Super User
Aqata Kristinin məşhur romanı ekranlaşdırılacaq
İngiltərə kinematoqrafı qızıl klassikaya müraciət etməkdə israrlıdır. BBC şirkəti Aqata Kristinin “Öldürmək asandır” romanını televiziya üçün ekranlaşdırmağa hazırlaşır. Çəkilişlər yay aylarında başlanacaq.
“Ədəbiyyat və incəsənət” M24.ru-ua istinadən xəbər verir ki, yeni ekran əsərinin rejissoru Britaniya-Hindistan kinematoqrafı Muni Zaur olacaq. Filmdə rolları kimlərin ifa edəcəyi yalnız yayda keçiriləcək kastinqdən sonra bəlli olacaq.
Romanın süjetinə görə, Lyuk Fitsvilyam ad-soyadlı bir gənc və miss Pinkerton adlı yaşlı xanım qatarda yol yoldaşı olur.
Miss Pinkerton özünün yaşadığı kənddə törədilmiş silsilə qətllər barədə məlumat vermək üçün Skotlend-Yarda gedir. Lakin onu avtomobil vurur və onun nəzərdə tutduğu işi Lyuk öz üzərinə götürməli olur.
“Ədəbiyyat və incəsənət”
(24.02.2023)
Cadenza-dan Xocalı faciəsinin ildönümünə həsr olunmuş konsert
Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestrinin “Yaddaş#2” adlı proqramı təqdim olunub.
Xocalı faciəsinin ildönümünə həsr olunan konsertdə orkestrin ifasında Orxan Həşimov “Piano və solo üçün violin”, Fərhəng Hüseynov “Stabat Mater”, Qalib Məmmədov “Simli kvartet”, Ayaz Qəmbərli “Miniatür”, Tahir İbişov “Epitafiya” və Azər Hacıəskərlinin “613.1992” əsərləri səsləndirilib.
Cadenza orkestrinin təşkil etdiyi proqram Xocalı soyqırımını sənətin dili ilə də təqdim edib. Bəstəkarların əsərlərində hüzn, kədər, qəm-qüssə intonasiyalarla yanaşı, mübarizə ruhu və düşməni məğlub edərək Qələbəmizə inam hissi öz əksini tapıb.
“Ədəbiyyat və incəsənət”
(24.02.2023)
Yaşar Nurinin yol əhvalatı
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Yaşar Nuridir.
YAŞAR NURİ
(1951-2012)
***
“Bəyin oğurlanması” filmindən sonra ekranda səslənən sözlər zərb məsəlinə çevrilmişdi. Bir gün tanışlardan birinin maşını ilə toydan qayıdırdıq. Sən demə sürücü tanışım az da olsa toyda içibmiş. Yəqin, mənə arxayın olub sükan arxasına keçib. Yolda bizi avtomobil müfəttişi saxladı. Zabit idi.
– Sənədlərinizi verin.
– Rəis, Yaşar Nuri də maşındadır, – sürücü dedi.
– Sənədlərinizi verin, – bir də təkrar etdi. – Qayda pozmusunuz.
– Rəis, Yaşar müəllimi deyirəm ey, xalq artisti Yaşar Nuri, maşındadır.
Dostum sənədləri verdi. Zabit sənədləri alıb, salona boylandı, başını bulayıb dikəldi, arxaya çevrilib yanındakı serjanta uca səslə filmdən sitat söylədi:
– Əə, min dəfə demişəm ki, bu uşaq-muşağı özün yola sal də...
Sənədləri serjnata verib gülə-gülə getdi.
“Ədəbiyyat və incəsənət”
(24.02.2022)
Azərbaycan Milli Kulinariya komandası İtaliyadan vətənə dörd medalla dönüb
Azərbaycan Milli Kulinariya komandası İtaliyanın Rimini şəhərində keçirilən “Avropa Qran-Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”nin son günündə daha bir medal qazanıb. Yarışmada Dövlət Turizm Agentliyinin dəstəyi ilə iştirak edən aşpazlar ümumilikdə dörd bürünc medal əldə ediblər.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) təşkil etdiyi müsabiqənin Avropa üzrə yarımfinalının son günündə “Qlobal gənc aşpaz” kateqoriyası üzrə yarışmada azərbaycanlı aşpaz Emil Zeynalzadə bürünc medal qazanıb.
