
Super User
Bakı Beynəlxalq Kitab Yarmarkasında uşaqlar üçün bir sıra tədbirlər təşkil olunacaq
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uşaqlar üçün bir sıra tədbirlər təşkil olunacaq.
Bunlardan “Tık-Tık xanım”, “Cırtdan” uşaq tamaşası, uşaqlar və böyüklər üçün müxtəlif master- klaslar, ebru (su üzərində rəsm sənəti) və s.-ni göstərmək olar.
Yazıçı Solmaz Amanova milli Azərbaycan nağıllarının personajlarını təqdim edəcək və hər bir uşağa paltarını dəyişərək nağıl qəhrəmanı obrazında olmaq imkanı veriləcək. Yazıçı Mürşüd İsmayılzadə ilə intellektual oyunlar keçiriləcək.
Sərgi-yarmarka çərçivəsində N.Gəncəvinin əlilliyi olan uşaqlar üçün işarə dilinə tərcümə edilmiş "Yeddi gözəl" kitabının elektron versiyasının təqdimatı da gerçəkləşəcək.
Qeyd edək ki, oktyabrın 6-dan 10-dək Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sərgi-yarmarkanın məqsədi kitab və mütaliəni təbliğ edəcək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etməkdir.
Kitab sərgi-yarmarkası dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.
Bu gün “Ədəbiyyat qəzeti"ndə - Anons
"Ədəbiyyat qəzeti"nin bugünkü sayı biri-birindən maraqlı yazılarla görüşünüzə gəlir:
Tehran Əlişanoğlu – Qalibiyyət zamanı: çağdaş ədəbiyyatda diskursun dəyişməsi
Cavanşir Yusifli – Payız, “Bu dünya bir saman çöpünə dəyməz...”
Xanım Aydın – Şeirlər
Vaqif Yusifli – Füzuli sevgisi (Sabir Əliyev haqqında “Unudulmazlar” silsiləsindən)
“O kitabı atamın qırx mərasimində məzarı üstə apardım” – “Varislər”in qonağı Xalq yazıçısı İsmayıl Şıxlının oğlu Elçin Şıxlıdır (Söhbətləşdi: Əyyub Qiyas)
Nəriman Həsənzadə - Şeirlər
Səlahəddin Xəlilov – Elmilik, fəlsəfilik və bədiilik (I məqalə)
Ağasəfa – Şeirlər
Sevinc Elsevər – İşçi qadınlar (“Kinomuzda qadınlar” rubrikasından beşinci yazı)
Əlizadə Nuri – Şeirlər
Qəzənfər Paşayevin təqdimatında Kərkük şairi Mustafa Ziyanın şeirləri
Nizami Cəfərov – Ədəbiyyatşünasın dünya meridianları (Əsgər Zeynalov-70)
Alpay Azər – Essevari fikirlər (Dördüncü silsilə)
Təvəkgül Boysunar – “Ömür” (Hekayə)
Zahid Xəlil – Atalar və oğullar (Allahşükür Ağanın şeirləri haqqında qeydlər)
Qafar Əsgərzadə - Sonsuzdur Vətən sevgisi (Süleyman Rüstəm-115)
XX əsr rus şeiri – Timur Kibirovun şeirləri Səlim Babullaoğlunun tərcüməsində
Aqil Şahmuradov – Tarixini öyrənib ibrət götürənlər və gələcək nəsillərə ötürənlər uduzmaz (Cabir Alpoğlu Albantürkün kitabına Ön söz)
Maarifə Hacıyeva – Azərbaycan-Türkiyə
Baloğlan Cəlil – Şeirlər
Yaqub Əlioğlu – “Güllü gəbə” (Hekayə)
Mənbə: Edebiyyatqazeti.az
Vətən Müharibəsi “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsində əks olunur
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi son bir il ərzində Vətən Müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin istehsalına maliyyə dəstəyi göstərib. Bu filmlərin istehsalı həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən aparılıb.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında “Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsinin istehsalı davam edir. Bu filmlər hər biri 44 dəqiqə olmaqla, müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edir.
Seriyanın ilk filmi - “Görünməyən qəhrəmanlar: 27 sentyabr” Vətən Müharibəsinin başladığı günün ildönümündə - sentyabr ayının 27-də İTV-də nümayiş olunub. Filmin rejissoru və ssenari müəllifi Seyran Mahmudoğlu, prodüseri Fariz Əhmədovdur.
