
Super User
Müasir təmayüllər: Bakı küçələrində strit-art
Bu gün Bakımızın küçələrindəki divarlarda gənc rəssamların strit-art janrında çoxlu rəsmlərinə rast gəlmək olar. Bəs strit-art nədir? Vahid Şükürovun AzərTAC-da gedən yazısı onun mənşəyi ilə bağlı tarixə nəzər salır. “Ədəbiyyat və incəsənət” portalı DAYCEST bölümündə həmin yazını diqqətinizə çatdırır.
“Strit-art” ingilis dilindən tərcümədə (street-art) “küçə incəsənəti” deməkdir və bu adın özü bütün mətləbləri üzə çıxarır.
Strit-art ictimai yerlərdə və çox vaxt rəsmi icazə olmadan yaradılan müxtəlif vizual təzahürləri özündə cəmləşdirən müasir küçə vizual sənətində bir istiqamətdir. Bu, qrafiti, divar rəsmləri, naxış sənəti, stiker sənəti, küçə instalyasiyaları və küçə incəsənətinin digər növləri ola bilər. O, çox vaxt adi şəhər məkanını dəyişdirərək, bu mənzərəyə yeni mədəni və estetik ölçü verir, habelə incəsənəti geniş ictimaiyyət üçün əlçatan edir.
Bu gün görməyə alışdığımız strit-art, əsasən, İkinci Dünya müharibəsi dövründə meydana gəlib. Onun yaranması ilə bağlı ilk hal “Kilroy was here” (Kilroy burada olub) üst yazısı ilə bağlıdır. Onu böyük ehtimalla Detroytda (ABŞ) bomba istehsalı zavodunda çalışan Kilroy adında şəxs yazıb. Əvvəlcə bu üst yazısı zavodda istehsal edilən bombaların olduğu qutuların üzərində olub, sonra isə həmin frazaya rəsm də əlavə edilib və amerikalı əsgərlər tərəfindən hər yerə yayılıb.
ABŞ müasir strit-artın vətəni hesab olunur. 1960-cı illərdə Filadelfiyada küçə incəsənəti çiçəkləndi və bu gün də qrafiti mədəniyyətinin tarixi mərkəzi hesab olunur. 1970-ci illərdə strit-artın mərkəzi Nyu-Yorka köçüb. Hər şey Manhettendə Vaşinqton Heights adlanan məhəllədə başladı.
Nəhəng janr və ideoloji rəngarəngliklə səciyyələnən çoxşaxəli sənət – strit-artda aydın qaydalar və normalar yoxdur, lakin onun cəlbedici yaradıcılıq azadlığı hissi var. Küçə incəsənəti həmişə çoxsaylı adi insanlar üçün açıqdır, həm də o, muzeylərin, sərgilərin və qalereyaların dərinliklərində gizlənmir.
Bir çox strit-art əsərləri açıq şəkildə sosialyönümlü sayılır və bəzən etiraz xarakteri daşıyır. Bu sənətin nümayəndələri çox vaxt küçə şedevrlərini təkcə özünüifadə üçün deyil, həm də cəmiyyətin diqqətini vacib gündəlik məsələlərə cəlb etmək üçün yaradırlar.
Dünyada küçə sənətinin ən məşhur nümunələri arasında aşağıdakı rəssamların əsərləri və layihələri var: Lissabonda “Böyük yenot”; Qlazqodakı “Kelburn qalası”; Moskvada “Maya”; Berlində “İlahi, bu ölümcül sevginin arasında sağ qalmağıma kömək et!”; Londonda David Boui; Praqada “Con Lennon divarı”; Beytlehemdə “Qəzəb, Çiçək atıcı” (Rage, the Flower thrower); Bolonyada “Via Zamboni” və bir çox başqa əsərlər.
Maraqlıdır ki, 2012-ci ilədək Sankt-Peterburqda Küçə İncəsənət Muzeyi açılana qədər dünyanın heç bir muzeyində bu janrın nümunələrinin toplanması və saxlanılması şöbələri yox idi.
