Super User

Super User

Poetik Qiraətdə bir neçə gün ardıcıl sizlərlə Faiq Hüseynbəyli görüşür. 

Ruh və hissiyyatın poeziyası, dərin lirika, irfanilik - şairin şeirlərinə xas olan səciyyəviliklərdir.

Xoş mütaliələr!

 

*

Hər sözü fikir elədim,

Hər günə şükür elədim.

Haqq söylədim, zikr elədim,

Həqiqətə yetişmişəm,

Gəlib bir eşqə düşmüşəm. 

 

Çətin sözə ömür yetə,

Söz bitməz ki, ömür bitər...

Yol arayıb həqiqətə,

Sirat körpüsü keçmişəm,

Gəlib bir eşqə düşmüşəm. 

 

Mən bu eşqə yar olmuşam,

Dərdə giriftar olmuşam.

Xızır kimi var olmuşam,

Dirilik suyu içmişəm,

Gəlib bir eşqə düşmüşəm. 

 

Saydım tək-tək günlərimi,

Ətək-ətək günlərimi...

Kəsib gödək günlərimi,

Ömrü əynimə biçmişəm,

Gəlib bir eşqə düşmüşəm. 

 

Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Göbəıək qovurmasının

hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR:

§ Göbələk – 131 qr

§ Soğan – 26 qr

§ Yağ – 20 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI:

Soğan yağda qızardılır. Göbələklər yuyulur və soğanın üzərinə əlavə edi- lib qovrulur.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Bazar ertəsi, 27 May 2024 10:28

“Qələmsiz yazılanlar “ - RƏŞAD MƏCİD

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin status-esselərini təqdim edir. Hər gün 5 yarpaq. 

 

1.

İnsanlara yuxarıdan aşağı baxmaq, onları aşağılamaq naqis keyfiyyətdir.

2.

Xəyallar tükənəndə ömür mənasızlaşır.

3.

Gürcüstanda yaşayan həmkarımız Cəmilə Babayevanın

Gürcüstanda Azərbaycanın zəngin mədəni irsi haqqında araşdırma materiallarını təqdim etdiyi www.aziz.ge müəllif saytı yaxşı təşəbbüsdür. Həmkarımızı təbrik edir, uğurlar arzulayır, həmvətənlərimizin bu gözəl təşəbbüsə dəstək olacağına inanırıq.

4.

Sənət həyəcandan yaranır.

5.

Bəzən yuxunu xatırlamırsan. Amma yaratdığı ovqat ayılandan sonra da səni tərk etmir. Yuxunun süjetini təxmini hiss edirsən.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Zahirə Cabir yazır

 

“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır. 

 

Qatarda

Məhəmməd Əmin son dəfə mışıl-mışıl yatan körpə Azərin üzündən öpdü. Elə bil ürəyinə dammışdı ki, bir daha evə dönməyəcək. Uzaqdan qatarın fit səsi eşidildi. O qatara daxil oldu. Qatarın dəmir təkərləri relslərin üstü ilə taqqatuqla gedirdi və həmin taqqatuq indi, elə bil, tənha Bakı gecəsinin nəbzi idi, vururdu; nəbzinə qulaq asan Məhəmməd Əmin fikirləşdi ki, insan ömrü də qatar kimidir, səni mənzil başına aparıb düşürür, əvəzinə bir başqasını götürüb geri qayıdır, gedir-gəlir. Və bir halda ki, bu yolun əvvəli var, axırı var, gərək papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşəsən ki, qatar heç vaxt relsdən çıxmayacaq, cədvəlini də pozmayacaq, ona görə adam kimi yaşa, adam kimi də öl. Vətəndən qaçmaqla yox.

Yavaş-yavaş xəzri əsirdi və xəzri əsdikcə də həmin qəribə yay gecəsinə bir sərinlik gətirirdi, ağcaqanadlar yoxa çıxmışdı və Məhəmməd Əmin fikirləşdi ki, ağcaqanad da təbiətindi, külək də təbiətindi, amma külək ağcaqanadın qənimidi və ümumiyyətlə, bu dünya elə bir şeydi ki, hər pisliyin, hər namərdliyin öz qənimi var; əlbəttə, bu fikir də çox dərin bir fikir deyildi və o burasını da fikirləşdi ki, bu gecəni qəribə eləyən onun bəlkə də uşaqlarını qoyub getməsidir. Birdən-birə Nərimanov yoldaşa inanıb sözündən çıxmadığı üçün özünü təqsirləndirdi.