5 filmdən ibarət olan silsilənin digər seriyaları hər biri müxtəlif qoşun növlərinin Vətən Müharibəsi dövründəki fəaliyyətini əks etdirir. Filmlərdə şahidlər və müharibə qəhrəmanları real döyüş anlarını nəql edəcəklər, eksklüziv kadrlar göstəriləcək. Noyabr ayının əvvəlindən Zəfər Gününədək hər 5 film İTV-nin efirində yayımlanacaq.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” və İTV-nin birgə istehsalı ilə həyata keçirilir. Sənədli serialın prodüseri Fariz Əhmədovdur.
“Görünməyən qəhrəmanlar: 27 sentyabr”
Rejissor: Seyran Mahmudoğlu / Ssenari müəllifi: Seyran Mahmudoğlu
“Görünməyən qəhrəmanlar: Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları”
Rejissor: Seyran Mahmudoğlu / Ssenari müəllifi: İdris Heydərli
“Görünməyən qəhrəmanlar: Hərbi Hava Qüvvələri”
Rejissor: Bəhruz Qədirov / Ssenari müəllifi: Billurə Aslanova
“Görünməyən qəhrəmanlar: Artilleriya”
Rejissor: Ayşad Səfərəliyev / Ssenari müəllifi: İdris Heydərli
“Görünməyən qəhrəmanlar: Dövlət Sərhəd Xidməti”
Rejissor: Seyran Mahmudoğlu / Ssenari müəllifi: Esmira Bədəlova-Məmmədova
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi dəyərlərimizin kino vasitəsi ilə təbliği məqsədilə bu sahəyə dəstəyini davam etdirir.
YUNESKO-nun “Qeyri maddi mədəni irsin qorunması haqqında” Konvensiyasındakı 13 nümunəmiz
2 oktyabr. YUNESKO-nun “Qeyri maddi mədəni irsin qorunması haqqında” Konvensiyasına qoşulmağımızın ildönümüdür
Beynəlxalq təşkilatlarla əlaqələr hər bir müstəqil ölkə üçün olduqca əhəmiyyətlidir. Belə təşkilatlardan biri dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumu olan YUNESKO-dur. Qədim və zəngin ənənələrə malik Azərbaycan mədəniyyətinin qorunması, tanıdılması və təbliği ölkənin mədəniyyət siyasətinin tərkib hissəsidir. 2012-ci ildə qəbul olunmuş Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycanın 2006-ci il oktyabr ayının 2-də YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasına qoşulması, I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın 13 qeyri-maddi mədəni irs nümunəsinin YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahılarına daxil edilməsi, bununla bağlı ölkə daxilində və xaricdə çoxsaylı tədbirlərin keçirilməsi həmin siyasətin əməli nəticələridir. Azərbaycandan YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına ilk nümunə kimi Azərbaycan muğamı 2008-ci ildə daxil edilib. 2009-cu ildə Azərbaycan Aşıq sənəti və Novruz bayramı, 2010-cu ildə Azərbaycan ənənəvi xalçaçılıq sənəti, 2012-ci ildə Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı, 2014-cü ildə Qadın baş örtüyü olan kəlağayının düzəldilməsi və geyinilməsi incəsənəti, 2015-ci ildə Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan, misdən qabların və müxtəlif məhsulların istehsalı, 2016-cı ildə lavaş çörək bişirmə ənənəsi, 2017-ci ildə Azərbaycan xalq simli çalğı aləti kamança, 2018-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Fəxr edirik, qürur duyuruq.
