
Super User
Növbəti Venesiya kinofestivalının favoriti hansı filmdir? ANONS
1 sentyabrda 78-ci Venesiya kinofestivalı məşhur kinorejissor Pedro Almodovarın "Paralel analar" filmiylə açılacaq. Məşhur ispaniyalı karyerasına məhz 1983-cü ildə Venesiya festivalında iştirakla başlayıb və iki il əvvəl kino sənətinə verdiyi töhfəyə görə "Qızıl Şir"i aldığı məkana xüsusi hisslə qayıdır.
"Paralel analar" filmi və festivalda nümayiş olunacaq digər filmlər barədə “ Ədəbiyyat və incəsənət” portalından sabah oxuya biləcəksiniz.
ABŞ-ın Oklahoma ştatının qubernatoru İçərişəhəri ziyarət etdi
Ölkəmizdə səfərdə olan ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti İçərişəhəri ziyarət edib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilir ki, qurumun əməkdaşları qonaqları Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə yaxından tanış edib, onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat veriblər.
Bu barədə indiyədək səthi məlumatları olan qonaqlar tarixin bir parçasını heyranlıqla izləyiblər. Daha sonra ziyarətçilər ötən il açılışı olan Bakı Xan Sarayı Kompleksinin parkı ilə və Yeraltı hamamla tanış olublar. Qonaqlar, habelə, ərazidə aparılan konservasiya və bərpa işləri haqqında da məlumatlandırılıblar.
İçərişəhərə bu ekskursiya qonaqlarda zəngin təəssürat yaradıb.
Kevin Stitt “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına “bu gözəlliklə tanış olmağa şərait yaratdıqları üçün” nümayəndə heyəti adından minnətdarlıq bildirib.
Markesin ikicildlik “Seçilmiş əsərləri” işıq üzü gördü
150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti nəşr - dünyaşöhrətli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin ikicildlik “Seçilmiş əsərləri” kitabı işıq üzü gördü.
Dövlət Tərcümə Mərkəzinin verdiyi məlumata görə, mərkəzin mətbəəsində çap edilən kitabın “Hekayələr”, “Romanlar”, “Söhbətlər, müsahibələr” adlı fəsillərdən ibarət I cildinə yazıçının “Dünyanın ən gözəl ölüsü”, “İsabel Makondada yağışa baxır”, “Montyelin dul qadını”, “Üçüncü itaət”, “Süni qızılgüllər”, “Polkovnikə məktub yoxdur”, “Gəmidən dənizə düşən adamın tarixçəsi”, “Küskün gözəlçələrimi xatırlayıram” kimi məşhur roman və hekayələri, ədəbiyyat, sənət, həyat haqqında söhbət və müsahibələri daxil edilib.
İkinci cilddə yer almış “Patriarxın payızı” və “Gözlənilən bir qətlin tarixçəsi” romanları “Latın Amerikasının tənhalığından keçən dünyanın ən məşhur yazıçısı” adlı “Ön söz” və Venesuela yazıçısı Migel Otero Silva ilə Qabriel Qarsia Markesin “Patriarxın payızı” romanı haqqında düşüncələri ilə təqdim olunub.
Əsərləri Azərbaycan dilinə – İshaq İbrahimov, Afaq Məsud, Natiq Səfərov, Arif Əmrahoğlu, Saday Budaqlı və digər tanınmış yazıçı və tərcüməçilər çevirib.
“Azərkitab”da Milli Qəhrəman Polad Həşimova ithaf edilmiş kitabın təqdimatı keçirildi
“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə ithaf edilmiş, müəllifi İlqar Kamil olan"Polad necə bərkidi" kitabının təqdimat mərasimi keçirildi. Müəllifi İlqar Kamil olan
Mərasimdə şəhid generalın anası Səmayə xanım, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli, fəlsəfə doktoru, pedaqoq Mail Yaqub, KİV rəhbərləri və ziyalılar iştirak edirdilər.
Öncə şəhidlərin xatirəsi ehtiramla yad olundu. Sonra çıxışlar başlandı.
Tədbir iştirakçıları xüsusən Səmayə xanımın çıxışını həm ürək ağrısıyla, həm də qürur duya-duya dinlədilər.
Səmaya xanım söylədi: “Polad sözündən dönməyən mərhəmətli, iradəli, hərdən öz dünyasına qapılan bir uşaq idi. Foto çəkməyi sevərdi. Kənd uşaqlarını çəkərdi. Çox cəsarətli idi, hər şeyi öyrənməyə çalışırdı. İdmanla məşğul olaraq özü də bilmədən özünü sanki gələcək qəhrəmanlığına hazırlayırdı. Hərbi hissədə əsgərləri onu “mənim komandirim” deyə çağırardı. Kitaba gəlincə, bu işdə kimin zəhməti varsa hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, sizin kimi qədirbilən gənclərimiz var”.
