Super User

Super User

 

Yaxşılar “Oskar” alır, pislərsə “Qızıl Moruq”. Növbəti dəfə “Qızıl Moruq” mükafatına namizədlərin adı açıqlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadla xəbər verir ki, ilin ən pis aktyoru, ssenarisi, rejissor işi və filmi seçimində ən tanınmışlar yer alıblar. 

Təqdimata bir baxın:

“...darıxdırıcı musiqili filmlər, aşağı keyfiyyətli trillerlər, demək olar ki, “iki saatlıq reklam çarxı” və həvəskar bir tamaşaçının izləyə bilməyəcəyi Bryus Villis. Başqa sözlə, 2021 “Qızıl Moruğ”u məyus etmədi!”

“Netflix”dən “Diana: müzikl” ən çox nominasiyaya sahibdir. Bu filmin adı doqquz kateqoriyada çəkilib. Dram janrında "Karen" və "Pəncərədəki qadın" trilleri beş kateqoriya üzrə yer tutub. 

Bryus Villisə ayrıca nominasiya verilib.

Ən pis aktyor namizədləri arasında Skott İstvud ("Təhlükəli"), Rou Hartampf ("Diana: müzikl"), Lebron Ceyms ("Kosmik cem: yeni nəsil"), Ben Platt ("Əziz Evan Hansen") və Mark Volberq ("Sonsuzluq") yer alıb.

Ən pis aktrisalığa namizəd Emi Adams ("Pəncərədəki qadın"), Janna de Vaal ("Diana: müzikl"), Meqan Foks ("Taxıl tarlasında gecə yarısı"), Tarin Menninq ("Karen") və Ruby Rouz ("Qisas mələyi") olub.

İkinci planda namizədliyi irəli sürülən ən pis aktrisalar Emi Adams ("Əziz Evan Hansen"), Sofi Kukson ("Sonsuzluq"), Erin Deyvi ("Diana: müzikl"), Cudi Kay ("Diana: müzikl") və Tarin Menninq ("Hər şey sona qədər") olub.

İkinci plan üzrə ən pis aktyorlar Ben Afflek (Son duel), Nik Kannon (Centlmensayağı soyğunçuluq), Mel Gibson (Təhlükəli), Qaret Kiqan (Diana: müzikl) və Jared Leto ("Gucci Evi") seçilib.

Bryus Villisin 2021-ci ildəki ən pis rolu "Amerika mühasirəsi", "Cinayət axtarışı", "Ulduzların sərhədi", "Dalan", "Qala", "Taxıl tarlasında gecə yarısı", "Həyatdan kənar" və "Oyunda sağ qal" filmləri arasından seçilib.

Ən pis rejissor nominasiyaları Kristofer Eşli (Diana: müzikl), Stiven Çboski (Əziz Evan Hansen), Deymon "Kouk" Daniels (Karen), Renni Harlin (Centlmensayağı soyğunçuluq) və Co Rayta ("Pəncərədəki qadın") verilib.

Ənənəvi olaraq, qaliblər “Oskar” mərasimindən bir gün əvvəl elan edilir. Bu il “Qızıl Moruq” mükafatını kimin alacağı martın 26-da məlum olacaq.

Amma, razılaşın ki, Bryus Vills bu biabırçılığa çətin ki, dözəcək.

Çərşənbə, 09 Fevral 2022 08:30

UNESCO-nun sessiyası işə başlayıb

 

UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 15-ci sessiyası işə başlayıb

 

UNESCO-nun baş qərargahında qurumun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 15-ci sessiyası onlayn formatda işə başlayıb.

AzərTAC xəbər verir ki, sessiyada ölkəmizi Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, Mədəniyyət Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyi təmsil edir.

