
Super User
“Cultural Network House” Azərbaycan mədəni irsinin təbliğini beynəlxalq müstəvidə davam etdirir
“Cultural Network House” Assosiasiyası (“Mədəniyyət Şəbəkələr Evi”) ötən həftə Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma vakfının sədri Aygün Attarın rəhbərliyi ilə Azərbaycanda səfərdə olan ATİV, TİKA, Türkiyə Mədəniyyət Nazirliyinin, Türk Tarix Qurumumun təmsilçiləri, ictimai xadimlər, hüquqşünaslar və müxtəlif sahələri təmsil edən elm adamlarından ibarət heyəti öz ofisində qonaq edib.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, “Köklü keçmiş, güclü gələcək” simpoziumun iştirakçıları, səfərin ikinci günündə “Cultural Network House” tərəfindən təşkil olunan mədəniyyət mübadiləsi gecəsində iştirak ediblər.
Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunduqdan sonra, tədbirə ev sahibliyi edən assosiasiyanın sədri Aynur Süleymanzadə qonaqlara assosiasiya və onun ərsəyə gətirdiyi layihələr haqqında ətraflı məlumat verib.
Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə dövlət xidmətinin rəisi Azad Cəfərli öz təqdimatında 30 illik işğal dönəmində Azərbaycanın mədəni abidələrinə vurulan zərər və azad edilmiş torpaqlarımızda yerləşən abidələrin bərpası, qorunması və bu mədəni irsin dünyaya tanıdılması istiqamətində aparılan işlər barədə qonaqları məlumatlandırıb.
Tədbirdə Qarabağın mədəni abidələrinin işğaldan sonrakı vəziyyəti və bərpasını özündə əks etdirən “Şuşa” kitabının təqdimatı keçirilib.
Qonaqlar "Cultural Network House” Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirərək, mümkün ola biləcək elm və mədəni işbirliyinin yolları barədə müzakirələr aparıblar.
Fərhad Bədəlbəyli: Hər dəfə Şuşaya gələndə yüksək bayram əhval-ruhiyyəsi yaşayıram
“Konsert zamanı həddindən çox həyəcanlı idim, bəlkə də bir az bu səbəbdən qüsurlar da var idi. Bir tərəfdən Şuşa, bir tərəfdən Üzeyir bəyə həsr olunmuş konsert, bu, böyük xoşbəxtlikdir. Düşünürəm ki, bu festivalda bir az hüzn də var idi. Mən ikinci hissəni ifa edəndə, o kədərli hissləri çalışırdım yerində çatdırım.”
Bu sözləri jurnalistlərə açıqlamasında Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşada keçirilən konsertin solisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.
“Bildiyimiz kimi, bu dəfə məlum hadisələrə görə bu festivalın bütün əyləncə proqramlarını təxirə salmalı olduq. Şuşa daim qonaqlar qəbul etməli bir şəhərdir. Digər ölkələrdən bura turistlər gəlməlidir, bu, çox vacibdir. Çünki biz musiqi ilə yoğurulmuşuq və bizim silahımız musiqidir. Əsgərlərimiz necə döyüşlərdə şücaət göstərirlərsə, biz də öz musiqimizlə sözümüzü deməliyik. O bədxahlar bizim bu cür mötəbər festivallarımızın şahidi olsunlar və görsünlər ki, onlar yaşamırlar. Qoy görsünlər ki, biz necə yaşayırıq, yaradırıq və inkişaf edirik. Mən hər dəfə Şuşaya gələndə yüksək bayram əhval-ruhiyyəsi yaşayıram”.
Beynəlxalq elmi-praktik konfransda mədəniyyət naziri çıxış etdi
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 18-20 sentyabr tarixində Şuşa və Bakı şəhərlərində “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilir. Beynəlxalq tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub.
Qeyd edək ki, “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə reallaşan konfransın birinci hissəsi Şuşa şəhərində keçirilib.
“Ədəbiyyat və incəsənət” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 20-də “Fairmont Hotel”də konfransın yekun tədbiri gerçəkləşdi. Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, millət vəkilləri və digər rəsmilər, mədəniyyət sahəsinin mütəxəssisləri iştirak edirdi. Konfransın moderatoru, startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran qonaqları salamlayaraq tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi.
