
Super User
Əkbər Qoşalı “Mədəniyyət sahəsində uğurlara görə” medalı ilə təltif edilib
Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin "Мәдәнияттәге казанышлар өчен" - "Mədəniyyət sahəsində uğurlara görə" medalı ilə təltif edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, medalı Bakıda səfərdə olan Tatarıstan Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Dövlət Mükafatı laureatı Rkail Zəydulla təqdim edib.
Əkbər Qoşalı qardaş xalqlar arasında, o cümlədən Tatarıstanla ədəbi-mədəni əlaqələrin qurulması, gücləndirilməsi yönündə uzun illərdir səmərəlui fəaliyyət göstərir. O, "Gənc tatar şeiri" antologiyasını Bakıda nəşr etdirib, bir neçə tatar yazarını yaradıcılıq örnəklərinin azərbaycancaya çevrilərək yayınlanmasını, onların respublikamızda keçirilən beynəlxalq ədəbiyyat tədbirlərində iştirakını təşkil edib. Əkbər Qoşalı Tatarıstanda keçirilən bir neçə ədəbi-mədəni tədbirdə çıxış edib.
Türk dünyasının qaynayıb-qarışmasında, ədəbi-mədəni əlaqələrinin qurulmasında Əkbər Qoşalının zəhməti danılmazdır.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
“Kəbleyi, adam sənin evində məşq eləməkdən həzz alır...”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
Cahangır Zeynalov (1865-1918)
Maddi imkanım yaxşı idi, odur ki, həmişə kasıb aktyorlara, rejissorlara əl tuturdum. O vaxt evim indiki İstiqlaliyyət küçəsi ilə Dilarə Əliyeva küçələrinin kəsişdiyi yerdə, indi Şahmat klubu var ha, bax, orada idi. Otaqların birini məşq üçün ayırmışdım, hələ səhnə kimi bir yer də düzəltdirmişdim orada. Hüseyn Ərəblinski cavan idi, səhnədə ilk addımlarını atırdı. Mirzəağa Əliyev, Mirmahmud Kazımovovski, Hacıağa Abbasov, Məhəmməd bəy Əlvəndi, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi sənət adamları tez-tez evimə gələr, həmin səhnədə məşq edərdilər. Məşqdən sonra qonaqlarıma süfrə açardım. Bir gün yenə məşq edirdik.
– Kəbleyi, adam sənin evində məşq eləməkdən həzz alır, – Mirmahmud Kazımovski dedi.
– Hə, vallah, düz deyirsən, ay Miri, – gənc Ərəblinski onu sözünə qüvvət verdi, – adam məşqdən çox, məşqin qurtarmağını gözləyir.
– Yəni belə tez yorulmusan? – təəccüblə xəbər aldım.
– Yox, Kəbleyi, mən məşq eləməkdən yorulmamışam, məni mətbəxdən gələn bozbaşın iyi hayıl-mayıl eləyib, – Hüseyn zarafatla söylədi.
Sonra xəbər tutum ki, iki gündür qarın dolusu yemək yemir.
***
Bir gün Əbdürrəhim bəy Haqverdiyev, Hüseynqulu Sarabski, Əbülfət Vəliyevlə bir yerdə “Qubernat” parkında gəzişirdik. Bir də gördük Ərəblinski başını aşağı salıb, pərt-pərt ora-bura baxır. Bizi görəndə özünə toxtaqlıq verib yaxınlaşdı. Salam-kalamdan sonra xəbər aldım:
– Nə olub ay, Hüseyn? Sözlü adama oxşayırsan. –
Hamı nəzərlərini ona dikmişdi. Hüseyn qoltuğundakı qəzetlərin arasından bir kağız çıxarıb bizə uzatdı.
– Kəbleyi, bu, Əbdürrəhim bəyin “Ağa Məhəmməd şah Qacar” əsərinki rollardı. Xeyli də rol var. Tamaşanı qoymaq üçün çoxlu pul-para lazım olacaq. Gəlsənə, tamaşanın xəzinədarlığı boynuna götürəsən. Səni bir balaca xərcə salmağımıza nə deyirsən?
Fikirləşmədən cavab verdim:
– Mənim bütün var-dövlətim, bu millətin maarif-tərəqqisi üçün peşkəşdir. Mənim bu gözlərim üstə. Mən oldum sizin xəzindarınız. Hə, de görüm kefin açıldı, ya yox?
O, gün elə bil Hüseynə dünyanı bağışladım. Yerə-göyə sığmırdı.