Sonda kitab müəllifin imzası ilə tədbir iştirakçılarına təqdim edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bregenzdə “Neron” operasının yeni quruluşda premyerası oldu
Bregenzdə keçirilən ənəvi festivalda Verdinin operası əsasında bəstəkar Arriqo Boytonun yaratdığı "Neron" raritet operasının yeni quruluşda premyerası baş tutdu.
Week-end həftəliyi bu böyük hadisə barədə yazır: “Bəzi festivallar sanki unudulmuş və yazılmamış operaların mövcudluğundan xəbərsizdirlər və yalnız zamanla yoxlanmış, təsdiqlənmiş əsərlərlə işləyirlər. Digərləri, əksinə, az tanınanlara və hətta arxiv musiqisinə üstünlük verirlər — barokko musiqi sahəsində bu, olduqca asandır. Bregenzdəki festival tam olaraq bu iki mövqenin ortasında fəaliyyət göstərir: hələ ki göl səhnəsində açıq səma altında kassa hitləri gedir. Pandemiya səbəbindən festivalın keçənilki ləğvindən sonra bu il sanki hamı ikiqat şövqlə çalışır”.
Filipp Şteltsin quruluşunda möhtəşəm "Riqoletto" operası bərpa edilərək nümayiş olundu -qapalı səhnədə unikal gözəllik və qrasiya göstərildi. İndi də "Nero" - repertuarında heç vaxt nəyisə etməyə gecikməyən Arrigo Boytonun (1842-1918) şedevri.
Üstəlik, Boytonun adı daim afişalardadır, axı Verdinin "Ottello" və "Falstafa" kimi operalarının librettoçusu kimi Boyto adını incəsənət tarixinə yaza bilib. Üstəlik, Boyto həm də ambisiyalı bəstəkardır, ən yaxşı halda onun yalnız bir operası — "Mefistofel"operası tanınıb şöhrət qazansa da bu onun bəstəkarlıq məziyyətlərini kölgəyə sala bilməz.
Vaqnerdən uzaq, lakin Verdiyə yaxın olan və Puççiniyə bənzəyən stildə "Neron"u Bregenzdə alman Dirk Kafkanın başçılığı altında Vyana Simfonik Orkestri səsləndirdi.
Qeyd edək ki, indi Bonn operasına rəhbərlik edən alman dirijoru, ilk dəfə deyil ki, festivalda çıxış edir, əvvəllər o, burada müasir musiqi nümunələri ilə dirijorluq edib. Partitura onun qarşısında yerinə yetirilməmiş vəzifələr qoymur, ümumiyyətlə, onu sözün, səsin və səhnənin vəhdətinin əsil təşkilatçısı kimi qəbul etmək olar.
Dram imperatorun anası Agrippinanın cənazəsinin görüntüləri və Neronun (Neron obrazını meksikalı tenor Raphael Rojas canlandırır) düşüncələri səhnəsi ilə başlayır ki, bu, əslində, opera üçün çox mürəkkəb görünür. Sual doğur, qadın nə üçün öldürülüb? Neron cinayətin izlərini gizlətməyə çalışır, amma ruhun qurtuluşu haqqında xəyal etmək lazım deyil. Nəhayət, onu arxasında qara qanadları olan Simon Volxvanın ( İtalyan baritonu Lucho Gallo canlandırır) iblis davranışı haqlayır. O, Neronu özünə tabe etmək istəyir. Bunun üçün ona Asteria imperatoru ilə işbirliyi barədə yalan satır. Neron əvvəlcə Simona heyran olur, amma aldanma haqqında öyrəndikdən sonra qəzəblənir. O, sonsuz qəzəbini xristianların üzərinə tökür. Repressiyanın ardınca yüksələn sonsuz zorakılıq və qəddarlıq operanın kostyumlarında da öz əksini tapır. Onlar büsbütün qan ləkələri ilə boyanıb.
Qəddar mənzərədir, həm gözəl musiqidən, süjetin dərinliyindən, təkrarsız ifadan zövq alırsan, həm də göstərilənlərin mahiyyətindən sarsılırsan.
Dünyanın musiqi elitasının diqqəti Zalsburq festivalındadır
Bu iyul günlərində musiqisevərlərin fikri-zikri Avstriyadadır. Orada, Zalsburq şəhərində klassik musiqi festivalı keçirilir.
Avropada ən məşhur musiqi festivallarından biri olan Zalsburq festivalı bu il 100 illik yubileyini qeyd edir. Pandemiya şəraiti olsa belə festivalı izləməyə dünyanın əksər guşəsindən minlərlə sənətsevər gəlib. Zalsburq festivalı hazırda öz populyarlığı ilə Tokioda keçirilən yay Olimpiya Oyunlarından heç də geridə qalmır.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir ki, Zalsburqa gəlmiş qonaqlara
160-a yaxın tədbir - dünya opera və musiqi səhnəsinin ulduzlarının iştirakı ilə teatr tamaşaları və konsertlər təqdim olunur.