Xatırladaq ki, milli komandanın üzvləri yarışmanın ilk günündə digər üç kateqoriya - “Qlobal usta aşpazlar müsabiqəsi”, “Qlobal şirniyyat hazırlanması üzrə aşpaz” və “Qlobal veqan aşpaz” kateqoriyaları üzrə yarışmalarda bürünc medallar qazanıblar. Beləliklə, “Avropa Qran-Prisi 2023” mərhələsində Azərbaycan komandası mövcud dörd kateqoriyanın hər birində medal əldə ediblər. Bu qələbə Azərbaycan komandasının üzvlərinə gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” tədbirinin final mərhələsinə vəsiqə qazandırıb.
Qeyd edək ki, yarışmanın son günündə Azərbaycan Milli Kulinariya komandasının məşqçiləri Orxan Muxtarov və Martin Maitland yarışda münsiflər heyətinin köməkçi üzvləri kimi qiymətləndirmə prosesində iştirak ediblər.
Həmçinin Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Dövlət Turizm Agentliyi tərəfindən tədbir məkanında “Qarabağ, Şuşa” mövzusunda hazırlanmış destinasiya məlumat stendini ziyarət edərək komandaya dəstək olub.
Rimini Ekspo Mərkəzində keçirilən “Avropa Qran-Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə Xorvatiya, Belçika, Macarıstan, Kipr, Rumıniya, Latviya, Almaniya, Serbiya, Estoniya, Portuqaliya, Sloveniya, İspaniya, Lüksemburq və digər ölkələrdən komandalar təmsil olunublar.
“Ədəbiyyat və incəsənət”
(24.02.2023)
“Köksü dağlı Xocalı”
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində yaxın keçmişimizin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 31 illiyinə həsr olunmuş “Köksü dağlı Xocalı” adlı anım günü keçirilib.
Tədbir Dövlət Himni ilə açıq elan olunub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılışda muzey əməkdaşı tədbir İştirakçılarını salamlayaraq əsrin terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb.
Daha sonra Xocalı faciəsinin canlı şahidləri erməni terrorizminin dəhşətlərindən, faciə sonrası yaşadığı, yaddaşlarında həkk olunmuş dəhşətli anları bölüşdülər.
Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış Xocalı hadisələrini əks etdirən videoçarx nümayiş olunub.
Anım gününün bədii hissəsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında şəhidlərin xatirəsinə ithaf olunmuş kompozisiya ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(24.02.2023)
“Tanrının əzbər bildiyi bir mahnıdır səsin” – Ümid Nəccarinin şeirləri
SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun 32 finalçısının əsərlərindən ibarət Antologiya bu il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.
Ümid Nəccari
Ümid Nəccari 1989-cu il aprelin 15-də Təbriz şəhərində anadan olub. İlk təhsilini Təbriz şəhərində alıb. 2009-2013-cü illərdə İslam Azad Universitetinin Təbriz filialında Elektronika fakültəsində oxuyub. 2016-2020-ci illərdə isə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb.
Dövri mətbuatda tez-tez lirik şeirləri ilə görünür. 2022-ci ildə Avropanın məşhur Beynəlxalq IWA Bogdani Ədəbiyyat Birliyinin aktiv üzvü seçilib. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Bermud üçbucağı
Üzünü soyuq səngərə qoyan yaralı əsgərəm bu axşam.
Mərmilərim sözdən...
Gözlərinin üzünü gözlərimə qoy!
Hamımız bir az yaralıyıq bu müharibədə.
Hamımız bir az sürgünük qürbət məmləkətimizdə...
Gözlərinin üzünü gözlərimə qoy!
Gözlərin Bermud üçbucağı
Gedənlər qayıtmır bir daha...
Soruşsalar deyərsən:
Qayıtmadı o şair!
