
Super User
"ÜZBƏÜZ" – bu dəfə Firəngiz Əlizadə ilə
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsinin növbəti qonağı ilə görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, "Üzbəüz" layihəsinin bu dəfəki qonağı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə olub.
Görüşdə iştirak edən Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva əvvəlcə bəstəkarın həyat və yaradıcılığından söhbət açıb. Firəngiz Əlizadə görüşdə Azərbaycan müasir bəstəkarlıq məktəbinin inkişafından, öz yaradıcılıq yolundan söhbət açıb.
Görüşdə iştirak edən Gəncə şəhərinin mədəniyyət və incəsənət xadimləri ilə maraqlı müzakirələr aparılıb.
“Ədəbiyat və incəsənət”
(20.06.2024)
ÜÇ MÖHTƏŞƏM GÜN - Gəncədə Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi qeyd olundu
Könül, “Ədəbiyyat və incəsənət”
Gəncə Azərbaycanımızın mədəniyyət beşiyidir, odur ki, orada keçirilən hər bir mədəniyyət forumu böyük coşqu və sevgi ilə qarşılanır. Təsadüfi deyil ki,
Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi münasibətilə səyyar plenum da məhz Gəncədə keçirildi, eyni zamanda, plenuma həsr edilmiş geniş və rəngarəng konsert proqramı təqdim edildi. Musiqi bayramına Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının evsahibliyi etməsi də təsadüfi olmadı. Axı son vaxtlar günün musiqi nəbzi bu ocaqla döyünməkdədir.
Filarmoniyadan aldığımız məlumata görə, tədbirin açılışında Azərbaycan Bəstəkarlar İttifaqınin sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə səyyar plenumun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd etdi. Gəncənin böyük Fikrət Əmirovun, Qəmbər Hüseynlinin vətəni olduğunu vurğulayan Firəngiz Əlizadə Gəncə Dövlət Filarmoniyasının rəhbərliyinə dərin təşəkkürünü bildirdi.
3 gün ərzində - 15-17 iyun ərzində keçirilən Plenuma həsr edilmiş üç günlük konsert proqramı da öz rəngarəngliyi ilə seçilirdi.
Konsert proqramı birləşmiş orkestrin ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasından 3-cü pərdədən “Rəqs” ilə başladı.
Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu, Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Müslüm Maqomayevin “Radio Marşı”, Vasif Adıgözəlovun “Bayram suitası” səsləndirildi. Həmçinin Samirə Hacıyeva Səid Rüstəmovun “Hardasan”, Qaya Nəsibzadə Süleyman Ələsgərovun “Vətənimdir" romansını, Rüstəm Cəfərov “ Evləri var xana-xana" Azərbaycan xalq mahnısını ifa etdilər.
Xalq artisti Rafael Bayramovun bədii rəhbərliyi və dirijorluğu, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə Qara Qarayevin "İldırımlı Yollarla" baletindən “Qızların Rəqsi”, Aqşin Əlizadənin “Cəngi”, Vaqif Mustafazadənin “Mart”, tarda Əli Əliyevin ifasında Sərdar Fərəcovun “Rondoletta” əsəsri səsləndirildi.
Məmməd Cəfərovun bədii rəhbərliyi, Nazilə Cəfərovanın dirijorluğu ilə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin Xor kollektivi Üzeyir Hacıbəylinin “Ey Vətən” əsərini, Məmməd Cəfərovun “Kontata” - dan 1-ci və 2-ci hissələri ifa etdilər.
Konsert proqramının birinci günü Fikrət Əmirovun “Min Bir Gecə Baletindən” “Bayram rəqsi” ilə başa çatdı.
Plenumun ikinci günü Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Kamera musiqisi konserti baş tutdu.
