
Super User
“Düşünürəm ki, yaza bilmənin cəzası düşünə bilmənin verdiyi əzabdır…” - MÜSAHİBƏ
“Həyat əslində riyaziyyat deyil, ədəbiyyatdır. Əgər riyaziyyat olsaydı, hamı eyni düsturla xoşbəxt olardı”, deyir Gülnarə Nasir.
“Ədəbiyyat və incəsənət” Habil Yaşarın həm yazar, həm pedaqoq Gülnarə Nasirlə müsahibəsini təqdim edir.
-Gülnarə xanım, siz riyaziyyat müəllimi olmaqla yanaşı, həmçinin, ədəbiyyatla yaşayan birisiniz. Gözəl şeirlərinizlə oxucuların könlünü oxşayır, onları düşündürürsünüz. Bu iki sahə həyatınızda hansı önəmi daşımaqdadır?
-Öncəliklə verdiyiniz dəyər üçün minnətdaram, Habil bəy. Düşünürəm ki, bu iki sahə arasında fərq bir o qədər də çox deyil, biri digərində özünü ehtiva edir. Ədəbiyyatı mənə ən çox yaxınlaşdıran insanın hiss və duyğularına daha yaxın olmasıdır. Özümüzə hansı peşəni seçməyimizdən asılı olmayaraq ədəbiyyat insana özünü dərk etməyə kömək edir və həyatda yaxşı yaşaması üçün ona bələdçi olur, insanlara özünü başqasının yerinə qoymağı öyrədir, daha sağlam düşüncəli insanların cəmiyyətini formalaşdırır. Yüksək mənəvi keyfiyyətlərə malik olmaq üçün insan daima özünü təkmilləşdirməli, mənfi və müsbət cəhətlərini müəyyənləşdirməli, mənfiləri isə tərk etməlidir. Həyatda mənfi və müsbəti, xeyir və şəri bir-birindən ayırmaq üçün ən mükəmməl köməkçi vasitə ədəbiyyatdır. Riyaziyyat isə həyatda mənə daha çox intizamlı, məsuliyyətli, təmkinli, məntiqli olmağı, hər şeyə ağlın gözü ilə baxmağı, hər şeydə var olan dəqiqliyi və incəliyi görməyi, mənə çətin görünən, ağır gələn bəzi problemlərin əslində bir o qədər də çətin olmadığını və daha sadə və asan üsullarla öhdəsindən gəlməyi aşılayıb.
Həyat əslində riyaziyyat deyil, ədəbiyyatdır. Əgər riyaziyyat olsaydı, hamı eyni düsturla xoşbəxt olardı. Deyəsən həyat daha çox ədəbiyyatdır, ömür də öz hekayəni yazmaq üçün sənə verilən beş-on vərəqdir. Oxucularıma tövsiyyə edərdim ki, o vərəqləri özgələrin düsturları ilə korlamasınlar.
-Valideynlərinizin yazıçı kimi fəaliyyətinizə münasibəti necədir?
-Valideynlərimin yazıçılıq qabiliyyətimə olan münasibəti çox normaldır, hər zaman da layiqli bir şəkildə dəyərləndiriblər. Hətta üz tutduğum, yeridiyim bu yolları olduqca gözəl və təqdirəlayiq hal hesab etdikləri üçün hər zaman mənə arxa-dayaqdırlar.
-Yazarkən çətinlikləriniz olurmu? Əgər olursa nələrdən ibarətdir?
