
Super User
Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir - ƏVƏZ MAHMUD LƏLƏDAĞ
“Ədəbiyyat və incəsənət” portalı ilə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin birgə layihəsi olan “Sumqayıtın tanınmış qələm adamları” layihəsi şəhərin 75 illik yubileyinə həsr edilib.
Layihəni bölmənin sədri Gülnarə Cəmaləddin təqdim edir.
Müsahibimiz "Qabaqcıl təhsil işçisi", "Tərəqqi" medalı, Azərbaycan Respublikası Prezidentin fəxri diplomu,"Heydər Əliyevin 100 illik" yubiley medalı laureatı, şair- publisist, dramaturq Əvəz Mahmud Lələdağdır.
-Necəsiz,Əvəz müəllim?
- Çox sağ olun, təşəkkür edirəm.
-Şəhərimizin 75 illik yubileyi ərəfəsindəyik. Siz şəhərimizdən yaşca böyüksünüz. Yəni bu şəhər gözünüzün önündə yaranıb, inkişaf edib və bu günə gəlib çatıb. Sizinlə birgə Sumqayıtın tarixinə qısa bir ekskursiya edə bilərikmi?
- Mən Sumqayıt şəhərinə keçən əsrin 50-ci illərindən gəlib-gedirdim. O vaxt tələbə idim. Dayılarım Sumqayıtda işləyir, baraklarda yaşayırdılar. Hər həftənin şənbə-bazar günləri Sumqayıta gəlirdim.
Taxtabitinin, milçəyin, ağcaqanadın tüğyan edən vaxtı yuxudan ayılanda elə bil canım məxmirək tökürdü, qaşınma başlayırdı. Dayım mənə ürək-dirək verirdi: “Darıxma, bir azdan gedərik dənizdə çimərsən, dənizin suyu dərmandır, qaşınmanın qarşısını o saat alır”. O zaman baraklardan dənizə
gedən ərazi boş səhranı xatırladırdı. Biz dizəcən quma bata-bata dənizə gedərdik. 1949-cu ildə əhalinin sayı 17 mini keçmişdi. Sumqayıtı qurub-yaradanların milli tərkibi də geniş idi. 1959-cu ildə 10, 1970-ci ildə 15, 1979-cu ildə 77, 1989-cu ildə 81 millətin nümayəndəsi yaşayır, işləyirdilər.
1989-cu il ümumittifaq siyahıyaalınmasının statistik materiallarına görə şəhər əhalisinin milli tərkibi sayına görə belə idi:
Azərbaycanlı: 208144 nəfər
Rus: 26685 nəfər
Ləzgi: 7088 nəfər
Erməni: 4008 nəfər
Ukraynalı: 2314 nəfər
Belarus: 848 nəfər
Talış: 100 nəfər
Fransız: 1 nəfər təşkil edirdilər.
Sumqayıtda 81 millətin nümayəndəsi çalışır, sıx dostluq əlaqəsi yaradırdılar. Şəhərin qurucuları əsasən 25-30 yaşlı gənclər idi. Məlum hadisələrə görə bir sıra millətin nümayəndələri şəhəri tərk etdilər. Hazırda şəhərimizin əhalisi məcburi köçkünlərlə birgə 400 mini keçmişdir.
1949-52-ci illərdə Sumqayıtda fəaliyyət göstərən Corat 7 №li məktəbi, 1931-ci ildə ibtidai məktəb kimi Tuğ zavodu ərazisində yerləşən 42 №li məktəb, hazırda Təbiət Elmləri Təmayüllü məktəb kimi tanınan binada 145 №li məktəb BŞXMŞ-nin tabeliyində fəaliyyət göstərirdi. 1952-ci ildə Sumqayıt Xalq Maarif şöbəsi yaradıldı, həmin məktəblər BŞXMŞ -dən ayrıldı. Hazırda, şəhərimizdə 43 tam orta ümumtəhsil məktəb, 4 yeni tipli məktəb - 3 lisey, 1 gimnaziya, 3 internat, 4 məktəbdənkənar-tərbiyə müəssisəsi, 56 məktəbəqədər tərbiyə müəssisəsi, 4 peşə liseyi, 1 universitet - SDU, 4 texnikum fəaliyyət göstərir.
1949-cu ilin sonundan Azərbaycan K(b)P-nın Bakı şəhər Partiya Komitəsinin tərkibindən ayrılan Sumqayıt rayon Partiya Komitəsi Nasosnu, Ceyranbatan və Sumqayıt ətrafı ərazilər (Corat) də daxil
olmaqla yeni yaranmış Şəhər Partiya Komitəsi olaraq işləməyə başladı. Sumqayıtın ilk birinci katibi Yəhya Məmmədov oldu. Sonrakı illərdə isə Hacı Əliyev, Kamran Hüseynov, Nadir Balakişiyev,
Firudin Əliyev, Sabit Abbasəliyev, Kamran Bağırov, Həsən Həsənov, Şənlik Əliyev, Feyruz Abdullayev, Cahangir Müslümzadə, Zülfü Hacıyev, Eldar İsmayılov işləmişlər. Respublika müstəqil olandan sonra ilk İcra Hakimiyyətinin başçısı Eldar İsmayılov oldu. AXC-hakimiyyəti dövründə İcra
Hakimiyyətinin başçısı Yusif Sevdimalıyev təyin olundu. 1993-cü ildən sonra Şakir Abuşov, Təvəkkül Məmmədov, Vaqif Əliyev, Eldar Əzizov işlədilər. Nəhayət, 2015-ci ilin sentyabr ayında möhtərəm prezidentimiz cənab İlham Əliyev sumqayıtlıların yolunda əbədi məşəl yandırdı. İşgüzar,
vətənə, xalqa namusla xidmət edən, Sumqayıtı əlinin içi kimi tanıyan, şəhərin ağsaqqalının, ağbirçəyinin, ziyalısının yerini bilən bir şəxsiyyəti -Zakir Fərəc oğlu Fərəcovu Sumqayıt şəhərinə İcra
hakimiyyətinin başçısı təyin etdi.
Sumqayıtın hazırki inkişafı, görkəmi göz qabağındadır.
-Siz şəhərimizin sayılıb- seçilən ağsaqqalı, həm də fenomenal yaddaşa malik söz
sahibisiniz. Sözü çəkidən salanlara, ağsaqqal ola bilməyənlərə nə deyərdiniz? Ümumiyyətlə ağsaqqal olmağın ümumi bir formulu varmı?
- Ağsaqqal ifadəsi müqəddəs məna daşıyır. Hər saqqalı ağarana ağsaqqal demək mümkün deyil. Ağsaqqal müdrik, dünyagörüşü geniş, həyat hadisələrindən baş çıxara bilən, xalqın xeyrinə faydalı,
dəyərli məsləhətlər verən, sözü keçən, özü bütöv, sözü bütöv, məclis-mərəkədə hörmətlə qarşılanan,
yuxarı başa dəvət olunan, yalan danışmayan, gözü-könlü tox, əli əyri olmayan, el malına bəd nəzərlə
baxmayan, elin nəzərində mərd, qayğıkeş adama deyirlər.
Hər saçı ağaran ağsaqqal deyil,
Ağsaqqal gərəkdi pur-kamal olsun.