Küçə incəsənəti ənənəvi sənət anlayışına çağırışdır, sonsuz təcrübə və axtarışlara dəvətdir. Onun üslubu sadəcə texnika və ya vizual yaradıcılıq toplusu deyil, rəssamın şəxsiyyətinin və dünya ilə dialoqunun əksidir. Dəyişən və inkişaf edən strit-art ilkin məqsədini itirmir - tamaşaçını dayandırmaq, düşündürmək, hiss etdirmək və bəlkə də tanış dünyanı yeni şəkildə görmək.
Bakıda küçə incəsənəti həm yerli kolorit, həm də qlobal bədii tendensiyaları əks etdirən şəhər landşaftının mühüm hissəsinə çevrilib. Sevimli şəhərimizin küçələrindəki küçə incəsənəti çoxsaylı təzahürləri ilə öz unikallığını və dünyaya baxışlarını bölüşmək istəyən rəssamlar üçün təkcə kətan deyil, həm də emosiya və düşüncə oyatmaq vasitəsi kimi çıxış edir. O, şəhər mühitinin adi, bəzən unudulmuş və ya diqqətdən kənarda qalan tərəflərini sənət obyektinə çevirir, insanları gündəlik həyatda gözəlliyi görməyə və şəhər məkanını yeni prizmadan qiymətləndirməyə ruhlandırır.
Bakıda küçə incəsənəti şəhərə özünəməxsusluq və xarakter qatmaqla yanaşı, həm də sosial və mədəni ideyaların incəsənət vasitəsilə ifadəsi üçün platforma yaradır. Bakının küçə rəssamları öz yaradıcılıqlarında bina divarlarından, yeraltı keçidlərdən və digər platformalardan istifadə edərək adi məkanları ruhlandırıcı və düşüncəli bir yerə çevirirlər.
Bakıdakı müasir küçə incəsənəti genişmiqyaslı divar rəsmlərindən tutmuş, hər birinin özünəməxsus hekayəsi və ya mesajı olan incə qrafitilərə qədər müxtəlifdir. Bəzi əsərlər milli xüsusiyyətlərə yönəlib, digərləri sosial əhəmiyyətli mövzulara diqqət yetirir və ya sadəcə olaraq estetikası və orijinallığı ilə göz oxşayır.
Bakıda strit-art həm də küçə incəsənəti vasitəsilə şəhərin unikal incəsənətini və mədəniyyətini kəşf etməyə həvəsli olan ziyarətçiləri cəlb etməklə turizmi təşviq edir. Beləliklə, küçə incəsənəti dinamik inkişafını və yeni yaradıcı ifadə formalarına açıqlığını nümayiş etdirərək, Bakının keçmişi ilə bu günü arasında körpüyə çevrilir.
“Ədəbiyyat və incəsənət”
(09.04.2024)
100 ildən sonranın kəşfi
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
100 ildən sonra.
-Alimlər qəribə bir şey kəşf etmişlər. Ağ balaca qutudur. Üstündə də düyməcik var. Düyməciyi basanda işıq yanır. Daha bu külbaş süni intellektin üstünə çığırmayacağıq ki, Alisa, işığı yandır.
2.
“Yataqda yaxşıdır” kəlməsi qoca cütlük üçün o mənada yox, bu mənadadlr: “xoruldamır”, “odeyalı öz üstünə dartmır”
3.
Dişi olmayanlar üçün bütün konfetlər sorulma konfetlərdir.
4.
Təhsildə novatorluq: Əgər uşaqlar əmək dərsi keçirlərsə, demək, istirahət dərsi də keşməlidirlər.
5.
Müasir məsəl:
Axşam restoranda nə oyun çıxardığını xatırlamırsansa aç Yotuba bax.
6.
İstirahət günü yaxşıca maskalanmış bazar ertəsidir, qardaş!
7.
Əziz valideyinlər, unutmayın, bu gün nəzarətsiz qoyduğunuz kiçik uşaqlar sabah kiçik valideyinlərə dönə bilərlər.
8.
Könlü vay-fay istəyənin parolu cibində olar.
