Super User

Super User

 

Hazırda mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi Bakının təşəbbüsləri təsdiqlənməlidir, bu çox vacib məsələdir. Bu təşəbbüslərdən biri də “Bakı Prosesidir”

 

Mayın 1-dən 3-dək Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. “Bakı Prosesi”nin tərkib hissəsi olan bu Forum İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə ICESCO-nun saytı məlumat verib. Məlumata görə, forumda yüksək səviyyəli rəsmilər, beynəlxalq nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlərin və dünya miqyasında tanınmış ziyalıların iştirakı gözlənilir.

Forumun plenar sessiyalarında və panel müzakirələrində sivilizasiyalararası dialoq və əməkdaşlıqla bağlı bir sıra aktual qlobal çağırışlar müzakirə ediləcək.

Forum çərçivəsində mədəniyyətlərin müxtəlifliyini vurğulamaq, əməkdaşlıq və anlaşma ruhunu təşviq etmək üçün konsertlər, festivallar və yaradıcı tamaşalar da daxil olmaqla bir sıra mədəni tədbirlərin keçirilməsi gözlənilir.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.

Uğurlu olsun!

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2024)

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasının maddi-mədəni irsi, qədim adət-ənənələri və milli dəyərlərinə dair proqramların, verilişlərin, sənədli filmlərin yayımlanacağı “Turk Discovery” YouTube platforması yaradılıb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir. 

Məlumata görə, genişmiqyaslı layihə türk xalqlarının milli-mədəni sərvətlərinin qlobal auditoriyaya çatdırılmasına töhfə vermək məqsədilə həyata keçirilir.

Layihənin rəhbəri tanınmış qazaxıstanlı jurnalist Maya Bekbayevadır. Maya Bekbayevanın komandası uzun illərdir tarixə dair sənədli filmlər hazırlayır.

“Turk Discovery” layihəsinin ilk buraxılışı “Novruz – qədim türk bayramının dirçəlişi” sənədli filmidir. 

 

(Filmə “Turk Discovery” layihəsinin rəsmi YouTube kanalında https://youtu.be/XhtnEcaG4hA?si=LsKqnUKY5A_5Tlw5 linkindən baxmaq olar).

 

Filmin elmi rəhbəri və ssenarisinin həmmüəllifi Azərbaycanın dövlət və siyasi xadimi, diplomat, alim, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndəsi Həsən Həsənovdur. Çəkiliş qrupu Özbəkistan, Qırğızıstan və Azərbaycanda olub. Çəkilişlərin əksəriyyəti Bakı şəhərində və Azərbaycanın əhəmiyyətli tarixi yerlərində aparılıb. Filmdə hər bir Türk dövlətlərinin Novruz bayramının özünəməxsus, fərqli xüsusiyyətləri göstərilir. Layihənin məqsədi türk xalqları arasında həmrəyliyi daha da gücləndirməkdir.

Layihəni reallaşdıran komanda hazırda Mahmud Kaşqarinin türk ləhcələrinin toplusu olan "Divani lüğət it-türk" adlı əsərindən bəhs edən sənədli film hazırlanır.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış teatr və kino aktyoru Rahib Əliyevi  (12.07.1945, Bakı - 28.03.2024) vəfatı münasibətilə başsağlığı verib. Başsağlığı mətnində deyilir: 

 

Rahib Seyidağa oğlu Əliyev hələ məktəbli illərindən dram dərnəklərində fəaliyyət göstərib, xalq teatrlarında səhnəyə çıxıb.

O, M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU-nun) Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən, Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayıb. Ömrünün sonunadək bu mədəniyyət-sənət ocağında çalışan aktyor, ümumilikdə 70-dən artıq obrazda çıxış edib. 