Sessiya çərçivəsində 2022-2023-cü illər üçün gələcək iş planına dair qərar qəbul olunacaq, tərəflərin dövrü hesabatları dinləniləcək. Beynəlxalq Mədəni Müxtəliflik Fondunun (IFCD) icrasına baxılacaq və onun 12-ci çağırışı çərçivəsində Fonda təqdim olunmuş yeni layihələrin maliyyələşdirilməsi təsdiqlənəcək. Həmçinin Hökumətlərarası Komitə IFCD-nin resurslarından istifadəyə dair təlimatların ilkin təftiş layihəsini, eləcə də mikro, kiçik və orta mədəniyyət və yaradıcı müəssisələrlə müntəzəm məsləhətləşmə mexanizminin yaradılması üçün texniki-iqtisadi əsaslandırma haqqında hesabatı müzakirə edəcək. O, vətəndaş cəmiyyəti təşkilatlarının üçüncü Forumunun nəticələrini nəzərdən keçirməklə 2005-ci il Konvensiyasının həyata keçirilməsində vətəndaş cəmiyyəti ilə əməkdaşlığı gücləndirmək vasitələrinə baxacaq.

Sessiyada Azərbaycan nümayəndələri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcəklər.

Xatırladaq ki, Azərbaycan Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin üzvüdür.

Azərbaycanda cizgi filmlərinin çəkilməsi hazırda geniş vüsət almaqdadır. 

 

Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri Rüfət Həsənov bildirir ki, “Azanfilm” studiyası “Qarınqulu” adlı ilk tammetrajlı animasiya filmini çəkməyə hazırlaşır.

Qeyd edək ki, ötən il “Azanfilm” tərəfindən “Tıq-Tıq möcüzələr axtarışında – Qobustan” filmi istehsal edilib. Filmin prodüseri Mənsur Şəfiyev, ssenari müəllifi və rejissoru Sultan Abbasbəylidir. 2021-ci ilin aprel ayında “Azanfilm”in “Həyat davam edir” layihəsi Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində iştirak edib.

“Azanfilm” Animasiya Studiyası tərəfindən “Oğurlanmış bahar” filminin bu təhvil verilməsi planlaşdırılır. 

Bu ekran əsərinin rejissoru Aleksandra Şirinovadır.

 

Xəbər verdiyimiz kimi, Moskvanın “İllüziya” kinoteatrında Azərbaycan kinosunun retrospektivi başlayıb. 

İlk olaraq Fariz Əhmədovun rejissoru olduğu “Sonuncu” (Sonuncu, 2021) sənədli filmini nümayiş edilib. 

 

TASS agentliyi xəbər verir ki, açılış mərasimində Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət attaşesi Nigar Axundova filmlərlə bağlı məlumat verib.

O, deyib: “Təqdim edilən filmlər müasir Rusiyada Azərbaycan kinosunun ilk irimiqyaslı retrospektividir. Tamaşaçılar 1935-ci ildən bu günə qədər böyük bir dövrə baxa biləcək. Proqramda yaşlı nəslin, qızıl dövrün, eləcə də gənc Azərbaycan kinosunun ustadlarının maraqlı əsərləri təqdim olunur”.

Proqrama Hüseyn Mehdiyevin “Özgə vaxt” (1996), Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” (1997) qara komediyası, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Eldar Quliyevin çəkdiyi “Bir cənub şəhərində” (1969) ictimai-psixoloji dramı, “Qətldən yeddi gün sonra” detektivi (1991), Rüfət Həsənovun "Daxildəki ada" komediyası (2020) ekran əsərləri daxil edilib. Tamaşaçılara ümumilikdə 19 film təqdim olunacaq.

Retrospektivin açılışında Xəzər dənizindəki Kür dili adasının sonuncu sakini Vitali Pronindən bəhs edən “Sonuncu” sənədli filmi nümayiş etdirilib. Layihənin premyerası 2021-ci ildə Rotterdam Film Festivalında keçirilib.

Qeyd edək ki, retrospektiv “İllüziya” fevralın 15-dək davam edəcək.

Çərşənbə, 09 Fevral 2022 11:30

Karikaturaçımız finalçılar arasındadır

 

Rumıniyada hər il keçirilən Humodeva Beynəlxalq Karikatura müsabiqəsinin finalçıları məlum olub. 172 əsər içərisində həmyerlimiz Soltan Soltanlının da bir əsəri var. 