***
Səhnəmizdə qadın aktyorlar yox idi, qızım Nəsibənin aktyor olmağını arzulayırdm. Ancaq 1918-ci ilin 17 martında Bakıda erməni daşnaklarının törətdiyi məlum hadisələr başladı. Məcbur olub həyat yoldaşım Hüsniyyə xanımla, körpə Nəsibə qızımı götürüb İranın Ənzəli şəhərinə, qayınatamın yanına getdim. Oktyabrın əvvəlində ara sakitləşdi, “Ardahan” gəmisi ilə Bakıya qayıdanda fırtına qopdu, 8 gün dənizdə qaldıq, natəmizlik baş alıb getdi, ağır xəstələndim. Nəfəs ala bilmir, qızdırmadan od tutub yanırdım.
Qonşularım üstünə həkim çağırdı. Həkim məni müayinə edib köks ötürdü:
– Yatalaq xəstəliyə tutulmusan, Kərbəlayi, – dedi, – sənə ciddi müalicə lazımdır.
Nəfəsim kəsilə-kəsilə həkimə baxdım. Onun gözlərindəki ümidsizliyi görəndə hər şeyi başa düşdüm.
– Yəqin, ömür bura qədərmiş, həkim, – dedim, – ürəyim arzularla doludur, Azərbaycan teatrının xoş günlərini görmək istəyirdim, ancaq nə etmək olar. İnanıram ki, gələcək nəsillər mədəniyyətimizin inkişafında bizim də xidmətlərimizi unutmazlar.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Qaliblərin filmlərini “Azərbaycanfilm” çəkəcək
Xəbər verdiyimiz kimi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə “Start - 2023” film layihəsi müsabiqəsini elan edib. “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətə başlamasının 100-cü ilinə həsr olunan müsabiqə sərbəst mövzuda keçirilir.
Müsabiqədə janr məhdudiyyəti yoxdur. Müsabiqədə debüt filmlərini çəkəcək (müraciət edilən kateqoriyada 1-ci və ya 2-ci film) rejissorlar iştirak edə bilərlər.
Müsabiqə 2 kateqoriyada keçirilir:
Kateqoriya 1: Bədii film – tammetrajlı və ya qısametrajlı film
Kateqoriya 2: Qısametrajlı animasiya filmi (26 dəqiqəyə qədər)
Müsabiqə aşağıdakı mərhələləri əhatə edir:
1-ci mərhələ - Layihələrin qəbulu (31 yanvar 2023-ə qədər)
2-ci mərhələ - Layihələrin dəyərləndirilməsi (1 fevral – 31 mart 2023)
3-cü mərhələ - Nəticələrin elan olunması (3-7 aprel 2023)
1-ci mərhələ - Layihələrin qəbulu
Müsabiqənin 1-ci mərhələsi kinostudiyanın nəzdində yaradılmış Ekspert Şurasının katibliyi tərəfindən həyata keçirilir.
Müsabiqəyə təqdim edilən sənədlərdə qüsurlar olmadığı halda film layihələri 2-ci mərhələdə iştirak hüququ əldə edir.
Layihələrin qəbulu – 31 yanvar 2023-cü il tarixlərində nəzərdə tutulur.
2-ci mərhələ - Layihələrin dəyərləndirilməsi
Müsabiqənin 2-ci mərhələsində film layihələri kinostudiyanın nəzdində yaradılmış Ekspert Şurası tərəfindən qiymətləndirilir.
Layihələrin 1 fevral – 31 mart 2023-cü il tarixlərində dəyərləndirilməsi nəzərdə tutulur.
3-cü mərhələ - Nəticələrin elan olunması
Nəticələr 3-7 aprel 2023-cü il tarixlərində kinostudiyanın internet informasiya ehtiyatında (www.azerbaijanfilm.az), sosial şəbəkə profillərində və onlayn media vasitəsilə elan olunur.
Bəs müsabiqənin şərtləri hansılardır?