2 oktyabr. Tanınmış Azərbaycan hərbçisi Fərrux Qayıbovun 130 illiyidir
Hərb tariximizi yaxşımı bilirik? Deyərdim ki yox. Müharibə edən bir xalqın Hərbiyyə fənnini tədris etməməsi əsla məqbul sayıla bilməz. Gəlin tanınmış hərbçimiz – tarixdəki ilk Azərbaycan pilotu Fərrux Qayıbovu yaxından tanıyaq. O, 1891-ci il oktyabr ayının 2-də Qazax qəzasının Qıraq Salahlı kəndində anadan olub. Salahlıda beşsinifli Rus-Azərbaycan məktəbini bitirərək general Ə.Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxumağa göndərilib, oranı əla qiymətlərlə bitirdikdən sonra Peterburqdakı üçillik Konstantin Topçuluq Məktəbinə daxil olub. Məktəbdə iti zehni, gözlə dəqiq ölçmə qabiliyyəti, igidliyi ilə fərqlənən Fərrux ağa xüsusilə topdan bacarıqla atəş açdığı üçün İsveçrədə hazırlanmış, arxasında “Yunker Fərrux ağa Qayıbov, 1913- cü il” sözləri həkk olunmuş “Qızıl saat” mükafatı alıb. F.Qayıbov Konstantin Topçuluq Məktəbini əla qiymətlərlə bitirdikdən sonra Aleksandropoldakı 39-cu artilleriya briqadasında xidmət edib, Birinci Dünya müharibəsi (1914-1918) başlananda Qərb cəbhəsindəki 11-ci aviasiya korpusuna göndərilib. F.Qayıbovun komandirlik etdiyi “İlya Muromets N16” təyyarəsinin 4 nəfərlik heyəti vuruşma zamanı almanların bir neçə təyyarəsini məhv edib. Qayıbov şücaətinə görə üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə), dördüncü dərəcəli “Müqəddəs Anna” ordenləri ilə təltif olunub. Lakin 1916-cı il sentyabr ayının 12-də gedən qeyri-bərabər döyüş vaxtı 25 yaşlı igid poruçik Fərrux Qayıbovun təyyarəsi vurulub, bütün heyət həlak olub. O vaxt müharibələr humanizm prinsipi ilə aparılırdı, düşməni öldürsən belə onu dəfn etməyə borclu idin. Həlak olmuş poruçiki və onun heyətini alman əsgərləri Almaniyanın Boruno kəndinin qəbiristanlığında dəfn ediblər. Ölümündən sonra Qayıbov ikinci və üçüncü dərəcəli “Müqəddəs Anna”, ardınca da dördüncü dərəcəli “Müqəddəs Georgi” ordenlərinə layiq görülüb.
1970-ci illərdə Fərrux ağa Qayıbovun adının əbədiləşdirilməsi məqsədilə Qazaxda üzərinə “İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə” sözləri yazılmış təyyarə abidəsi qoyulub.
Düzdür, deyəcəksiniz o ki çar Rusiyasına xidmət edib, amma bu bizim tariximizdir, onda durub SSRİ-yə xidmət edən İkinci dünya müharibəsi qəhrəmanlarımızdan da imtina edəsiyik ki?
2 oktyabr. Beynəlxalq zorakılıqsızlıq günüdür
İnsanlar özü kimisini hədəf seçib onun hesabına öz fiziki və cismani ehtiyaclarını zorla ödəmək fikrinə düşəndən zorakılıq deyilən nəsnə mövcuddur. Bəzən tək-tək insanlar, bəzən insan qrupu, bəzən də bütöv xalqlar zorakılığa məruz qala bilir. Bu gün beynəlxalq ictimaiyyət zorakılığa yox deyəcək, hamını ədalətli və düzgün olmağa səsləyəcək.
2 oktyabr. Ümumdünya oyun günüdür
Günümüz üçün çox aktual bir gün. Bu günün anlamı bilirsiniz nədir? Valideyinlər övladlarını məcbur etsinlər ki, onlar bu gün smartfonlarını, planşetlərini, noutbuklarını bir kənara qoysunlar, internet deyilən bir nəsnənin mövcudiyyatını unutsunlar və oyunlar oynasınlar. O oyunlardan ki, internet olmayan zamanlarda biz uşaqkən oynamışıq. Yeddi şüşə, ortadaqaldı, gizlənqaç, bənövşə-bəndə düşə oyunları vardı, oğlanlı qızlı oynayardıq. Ayrıca oğlanların çilədi, çijik kimi oyunları vardı. İntellektual oyunlar da oynayardıq, kino adları, dəniz döyüşü... Heç bilirsiniz necə maraqlı idi?
2 oktyabr. Və daha nəyin günləridir...
