoxunun da əmcəyi, bədəni qırma ilə dolu, düyün bağlıyıb. Qoyunları orda-burda girəvəyə salıb tutub aparmışdılar. Keçi əl vermir axı. A kişinin qızı, keçiləri ov heyvanı kimi ovlamışdılar. Onu da düşman eləməmişdi ki. Öz kəndçilərimiz – özümüzünkülər eləmişdi. Haram yeməyi Allah qəbul eləmir. Haram pis şeydir. Təhəri var. Elə bil dünyam qaraldı. Məni yaman pisikdirdilər. İstədim, qayıdam Bakıya, ya Rusetə. Ancaq dədəm qoymadı. Dedi, dağ adamınınkı elə dağdır, bala. Dağ adamı aranda, şəhərdə ya axtalanmış öküzə, ya da qırmızı görmüş buğaya dönür. Yəni normal adam olmur. Ağlıma batdı. Həm də dədəmə yazığım gəldi. Qaldım. Təzə-təzə özümüzü düzəldirdik ki, qaçqınçılıq başladı. İndi də ki belə... – dedi.
Qəlyanını ikinci dəfə sümürəndə sanki öz-özünə:
– Arvad otuz il dedi, bu zəhrimarı tərgit, tərgidə bilmədim. Andıra qalmış elə bil kəbinli arvadımdır. Tütünü də tapılmır. Yeznəm ordan-burdan soraqlıyıb gətirir, – deyəndə kal öskürək tutdu. Sinəsini arıtlayıb davam etdi:
– Mənim balama qismət olmadı, əyər bundan sonra gedib o xaraba qalmış yerləri abad eləyib, yenə oğurluqla məşğul olacaqlarsa, yenə kəndin dul arvadının, yetiminin malını oğurlayacaqlarsa, heç getməsinlər. Oraları düşman fitnəsiynən baravar haram mal yemək, allahsızlıq dağıtdı, ehtiyac içində qoyduqları yetim-yesirin, qəribin ahı dağıtdı. Vallah, elə belədir. Maa əyan oluf, bilirəm... Balalarımızın qanına hayıf döyülmü? O torpağa bizim uşaqların qanı töküluf. Məndən ötrü Məkkədən, Kərbəladan irəlidir o torpaqlar. Belə yerdə haramçılıq gərək olmaya. Hər şey yaxşı olsun gərək. Çox yaxşı. Balam istədiyi kimi, – deyib yenə ağladı.
Qəlyanın külünü yerdəki balaca daşa döyüb çırpdı. Cibinə qoyub dəsmalını çıxardı. Üzünü isladan göz yaşlarını silib göyə baxdı:
– Bacı, günortaya az qalıb. Mən gedim. Yolum uzaqdır, çox uzaq. Yaxına salsın Allah yolumu. O dünyanı deyirəm. Taa mənim bu dünyayla bir işim qalmayıb. Gedim balamın yanına, – deyib ayaqlarını sürüyə-sürüyə qəbirlərin arasındakı cığırla keçib getdi. Əyilmiş beli başdaşıların arasında görünməz oldu. Bayaqdan ağaclarda nəğmə oxuyan quşlar susmuşdular…
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
“Daha göz yaşımdan ümid göyərməz” – Hafiz Hacxalılın şeirləri
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Hafiz Hacxalılın şeirlərini təqdim etməkdədir.
Hafizin şeirləri fərqlidir, oxunaqlıdır, həm də düşündürücüdür. Təqdim etdiyi lirik etüdlər sanki tamaşa edirmişsən kimi canlıdır. Onun bir cümləlik şeirləri isə bir poetik yenilikdir.
Kəsilmiş ağacların ağrısının göyərməyinə yaz deyilir.
***
Bağışla gözünün yaşına məni,
Bağışla, ürəyim daş oldu, neynim,
Sənin ürəyinə gələn yollarım
Özgə cığırlara qoşuldu, neynim.
Neynim gözlərimdə hər səhər, axşam
Sənin xəyalındı cızılan, qadın.
Mən səni hələ də unutmamışam,
Özgənin ömrünə yazılan qadın.