-Çox dərinə enmək, sanballı ədəbiyyat ortaya qoymaq istəyirəm. Bu istəklə əlaqəli bir şey deyil, hiss edirəm ki, bu mənim içimdədir, ortaya çıxmaq istəyir. Bu qızmar günəşin altında dondurma yeməyi arzulamaq kimi bir şeydir, heç kim səni məcbur etmir, sən öz arzunla onu dadmaq istəyirsən. Yazmaq da belədir, amma sıradan, bayağı bir şeylər yazmaq istəmirəm və məncə, insan yaratdığı şeyin möhtəşəm olduğuna hər zaman özü qərar verə bilməz, bir gün minlərlə insan ayaq üstə məni alqılşlayan zaman bəlkə də nə isə möhtəşəm bir şey yaratdığıma inana bilərəm. Bir neçə aydır ki, ədəbiyyatdan bir qədər uzaqlaşmışam. Səbəb, çünki əgər bir insan mükəmməl işləri həyata keçirmək istəyirsə ilk öncə maddi rifaha nail olmalıdır. İstədiyim qədər yaxşı yaza bilmirəm, çünki tarixə keçəcək sətirləri yazmaq üçün istedaddan əlavə minlərlə kitab oxunmalıdır. Bəlkə gələcəkdə heç kimə ədəbiyyat lazım olmadı, amma mən yenə də, nə zamansa dünyanın ən gözəl şah əsərlərindən birini yazacam. Necə deyərlər, general olmaq istəməyən əsgər ola bilməz. Düşünürəm ki, yaza bilmənin cəzası düşünə bilmənin verdiyi əzabdır.
-İnsanlara daha çox nələr nümunə göstərilməlidir?
-Kütlə üçün olan heç bir şey sənət əsəri deyil, sənət min illərdir saraylarda, məktəblərdə və məbədlərdə yaşadı, şahlar, sultanlar, krallar və varlı aristokratlar sənətə dəstək oldu. Sadə və cahil kütlə nadir hallarda əsl sənəti anlaya bilər, onlar çox zaman sənəti və sənətçini cəmiyyətdən sıxışdırıb çıxartmaqla və təhqir etməklə məşğuldur. Bunu kitabxanaların nə qədər az, restoranların isə nə qədər çox olduğu ilə anlaya bilərsiniz. Müasir dövrümüzdə çəkilən və milyonlarla dəyəri olan əksər filmlər sadəcə zibildir, heç bir mənəvi və sənətsal dəyəri yoxdur, yalnız pul qazanmaq məqsədilə çəkilir.
-Oxuduğunuz ilk kitab hansıdır?
-İlk oxuduğum kitablar nağıl kitabları olub. "Vətən qürbətdə qaldı", "Allah yıxan evi qızlar tikər". Şifahi xalq ədəbiyyatı nümunələrini çox sevirəm.
-Sizcə, müəllifin həyatında sosial medianın rolu nədir?
-Olduqca geniş və maraqlı mövzudur, Habil bəy. Ancaq münasibətimi qısa və lakonik cümlələrlə ifadə etməyə çalışacam. Məncə, məsələ sadəcə sosial media deyil, məsələ həm də yalnızlıqdır. Sosial media yalnız olan insanların başını çox qatır. Bu isə onları gerçək həyatdan qopardır. Bir yazıçını gerçək həyata bağlayan şeylər varsa sosial media onun üçün daha böyük üstünlükdür, çünki gerçək həyatını sosial mediaya daşıyıb daha böyük məşhurluq əldə edə bilər. Məsələn, əyləndiyi məkanları, gəzdiyi yerləri, sevdiyi insanlarla olan xatirələri paylaşa bilər və bununla daha böyük məşhurluq qazana bilər. Şəxsən söhbət məndən gedirsə mənə görə insanların fikrini bilmək daha da motivasiya olur, etiraf edim ki, hələ tərif yazılanda, bəyəniləndə daha yaxşı yazmaq, daha çox oxumaq və inkişaf etmək istəyirəm.
-Daha çox tarixi məkanları sevirsiniz, ya müasir?
-Tarixi çox sevdiyim üçün tarix qoxan yerləri, tarixi interyerləri ziyarət etməyi çox sevirəm.
-Gələcək planlarınız haqda məlumat verə bilərsinizmi?
-Planlaşdırmanı sevmirəm. Qələmi ədəbiyyatın fərqli janrlarında da sınamağı düşünürəm. İnşallah ilk kitabımı da nəşr etdirmək niyyətindəyəm.
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)
KİTAB BƏLƏDÇİSİNndə “Qızıl Cib Saatı"
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Varis çağdaş Azərbaycan ədəbiyyatının önəmli nümayəndələrindən biridir. Onun əsərləri, xüsusilə triller janrında yazdıqları, oxucuları sirli hadisələrin mərkəzinə çəkməyi bacarır. Varis, yazdığı hər bir kitabda insanın daxili dünyasını, keçmişin izlərini və zamanın axışını ustalıqla əks etdirir.