Mədəniyyət naziri Anar Kərimov konfransda çıxış edərək bildirdi ki, konfransla bağlı 15 ölkədən qonaqlar Azərbaycana gəliblər. Onlar mədəniyyət paytaxtımız Şuşaya və digər rayonlara səfər ediblər. Şuşada çox önəmli bir fikir mübadiləsi aparılıb. Bu tədbir də məhz Qarabağa qayıdışımızın, oradakı bərpa işlərimizin bir parçasıdır, bir mərhələsidir. Həm oradakı 30 illik dağıntı və vandalizmi, həm də bugünkü inkişafı əyani şəkildə görmək və təbliğatını aparmaq baxımından bu konfrans mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın öz tarixinin ən önəmli səhifələrindən birini yaşadığını vurğulayan nazir müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək mühüm vəzifələrin olduğunu diqqətə çatdırdı: "44 günlük Vətən müharibəsindən və Zəfərdən sonra bizim qarşımızda mühüm vəzifələr durur. Bu vəzifə əzəli yurd yerlərimizin dirçəldilməsindən ibarətdir. Biz işğaldan azad olunmuş ərazilərə həm də özlərinə xas mədəniyyəti qaytarmalıyıq və qaytarırıq. Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə keçirilən silsilə tədbirlər də buna misaldır".
Anar Kərimov bildirdi ki, Mədəniyyət Nazirliyi tərəfindən yaradıcı sənayelərin inkişaf etdirilməsinə çox böyük önəm verilir: "Nazirliyin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası təsis edilib. Yaradıcı sənayelərin və bu sahənin iqtisadiyyata töhfəsinin artırılması kimi mövzuları daim gündəmimizdə saxlayırıq. Mədəniyyət və yaradıcı sənayelər “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da prioritet inkişaf perspektivləri olan sahələr kimi öz əksini tapıb. Bizim başlıca vəzifəmiz isə həmin yaradıcı fəaliyyəti olan qurumlara müdaxilə etməməkdir. Əksinə onları vahid qüvvə kimi birləşdirib, özəl sektorlarla dövlət qurumları arasında körpü rolunu oynamaqdır. Bu baxımdan dəfələrlə yaradıcı sənaye ilə məşğul olan qurumlarla, sektorlarla görüşlər keçirilir, təkliflər dinlənilir".
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev söylədi ki, ötən dövr ərzində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər daha da artıb. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatında yüksək artım davam edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov vurğuladı ki, xalqın mədəni səviyyəsi hər bir ölkənin inkişafına təsir göstərir: “Bildiyiniz kimi, otuz ilə yaxın idi ki, torpaqlarımız işğal altında idi. İşğal dövründə düşmən mədəni abidələrimiz məhv edilib. Bu gün infrastruktur layihələrlə yanaşı, mədəni abidələrimiz də bərpa olunur. Bizim əsas vəzifəmiz mədəni irsimizi gələcək nəsillərə çatdırmaqdır".
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söylədi ki, torpaqlarımızın işğaldan azad edilməsi mədəniyyətin barbarlıq üzərində qələbəsi idi: "Mən düşünürəm ki, bu tədbirin Şuşadan başlayıb Bakıda davam etməsi də buna görədir. Qonaqlarımız işğaldan azad edilmiş torpaqlarımızı ziyarət edərkən düşmənin dağıdıcı, dövlətimizin isə qurucu mədəniyyətini gördü. Çox təəssüflər olsun ki, bu gün özünü dünyada mədəni ölkə adlandıran bəzi dövlətlər qurucu mədəniyyəti deyil, dağıdıcı mədəniyyətin yanındadır. Mədəniyyət sahəsi Azərbaycan üçün həmişə prioritet olub. Mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxmamalıyıq. Bu anlayış dövlət üçün, xalq üçün, onun mədəniyyəti üçün fərqli-fərqli imkanlar açır".
*
Daha sonra dövlət mexanizmlərinin və təşviqlərinin yaradılması üzrə panel müzakirəsinə başlanıldı.
Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova qeyd etdi ki, bu gün mədəni turizm dünyada məşhur turizmlərdən biridir. Mədəni turizm iqtisadiyyatın aparıcı istiqamətlərindən biridir. Mədəniyyətin təbliğ olunmasında turizmin böyük rolu var.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirdi ki, Mədəniyyət Nazirliyinin məqsədlərindən biri mədəniyyətə yanaşmanı dəqiqləşdirməkdir: "Bizim baxışımız sovet baxışından fərqlənir. O zaman mədəniyyət bu sahə ilə məşğul olan müəssisələrin fəaliyyəti ilə məhdudlaşırdı. Ancaq mədəniyyət daha geniş anlayışdır. Bugünkü tədbirin əsas məqsədi bu baxışı açıqlamaqdır. Mədəniyyət bütün sahələri ilə bir zövq formalaşdırır. Mədəni iqtisadiyyatın bir böyük tərəfi də qloballaşmadır. İnternetin üstünlüyü hansısa bir musiqiçinin öz əsərini dünyaya çıxarmaq imkanı verir ki, bu da qloballaşmanın nə demək olduğunu açıq-aydın göstərir".
Elnur Əliyev vurğuladı ki, ölkəmizdə neft-qaz, kimya sənayesi barədə danışmaq mümkündür, amma yaradıcı sənayemiz yoxdur. “Biz sistemli yanaşma tətbiq etməliyik. Buna görə də birinci növbədə bu yöndə təbliğat işləri aparılmalıdır", – deyə E.Əliyev əlavə etdi.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov söylədi ki, mədəniyyət və iqtisadiyyat terminlərinin bir arada səsləndirilməsi onların bağlılığından xəbər verir: "Ölkədə sosial inkişafın formalaşdırılmasında, sahibkarlıq mühitinin yaxşılaşdırılmasında mədəniyyət və yaradıcı sənayenin inkişafına diqqətin ayrılması vacib məsələlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bu sahənin inkişafına da təsir edən amillərdən biridir. İqtisadiyyat Nazirliyi olaraq bu sahənin inkişafı istiqamətində lazımi tədbirlər görəcəyik".
Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirdi ki, mədəniyyət geniş bir məfhumdur. Mədəniyyət sahibkarlıqdır, iqtisadiyyatdır, inkişafdır: “Ərazilərimizin düşməndən azad olunması Qarabağda dağıntıları tam şəkildə görməyə imkan verdi. Biz bu dərəcədə böyük dağıntıların öhdəsindən gəlməliyik. Məlum olduğu kimi, ən çox dağıntıya məruz qalan obyektlər tarixi abidələrimizdir. Bununla da düşmən bizim mədəniyyətimizi silmək istəyirdi. Dünyada buna nümunələr var. Amma nəzərə alsaq ki, İkinci Dünya müharibəsindən sonra Avropadakı urbisidin aradan qaldırılmasına müəyyən yardım var idi. Amma Azərbaycan bu gün Qarabağdakı dağıntıları, oradakı urbisidi özü bərpa edir, özü aradan qaldırır".
Daha sonra çıxış edən mədəni iqtisadiyyat üzrə beynəlxalq ekspert Ornela Ramasauskaite yaradıcı ekosistemin mühüm məsələ olduğunu söylədi: “Dünən apardığım tədqiqatlar və oxuduğum məqalələr nəticəsində belə qənaətə gəldim ki, yaradıcı ekosistemin yaradılması mütləqdir. Azərbaycanın böyük mədəni-tarixi mirası var. Bu ölkə də dünyada baş verən yaradıcı proseslərin bir hissəsidir”.
Daha sonra konfrans iştirakçılarının sualları cavablandırıldı. Konfrans öz işini panel iclaslarla davam etdirdi.
Startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katranın moderatorluğu ilə gerçəkləşən ikinci panel mədəni iqtisadiyyatın qlobal tendensiyalarına və sənaye 4.0 ilə yaradıcı iqtisadiyyatın kəsişməsinə həsr olunmuşdu.
İlk olaraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov çıxış edərək hazırda dünyada qloballaşma və texnologiyanın sürətlə inkişaf etdiyini bildirdi: “Texnologiyanın yüksək inkişafı sayəsində biz öz məhsulumuzu istədiyimiz vaxt yaradıb onlayn platformaya yerləşdirərək yaxşı qazanc əldə edə bilərik. Agentlik olaraq bu sahədə bizim əsas işimiz yaradıcı insanlara dəstək verməkdir. İnanıram ki, konfransda bu sahə ilə bağlı müzakirə aparacağıq".
Ceyhun Salmanov bildirdi ki, yaradıcı insanlara dəstək verən layihələrdən biri də ABAD – Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsdir. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir: “ABAD mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. Hazırda 550-yə yaxın ABAD-çımız var ki, onlar istehsal etdiyi məhsullardan qazanc əldə edirlər".