“Ədəbiyyat və incəsənət”
(09.04.2024)
“Mənim üçün zaman hər şeyin bir saniyədə dəyişəcəyini göstərən anlayışdır” - AŞIK RASİM GENÇ
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyənin dəyərli yazarları ilə müsahibələrim davam etməkdədir. Bu dəfəki müsahibim Aşık Rasim Genç bəydir.
-Salam Aşık Rasim Genç bəy! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.
-1963-cü ildə Vəzirköprünün Çorakdərə kəndində anadan olmuşam. İbtidai məktəbi öz kəndində bitirmişəm. Çox istəsəm də imkansızlıq üzündən təhsilimi davam etdirə bilmədim. Çobanlıqla başlayan həyatım tikinti işləri ilə davam etdi və Vezirköprü qubernatorluğunda məmur vəzifəsində çalışdım. 2009-cu ildə təqaüdə çıxdım.
Gənc yaşlarından şeir yazmağa başlayaraq saz çalmağı öz-özümə öyrəndim. Yazdığım şeirləri sazla, çəkdiyim ağrıları sözlərimlə ifadə etdim. Bir gecə yuxumda badəni içdiriləndə “Badəli Aşıq” oldum. Müxtəlif radio və televiziya proqramlarında iştirak etdim. Şeirlərim müxtəlif qəzet və jurnallarda dərc olundu. Buraxılış işi, magistr dissertasiyası və simpoziumların mövzusu oldum, sənədli filmim çəkildi. Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçmiş xalq şairiyəm. Ailəliyəm, 5 uşaq atasıyam; Nəşr edilmiş şeir kitablarım bunlardır: “Şimal Yıldız”, “Yavrum Ağlama”, “Zalım Gurbet”, “Hayat Ağacı”, “Gelsene Dost”, “Felek Peşimde Gezer, Pınara Giderken”.
-Ədəbiyyata gəliş səbəbini anlada bilərsinizmi?
-Kənddə doğulmuşam. Uşaq vaxtı şairlərə, ozanlara qulaq asıb heyran olurdum. Sonralar özümü ədəbiyyatda tapdım.
-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi və daha çox hansı mövzuda yazırsınız?
-Təbiət, vətən, bayraq, millət, xalq problemlərini ifadə edirəm.
-Sözlə Saz sənəti haqqında fikirlərinizi bölüşməyinizi, şeirlərinizdən birini də bizimlə paylaşmağınızı istərdik.
-Saz sənəti aşıqlıq ənənəsində qabarıq şəkildə yer alır. Şairlər, ozanlar öz dərdlərini sazla bildirirlər.
FİDAN DİKİN TOPRAĞA
Her sene bir fidan dikin toprağa
Çiçeği güzeldir gülü güzeldir
Kuşlar gelir konar dala yaprağa
Kuşların ötüşü dili güzeldir
Duygusuz insanlar bunları görmez
Doğanın sırrına hiç akıl ermez
Erozyona taşı toprağı vermez
Ağacın gövdesi çili güzeldir
Yabani hayvanlar ormana kaçar
Baharda tomurcuk çiçeği açar
Etrafına güzel kokular saçar
Ormanların esen yeli güzeldir
Toprak boz bulanık selden korunur
Mevsiminde renkten renge bürünür
Her tarafı irem bağı görünür
Yeşili güzeldir alı güzeldir
Çevreye salgılar temiz havayı
Felaketten korur dağı ovayı
Kuşlar dal ucuna yapar yuvayı
Rasim der ağacın dalı güzeldir
-Hər hansı bir yazı rutininiz varmı? Zaman sizin üçün nə məna daşıyır?
-Müəyyən müddət ərzində yox, ilham gələndə yazıram. Mənim üçün zaman hər şeyin bir saniyədə dəyişəcəyini göstərən anlayışdır. Heç nəyi təxirə salmaq olmaz.
-Türkiyədə oxuma sizi qane edirmi? Ənənəvi və ya elektron kitablara üstünlük verirsiniz?
