Super User

Super User

 

Bakı Xoreoqrafiya Akademiyası ölkə baletinin yüksək xətlə inkişafına öz töhfələrini verməkdədir. Akademiyanın tam orta təhsil pilləsinin şagirdləri və orta ixtisas  təhsil pilləsinin tələbələrinin iştirakı ilə növbəti diqqətçəkən tədbir keçirilib. 

 

“Ədəbiyyat və incəaənət” portalı xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində baş tutan "Xoreoqrafiya Suitası" adlı tamaşasına mədəniyyət və ictimaiyyət nümayəndələri, media əməkdaşları, ictimai fəallar  və tələbələr tamaşa ediblər. 

Tamaşa ərzində P.İ.Çaykovski, V.A. Mosart, A.L.Vivaldi, G.Maler, Ş.F.Quno və s. kimi dünya bəstəkarlarının klassik əsərləri əsasında müxtəlif rəqs nömrələri nümayiş etdirilib. Rəqsləri ən bacarıqlı və nümunəvi tələbələr ifa ediblər. 

Xoreoqrafik tamaşanın bədii rəhbəri akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-zadə, quruluşçu-xoreoqrafı Əməkdar müəllim Pellumb Aqalliyay, xoreoqraf-repetitoru isə Pərvin Nəcəfovadır.

Qeyd edək ki, tələbələrin çıxışı tamaşaçılarda dərin təəssürat oyadıb. Tamaşa böyük maraqla, coşqu ilə qarşılanıb.

Balet incəsənətin elə bir spesifik növüdür ki, səylə elitar təfəkkür formalaşdırır. Təəssüf ki, cəmiyyətdə bu incəsənət növünə maraq zəifdir. Bu sahənin reklamı da demək olar ki, yoxdur. Ona görə də Bakı Xoreoqrafiya Akademiyasının keçirdiyi bu tədbiri təqdirəlayiq hesab etmək olar.

 

Müasir dövrün yetəri qədər tanınmış bəstəkarı olan Firəngiz Əlizadənin məhsuldar yaradıcılığı nəinki öz Vətənində, eləcə də dünya səhnəsində tamaşaçı rəğbəti qazanmağa davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, dünyanın ən tanınmış səhnələrində əsərləri səslənən Qara Qarayev irsinin layiqli davamçısı Firəngiz Əlizadənin “Nizami fəzası” adlı əsəri bu dəfə tanınmış ukraynalı dirijor Kiril Karabitsin rəhbərliyi altında Böyük Britaniyanın Bornmut Simfonik Orkestrinin ifasında səslənmişdir.

2022-ci il aprelin 6-da baş tutan konsert canlı yayımla nümayiş olunmuş və rəqəmsal biletlər 6 may tarixinədək maraqlananlar üçün əlçatan olacaqdır.

Lighthouse Poole İncəsənət Mərkəzinin press-relizində qeyd edildiyi kimi, “onun təzadlarla zəngin olan musiqisində zərif şəffaflıq, qabarı çalarlar, təmkinli sadəlik və çoşğun virtuozluq, eləcə də meditasiya və ekstaz hissi həmahəngdir. Beləliklə, bir tərəfdən, bu musiqi Şərq və Qərb ilə milli ənənələr arasındakı dini və mənəvi toqquşmanı təcəssüm etdirir, digər tərəfdən isə bəstəkar öz şəxsi daxili sarsıntılarını, həyatı boyu yaşadığı gərgin duyğularını  öz musiqisində yaşadır”.

Cari ildə yubiley ili olan Firəngiz Əlizadənin əsərlərinin il ərzində keçirilən bir çox tədbirdə səslənməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Bakı şəhərində Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş silsilə tədbirlərin təşkili də gözlənilir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, dərgi həmişəki kimi, maraqlı yazılarla zəngindir.

 

Jurnalın ilk səhifələri Mədəniyyət Nazirliyinin tədbirləri haqda materiallarla maraqlıdır. Daha sonra “Türk dünyası” rubrikasında  “Özbəkistan deyəndə...” sərlövhəli səfər qeydlərində müəllif qədim, əsrarəngiz Səmərqənd şəhəri  ilə bağlı təəssüratlarıyla bölüşür.