Müsabiqənin 1-ci kateqoriyasında (tammetrajlı və qısametrajlı bədii film) filmoqrafiyasında audiovizual sahədə müəyyən işi olmuş (videoçarx, sənədli film, bədii film, animasiya filmi və s.) və bu istiqamətdə 1-ci və ya 2-ci filmini çəkmək üçün müraciət edən rejissorlar iştirak edə bilər. Müsabiqənin 2-ci kateqoriyasında (qısametrajlı animasiya filmi) bu istiqamətdə 1-ci və ya 2-ci filmini çəkmək üçün müraciət edən rejissorlar iştirak edə bilər. Müraciətlər xarici film istehsalı şirkətləri və fondları, həmçinin yerli maliyyə mənbələri ilə müştərək şəkildə təqdim edilə bilər. Bu halda müştərəklik müqaviləsi və layihənin maliyyələşməsi sənədləri təqdim edilməlidir. Müsabiqədə qalib gəlmiş layihələrin ssenarisi üzərində təkmilləşdirmə işi yalnız Ekspert Şurasının rəyi və kinostudiya direktorunun əmri ilə aparıla bilər. Bu halda müraciət edən rejissor/prodüserin və ya kinostudiya rəhbərliyinin təklif etdiyi yeni müəllif layihəyə qoşula bilər. Hər müəllif hər kateqoriyada yalnız bir layihə ilə müsabiqədə iştirak edə bilər.
O ki qaldı mükafatlara, qalib müəlliflər diplomla mükafatlandırılır. Hər kateqoriyada birinci yerin qalibi olmuş layihələrin onu təqdim edən rejissor tərəfindən “Azərbaycanfilm” kinostudyasında istehsal olunması nəzərdə tutulur. Müsabiqədə qalib gələn müəlliflərlə müqavilə bağlanılır və müqavilədə hüquq və öhdəliklər əks olunur. Ekspert Şurasının apardığı müzakirələr məxfi saxlanılır. Müsabiqəyə təqdim olunan layihələrin müəlliflik hüquqları ilə bağlı sonradan yarana biləcək hər hansı mübahisəli məsələyə görə rəhbərlik və Ekspert Şurası məsuliyyət daşımır.
Müsabiqəyə təqdim olunan sənədlər 31 yanvar 2023-cü il tarixinə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. poçt ünvanına elektron qaydada göndərilməlidir. Müsabiqəyə son müraciət tarixi Bakı vaxtı ilə 2023-cü il 31 yanvar 00:00-da bitir. Bu tarixdən gec göndərilmiş müraciətlər etibarsız hesab edilir. Elektron poçt vasitəsilə müraciətlər yalnız “Müsabiqə” başlığı altında göndərilməlidir. Müsabiqənin sənəd qəbulu qaydasının hər hansı bir bəndinə uyğun olmayan müraciət barədə müraciət edən tərəf e-mail vasitəsi ilə məlumatlandırılır. Bundan sonra sənədlər müraciət edən tərəfindən qaydalara uğun şəkildə yenidən göndərilmədikdə həmin müraciət edən müsabiqədə iştirak hüququnu itirmiş hesab olunur və bu hallarla bağlı heç bir apellyasiya müraciətinə baxılmır. Müsabiqə ilə bağlı təşkilati işlər kinostudiyanın ictimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən həyata keçirilir.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin xatirəsi anılıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən Azərbaycan şairi, mütəfəkkiri, maarifçi və pedaqoq Mirzə Şəfi Vazehin anım günü ilə bağlı tədbir təşkil edilib.
“Ədəbiyyt və incəsənət” portalı Baş İdarənin mediaya açıqlamasına istinadən məlumat verir ki, oxuculara xidmət şöbəsinin Abonement bölməsinin müdiri Lalə Səlimova şairin vəfatından 170 il ötdüyünü qeyd edərək, onun yaradıcılığından danışıb və Vazeh təxəllüsü altında həm Azərbaycan dilində, həm də fars dilində yazdığını, eləcə də bu dillərdə poeziya ənənələrini inkişaf etdirdiyini vurğulayıb.
Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova Mirzə Şəfi Vazehin Azərbaycanın görkəmli şairi və maarifçisi olduğunu deyib: “Şairin təsis etdiyi "Divani-hikmət" ədəbi fəlsəfi məclisi Gəncə şairlərinin, ziyalılarının böyük marağına səbəb olub. Onun həyatının ən maraqlı, yaradıcılığının ən parlaq dövrü Tbilisi şəhəri ilə bağlı olub və o, "Tiflislə əlvida" şeirində öz düşüncələrini qələmə alıb”.
Tədbir iştirakçıları M.Ş.Vazehin zəngin yaradıcılığından danışaraq onun Azərbaycan poeziyasına yeni fikir, düşüncə tərzi gətirdiyini qeyd ediblər.
