
Super User
Hindistanı Səudiyyə Ərəbistanı kino industriyasında geridə qoyacaq
On il öncələr film istehsalının qadağan olduğu Səudiyyə Ərəbistanı 2030-cu ilədək Yaxın Şərqin ən böyük kinematoqrafına malik olacaq və hazırkı lideri - Hindistanı geridə qoyacaq.
“Ədəbiyyat və incəsənət” portalı xarici mediaya istinadən xəbər verir ki, ÜDM-nin həcminə görə dünyada 12-ci, Körfəzin ərəb ölkələri arasında isə 833,5 trilyon dollar iqtisadiyyatı ilə birinci yeri tutan Səudiyyə Ərəbistanı kino istehsalı üzrə bum yaratmaq niyyətindədir. Artıq bu ölkədə 10 kinostudiya fəaliyyət göstərir və onların ən böyüyü olan “Al Ula” studiyası beynəlxalq miqyasda bir neçə uğurlu layihəyə imza atıb.
Krallıqda çalışan nüfuzlu kinematoqrafçılar hesab edirlər ki, tezliklə Səudiyyə Ərəbistanının kino sənayesi mühüm film istehsalı habına çevriləcək. Bu ölkənin İnvestisiya Nazirliyi bəyan edib ki, 2030-cu ilədək 100 bədii və sənədli filmə maliyyə vəsaiti ayrılacaq. Eyni zamanda, “Al Ula Kral Komissiyası” kinostudiyaların ən müasir texnika və avadanlıqla təchiz olunması, habelə telefilm sənayesi üçün yeni layihələrin reallaşdırılması məqsədilə xüsusi proqram hazırlayıb.
Hollivud da Al Ula kinostudiyasında beynəlxalq miqyasda böyük rezonans doğuran birgə filmlər istehsal edir. Bunun ən bariz nümunələri kinostudiyanın ərazisində qurulmuş Əfqanıstan pavilyonunda lentə alınan “Qəndəhar” filmi və Russo qardaşlarının “Çerri” ekran əsəridir. Bundan başqa, Al Ula kinostudiyasında ingilis kinematoqrafçıları tərəfindən “Stiv Bəkşolun ekspedisiyası” çoxseriyalı televiziya filmi və “National Geographic” telekanalı üçün seriallar lentə alınır. Kinorejissor Tevfik Əlzaidinin çəkilişləri davam edən “Norah” bədii filminin isə beynəlxalq arenada böyük əks-səda doğuracağı ehtimal olunur. Bu tarixi ekran əsəri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Al Ula arxeoloji məkanında lentə alınır.
Hər şey pulun başında deyil məgər?
Anar Kərimov Böyük Britaniyanın səfiri ilə görüşüb
İyulun 13-ü Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpla vəzifə müddətinin bitməsi münasibəti ilə görüşüb. Görüşdə "British Council"in Azərbaycan Respublikası üzrə direktoru Nərgiz Hacıyeva və incəsənət üzrə meneceri Dilarə İbrahimova da iştirak edib.
Qonaqları səmimi salamlayan mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Böyük Britaniya və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda göstərdiyi əvəzsiz xidmət üçün səfirə təşəkkürünü bildirib.
C.Şarp öz növbəsində ölkələrimizin sıx əməkdaşlığa və səmimi dostluğa söykənən əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayıb.
A.Kərimov "British Council" ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası arasında imzalanmış Anlaşma Memorandumunu bu sahədə məhsuldar əməkdaşlıq yolunda önəmli addım kimi dəyərləndirib. Yaradıcı sənayelərin inkişafına yönəlmiş 2018-2023-cü illəri əhatə edən "Creative Spark" proqramının faydasından danışıb.
Həmçinin qədim və özünəxas mədəniyyətə malik olan ölkəmizin beynəlxalq səviyyədə düzgün təbliğ olunmasında Böyük Britaniya ilə müxtəlif humanitar sahələrdə baş tutan layihələrin vacibliyi vurğulanıb.
Görüş tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi ilə davam edib.