Məclis-mərəkədə yerini bilsin,
Qədir bilən olsun, əhli hal olsun.
Yalan yurd salmasın dilində gərək,
Əyrilik olmasın əlində gərək.
Xətirli dolansın elində gərək,
Ürəklərdə yeri bir mahal olsun!
-Sumqayıt ədəbi mühiti əvvəl və indi. Sevdiyiniz və inandığınız imzalar?
- Hər şey həyatda nisbidir. O vaxtki ədəbi mühitdə də, indi də ağlına gələnləri və ağzına gələnləri yazanlar var. Mənim xoşuma gələni sən bəyənməyə bilərsən. Hər halda “deyilən söz yadigardı” deyiblər.
-Deyirlər, tarix təkrar olur. Tarixlə xeyli yoldaşlıq etmiş adam kimi bu ifadəyə münasibətiniz?
- Ulularımız demişdir: Su gələn arxla yenə su gələcək. Bu gün 270 il əvvəl Azərbaycanın dilbər guşəsi Qarabağ yenidən bizim oldu, özümüzə qayıtdı. Əgər, biz bu gün dünənki tariximizi bərpa edə bildiksə, deməli tarix təkrar ola bilir.
-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
- Poeziya evinin Sumqayıt yazarlarına bağışlanması, şəhər rəhbərinin qələm adamları ilə görüşü
tarixi xidmətlərindəndir. Şəhər rəhbərinin şeirə, sənətə, ədəbiyyata olan real diqqətidir.
-Ədəbiyyat nə verir insanlara?
-Ədəbiyyat həyatın güzgüsüdür. O güzgüyə baxmayan nəyə qadir olduğunu dərk edə bilməz, özünü təsdiqləyə bilməz. Milli- mənəvi dəyərlərimiz, milli adət-ənənələrimiz, laylalarımız, bayatılarımız,
oxşamalarımız, nağıllarımız, dastanlarımız, zəngin dilimiz ədəbiyyatdan qaynaqlanır.
-Həyat sizi çoxmu sınağa çəkib?
- Cəmiyyət yaranandan hər şey qoşa yaranıb. Xeyir-şər, mərd-namərd, yaxşı-pis, toy-yas, sevinc-kədər. Həyatda yaşayan hər kəs xeyirlə üzləşsə xeyir görər, şərlə rastlaşan isə sıxıntı çəkər. Mən də
hamı kimi o sınaqlardan, o imtahanlardan dönə-dönə alnıaçıq,üzüağ çıxmışam.
-Sumqayıtdan başlanan yol və sonrası?
- Sumqayıt yarananda və burada tikinti və digər sahələr fəaliyyətə başlayanda nəinki Azərbaycanın bütün bölgələrindən, hətta başqa diyarlardan da buraya insan axını başladı.
Uzaq-uzaq dağ kəndindən,
Xankəndindən,
Ərlər gəldi,
Nərlər gəldi.
Əl bir oldu,
Dil bir oldu,
Hamı burda,
Şirinləşdi ağzımızın,
Dadı burda, tamı burda.
Ulu öndər Heydər Əliyev demişdir: “Sumqayıt bütün Azərbaycanı təmsil edir. Azərbaycanın hər bir yerindən bu şəhərdə yaşayanlar var. Sumqayıt kiçik bir Azərbaycan kimidir. O, Azərbaycan xalqının
birlik, həmrəylik şəhəridir, ölkəmizin dayağıdır, gözəl bir guşəsidir. Sumqayıt yüksək səviyyəli məktəblər və müəllimlər şəhəridir. Sumqayıt istedadlı, savadlı gənc oğlanlar və qızlar şəhəridir”!
Sonra baş verən hadisələr, Sumqayıtın ekologiyası, xalqımıza qarşı uzanan xain əllər hamının xatirindədir. Bu gün həyat tamam başqadır. Bu gün artıq 5-6 il bundan əvvəl Sumqayıtdan çıxmış adam taksiyə minib Sumqayıtın girəcəyinə çatanda çaş-baş qalacaq və deyəcək: -Qardaş, maşını saxla, deyəsən mən səhv gəlmişəm.
Çünki uzun müddət bu şəhərdə olmayan və bu dəyişiklikləri görüb çaş- baş qalan adam
Sumqayıtdan gedəndə Sülh küçəsinin belə güllü-çiçəkli halını, 1300 damın örtüyünü, işıqlı küçələri, yaraşıqlı parkları, xiyabanları, Sumqayıt bulvarını, Heydər Əliyev mərkəzini, Şahmat məktəbini, Musiqi məktəbini, YAP-nın inzibatı binasını, Bayraq muzeyini, Muğam evini, SDDT-nın binasının
əsaslı təmirini, Kimyaçılar sarayının yenidən təmir olunmasını, Ludviqşafen dostluq parkının yenidən qurulmasını, Nizami Kinoteatrının yenidən inşa edilməsini, böyük Nizami heykəlinin binanın qarşısında qoyulmasını, möhtəşəm stadionu və saya gəlməyən yenilikləri görməmişdi. Ona görə çaşıb qalmışdı.
Möhtərəm prezidentimiz Cənab İlham Əliyev Sumqayıtın dünəni ilə bugününü müqayisə etmişdir: - SSRİ dövründə Sumqayıt ekoloji cəhətdən çox təhlükəli şəhər idi. Sumqayıtın yanından keçəndə maşının pəncərələrini bağlayırdıq. Amma indi Sumqayıt gözəl, yaraşıqlı, havası təmiz, yaşıllıqlar qoynunda inkişaf edən iri sənaye şəhəridir.
-Milli dəyərlərimizə münasibətdən razısınızmı və yaxud, köhnə kişi ifadəsinə münasibətiniz?
-Milliliyimiz, ilkinliyimiz çox qədim tarixə gedib çıxır. Əxlaq normalarımız, adət-ənənələrimiz, milli-mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz bizim sərvətimizdir, ulularımızdan bizə qalan
məsləhətlərdir, tövsiyələrdir.
Salam verib bir məclisə varanda,
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Dindirəndə kəlmə-kəlmə cavab ver,
Görən desin bərəkallah, yaxşıdır.
Qaldı köhnə kişi ifadəsinə. Biz mərdliyi, xeyirxahlığı, əlaçılığı, Vətənə məhəbbəti, düşmənə nifrəti kişi simasında görürük, lakin, nakişilər də mövcuddur. Kişi olan evdən sinəsi, göbəyi açıq qadın
çıxmaz. İnsan 3 amillə kamilləşə bilər: Qeyrət, qüdrət, mədəniyyət.
Qeyrət namusu qoruyur, qüdrət Vətəni, torpağı qoruyur, Mədəniyyət özünü dərk etməyə, təsdiqləməyə yönəlir. Bunlardan hansı biri kəsir olsa, həm köhnə kişilərdən, həm təzə kişilərdən söhbət açmaq asan deyil.
-AYB Sumqayıt bölməsinin işi sizi qane edirmi?
- AYB Sumqayıt bölməsi həyat ilə ayaqlaşır, bu da müsbət haldır.
-75 yaşlı gənc şəhərimizə arzunuz?