“Ədəbiyyat” rubrikasında 200 yaşlı Aşıq Ələsgərin və 115 yaşlı Məhəmmədhüseyn Şəhriyarın ölməz irsinə yer ayrılıb. AMEA-nın müxbir üzvü Nüşabə Araslı ilə müsahibədə isə ötən “Nizami Gəncəvi İli”nin Nizamişünaslığa töhfələrindən söhbət açılır. Ustad aşıqların yaradıcılığı əsasında hazırlanmış “Kəsişən əbcədlər üsulu”, Şəhid-şair Ülvi Bünyadzadənin qısa, ibrətamiz həyatından bəhs edən “And olsun Vətənə və onun azadlığına”, dünya ədəbiyyatından “Uşaqlığımızın, yuxularımızın kralı - Hans Kristian Andersen” də diqqətçəkən məqalələrdəndir.

“Musiqi”də gənc sənətçinin ixtira etdiyi Ra.Tar musiqi aləti, “Kino”da qısametrajlı “Zəng” filmi, “Teatr”da məşhur tənqidçi Jan Lui Barronun səhnə haqqında düşüncələri təqdim olunur.

Türkiyə Cümhuriyyəti Çukurova Universiteti Dövlət Konservatoriyasının rəhbəri, professor Ülviyyə Aslanova-Gülər haqqında “Uzaqdakı yaxınlar”dan məlumat alır oxucu.

Tanınmış jurnalist İbrahim Nəbioğlu isə “Düşüncələr”ində  “Leonardo da Vinçi İslamı qəbul etsəydi...” ehtimalı zəminində baş verəcəkləri təxmin edir.

Quba Soyqırımı Memorial Kompleksi barədə sosial-tarixi muzeyin əməkdaşı Leyla Beybutovanın yaxın tarixə səyahəti erməni-daşnak qüvvələrinin xalqımıza qarşı törətdiyi dəhşətli genosid aktlarını gün üzünə çıxarır.

“Şuşa İli” arzularında işğaldan azad olunmuş qədim şəhərimizdə başlanan tikinti-quruculuq işləri və planlaşdırılan beynəlxalq səviyyəli tədbirlərdən söhbət gedir.

“Mədəni irsimiz” bölümünün sizlərdən ötrü daha bir maraqlı yazısı “Sufizm və Pir-Mərdəkan xanəgahı” ola bilər.

Həmişəki kimi, elmi dərəcə iddiaçıları, magistr və dissertantların araşdırma yazıları “Elm” rubrikasında verilib.

 

Mədəniyyət naziri Anar Kərimov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Mədəniyyət Nazirliyi və Avropa İttifaqı arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu əlaqələrin perspektivi, həyata keçirilən beynəlxalq layihələr və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra yaranmış vəziyyət barədə söhbət aparılıb.

Nazir Anar Kərimov Avropa İttifaqı ilə Mədəniyyət Nazirliyi arasında bir çox sahələrdə, xüsusilə də humanitar və mədəniyyət sahəsində birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. İşğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsində Avropa İttifaqının dəstəyindən söz açan nazir bu sahədə aparılan işlərə görə qarşı tərəfə minnətdarlığını ifadə edib.

Görüş zamanı Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı prosesi” təşəbbüsü, bu təşəbbüs çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı fikirlərini bölüşüb.

A.Kərimov "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırış haqqında məlumat verib. Qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı və İSESKO tərəfindən dəstəklənən bu layihənin əsas məqsədi mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olmasıdır. Bu məqsədlə Azərbaycan "Mədəniyyət naminə sülh" kompaniyası ilə dünyaya çağırış edir. A.Kərimov Avropa İttifaqını Nazirliyin irəli sürdüyü bu kimi bir sıra beynəlxalq təşəbbüslərdə iştiraka dəvət edib.

Səfir Peter Mixalko qəbula görə təşəkkürünü bildirərək Avropa İttifaqı tərəfindən Azərbaycanla mədəniyyət sahəsində həyata keçirilən layihələrə böyük önəm verildiyini və bu münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.

Çərşənbə, 13 Aprel 2022 14:31

“Taleyimin qarğış tutan yerləri…”

 

“Ədəbiyyat və incəsənət” portalı sumqayıtlı şair Sabir Yusifoğlunun yeni şeirini təqdim edir:

 

Ömrüm boyu yer elədim könlümə,

Külək vuran, yağış tutan yerləri.