Qara Qarayevin "Prelüdlər", “Mən sizi sevirdim”, “Gürcüstan təpələrində” romansları, Niyazinin “Rast” simfonik muğamından fraqmentlər, Firəngiz Əlizadənin “İmpuls”- violin və piano üçün pyes, Oqtay Zülfüqarovun "Skertso", Lalə Cəfərovanın romansları, Ayaz Qəmbərlinin “Hüzn” pyesi səsləndirilib. Konsert proqramında Əməkdar artist Fəridə Məmmədova, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Cəfərova, Beynəlxalq müsabiqələr laureatları Zakir Əsədov, Zərrin Əliyeva (violin), Elçin Məmmədov (piano), Orxan Hüseynov (violonçel) iştirak edirdilər.
Sonda görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletindən Rəqs səsləndirildi.
Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş səyyar plenumun sonuncu – 3-cü günündə isə Gəncə Dövlət Filarmoniyasının səhnəsində librettosu filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya məxsus, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin “İntizar” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, Tural Ağasıyev, solistlər Taleh Yahyayev, Fəhmin Əhmədlinin iştirakı ilə təqdim olundu. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Tamaşa böyük coşqu ilə qarşılandı.
Gəncə həqiqətən də ciddi musiqini yaşadan və təbliğ edən bir şəhərdir. Orada kirxada orqan musiqisini dinləyəndə hər dəfəsində özümü erkən dövrlərin renessansının bir parçası hesab edirəm. Gəncəlilərin musiqi zövqü çox gözəldir. Bakıda ayaq açıb yeriyən diringi mahnılar burda meydan sulaya bilmir. Bax elə bu da Gəncəni fərqli edir.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
Azərbaycanın Xalq rəssamı “Birlik ulduzları” mükafatının laureatı olub
Azərbaycanın Xalq rəssamı, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Sakit Məmmədov “Birlik ulduzları” dövlətlərarası mükafatının laureatı olub.
AzərTAC xəbər verir ki, “Birlik ulduzları” dövlətlərarası mükafatının verilməsi üzrə şura MDB-nin 2023-cü il üçün əsas humanitar mükafatının laureatlarını elan edib. Mükafat hər il Birlik dövlətlərinin nümayəndələrinə humanitar sahədə dünya nailiyyətlərinin səviyyəsinə uyğun gələn işlərə və MDB ölkələrinin hər birinin, habelə bütövlükdə Birliyin inkişafına töhfə verən ən mühüm nailiyyətlərə görə verilir.
Bu il yüksək mükafat uğrunda 7 ölkədən 11 namizəd mübarizə aparıb. Bütün MDB ölkələrinin tanınmış mədəniyyət və təhsil xadimlərinin daxil olduğu münsiflər heyətinin qərarı ilə mükafatlar yeddi iddiaçıya verilib.
“Mədəniyyət və incəsənətdə müstəsna xidmətlərinə görə” nominasiyası üzrə “Birlik ulduzları” mükafatının qalibləri aşağıdakılar olub: Azərbaycanın xalq rəssamı, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Sakit Məmmədov, Qazaxıstan Milli Dram Teatrının aktyoru, professor, Milli İncəsənət Akademiyasının, Qazaxıstan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Tunqışbay Camankulov və estrada müğənnisi, Özbəkistanın Xalq artisti Yıldız Usmanova.
“Elm və təhsil sahəsində görkəmli töhfələrə və nailiyyətlərə görə” nominasiyasında qaliblər Belarus Mədəniyyəti, Dili və Ədəbiyyatını Araşdırma Mərkəzinin (Belarus) müəlliflər komandası və Tacikistan Milli Universitetinin professoru, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Davlat Solixzoda.
“Humanitar fəaliyyətə müstəsna töhfəsinə görə” nominasiyası üzrə mükafat Olimpiya çempionu, Ümumrusiya Məktəb İdmanları Federasiyasının prezidenti, Əməkdar idman ustası İrina Rodnina və Respublika İdman, Bədən Tərbiyəsi və Mədəniyyət Mərkəzinin direktor müavini, Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Damira Alışbayevaya verilib.