Kupedə Stalin dostluqda möhkəm olmasından bəhs edirdi. Vaxtilə ona yaxşılıq edən, onu ölümdən qurtaran dostuna düz-çörək məsələsini yadından çıxarmadığını, bunun müqabilində onu bolşeviklərin əlindən qurtulmasını deyir. Sonra Stalin anaların sağlığına badə qaldırır. Məhəmməd Əmin deyir ki, mən yola düşəndə anam ağır xəstə idi. Stalin bir az doluxsunub onun da anasının yadına düşdüyünü deyir. Məhəmməd Əminə : “Sizdə bir mahnı var…Sən də onu oxumağı çox sevirdin”- deyir. Məhəmməd Əmin dərindən nəfəs alaraq: “Ay bəri bax, bəri bax” mahnısını deyirsiz. Mahnını zümzümə etməyə başlayır, Stalin də ona qoşulur.

Gecənin bir yarısında kupenin qapısı döyülür. Serqo Orconikidze həyəcanlı halda kupeyə daxil olur. Xəbər verir ki, Müsavatın başçısı Bayıl türməsindən yoxa çıxmışdır. Deyilənə görə o bu qatarda sərnişinlərin arasındadır.

Stalin bir qədər fikrə gedir: Görəsən, Mikoyan bu məlumatı hardan alıb?

Orconikidze: Yəqin ki, Bakıdakı daşnak partiyasından.

Stalin Serqonu mənalı baxışlarla başdan-ayağa süzür.

- Nə çaşıb qalmısız? Rəsulzadədən belə qorxursunuz? Sərnişinləri bir-bir yoxlayın. Rəsulzadəni tapsanız, Mikoyana məlumat verin ki, bir də belə şayiələrlə başımızı qatmasın.

Məhəmməd bu söhbətdən sonra köynəyini çıxarıb rahatlanmaq istəyir. Bədəninə sarıdığı üç rəngli bayrağın ucunu qaldırıb öpür və gözünün üstünə qoyur. Stalin onun alt köynəyinin üstündən bayrağın bədəninə sarıldığı görüb  bir anlıq yerində donub qalır:

- Əmin, bu nədir, bayrağını köynək əvəzi etmisən:

Məhəmməd Əmin:

- Koba, bu bayraq dünyamızın qövsi-qüzehidir. Onun rəngləri varlığıma hopmuşdur. Lahıcda da, Bayılda da o, mənimlə olmuşdur. Yalnız və yalnız vücuduma ağ kəfən sarınanda onu məndən ayırmaq olar. Bir kərə yüksələn bayraq bir daha enmız!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Mən bu yazıçını uşaqlığımda oxuduğum “Dağlar arxasında üç dost”la sevmişəm. O, əsərlərində oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin qalibiyyətinə inandırmaq kimi məqsədlər qoyib. Ötən əsr Azərbaycan cəmiyyətinin  həyatı güzgü kimi əsərlərində əks etdirilib. Həm ölməz romanlarında, həm də dram əsərlərində. 

 

Ötən gün nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 ili tamam oldu. 

İlyas Əfəndiyev 1914-cü il mayın 26-da Füzuli şəhərində dünyaya göz açıb. Yazıçının ulu babalarının bir qolu tacir nəslinə mənsub, digər qolu isə ruhani təhsili almış savadlı axund və üləmalar, Qarabağda tanınan, kasıba əl tutan, xeyirxah və alicənab insanlar olublar.

Yazıçının babası Bayram bəy dövlət idarələrində məmur işləyib, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada qəza rəisi vəzifəsində çalışıb. Ötən əsrin 30-cu illərinin tufanı Əfəndiyevlər ailəsindən də yan keçməyib, yazıçının atası Məhəmməd Əfəndiyevə “kulak” damğası vurulub. Aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən Məhəmməd Əfəndiyev 1934-cü ildə, 50 yaşında dünyasını dəyişib.

İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri var. O, ömür-gün yoldaşının vəfatından sonra övladına müəllim, yoldaş, həm də ata əvəzi olub.

Gələcəyin məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə alışıb, mütaliəyə böyük maraq göstərib. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirib. O, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olub, 1938-ci ildə bu ali təhsil ocağının Coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib. Həmin ilin axırlarından İlyas Əfəndiyev Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında işləyib. Onun ilk mətbu əsəri olan “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, eləcə də “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunub.

İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı onu oxuculara tanıtdırıb. Yazıçının ilk hekayələr kitabı onun orijinal fərdi ifadə tərzinin göstəricisi, daha sonra qələmə aldığı “Aydınlıq gecələr” isə müəllifin ədəbi-estetik görüşlərinin əsası kimi o dövrün ədəbi prosesinin maraqlı nümunələridir.

O, 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan “İntizar” pyesini yazıb və bununla da yazıçının Azərbaycan milli teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulub. Ötən əsrin 40-cı illərinin sonunda o, artıq özünü nasir və dramaturq kimi tanıdıb, əsərləri haqqında mətbuatda yazılar dərc olunub.

İlyas Əfəndiyevin bir gənc kimi yetişməsində, mütaliəyə, ədəbiyyata, elmə böyük maraq göstərməsində, hər şeydən əvvəl ailə tərbiyəsinin çox mühüm təsiri olub. Həmçinin onun oxuduğu və dərs dediyi məktəbin kollektivi, boya-başa çatdığı bölgənin ictimai-mədəni mühiti, gənclik illərində böyük həvəslə mütaliə etdiyi “Qızıl Araz” adlı rayon qəzeti, işlədiyi mətbuat orqanları, Bakı ədəbi mühiti onun yaradıcılığına çox böyük təsir göstərib. Habelə Azərbaycan Dövlət Radio Komitəsində, Bakı kinostudiyasında, “Azərnəşr”də çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda olub, dünyagörüşünü daim artırıb.

İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı ilini, yaxud qısa bir dövrünü xronoloji ardıcıllıqla izləsək, maraqlı mənzərənin şahidi olarıq. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı dramaturq kimi də fəaliyyət göstərib, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də ərsəyə gətirmiş, konfrans və qurultaylarda məruzələrlə çıxış edib. Yazıçı ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaradıb ki, bu da onun sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.

XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və s. daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açıb. Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub. Qətiyyətlə deyə bilərik ki, 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İlyas Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu var. Ədib özünün “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilib.

Altmış ildən çox yaradıcılıq yolu keçmiş görkəmli sənətkar 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb-yaradıb, sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları yeni zamanın kontekstində oxuculara təqdim edib. O, “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc etdirib, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar” “Hökmdar və qızı” və digər pyeslərini tamaşaya qoydurub, bir sıra yeni kitablarını nəşr etdirib.

Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmayıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının bütün pyeslərinə səhnə həyatı verilib.

1990-cı ildə İstanbul və Ankara səhnələrində “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı” müvəffəqiyyətlə oynanılıb, bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla məqalə dərc edib.

Xalqın tarixən qarşılaşdığı taleyüklü hadisələrdə ən mühüm siyasi və mənəvi dəyərlərin, qalibiyyət və faciənin böyük vətəndaşlıq yanğısı ilə bədii təhlilini İlyas Əfəndiyevin müraciət etdiyi ədəbi janrların hər birində görmək olar. Epik və dramatik növlərin daxili poetik gücünü eyni ustalıqla üzə çıxaran yazıçı oxucunu tarixi dinləməyə, xatırlamağa və düşünməyə vadar edir. Onun “Geriyə baxma, qoca”, “Üçatılan”, “Natəvan”, “Hökmdar və qızı” kimi əsərləri yazıçının tarixi mövzunu işləməkdə əsas bədii-estetik məqsədini bəyan edir: xalq öz tarixi dəyərləri ilə güclü və yenilməzdir. Bu mənada İlyas Əfəndiyevin yaradıcılığı yeni dövr Azərbaycan tarixinin bədii salnaməsidir.