-Təbii ki, razıyam. Ənənəvi kitabları oxumağa üstünlük verirəm. İctimai kitabxana tez-tez gedib kitablarla vaxt keçirdiyim yerdir. Kitablar insanın daxili rahatlığını tarazlayır.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-İzləyirəm. Prof. Dr.Elçin İsgəndərzadə ilə Türkiyədə bir proqramda da iştirak etdik. “Şəfqət hissi olmasa” şeiri də bəyəndiyim şeirlər sırasındadır.
-Bir yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?
-Mədəniyyətimizi qorusunlar, korrupsioner mədəniyyətlə qidalanmasınlar.
-Təşəkkür edirəm!
“Ədəbiyyat və incəsənət”
(09.04.2024)
“Sovetski"də qazıntılar niyə dayandırılıb? TARİXİ ƏHƏMİYYƏTLİ TİKİLİ QALIĞI TAPILIB?
Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsində yerləşən və söküntü işləri aparılan əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
"Aparılan işlər aidiyyəti dövlət orqanları ilə birgə dayandırılıb. Ərazinin tarixi və arxeoloji əhəmiyyətini müəyyən etmək üçün mütəxəssislər cəlb olunacaqdır. Mütəxəssislərin verdiyi rəy nəticəsində müvafiq addımlar atılacaq”, sorğuya cavabda deyilir.
Qeyd edək ki, keçmiş "Sovetski" ərazisində yerləşən 199 saylı orta məktəb və ona bitişik Bakı Avropa Liseyinin köhnə binalarının söküntüsü zamanı qədim quyu və tunellərin aşkara çıxması barədə sosial mediada görüntülər yayılmışdı.
“Ədəbiyyat və incəsənət”
(08.04.2024)
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Şəhidimiz Vüqar Abbasəliyevin anası Çimnaz Cəfərovanın müayinəsi zamanı hər iki gözünə katarakta diaqnozu təyin olunub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer alan katarakta əməliyyatı icra olunub. Xidmətlər zərfində yer almayan “İntraokular linzanın qüzehli qişaya tikilməsi” əməliyyatı xərcləri isə “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “YAŞAY” Fonduna istinadən məlumat verir.
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(08.04.2024)
Gənclər Kitabxanası “Naxçıvan Muxtar Respublikası - 100” adlı təqvim hazırlayıb
Bu il Naxçıvan Muxtar Respublikasının 100 illik yibileyi ilidir. Təbii ki, quru sərhədlərimizin olmaması səbəbindın böyük torpaqdan çox az qism insan kiçik torpağa səfər edə bilib. Naxçıvan barədə turistik məlumatlara, tanıtım yazılarına geniş ehtiyac yaranıb.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Naxçıvan – 100 illik şanlı tarix” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib. Elə bu tədbirlərin yuxarıdakı tələbatın ödənilməsi yönündə cəhdlər hesab etmək olar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabxana əməkdaşları bu dəfə “Naxçıvan Muxtar Respublikası - 100” adlı təqvim hazırlayıb.
Təqvimin hazırlanmasında məqsəd Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutan, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamış Naxçıvan diyarı haqqında məlumatların geniş oxucu kütləsi arasında təbliğidir. Təqvimin birinci buraxılışı Naxçıvanın dini, elmi, mədəni, tarixi-memarlıq nümunələrinə, folkloruna, milli geyim, musiqi alətlərinə, rəqs, mətbəx nümunələrinə həsr edilib. Burada sözügedən mövzuları əhatə edən yazı materialları və fotogörüntülər təqdim olunub.