Əməkdar artistin Markone (“Ovod”, E.Voyniç), Fərzəli bəy (“Nəsrəddin”, Y.Əzimzadə), Qazı (“Danabaş kəndinin məktəbi”, C.Məmmədquluzadə), Bəkdəmirov (“Şirinbala bal yığır”, S.Qədirzadə), Cəbi (“Hacı Qəmbər”, N.Vəzirov), Mirzə Salman (“Mahmud və Məryəm”, Elçin), Babaşov (“Sağlıq olsun”, İ.Məlikzadə), Molla Xudaverdi, Kərəməli (“Hacı Qara”, M.F.Axundzadə), Fərəcov (“Sən həmişə mənimləsən”, İ.Əfəndiyev), Ancelo, Mer (“Səhvlər komediyası”, “III Riçard”, U.Şekspir), Şeyx Əbuzər (“Şeyx Sənan”, H.Cavid), Mister Sauyrberi (“Oliver Tvistin macəraları”, Ç.Dikkens) və b. obrazları tamaşaçıların marağına səbəb olub.

Rahib Əliyev səhnə xadimi kimi tanınsa da, o, ondan artıq filmdə də (“Ulduzlar sönmür", “Yol əhvalatı”, “Yaramaz”, “Qətl günü”, “Güllələnmə təxirə salınır”, “Cavid ömrü”, “Axırıncı dayanacaq” və b.) çəkilib.

Sənətkar 2006-cı ildə “Əməkdar artist” fəxri adına, 2018-ci ildə “Tərəqqi” medalına layiq görülüb, dəfələrlə Prezident mükafatçısı olub.

Uca Tanrı rəhmət eləsin.

Sənətkarın ailə üzvlərinə, bütün doğmalarına başsağlığı verir, səbr diləyirik!

 

Azərbaycan Respublikası 

Milli Məclisinin Mədəniyyət Komitəsi

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Beş yaşınadək keçmiş “Sovetski”də- “Həmşəri palanı” küçəsində, 7 kvadrat-metrlik bir evdə böyüyüb. Sonra yeni mənzilə köçüblər. Daha sonra orta məktəb, institut, əsgərlik, bədii yaradıcılıq, televiziya və “Dalğa” verilişi. Onu Azərbaycana tanıdan da elə “Dalğa” oldu…

 

Deyir ki,- “Səmimi bir etiraf edim: atamın mənim üçün kim olduğunu hələ tamamilə dəqiqləşdirə bilməmişəm. Hətta həyatımda oynadığı rolu da. Bilirəm ki, məndə nə varsa, hamısı atamdandır. Amma nə vaxt verib, necə verib, hansı mexanizmlə verib, bilmirəm”...

Nikbin, məğrur, zəmanəylə ayaqlaşan, ətrafında cəryan edən hadisələrə həssas, səbrsiz insandır. Gördüyü iş ürəyincə olmayanda, ideyaları tükənəndə, bəzən dünyadan bezir. Amma böyük işlər görmək həvəsi heç zaman onu tərk etmir. Gözlərində qəribə bir kədər var. Keçmişin acı xatirələri onu heç vaxt rahat buraxmır. Odur ki, güləndə sanki ürəkdən gülmür…

Atası Əlfi Qasımov əslən Ağdam rayonunun Poladlı kəndindən olub. Azərbaycanın tanınan yazıçılarından biri idi. Eyni zamanda jurnalist, publisist və tərcüməçi kimi yaddaşlarda qalıb...

Yüksək intuisiya, hissetmə qabiliyyətinə malikdir. Bəzən həmsöhbətini gipnoz etməyi bacarır. Qəribə xasiyyətləri çoxdur. Həzin musiqi səsindən, şam işığından, tənhalıqdan ilhamlana bilir. 

Mübariz, haqsızlığa qarşı amansızdır. Yanında kiminsə haqqı tapdalananda sərt reaksiya verir. Buna görə də bəziləri onu acıdil adam kimi tanıyırlar. Heç zaman ruh düşkünlüyünə mübtəla olmur. Əksinə, çətinliklə üzləşəndə daha əzmkar, daha döyüşkən olur. Sadə geyinməyi xoşlayır. Onun üçün insanların libası yox, daxili keyfiyyətləri əsasdır…

Deyir ki,- “Ömrüm 20 yaşına qədər acı bağırsaq kimi uzanırdı. 20-60 arası isə heç bilmədim necə keçdi. İndi hər günümü dəyərləndirirəm - görəsi o qədər iş var ki. Sadəcə, planlar qurub, Allahı özümə güldürmək istəmirəm - məsləhət Onunkudur”…

Güclü yumor hissinə malikdir. Şən və gülərüzdür. Atmacaları ilə aranı qarışdırıb, müzakirə meydanına çevirməyi bacarır. Şəhər uşaqlarına məxsus jestləri var. Necə deyərlər, əsl centelemendir. Nəvaziş göstərməkdən zövq alır. Ana dilimizin məftunudur. Lazım gələrsə, onun uğrunda mücadiləyə girə bilər...