-Özümə nə arzulayıramsa, Sumqayıta da onu arzulayıram. Yolların kənarını gül-çiçəkli, yaşıl, bahar nəfəsli, şəhərimizin sakit, sabit olmasını diləyirəm. Mən cənnətə inansaydım, deyərdim Sumqayıt əsl
cənnətdir. Mənim gözəl şəhərimi, gur işıqlı, yaraşıqlı şəhərimi həmişə şən, qoynunu gülşən görüm!
-Sumqayıt sizə nə verdi və nəyi əlinizdən aldı?
- 54 ildir ürəkdən vurulduğum, cazibəsinə heyran olduğum, qocaldıqca cavanlaşan Sumqayıtda yaşayıram. Sumqayıt mənim üçün varlıqdı. Ona görə ki, 41 kitabım, 10 dram əsərim, 627 elmi-publisistik, metodiki məqalələrim, “Qabaqcıl təhsil işçisi”, “Tərəqqi medalı”, “Prezidentin fəxri
diplomu”, Ulu öndərin 100 illik yubiley medalı - hamısını Sumqayıt verib mənə.
Mən Sumqayıta gələndə
ərgən idim.
Bu gün
Nəvələr, nəticələr,
Çiynimdən asılır,
Nənəmin naxışlı
Xurcunu tək.
Biri başını sinəmə qoyur,
Biri qoltuğuma qısılır.
Cüyür balası tək…
Bax beləcə göy Xəzərin sahilində,
Göydələnlər ucaltdıq biz,
Sumqayıtı cavan etdik,
Özümüzü qocaltdıq biz.
-Siz həm də Azərbaycanın tarixində baş vermiş tarixi hadisələrin canlı
şahidisiniz. Gördüklərinizi və bildiklərinizi qələmə alırsız?
-Bəli, Azərbaycanın bugünki tarixini dərindən öyrənirəm, mətbuatda, televizorda müntəzəm çıxış edirəm, kitablar yazmışam və yazıram.
-Səhərimizin 75 illiyi ərəfəsində arzu və təklifləriniz?
- Şəhərimizin 75 illiyi mübarək olsun. Bundan sonra da ölkəmizdə və şəhərimizdə dinclik, əmin-amanlıq olsun. Şəhərimizdə qurub-yaratmaq, abadlıq işləri daha ürəyə yatan olsun.
-Sumqayıta həsr etdiyiniz bir bənd şeir mümkünsə?
-Sumqayıtım gözəl diyar,
Torpağına qurban olum,
Budaqlardan qopub düşən,
Yarpağına qurban olum.
Varlığına keşik çəkən,
Mərd oğluna,
Mərd qızına qurban olum.
Gözəllikdə tayın yoxdur,
Gəl, özünə qurban olum!
-Müsahibə üçün çox sağ olun!
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti "Türkiyə Texnologiya Komandası" - T3 Fondunun dəvəti ilə Türkiyənin Adana şəhərində keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirak edib.
Dövlət Agentliyindən “Ədəbiyyat və incəsənət” portalına verilən xəbərə görə, agentliyin sədri Ülvi Mehdiyev nümayəndə heyəti ilə birlikdə festivalda finala yüksələn və ölkəmizi təmsil edən bütün komandalarla görüşüb, onları təbrik edib və uğurlar arzulayıb. O, komandaların göstərdikləri səyləri yüksək qiymətləndirərək yeni nailiyyətlər üçün əzmlə çalışmağı məsləhət görüb. Qaliblərə yeni zirvələrə çatmaları və beynəlxalq arenada Azərbaycanı uğurla təmsil etmələri üçün dəstəyini ifadə edib.
Festivalda Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "Bilim Bakı" mərkəzi də stendi ilə çıxış edib.
“Bilim Bakı” Mərkəzi “TEKNOFEST”in Azərbaycandakı koordinatorudur. Belə ki, festivalda ölkəmizi təmsil edən universitet tələbələri, gənclər və şagirdlərdən ibarət komandalar müxtəlif mərhələlər üzrə hazırlıq prosesini bu mərkəzdə keçiblər. Mərkəz onlara texniki və nəzəri biliklərin artırılmasında dəstək göstərərək, startapların beynəlxalq səviyyədə rəqabətə hazırlaşmasına töhfə verib.
Mərkəzin stendində festivalı ziyarət edən qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib, 6-14 yaş arası uşaqlara astronomiya, kosmos və aviasiya mövzularında təlimlər keçirilib.
2018-ci ildən etibarən təşkil olunan "TEKNOFEST" innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən hesab olunur. Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin qeyd olunan sahələrə diqqətinin cəlb olunması və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
Texas Universitetində azərbaycanlı musiqiçi Fərhad Xudiyevin konserti olub
Texas Universitetində ABŞ-də yaşayan azərbaycanlı musiqiçi Fərhad Xudiyevin konserti olub. Bu barədə. “Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Konsertdə Fərhad Xudiyevin dirijorluğu ilə Texas Universiteti Simfonik Orkestri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən seçilmiş parçaları, eləcə də bəstəkarlar Donald Gransamın (Donald Grantham), İqor Stravinskinin əsərlərini ifa edib.
Fərhad Xudiyev 2010-2011-ci illərdə Konnektikut, 2011-2012-ci illərdə Nyu Cersi orkestrlərində dirijorluq edib. 2012-ci ildən 2020-ci ilədək Kaliforniya ştatının Gənclərin Musiqi Orkestrində baş dirijor və musiqi direktoru vəzifəsində çalışıb. Hazırda Texas Universitetində dirijorluq sənətini tədris etməklə yanaşı ali təhsil ocağının simfonik orkestrində musiqi rəhbəri vəzifəsində işləyir. Fərhad Xudiyev “Beethoven 25” qızıl medalına sahibdir, dünyanın müxtəlif ölkələrinin orkestrləri ilə çıxış edir.
Xatırladaq ki, 12 aprel 2024-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fərhad Xudiyevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin “Musiqi Körpüsü ABŞ-Azərbaycan” adlı konserti keçirilib.
Texasdakı konsertdə Qara Qarayevin “Yeddi gözəl” baletindən seçilib səsləndirilən parçaları aşağıdakı linkdən dinləmək mümkündür:
https://www.youtube.com/watch?v=Zsz_VGYoYDY
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
GÜLÜŞ KLUBUnda qızıl yumurta
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Deputat dedi:
-Yüksək pensiya almaq üçün işləmək lazımdır. Deputat işləmək.
2.
Azərbaycanlı - ən çətin vəziyyətlərdən çıxış yolu tapması ilə məşhurdur. Amma daha böyük məşhurluğu isə o, həmin o çətin vəziyyətlərə girə bilməsi ilə qazanıb.
3.
Əgər yaxşı vəkil tutmaq üçün pulunuz yoxdursa, onda pis hakimi alın.
4.
Heç vaxt susan adamın sözünü kəsməyin!
5.
KƏDƏRLİ ƏHVALAT
Ucqar dağ kəndində uşaq məktəbdən kirli paltarda, cırıq çantada, cırıq ayaqqabıda, kitab-dəftərsiz qayıtdı. Amma valideyinləri buna əsla hirslənmədilər. Axı onlar uşağı məktəbə elə bu cür də göndərmişdilər.
6.