Beynəlxalq uroloq günüdür. Beynəlxalq sosial pedaqoq günüdür. Ümumdünya hava şarı günüdür. Ümumdünya açıqca hazırlamaq günüdür. Ümumdünya yürümək günüdür. Ümumdünya kənd təsərrüfatı heyvanları günüdür. Ümumdünya ayıqlıq və alkoqolla mübarizə günüdür. Beynəlxalq “çox da dərindən olmayan şənlənmə” günüdür. Mən ancaq beynəlxalqların və ümumdünyaların bir qismini sadaladım. Hər ölkənin də öz günlərini üstünə gəlsək 2 oktyabrın mənzərəsi tam aydın olar. Soyuducudakı yarımçıq araq şüşəsini kanalizasiyaya boşaldıb yürüyə-yürüyə uroloqun qəbuluna get, sonra evə qayıdıb açıqca hazırla, öz sosial pedaqoquna hədiyyə elə, hava şarı kirayələyib onunla səmanın ənginliklərinə qalxa bilməsən də bunu təsəvvür edib çox da dərindən olmayan bir şənlənmə hiss elə nəticədə. Sonra da atı min, iti tumarla, inəyi sağ, toyuğa da kiş de. Bu da səninçün olsun 2 oktyabr.
Varisin “1-10 oktyabrın təqvimi” yazısından
Uzun fasilədən sonra teatrlar yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlir
Teatrların fəaliyyətə başlaması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarından sonra bu gündən teatrlar qapılarını tamaşaçıların üzünə açır.
AzərTAC xəbər verir ki, bu məqsədlə artıq bir sıra teatrlarda cari repertuarlarda olan tamaşaların məşqlərə başlanılıb və mədəniyyət ocaqları tamaşaçıları qəbul etməyə hazırlaşır.
112-ci mövsümünü yaşayan Akademik Musiqili Teatrı bu gündən tamaşalar üzərində məşqlərə və bərpa işlərinə başlayacaq. Bütün bu proseslərdən sonra nümayişi nəzərdə tutulan tamaşalar haqqında sənət ocağının sosial şəbəkə hesablarında ətraflı məlumat veriləcək.
Yuğ Dövlət Teatrında da açılış həyəcanı yaşanır. Yaradıcı heyət oktyabrın 1-dən məşqlərə start verib. Teatr rəhbərliyinin qərarına əsasən, repertuardakı 8 tamaşanın yenidən bərpası nəzərdə tutulub. İlk növbədə, pandemiyadan öncə hazırlanan, amma qapanma səbəbindən premyerası baş tutmayan “Kloun BizZ” tamaşasının (M.Vişnekin “Qoca kloun tələb olunur” pyesi əsasında, rejissor – Mikayıl Mikayılov) nümayişi planlaşdırılır. Mövsümün sonuna qədər yeni tamaşanın hazırlanması da nəzərdə tutulur.
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında yaradıcı fəaliyyətə gəlincə, qeyd edək ki, teatrın binası bir müddətdir ki, əsaslı təmirə dayanıb.
Şuşa Dövlət Musiqili Dram Teatrında məşqlərə oktyabrın 4-dən başlanılacaq. İlk tamaşa isə pandemiya səbəbindən premyerası təxirə düşən “Dovşanın ad günü” (uşaqlar üçün) olacaq.
Bakı Uşaq və Gənclər Teatrı oktyabr ayından tamaşalarını bərpa etməyi planlaşdırır. Uşaqlar və böyüklər üçün tamaşalar paralel bərpa olunacaq. Teatr mövsümü isə 8 Noyabr – Zəfər Günündə açacaq.
Sumqayıt Dövlət Dram Teatrı da yaradıcı işə başlayır. İlk olaraq gənc yazıçı Ülviyyə Heydərovanın “Uşaqlıq” və “Pələng” monotamaşalarının səhnə həlli tamamlanacaq. Bundan başqa, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsəri yeni quruluşda səhnələşdiriləcək. “Göyçək Fatma” nağıl-tamaşası da bərpa edilərək balacaların ixtiyarına veriləcək.
Gəncə Dövlət Kukla Teatrı tamaşaçıları qarşısına pandemiyadan öncə hazırladıqları yeni tamaşalarla çıxacaq. “Xeyir və Şər”, “Quyruqsuz ulağın sərgüzəştləri”, “Bizim bağın gözəli” və “Bremen musiqiçiləri” adlı hər dörd tamaşa premyerasını da etmiş olacaq.