Çıxart xatirəni gün işığına,
Lap istəsən belə adımı unut.
Baxıb güzgüdəki yaraşığına
Bir sən ol, bir də ki daş yaran süküt.
Səni xatırladan hər şeydən indi,
Hətta özümdən də qaçıram, bilsən.
Hardan biləsən ki, sənsiz çətindi,
Bilsən də, nə xeyri... dönən deyilsən.
Daha göz yaşımdan ümid göyərməz,
Hardasan, ay mənim sonuncu arzum?
Ölübsən, qalıbsan, xəbərin gəlməz,
Sənsiz bu yuxunu mən necə yozum?
Daş olub susaram ömrüm uzunu,
Ayaq izlərini sığallayaram.
Nə olar, yuxuda görüm üzünü,
Göynəyən həsrətim, qanayan yaram.
Tənhadı, yalqızdı ürəyim sənsiz,
40-ı haqlayıram sükut içində.
Nolar, qurban olum, səssiz, səmirsiz
Xatırla içində, unut içində...
***
Bu sevgi məni, İlahi,
Hardan tapdı, görəsən?
Çəkilib göydə durmusan,
Guya xəbərin yoxdu,
Bəlkə, cavab verəsən?!
***
Gün üyüdür ömür adlı dəyirman,
Göz yaşımdan, axır, doldu bu ümman,
Bundan sonra nə ümid var, nə güman
Yaşamağa...
***
Bəlkə, görüşünə yubandım bu gün,
Yaddaşım əqrəbi itən saatdı.
Bəlkə, öldüm bu gün... bağışla məni,
Bəlkə, də görüşdük... arzuma çatdım.
***
Sağ əli Şuşada qalan əsgər qardaş,
Sən sevinəndə daha kimsəyə deyə bilməyəcəksən: “Sağ əlim sənin başına...”
TORPAĞIN
Adına Vətən deyirik
Bu qara gözlü torpağın,
Uğrunda biz can veririk
Bu qara gözlü torpağın.
Ana deyib ağlayırıq,
İtirsək, yas saxlayırıq,
Öpürük, qucaqlayırıq
Bu qara gözlü torpağı.
Türk oğluyam, ordum odur,
Turan deyən qurdum odur,
Ölsəm, yenə yurdum olur
Bu qara gözlü torpağım.
***
Dar günündə bir olmağı bacardıq,
Nə mən dedik, nə sən dedik, ay Vətən.
Qanımızla sulandı hər qarışın,
Son nəfəsdə Vətən dedik, ay Vətən!
ƏSGƏR QARDAŞIMA
Şuşadan Göyçəyə bir salam göndər,
Dədə Ələsgərin ruhu sevinsin.
Vətənə bütövlük bəxş edən əsgər,
Qaynar nəfəsinlə daşlar isinsin.
Dərdimin adıdır Zəngəzur özü,
Yerevan yenidən İrəvan olsun.
Birləşib Təbrizlə Borçalı sözü,
O taylı-bu taylı bütöv can olsun.
Dərbəndim sinəmdə açılan yara,
Gözümdən İdilə tökülər Araz.
Qardaş, başın üstə ulduz, aypara,
Zəfər günlərinin dastanını yaz.
***
Arzu ömrü uzatmır,
Xoş gün hələ uzaqdır.
Qırx yaş dayanacaqdır,
Sonuncumu,.. bilmirəm...
***
Şuşaya qar yağır,
Üşüyür Xanın səsi.
Donub şəhid qəbrində
Bir ananın naləsi...
BİLİRSƏN
İllər bizi ayrı salıb nə vaxtdır,
Saçlarımda dən olmusan, bilirsən?
Səni anıb unutmuşam özümü,
Yavaş-yavaş mən olmusan, bilirsən?
İstidimi, soyuqdumu, de, yerin?
Xoşbəxtsənmi, gətirdimi qədərin?
Sevincimə qənim oldu kədərin,
Dərd olmusan, qəm olmusan, bilirsən?