Anar Kərimov Ceyms Şarpa gələcək fəaliyyətində nailiyyətlər arzu edib.
Dağlarda döyüş: Azərbaycan yeni mümkün hərbi əməliyyatlar üçün strategiyasını dəyişməlidir
II Dünya müharibəsindən sonra bütün istehsalçılar ağır döyüş tankı konsepsiyasını üstün tutsalar da, son 10-15 ildə meydana çıxan tank əleyhinə raket kompleksləri və kumulyativ süzən sursatlar dəmir nəhəngləri yüngül hədəfə çevirib. Tanklar hələ də savaşın əsas aparıcı gücüdür və heç bir ciddi hücum əməliyyatını onların dəstəyi olmadan təsəvvür etmək mümkün deyil. Təbii ki, bu əməliyyat tankların manevri üçün yararlı relyefdə gerçəkləşdiriləcəksə. Bəs dağlıq ərazilərdə onların yardımı olmadan necə atəş və zireh dəstəyi almaq olar?
Vətən müharibəsindən sonra Azərbaycan hərbi doktrinasını, silahlı qüvvələrin strukturunu və ilk növbədə strategiyasını dəyişməyə məcburdur. Çünki uzun illərin dondurulmuş "təmas xətti" qarşıdurmasından dağlıq ərazilərdə reallaşdırıla bilinəcək antiterror və qəliz relyefli, hələ də delimitasiya edilməmiş sərhədyani hərbi əməliyyatlar səhnəsinə keçid baş verib.
Buna uyğun strategiya qurularkən Türkiyə Silahlı qüvvələrinin komando bölmələri təcrübəsindən faydalanmaqla taktiki qrupların atəş dəstəyinə xüsusi diqqət yetirilməlidir. Çünki arsenalımızda olan əsas döyüş tankları və digər, o cümlədən hava hücum və dəstək vasitələri dağlıq ərazilərdə döyüş və desant üçün nəzərdə tutulmayıb.
Bu istiqamətdə ordumuzu ilk növbədə Türkiyənin "Kaplan MT" orta tankı maraqlandıra bilər. Belçikanın CMI Defence CT-CV şirkətinin qülləsi, John Cockerill şirkətinin 105 mm yivli topu və avtomatlaşdırılmış doldurma modulu ilə təchiz edilən "Kaplan MT" artıq İndoneziyaya ixrac edilir.
Yüngül kateqoriyaya aid edilən digər türk tankı, yaxud hibrid form-faktora malik zirehli transportyor "Otokar" şirkətinin "Tulpar" modelidir. İlk dəfə beynəlxalq IDEF'19 müdafiə texnologiyaları sərgisi çərçivəsində təqdim edilən tank Avropa sifarişçilərinin marağına səbəb olub və hazırda müxtəlif, o cümlədən, atış testlərindən keçirilir. "Tulpar"ın öz yerli analoqundan əsas fərqi - desant bölməsinin olmasıdır.
Türkiyə bu sahəyə 2018-ci ildən diqqət yönəltsə də, Çin artıq yüngül tanklar konsepsiyasını gerçəkləşdirməkdə və ordu quruculuğu strategiyasında istifadə etməkdədir. Ölkə ərazisinin 14 hissəsi dağlıq olduğundan və gələcəkdə bu regionlarda xarici dəstək sayəsində separatçılığın baş qaldırmasından ehtiyat edən Çinin ordu rəhbərliyi NORINCO şirkətinin ZTQ-15 (VT-5 və ya "Type 15 Alpinist") yüngül tanklarını arsenalına daxil edib.
Klirensi dəyişilə bilən "Type 15" İngiltərənin 105 mm-lik L7 topunun təkmilləşdirilmiş versiyası və QJC-88 (12.7 mm) pulemyotu ilə təchiz edilib. 7.62 çaplı digər pulemyot qüllədəki klassik yerini alıb. Avtomatik doldurma sisteminə sahib tankın döyüş ehtiyatı 38 mərmidən ibarətdir.