Ağdam Dövlət Dram Teatrı da “4.4 Qısa Tamaşalar Festivalı”na hazırlaşır. Kollektiv paytaxtda teatrsevərlər qarşısına pandemiyadan əvvəl səhnələşdirilmiş “Günahsızlar” tamaşası ilə çıxacaq. Bundan başqa, teatr ilin sonunadək daha iki yeni səhnə işini hazırlamağı planlaşdırır.
Mingəçevir Dövlət Dram Teatrı da pərdələrini açmağa hazırlaşır. Teatrda Mir Cəlal Paşayevin üç hekayəsinin motivləri əsasında lirik-poetik müharibə dramı üzərində iş aparılır. “Leyla” adlı tamaşanın nümayişi 18-24 oktyabr tarixində olacaq. Teatrda yarımçıq qalan səhnə işlərinin də məşqləri davam etdiriləcək.
Qusar Dövlət Ləzgi Dram Teatrı bu gün Abdulla Qurbaninin “Çingiz dastan”ı əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Yaradıcı heyət Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə layihəsi olan “4.4 Qısa Tamaşalar Festivalı”na da hazırlaşır. Festivalda Ramiz Duyğunun “Xarıbülbül” tamaşası təqdim olunacaq.
Füzuli Dövlət Dram Teatrı fəaliyyətinə repertuar tamaşası ilə başlayacaq. Akif Həsənoğlunun “Yaddaş” adlı bu səhnə nümunəsi şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Teatr rəhbərliyi oktyabr və noyabr ayları üçün repertuarda olan hərbi-vətənpərvər mövzulu tamaşaların hamısını bərpa etmək niyyətindədir.
Şəki Dövlət Dram Teatrı əsas diqqəti yeni əsərlərin tamaşaya qoyulmasına yönəldib. İlin sonuna qədər İtaliya dramaturqu Karlo Qoldoninin “Məzəli hadisə” və çex yazıçısı Karel Çapekin “Ana” əsərləri tamaşaya qoyulacaq. Müharibə mövzusundakı ən məşhur əsərlərdən olan “Ana”ya teatrın baş rejissoru Mirbala Səlimli quruluş verəcək.
Qazax Dövlət Dram Teatrı da qapılarını tamaşaçılarının üzünə yeni səhnə əsəri ilə açmaq istəyir. 2021-ci ilin axırına kimi qırğız yazıçısı Mar Baycıyevin “Duel” (rejissor – Allahverdi Musayev) və ingilis yazıçısı Con Qolsuorsunun “Birincilər və sonuncular” (rejissor – Musa Eyyubov) əsərləri təhvil veriləcək. Məşqlərə isə oktyabrın 5-dən başlanacaq.
Lənkəran Dövlət Dram Teatrında iki yeni tamaşa artıq səhnə məşqi mərhələsindədir. Bunlar “Varlı ev” və “Ləpələrin nağılı” tamaşalarıdır. Yaradıcı heyət “4.4 Qısa Tamaşalar Festivalı”na da hazırlaşır. Lənkəran teatrı da Karel Çapekin “Ana” faciəsinə müraciət edib. Əsərə teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov quruluş verəcək. Teatrın karantindən sonra öz səhnəsində tamaşası isə “Vəfalı Səriyyə” (20-30 oktyabr) olacaq.
Gəncədə Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə silsilə tədbirlər davam edir
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri şəhər əhalisinə və şəhərin qonaqlarına konsert təqdim olundu.
Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AMEA-nın Gəncə Bölməsinin rəhbəri Fuad Əliyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, mədəniyyət işçiləri, şəhər ziyalıları, digər idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
Konsertin diktoru, Filarmoniyanın aparıcı artisti Mirqasım Əliyev səhnəyə gələrək Azərbaycan ərazi bütövlüyü, suverenliyi uğrunda, eləcə də II Qarabağ Vətən Müharibəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini elan etdi.
Sonra Respublikanın Əməkdar artisti, Filarmoniyanın direktor əvəzi Elçin Elçiyevin bədii rəhbəri olduğu Xalq Çalğı Alətləri Orkestri maraqlı konsert proqramını təqdim etdi.
Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasında rəqslə başladı.