"Re-Fresh Global" (İsrail) şirkətinin həmtəsisçisi Viktoria Kanar söylədi ki, hər birimiz qlobal bir dünyada yaşayırıq və əmin olmalıyıq ki, gələcək nəsillərə sağlam ekosistem buraxacağıq.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov qeyd etdi ki, universitet tərəfindən 4-cü sənaye inqilabı ilə bağlı tədqiqat mərkəzi yaradılıb: "Təhsildə olduğu kimi, yaradıcı sənaye 4.0-da da istək bəllidir. Hamımız başa düşürük ki, 4-cü sənaye inqilabı bizim seçimimiz deyil. Dördüncü sənaye inqilabı Azərbaycan sənayesinin gələcək inkişafı üçün bir şansdır".
Sonda çıxış edən “Zero Gravity Capital” (Slovakiya) şirkətinin əməkdaşı Vit Hanus Azərbaycana ikinci dəfə gəldiyini söylədi: "Burada gördüklərim məni heyran etdi. Ölkənizin çox zəngin və oturuşmuş mədəniyyəti var".
Nazir Anar Kərimov Latviya Milli Opera və Balet Teatrının direktoru Egils Silinşlə görüşüb
Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyanın müxtəlif ölkələrindən musiqiçilər Bakıya səfər edirlər. Onlardan biri Latviya Milli Opera və Balet Teatrının direktoru, vokalçı Egils Silinşdir.
“Ədəbiyyat və incəsənət” xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Anar Kərimov Egils Silinş və xanımını qəbul edib. Latviyanın Azərbaycan Respublikasındakı Səfriliyinin Missiya rəhbərinin müavini xanım Vija Buşa və İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalovanın da iştirak etdiyi görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə olunub, gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələləri araşdırılıb.
Görüşdən sonra qonaqlarla Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yaradıcı görüş baş tutub.
Azərbaycanın dostu Arye Qut vəfat etdi
Bəziləri onu İsrail – Azərbaycan dostluğunun təkanvericisi kimi, bəziləri antierməni fəaliyyətinə görə fəal siyasi və ictimai xadim, jurnalist kimi tanıyırdı. Bəzilərinə o Xocalı soyqırımından bəhs edən “Ağrı” romanının müəllifi, yazıçı kimi tanış idi. Söhbət Arye Qutdan - xərçəng xəstəliyindən əziyyət çəkən, nəhayət ona təslim olan işıqlı, gözəl bir şəxsdən gedir.
“Ədəbiyyat vəincəsənət” portalı xəbər verir ki,o, "Cəmiyyət üçün beynəlxalq layihələr" təşkilatının başçısı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik, The Jerusalem Post qəzetinin siyasi şərhçisi idi.
Arye Qut 1975-ci ilin 2 iyununda Bakı şəhərində anadan olmuşdu. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini Fərqlənmə diplomu ilə bitirmiş, sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilmişdi. Üç il ərzində Bakı Dövlət Universitetinin ən gənc müəllimlərindən biri olmuşdu. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi vardı. Arye Qut Azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışırdı.
Atası azərbaycanlı, anası yəhudidir, 2000-ci ildə o, İsrail Dövlətinə köçmüşdü. 2002–2009-cu illər ərzində tanınmış "GİLRO LTD" İsrail şirkətində idxal-ixrac departamentin rəhbəri vəzifəsində çalışmışdı.
2007–2009-ci illərdə Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsini daşımışdı.
Bununla yanaşı, Arye Qut İsrail-Turkiyə və İsrail-Azərbaycan münasibətləri sahəsində İsraildə aparıcı mütəxəssislərindən biri kimi tanınırdı. Eyni zamanda, İsrailin dövlət radiosunda "Radio reka”,"Reşet Bet" verilişlərini aparırdı, İsrailin 10 televiziya kanalında daimi siyasi şərhçi kimi çıxış edirdi.
Son beş ildə Arye Qut İsrailin hərbi sənaye kompleksində çalışırdı və bu strukturda postSovet məkanında olan ölkələr sahəsində nüfuzlu mütəxəssislərindən biri hesab olunurdu. O, İsrailin müdafiə nazirliyində siyasi analitik və Cənubi Qafqaz regionu üzrə aparıcı mütəxəsislərdən biri sayılırdı.
Arye Qut tək İsrail yox, həm də Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edirdi. Arye Qut Türkiyə-İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığına aid, Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.