Yaradıcılığı boyu hakim ideologiyanı tərənnüm etməyən ədib o dövrdə ədəbiyyatda yasaq olan Cənubi Azərbaycan və mühacirət mövzularında əsərlər yazıb, “Tənha iydə ağacı” pyesi ilə ilk dəfə mühacirət mövzusunu ədəbiyyata gətirib.

Sənətkarın yaradıcılığında Qarabağ mövzusu da əsas yer tutub. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləyib, əsərlərində Qarabağın qədim tarixini əks etdirib.

Həyat hadisələrini bütün incəliklərinə qədər tərənnüm edən, onları dərin bədii təhlil süzgəcindən keçirib ümumiləşdirən, səlis, təbii dillə oxuculara çatdıran İlyas Əfəndiyev həm də şairanə ruha, poetik ifadə tərzinə malik sənətkardır. Onun yazıçı dili və bədii üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb səviyyəsinə yüksəlib.

İlyas Əfəndiyevin əsərlərinin dilinin səlisliyi, süjet xəttinin axıcılığı insanı əsəri bir nəfəsə oxumağa sövq edir.

Əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə alıb. Buna görə də onun əsərləri indi də coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanmaqdadır.

Zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkar 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Ötən gün nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110-cu ildönümü idi. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirliyinin əməkdaşları, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri I Fəxri xiyabanda Xalq yazıçısının məzarını ziyarət ediblər.

Anım mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin əsərlərinin bir necə nəslin formalaşmasında böyük rol oynadığını diqqətə çatdırıb. O, Xalq yazıçısının fitri istedada malik insan olduğunu bildirib. Nazir müavini Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığının dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini, onun zəngin ədəbi irsinin Azərbaycan ədəbiyyatında yeni mərhələnin təşəkkülünə böyük təsir göstərdiyini qeyd edib.

Xalq artisti Hacı İsmayılov İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatına və teatrına böyük töhfələr verdiyini deyib: “Görkəmli dramaturq ən çox oxunan və sevilən yazıçılardan biri olub. Bir çox xarici teatrlarda onun pyeslərinə müraciət olunub. Onu da qeyd etmək istərdim ki, biz çox xoşbəxt nəslin nümayəndələrik, çünki onun tamaşaları və əsərləri ilə böyümüşük”, - deyə Xalq artisti əlavə edib.

Hacı İsmayılov, həmçinin vurğulayıb ki, İlyas Əfəndiyev kimi Azərbaycanı o taylı bu taylı, Qarabağı vəsf edən ikinci yazıçı yoxdur. O, sözün əsl mənasında böyük şəxsiyyət, dramaturq olub.

Tədbirdə İlyas Əfəndiyevin dramaturgiyasında Qarabağ məsələlərinin, xalqımızın etnik kimlik mövzularının qaldırıldığı söylənilib. Qeyd edilib ki, İlyas Əfəndiyev tələbələrini bir şəxsiyyət kimi yetişdirib.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

İngiltərədə keçirilən beynəlxalq moda həftəsində Azərbaycanın milli geyimləri nümayiş etdirilib. Bu barədə AzərTAC məlimat paylaşıb. 

 

İngiltərənin Şefild şəhər məclisi ilə Mədəni Moda və İncəsənət (Cultural Fashion and Art) assosiasiyası tərəfindən Şefild şəhərində keçirilən beynəlxalq moda həftəsində Azərbaycan Rəqs və Musiqi Qrupunun rəhbəri Səkinə Muxtarlının təşəbbüsü ilə Azərbaycan milli geyimləri sərgilənib.

Moda sərgisində Azərbaycanın müxtəlif bölgələrindən milli geyimlər, Basqal kəlağayıları, milli atributlar xarici modellər tərəfindən nümayiş etdirilib. Həmçinin musiqi və rəqs nömrəsi ifa edilib, qrupun azyaşlı uşaqları sərgidə balaca çoban, sarı gəlin, üzümçü qız, yazıçı oğlan kimi müxtəlif obrazlarda milli geyimləri xarici qonaqlara nümayiş etdiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

ADA Universitetində Azərbaycanın qeyri-maddi irsinə və 28 May – Müstəqillik Gününə həsr olunmuş sərgi və konsert keçirilib. Həm tələbələrin, həm də geniş ictimaiyyətin diqqətini cəlb etmiş tədbirin təşkilatçıları “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və ADA Universitetidir.