Şərti adı “Sevgi əsiri” olan əsəri portalımızın oxucularına təqdim edirik.

Bu gün Bakıdakı Rus Evində “Qafqaz” beynəlxalq fotoklubunun internet-portalının təqdimat mərasimi keçiriləcək. 

 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, klubun sədri Aleksandr Karyagin həmin tədbirdə 2022-ci il üçün planlaşdırılan layihələr barədə söhbət açacaq. 

Tədbirin qonaqları arasında fotoqraflar, KİV nümayəndələri və gənclər təşkilatlarının təmsilçiləri olacaq.

 

Rejissor və prodüser Firəngiz Qurbanovanın rəhbərlik etdiyi “Birlik” animasiya studiyasının “Qarabağ nağılı” adlı layihəsi Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Böyük Qayıdış” müsabiqəsinin qalibi olub. 

 

Müsabiqənin şərtlərinə görə, animasiya filmi nazirliyin maliyyə dəstəyi ilə çəkiləcək.

Sözügedən film “Mənə nağıl söylə” adlı serialın ikinci hissəsidir. Animasiya filminin birinci seriyası olan “Araqçın” 2020-ci ildə çəkilib və festivallarda uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, “Birlik” animasiya studiyası 2021-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birlikdə “Sərçə” filmini çəkib. Film rejissor Gülnar Əliyevanın diplom işidir.

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Xalq artisti, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu evində ziyarət edib.

 

Nazirlikdən bildirilir ki, görüş zamanı Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovu doğum günü münasibətilə təbrik edən Anar Kərimov, ifaçının yaradıcılığının Azərbaycan incəsənətində xüsusi rolundan söhbət açıb. Sənətkarın mahnılarının dillər əzbəri olduğunu qeyd edib.

Nazir, həmçinin onu da qeyd edib ki, Əlibaba Məmmədovun yetişdirdiyi tələbələr bu gün Azərbaycan muğam sənətinin gələcək nəsillərə ötürülməsində birbaşa iştirak edir.

Sonda isə Anar Kərimov ifaçıya möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar diləyib.

 

Bu şeir Tural Turanın oğlu Meteyə yazdığı ilk şeirdir. Doğulan gün qələmə alıb. 2021-ci ilin noyabrında. Hansı ölkədə doğulduğunu qanlı-qadalı müharibə ovqatlı günlərdə övladına ağlaya-ağlaya bu şeirlə izah etməyə çalışıb. 

Tural Turanın “Bu Vətənə ayaqqabı almışam” adlı şeirini oxucularımıza təqdim edirik:

 

Bu Vətənin ovucları üşüyür,

Əlcəyi yox, qış ortası yalındı.

Sinəsinə yağış güllə döşəyir,

Su keçirmir, sırıqlısı qalındı.

 

Bu Vətənin baxışları üşüyür,

Atıb gedib sevdiyi qız özgəyə.

Bu Vətənin alğışları üşüyür,

Çıxa bilmir nə buluda, nə göyə...

 

Bu Vətənin inancları üşüyür,

Tanrısından and kitabı almışam.

Bu Vətənin ayaqları üşüyür, 

Bu Vətənə ayaqqabı almışam.

 

Yaradıcı iqtisadiyyatın digər məsələlərlə yanaşı, elmə əsaslanan iqtisadi fəaliyyəti, insan yaradıcılığı, ideyaları, bilik, texnologiya, mədəni irs və digər fərdi və kollektiv yaradıcılıq ifadələri arasında qarşılıqlı əlaqəni əhatə etdiyini qəbul edərək, BMT Baş Assambleyasının 74-cü sessiyasında 2021-ci il “Dayanıqlı İnkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat ili” elan edilmişdir.

 

AzərTAC xəbər verir ki, bu fikirləri ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qurumun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyası üzrə Hökumətlərarası Komitənin 15-ci iclasındakı çıxışında deyib.