Ötən günə ün yetməz ki, əzizim,
Könlüm səni unutmaz ki, əzizim,
Odun məni isitməz ki, əzizim,
Batıb gedən gün olmusan, bilirsən?
***
Qırx il gəlib keçdi “Kərəmi” üstə,
Qırx ildi, kərəmlər lələ gözləyir.
Ömrün o üzündə bir uşaq məni
Gözləyir, gözləyir, hələ gözləyir.
***
Suyun üzündə gəzmək üçün İsa olmağa ehtiyac yoxdur, qəlbin təmiz olsun, yetər.
***
Hələ ayaq üstəyik,
Nə qədər ki, biz varıq.
İçindəki yadlardan
Səni qoruyacağıq –
Vətənim!
***
Qoymaz yuxundan keçəm,
Yumular çəpər kirpiyin.
Elə bil ki, acığıma
Gözünü öpər kirpiyin.
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Şəhidimiz Ülvi Rəhimovun anası Ülviyyə Rəhimovaya təyin olunan diaqnoz nəticəsində hər iki gözə “Baryer lazer koagulasiya” və mirvari suyu əməliyyatı məsləhət görülüb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer alan hər iki əməliyyat icra olunub, xidmətlər zərfində yer almayan sağ və sol gözə “Ozurdex intravitreal inyeksiya” əməliyyatının xərcləri isə “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “YAŞAT” Fonduna istinadən xəbər verir.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
"Youtube" video: https://youtu.be/yu5Vho3s2jY
Yüksək keyfiyyətli formada videolink: https://we.tl/t-LHTbRi6wXV
“Ədəbiyyat və incəsənət”
(27.02.2024)
“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də
Ölkəmizdə səfərdə olan “Alibaba Qrup”un Qlobal Strateji Tərəfdaşlıq bölməsinin direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə stinadən xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə tanış olublar.
Tərəflər arasında dövlət xidmətlərində innovasiyaların tətbiqi sahəsində təlim proqramlarının təşkili, startapla dəstək istiqamətində potensial əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Eyni zamanda “ABAD” məhsullarının satışının beynəlxalq istiqamətdə genişləndirilməsi ilə əlaqədar fikir mübadiləsi həyata keçirilib.
“Ədəbiyyat və incəsənət”
(27.02.2024)
Bir sual, bir cavab - Əlizadə Nuri
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
" Həyat cavanların gözündə sonsuz gələcək, yaşlıların gözündə qısa keçmişdir." ( Artur Şopenhaur)
Əlizadə bəyin keçmişə boylananda: "Kaş ki, bunu edərdim" - söylədiyi məqam varsa, oxucuları ilə bölüşə bilərmi?
CAVAB
Şopenhauerin fəlsəfi frazalarını mən də sevirəm...
Söhbət şair kontekstinə gəlirsə, şairi danışdıqlarına görə yox, susduqlarına görə mühakimə edərlər. Necə deyərlər, ya sus, ya da susmaqdan üstün bir şey danış.
Şair demişkən, etmədiklərim hərdən məni elə yandırır ki...
İnsanlar bu həyat nərdivanında tez-tez yıxılırlar. Niyə? Bəlkə ayaqlarına etibar etmirlər- ona görə?!
Həyat amansızdır. Eko demişkən: “Bu zalım dünyanın, hələ bir, cəhənnəmi də varmış...
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
REDAKSİYANIN POÇTUNDAN - Sakit İlkinin şeiri
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında bu gün sizlərə Sakit İlkinin “Gördüm kimin dünyasıymış bu dünya” adlı şeirini təqdim edirik. Düzü, şeiri çox bəyəndik və oxucularımızın da oxumasını istədik. Aşıq şeiri üslübunda indi çox az yazanımız qalıb. Hamı sərbəst şeirə qaçır. Busa poeziya ənənələrimizin üstündən xətt çəkməkdir.
Sakit İlkinlərin ppeziyasına ehtiyac var.
Gördüm kimin dünyasıymış bu dünya
Sapand atdım, o daş dağa dəymədi,
Dil qurudu, yaş damağa dəymədi...
Ha çarpışdım,yaşamağa dəymədi,
Gördüm kimin dünyasıymış bu dünya...