Məhdud sayda nəşr olunması nəzərdə tutulan təqvimin ikinci hissəsi bu diyarın görkəmli şəxsiyyətlərinə həsr edilib. Naxçıvan Muxtar Respublikasından bəhs edən məqalələri cəmləyən “Naxçıvan - 100” rubrikada isə “Heydər Əliyev: milli dövlət quruculuğunun Naxçıvan mərhələsi”, “Cahanın Nəqşi - Naxçıvan səyyah və coğrafiyaşünasların gözü ilə...”, “Qədim türk yurdu – Azərbaycanın ayrılmaz hissəsi”, “Möhtəşəm minilliklərin şanlı 100 ili”, “Şərqdən doğan Günəşə boylanan diyar” kimi məqalələrin tam mətni nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(08.04.2024)
O, “Ayrılıq” oxumaqla milyonlara ayrılığın əslində nə olduğunu anladırdı… - YAQUB ZURUFÇUNUN XATİRƏSİNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Altmış səkkiz il bundan qabaq dünya bambaşqa idi. O vaxtlar SSRİ (Sovet ittifaqı kommunist partiyası) mərkəzi komitəsinin baş katibi Nikita Xruşşov dünyaya meydan oxuyurdu. Dünya isə, iranlıların sözü olmasın, ŞURƏVİDƏN qorxurdu. Yeri gəlmişkən, o vaxtlar İranda feodalizmin tüğyan etdiyi dövrlər idi. Daha doğrusu, şah Məhəmməd Rza Pəhləvi İranda at oynadırdı...
Ölkənin Təbriz şəhərinin Çərandab məhəlləsində Qulu adlı bir kişi isə zövcəsi Xədicəsultan xanımla birlikdə zəmanənin çətinliklərinə sinə gərərək övladlarını böyüdürdü. Ailədə yeddi uşaq- üç qız, dörd oğlan vardı. Bu gün sizə həmin oğlanlardan biri- Yaqubdan söhbət açmaq istəyirəm...
Necə deyərlər, Yaqub çox fərasətli uşaq idi. Təhsilə maraq göstərər, zirəklikdə tay-tuşlarından geri qalmazdı. Gözəl avazı, məlahətli səsi onu məhəllənin sevimlisi etmişdi. Yeddi yaşı olanda Qulu kişi onu Fərvərdin Mədrəsəsinə aparıb adını şagirdlər siyahısına yazdırdı. Tezliklə təhsil almağa başlayan Yaqubun sevincinin həddi-hüdudu bilinmirdi. Qarşıda onu gözləyən uğurlardan hələ xəbərsizdi...
İllər ötdü. Bir gün onu Təbriz televiziyasının uşaqlar üçün proqramına dəvət etdilər. Oxuduğu "Cücələrim" mahnısı ilə Azərbaycan, eləcə də İranda dillər əzbəri olanda özünü kəşf etməyə başladı. Çox keçmədən xalq və bəstəkar mahnılarıyla tanış olan və məharətlə ifa edən Yaqub on beş yaşında Təbrizin Milli Televiziyasında "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə" və "Dilbər" mahnılarını oxudu. Sonra Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirdi...
1979-cu ildə İranda baş verən xalq inqilabından bir il sonra Almaniyaya köçən Yaqub Zurufçu öz musiqi təhsilinə Hamburq şəhərindəki universitetlərdən birində başladı. Oranı vokal sənəti üzrə bakalavr kimi bitirərək, daha sonra ABŞ-ın Florida ştatının Mayami Universitetində magistr dərəcəsinə yiyələndi…
1989-cu ildə mərhum Xalq artisti Gülağa Məmmədov Almaniyada səfərdə olarkən Yaqub Zurufçunun “Ayrılıq” mahnısını əks etdirən, həvəskar kamera ilə çəkilən klipi görüb heyrətləndi və həmin klipin videosurətini Azərbaycana gətirib televiziyada yayınlanmasına nail oldu. Çox keçmədi ki, Gülağa Məmmədovun dəvəti, “Vətən Cəmiyyəti”nin dəstəyi ilə Yaqub Zurufçu ilk dəfə Azərbaycana gəldi…
O, ABŞ vətəndaşı olmaqla bərabər, 2009-cu ildən həm də Azərbaycan Respublikasının vətəndaşı idi. "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülmüşdü...
Deyirdi ki,- “Bir müğənni gün ərzində neçə televiziya kanalında qonaq olar? Bəlkə də bir gündə bir neçə kanalda görünmək kimlərəsə xoş gəlir, amma o müğənni düşünməlidir ki, bu, insanlara mənfi təsir də edə bilər. Mənim aləmimdə əsl sənətkar efirə az-az çıxmalı və gözəl mahnılarla dinləyicinin zövqünü oxşamalıdır”...