Tankın ilk xarici sifarişçisi Banqladeşdir. "Alpinist" 2020-ci ildə Çin-Hindistan sərhədində baş vermiş hadisələrdə aktiv şəkildə istifadə olunub və effektivliyini sübut edib...
Sosial şəbəkələr bizi necə məhv edir?
"Digər ölkələrlə müqayisədə sosial şəbəkələrdən ən çox istifadə edən toplumuq. Sosial şəbəkələr nəinki, gənclər, yeniyetmələr, ümumiyyətlə, bütün yaş kateqoriyası üçün xoşagəlməyən hallar yarada bilir"
Bunu açıqlamasında psixoloq Vəfa Rəşidova sosial şəbəkələrin insanlara etdiyi mənfi təsirlər barəsində danışarkən bildirib.
Psixoloq hər gün mütəmadi yararlandığımız sosial şəbəkələrin bizi necə məhv etməsindən, lakin bundan xəbərsiz qaldığımızı vurğulamaqla sözə başlayıb:
"Məlumdur ki, hazırki dövrdə insanlar informasiyanı daha çox sosial şəbəkələrdən alırlar.
Biz özümüz onu hiss etmirik. Sosial şəbəkələrdən həddindən artıq istifadə edən kütlə var. Bax, bu kütlə bunu hiss eləməyə bilər. Çünki bir alışqanlıqdır, həyat tərzinə çevrilib. Amma onun verdiyi fəsadları insan hiss etmir. Həmin kütlə bunu hiss etmir. Biri var, sadəcə, sosial şəbəkə istifadəçisi, biri də var aludəçisi olmaq. Bunların fərqi çoxdur. Məsələn insanlar bunu analiz eləməlidir. Ümumiyyətlə ailə üzvləri buna çox diqqət yetirməlidilər. Məsələn ailə üzvünün birinin sosial şəbəkədən həddindən artıq asılılığı varsa, digəri ona zorla, psixoloji şiddətlə deyil, müəyyən korreksiya ilə müdaxilə etməlidir. Müdaxilə olmasa belə asılılıqlar əlbəttə ki, daha çox artır və bundan əlavə, onun verdiyi fəsadlar ümumiyyətlə, insanlara ciddi travmalar verir".
Sosial şəbəkə insanın gündəlik ovqatına necə təsir göstərir? - V.Rəşidovanın bu suala da cavabı maraqlıdır:
"Ciddi travma deyəndə onu nəzərdə tuturam ki, bu kimi hallar insanın ruhuna çox böyük təsir göstərir. Məsələn, yaxşı əhvali-ruhiyyədə olan insan səhər oyanıb, həmin sosial şəbəkəyə daxil olursa, oradakı informasiyalara görə hərəkət edirsə, onun bütün günlük qrafiki, istəkləri, motivasiyası, günün sonuna qədər olan hədəfləri yayınır, heçə gedir.
Bundan savayı insan avtomatik olaraq o əhvali-ruhiyyədə olmur ki, günün sonuna qədər lazım olan işlərini bitirsin. Yenə də deyirəm, bu yeniyetmələrə də, ailələrə də çox böyük təsir göstərir. Valideyn haradasa övladına qarışa bilər, yardım edə bilər. Ailələrdə isə həddindən artıq fəsadlara gətirib çıxarır".
Amma sosial şəbəkələrin ən çox zərər verdiyi amil-ailədaxili münasibətlərdir. Psixoloqu dinləyək:
"Ailə münasibətlərində ciddi problemlər yaradır. Düşünün ki, ailə başçısının, deyək ki, bir atanın ovqatı yerində deyil. Hər hansı bir sosial şəbəkədə olan paylaşımlar ona təsir göstərib. Ananın və ya atanın kefi bütün günü yerində olmur və yaxud da ki, düşüncələri xaotik həddə çatır. Bilirsiniz ki, ailəni idarə edən şəxs sağlam düşüncəli ata və anadır. Həqiqətən də xaotik paylaşımlara, xəbərlərə diqqətlə baxıb, oxuyan insanlar da az deyil.