Ölüm çıxır yaxşıların ovuna,
Mənim könlüm çətin bir də ovuna.
Çox çalışdım, yenə düşdüm toruna,
Gördüm kimin dünyasıymış bu dünya...
Bu dünyanın qışı qar yox, dərd yağır,
Ömrə sevinc dost dolanır, dərd... yağı...
Qəgəh-qədəh ürək içir dərd yağı.
Gördüm kimin dünyasıymış bu dünya...
Allah bilir bu dünyada tək, nədi...
Mən doldurdum, o boşaltdı təknəmi,
Tək atanı, tək oğulu təklədi,
Ğördüm kimin dünyasıymış bu dünya....
Gecə keçir, ulduz səssiz, Ay sakit,
Ömrün keçir ahu-vayla, say... sakit...
Bu dünyaya bel bağlama, ay Sakit,
Gördün kimin dünyasıymış, bu dünya.
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
SORUŞUN, CAVAB VERƏK - Azərbaycanda ilk abidə hansıdır?
Bu dəfə oxucumuz Z. Talıbova “Azərbaycanda ilk abidə hansıdır?” sualı ilə “Ədəbiyyat və incəsənət”ə müraciət edib. Deyir, internetdən 3 müxtəlif versiyada cavab tapmışam. Bilmirəm, hansına inanım.
Azərbaycanda insana ucaldılan ilk abidə hansıdır? Bu abidə 1922-ci ildə Bakıda heykəltaraş Yakov Keylixis tərəfindən böyük şair Mirzə Ələkbər Sabirin şətəfinə ucaldılmışdır.
1958-ci ildə bu heykəl dəyişdirilir və həmin ərazidə Sabirin çağdaş dövrümüzdəki heykəli ucaldılır. Əvvəlki heykəldə Sabir ayaq üstə təsvir olunmuşdusa, sonrakı heykəldə oturaq vəziyyətdə təsvir olunub. Bu heykəlin müəllifi isə heykəltaraş Cəlal Qaryağdıdır.
Maraqlıdır, Yakov Keylixisin Sabir heykəli hardasa qorunurmu?
Çünki bu müsəlman dünyasında insana ucaldılan ilk abidə sayılır.
Suala cavab almaq üçün əlaqədar qurumlara müraciət etsək də cavab ala bilmədik. Araşdırmanı davam etdirəcəyik.
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
Xəzərdən “çıxarılan” çaxır, yaxud bir blok siqaret- YUNUS OĞUZUN FELYETONU
“Ədəbiyyat və incəsənət” portalı Yunus Oğuzun yeni felyetonunu təqdim edir. Siyasət və məişətin miksi. Trillersayağı bir əhvalat.
Bir tədbirdən işə yeni qayıtmışdım ki, mobil telefonuma zəng gəldi. Zəng edənin ekranda adını görəndə təəccübləndim. Hələm-hələm telefon açmazdı. Onu "ideya generatoru" adlandırırdım. Dünyanın bu başından vurub o başından çıxardı. Ağlagəlməz ideyaları ilə kimi deyirsən inandırır, həyata keçirir, faizini alır, sonra ağlına başqa ideya gəlir, yenə də kimisə inandırıb işə başlayırdı. Hətta Ayda amerikalılara torpaq satmaq da onun ideyası idi. Bu biznesi də bir müddət pis getmirdi. Həmişə deyirəm ki, bizim xalq çox istedadlıdır. Heç nədən pul qazanmağı bacarır, amma havadan qazandıqlarını havaya xərcləyir, yeyib-içib kef eləyir, pulu qurtaranda yenə yeni ideyalar işə düşür... Maraqlıdır ki, xalqım belə işlərdə heç bir çətinlik də çəkmir. Telefonun o biri başından səs gəldi:
-Salam Mirzə, Bakıdayam.
Səsində kədər duyduğumdan soruşdum:
-Əleykə, səsin niyə belə kədərlidir? Yoxsa ölüb-itənin var? Bir şey olmayıb?
-Yox Mirzə, ailədə hər şey normaldır.
-Bəs niyə beləsən?