"Qızıl Cib Saatı" romanı da bu cəhətdən istisna deyil. Əsərin mərkəzində bir hadisə və onun açılması yönündə sirli hadisələr dayanır. Qızıl cib saatı burada yalnız bir obyekt deyil; zamanın simvolu, keçmişin izlərinin və insan talelərinin birləşdiyi məkandır. Bu saatın ətrafında dövr edən hadisələr, yalnız bir cinayətin açılmasından ibarət deyil, eyni zamanda insanların daxili konfliktlərini, seçimlərini və həyatlarının kəsişmələrini əks etdirir.
Roman, zamanın keçməsi ilə insan psixologiyasında baş verən dəyişiklikləri, unudulmuş xatirələri və həyatın acı reallıqlarını ələ alır. Yazıçı yalnız cinayəti deyil, eyni zamanda insan münasibətlərini, unudulmuş sevgiləri və keçmişdəki seçimlərin nəticələrini araşdırır. Varis, bu əsərdə oxucunu düşünməyə, özünü personajların yerində görməyə və zamanın ağırlığını hiss etməyə dəvət edir.
Təhlil
1. Mövzular:
Zamanın Qavranılması: Romanda zamanın dəyəri, insanın zamanla münasibəti və onun həyatdakı rolu geniş müzakirə edilir. Cib saatı, zamanın axını ilə bağlı simvolik bir elementdir.
Mənəvi Dəyərlər: Əsərdə insanlar arasındakı münasibətlər, dostluq, sevgi və xəyanət kimi mənəvi dəyərlər tədqiq edilir.
2. Xarakterlər:
Romanın qəhrəmanları, müxtəlif insan psixologiyalarını təmsil edərək, oxucuda dərin düşüncələr yaradır. Onların daxili konfliktləri və seçimləri, insanın həyatda qarşılaşdığı dilemmləri əks etdirir.
3. Sosial Tənqid:
Roman, cəmiyyətin müasir problemlərinə toxunur. İnsanın cəmiyyətdəki yeri, maddi dəyərlərin ön planda olması, insanlığa olan inamın azalması kimi mövzular ələ alınır.
4. Süjetin İnkişafı:
Süjetin gedişi, qəhrəmanların daxili mübarizələrini və zamanla bağlı düşüncələrini əks etdirərək, oxucunu düşünməyə vadar edir.
Bu əsər 100 illik dövrdə erməni məsələsini çözür. Sırf tarixi xronologiya var burda, 1914-cü il 1-ci dünya müharibəsi, Van çevrilişi, 1918-ci il Bakıda ermənilərin törətdiyi soyqırım, 1993-cü ildə Kəlbəcərin işğalı. Tarixi mənbələr, istinadlar, iqtibaslar boldur.
5. Simvolizm:
Qızıl cib saatı simvolik bir element olaraq, zamanın keçməsi və insanın bu zaman içindəki mübarizəsini təmsil edir.
Təhlilin sonunda, "Qızıl Cib Saatı" romanının bir cəhəti daha diqqətçəkəndir: hər bir sirrin, açılmadığı müddətdə, insanın ruhunda necə ağır bir yük yarada biləcəyidir. “Qızıl Cib Saatı", dərin fəlsəfi məzmunu ilə oxucunu düşündürən bir əsərdir. Roman, insanın daxili aləminin, zamanın və cəmiyyətin mənzərəsini ortaya qoyaraq, insan təbiətinin mürəkkəbliyini vurğulayır.
Varis bu əsərlə oxucularına yalnız bir tarixi triller təqdim etmir, eyni zamanda insanın daxili dünyasına, zamanın keçidinə və keçmişin izlərinə dair dərin düşünməyə imkan tanıyır.
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)
BİR SUAL, BİR CAVAB Rəsmiyyə Sabir ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Bəzən həyat
üzərimə yeriyir.
O zaman
özümü sözlə ovuduram.
Taleyimin əzablarını
beləcə unuduram. (Rəsmiyyə Sabir)
Əziz Rəsmiyyə xanım, həyata tərif verilsəydi, Sizin tərifiniz necə olardı?