 

AzərTAC xəbər verir ki, sərginin təşkilində əsas məqsəd Azərbaycanın incəsənətinin və zəngin mədəni irsinin təbliği, xalqımızın qədim ənənələrinin nümayiş etdirilməsidir.

Ekspozisiyaya milli mədəni irsin qədimliyini və müxtəlifliyini əks etdirən müxtəlif rəssamların 20-dən çox əsəri daxil edilib. Müəlliflər Eldar Babazadə, Röya Həsənova, Məryəm Kiblayeva, Leyla Orucova, Nailə Aslanova, Sevda Rüstəmova, Nigar Əliyeva, Elşən Rzazadə, Afaq Əkbər, Nailə Məhərrəmova, Vüsalə Şərifova, Nigar Familsoy, Leyla Muradova ölkənin aparıcı universitetlərindən birinin divarları arasında unikal yaradıcılıq mühiti yarada biliblər.

Eksponatlar arasında ölkənin müxtəlif bölgələrindən toxucuların bənzərsiz ənənələrini və sənətkarlığını nümayiş etdirən xalçalar xüsusi yer tutub. Təqdim olunan xalça kolleksiyası “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə Eldar Hacıyev tərəfindən yaradılıb.

Tədbirin davamında ADA Universitetinin tələbələri və Xalq artisti Zəhra Quliyevanın rəhbərliyi ilə “Detaşe-Sabah” skripkaçılar ansamblının konserti baş tutub.

Təşkilatçılar qeyd ediblər ki, təhsil müəssisələrində bu cür tədbirlərin keçirilməsində məqsəd gənclərin diqqətini sənətə cəlb etmək və ölkələrinin mədəni ənənələrinin öyrənilməsinə və qorunub saxlanılmasına marağını stimullaşdırmaqdır.

Layihə Dadaş Məmmədovun rəhbərliyi ilə həyata keçirilib. O, tədbirin sonunda bütün iştirakçılara təşəkkürünü bildirib və mədəni əlaqələrin möhkəmləndirilməsi, gənclərin yaradıcılıq potensialının inkişafı üçün bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyini həftəsonu - mayın 26-da qeyd etdik. Həmin gün silsilə tədbirlər keçirildi, Mədəniyyət Nazirliyi kollektivi yazıçının məzarını ziyarət etdi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində isə Xalq yazıçısının “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən eyniadlı əsəri nümayiş olundu. 

 

Ondan başlayaq ki, tamaşa öz mövzusunu  Xurşidbanu Natəvanın həyatından götürüb. İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın ən azından dahi fransız yazar Aleksandr Düma ilə şahmat oynaması epizodu onun kəşməkeşli və bol macəralı həyayından xəbər vermirmi? 

Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. İranın şahlıq quruluşunun əsarətində Cənubi Azərbaycan əhalisinin taleyi də onu həmişə düşündürür. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır.

Onun həm də incə insani duyğuları məharətlə tərənnüm etmək bacarığına malik istedadlı bir şairə olduğu da tamaşada diqqət mərkəzindədir.

 

Tamaşanın nümayişindən əvvəl çıxışlar oldu. İlk olaraq Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə çıxış etdi, görkəmli ədibin həyatı və zəngin yaradıcılığı, ədəbiyyatımıza verdiyi töhfələrdən danışdı. O, İlyas Əfəndiyevin ötən əsrin 60-cı illərindən etibarən Azərbaycan dramaturgiyasında, teatrında yeni bir mərhələnin başlanğıcını qoyduğunu bildirdi.

M.Əlizadə qeyd etdi ki, görkəmli ədibin 20 pyesindən 19-u Milli Dram Teatrında tamaşaya qoyulub, həmin dövrdə mövcud olmuş mənəvi problemlər onun dramaturgiyasında öz əksini tapıb.

Daha sonra Xalq artistləri Mərahim Fərzəlibəyov, Bəsti Cəfərova və Firəngiz Mütəllimova İlyas Əfəndiyevlə bağlı xatirələrini bölüşdülər. 