El arasında belə bir ifadə var- "Canlara dəyən adam." Bir sözlə, İlqar Əlfioğlu doğrudan da canalara dəyən adamdır və bu canlara dəyən qardaşımızın 69 yaşı tamam oldu, keçdi 70-ə...

Nədənsə 69 rəqəmini baş-ayaq rəqəmlərdən biri hesab etdiyim üçün, hətta öz ömrümdən də tez gəlib getməsini arzulayıram. İnşəallah 70 yaş öz gəlişiylə İlqar Əlfioğlunun həyatına xoş xəbərlərlə gəlsin.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu layihəni mən də oxucularım da maraqla izləməkdədir. Layihənin davamı gəlib. Növbəti təhsil ocağında. 

 

Martın 27-də Elm və Təhsil Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində “Sazlı-Sözlü Kəlağayı Günləri'' çərçivəsində "Anam - Kəlağayıdı, Kəlağayı - anam" adlı tədbir keçirildi. 

 

Tədbiri giriş sözləri ilə həmin kollecin ana dili-ədəbiyyat müəllimi Sədaqət Əsgərova açıq elan edərək qonaqları salamladı. Tədbirdə Azərbaycan Kəlağayısının yaranmasından, əhəmiyyətindən, bu günkü vəziyyətindən söhbət açıldı. Mirvarid Dilbazi 

Poeziya Məclisi İctimai Birliyinin sədri və Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlı Kəlağayı gününün qeyd olunması ilə bağlı tələbə və müəllimlərə məlumat verdi  və qeyd etdi ki,  kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu əlamətdar hadisənin 10 illiyidir. Bu münasibətlə ''Sazlı Sözlü Kəlağayı Günləri''- layihəsi Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, ölkəmizin bütün bölgələrində keçiriləcək. 

Sonra Prezident təqaüdçüsü və əmək qəhrəmanı Tərlan Musayeva , "Dövlət və Qanun" qəzetinin redaktoru Yasəmən Möhübbətqızı maraqlı çıxışlar etdilər. Tələbələrin ifasında şeirlər, mahnı və rəqslər rəğbətlə qarşılandı. Gənc şair və sazəndə Aişə Səyyadqızının, aşıq Nərmin Cəlalzadənin ifaları alqışlar qazandı. 

Sonda kəlağayı təkcə baş örtüyü deyil, ismət, abır-həya, qeyrət rəmzi kimi səciyyələndirildi, elə bu da tədbirin leytmotivi oldu. 

Tədbir xatirə şəkilləri çəkilməsi ilə yekunlaşdı. 

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Daim ən müxtəlif tədbirlərlə ictimaiyyəti və istifadəçilərini sevindirən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasındakı növbəti tədbir gözlənilən idi. 

Belə ki, kitabxananın adını daşıdığı görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyini ölkəmiz qeyd edirdi, bu yubileyə, təbii ki, kitabxana biganə qala bilməzdi. 

Növbəti xəbərim bu barədədir. 

 

Anons edim: Kitabxanada keçirilən yibiley tədbirində görkəmli dramaturqun həyat və yaradıcılığı haqqında geniş söhbət açıldı. 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən tədbirlərin keçirilməsi zəruriyyətini vurğulayaraq, kitabxananın görkəmli dramaturqun yubileyi ilə əlaqədar həyat keçirdiyi tədbirlər – kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası, biblioqrafiya, ənənəvi və virtual kitab sərgiləri, videomaterial haqqında geniş məlumat verdi.

Professor Asif Rüstəmli Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışaraq, görkəmli dramaturqun xatirəsinin onun ev muzeylərində və Gənclər Kitabxanasında yaşandığını söylədi. 