Opera proqramı iyulun 26-da Avropanın ən böyük teatr rejissoru Romeo Kastelluççinin quruluşunda V. Motsartın “Don Juan" operasının premyerası ilə başlayıb, bu böyük incəsənət hadisəsi bol ovasiya qazanıb.
Festival iştirakçıları arasında Vyana və Berlin Filarmonik orkestrləri, Çikaqo simfonik orkestri var.
Forumun təşkilatçıları 200 mindən çox bilet satıblar, qiymətlər 100 avrodan 450 avroya qədərdir. Turizm şirkətləri Zalsburqa birbaşa festival turları təşkil edirlər.
Festivalın rəsmi ünvanına Bakıdan onlayn bilellər də sifariş vermək olar:
Kartenbüro der Salzburger Festspiele
Herbert von Karajan Platz 11
Postfach 140
A-5010 Salzburg
Тел. +43662 8045-500
Festivalın elektron ünvanı isə belədir:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Festivalın büdcəsi 60 milyon avro təşkil edir.
Mədəniyyət proqramı avqustun 31-də başa çatacaq.
Gün o gün olsun ki, bizim əsl sənətsevərlərimizin, mədəniyyət xadimlərimizin, virtuoz ifaçılarımızın maddi durumu elə bir səviyyəyə çatsın ki, bu sayaq tədbirləri izləyə bilsinlər.
Amin!
Bakı Kitab Mərkəzində gənc yazıçı Şah Selim Türkayın “Ev dustağıyam” kitabının təqdimatı oldu
Ölkə kitabsevərlərinin əsas ocağı sayılan Bakı Kitab Mərkəzi bu yay günlərində də qonaqlı-qaralıdır. Ötən gün orada gənc yazıçı xanımın - Şah Selimi Türkayın “Ev dustağıyam” əsərinin təqdimatı və imza günü keçirildi.
Tədbiri giriş sözü ilə açan Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirdi ki, “Ev dustağıyam” romanı müəllifin Azərbaycan dilində yazdığı ilk əsərdir. Müəllifin uzun illər Londonda yaşadığını deyən G.Anarqızı bildirdi ki, yazıçı gənclər üçün bir örnəkdir, çünki o, ölkəmizi xaricdə layiqincə təmsil edir.
Əsərin olduqca maraqlı və peşəkar səviyyədə yazıldığını bildirən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qeyd etdi ki, kitabı oxuduqdan sonra onda suallar yaranıb və o, bu suallara romanın son fəslində cavab tapıb. Əsərin əvvəlcə ingilis dilində yazıldığını, sonradan müəllif tərəfindən tərcümə olunduğunu bildirən Rəşad Məcid söylədi ki, mətn Azərbaycan dilində olduqca qeyri-adi və orijinal səslənir: “Hamı bilir ki, böyük romanlar insanları qorxudur, ancaq bu kitab məni cazibəsinə aldı və əsəri axıra qədər oxudum”, - deyə Rəşad Məcid vurğuladı.
“ASAN Radio”nun rəhbəri Emin Musəvi əsərə Azərbaycanın tanımış yazıçıları tərəfindən müsbət rəy verildiyini söylədi. Qeyd etdi ki, bu, Şah Selimi Türkay üçün böyük uğurdur. O, bunun gələcəkdə yazıçı üçün bir motivasiya olacağını dedi.
AzərTAC-ın verdiyi xəbərə görə, sonda tədbirə qatılanlara təşəkkür edən Şah Selimi Türkay əsərlə bağlı fikirlərini bölüşdü: “Romanın ümumi məğzi azadlıqda olarkən öz daxili dustaqlıq həyatını yaşayan insanlar barəsindədir. Mən nümunəvi, həqiqi müəllim obrazı yaratmaq istəmişəm. Ümid edirəm yaratdığım həqiqi müəllim obrazı bir çox gənclərimizə nümunə olacaq”.
Qeyd edək ki, Şah Selimi Türkay Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunu olduqdan sonra təhsilini Londonda davam etdirib. 2015-2018-ci illərdə Azərbaycanın müxtəlif dövlət qurumlarında strateji tədqiqatçı, iqtisadi analitik, layihə və investisiyalar üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Ədəbi yaradıcılığa xüsusi marağı olan Şah Selimi Türkayın 2019-cu ildə qələmə aldığı bir qısa hekayəsi Londonun tanınmış Faber Akademiyası tərəfindən yüksək qiymətləndirilib.