Ən maraqlısı və ən təhlükəli tərəfi budur ki, insanlar bu kimi xəbərləri açıb bir-bir sözbəsöz oxuyub, o qədər aludə olurlar ki, özləri də hiss etmədən həmin o aqressiv, xaotik düşüncələri ailə münasibətlərində əks olunur. Məsələn, aqressiv insan və ya valideyn dedikdə, “əvvəl belə deyildi, necə oldu ki, belə oldu, davranışları niyə dəyişdi, niyə aqressivləşdi” düşünürük. Burada sosial şəbəklərin böyük rolu var. Sosial şəbəklərə görə əhvalı dəyişən insanlar belə dəyişkənliyə meylli olanlardı.
Elə insan var ki, informasiya qəbuletməsi normaldır. Yəni elə insan var ki, informasiyalara fərqli yanaşır. Yəni ən pis və təhlükəli xəbərlərə belə sakit yanaşır. Və yaxud da ki, soyuqqanlı insandır. Soyuqqanlı insanlara bu cür xaotik informasiyalar bir o qədər də təsir etmir. Amma əksəriyyət insanların durumu, aqressiyası üzdədir. Əksər insanların iqtisadi, psixoloji problemləri var. Bu problemləri olan insanlar xaotik informasiyaları qəbul edərsə, görün nə hala düşərlər. Onsuz da aşırı problemləri olan insanların sosial şəbəkələrdən xaotik tipli informasiya qəbul etməsi, fikrimcə özünə olan sayqısızlığıdır. Belə informasiyaları oxumaq vərdiş halı deməkdir. El dili ilə desək pis bir vərdişdir".
"Bəs, çıxış yolu nədir?" - sualını isə müsahib belə cavablandırır:
"Həqiqətən də həm normal hal deyil, həm də olması gərəkməyən bir durum deyil. İnsan düşünməli, planlar qurmalı, gələcəyini götür-qoy etməlidir. Bu kimi mütəmadi informasiyalar qəbul etdikdə isə insan sağlam düşüncəsini zəiflədir. Bunu insanlar dərk etməlidir. Lakin dərk edib yenə də təkrarlayan insanlar vərdiş halı alıb. Çox təəssüf ki, vərdiş halı alıbsa düzəlməsi zaman alır. Buna görə də düşünürəm ki, bu kimi vərdişləri aradan qaldırmaq və fəsadlarından qaçınmaq üçün mütəxəssis yardımı alınmalıdır".
Bu gün Bakı Uşaq və Gənclər Teatrından yeni tamaşa olacaq- “Cənnətə bilet”
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı “Cənnətə bilet” tamaşasına baxmağa dəvət edir.
Tamaşa bu gün - iyulun 13-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş olunacaq.
Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə həsr olunmuş tamaşanın ssenari müəllifi və rejissoru İlhamə Əhmədova, quruluşçu rəssam Sevda Məmmədova, musiqi tərtibatı Rauf Hüseynli, dekor müəllifi Ceyhun Həşimovdur.
Səhnə əsərində teatrın aktyorlarından Qurban Əhmədov, Mehman Piriyev, Flora Hüseynova, Gülnar Əlizadə, Toğrul İsabəyli, Əli Babayev çıxış edəcəklər.
Günün fotosu: Rusların bugünə itkisi 37470 nəfərdir
Günün fotosu: Rusların bugünə itkisi 37470 nəfərdir
Fotoda rusların Xarkovu bombalaması anı əks olunub. Foto Euronews-a aiddir. Fotonun şərhində Ukrayna Ordusu Baş Qırargahının xəbəri də əksini tapıb- ruslar müharibə başlayandan bəri 37470 nəfər canlı qüvvə itiriblər.
Bənövşələr üstə göz yaşları...” kitabı latın qrafikası ilə işıq üzü görüb
Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi münasibəti ilə “Bənövşələr üstə göz yaşları...” kitabı latın qrafikası ilə işıq üzü görüb.