Professor Tahirə Məmməd Cəfər Cabbarlının XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olduğunu, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, heç bir halda əqidəsindən, amalından dönmədiyini bildirdi. 

Professor İsmayıl Məmmədov Cəfər Cabbarlının bədii, publisistik yaradıcılığının çoxşaxəli, mövzu etibarilə rəngarəng, əhatəli və dərin məzmunlu olduğunu dedi. O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin əməkdaşları tərəfindən hazırlanan “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” kitabı haqqında məlumat verdi, lüğətdə verilən hər bir sözün dramaturqun dilində əks etdiyi mənaların doğma dilimizin ifadə imkanlarını daha da genişləndirmək baxımından dəyərli olduğunu söylədi. 

Cəfər Cabbarlı adına ev-muzeyinin rəhbəri Qəmər Seyfəddinqızı Cəfər Cabbarlının 125 illik yubileyi çərçivəsində keçirilməsi nəzərdə tutulan yerli və beynəlxalq tədbirlər, layihələr, səhnələşdiriləcək tamaşalar haqqında məlumat verərək, “Cəfər Cabbarlı mükafatı”nın verilməsinin bu ildən bərpa olunacağını qeyd etdi. 

Tədbirdə Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələrinin Cəfər Cabbarlının şeirlərindən ibarət kompozisiyası və kitabxana əməkdaşları tərəfindən hazırlanan “Varlığında bir dünya çırpınan sənətkar” adlı videomaterial nümayiş etdirildi.

Bir sözlə, kitabxanada böyük dramaturqun adına layiq bir tədbir baş tutdu.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”

 

ADPU-nun Filologiya fakültəsində "Qərbi Azərbaycan: Yurd həsrəti" mövzusunda esse müsabiqəsi keçirilmişdir.

15 mart 2024-cü il tarixində təşkil olunan müsabiqə Xarici dil müəllimliyi (ingilis), Xarici dil müəllimliyi (fransız), Rus dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələr arasında baş tutmuşdur. 

Müsabiqədə ümumilikdə 26 tələbə iştirak etmişdir.

 

Mən - Zəhra Allahverdiyeva 2-ci kurs Xarici dil müəllimliyi (Fransız dili) ixtisasından müsabiqəyə qoşulmuşam. Müsabiqədə 2-ci yerə layiq görülüb, ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent - Könül Nəriman qızı Həsənova tərəfindən Həsən Mirzəyevin 2 kitabı ilə və sertifikat ilə təltif edilmişəm.

Sizə həmin essedən nümunənin Azərbaycan dilində tərcüməsini təqdim etmək istərdim:

 

Qərbi Azərbaycan torpaqları qədim Azərbaycan torpaqları olmuşdur. Qərbi Azərbaycanın çoxlu rayonları var. Məsələn: Vedibasar, Zəngibasar, Dərələyəz, Dərəçiçək, Sisyan, Masis, Gərnibasar, Ələyəz, Basarkeçər və s. Mənim əcdadlarım Vedibasardandır. Babam Vedibasarda musiqi və Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyirdi. O, həm də şairdir. Qərbi Azərbaycan ədəbiyyatı çox zəngindir. Babamın çoxlu şeirləri var. Məsələn: "Bilmirəm", "Qalmayib", "Şitti"(“Ədəbiyyat və İncəsənət „portalından oxuya bilərsiz) və s. 

Bölgənin bir sıra özünəxas musiqiləri də var. Məsələn, "İrəvanda xal qalmadı". 

Bölgədə “Aşıq” sənəti geniş inkişaf etmişdir. Hər bölgənin öz ənənəsi və ləhcəsi var. Burada müxtəlif adətlər var. Məsələn: Novruz şənlikləri, toylar və s. Toylarda oynadığımız “Yallı” bir başqadır. “Duvaq qapma”, “Şax bəzəmə” kimi toy adətlərimiz var. Novruz bayramında “Baca-baca”, “Hıdır Nəbi” və s. adətlər var. 