Sonda Mirzə Şəfi Vazehə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Bakı və Gəncə şəhərlərində “Rauf Hacıyev-100” adlı musiqi festivalı keçiriləcək
Dekabrın 3-dən 27-dək Bakı və Gəncə şəhərlərində “Rauf Hacıyev-100” adlı musiqi festivalı keçiriləcək. Sözügedən festival Prezidenti İlham Əliyevin bəstəkarın 100 illiyi haqqında imzaladığı müvafiq Sərəncama əsasən Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival çərçivəsində R.Hacıyevin “Qafqazlı qardaşqızı” operettası, estrada və caz, kamera və simfonik əsərlərindən ibarət konsertlər, eləcə də bəstəkarın xatirəsinə həsr edilmiş elmi-yaradıcı diskussiya baş tutacaqdır. Tədbirlər Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Heydər Əliyev Sarayı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Gəncə Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq. Konsertlərdə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, R.Behbudov adına Dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, “Qaya” Dövlət Ansamblı, Xalq artistləri – Adilə Əliyeva, Salman Qəmbərov, Azər Zeynalov, Əməkdar artist Afaq Abbasova, ifaçı Fərid Əliyev, tanınmış estrada müğənniləri Zaur Əmiraslanov, İlhamə Qasımova, Rövşən Qəhrəmanov, tanınmış caz kollektivləri “Bakustik Caz”, “Səbinə Hacıyevanın Caz Triosu”, “DiHaj”, “H3 Collective”, Vüsal Rzasoyun rok qrupu və başqa heyətlər iştirak edəcəkdir.
Xatırladaq ki, 1922-ci il təvəllüdlü bəstəkar 1997-ci ildə - 75 yaşında vəfat edib.
Bir sözlə, featival maraqlı olacaq.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Dekabrın sonlarında Sumqayıtda növbəti kitab bayramı olacaq
Dekabrın 23-24-25-də Azərbaycan Nəşriyyatları Assosiasiyası, Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə “İkinci Sumqayıt kitab sərgisi” açılacaq.
“Ədəbiyyat və incəsənət” portalı Nəşriyyatlar Assosiasiyasının mediaya açıqlamasına istinadən xəbər verir ki, ötən il keçirilən ilk sərgi oxucular tərəfindən rəğbətlə qarşılanıb. İkinci sərgi isə daha möhtəşəm proqram və çoxçeşidli kitabların təqdimatı ilə seçiləcək.
Ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə keçiriləcək sərgidə kitabsevərlərə 90 faizədək endirimlər tətbiq olunacaq. Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və ustad dərsləri keçiriləcək.
Qeyd edək ki, müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar, sadəcə uşaqlar üçün nəzərdə tutulmuş "kids zone"da mütəmadi və əyləncəli fəaliyyətlərlə bu sərgi daha möhtəşəm olacaq.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Azərbaycanla Tatarıstan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub
Azərbaycanla Tatarıstan arasında turizm əlaqələrinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın artırılması məsələləri noyabrın 28-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Tatarıstanın Turizm üzrə Dövlət Komitəsinin sədri Sergey İvanov arasında keçirilən görüşdə müzakirə olunub.
Dövlət Turizm Agentliyindən mediaya verilən məlumata görə, görüşdə Fuad Nağıyev pandemiyadan sonra Azərbaycanda turizmin bərpası, son dövrlərdə turizm sahəsində görülmüş işlər, Qarabağın turizm imkanlarının bərpası üçün icra olunan layihələr haqqında məlumat verərək, Rusiya Federasiyası ilə turizm sahəsində əməkdaşlıq əlaqələri çərçivəsində Tatarıstanla da müxtəlif birgə tədbirlərin keçirilməsinin mümkünlüyünü qeyd edib.
Tatarıstanın Turizm üzrə Dövlət Komitəsinin sədri Sergey İvanov öz növbəsində Azərbaycanla turist mübadiləsinin artmasında maraqlı olduqlarını və Kazandan Bakıya birbaşa uçuşların mövcudluğunun turizm əlaqələrinin genişlənməsində əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə qarşılıqlı təbliğat məqsədli ilə turizm sənaye nümayəndələri və media nümayəndələri üçün birgə infoturların təşkili, turizm məhsullarının tanıdılması üçün müştərək layihələrin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
Günün fotosu: Fransada məhbus sayı rekord həddə çatıb
Günün fotosu: Fransada məhbus sayı rekord həddə çatıb
Fransada məhbus sayının rekord həddə çatması ictimaiyyəti narahat edən ən əsas məsələdir. Ədliyyə Nazirliyinin məlumatına görə, ölkə həbsxanalarında hazırda 72809 insan məhkumluq həyatı keçirir.