İQTİSADİYYATIMIZIN REALLIĞI
Nazirə 999 əyarlı qızıl yumurta yumurtlayan bir toyuq verdilər. Bir aydan sonra toyuq ziyanla işləməyə başladı.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Çağlanın “Bu gecə” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində növbəti təqdim edilən yazar Təbriz təmsilçimiz Əli Çağladır.
Əli Çağla
Təbriz
BU GECƏ
İki qarğanın toyudur bu gecə!
Qar-qar stress yaşayır dişi qarğa.
Baxsan alnına erkək qarğanın
Tərdən muncuq düzülübdür.
Uzun corablarını ağacdan yelləndirərkən dişi qarğa
Yaxasındakı qalstukunu sığallayır qarğa bəy.
Kim deyir görmürsən?
Görürəm onları, sevişdikdə...
İki itin bir alabaş balası olur bu gecə!
Atasına oxşayır küçük oğlu küçük...
Anasının göz yaşı döşündəki südünə qarışıb sevincindən
Atası həyəcanından dik tutur başını
Gecənin sükutunda harmoniyalı mahnı oxuyur: Haf-haf-haf...
Kim deyir görmürsən?
Görürəm onları, sevindikdə...
İki ayı qədəh-qədəhə vurur bu gecə!
Başqa bir ayının sağlığına.
Mağaranı Stoliçnayanın qoxusu bürüyüb.
Üç aydır mükərrər içirlər ayılar
Yuxularına alkoqol calayırlar üç aydır.
Kim deyir görmürsən?
Görürəm onları, içdikdə...
İki tülkü quyruqları ilə aslana plan tökürlər bu gecə!
Gözlərindəki hiylə ilə kibrit çəkirlər qaranlığa.
Əllərində yuxu şərbəti
Boyunlarından aslanan sülh medalları
Kim deyir görmürsən?
Görürəm onları, danışdıqda...
İki çaqqal şeir yazır bu gecə!
Sabah tribuna arxasında şərr oxuyacaqlar.
Aslanın əlindən “Xalq şairi” ordeni almaq üçün...
Kim deyir görmürsən?
Görürəm onları, şeir yazdıqda...
Bir insan darıxır bu gecə!
Yüksəldir qramafondakı Zara Leanderin[1] səsini
Başındakı papağını masaya qoyub fikirləşir.
Barmağı ilə ballistik raketi oynadır,
Meşənin bağrına sancaqlayır alovları.
Kim deyir görmürsən?
Görürəm “Bir”-lərin acımasızlığını...
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
“Yazıçı müstəntiq deyil ki, təsvir etdiyi hadisələrin səbəblərini araşdırsın”
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Yaradıcılıq emalatxanası" rubrikamızın qonağı Əli bəy Azəridir.
Əli bəy Azəri Azərbaycan ədəbi mühitində daha çox “Xəzan” jurnalının redaktoru kimi tanınır. Sonra hərb mövzulu əsərlər müəllifi kimi də müəyyən oxucu dairəsinə məlumdur. Ümumilikdə on beş kitab müəllifidir. Yüzdən çox hekayə, dörd yüzdən çox müxtəlif səpkili məqalə yazıb.
“Yurd nisgili”, “Şah bərəsi”, “Qəmlibel müsibəti”, “Özününkülərin hədəfində”, “Hərbi Zəngilan”, “Məhəbbət piyaləsində zəhər”, “Arazgersdən keçən köç” “Çovğun”, “Şəhərli qızın dəli sevgisi”, “Gəlin, tanış olaq”, “Bizi Umudsuz qoyma”, “Nə deyim?”, “Generalın yefreytor vəkili” və “Köhnə il hara gedir?”kitablarında toplanmış romanlar, povestlər, hekayələr və publisistik məqalələr onun qələm məhsullarıdır.
Müxtəlif mövzularda yazdığı hekayələr müəllifini müsabiqələrdə qalib etmişdir. Bu gün onun bəzi hekayələrindən söz açmaq fikrindəyik.
-Xoş gördük, əziz Əli bəy. Stiven Kinq söyləyib ki, “Oxumaq üçün vaxtınız yoxdursa, demək, nə yazmağa materialınız, nə də vaxtınız var”. Dəyərli Əli bəy, mütaliəni çox sevdiyim üçün hekayələriniz məni də cəlb etdi, rubrikamızın da şərtləri daxilində qısa olaraq gəlin birlikdə bəzi məqamları müzakirə edək.
-Xoş gördük. Hekayə mənim üçün çox dəyərli bir nəsr nümunəsidir. Qəhrəmanın həyatından çox kiçik bir səhnəni yüksək məharətlə təsvir etməyi öz üzərinə götürürsən. Elə təsvir etməlisən ki, oxucu həm zövq alsın, həm də ibrət götürsün. Hər bir hekayəmdə buna nail olmağa çalışmışam.
-Əli bəy, "Qəribə at oğurluğu" hekayənizdəki Qırğıgöz Səməndərə bir oxucu gözü ilə baxsanız, ona acığınız tuturmu, yoxsa, insanlar yardım etmədiyi üçün Səməndərin oğurluğuna haradasa haqq qazandırırsınız? Ümumiyyətlə, oğurluğa bəzi məqamlarda haqq qazandırmaq olarmı?
-“Qəribə at oğurluğu”nda təsvir olunan hadisə Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”ndakı Məmmədhəsən kişinin eşşəyinin itməyi kimi real həyatdan götürülüb. Hadisəni olduğu kimi təsvir etməkdə məqsədim adamların gözünü açmaq, başlarına gələ biləcək hadisədən qaçmağın yollarını axtarmağı öyrətməkdir. “Adam hadisə öz başına gəlməyincə ağıllanmaz” deyiblər. Bu işdə adamın ən yaxın köməkçisi, məsləhətçisi kitab olur. Bizdən əvvəl də belə olub, indi də belədir, bundan sonra da belə olacaq. Zəkalı adamlar oxuyur, ibrət götürür, zəkasızlar da “korun körpüdən keçməsi” kimi bu dünyaya kor gəlib, kor da gedirlər. Ümumilikdə heç vaxt oğurluq hallarına haqq qazandırmamışam. Səbəb nə olur olsun. Səməndərin də halına təəssüflənərək acıyıram.
-Əli bəy "Şər" hekayənizin maraqlı süjet xəttinə əsasən sualım belədir: Şərin nə olduğunu bilməyənlər şərlə qarşılaşanda onu ilk dəfədən "tanımaq" şansları heçmi yoxdur?
-Keçən il 27 oktyabrda Şabranda “Xəqani” poeziya evinin rəhbəri Aybəniz xanımın təşkilatçılığı ilə təşkil olunmuş görüşümdə məktəblilərdən biri də bu sualı verdi. Deyəsən, onda da yaxşı cavablandıra bilmədim, nəydisə şagirdlər narazı qaldılar. Adam şərlə qarşılaşacağını bilsə, əlbəttə ki, yayınmağa çalışar. Ancaq hər zaman şər adamın gözünə mələk qismində görünür. Bu barədə klassik yazıçıların da hekayələri var. Mən də həyatdan götürülmüş bir əhvalat üzərində qələmimi sınamağa çalışmışam.