Qərbi Azərbaycanın zəngin mətbəxi var. Məsələn: “Əriştə şorbası”, “İrəvan kətəsi”, “Eləyiz aşı”, “Qovurma” və s. Mən “Əriştə şorbası”nı çox  sevirəm. Çünki tərkibində “Əvəlik„ otu var . Əvəlik  suyun kənarında yetişən bitkidir. Əvəlikdən dolma da bükürlər. O çox faydalı xüsusiyyətlərə malikdir, minerallarla zəngindir. 

Qərbi Azərbaycan bizim doğma vətənimizdir!

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) “Kinematoqrafiya haqqında” Qanunun təkmilləşdirilməsi və yenilənməsi məqsədilə işçi qrupu fəaliyyətə başlayır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ARKA-dan məlumat verilib. 

 

İşçi qrupu kino xadimlərinin və kinematoqrafiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin Kino Forumunda, eləcə də müxtəlif tədbirlərdə səsləndirdiyi təkliflərin təhlili, ümumiləşdirilməsi və hüquqi bazasının yaradılması istiqamətində işlər aparacaq.

 

Mərhələli şəkildə həyata keçiriləcək fəaliyyət proqramı çərçivəsində kino xadimlərinin, təcrübəli mütəxəssislərin və hüquqşünasların da işçi qrupuna cəlb olunması, uğurlu hesab olunan dünya ölkələrinin təcrübəsinin öyrənilməsi planlaşdırılır. Kinematoqrafiya haqqında Qanunun yenilənməsi üçün geniş kino ictimaiyyətinin rəyinin öyrənilməsi və bununla bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) ilə Türkiyənin tanınmış film şirkətləri olan “Saka Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.

 

“Ədəbiyyat və incəsənət” ARKA-ya istinadən xəbər verir ki, memoranduma əsasən, yaxın vaxtlarda Azərbaycan və Türkiyə bazarlarına çıxacaq “Qızıl qatar” (Altın tren) adlı birgə filmin istehsalı nəzərdə tutulur.

 

Filmin istehsalı istiqamətində birgə fəaliyyətləri müəyyən edən üçtərəfli Anlaşma Memorandumunu Azərbaycan tərəfdən Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu imzalayıb.

 

Çəkilişlərinin Azərbaycanda aparılması planlaşdırılan filmin mövzusu XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın qarşılıqlı əlaqələrindən bəhs edir. Xilaskar Nuru Paşanın Azərbaycana köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü vaqonların göndərilməsi filmin əsas süjet xəttini təşkil edir.

 

Qeyd edək ki, Türkiyə şirkətləri tərəfindən ilk dəfə olaraq Azərbaycanın kino sənayesinə investisiya yatırılır. Filmin maliyyə tərəfi qardaş ölkənin istehsalçıları tərəfindən həyata keçiriləcək. Memorandumda TÜRKSOY-a üzv ölkələrdən dəstək alınması öz əksini tapıb.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

Poetik Qiraətdə bu gün sizlərlə şair Nazim Əhmədli görüşür. “Təzə dünya dağılır” şeiri dünyamızdan nigarançılıqdan doğulub. Həm də düşünsürür. 

Xoş mütaliələr! 

 

TƏZƏ DÜNYA DAĞLIR

 

Əllərimi buz kəsir,

niyə belə soyuxdu;

ruhum didərgin oldu,

ağrılarım hayıxdı;

 

         *

üzdüm o çiy sularda,

doğma, ögey sularda;

həsrətim  göy sularda,

azıb qalan qayıxdı;

 

         *

hanı, çəkilən ahlar,

dönüb gəlir günahlar;

baxma, yatıbdı dağlar,

bulaqları oyaxdı;

 

         *

su yorulmur  axmaqdan,

ölürəm, darıxmaqdan;

göy üzünə baxmaqdan,

gözlərimiz qıyıxdı;

 

         *

bulud kilim-kilimdi,

yanıb-sönən külümdü;

dağ yarıdan bölündü,

arasından çay axdı;

 

         *

hanı huşum, ağılım,

harda bitir nağılım;

təzə dünya dağılır,

köhnə dünya ta yoxdu.

 

“Ədəbiyyat və incəsənət”

(29.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.