Mükafatların təqdimatı mərasimi sentyabrda MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının qarşıdan gələn Forumu çərçivəsində Ufada baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
Vətənə, obasına bağlı görkəmli alimimiz - Valeh Nəsibli!
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Qurban bayramını bayram etdiyimiz istirahət günlərində həm də filologiya elmləri doktoru, hamımızın əzizimiz Valeh Nəsiblinin doğum gününü qeyd etdik.
Valeh Nəsibli 1959-cu il iyun ayının 18-də Qazax rayonunun (indiki Ağstafa rayonu) Saloğlu kəndində anadan olub.
1976-cı ildə Saloğlu kənd orta məktəbini bitirib.
1981-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedoqoji Rus dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Həmin ildə institutun elmi şurasının qərarı ilə gənc mütəxəssis kimi institutda saxlanılıb.
1981-ci ilin noyabr ayından 1983-cü ilin may ayına kimi Rusiya Federasiyasının Mojaysk şəhərində həqiqi hərbi xidmətdə olub.
1983-cü ilin sentyabr ayından 2018-ci ilin sentyabr ayına kimi BSU-nun “Müasir rus dili” kafedrasında baş loborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışlb. 2016-cı ilin sentyabr ayından 2018-ci ilin sentyabr ayına kimi həmin kafedranın müdiri vəzifəsində işləyib.
Həmçinin 1997-ci ilin sentyabr ayından 2001-ci ilə qədər Mirzə Fətəli Axundov adına APRDƏİ-nun magistatura şöbəsinin müdiri olub.
1991-ci ildə “Rus dilinin söz yaradıcılı”ğından elmlər namizədliyi dissertasiyasını müdafiə edib.
2015-ci ildə “Rus və Azərbaycan dillərinin söz yaradıcılığının müqayisəli tipologiyası” üzrə doktorluq dissertasiyasını müdafiə edib.
Müxtəlif zamanlarda paralel olaraq Dağıstan Dövlət Universitetinin Bakı filialında dekan, Milli Aviasiya Akademiyasında, Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Biznes Universitetində dosent vəzifəsində çalışıb.
2019-cu ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdindəki “Xarici Dil və Tərəfdaşlıq Mərkəzi”nin “Slavyan və Şərq dilləri” bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Doğma yurda olan sevgisi Valeh Nəsiblini Qazaxda işləməyə aparıb. 2021-ci ildən o, BDU-nun Qazax filialında fəaliyyət göstərir. Gənc nəslin savadlı, təlim-tərbiyəli, vətənpərvər yetişməsində bir müəllim kimi öz işini şərəflə yerinə yetirir.
Valeh Nəsibli elmi fəaliyyəti ilə yanaşı ictimai fəaliyyəti ilə də fərqlənən ziyalıdır.
1992-ci ildən 2015-ci ilə kimi “Qazax Xeyriyyə Cəmiyyəti”nin (indiki “Qazax Xeyriyyə” İB-nin) İdarə Heyətinin üzvü olmuşdur. Həmin Cəmiyyətin mətbu orqanı olan “Dəli Kür” qəzetinin yaradıcılarından biri olan Valeh Nəsibli uzun illər qəzetin məsul katibi vəzifəsində çalışmışdır.
100-ə qədər elmi məqalənin, 1 monoqrafiyanın, Rus dilində 1 lüğət kitabının, 4 metodik vəsaitin, 100-dən artıq publisistik məqalənin müəllifidir.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Valeh Nəsiblini 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayırlar.
"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin qərarı ilə Valeh Nəsibli İctimai Birliyin bütün tədbirlərində fəal iştirak etdiyinə görə və anadan olmasının 65 illik yubileyi münasibətilə "Fəxri Diplom"la təltif olunub. Yaxın günlərdə "Fəxri Diplom" Valeh Nəsibliyə təqdim olunacaqdır.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
Tbilisidə keçirilən festivalda Azərbaycan guşəsi açılıb
Tbilisidə “Mənim rayonum” mövzusunda multikultural festival keçirilib. Festival keçirilən ərazidə Azərbaycan mədəniyyətini əks etdirən stend də quraşdırılıb.