Arye Qut İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biriydi. İsrail dövlətində "Justice for Khojaly" beynəlxalq kampaniyasının rəsmi əlaqələndirici idi.
Uzun sürən xərçəng xəstəliyi bu gün onu bizim sıralarımızdan qopardı. Allah ona rəhmət eləsin.
ZƏRURİ QEYD:
İsrailin Təl-Əviv şəhərindəki "Medial" nəşriyyatında "Ağrı" bədii-sənədli romanı ilk olaraq ingilis dilində çapdan çıxmışdı. Arye Qutun atası Əmir Qutla birgə yazdığı bu əsərində 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilən soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edilir, müxtəlif dinlərə, müxtəlif millətlərə mənsub olan, müxtəlif mühitlərdə böyümüş, taleyin qismətindən gözəl Bakı şəhərində rastlaşan iki gəncin romantik sevgi tarixçəsi təsvir olunur.
"Romanın qəhrəmanlarından biri - Pol İsraildə yaşayır, digər qəhrəman - Röya isə gənc olmasına baxmayaraq, həyatda çox sarsıntılara sinə gəlməli olub. O hələ uşaq ikən erməni faşist və banditləri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş amansız qırğının dəhşətlərini görüb. Bu qanlı faciədən iyirmi ildən çox keçdiyinə baxmayaraq həmin hadisələr sanki möcüzə sayəsində salamat qalmış Xocalı sakinlərindən hər birinin qəlbində sağalmaz izlər qoyub”. |
"Ağrı" romanının müəllifləri bu qanlı qırğının canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri əsasında müasir Ermənistanın terrorçu liderlərinin maskasını yırtıblar. Müəlliflər Azərbaycan xalqının kədərini və faciəsini böyük ürək ağrısı ilə təsvir ediblər. Müəlliflər ölüm və vahimə toxumu səpən, Azərbaycan tarixinin maddi və mədəni irsini məhv etmiş, lakin Vətən oğullarını böyük missiyaya – öz əzəli torpaqlarını müdafiə etməyə ruhlandıran saf və işıqlı duyğuları məhv edə bilməmiş erməni terrorçuların mənfur niyyətləri barədə dünyaya xəbərdarlıq ediblər.
Məlumata görə bir il öncə isə "Ağrı" romanı İsraildə rus dilində nəşr olunmuşdu. Kitabın ilk nüsxəsi Arye Qut tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilmişdi. "Ağrı" bədii-sənədli romanı artıq rus, ingilis və italyan dillərində də çapdan çıxıb.
Onlayn tanışlığın fəsadları
Təbii ki, cəmiyyəti daim maraqlandıran gündəm mövzular vardır. Bunlardan biri də virtual tanışlıqların insani münasibətlərə nüfuzudur. “Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi növbəti mövzu bu barədədir.
"Son illərdə demək olar ki, bir-biri ilə paralel gedən boşanma və evlənmə faizi günümüzdə ən çox müzakirə olunan mövzulardan biridir. Cütlüklərin tanışlıq hekayəsini dinləyən zaman online platformada tanış olaraq görüşüb daha sonra evlənməyə qərar verən gənclərin sayının artdığı müşahidə olunur".
Bu fikirləri psixoloq Sona Davudova bildirir. O, sosial media platformaları sayəsində tanışlıq xüsusən ənənəvi kişi-qadın münasibətlərində yeni və yaşandıqca öyrənilən bir fenomenə çevrildiyini qeyd edir:
"Yeni ortaq məkan ənənəvi ümumi məkanları əvəz etdikcə, yeni dəyərlər və yeni münasibət formaları buna uyğun olaraq ortaya çıxmağa başladı.Yeni bir dil, yeni bir mədəniyyət, yeni bir anlayışla ənənəvi məhrəmiyyət anlayışı da köklü dəyişikliklərə məruz qaldı. İndi həmin dəyərli olan bu konsepsiya "fərdi təcrübə" adlanmağa başladı. Yetkinlərin bu romantik münasibətlər təcrübəsi bəzi hallarda ənənəvi münasibətləri bəsləsə də, bəzi hallarda bu münasibət formalarını da təhdid edir. Gələcəklərini məhdud sayda insanla davam etdirmək məcburiyyətində qalmadıqlarını və virtual əlaqələrdən qaynaqlandıqlarını düşünən insanların çox sürətli qərarlar verdiklərini və həyat formalarını dəyişdirdiklərini görürük. Bu sürətli dəyişiklik isə artıq ailə dəyərlərinə vurduğu ziyanla özünü göstərir".