Yaşasaydı, bu gün Yaqub Zurufçunun 68 yaşı tamam olacaqdı, amma amansız ölüm onu 2021-ci ildə 65 yaşında aramızdan apardı...
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(08.04.2024)
Ölkəmizdə ilk dəfə olaraq Kəlağayı Festivalı keçiriləcək
Könül, “Ədəbiyyat və incəsənət”
Kəlağayı nədir? Azərbaycan qadınlarının həm gözəllik simvoludur, həm də milli mental xüsusiyyətlərinin, dini inanclarının bir atributudur. Və bu gün adi baş örpəyindən daha geniş anlam daşıyan kəlağayının yüksək səviyyədə təbliği könül oxşayır.
Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə aprelin 27-də “Sazlı, Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində ilk dəfə olaraq respublikamızda “Kəlağayı Festivalı” keçiriləcək.
Festival Xətai rayonunda Ukrayna dairəsindəki Heydər Əliyev parkında yerləşən 925 tamaşaçı yeri olan Amfiteatrda baş tutacaq.
Festivalın proqramı belədir:
Saat 11:00-dən 12:00-yə qədər sərgi ilə tanışlıq, saat 12:00-də rəsmi açılış, sonra möhtəşəm konsert proqramı.
Konsertdə dövlət qurumlarından, KİV-lərdən nümayəndələr, tanınmış şairlər, müğənnilər, aşıqlar iştirak edəcək.
Mirvarid Dilbazi Poeziya Məclisi tədbiri el bayramı səviyyəsində keçirəcəklərinə əminlik bildirir.
Sərgidə Şəkidən, İsmayıllıdan tanınmış kəlağayı ustalarının hazırladıqları kəlağayıların nümayişi və satışı da təşkil olunacaq.
Kəlağayı xanımların baş tacı, qeyrət, ismət ölçüsüdü. Kəlağayı nənələrimizin nənəsindən bizə qalan mənəvi mirasdı, üz aydınlığıdı. Babalarımızın babasının öz ömür-gün yoldaşlarına hədiyyə etdiyi gözəllik və yaraşıq rəmzidir. Analar Vətəni, torpağı, yurdu, namusu, isməti, abır-həyanı qorumaq üçün başına kəlağayı örtüb, kəlağayıya and içdirib ərlərini, oğullarını, qardaşlarını torpaqlarımızı qorumağa göndərib. Kəlağayıya, əsrlərin sınağından üzüağ çıxıb gələn digər milli-mənəvi dəyərlərimizə diqqət, qayğı, onun yüksək səviyyədə təbliği, tanıdılması bugünkü və gələcək nəsillərin tərbiyəsində, Vətənini, millətini sevən nəsil yetişdirməkdə mühüm məsələdir.
Kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Peprezentativ siyahasına daxil edilib və beynəlxalq səviyyədə tanıdılmasına səbəb olub. Bu il bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə rayonların İcra Hakimiyyətlərinin dəstəyi ilə “Sazlı, Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir və bu tədbirlər ilin sonuna qədər davam etdiriləcək. Bütün bu işlərin yekunu 26 Noyabr “Azərbaycan Kəlağayısı Günü”ndə keçirələcək tədbirlə yekunlaşacaq. Dekabr ayında isə qurum ilboyu keçirilən tədbirlərin hesabatını verəcək.
Beləliklə, kəlağayı, musiqi, sənət və sözsevərlər 27 aprel 2024-cü ildə keçirilən möhtəşəm “Kəlağayı Festivalı”na dəvətlidir. Giriş sərbəstdir.
Mən də portalımız adından hamını, xüsusən gənc xanımları Kəlağayl Festivalına dəvət edirəm!
“Ədəbiyyat və incəsənət”
(08.04.2024)
“YAŞAT” Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fondun bu günə qədər həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Həmçinin gələcək fəaliyyətə dair planlar, nəzərdə tutulan məsələlər diqqətə çatdırılıb.