AzərTAC xəbər verir ki, tədbirdə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də təmsil olunub. Muzeyin kollektivi festivalın keçirildiyi ərazidə “Azərbaycan guşəsi” yaradıb. Guşədə Azərbaycanın mədəniyyət, incəsənət və tarixinə dair nümunələr - Qarabağ və Borçalı xalçaları, milli musiqi alətləri, milli geyimlər nümayiş etdirilib.
Tədbir çərçivəsində Krtsanisi rayonunun İoseb Qrişaşvili adına parkın ərazisi qədim Tbilisinin atributları ilə bəzədilib. Bu ərazidə yaşayan bir çox xalqların nümayəndələri də milli guşələr təşkil ediblər.
Krtsanisi rayonunun məktəbliləri və peşəkar aktyorlar köhnə Tbilisi həyətini yeni teatrlaşdırılmış tamaşa ilə canlandırıblar.
Həmçinin burada məktəblilərin “Multikultural Tbilisi” mövzusunda çəkdikləri rəsmlər sərgilənib.
Sərgi çərçivəsində maraqlı konsert proqramı da təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
Özbəkistanda mədəniyyət günləri "Mənim Azərbaycanım" adlı konsertlə başa çatıb
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin bağlanış konserti olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
İyunun 13-də Muqimi adına Musiqili Dram Teatrında Azərbaycan Dövlət Rəqs Ansamblının "Mənim Azərbaycanım" adlı konserti keçirilib. Konserti qardaş ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri izləyiblər.
Azərbaycan rəqs sənətinin ən seçkin örnəklərinin təqdim olunduğu gecədə əsl anşlaq yaşanıb. Rəqqaslarımızın yüksək peşəkarlıqla ifa etdiyi "Süita", "Qaval", "Qazağı", "Yaylıqla rəqs", "Nağara", "Şalı", "Qaytağı", "Toy", "Qılıncla rəqs", "Çayçı" və "Vətən" rəqsləri, eləcə də musiqi nömrəsi tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Daşkənddə 10-14 iyun tarixlərini əhatə edən Azərbaycan Mədəniyyəti Günlərinin möhtəşəm finalı olan konsert iştirakçıların yaddaşında silinməz iz qoyan sənət şöləni kimi tarixə yazılıb.
“Ədəbiyyat və incəsənət”
(14.06.2024)
Respublika Gənclər Kitabxanasında Milli Qurtuluş Günü münasibətilə tədbir təşkil olunub
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Kitabxananın direktoru Aslan Cəfərov Ümummilli Lider Heydər Əliyevin Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi naminə çalışdığını, müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində ucaldığını söyləyib. Bu səbəbdən də, xalqın öz sədaqətli, dahi övladına məhəbbətinin sonsuz və əbədi olduğunu, Ümummilli Liderin əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindən biri olduğunu, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaltdığını bildirib. “Ona görə də, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir”, – deyə söyləyib.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elimira Ələkbərova Ulu Öndərin öz təcrübəsi, rəhbərlik bacarığı, diplomatik xüsusiyyətləri ilə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün bir örnək olduğunu söyləyib. O, İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin nəfis tərtibatda çap etdirdiyi Ulu Öndərin çoxşaxəli, zəngin fəaliyyətinə həsr edilən sənədlər toplusundan ibarət 10 cildlik və “Heydər Əliyev və neft strategiyası” kitabları haqqında məlumat verərək onları kitabxanaya hədiyyə edib.