-"Qisas" hekayənizdə erməni xislətinin necə iyrənc olduğuna bir daha şahidlik edirik. Hekayənin süjet xəttində də öz qisası zamanı günahsız insanların ölümünü adi sayan erməni qarısının xisləti üzə çıxır. Bu obraz sübut edir ki, mənfur ermənilər vəhşiliyə, günahsız qan tökməyə öyrəşiblər. Azərbaycanlılar isə öz yaxşı əməlləri ilə həmişə onları riqqətə gətirir. Əli bəy, daha hansı hekayələrinizdə biz onların murdar əməllərinin şahidi oluruq?
-“Qisas” hekayəsində təsvir olunan əhvalat da həyatdan götürülüb. Erməni qadın öz dar düşüncəsində gəlinini, oğlunu və kimi gəldi zəhərləmək məqsədilə hərəkətə keçir. Əlbəttə, həmişə sadəlövh hərəkətləri ilə diqqət çəkən azərbaycanlılar bir çox hallarda ermənilərin hiyləsinə tuş gəliblər. Bəzən də öz humanist addımları ilə ermənilər nankor əməllərinin qarşısını alıblar. Mən konkret olaraq heç vaxt “bu ermənidir, deməli pisdir, oğrudur, riyakardır, canidir” deyə qarşıma məqsəd qoyub onları pisləməmişəm. Onlar öz hərəkətləri ilə “ad-san” qazanıblar. Eyni zamanda dünyanın hər yerində, elə bizim yan-yörəmizdə də pis əməl sahiblərinə belə qiymət verirlər. Deyirlər: “filankəs elə bil ermənidir!”
-Əli bəy, "Köhnə il hara gedir?" ifadəsini hekayənizə, hətta hekayələriniz toplanmış kitabınıza ad seçmisiniz. “Zaman heç itmir, itən bizik. (Pol Klodel: Fransız şairi, dramaturqu) Əli bəy bu aforizm ilə razılaşırmı?
-Yaşanmış hər an ömürdür. O da ola ki, bir il. Bir ildə adam nə qədər hadisələrin şahidi olur, xatirələr toplayır. Əlbəttə ki, adam bu xatirələrlə yaşayır, onları başqalarına danışır, yayır. Getdikcə yeni hadisələr yaranır, köhnələrin çoxu əhəmiyyətini itirir, unudulur. Zaman hər zaman yenilənir, insan isə yaşlaşdıqca, gücdən düşdükcə unudulmağa başlayır. Təbiətin dəyişməz bir qanunu var. Nənələr, babalar vaxtının çox hissəsini nəvələri ilə keçirirlər, onlara nağıllar danışırlar. Danışdıqları nağılları ilə də özləri də nağıla, dastana dönürlər. Nə qədər ki, nəvə yaşayır, xatirələrində nənəsini, babasını yaşadır. Bax, budur, həyatın dəyişməz fəlsəfəsi. Adamlara da ümid verən, unudulmaq qorxusundan xilas edən elə budur.
-"Şəhərli qızın dəli sevgisi" də diqqətçəkən əsərlərinizdən biridir. Əli bəy, bu hekayədə də müxtəlif yanaşmalar var. Hər kəsin "dəli" adlandırğı İsmayıl əslində qəlbdən və saf məhəbbətlə sevir, güvənir. Amma kifayət qədər təhsilli, sağlam bir xanım günü xoş keçsin deyə, İsmayılın sevgisi- hissləri ilə oynayır. Sonu isə faciə ilə bitir, hər iki gənc həyatını itirir. Sizcə, niyə cəmiyyətdə "hisslərlə oynayanların" sayı artır, əsas səbəb nə ola bilər?
-Yazıçı bir əsər yazanda mütləq qarşısına məqsəd qoymalı deyil ki, baş verən hadisələrin səbəblərini açıqlasın. Yazıçı müstəntiq deyil ki, hadisəni sonadək açsın. Yazıçı əhvalatı təfsilatı ilə təsvir edərək bir az bədiiləşdirir, bir az məna verib oxucularına çatdırır. Aşbaz bişirdiyi yeməyə müxtəlif ədvalar vurub dadlı edəndən sonra süfrəyə gətirdiyi kimi yazıçı da eyni əməlləri təkrarlayır. Bəzən bibər, istiot çox olduğundan yemək acı olan kimi əsər də tünd təsir bağışlaya bilər. “Şəhərli qızın dəli sevgisi” kiçik həcmli povestdir. Bir dəfə ədəbi tədbirlərin birində fasilə zamanı yazıçı Kənan Hacı ilə çay içirdik. Ədəbi tənqidçi Vaqif Yusifli bizə yaxınlaşdı və dedi: “Gərək Yelenanı öldürməyəydin!” Elə dedi ki, Kənan da heyrətləndi, qonşu masalarda əyləşənlər də heyrətlə bizə baxdılar. “Başqa variant vardımı?” – mən də sualla cavab qaytardım. Dedi yox. Povesti təzə yazanda Hafiz Rüstəm, Lalə İsmayıl, Şahməmməd Dağlaroğlu, Pənah Azəri, Alı Rəhimoğlu, Hikmət Məlikzadə və bir çox imza sahibləri mənə müraciət edib, başqa variantların olub-olmadığının müzakirəsini aparıblar. Onlar da sizin kimi Yelenanın və İsmayılın halına acıyıblar. Ancaq nə etməli? Odla oynamaq olmaz! İnsan həyatını yüzdə yüz ürəyinin ixtiyarına buraxmamalıdı. Ağılla düşünməlidi. Burda situasiya məcburiyyət yaradır. Kənddə tək-tək oğlan qalıb, hamısı şəhərə üz tutub. Yelena da əylənməyi xoşlayır. İsmayıldan da başqa heç kim yoxdur. İsmayıl isə dəlidir.
-"Sərhədçi zabitin etirafı" nəyi dəyişdirdi? Əli bəy, bu kitabla tanış olmayanlara kitabdakı hekayələrin mövzusu baradə məlumat verməyinizi xahiş edirəm.
-Azərbaycan müstəqil ölkədir. Dövlət sərhədlərini öz sərhədçiləri qoruyur. SSRİ-nin tərkibində olduğumuz, yəni müstəqil olmadığımız vaxtlarda Azərbaycan sərhədləri haqqında iki film çəkilib. Otuz illik müstəqillik dövrümüzdə nə film çəkilib, nə samballı əsərlər yazılır. Təkcə bir müəllif – şair Əvəz Qurbanlı “Canlı dirəklər” adlı kiçik həcmli roman (povest də demək olar) yazıb. Vəssalam. O da Sərhəd Qoşunlarının tərkibində xidmət edib deyə yazmağı özünə mənəvi borc sayıb. Mən diqqət çəkmək üçün bu addımı atdım. Müxtəlif illərdə şanlı sərhədçilərimizin həyatından yazdığım povest və hekayələri bir yerə toplayıb kitab şəklində çap etdirdim. O hekayələrdə təsvir olunan sərhədçilər mənim xəyallarım, ideallarımdır. Çox təəssüf ki, bunlar reallığı əks etdirmir və sərhədçilərin yuxarı eşalonunda oturan generalitet bunu qəbul etməyi bacarmır. Mən təsvir edirəm ki, sərhədçilər akademiyasında təhsil alan kursantlarla ayda bir dəfə universitet tələbələri arasında görüşlər, disputlar, intellekt yarışması keçirilir, bunlar isə bunu etmək əvəzinə sərhədçi kursantları cəmiyyətdən təcrid etməyə çalışırlar. Bəyəm sərhədçilər bu cəmiyyətin bir hissəsi deyilmi? Onların sevib-sevilmək, özlərinə təhsilli həyat yoldaşı seçmək hüquqları yoxdurmu? Yaxud, zastavada xidmət keçənlərlə kənd məktəblərinin görüşü, şagirdlər arasında sərhədlərin qorunmasının müqəddəsliyi barədə aparılan maarifləndirmə işləri təqdirəlayiq iş deyilmi? Bir sözlə, şanlı sərhədçilərimiz haqqında çox ibrətamiz epizodlar üzərində hekayələr yazmışam. Onların hər biri ayrıca müzakirə mövzusudur.