Qar
Darıxdığım gecələrdə,
Tanrının əzbər bildiyi bir mahnıdır səsin
Yağır qar kimi bu şəhərə.
Eləcə səssiz...
Eləcə ağappaq...
Tragik poeziya
Məndən bir tikə uzaqlarda,
Qalıb yağış altında
Məndən gedənlərin biletlərində
"dönüş" yazılmır,
Külək ağacların kabusudur
soyuq gecələrdə.
Pəncərələrin röyasında üşüyür
bir qadının barmaq izləri.
Əlləri çinar yarpağına bənzər bir məhbus,
səsi işıq rəngindən olan birisi,
azadlıq naminə
bəlkə yazdı bu şeiri kamerasının divarına.
Bəlkə göyərçinin sinəsində doğdu bu yazı
Günəş yerinə.
Müharibədə o qızcığazın güllə yerinə
bəlkə ürəyinə sıxdılar bu şeiri...
"Bəlkə"lər ağrıdan bir quşdur arzular səmasında,
Uçur... Uçur... Puç olur.
Əllərimin keçmişi Yunan Tanrılarıdır
Unudulub,
basdırılıb tarix qəbiristanlığında
Gözlərim...
Gözlərim gömüldü sənin ucqar gözəlliyində.
Məni basdır tənhalığımla payızın rənglərinə.
Payızdır...
Yarpaqlar seçki bülletenidir,
Ağaclar səs verir ölümə.
Hərflərin məzarlığı
Öpdüm gecənin qaranlığını...
Keçdim səhərin günəş səhifəsinə.
Əlimdə yarpaqların yaşıllığı,
Əlimdə bahar fəsli...
Baxa-baxa kor dünyada gözlərimi axtarıram.
Kişilərin ayaqlarında ağrı,
Başında yaylıq əsir qadınların,
yaylıq,
əsir ölkənin bayrağı kimi
əsir...
Başımdakı şeirə uzanan əllər
Sabahın alatoran ətəyindən yapışır
Başımdakı şeirə uzanan əllər qandal içində
Qan-tər içində...
Nə vaxtdır güzgülər göstərmir şairləri,
Şairlər hərflərin məzarlığında yatır.
Burada qadınların saatı ilə qürub edir günəş,
Burada qaranlıqdan əsir külək...
“Ədəbiyyat və incəsənət”
(24.02.2023)
TÜRKSOY-un Baş katibi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva TÜRKSOY-un Baş katibi Sultan Rayevlə görüşüb. Fondun yaydığı məlumata görə, görüşdə türk xalqları arasındakı hərtərəfli dostluq münasibətlərinin daha da möhkəmlənməsində Türk Əməkdaşlıq Təşkilatları tərəfindən göstərilən səylərin önəmindən söz açılıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və TÜRKSOY-un türk xalqlarına məxsus ortaq mədəni irsin təşviqi istiqamətindəki işləri üzrə ümumi söhbət aparılıb. Şuşanın “2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin mühüm əhəmiyyəti vurğulanaraq, bu səpkidə birgə təbirlərin həyata keçirilməsi müzakirə olunub.
Görüşdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun təşkili ilə bağlı görülən hazırlıqlardan bəhs edilib.
Eyni zamanda, tərəflər Beynəlxalq Türk Dilləri Forumunun və digər layihələrin keçirilməsi, eləcə də Türk Dünyasının böyük şəxsiyyətlərinin ildönümlərinin qeyd olunması yönündə əməkdaşlığın vacibliyinə toxunub.
“Ədəbiyyat və incəsənət”
(24.02.2023)
Belə dözülməz şəraitdə hansı incəsənətdən danışmaq olar?
Və ya mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin Ağsu rayonuna səfərinə sözardı
Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin nazirliyin məsul şəxsləri ilə birlikdə Ağsu rayonuna səfər etməsi barədə sizlərə məlumat vermişdik.