CAVAB
Həyat - insanın müəyyən zaman ərzində yaşantılarıdır, iki nöqtə – olumla ölüm arasındakı ömür xəttidir. Bu yaşantıların arasında xoş gün də var, pis gün də, kədər də var, sevinc də, xoşbəxtlik də var, bədbəxtlik də... Fikrimcə, biz doğularkən taleyimiz alnımıza yazılır. Biz qədərdən istəsək də qaça bilmirik. Bir şeirimdə yazmışdım ki:
Bu tale baş alıb gedir,
Məni də sürüyür, anam.
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Rəştbərin “Urmiya-Göyçə” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Urmiyadan Əli Rəştbərdir.
Əli Rəştbər
Urmiya
URMİYA-GÖYÇƏ
Ömürlük mənimdir, ata bilmərəm,
Onsuz məzarda da yata bilmərəm,
Cənnətdə də qərar tuta bilmərəm,
Bu hayat baxçamda açandan qönçə,
Bir gözüm Urmiya bir gözüm Göyçə.
Vətənsiz yaşamaq haramdır haram,
Xoş günü xoş günüm yarası yaram,
Heç zaman özümdən ayıranmaram,
Ortadan ürəyim süngüyə keçə,
Bir gözüm Urmiya bir gözüm Göyçə.
Göy üzündən baxan ey ulu Rəhman!
Parça-parça olmuş can Azərbaycan!
Olarmı bir ata övladlarından_
Bəzisin ayıra bəzisin seçə?!
Bir gözüm Urmiya bir gözüm Göyçə.
Bu yerlər vətənim Qayıbdır adım,
Zikrimdir adları hər addım-addım,
Bunların eşqiylə yazıb yaratdım,
Vermədim ömrümü bir anlıq heçə,
Bir gözüm Urmiya bir gözüm Göyçə.
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)
GÜLÜŞ KLUBUnda Qriqorçukun yola salınması
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Əgər sizin hipertoniyanız, şəkəriniz, osteoxondrozunuz, maşınınız, mənziliniz, bağınız və veriləsi alimentiniz yoxdursa, demək, siz hələ gəncsiniz və hər şey hələ qabaqdadır.
2
Dayısı və regionu hesabına yükəsk karyera əldə etmiş nazir Mazanov barədə “Mazanovun nailiyyətləri” adlı kitab çapdan çıxıb. Kitab ağ vərəqlərdən ibarətdir.
3.
Güclü külək evlərin damlarını qoparır, ağacları aşırırdı. Sovet kəşfiyyatçısı Ştirlis düşündü ki, deyəsən külək başlayacaq.
4.
“Neftçi” rəhbərliyi yerli məşqçiləri bəyənmir, əcnəbilər də gəlib klubu lap bərbad vəziyyətə salır. Roman Qriqorçuk da belə getdi.
Bəlkə rəhbərlik “Neftçi” yə məşqçilik etməyə yadplanetli gətirsin?
5.
İcra başçısı müavininə:
-Bu camaat hardan bilir ki, bizim şəhərdə korrupsiya var?
-Necə hardan, cənab başçı? Mətbuatdan.
-Dərhal məsələyə son qoyulsun!
-Oldu, cənab başçı. Demək, sabahdan korrupsiaya ilə mübarizəyə başlayırıq, eləmi?
-Korrusiyaya qarşı niyə? Mətbuata qarşı!
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Mal quyruğundan bozartma
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Mal quyruğundan bozartmanın hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR:
§ Mal quyruğunun ətli hissəsi, fəqərələrarası kəsilmiş hissələr – 234 qr
§ Kərə yağı – 20 qr
§ Soğan – 30 qr
§ Kök – 40 qr
§ Dəfnə yarpağı – 3 qr
§ Duz – 6 qr
§ İstiot (dənəvər) – 0,05 qr
Xörək əlavəsi:
§ tərəvəz, meyvə turşuları –
40 qr, sirkə – 10 qr, sarımsaq – 2 qr, nar dənəsi – 15 qr, göyərti – 8 qr
HAZIRLANMASI:
Dərisi təmizlənmiş mal quyruğunun ətli hissəsi, fəqərələrarası kəsilmiş hissələr götürülür. Hazırlanma qaydası mal kəlləsinin, alt çənəsinin xaşlaması kimidir. Fərq yalnız odur ki, sonda kərə yağı vurulur, suyu çəkilib, yağa düşür, yüngülvarı tovlanır. Xörək 2-2,5 saata hazır olur. Bu xörək süfrəyə bütöv tikələr şəklində verilir (Bax: 170. Mal kəlləsindən xaşlama).