Qeyd olundu ki, Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi tanınan İlyas Əfəndiyev teatrımıza çox böyük töhfələr verib. Görkəmli ədib Azərbaycan səhnəsində lirik-psixoloji dramın əsasını qoyub. Eyni zamanda, qeyd olundu ki, İlyas Əfəndiyev öz əsərlərində vətənpərvərlik kimi hissləri də  aşılayıb. Onun əsərləri hələ neçə-neçə nəsillər üçün işıq olacaq, hələ uzuz illər teatrlarımızın repertuarından düşməyəcək. 

 "Xurşidbanu Natəvan" tamaşası bu dəfə də bol tamaşaçı alqışı qazandı. 

Səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi və işıq rəssamı Rafeal Həsənovdur.

O ki qaldı, aktyor heyətinə, Xalq artistləri Məleykə Əsədova, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Elnar Qarayev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov və digər aktyorlar iştirak edirdilər. 

Məleykə Əsədova həqiqətən də Natəvan obrazını çox canlı oynadı. 

Ünlülər unudulmaz. İllər ötsə belə xatırlanar. Xan qızı Natəvan da eləcə!

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər keçirilir. Müstəqillik Günü ərəfəsində təşkil edilən konsertlərdən biri də Avstriyanın Baden şəhərində baş tutub.

 

AzərTAC xəbər verir ki, tanınmış bəstəkar, cazmen, Xalq artisti Cəmil Əmirovun rəhbərlik etdiyi “Savab” caz qrupu Baden şəhərinin mərkəzində yerləşən Musiqi pavilyonunda açıq səma altında konsert proqramı ilə çıxış edib. Konsert Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin əməkdaşlığı əsasında təşkil olunub.

Baden Şəhər Bələdiyyəsində Mədəniyyət idarəsinin rəhbəri professor Hans-Qerd Ramaxer konsertdən öncə çıxış edərək, təmsil etdiyi qurumla Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığın artıq ənənə xarakteri aldığını bildirib. O, uğurlu əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovaya minnətdarlığını çatdırıb. Həmçinin diqqətə çatdırılıb ki, peşəkar Azərbaycan musiqiçilərinin təqdim etdiyi konsert proqramları yerli musiqisevərlər tərəfindən yüksək qiymətləndirilir.

Qeyd edilib ki, Baden şəhərində yerləşən, 52 hektar ərazini əhatə edən kurort Avropada ən böyük kurort parklarından biridir və salındığı 1792-ci ildən bəri təbiət, istirahət və mədəniyyət burada ön planda dayanır. Kurortun ərazisindəki musiqi pavilyonunda hər il yaz-yay mövsümündə klassik konsertlər təşkil edilir və ənənəvi olaraq musiqisevərlər açıq səma altındakı bu konsertləri seyr etmək üçün müxtəlif yaşayış məntəqələrindən buraya üz tuturlar.

Tədbirin bədii hissəsində Əməkdar İncəsənət Xadimi Cəmil Əmirovun rəhbərlik etdiyi “Savab” caz qrupu Azərbaycan bəstəkarlarının əsərləri əsasında etnocaz proqramı ilə çıxış edib. Konsertdə Əməkdar artist Mircavad Cəfərov (ud), Tofiq Cabbarov (perkussiya), Elvin Bəşirov (zərb), Coşqun Sadıqov (balaban, tütək) və Ruslan Hüseynovun (bass) ifaları böyük alqışlarla qarşılanıb. Ud, balaban və tütəyin ifasında özünəməxsus caz improvizasiyaları xüsusilə diqqəti çəkib.

Qeyd edək ki, Vyanadan cəmi 25 kilometr məsafədə yerləşən füsunkar Baden şəhəri Vyana sakinlərinin, ələlxüsus da bəstəkarların sevimli gəzinti və istirahət məkanı olub. Betxoven və Motsart kimi dahi bəstəkarlar bu şəhərdə yay tətillərini keçirmişlər. Bu şəhərdə klassik musiqiyə ənənəvi olaraq böyük diqqət göstərilib. Şəhərin sakinləri və qonaqları yaz-yay mövsümündə açıq səma altında keçirilən konsertləri diqqət mərkəzində saxlayırlar.

 

“Ədəbiyyat və incəsənət”

(27.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.