Səfər zamanı Adiı Kərimli və nazirliyin məsul şəxsləri Heydər Əliyev Mərkəzinə, Mərkəzi Kitabxanaya, Mədəniyyət Mərkəzinə, Mədəniyyət evinə, Ağsu şəhər Uşaq Musiqi Məktəbinə və Ağsu Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçiriblər. Həmin müəssisələrin fəaliyyəti ilə tanışlıq zamanı əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, yaradıcı insanların, o cümlədən, istedadlı gənclərə dəstək göstərilməsi, onların yerli və ölkə əhəmiyyətli müsabiqələrdə təmsil olunmasına şərait yaradılması, tədris şəraitinin yaxşılaşdırılması ilə bağlı Adil Kərimli tərəfindən müvafiq tapşırıqlar verilib.
Səfər zamanı çox ciddi nöqsanlar da aşkara çıxardılıb. Məsələn, 84 nəfər müəllim və texniki işçi heyətinin çalışdığı, 271 şagirdin təhsil aldığı Ağsu şəhər Uşaq Musiqi Məktəbinə baxış zamanı məktəb binasının qəzalı vəziyyətdə olduğu və belə şəraitdə tədrisin davam etdirilməsinin mümkünsüzlüyü müəyyən edilib. Şəkillərdə buradakı dözülməz şəraiti özünüz də görürsünüz.
Rayon üzrə Fövqəladə Hallar Komissiyasının müvafiq aktı öyrənildikdən sonra hazırkı vəziyyətdə tədrisin mövcud binada davam etdirilməsinin təhlükəli olduğu qənaətinə gələn Adil Kərimli müəllim və şagird heyətinin müvəqqəti olaraq binadan çıxarılmasına, tədrisin bu müddətdə digər binada davam etdirilməsinə qərar verilib.
Maraqlıdır, gərək elə bu boyda həngaməni məsul şəxs şəxsən gedib özü aşkara çıxarsın? Bəs yerli kadrlar görəsən hara baxırlar?
“Ədəbiyyat və incəsənət”
(24.02.2023)
Əməkdar rəssam vəfat edib
Azərbaycanın mədəniyyətinə itki üz verib. Əməkdar rəssam Ağasaleh Nuriyev fevralın 23-də, 83 yaşında vəfat edib.
Ağasaleh Məmmədhüseyn oğlu Nuriyev 28 mart 1940-cı ildə Bakıda anadan olub.
1962-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə Kiyev Dövlət Rəssamlıq İnstitutunu rəssam-monumentalçı ixtisası üzrə bitirib. 1976-cı ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilib. Əsərləri respublikamızla yanaşı Rusiya, Almaniya və Türkiyədə sərgilərdə nümayiş olunub.
Rəssamın yaradıcılığında vitrajlar xüsusi yer tutur. O, Azərbaycan Rəssamlar İttifaqında (“Flora və fauna”, 1973), Səməd Vurğunun Ev-Muzeyində (1975) vitraj kompozisiyaları, AMEA Əlyazmalar İnstitutunda M.Füzuli və M.Ş.Vazehin vitraj portretləri, Bibiheybət məscidində vitrajların müəllifidir.
Dəzgah vitraj nümunələri arasında “Kristal struktur”, “Ritmik kompozisiya I”, “Bürkü”, “Uçuş”, “Metamorfoz”, “Noktürn”, “Müasir ritmlər”, “Major kompozisiyası” və s. əl işləri xüsusilə maraq doğurur. Rəssam “Musiqiçilər” kompozisiyası (“İnşaatçılar” metro stansiyasının bədii tərtibatı) ilə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (1976) iştirak edərək medala layiq görülüb.
Ağasaleh Nuriyev 2006-cı ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. “Nurlu sənət dünyası” adlı sonuncu fərdi sərgisi 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində keçirilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.02.2023)
İqtisadi rayonların bölgüsünə uyğun olaraq 12 regional mədəniyyət idarəsi yaradılıb
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli Sərəncamında dəyişiklik edilib.
Bununla bağlı fevralın 23-də Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq 12 regional mədəniyyət idarəsi (Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi, Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi, Qarabağ Regional Mədəniyyət İdarəsi, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi, Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi, Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi, Mil–Muğan Regional Mədəniyyət İdarəsi, Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi, Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi) yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(24.02.2023)