QEYD: Fəqərələrarası kəsi
tikələrin qalınlığı 5-6 sm olmalıdır.
Bu yeməkdə tikələrin əti sümükdən təmizlənmir. Üzərinə göyərti səpilir və süfrəyə verilir. Yanında tərəvəz, meyvə turşuları, sirkə, sarımsaq, nar dənəsi, göyərti veril
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)
ICESCO-nun 5 min dollar mükafat fondu olan peziya müsabiqəsinə necə qoşulmaq olar?
Xəbər verdiyimiz kimi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) bu il “İslam dünyasında mədəniyyət paytaxtları” proqramının bir hissəsi olan üç şəhəri - Azərbaycan Respublikasında Şuşa, habelə Mərakeş Krallığında Marrakeş və Liviya Dövlətində Benqazini əhatə edən “İslam Dünyasında Mədəniyyət Paytaxtları” proqramının bir hissəsi olaraq, “Poeziya şəhərləri” illik mükafatı üçün müsabiqənin başlandığını elan edib.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, müsabiqə təşkilatçıları öz xoşməramlı niyyətlərini poeziyanın inkişafına və islam mədəniyyətinin təşəkkülünə yönəldiblər, ona görə də daha geniş arealda iştirakçıların müsabiqəyə qoşulması onların prioritetidir.
Beləliklə, hər bir kəs müsabiqədə iştitrak edə bilər. Müsabiqədə iştirak edən şeirlər İslam dünyasında mədəniyyət paytaxtı kimi qeyd olunan hər bir şəhərdən üç qalibi seçmək üçün ICESCO-nun ixtisaslaşmış komitəsi və görkəmli şairlər tərəfindən qiymətləndiriləcək.
Təkrar edirik ki, birinci yerin qalibi 2000 ABŞ dolları, ikinci yerin qalibi 1500 ABŞ dolları, üçüncü yerin qalibi isə təşəkkür sertifikatları ilə yanaşı, 1000 ABŞ dolları alacaq.
Bundan başqa, ICESCO müsabiqədə iştirak edən qaliblərin şeirlər toplusunu nəşr etdirəcək.
Mükafat üçün namizədlərin şeirləri klassik ərəb və ya Azərbaycan dilində olmalıdır. Ərəbcə şeir sərbəst və ya qafiyəli poetik ölçüyə, Azərbaycan dilində yazılmış şeir isə tələffüz və ya prosodik ölçüyə uyğun olmalıdır. Şair şeirin mövzusunu təşkil edən dəyərlərdən, estetikadan, tarixdən, coğrafiyadan, şəhərin tarixindən ilham almalıdır.
ICESCO bütün yaş qruplarından olan şairləri 2024-cü il dekabrın 31-dən gec olmayaraq https://icesco.org/9k90 linki vasitəsilə öz təkliflərini göndərməklə müsabiqədə iştirak etməyə dəvət edir.
Bu müsabiqə bir çox şairləri ölməz poeziya toplusu yaratmağa ruhlandıran qədim şeir ənənələri ilə müasir poeziya arasında əlaqəni canlandırmaq və gücləndirmək məqsədi daşıyır. O, həmçinin şəhərlərin tarixini və coğrafiyasını poetik və estetik cəhətdən sənədləşdirmək, şeir vasitəsilə İslam dünyasının mədəniyyət paytaxtlarını tərənnüm edən simvolları və sivilizasiyaları daha geniş məkanda tanıtdırmaq, İslam dünyasındakı poetik korpusu zənginləşdirmək və ədəbiyyata töhfə vermək məqsədi daşıyır.
Əziz şeir xiridarlarımız, buyurun, qoşulun, qalib gəlin!
“Ədəbiyyat və incəsənət”
(11.10. 2024)
“Anlaqsız” qatillərin triumfu - REPLİKA
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Möhtəşəm bir xəbərlə yenə qarşınızdayam, əziz oxucular. Yəqin ki, bilirsiniz nə oldu. Əhmədov Əhməd sərbəst buraxıldı. Hətta bildiyim qədəri ilə buna vasitəçi də öldürdüyü anasının doğma bacısı-yəni xalası oldu. Niyə? Var-dövlətə qəyyum olsun deyə.