“Bənövşələr üstə göz yaşları...” kitabı “Gənclik 1994” nəşri əsasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən kiril əlifbasından latın əlifbasına çevrilərək 1000 tirajla yenidən işıq üzü görüb.
Xalqımızın sevimli şairi Mirvarid Dilbazi uzun, maraqlı, xalq üçün olduqca dəyərli, mənalı bir ömür yaşayıb. “Bənövşələr üstə göz yaşları...” kitabına istəkli şairimiz öz şirinli, acılı xatirələrini daxil edib. Oxucu bu xatirələr işığında şairin ata-anası, doğmaları, Azərbaycan ədəbiyyatının yaradıcılarından olan tarixi şəxsiyyətlərlə yaxından tanış olacaq.
Səməd Vurğun, Şuşa və şuşalılar - Vilayət Quliyev yazır
Şuşaya tələsən gənc
1926-cı ilin yayıdır. Azərbaycanın müxtəlif guşələrindən istirahətlərini səmərəli keçirmək üçün adamlar dəstə-dəstə Şuşaya axışır. Ağdamdan Şuşaya qalxan faytonların birində 20-21 yaşlarında bir gənc də oturub. Uzun və pərişan saçlı bu oğlan keçib getdiyi yerləri xüsusi bir maraqla seyr edir, yol boyu gördüyü gözəllikləri gözlərinə köçürür, yaddaşına yazırdı. Tez-tez faytonçuya sual verir, gördüyü yerlərin adını və mənzil başına nə vaxt çatacaqlarını soruşurdu. Faytonçu isə cavabında irəliləri göstərərək: - Darıxma, bala, az qalıb, bax, o axırıncı dolamanı aşandan sonra Şuşaya çatırıq, - deyə bu səbirsiz sərnişini sakitləşdirməyə çalışırdı...
Səməd Şuşanı görməmişdi. Ancaq bu ərlər, ərənlər oylağı haqqında kitablardan çox məlumatlar əldə etmiş, böyüklərdən, xüsusən də, Qazax Müəllimlər Seminariyasında vaxtilə ona dərs demiş Firidun bəy Köçərlidən çox şeylər eşidib-öyrənmişdi. Dolamaları qalxdıqca sərin meh Səmədi vurur, onu xoşhallandırır, xəyala daldırır, Firidun bəy Köçərli ilə tanış olduğu o unudulmaz günləri gözləri önündə canlandırırdı.
...Seminariyaya qəbul vaxtı idi. Səməd qardaşı Mehdixanla birlikdə qəbula gəlmişdi. Böyük qardaşı ilk yoxlamadan sonra seminariyaya götürüldü. Əynində yamaqlı paltar, başında quzu dərisindən papaq, ayaqlarında çəkələk, balacaboylu, zəif və cılız bədənli bu uşağı isə Firidun bəy imtahanı buraxmaq istəmirdi. O, üzünü Səmədin yanınca gələn nənəsi Ayişə xanıma tutub:
- Ay bajı, bu uşağı lət basıb öldürür ki! Belə cırtdan boyda uşaqdan müəllim çıxmaz, o, oxuya bilməz. Həm də iki qardaş birdən qəbul etmək düz çıxmaz! - dedi.
-Firidun bəy, üzüm ayağının altına, mənə yazığın gəlsin, o, mənim nəvəmdir. Anadan yetim qaldığına görə, bir də kasıblıqdan bu günə düşüb. Badisəba xanım bu yetimlərin vəziyyətini yaxşı bilir, - deyə Ayişə xanım yalvarıcı baxışla gözlərini Firidun bəyə zillədi.