Yazıçı, publisist, uzun illər Dövlət Təhlükəsizlik Xidmətində çalışmış Elşad Qoca Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarında parlaq zəkası, güclü iradəsi və yüksək peşəkarlığı ilə seçildiyini, ölkəsini, xalqını ürəkdən sevdiyini, dövlətin müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verdiyini söyləyib.
Yazıçı Yunus Oğuz öz çıxışında tarixi aspektlərə önəm verərək, Heydər Əliyev siyasətinin yüzilliklərlə davam edən əsarətə son qoyduğunu, milli qardaş qırğınının qarşısını aldığını, Azərbaycanı müstəqil, suveren beynəlxalq aləmdə tanınan və nüfuza sahib olan bir dövlətə çevirdiyini bildirib.
Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Azərbaycan bədii-ədəbi irsinin mahir bilicisi olmuş Heydər Əliyevin milli ədəbiyyata, onun görkəmli nümayəndələrinə olan xüsusi maraq və sevgisindən danışaraq, bu insanlara həmişə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib.
Şair, yazıçı Sayman Aruz ideya müəllifi və aparıcısı olduğu “Körpü” verilişinin beş buraxılışının Ulu Öndərə həsr edildiyini böyük qurur hissi ilə dilə gətirib.
Hüquq fakültəsinin müəllimi Tamella Çələbiyeva, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Qalib Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili misilsiz şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin xalqı üçün gördüyü işlərin möhtəşəmliyini bir daha qeyd ediblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində hazırladığı “Quruculuq salnaməsi. Başlanğıc” adlı geniş videomaterial nümayiş olunub.
Sonda kitabxananın direktoru Aslan Cəfərov müəllifi olduğu “Tariximizin Heydər Əliyev zirvəsi” adlı kitabını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai – Siyasi Sənədlər Arxivinə hədiyyə edib.
“Ədəbiyyat və incəsənət”
(14.06.2024)
Əkbər Qoşalı “Türk ocağı” və “Könül səyahəti”ndə
Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının hekayəsi tatarca, şeirləri isə qırğızca tərtib olunan antologiyada yayınlanıb.
Müəllifin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq yazıçısı, Millət vəkili Rkail Zəydullanın layihə rəhbəri və önsöz yazarı olduğu “Türk ocağı” antologiyasında Əkbər Qoşalının “İradə, mən ölürəm” hekayəsi verilib. Hekayəni tatarcaya Əməkdar incəsənət xadimi Rifat Camal çevirib.
Türk dünyasının fərqli ədəbi nəsillərinə məxsus şair və yazıçıların əsərləri toplanmış “Türk ocağı”, Kazanda - “Yazıçı” nəşriyyatında bu ilin mayında gün üzü görüb.
“Könül səyahəti - Qırğızıstan” adlı Türk dünyası poeziya antologiyası isə qırğızca çıxıb. - “Gülce yayınları”ndan çıxan antologiyada 28 şairin şeiri toplanıb. Antologiyanın ideya müəllifi və tərtibçisi “Fəthiyə Ədəbiyyatçılar Qrupu”nun başqanı, tanınmış şair və ictimai xadim Coşğun Karabulutdur. Şeirləri qırğızcaya istedadlı şair, Qırğız Milli Yazıçılar Birliyinin və DGTYB-nin üzvü Kaliça Jakup çevirib.
“Ədəbiyyat və incəsənət”
(14.06.2024)
Unudulan Məmməd Arif Dadaşzadə
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindən idi. Yaxşı bir nəsil kimi şəcərəsi indi də Xızıda ehtiramla yad edilir…
Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920–1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdi. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdi. 1925–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq" fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930–1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdı.
Məmməd Arif 1932–1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı" kafedrasının dosenti olmuşdu. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941–1950-ci illərdə burada "Rus ədəbiyyatı" kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adına layiq görülmüşdü. Eyni zamanda o, 1930–1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941–1947-ci illərdə "Vətən uğrunda" ("İnqilab və mədəniyyət", yəni indiki "Azərbaycan") jurnalının baş redaktoru işləmişdi.