Bəlkə də bu səhv məlumatdır, dövlətin qərarıdır. Və beləsi daha pis, daha acınacaqlı vəziyyətdir. Yəni nədir məqsəd? Əhalinin 90%-ini məzarlıqda basdırmaq? Əgər məqsəd odursa, əla addımdır! Belə də davam. Az qalıb.
Hər gün bir bölgədən ölüm xəbəri, cinayət xəbəri alırıq. Qadını-kişisi bir yana, uşaqlar ölür. Əhməd Əhmədov ailəsində 2 uşağın qatili oldu. İndi isə klinikaya yerləşdirildi, nə vaxtsa çıxacaq oradan da. Bu qədər? Danışacaq çox sözüm yoxdur. Canınızı qoruyun, taksilərə minməyin daha. Növbəti 5 qurbandan biri siz də ola bilərsiniz.
Bir də, məni düşündürən bilirsiniz nədir? Bu qərar neçə-neçə "anlaqsız vəziyyətli" şizofrenə motivasiya olacaq...
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)
Ağdam Çay Evinin tarixi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Ağdam şəhəri tarixi və mədəniyyəti ilə hər zaman Azərbaycanın dəyərli şəhərlərindən biri olmuşdur. Şəhərdə müxtəlif memarlıq abidələri və ictimai obyektlər qurulmuş və onlar şəhərin simvoluna çevrilmişdir. Bu cür simvolik məkanlardan biri də Çay evi idi.
1986-cı ilin iyulun 26-da Ağdamda rəsmi olaraq Çay evinin açılışı baş tutmuşdur. Bu məkan, şəhər sakinlərinin və qonaqların rahat bir şəraitdə toplanıb çay içməsi və söhbət etməsi üçün yaradılmışdı. Çay evi həmçinin sosial və mədəni görüşlərin təşkil edildiyi mərkəzlərdən biri idi. Layihənin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar kimi fəaliyyət göstərən Naiq Səmədov olmuşdur. Onun memarlıq baxımından unikal yanaşması, şəhərin vizual landşaftına uyğun olaraq “Çay evi”ni xüsusi bir dizaynla inşa etməyə imkan yaratmışdı.
Təəssüf ki, Ağdam şəhərinin işğalı nəticəsində şəhərdəki bir çox tarixi və mədəni abidə kimi Çay evi də tamamilə dağıdılmışdır. Bu, Ağdamın və ümumilikdə, Azərbaycanın mədəni irsinə vurulmuş ağır bir zərbə idi. Çay evi Ağdamın simvollarından biri olmaqla yanaşı, həm də şəhərin ictimai həyatında mühüm yer tutan bir məkan idi. Onun dağıdılması yalnız bir binanın məhvi deyil, həm də Ağdam şəhərinin itirilmiş bir dövrünün simvolik göstəricisi kimi qəbul edilə bilər.
İşğaldan sonra Çay evinin Ağdamın Quzanlı qəsəbəsində yenidən tikilməsi ağdamlıların bu tarixi abidəyə olan hörmət və ehtiramının nəticəsidir.
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)
Məşhur violin ifaçısı filarmoniyada konsert verəcək
Bu gün məşhur violin ifaçısı Sergey Doqadin M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verəcək.
İfaçını Azərbaycanın Əməkdar artisti, bədii rəhbər və baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.
Konsertdə Q.Qarayev, F.Əlizadə və D.Şostakoviçin əsərləri səslənəcək.
Qeyd edək ki, S.Doqadin 1988-ci ildə Sankt-Peterburq şəhərində anadan olub. O, Sankt-Peterburq Dövlət Konservatoriyasını bitirib və nüfuzlu violin ustadlarından dərslər alıb. Bir çox beynəlxalq müsabiqələrin qalibi olan və bu uğurları ilə özünü violin dünyasında təsdiqləyən S.Doqadin həm solo ifaçı kimi, həm də məşhur simfonik orkestrlərlə çıxış edir.
“Ədəbiyyat və incəsənət”
(11.10.2024)