Firidun bəy isə heç bir güzəştə getmək istəmir. Birdən “eh, Ay Firidun bəy, haradan biləsən ki, bu ürəkdə nələr var?!” sözlərini eşitdi. O, cəld səs gələn tərəfə döndü. Təcrübəli pedaqoq bu səs sahibinin Səməd olduğunu bilib, bir anlığa fikrə daldı, sonra “bu uşağı bir yoxla görək!”, - deyə üzünü yanında lal-dinməz dayanan müəllim İbrahim Əfəndi Qayıbova tutdu. İbrahim müəllim əlindəki Quranı açıb, Səmədə “Əmma” surəsini oxumağı buyurdu. Səməd həmin surəni oxumadı, kitabı vərəqlədi, başqa bir səhifədən bir-iki sətir oxuyandan sonra kitabı örtüb, gözünü yumaraq ayənin ardını gözəl avazla əzbərdən dedi. Hamının üzünə heyrət ifadələri qondu, səssizcə onu dinləməyə başladılar. Firidun bəy gözlərindən od parlayan bu uşağa yaxınlaşdı, əlini onun çiyninə qoyub “bu ki, od parçasıymış!”,- deyə başını sığalladı, uşağı imtahana buraxmağı tapşırdı. Səməd imtahanlarını uğurla verib, Seminariyaya daxil oldu. .. Firidun bəy iki il ona dərs dedi və bu müddət ərzində özünü də, doğulub boya-başa çatdığı Şuşanı da şagirdinə sevdirdi, özü də çox sevdirdi.
Vaqifin məzarı başında
Təxminən saat yarımlıq yoldan sonra fayton Şuşa qalasına çatıb, “Bazarbaşı meydanı”nda dayandı.
-Bu da Şuşa qalası, buyurub düşə bilərsən, bajıoğlu!- deyə faytonçu üzünü gənc sərnişinə tutub əlavə elədi: - Görürəm ki, bura adamı deyilsən, müsafirsən, ürəkdən deyirəm, gedək qonağımız ol.
Lakin Səməd qoca faytonçuya təşəkkür edib burada işləyən qardaşının yanına gedəcəyini bildirdi və xudahafizləşib, “Bazar meydanı”na tərəf yollandı. Qarşısına çıxan nurani bir qocaya salam verərək “Cıdır düzü”nün yolunu və Vaqifin qəbrinin yerini soruşdu. Qoca bu uşağa nəzər salıb, onun sualına sualla cavab verdi:
-Bala, deyəsən, nabələd adama oxşayırsan. De görüm, haradan gəlib, hara gedirsən?
-Baba, qardaşım Mehdixanın yanına gəlmişəm. O, burada müəllimlər kursunun müdiri işləyir. –Birdən qocadan soruşdu:- Vaqif adında şair eşitmisənmi, baba? Deyirlər, qəbiri “Cıdır düzü”ndədir. Bax, o kişi həm mənim qohumum, həm də həmkəndlimdir. Deyirəm əvvəlcə bir ona baş çəkim, qardaşımın yanına sonra gedərəm.
Az qala əsr yarımı haqlamış Qabil baba çox pərişan, uzunsaçlı, nimdaş geyimli, məcnunanə görkəmi olan bu gənci yenidən başdan ayağa süzüb:
-Niyə eşitməmişəm, bala, hətta görmüşəm də. Şairi oğlu ilə birlikdə elə mənim gözlərimin qabağındaca öldürmədilərmi? Gedək, oğul, gedək Vaqifin məzarını göstərim sənə! - deyə Qabil baba onunla birlikdə “Bazar meydanı”ndan keçib, “Cıdır düzü”nə tərəf getməyə başladı. Yolda o, vaxtilə Vaqifin yaşadığı, indi isə quru divarları qalmış evini göstərdi. Səməd uçuq evin yanında bir anlıq ayaq saxladı, əllərini onun divarına, sonra isə üzünə sürtdü, gözlərindən axan yaşı qocadan gizlədə bilmədi. Qabil baba onun bu qəribə hərəkətinə məəttəl qalmışdı. Nəhayət, onlar yollarına davam edib, “Cıdır düzü”nə qalxmağa başladılar. Başdaşı qabağa əyilmiş bir qəbirin önündə dayandılar. Qabil baba:
-Budur, bu da Vaqif! - deyə əli ilə qarşılarındakı məzarı göstərdi. Elə sözünün ardını demək istəyirdi ki, gənc oğlan ətrafında kimin olub-olmadığının fərqinə varmadan dəli kimi məzarı qucaqlayaraq başını daşa döyə-döyə hönkürməyə başladı. Dünyagörmüş Qabil baba onun hərəkətlərini səbirlə izləyirdi. Fikirləşirdi ki, qoy ağlayıb, ürəyini boşaltsın. Ancaq bir neçə dəqiqə idi ki, gənc körpə uşaq kimi ağlamağında idi. Nəhayət, Qabil baba əyilib, ehmalca onun qolundan tutaraq məzardan ayırdı. Gənc oğlan pəjmürdə halda qoca ilə birlikdə şəhərə tərəf getməyə başladı.