Neynəsəm də uçuq qaldı, çat qaldı

Taleyimin qarğış tutan yerləri.

 

Ətəyində arzu, ümid bitirdik...

O dağları hardan hara gətirdik.

Ovuc-ovuc, qarış-qarış itirdik,

Boyumuza qamış tutan yerləri.

 

Son nəfəsim- 

dimdiyimdə dən, qaldı,

Sinəm dağ-dağ, 

bulud-bulud,

çən qaldı.

Kürəyimə dəyən daşdan rəng aldı,

Ürəyimin naxış tutan yerləri...

 

Yada düşdü, 

yadın oldu, qız, nələr!..

Açıb desəm, dağ kişnəyər, düz mələr.

Dodağımın ürək sözün gizlədər,

Yanağının qırış tutan yerləri...

Rəsm qalereyası: Elşən Əzim, “Təbiət mənzərəsi”

 

Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının konserti olacaq.

 

Xalq artisti Gülbacı İmanovanın dirijorluğu və bədii rəhbərliyi ilə gerçəkləşəcək konsertin  Konsertmeysteri Elxan Niftiyevdir.

Proqramda İ.S.Bax, A.Brukner, F.Şubert, A.Makor, J.C.Aiblinger, A.Şnitke, Y.Arkadelt, A.Konsolasion, A.Kaxidze, R.Sədirxanov, Q.Məmmədov, F.Bədəlbəylinin əsərləri səslənəcək.

Çərşənbə, 13 Aprel 2022 14:28

“Onun hekayəsi” kimin hekayəsidir?

 

“Mücrü” nəşriyyatında Əli Rzazadənin “Onun hekayəsi” adlı kitabı işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əli Rzazadə kitabının işıq üzü görməsinə belə şərh verib: “Daha bir mənəviyyat dolu kitabla əziz kitabsevər dostların  görüşündə olacağıq. "Onun hekayəsi" əslində hamımızın hekayəsi olduğu üçün onun hamı tərəfindən oxunması lazım və hətta vacibdir”.

Kitabın redaktoru Şəfa Vəli isə deyib: “Redaktoru olduğum daha bir kitab dəyərli Əli Rzazadənin kitabıdır.

Öncədən deyim ki, içindəki hekayələrin əksəriyyəti məni mütəəssir edib. Həftələrlə duyğularıma hakim olan hekayə də var burda. Müəllifə yeni-yeni həyat və yaradıcılıq uğurları arzulayır, sevincinə şərik oluram”.

Bu gündən etibarən İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Qahirədə “İslam Mədəniyyəti Paytaxtı- 2022” tədbirlərinə start verib və bu münasibətlə Misir paytaxtındakı Roma Amfiteatrında keçirilən mərasimdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Misirin mədəniyyət naziri İnes Abdel-Dayim dünyanın ən qədim və tarixi abidələri ilə zəngin şəhərlərindən biri olan Qahirədə təşkil olunacaq tədbirlərdən bəhs ediblər. 

ICESCO-nun Baş direktoru “İslam Mədəniyyəti Paytaxtı” bayrağını Misirin mədəniyyət nazirinə təqdim edib.

Çərşənbə axşamı, 12 Aprel 2022 17:11

TÜRKSOY-un yeni Baş katibi kollektivə təqdim olunub

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yeni Baş katibi Sultan Rayev TÜRKSOY-un kollektivinə təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu münasibətlə TÜRKSOY-un Mərkəzi Qərargahında rəsmi mərasim keçirilib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən mərasimə TÜRKSOY-a üzv ölkələrin Türkiyədə fəaliyyət göstərən səfirləri də qatılıblar.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da mərasimdə iştirak edib.

Tədbirdə sabiq Baş katib Düsen Kaseinovun təşkilata rəhbərliyi dövründə TÜRKSOY-un fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də nəticələrin səmərəliliyin artması istiqamətində görülən işlər yüksək dəyərləndirilib. Professor Düsen Kaseinova xoş arzular, gələcək fəaliyyətindən uğurlar arzulanıb.

Əminliklə ifadə olunub ki, yeni Baş katibi Sultan Rayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının fəaliyyətinin daha da yüksəlişi naminə böyük səylər göstərəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.