“Davamlı İnkişaf üçün Beynəlxalq Yaradıcı İqtisadiyyat İli”nin COVID-19 pandemiyasının yaradıcı iqtisadiyyatı iflic etdiyi vaxta təsadüf etdiyini bildirən daimi nümayəndə səhiyyə böhranının bütün dünyada mədəniyyət sektorunda mövcud zəiflikləri üzə çıxardığını qeyd edib. Bildirib ki, sanitar böhran yaradıcılığın hər kəs üçün, xüsusən də rifahımız üçün nə qədər vacib olduğunu bir daha təsdiqlədi.

Azərbaycan yaradıcı sektoruna COVID-19 pandemiyasının təsirindən söz açaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ildə elan edilmiş “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” çərçivəsində ölkədə yaradıcı sənayeni dəstəkləmək və bu sahədə iqtisadi artımı təmin etmək üçün “İqtisadi artım” prioriteti çərçivəsində “Mədəniyyətin və yaradıcı sənayenin (Kİİ) dinamik inkişafı və bu sahədə ixrac potensialının gücləndirilməsi”nə dair məqsədlərin müəyyən edildiyini qeyd edib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaradıldığı qeyd edilərək, bu Federasiyanın ölkəmizdə Yaradıcılıq və Mədəniyyət Sənayesinin inkişafı üçün zəruri olan münbit ekosistemi dəstəkləməklə, maarifləndirmə tədbirləri həyata keçirdiyi, yaradıcı məhsul və xidmətlərin istehsalı və ixracını təşviq etdiyi, yaradıcılıq sənayesi sahəsində ictimai təşkilatlara, habelə 2019-cu il “Kreativ Azərbaycan” portalında yaradılmış müxtəlif fəaliyyətləri idarə etdiyi diqqətə çatdırılıb.

Azərbaycanın qastronomik paytaxtı Lənkəran şəhərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinin Azərbaycan, eləcə də UNESCO üçün regionumuzun zəngin mədəniyyətinin və mətbəxinin kəşf edilməsində növbəti uğur və tarixi nailiyyət olduğu bildirilib.

Vurğulanıb ki, “Xarıbülbül” musiqi festivalı Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsindən sonra ilk möhtəşəm tədbir olaraq istedadlı musiqiçilərin tanınmasına töhfə verib. Festivalın ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi kollektivlərini Cıdır düzündə bir araya gətirməsindən, Azərbaycan mədəni müxtəlifliyinin əsl mahiyyətini əks etdirən xalq və klassik musiqi proqramı təqdim etməsindən danışılıb.

2021-ci ilin oktyabr ayında Bakı Ekspo Mərkəzində “Qarabağın bərpası, yenidən qurulması və inkişafı – Qarabağı yenidən qur” adlı beynəlxalq sərgidən, onun müxtəlif mövzulara- “İşğal olunmuş ərazilərdə iqtisadi, investisiya və turizm potensialı və “Rəqəmsal iqtisadiyyat”a, Qarabağda həyata keçirilməsi təklif olunan layihələrə, Azərbaycanda “yaşıl enerji”nin inkişafı imkanlarına həsr olunduğu qeyd edilib. Bu sərgi çərçivəsində “Mədəniyyət üçün sülh” (Peace4Culture) qlobal kampaniyasına həsr olunmuş panel sessiyasının keçirilməsindən söz açılıb.

Sessiya iştirakçılarına Azərbaycan Prezidentinin “Ağıllı şəhər” və “Ağıllı kənd” Konsepsiyasının hazırlanması ilə bağlı sərəncamı haqqında məlumat verilib.

Çıxışın sonunda Azərbaycan və UNESCO əlaqələrinə toxunularaq, bu il bu əlaqələrin 30 illiyinin tamam olduğu bildirilib. Bu illər ərzində UNESCO-ya möhkəm və davamlı tərəfdaşlıq və qurumun səlahiyyətlərinin müxtəlif sahələrdə dəstəklənməsinin ölkəmiz üçün prioritet olduğu söylənilib.

Azərbaycanın qurumun bir çox mühüm tədbirlərinə ev sahibliyi etdiyi, Afrika Prioriteti, gender bərabərliyi və təhsil kimi sektorlarda mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq üzrə müxtəlif layihələr həyata keçirdiyi bildirilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.