Telefonda ah çəkdi. Hiss etdim ki, bir anlığa aranı dağa, dağı arana daşıdı. Handan-hana dilləndi:
-Azərbaycana sürğün olunmuşam, Mirzə.
Dərhal fikirləşdim ki, burada nəsə var.
-Bura bax, ideya generatoru, yenə nə fikirləşmisən? - Gülməyimi eşitdi, amma dinmədi. - Yoxsa ideya paçkaların qurtarıb? "Azərbaycana sürğün olunmusan" nə deməkdir? Adam da öz vətəninə sürgün olunar? Sən cənnətə gəlmisən, cənnətə! Qarabağdan çıxıb gedən ermənilərdi e, buraların və bizim qədrimizi bilmədilər.
Telefonda yenə onun qəmli səsini eşitdim:
-Yox Mirzə, bu dəfə məsələ çox ciddidir. Uzun söhbətdir, dur gəl, Yasamal parkındakı çayxanaya, həm səni görüm, həm də dərdimi danışım.
-Yaxşı, - dedim, - gəlirəm...
Yasamal parkının çayxanasında tanışım əməlli dəstgah düzəltmişdi. Əslində dəstgahı çayxana yiyəsi özü düzəldir ki, babat pul qazansın. Hələ get İçərişəhərdə çay iç, gör başına nə gətirəcəklər. Bir dəfə Özbəkistandan gələn qonağımla orada oturub çay içdik. Bir qara, bir kəklikotundan dəmlənmiş çay, bir də qoz mürəbbəsi sifariş verdik. Duranda qırx üç manat oxudular. Biz də elə "Çay" mahnısını oxuya-oxuya oradan çıxdıq. Bu çayxana bulvara, İçərişəhərə baxanda şükürdü. İnsafən, zorla çayın yanına çox şey dürtüşdürmürlər.
Əlqərəz, tanışımla xoş-beş edib əyləşdik. O bilir ki, mən siqaret çəkənəm, odur ki, yeri çayxananın siqaret çəkənlər tərəfindən götürmüşdü. Masanın üstündə də bir blok "Marlboro" siqareti. Dərhal soruşdum:
-Bu siqaret nədir, axı, sən siqaret çəkən deyilsən?
-Bu sənin üçündür, - dedi, - o gün bir status yazmışdın ki, bəs buradakı siqaretlərdən tütün iyi gəlmir. Fikirləşdim ki, bizim aeroportdan sənə siqaret, həm də yaxşı çay alım. Çay alınmadı. Aeroportdakı "Duty freec"lərdə ancaq "Azərçay" satılır. Qızdan soruşuram ki, başqa çay növləri niyə yoxdur? Deyir ki, bizə belə tapşırıq verilib, yalnız "Azərçay". Bu əsl monopoliyadır.
Çay da gəldi. Mən armudu stəkana çay süzə-süzə soruşdum:
-De görüm, Azərbaycana niyə sürgün olunmusan, yoxsa mənimlə məzələnirsən?
O yenə ah çəkib dilləndi:
-Nə məzələnmək, canım, aeroportdan keçəndə mənə dedilər ki, sənə "Stop" qoyublar. Bundan sonra ölkədən çıxa bilməzsən.
-Nədir, vergi borcun var?
-Yox, əşşi, nə borc? - Əlindəki çay qaşığı ilə ağ gilası kiçik nəlbəkiyə yığıb qarşıma qoydu. - Vergi sarıdan yaxşıyam, çünki adım heç harda getmir...
Bu dəfə daha dözmədim.
-Sən Allah, ürəyimizi üzmə, söylə nə olub?
Tanışım çaydan bir qurtum içib stəkanı yerə qoymadan dilləndi:
-Fransada bərkgedən bir azərbaycanlı biznesmen var. Çaxır alveri ilə məşğuldur. Bir gün mənə zəng etdi ki, hardasan? Dedim Parisdə. Dur, gəl, bura dedi. Getdim, görüşdük. Hal-əhval tutdum. Dedi, işlər yaxşı getmir. Çaxırımızın brendi aşağı düşüb. Sən, - düzəliş etdi, yəni mən, - "ideya generatoru"san. De görək, nə etmək lazımdır ki, buradan milyonlar qazanaq, sənə də yaxşı olsun, mənə də.