Belə şey heç vaxt olmayıb.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
“Şuşa mədəniyyətinin inciləri” layihəsində bu dəfə “Balıq” xalçası
Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Balıq“ xalçasına həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qarabağ qrupuna aid “Balıq” adlı məşhur xalça kompozisiyası öz adını ara sahəsində balıq formasına bənzəyən naxışdan alıb. Xalçanın əsas istehsal edildiyi yer Bərdə şəhəri, XVIII əsrin II yarısından isə Şuşa olub.
Xalça “Əfşan” kompozisiyası əsasında qurulub. Təqdim olunan “Balıq” xalçasının ara sahəsində naxışların tərtibatı simmetrik və fasiləsiz rapport əsasında verilib. Burada ara sahə və haşiyə quruluşları naxış tərtibatı ilə yanaşı, həm də Qarabağ xalçaçılığına məxsus xüsusi rəng ahəngdarlığına malikdir.
Bir qayda olaraq, bu xalçalar böyük və uzunsov ölçüdə toxunur. Bu kompozisiyalı dəst xalı-qəbələr XIX əsrdə Qarabağda çox məşhur idi.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)
“Atabəylər” serialının çəkiləcəyi xəbəri ciddi ajiotaj doğurub
İlk serialımız “Atabəylər: Şəmsəddin Eldəniz”in çəkilməsi xəbəri on minlərlə insanda sevinc hissləri yaradıb, sosial şəbəkələrdə müzakirə yaradıb. Ekran işinin yayılan tizeri bəzi istifadəçi tərəfindən tənqidlərə də məruz qalıb.
Çoxu serialı Türkiyədə yayımlanan “Diriliş: Ertuğrul”, “Uyanış: Büyük Selçuklu”, “Alparslan: Büyük Selçuklu” kimi tarixi layihələrə bənzədib. Geyimlər və döyüş səhnələrinin oxşarlığına görə “Atabəylər: Şəmsəddin Eldəniz”in sadalanan serialların təkrarı, plagiatı olduğu iddia edilib.
Bundan əlavə, fraqmentdə “Bütöv Azərbaycan” ifadəsinin səslənməsi də müzakirə yaradıb. İddia olunur ki, tarixi həqiqətlər, o dövrdəki geyimlər və digər mövzular düzgün əks olunmayıb.
“Ədəbiyyat və incəsənət” portalı məsələ ilə bağlı tarixçi Faiq Ələkbərlinin fikirlərinə diqqət çəkir. Tarixçi tənqid edənlərin əksinə olaraq bildirib ki, “Bütöv Azərbaycan” ifadəsinin o dövrdə səslənməsi normaldır:
“Mən izləməmişəm, amma o dövrdə Bütöv Azərbaycan ifadəsinin işlənməsi və bu kimi məsələlər normaldır. Heç kəs nəsə deyə bilməz ki. Zatən o dövrdə Azərbaycana bir bütöv kimi baxılırdı. İfadə kimi səsləndirilməsi də mümkün ola bilərdi. Hesab edirəm ki, bu müsbət haldır. Bütünlükdə işdə bir qüsur ola bilər. Amma belə bir serial yayımlanırsa, həm tariximizi yeni nəsilə doğru-düzgün çatdırmağımız, həm də gələcəyimiz üçün önəmlidir. Çünki bilməlidirlər ki, Azərbaycan xalqı tək 10 milyon deyil, 50-60 milyondur. Onun ərazisi Yeni Azərbaycan Respublikasından ibarət deyildi. Ən azından Dərbənddən, Kəngər körfəzinə, Bakıdan Kərkükə qədər böyük bir coğrafiyanı təşkil edib.
Ola bilər ki, “Diriliş: Ertuğrul”a hansısa səhnələri oxşayır. Burada bir qəbahət yoxdur. Bəzən türk serialllarının özündə də bir-birinə bənzərlik olur. Əsas ideyanı, Azərbaycanın bütövlüyünü, xalqının bir olmasını izləyiciyə çatdırmaqdır. Əgər orada Təbrizin, Həmədanın, Zəncanın, Urmunun, Xoyun da Azərbaycan olması vurğulanacaqsa, bu, böyük işdir. Xalqımızın mədəniyyəti, tarixi, fəlsəfəsi birdir. İnşallah gələcəkdə birlik məsələsi daha da güclənəcək”.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)