Respublikanın Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova musiqisi Üzeyir Hacıbəylinin, sözləri Nizami Gəncəviyə məxsus olan “Sevgili canan” romansını, Əməkdar artist Kəmalə Tağızadə bəstəkar Oqtay Rəcəbovun “Anam Azərbaycan” mahnısını, Milli Konservatoriyasının tələbəsi Günel Hacıyeva Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülcöhrənin ariyasını, Asəf Zeynallının “Ölkəm” romansını, Xalq artisti Sevinc İbrahimova Fikrət Əmirovun Nizami Gəncəvinin sözlərinə yazdığı “Gülüm” romansını, solist Rüstəm Cəfərov Niyazinin “Vətən nəğməsini”, solist Xəyal Əliyev Əlibaba Məmmədovun “Xudayar təsnifi”ni təqdim etdilər.
Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, bəstəkar Svetlana Zelmixan qızının Nizami Gəncəvinin “Görünür” qəzəlinə yazdığı mahnını “Gəncəm” triosu, Telman Hacıyevin bəstəsi olan “Gəncəm” mahnısını Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova təqdim etdilər.
Konsertdə Filarmoniyanın baletmeysteri Sənan Cavadovun rəhbəri olduğu “Xəmsə” uşaq rəqs ansamblı “İgidlər” və “Naz eləmə” rəqslərini təqdim etdi.
Konsertin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov səhnə gələrək Xalq Çalğı Alətləri Orkestrinin kollektivinə, ifaçılara, konsertin təşkilatçılarına öz səmimi minnətdarlığını bildirdi.
Bu gün beynəlxalq musiqi günüdür
1 oktyabr. Beynəlxalq musiqi günü
İnternational Music Day. İnsanlığın estetik gözəllikləri sırasında musiqi əvəzsiz yer tutur. O, insanın ruhuna qida verir, hiss və emosiyalarını oyadır. İlk dəfə musiqi gününü 1975-ci ilin bugünkü günündə keçiriblər. YUNESKO tərkibindəki Beynəlxalq Musiqi Şurası (IMC) bu günün qeyd edilməsinin təşəbbüskarı olub. Musiqi barədə o qədər bilmədiklərimiz var ki. Məsələn, beyin qidaya reaksiya verdiyi sürətlə musiqiyə də reaksiya verir. Musiqinin kulminasiya anında o ki deyirik e, tüklərim ürpəşdi, bu, beyinin ayırdığı dofamin maddəsi ilə əlaqədardır ki, bu maddəyə həm də həzz maddəsi deyilir; 1912 – 1948-ci illər tarixindəki Olimpiya oyunlarının proqramına musiqi üzrə də yarışma qatılıbmış. Yarışlar orkestr və instrumental musiqi üzrə solo və xor ifası şəklində keçirilirmiş; Pok ulduzlarının orta statistik ömrü adi insanlarınkından 25 il qısa olur; Ağır rokun “metal” stilində ifa edən bütün musiqiçilərin 19,3 faizi intiharla ömürlərini başa vurur; Xorvatiyanın Zadar şəhərinə yüz minlərlə turist gəlir ki, təbiətin ifa etdiyi canlı musiqini dinləsinlər: dənizə düşən ağ mərmər pillələrin altında yerləşən polietilən borular və rezin səth küləyin və dalğanın toxunuşu ilə elə harmonik və eleqant səs çıxarır ki, ilk dəfə dinləyən şəxs bunun əsil musiqi olmasına əsla şübhə etmir; Bitlz qrupunun dörd üzvünün heç biri not tanımırdı; Fortepiano 12000 ayrı hissələrdən pərçimlənib; 2016-cı ildə dünyada ən çox kompakt disk satan çağdaş müğənni Beyons olub, amma həmin il Motsartın bundan 20 faiz daha çox kompakt diski satılıb – 1, 25 milyon ədəd; Albert Eynşteynin əla skripka ifa etməsi var idi və s. və i.