O ki qaldı “Ev dustağı” əsərinə, əsərin ana xəttini insan əqidəsinin, ruhunun, fikir və düşüncəsinin azadlığı, mənəvi müstəqilliyi təşkil edir. Əsərin qəhrəmanlarının dilindən sonsuz sevgi, övlad və yurd həsrəti, humanistlik və insan dünyasının mənəvi toxluğu, türk dünyasının keçdiyi tarixi yol ön planda bədii ifadələrlə və obrazlı sözlərlə təsvir edilib.
Nitsanı YUNESKO Dünya İrs Siyahısına daxil etdi
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (YUNESKO) Çərşənbə axşamı Nitsa şəhərini Dünya İrsi Siyahısına daxil etdi. Qərar YUNESKO-nun Dünya İrs Komitəsinin Fuco (Fujian əyaləti) şəhərində keçirilən 44-cü sessiyasında online rejimində qəbul edildi.
Bu barədə “Ədəbiyyat və
incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir.
Nitsa “Qış Rivierasının şəhər kurortu" kimi siyahıya alındı.
Şəhərin yeni Fəxri statusunu şərh edən onun meri Kristian Estrozi vurğuladı ki, "Nitsa şəhərinin tarixi həmişə dünyaya açıq olub, bu, həm Aralıq dənizi, həm də Alp regionlarının tarixidir, bu, bir Avropa şəhəridir və həm də kosmopolit şəhərdir". "Nitsanın arxitekturası və mənzərələri unikaldır, dünyanın bir çox şəhərləri üçün o, bir nümunədir” - deyə mer əlavə edib.
Mələklər buxtasının sahilində yerləşən Nitsa Sahilyanı Alp Departamentinin paytaxtı və Fransanın Kəhraba sahilində əsas şəhər və kurort bölgəsidir. IV əsrdə Qədim yunanlar tərəfindən qurulan yaşayış məntəqəsi tez bir zamanda sahillərin ən böyük ticarət şəhərlərindən birinə çevrilmişdi.
Hazırda bura həm də mədəniyyət mərkəzi kimi tanınır, dünya kinosunun əsas hadisələrindən sayılan Kann festivalı orada keçirilir.
Qeyd edək ki, London, Mayami, Karlovı-Varı kimi Nitsa da azərbaycanlı varlılar üçün ən çox mülk alınan şəhərlər sırasındadır.
“Luis Valtuenya Beynəlxalq humanitar fotoqrafiya mükafatı 2021” elan olundu
Həvəskar və peşəkar fotoqraflar arasında bu il üçün “Luis Valtuenya Beynəlxalq humanitar fotoqrafiya mükafatı” uğrunda müsabiqə proqramı elan olundu.
Bu müsabiqə İspaniyanın “Medicos del Mundo” təşkilatı tərəfindən təşkil edilib. Müsabiqənin əsas məziyyəti odur ki, istənilən şəxs ona qatıla bilər. Təbii ki, ölkəmizin fotosevərləri də öz növbələrində.
Hər bir iştirakçı minimum 5 və maksimum 10 fotoşəkil təqdim etməlidir. Müsabiqə pandemiya, sağlamlıq, təbii fəlakətlər, humanitar fəaliyyət, beynəlxalq əməkdaşlıq, sosial təcrid, insan haqlarının pozulması, silahlı qarşıdurmalar, həssas qruplar, qaçqın və ya miqrant əhalisi nominasiyaları üzrə keçirilir.
Təqdim olunan fotoşəkillər 2020-2021-ci illər arasında çəkilmiş olmalıdır.
Birinci yeri tutana 6 min avro və “Leica Q2” professional fotokamerası hədiyyə edilir.
Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://premioluisvaltuena.org/en/open-call/ linkinə daxil ola bilərsiniz.
Və onu da qeyd edək ki, qalib gəlmək üçün hər kəsin şansı var, ötən il müsabiqənin qalibi Mərakeş əsilli həvəskar fotoqraf olub.
Ədalət Şükürov yeni klipini Moskvada çəkdirdi
Tanınmış müğənni, Respublikanın Əməkdar Artisti Ədalət Şükürov bir müddət idi ki, bir neçə sənət yoldaşıyla birgə Moskva şəhərində yaradıcılıq ezamiyyətində idi, konsertlər verirdilər. Həmin dönəmdə Ədalət yeni mahnısına - «Bu nə həyatdır”a («И что за жизнь») klip çəkdirməyə də macal tapıb.
Ayrılıq barədə olan mahnıda sevginin ən böyük xoşbəxtlik olması və bir gün əliqılınclı ayrılığın gəlişinin labüdlüyü lirik tonlarla dinləyici ovqatını kövrəkliyə kökləyir. Klip də çox gözəl alınıb, mahnının ideyasını və məziyyətlərini tam açır.
Ədalət Şükürovun “Bu nə həyatdır” mahnısının hit-paradlarda yer tutacağı, ölkə musiqi gündəminə yeni ab-hava gətirəcəyi gözləniləndir.