-Əli bəy, yaradıcılıq emalatxanasını necə təsvir edərdiniz?
-Emalatxana özlüyündə bir istehsalat müəssisəsi kimi xarakterizə olunmalıdır. İstehsalat isə tək adamın işi deyil, kollektiv əməyin nəticəsidir. Mən bir müddət, hətta deyərdim ki, xeyli müddət yaradıcılıqdan kənarda qalmışam. Hərbçi olmuşam. I Qarabağ müharibəsində iştirak etmişəm. Atəşkəs dövründə səkkiz il cəbhə bölgəsində xidmətimi davam etdirmişəm. Ordudan tərxis olunandan sonra bu sahədə gecikdiyimi hesab edərək bir müddət köklənə bilməmişəm. Düşünmüşəm ki, mən ədəbiyyat üçün bundan sonra nə edə bilərəm. Heç olmasa Dağlıq Qarabağ adı altında baş verən hadisələri nizamla yazmaq missiyasını öz üzərimə götürmüşəm. Bu sahədə hələ də boşluqlar var. 6-8 il müddətində “Hərbi Zəngilan” roman-xronologiyasını, “Arazgersdən keçən köç” və “Qəmlibel müsibəti” povestlərini yazmışam. Onları yaza-yaza digər mövzularda da boşluqlar olduğunu görmüşəm. Cəmiyyətə sırışdırılan “adlı-sanlı” qələm sahiblərinin elementar məsələləri bilməməsi mənə ağır gəlib. Bu gün hekayə adı altında nə cür mətn istəsəniz, taparsınız. Adamlar hekayətlə hekayənin fərqini ayırd edə bilmirlər. Bütün bunlar aidiyyatı yerlərdə müzakirələrin keçirilməməsi, ədəbi tənqidin passivliyi ucbatından baş verir. Odur ki, ədəbiyyat nəzəriyyəsinin tələblərinə uyğun yazmaqla bir növ nümunələr göstərirəm. Şübhəsiz ki, bütün nümunələr ideal ola bilməz. Ancaq sidq-ürəklə deyə bilərəm ki, mənim yazdığım hekayələr janrın tələblərinə tam cavab verir.
Yaradıcılıq emalatxanam da qarmaqarışıqlıqdır. Yarımçıq qalmış əsərlərim çoxdur. Yeni mövzular köhnələri işləməyə imkan vermir. Ancaq onları unuda bilmirəm. Əsas gücümü həmişə olduğu kimi başımıza bəla olan müharibə mövzusunun dərinliklərinə baş vurmaqla məsələni bədii müstəvidə üzə çıxartmağa sərf edirəm. 1986-1987-ci illərin hadisələrinə çıraq tutacaq “Erməni Borisov” adlı povest yazmışam. Yaxın və dürüst hesab etdiyim adamlara oxutmuşam, bəzi müzakirələr əsasında düzəliş və əlavələr etmişəm. Mədəniyyət nazirliyi 2025-ci ilin kitab nəşri planına salıb. 1988-1991-ci illərin hadisələrinə uyğun “İki zəngəzurlu zabit” romanını yenicə bitirmişəm, oxunuşdadır. 44 günlük Vətən Müharibəsindən yazdığım irihəcmli romanım hələ də çap olunmayıb. Mifologiyaya aid sistemli hekayələrim (13 hekayə) digər yarımçıq mətnlərim kimi hələ də kompüterin yaddaşında növbələrini gözləyir.
Bir sözlə, görüləcək işlərim çoxdur.
Gileylənmək kimi çıxmasın, bu tərəfdən də jurnalın nəşri vaxtımın bir hissəsini tutur. Bu da çox vacib məsələdir. Səkkiz ildir ki, davamlı olaraq iki ayda bir dəfə “Xəzan” jurnalını çıxardıram. İndiyə kimi altmış nömrəsi çıxıb, oxucuların ixtiyarına verilib. Elektron variantı internetə yerləşdirilib. Hər nömrəsi 250-300 səhifəlik kitabın materiallarına bərabərdir. Göndərilən materialları oxumaq, müəlliflərin nəzərindən yayınan xırda-para qüsurlara əl gəzdirmək adamdan gərgin iş tələb edir.
Bir sözlə, yaradıcılıq emalatxanamda hər gün iş gedir, boş dayanmağa vaxt yoxdur.
-Rubrikamıza ömrünüzdən pay ayırdığınız üçün Sizə təşəkkür edirik, bol-bol yaradıcılıq uğurları arzulayırıq.
-Yaradıcılığıma diqqət yetirib işıq tutmağa çalışdığınız üçün əslində mən sizə təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
“Kişilər olmasa qadınları kim qoruyacaqdı? -Kişilər qadınları kimdən qoruyur?"
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Biz cinayət hadisələri oxumaqdan yorulduq, mən bu haqda yazmaqdan yoruldum. Amma bu murdar cəmiyyət yorulmadı. O vəhşi oğullarınıza yiyə durmadıqca da belə hadisələr hələ çox olacaq, təkrarlanacaq. Hər dəfəsində yoxe, daha belə xəbərlərə təəccüblənmirəm deyirəm. Düzdür, təəccüblənmirəm. Amma…
Amma təfərrüatları oxuduqca qanım donur, əl-ayağım titrəyir. Yenə heç olmasa Türkiyədə öldürülən qadınlar üçün kampaniyalar başladılır, nə bilim yürüşlər edilir, insanlar ayağa qalxır. Bəs bizim camaat? Bir müddət əvvəl öldürülən başıbağlı Aişə yadınızda? Hər cür ad qoşuldu qıza. Səhvini, düzünü bilmirəm, maraqlanmıram da. Çünki onun nə edib etməməsi hündürmərtəbəli binadan atılaraq qolu qopub başı kəsilərək öldürülməsinə əsas OLA BİLMƏZ.
Türkiyə elə də uzaq yer deyil. Çoxumuzun oxumaq üçün, tətil üçün üz tutduğu ən yaxın ölkədir. Dilini əzbər bildiyimiz bir ölkə. Və açığı, ordakı cinayət elə mənim ölkəmdə olmuş kimi bir şeydir mənim üçün. Bəs niyə? O psix 1il əvvəl qızı necə parçalamaq istədiyini yazıb yayınlıyanda hardaydı RTE-yə bir söz deyən kimi camaatı həbsxanaya salan hökümət? O xəstə ruhlu məxluqatla bağlı gəncəcik qızın atası dəfələrlə polisə şikayət edib. HARA BAXIR BU MİLLƏT? Şəkilləri gördüm, qanım dondu.