1 oktyabr. Ümumdünya gülüş günü
Biz Sovet dönəmində aprelin 1-ni səbirsizliklə gözləyirdik, həmin gün aldatma günü sayılırdı, daha çox adamı aldatmaq və aldanmamağa çalışmaq – hər kəsin kredosu belə idi. Sonralar postsovet məkanında həmin günü gülüş günü kimi təqvimlərə saldılar. Amma dünyada isə Ümumdünya gülüş günü bu il məhz bu gün – oktyabrın 1-də qeyd edilir: World Smile Day. Biz postsovetin bir parçası olmaqdan vaz keçib gəlin özümüzü dünyanın bir parçası hiss edək, belədə, Gülüş günümüz mübarək olsun! Bu gün yaxşı əhval-ruhiyyədə olmaq, pozitivlik nümayiş etdirmək tələb olunur hər kəsdən. Hər kəsin nəyəsə ehtiyacı var. Birinin sonuncu bir milyonu toplayıb varidatını milyarda çatdırmağa, birinin evinə bir çörək almaq üçün zibilxanadan tapaçağı sonuncu karton parçasına. Amma maddi ehtiyac bir yana, mənəvi ehtiyacı ödəməkçün gülüş, yaxşı əhval-ruhiyyə çox vacibdir. Sadəcə gülümsəməklə insan dərhal qaramatdan azad ola bilir. 1999-cu ildən üzü bəri hər ilin oktyabr ayının ilk cüməsinin gülüş günü kimi qeyd edilməsinin kökləri Amerika rəssamı Xarvi Bellə gedib çıxır. Zamanında onu hətta istedadsız sanırmışlar, o, heç cür parlaya bilmirmiş. 1963-cü ildə SMLACA sığorta şirkətindən ona sifariş gəlir ki, vizit kartları üçün nəsə yaddaqalan bir simvol yaratsın. Xarvi oktyabrın ilk cüməsində onlara hırıldayan sarı sifət təqdim edir, indi biz buna smayl deyirik. Sifarişçilər məmnun qalıb ona 150 dollar ödəyirlər, beləcə, çox bəyənilən gülümsəyən smayl dünyaya yol açır.
Gülüş doğuran lətifələrə bənzər məzəli hadisələr daim bizi təqib edir, yetər ki, onlara diqqət ayıraq. Birini mən deyim, qalanını da siz deyərsiniz. 90-cı illərin sonları imiş. Bir dəfə rəhmətlik kaman ustamız Habil Əliyev bir tədbirdə iranlı bir musiqiçi ilə tanış olur. Habil Əliyev ondan soruşur ki, neçənci təvəllüdsən? İranda təqvim Hicri-qəməri təqvimidir, təbii ki, bunu hamımız bilirik. İranlı deyəndə ki, 1367-ci ildənəm, Habil Əliyev dərhal “Maşallah, yaxşı qalmısan” söyləyir.
1 oktyabr. Beynəlxalq Ahıllar Günü
2002-ci ilin aprel ayında İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə II Ümumdünya məclisi keçirildi. Bu ümumdünya tədbirində belə bir fikir səsləndi: “Yaşlılar da cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Lap qədim zamanlardan ahıl insanlar ən hörmətli, müdrik adamlar hesab olunmuşlar. Onların sərvəti onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür”. BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etdi. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir.
Yaşlı insanların taleyinə respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyun ayının 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır. Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, ölkəmizin şəhər və rayonlarında da müəyyən qurumlar ərazidə yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər. Həmin tədbirlərdə respublika üzrə 10 minlərlə ahıl və əlil vətəndaş bayram süfrələrinə dəvət olunur, onlara ərzaq paylanır, maddi yardım göstərilir. Gəlin bir ağızdan ahıl insanları təbrik edək!
1 oktyabr. Herontoloq günü
Herontologiya elmi insan orqanizminin bioloji, psixologi və sosial aspektdən qocalmasını öyrənən elmdir. Bəzən qocalma prosesi erkən baş verir, bəzənsə yubanır. Təbii ki, buna səbəb insanın sağlamlıq durumu, keçirdiyi həyat tərzidir. Bir də, ağ, yaxud qara gün sürməsidir.
1 oktyabr. Ağ-qara yayımdan rəngli yayıma
Bu gün həm də Beynəlxalq vegetarianlıq günüdür. Ümumdünya kakao və şokolad günüdür həm də. Kofe kakaodan və şokoladdan geri qalarmı? Üstəlik, beynəlxalq kofe günüdür. Həm də CD player günüdür. ABŞ-da bu gün maliyyə ilinin başlanğıc günüdür. ABŞ-da bu gündən məktəb direktorları aylığı başlayır, həm də itləri gəzdirmək həftəsi. ABŞ-ın mətbəx bayramları silsiləsi də davam edəcək. Demokratiya carçıları bu gün Milli Balqabaq üçün ədva gününü qeyd edəcəklər. Azərbaycanda isə bu gün Prokurorluq işçilərinin peşə bayramıdır.