Psixoloq bildirir ki, xüsusən gənclərin ailələrini narahat edən virtual tanışlığa ilkin yanaşmanın şübhəli, inamsız olması da başa düşüləndir:
"Çünki internet dövrünün inkişaf üçün avantajları olduğu kimi, insanlara güclü psixoloji travmalar yaşadacaq qədər dezavantajları da var. Sosial media başqaları ilə ünsiyyəti asanlaşdırır. Harada internet və telefon varsa, orada insanlarla tanış ola, 'dost' olub danışa bilərik. Televiziya və xəbər saytlarında tez-tez oxuduğumuz, dinlədiyimiz cinsi istismar, şantaj və s. kimi xoşagəlməz hadisələr də məhz virtual tanışlığın nəticəsi olaraq baş verə bilir. Bundan əlavə, sosial şəbəkədə insanların özləri haqqında yaratdıqları təəssürat, paylaşılan şəkillər, yazılan statuslar, şəxsi məlumatlar və s. bəzən nəinki reallığı əks etdirmir, hətta tamamilə yalan ola bilir. Xüsusilə fərqli demoqrafik xüsusiyyətlər və yaş qrupları bu kimi mənfiliklər üçün əsas hesab edilə bilər. Bu baxımdan sosial media bu sahədə aldatmaq istəyən bir insan üçün daha asan bir zəmin hazırlaya bilər. Bununla birlikdə, bir insanın aldatmaq üçün sosial mediaya ehtiyacı olmadığını nəzərə almaq lazımdır".
Sona Davudova bildirir ki, bəzi nəzəriyyəçilər virtual mühitdə ortaya çıxan münasibətləri azadlıq üçün bir fürsət kimi qəbul edərkən, bəzi nəzəriyyəçilər bunu yeni və daha mürəkkəb bir bağlanma növü və azadlıq itkisi kimi şərh edirlər:
"Buna uyğun olaraq inkişaf edən sosial media və yeni sosiallaşma nümunələri, yalnız quruluş baxımından ənənəvi sosiallaşma nümunələrindən fərqlənmir, eyni zamanda müxtəliflik baxımından böyük bir dönüşüm və sıçrayış yaratdı. Virtual münasibətlərin bu avantajı fiziki coğrafiya və təmasla məhdudlaşmayan sosial media əlaqələri, qlobal əlaqələrin də çox sürətlə qurulmasını və inkişaf etdirilməsini təmin etdi. Lakin bu müxtəliflik insanlar arasındakı münasibətlərin dərinləşə bilməməsinin səbəblərindən biri kimi də qəbul edilə bilər".
Belqrad Etnoqrafiya Muzeyinə məxsus 64 eksponat Xalça Muzeyində nümayiş olunur
Azərbaycan Milli Xalça Muzeyində “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” açılıb.
Azərbaycanla Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş sərgidə Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından 64 eksponat nümayiş olunur. Serb xalqının mədəni irsini, onların keçmiş həyat tərzini özündə ehtiva edən bu nümunələr Balkan yarımadası və Orta Dunay düzənliyi ərazisində istifadə olunan, XIX-XX əsrlərə aid qadın və kişi geyimləridir. Əsasən gödəkcə və jiletlərdən ibarət olan eksponatların zəngin bədii tərtibatı, nəbati motivli rəngarəng naxışları Orta Dunay ərazisində kənd təsərrüfatının inkişafını, torpaqlarının zənginliyini, məhsuldarlığını simvolizə edir. Bunlar naxış elementlərinin, rənglərinin, biçiminin, formasının harmoniyasına görə yüksək zövqlə hazırlanmış, şəhər və kəndlərə məxsus gündəlik, həmçinin bayram geyimləri kimi xarakterizə olunan nümunələrdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Serbiya Respublikası Mədəniyyət və Media Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyinin təşkilatçılığı, Serbiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilən sərgi oktyabrın 16-dək davam edəcək.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün serb xalqına aid ənənəvi tikmə naxışlarının tətbiqi ilə “özün rənglə”, fetr üzərində qaytanla sancma və sanama tikmələri üzrə ustad dərsləri keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyi arasında 2016-cı ildən başlanan qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində bir neçə layihə reallaşdırılıb, sərgilər açılıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir.