Mən əvvəllər müxbir olub bu cür cinayətləri, kriminal hadisələri gün üzünə çıxarmaq, onların cəzalarını çəkməsi üçün bir jurnalist kimi əlimdən gələni edib cəmiyyəti ayağa qaldırmaq istəyirdim. Mən daha nə yazmaq istəmirəm, nə müxbir olub belə hadisələri gün üzünə çıxarmaq. Mən daha belə hadisələr olmasını istəyirəm... Qoy işsizlikdən şikayətlənək, qoy dünyəvi problemləri müzakirə edək. Amma nə olar, xahiş edirəm, daha həyatının ən gözəl çağında vəhşi bir yırtıcının qurbanı olan qızlardan danışmayaq. Mədəm bulanır sadəcə. Bu xəbərləri gördükcə bu və bunun kimi insan adına layiq olmayan yüzlərlə Əhmədlə, Semihlə, Muradla və başqa adını bilmədiyim o qatillərlə eyni dünyada oksigen aldığım üçün özümdən nifrət edirəm... Nifrət...
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
İsti yerini soyuq eləməmiş bir az fikirləş
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mütaliə üçün kitab seçərkən diqqətimi çəkən şeylərdən biri də onların adları olur.
"Gün var əsrə bərabər" romanı da ilk olaraq adıyla diqqətimi çəkmişdi.
Daha sonra bu romanın həm də kitabsevərlərin ən çox bəyənmiş olduqları sırasında durduğunu öyrənəndə kitab marağımı daha çox cəlb etdi.
Və mən bir də baxıb özümü Boranlı Yedigeyin xatirələrində tapdım.
Əslində mən əsəri fərqli cür təsəvvür edirdim, əsər isə taman fərqli idi...
Romanda məni ən çox təsirləndirən məqamlardan biri Nayman Ana əfsanəsi, janjunların ağlasığmaz vəhşiliyi, Abutalıbın ailəsi və boranlılarla olan vida səhnəsi idi. Və bir də Birdamərkin kosmonavtlar haqqındakı qərarı...
Yedigeyin Çalağangözlə olan dialoqunu oxuyarkən isə hələ heç bir kitabı oxuyanda bu qədər əsəbləşdiyimi xatırlamıram.
Şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı fəsadları bu əsərdə də öz təsirini bir daha göstərmişdi.
Mənə görə əsərin qəhrəmanlarının, yəni boranlıların ən müsbəxt xüsusiyyəti onların uşaqlara verdiyi böyük dəyər, hər zaman ilk öncə uşaqların rahatlığını və rifahını düşünmələri və bir də xoşbəxt olmağı bacarmaqları idi. Bəli düz eşitdiz məhz xoşbəxt olmağı bacarmaları.
Onlar hər şeyə rəğmən xoşbəxt olub sevinməyi bacarırdılar.
Boranlılar günümüz cəmiyyətində olduğu kimi sadəcə uşaqların maddi rahatlıq və rifahını deyil, onların mənəvi rahatlığını düşünür, hər zaman uşaqların günlərinin xoş keçməsinə çalışırdılar.
Və ucsuz bucaqsız Sarı-Özək çöllərinin ağır şəraitində susuz, yaşıllıqsız yaşayıb, zəhnətə qatlaşmaqla ömür-gün sürən bu insanlar bütün bu məhrumiyyətlərə rəğmən əsrə bərabər xoşbəxt günlər yaşamağı bacarırdılar. Onlar əllərimə düşən ən kiçik xoşbəxtlik fürsətinin belə haqqını çox gözəl verirdilər.
Əsərin davamında isə məncə Qaranəri qınayıb, onu vəhşi kimi döyərək öz hisrini də ondan çıxan Yedigey sanki elə özü də bir az Qaranərə bənzədiyinin fərqinə varmırdı. Çünki bu məqamda Yedigey özü də sadəcə özünü, öz qəlbinin istəklərini düşünürdü. Hissləri onun gözlərini elə tutmuşdu ki, vaxtilə onun ən çətin günlərində əlindən tutmuş Qazanqapa və ona vəfa göstərib Yedigeyin yükünü də çiyinləyən, bir zamanlar böyük məhəbbətlə sevdiyi Ukubalaya haqsızlıq etdiyini görmürdü. Hətta bu azmış kimi hələ onlara qarşı bilənirdi də.
Yedigey həmişəki kimi öz fikri-xəyalında olsun gəlin mən sizə biz az da kosmonavtlardan danışım. Allah bəzən insana həyata elə bir baxış bucağından, elə bir pəncərədən baxmağı nəsib edir ki, bir çox şey ordan insanın gözünə çox mənasız, çox cılız görünür.
İnsan elə bir stuasiyaya düşə bilir ki, bir anın içində əvvəllər önəmli saydığı bir çox şey onun gözündə dönüb heç olur.
Məsələn nəfsi istəklər, şan, şöhrət, qəzəb, kin, nifrət, intiqam, müharibə qələbə və daha nələr-nələr.
Əsərimizin qəhrəmanlarından olan kosmonavtlar da məhz belə bir stuasiya ilə qarşı-qarşıya gəlmiş və həyatdakı ən ali, ən ülvi dəyərlərdən, mətləblərdən hali olmuşdular.
Birdamərkin verdiyi qərar isə bir anlıq məndə bəşəriyyətə qarşı nifrət hissi yaratdı. Çünki mənə elə gəlir bu qərar bütün bəşəriyyət naminə başlarına nələr gələ biləcəyini düşünmədən sonu bilinməyən bu yola çıxmış fədakar kosmonatvlar göz önündə tutulduqda çox, amma çox qəddar, yerdənkənar sivilizasiya göz önündə tutulduqda isə çox yersiz və hətta deyərdim qıcıqlandırıcı, təhlükəli bir qərar idi.
İnsanlıq olaraq bəlkə sadəcə hələ bu cür kosmik sivilizasiyalar arası münasibətə hazır olmdığlarını da bildirə bilərdilər.
Axı o kosmonavtları sonsoz, havasız kosmosda tanımadıqları bir sivilizasiyanın fərdlərinə tərk etmək qəddarca deyildimi?! Bilmirəm...
Və beləliklə ürək ağrısı ilə oxuduğum, hafizəmdə silinməz təəssürratlar buraxıb, beynimdəki cavabsız sual qalağının üstünə bir neçə cavabsız sual da əlavə edən bir əsər daha bitdi...
"İndi o qarlar əriyib, o qatarlar keçib, o illər də ötüb. Belə günlər olubmu, olmayıbmı, indi bu heç kimi maraqlandırmır."
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
“Gece Yarısı Kütüphanesi" KİTAB BƏLƏDÇİSİNDƏ
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Kitablar, insanın düşüncəsini genişləndirən, duyğularını dərinləşdirən və həyatı anlamağa kömək edən qiymətli vasitələrdir. Onlar yalnız məlumat mənbəyi deyil, eyni zamanda, insanın daxili səyahətinə və özünü kəşf etməyə olan bir çağırışdır.