1967-ci ilin bu günündə hər bir sovet adamı üçün əsl bayram imiş – televiziya rəngli verilişlər verməyə başlayıbmış. 1949-cu ildə Pekində Çin Xalq Respublikası qurulub. Tarixdə ilk yaxta yarışı isə 1661-ci ilin 1 oktyabrında İngiltərə Krallığında baş tutub, Kral II Karl qardaşı Ceymslə yarışıb və onu keçib. Ola da bilsin ki, Ceyms qorxusundan qardaşına uduzub. Ağzı nədir, kralı keçsin?
Varisin “1-10 oktyabrın təqvimi” yazısından
Daşkənd Beynəlxalq Film Festivalında ümumilikdə 11 türk filmi nümayiş olunacaq
Daşkənd Beynəlxalq Film Festivalında Türkiyə kinosuna da geniş yer ayrılıb. Müxtəlif ölkələrin kino günlərinin təşkil olunduğu festival çərçivəsində Türkiyə xüsusi bölməsinin də geniş proqramı var.
AzərTAC xəbər verir ki, festival günlərində Daşkənd, Səmərqənd, Buxara və Xivə şəhərlərində Nuri Bilge Ceylanın “Ahlat ağacı” və Semih Kaplanoğlunun “Sədaqətin mənşəyi” də daxil olmaqla ümumilikdə 11 türk filmi nümayiş olunacaq.
Festivalın Türkiyə xüsusi bölməsi Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Daşkənddəki səfirliyi və Yerli Düşüncə Dərnəyi tərəfindən hazırlanıb. Film nümayişləri ilə yanaşı Türkiyə ilə Özbəkistan arasında kino sahəsində ortaq layihələr və əməkdaşlıqla bağlı görüşlər də keçiriləcək.
Festivala Türkiyədən Nuri Bilge Ceylan, Reis Çelik, Mahmut Fazıl Coşkun, Ercan Kesal, Oktay Kaynarca, Melisa Aslı Pamuk, Erkan Petekkaya, Nazan Kesal, Filiz Ahmet, Erkan Kolçak Köstendil və Dilan Çiçek Deniz kimi tanınmış rejissorlar və aktyorlar qatılıb.
7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında LİBRAFF stendində oxucuları maraqlı görüşlər gözləyir
6-10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında LIBRAFF stendində baş tutacaq müəlliflərlə görüş və imza saatlarının qrafikini sizlərə təqdim edirik:
1. Şah Səlimi Türkay - 6 oktyabr, 11:30
2. Leyla Zülfüqarlı - 6 oktyabr, 13:00
3. Leyla Şah - 6 oktyabr, 15:00
4. Varis Yolçuyev - 7 oktyabr, 11:00
5. Özge Uzun - 7 oktyabr, 13:00
6. Günel Əsgərova - 7 oktyabr, 15:00
7. Orxan Adıgözəl - 7 oktyabr, 15:10
8. Bəhram Bağırzadə - 8 oktyabr, 11:00
9. Famil Alməmmədov - 8 oktyabr, 13:00
10. Zaur Bayramoğlu - 8 oktyabr, 15:00
11. Vüsalə Məmmədova - 9 oktyabr, 11:00
12. Mail Yaqub - 9 oktyabr, 15:00
13. Nərmin Mahmudova - 10 oktyabr, 11:00
14. Coşqun Kərimov - 10 oktyabr, 13:00
15. Rəsul Həsən - 10 oktyabr, 14:30.
Florian Zenqstşmid: Azərbaycan Turizm Bürosu Qarabağda turizmin inkişafı üçün bir sıra layihələr üzərində işləyir
Qarabağ gözəl məkan olsa da, orada hər hansı bir turizm layihəsini həyata keçirmək üçün infrastrukturun inkişafı mütləqdir.
AzərTAC xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Milli Ulduz Təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimində deyib.
O əlavə edib ki, Azərbaycan Turizm Bürosu Qarabağda turizmin inkişafı üçün bir sıra layihələr üzərində işləyir: “Orada ən vacib məsələ infrastruktur məsələsidir. Artıq yollar açılıb Füzulidə aeroport fəaliyyətə başlayıb. Biz buna sevinirik. Əminik ki, bizim layihələrimizə də növbə çatacaq. Ən əsası odur ki, Azərbaycanın siyasətində turizm başlıca rol oynayır”.