Azərbaycanlı fotoqraflar Tbilisi Foto Festivalında iştirak edəcəklər
Sentyabrın 23-də Gürcüstanda 13-cü Tbilisi Foto Festivalı açılacaq.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, festivalda Azərbaycan fotoqrafları da iştirak edəcəklər.
Sərgilərlə yanaşı, proqrama bir sıra ictimai mühazirələr, nümayişlər və müzakirələr, həmçinin fotokitabların təqdimatları daxil edilib. Festival çərçivəsində panel diskussiyalar təşkil olunacaq. Müzakirələr zamanı fotoqraflar və ekspertlər Cənubi Qafqazın keçdiyi inkişaf yolu, müharibə, iqtisadi inkişaf və digər məsələlər barədə fikirlərini bölüşəcəklər.
Festival dekabrın sonunadək davam edəcək.
Festivalda Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Hindistan, Ermənistan, İran, Banqladeş, Tailand və digər ölkələrin fotoqrafları iştirak edəcəklər.
Azərbaycandan bu beynəlxalq tədbirdə Pərvanə Rəhimova və Gülər Abbasovanın iştirakı nəzərdə tutulub.
Ştefan Svayqın “Seçilmiş əsərləri” nəşr olunub
Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti cild – dünyaşöhrətli Avstriya yazıçısı Ştefan Svayqın “Seçilmiş əsərləri” kitabı nəşr olunub.
Kitabda yazıçının “Yad qadının məktubu”, “Dayə”, “Dəhşətli sirr”, “Amok”, “Qorxu”, “Ay işığında küçə”, “Bir qadının həyatından iyirmi dörd saat” hekayələri, “Bəşəriyyətin bəxt ulduzları”, “Jozef Fuşe. Siyasi xadimin portreti” kimi məşhur miniatürləri və tanınmış alman dili tərcüməçisi Vilayət Hacıyevin yazıçının həyatı və yaradıcılığı haqqında qələmə aldığı “Stefan Svayq — “Böyük avropalı” yazısı daxil edilib.
Əsərlərin tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Zahid Məmmədov, Nəriman Əbdülrəhmanlı, Həmid Arzulu, Qabil Əhmədovdur.
İstiqlal Muzeyinin Şuşa ilə bağlı layihəsi davam edir
"Şuşa İli" elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.
Muzeyin yaydığı məlumata görə, layihə çərçivəsində təqdimatlardan biri Xurşidbanu Natəvana həsr olunub.
Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. 1837-ci ildə Şuşada anadan olan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sonuncu vərəsəsi olduğu üçün onu sarayda “Dürrü yekta” (Tək inci) çağırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya keçir.
Xurşidbanu Natəvan Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdı. O, rus, ərəb və fars dillərini mükəmməl bilirdi. 1859-cu ildə Natəvanla görüşən A. Düma onun gözəlliyinə, ağlına və cazibəsinə heyran qalmışdı. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də özünə şöhrət qazanmışdır. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur idi.
Xan qızı 1872-ci ildə Şuşada “Məclisi-üns” (Dostluq, Ülfət məclisi) yaratmışdır. Burada Qarabağın ən yaxşı şair, xanəndə və musiqiçiləri toplaşmışdır. Xurşidbanu özü də çox gözəl şeirlər yazırdı. O, şeirlərini “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz” təxəllüsü ilə yazır, qələmini qəzəl janrında da sınayırdı.
Şairənin ailə həyatı uğursuz alınır. Cavan oğlunu itirən Natəvanın şeirlərinə bədbin ruh hakim kəsilir. “Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” şeirlərini dünyadan nakam köçmüş oğluna həsr edir. Natəvanın bir sıra şeirlərinə mahnılar bəstələnib.
Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib, məzarı Ağdamın “İmarət" qəbiristanlığındadır. Onun əlyazmaları, şəxsi geyim və əşyaları arxiv və muzeylərimizdə qorunub saxlanılır.
Şairənin Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi ucaldılıb. Natəvanın Şuşadakı büstü I Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən güllələnib və tullantı metal kimi satılıb. Azərbaycanın hakimiyyət orqanlarının səyləri ilə həmin büst aşkar edilərək Bakıya gətirilib və 30 ilə yaxın Milli İncəsənət Muzeyində açıq səma altında nümayiş etdirilib. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildikdən sonra həmin büst öz doğma yurdu - Şuşaya qaytarılıb.