Bu dəfə dözə bilmədim:
-Maraqlıdır, sən nə təklif etdin? -Ağ gilasdan çay qaşığı ilə birini götürüb ağzıma qoyaraq soruşdum.
O əlindəki stəkanı nəlbəkiyə qoyaraq söhbətə davam etdi:
-Elə hər şey də bundan sonra başladı. Səhərisi gün onunla ofisdə görüşdüm. İdeya ağlasığmaz idi, amma həyata keçirtmək mümkün idi. Dedim ki, gəl Bakıdan gətirilən çaxırları on səkkizinci əsrin məhsulu kimi sataq. Gördüm, kişinin gözləri böyüdü. Soruşdu ki, bu necə olacaq, hanı bizdə o əsrin çaxırı? Cavab verdim ki, Xəzər dənizində.
Məni fikir götürdü ki, "ideya generatoru" olan tanışım bu ideyanın altından necə çıxacaq? Dərhal məzə ilə soruşdum:
-Hə də, dənizdən kürümüzü Avropaya daşıyırdıq, bundan sonra da çaxırımızı daşı...
O sözümü kəsdi:
-Qulaq as, - dedi. Avropalılar belə şeylərdə safdılar, tez inanırlar. Xülasə, biznesmen dostuma dedim ki, dənizin dibində köhnə bir gəmi taparıq, dalğıclar onun videosunu çəkərlər, sonra montaj edib yüzə yaxın yüz litrlik küpləri guya dənizin altından çıxardıb gəmidə sıraya düzərik. Mən də gələrəm, elə gəmidəcə bu küplərdən birini açaram, içindəki çaxırdan bir litrlik parçla götürüb dequstator kimi içərəm.
Yenə dözəmmədim:
-Bəs küplərin təzəliyi, yəni indi düzəldildiyi bilinməyəcək?
Əlini havada yellədi:
-Mirzə, nə qoyub, nə axtarırsan? Küplərə elə yön verirsən ki, elə bil iki min il bundan qabaq düzəldiblər. Ermənilər öz daşlarını, xaçkarlarını belə düzəldirlər. Nə isə, o biznesmen dostumu inandırdım ki, bu mümkündür. Onun bir elit restoranı var. Ora ancaq varlı insanlar gəlirlər. Dedim ki, restoranın zalından böyük bir monitor asırıq, çəkdiyimiz videonu da orada hər iki saatdan bir nümayiş etdiririk və Bakıdan gətirdiyimiz çaxırların da yeddi yüz qramını on min avroya satırıq. Razılaşdı. Bir az da piarını apardıq. Hesabıma da 100 min köçürdü ki, get işə başla.
Bundan sonra, bah, gəl görəsən. Qaz vurub qazan doldururduq. Hətta İspaniyadan gəlib bu çaxırın dadına baxmaq istəyənlər oldu.
Soruşdum:
-Yaxşı, bəs elə isə Azərbaycana niyə sürgün olundun?
Tanışım iki əlini də dizinə çırpıb ağlamsınmış kimi dilləndi:
- Evim elə o gün yıxıldı da. Parisdə dövlətlərarası bir forum keçirilirdi. Bu biznesmen dostum da forumun təşkilatçıları ilə danışıb ki, bir şam yeməyini onun restoranında keçirsələr, çaxırın qiymətini beş minə salacaq. Onların arasında nə alış-veriş olub bilmirəm, amma razılaşıblar. Bizdən də - baş barmağını yuxarı qaldırdı - orada bərk gedən məmur vardı. O da gəlir. Görür ki, bizdə dənizdən tapılan çaxırın monitorda tappatap reklamı gedir. Tez Bakıya ora-bura zəng edib soruşur ki, dənizdə belə bir tapıntı olubmu? Hamısı eyni cavabı verir ki, xeyr, belə bir şey olmayıb. O da biznesmen dostumu cağırır, onu xeyli danlayır, axırda da soruşur ki, ideyanın müəllifi kimdir. O da, gözünə döndüyüm, barmağını mənə tuşlayır. Evim də onda yıxılır. Qısası, o məmur göstəriş verir ki, Azərbaycanın adına ləkə gətirməyin, yığışdırın bunları. Məni də Azərbaycandan çıxmamaq şərtilə Bakıya göndərir.