1944-cü ildə "Azərbaycan sovet ədəbiyyatının inkişafı yolları" mövzusunda namizədlik, 1954-cü ildə isə "Cəfər Cabbarlının yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. Filologiya elmləri doktoru idi…
Gözləyirdik ki, iyunun 10-u bu böyük ədibin 120 illiyi ya AMEA və ya da ki, Elm və Təhsil Nazirliyi tərəfindən yüksək səviyyədə qeyd ediləcək. Amma həmin gün necə deyərlər, səssiz-səmirsiz keçdi. Ona olan ögey münasibəti görüb əndişələnməyə bilmirəm. Hələ də külliyyatı latın qrafikası ilə nəşr olunmayan alimlərdəndir…
Bir vaxtlar Şeyx Şamil haqqında əsər yazan Heydər Hüseynovu müdafiə etdiyinə görə, rusbaşlar hələ də ona qısqanclıqla yanaşırlar. Bəlkə də günahı “TAR”la bağlı yazıları olub, bilmirəm. Amma onu bilirəm ki, ona dəyər verməyə borcluyuq…
Məmməd Arif Dadaşzadınin bir vaxtlar yaşadığı binaya, dəfələrlə müraciət olunsa da hələ də barelyefi vurulmayıb.
“Ədəbiyyat və incəsənət”
(14.06.2024)
“Açıq dərs - Açıq fikir” layihəsi çərçivəsində bilik yarışması keçirilib
2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam oldu. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyev M.Ə. Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn tədbirlər çərçivəsində iyunun 12-də F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, M. Rahim adına 7 saylı tam orta məktəbin tərəfdaşlığı ilə "Açıq dərs - Açıq fikir" layihəsi çərçivəsində M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunmuş “İnsanlara hüriyyət, millətə istiqlal” adlı bilik yarışması keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, məktəbin foyesindən başlayan tədbirdə yuxarı sinif şagirdləri tərəfindən M.K. Atatürk, N. Nərimanov, F. Köçərli, M.Ə. Rəsulzadə, S. Umgülsüm obrazlarının təqdimatında kompozisiya təqdim edilib, həmçinin hər bir obraz haqqında müvafiq məlumatları əks etdirən kitab sərgisi nümayiş olunub.
Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəbin direktoru Könül Təhməzova tədbiri açıq elan edib.
Bilik yarışmasında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin əməkdaşları tarix üzrə fəlsəfə doktoru, dos. Natiq Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru, dos. Mübariz Ağalarlı, elmi işçi Lamiə Sultanova və Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova münsif qismində iştirak ediblər. Münsiflər heyətinin hər bir üzvü öz çıxışlarında məktəblilərə, iştirakçılara daha ətraflı məlumat verdikdən sonra belə tədbirlərin keçirliməsinin vacibliyini vurğulayıblar. Gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasının əhəmiyyətindən danışıblar.
8-ci sinif şagirdləri arasında keçirilən bilik yarışmasında iştirakçıların cavabları münsiflər tərəfindən qiymətləndirilməklə I yer üzrə qalib müəyyənləşdirilib. 1-ci yerə sualları tam, dolğun şəkildə cavablandırdığı üçün məktəbin şagirdi Əli Hüseynzadə layiq görülüb. F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova öz çıxışında M. Rahim adına 7 saylı məktəbin direktoru, müəllim heyəti və şagirdlərinə xüsusi minnətdarlığını bildirərək, kitabxana adından məktəblini diplom və hədiyyə ilə təltif edib.
Sonda "İncəbellim" ("Dədə Qorqud" filmindən Beyrəyin mahnısı) və “Çırpınırdı Qara dəniz” mahnıları məktəb şagirdlərinin təqdimatında ifa olunub.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə sona çatıb.
“Ədəbiyyat və incəsənət”
(14.06.2024)