1. Düşüncə Azadlığı: Kitablar, müxtəlif fikirləri, perspektivləri və dünya görüşlərini tanıma imkanı verir. Hər bir kitab, yeni düşüncə yolları açır, insanı daha geniş düşünməyə vadar edir. Düşüncə azadlığı, intellektual sərhədləri aşmaq üçün vacibdir.
2. Empati İnkişafı: Müxtəlif personajların hekayələrini oxumaq, bizim başqalarının duyğularını, mübarizələrini və düşüncə tərzlərini anlamağımıza kömək edir. Bu empati inkişafı, insan münasibətlərimizi daha da dərinləşdirir və insanlıq anlayışımızı genişləndirir.
3. Zamanın İzlənilməsi: Kitablar, fərqli dövrləri, mədəniyyətləri və insan təcrübələrini əks etdirir. Onlar vasitəsilə keçmişlə əlaqə qururuq, zamanın və mədəniyyətlərin arxasında duran dərin düşüncələri anlamağa çalışırıq. Hər kitab, tarixin bir hissəsini daşıyır və bizə insanlığın səyahətini izləmiş olmağı təklif edir.
4. İnkişaf və Özünü Kəşf: Kitablar, insanın özünü dərk etməsi və inkişafı üçün bir yol xəritəsi rolunu oynayır. Fərqli ideyalarla tanış olmaq, insanın öz dəyərlərini və inanclarını yenidən düşünməsinə, bəlkə də, onları dəyişməsinə səbəb ola bilər. Bu, şəxsi inkişaf üçün mühüm bir addımdır.
5. Sükunət və Refleksiya: Kitab oxumaq, sükunət anları yaradır. Bu zaman, insan öz düşüncələrini, duyğularını və həyatı dəyərləndirmə fürsəti tapır. Oxumaq, refleksiya etmək və öz iç dünyamızla əlaqə qurmaq üçün bir vasitədir.
Nəticədə, kitablar yalnız yazılı sözlər deyil; onlar düşüncəmizi, duyğularımızı və insanlığın dərin mənalarını kəşf etməyimiz üçün bir açardır. Hər bir səhifə, yeni bir dünyaya giriş imkanı verir.
Təhlildə "Gece Yarısı Kütüphanesi"
"Gece Yarısı Kütüphanesi" kitabını öz düşüncə tərzimdən təhlil edərkən, onun mövcudluq, seçimlər və peşmanlıqlar haqqında dərin bir hikmət daşıdığını gördüm. Matt Haig-in bu əsəri, qəhrəman Nora Seed-in gecə yarısı kütüphanesindəki səyahəti vasitəsilə həyatın anlamını axtarmaq mövzusunu araşdırır. Nora, bir neçə seçim etdiyi üçün peşmanlıq hissi içindədir. Bu kütüphane ona müxtəlif həyat yollarını, hər birinin öz unikal gözəlliklərini və çətinliklərini təqdim edir.
Həyatımda da bəzən keçmişimə, etdiyim seçimlərə düşünürəm. İnsanın öz səhvlərini qəbul etməsi, onları dərs kimi görməsi vacibdir. Bu kitabda Nora'nın yaşadığı iç mübarizələr, mənim də bəzən hiss etdiyim bir ruh halını əks etdirir; insanın özünü anlama yolu asan olmur, amma dəyərli dərslər təqdim edir.
Hər bir seçimimizin nəticələri var. Nora'nın müxtəlif həyat yollarını görməsi, mənim üçün seçdiyimiz yolda heç bir şeyin itirilmədiyini, əksinə, hər seçimimizin bizi formalaşdırdığını xatırladır. Həyatın düz və ya yanlış olmadığı düşüncəsi, sənin içindəki gücü kəşf etməyə çağırır. Kitab, insanın özünü tanıma yolunda səyahət etməsinin nə qədər önəmli olduğunu vurğulayır.
1. İçsel Sülh və Qəbul: Nora'nın hekayəsi, keçmişə olan peşmanlıqları ilə barışmağı öyrənmək mövzusunu da vurğulayır. Hər insan öz həyatında müəyyən seçimlərin, yolda qarşılaşdığı çətinliklərin olduğu bir yerdədir. Özümüzü, seçdiklərimizi və yaşadıqlarımızı qəbul etmək, içsel sülh tapmağın bir yoludur. Bu da məni düşünməyə vadar edir: geridə qalan seçimlərimə görə özümü niyə günahlandırmalıyam? Hər seçim, mənə yeni bir dərs verir.
2. Paralel Reallıqların Gücü: Kitabın təqdim etdiyi paralel reallıqlar, insanların həyatlarında müxtəlif yolların və nəticələrin mövcud olduğunu simvolizə edir. Hər birimiz, bəlkə də, həyatımızın hansısa mərhələsində başqa bir seçim etsəydik, necə bir insan olacağımızı düşünmüşük. Bu, mənə həyatın zənginliyini və müxtəlifliyini anlamağa kömək edir. Hər insanın öz hekayəsi var və bu hekayələrin zənginliyi bizə başqalarını daha yaxşı anlamağa və empati qurmağa imkan verir.
3. Hədəflərin Qoyulması: Nora'nın kütüxanada gördüyü seçimlər, hədəflərimizi müəyyən etməyin və onlara doğru irəliləməyin vacibliyini xatırladır. Həyatımda da məqsədlərimi müəyyənləşdirmək və onlara nail olmaq üçün çalışıram. Hədəflər, yalnız həyata keçirilməsi gərəkən şeylər deyil, həm də mənim özümü reallaşdırma yolumda mənə istiqamət verən bələdçilərdir.
4. Empati və İnsan Münasibətləri: Kitabda təqdim olunan insan münasibətləri, empati və anlamaq mövzusunda da dərslər verir. Nora'nın qarşılaşdığı insanlar, onun səyahətində mühim rol oynayır. Bu, mənə göstərir ki, başqalarını dinləmək, onların perspektivlərini anlamaq, insan əlaqələrinin dəyərini artırır. Hər bir insanın öz hekayəsi, öz çətinlikləri var, və bu, mənim başqalarına qarşı daha anlayışlı olmağıma yönəldir.
"Gece Yarısı Kütüphanesi", yalnız bir hekayə deyil; eyni zamanda, öz həyatımızı, seçimlərimizi və başqaları ilə olan münasibətlərimizi dəyərləndirmək üçün bir əhəmiyyətli çağırışdır. Nora'nın səyahəti, mənim öz iç dünyamla barışmağa, başqalarının gözündən özgüvənimi itirmədən, öz seçimlərimi qiymətləndirməyə dəstək olur. Bu kitab, mənə xatırladır ki, həyatdakı hər an bir fürsətdir — özümüzü tapmaq, peşmanlıqlarımızla barışmaq və yeni yollara açılmaq üçün. Hər səhifəsində, öz mənliyimi axtarmağa, öz gücümü kəşf etməyə təşviq edən bir hikmət var.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Qazan kababı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Qazan kababının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Ət – 237 qr
§ Quyruq – 20 qr
§ Soğan – 105 qr
§ Nar – 25 qr
§ Kəklikotu – 1 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI
Qoyun əti duzlanıb istiotlanır, üzərinə kəklikotu səpilir və qovrulur. Hazır olana yaxın üzərinə nar dənələri səpilir.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)