-Bəs dostunun restoranı necə oldu? Axı, imicinə zərər dəydi. - Öz siqaretimdən birini yandırdım.
Bu dəfə sağ əlini havada yellədi:
-Nə qoyub, nə axtarırsan, a Mirzə? Restoran da durur, imic də öz yerində, amma gəlirlər azalıb. İndi həmin çaxırın guya müasirini altı yüz avroya satırıq. Deyirik ki, dənizdən tapılan çaxır qurtardı. Ancaq həmin texnologiya ilə eynisini hazırlayırıq. Razı da qalırlar.
Siqaretin tüstüsünü içimə alıb, sonra çölə buraxdım.
-Yaxşı, bütün bunları mənə niyə danışdın?
O əyilib pıçıltı ilə dedi:
-Mirzə, kömək elə o "Stop"u aradan qaldıraq. Avropada işim-gücüm tökülüb qalıb. Burdakılara belə ideyaları həzm etdirə bilməzsən.
Siqaretin kötüyünü külqabıda söndürüb cavab verdim:
-Belə həlləm-qəlləm işlər mənlik deyil. Sən bunu həll etmək üçün başqa adam axtar. Gördüm, tanışımın üzü çöndü. Masanın üstündəki bir blok siqareti götürüb ayağa durdu.
-Hə yaxşı! Vacib bir görüşüm də var, - əlilə çay dəstgahını göstərdi, - bunun da pulunu verərsən. Di, sağ ol!
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)
Çalışın özünüzü göynən aparın - AKTUAL
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Cəmi bircə dəfə yaşama şansımız olan həyatı, sözün əsl mənasında, yaşamaq lazımdır. Yediyiniz yeməyi, geyindiyiniz paltarları, oxuduğunuz kitabları, eləcə də, həyatınızdakı insanları seçməyə çalışın. İmtina etmək, bəyənməmək sizin ən təbii haqqınızdır.
Əgər yediyiniz alma sizin mədənizə ziyan verirsə, onu əkib-becərməyə sərf etdiyiniz əməyi zibilə atmağı bacarmalısınız. Əgər, oxuduğunuz kitab sıxıcıdırsa, onu oxuduğunuz hissədən qatlayıb rəfə yerləşdirin, ancaq oxuduğunuz sonuncu səhifəni əsla unutmayın, çünki həmən səhifə sizin vaz keçiş səbəbinizdir. Əgər hamı eyni markadan geyinirsə, sizin də brendə ayaqlaşmaq kimi məcburiyyətinizin olmadığını unutmayın. Və ən önəmlisi, əsla xəyallarınıza sərhəd qoymayın. Qurduğunuz xəyalın reallaşması sizin ölümsüz olma ehtimalınızdan daha mümkünsüz olsa belə o xəyalı qurun, ən azından, beyninizdə o anı yaşayaraq qəlbinizi xoşbəxt etməyi bacarın. Hədəfləriniz və disiplininiz həyatınızın mərkəzində olsun. Əmin olun, siz bu həyatı hər özünüzə görə yaşadıqda, insanlar sizin risk alıb sınamağa cəsarət etdiyiniz həyatı daim qınayacaq. Sərhədləri yıxın, ancaq sərhədlərinizi yıxdırmayın. Özünüzü göydən aparın, göydən aparın ki, xoşbəxtlikdən ayaqlarınız yerə çatmasın. Sizin bir dəfə dünyaya gəldiyiniz həyatı sonuna qədər yaşamağa haqqınız var. Siz yaşayın ki, onlara deyinməyə söz olsun.
"Bu da özünü tutdu, yamam qudurdu. Bax indi göynən gedir”.
“Ədəbiyyat və incəsənət”
(28.02.2024)