“YAŞAT” Fondununun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun hesabatının əks olunduğu təqdimatla çıxış edib.
Himayəçilik Şurasının üzvləri də cari məsələlər, həmçinin gələcək fəaliyyətə dair təkliflərini diqqətə çatdırıblar.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Fondun vəsaitinin sərəncamçısı müəyyən edilib. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
“Ədəbiyyat və incəsənət”
(08.04.2024)
Aşıq Şəmşirin nəvəsini diri-diri tonqalda yandırıblar - AĞDABAN FACİƏSİNİN İLDÖNÜMÜDÜR
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Azərbaycan xalqının faciələri sırasında bit faciə də yer almaqdadır: Ağdaban faciəsi.
Xocalı soyqırımının ardınca – 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndində Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın zamanı 130-dan çox ev yandırılıb, 779 nəfər kənd sakininə divan tutulub. Faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. 2 nəfər itkin düşüb, 5 nəfər isə girov götürülüb.
Təbii ki, amansız düşmən maddi, cismani məhvlə yanaşı mənəvi məhvə də qol qoymaqla tanınır.
Faciə zamanı Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndələri - Aşıq Şəmşirin və onun atası Ağdabanlı şair Qurbanın əlyazmaları, külliyyatı məhv edilib, Aşıq Şəmşirin nəvəsi diri-diri tonqalda yandırılıb.
Bu gün Ağdaban azad edilib. Kənd işğal dövründə Ermənistan tərəfindən tamamən viran edilib. Burada Aşıq Şəmşirin məzarı daxil olmaqla, kənd qəbiristanlığındakı məzarlar dağıdılıb, qəbiristanlıqlar minalanıb. İşğal dövründə Ermənistan Azərbaycan ərazisində məscidləri uçurub, içərisində donuz, mal-qara saxlayıb, onlarla məscidi yerlə-yeksan edib. Bu, heç bir dinə, mənəviyyata sığmayan vandalizm aktıdır.
Azərbaycanın işğal edilmiş ərazilərində törədilən soyqırımı aktları, cinayətlərin nəticəsidir ki, bu gün azad edilmiş ərazilərdə onlarla kütləvi məzarlıqlar aşkarlanmaqdadır.
Bu gün Ağdaban ictimaiyyəti - o dəhşətli qətliamın fəsadlarını yaşayan şəxslər, Azərbaycanın QHT təmsilçiləri beynəlxalq ictimaiyyətə açıq məktub ünvanlayıblar.
Məktubda qeyd edilir ki, Fransanın, Avropa İttifaqının Avropa sülh mexanizmi adı altında Ermənistanı silahlandırması, revanşizmin baş qaldırmasına hər cür dəstək verməsi onları hiddətləndirir.
Məktubda yazılıb: “Biz bu hərəkətləri, ərazi bütövlüyü məsələsinə ikili standartlarla yanaşmaları qəbul etmir, bu addımları Azərbaycan xalqına və dövlətinə qarşı fəaliyyət hesab edirik!
Biz yaxşı bilirik ki, Ağdaban soyqırımı da Xocalıda, Meşəlidə, Quşçularda, Malıbəylidə, Qaradağlıda, Ballıqayada, Başlıbeldə olduğu kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, etnik təmizləmə aparmaq məqsədilə törədilib.
Ötən dövr, 2020-ci ildəki 44 günlük müharibə, 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı da göstərdi ki, bütün bunlar Azərbaycan xalqının mətin iradəsini sındıra bilmədi.
Biz Ağdaban icması və Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə qürur duyuruq. Onun qətiyyətli siyasəti, müdrik liderliyi nəticəsində Azərbaycan BMT qətnamələrini təkbaşına icra etdi, respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, Azərbaycan xalqı ən böyük arzusuna çatdı. Biz Prezident İlham Əliyevin siyasətini tam müdafiə edir və alqışlayırıq!”
“Ədəbiyyat və incəsənət”
(08.04.2024)