İki qardaşın Şuşada görüşü
Səməd Qabil babadan ayrılanda “baba, səninlə yenə işim olacaq, səninlə mütləq görüşəcəyik”,- deyə minnətdarlığını bildirib, ondan ayrıldı və Mehdixanın yaşadığı evi soraqlayıb tapdı... İki qardaş bütün gecəni söhbətləşdilər. Gecə yarıdan keçmişdi. Şuşanın məlhəm havası yuxusu ərşə çəkilən qonağa layla çalıb, onu yuxuya verdi. Səhər tezdən yerindən qalxan Səməd özünü başqa bir aləmdə hiss elədi. Sanki o, cənnətin ən gözəl bir bucağına düşmüşdü. Bu evdən göz işlədikcə uzanan dağları, meşələri, düzəngahları seyr etməyə başladı, külli Qarabağın panoramı gözləri önündə açıldı. Qardaşından xahiş etdi ki, elə indi, bu dəqiqə onu götürüb, Şuşanın gəzməli, görməli yerlərinə aparsın. Səmədin inadkarlığına yaxşı bələd olan Mehdixan qardaşı ilə şəhərə çıxdı, tarixi hadisələrin şahidi, başı qovğalar görən meydanları, tikililəri, məscidləri, Vaqifin vaxtilə dərs dediyi mədrəsəni göstərdi. Sonra “Cıdır düzü”nə qalxdılar, Qaya başında oldular, İsa bulağında dincəldilər, yaylaqlara, dağlara çıxdılar, meşələrdə bulaq başında oturdular. “Qarabağın damı”ndan üzüaşağıda Əsgəran qalasınadək əl içi kimi görünən yerləri seyr etdilər...
Bir neçə gün şuşalıların qonağı olan Səməd Vaqifə həsr etdiyi ilk şeirini, məşhur “Şuşa” və “Zeynal” şeirlərini də burada qələmə aldı.
Mehdixan Vəkilov həmin günləri belə yada salırdı: “...Səmədin Vaqifə həsr elədiyi ilk şeiri o günlərdə Şuşada olan Bülbül bir müsamirədə oxudu, dinləyicilər alqışladılar. Bülbül isə “müəllifin adını deməyəcəyəm, maraqlanan tapar”, - dedi. “Onsuz da bilənlər çoxdur”. Səməd Vurğun məclisdə idi, onu səhnəyə çıxardılar və bu balaca kasıb geyimli oğlanı gurultulu surətdə alqışladılar”.
Səməd Vurğunla Bülbülün tanışlığı belə başladı və bu dostluq ömürləri boyu davam etdi. Çox-çox sonralar dahi müğənni həmin unudulmaz günləri xatırlayaraq yazırdı: “... Səmədlə otuz il idi ki, dost idik. İndiki kimi yadımdadır, 1926-cı ilin yay aylarında o, Şuşaya istirahətə gəlmişdi. İlk dəfə burada tanış olduq. O, məndən xahiş etdi ki, axşamkı konsertdə yeni yazdığı şeirlərdən birini oxuyum. Bu şeir məni tutdu və konsertdə dinləyicilərin böyük rəğbətini qazandı. O vaxtdan bizim dostluğumuzun xəmiri yoğruldu. Otuzillik eşqin bədii yaradıcılıq yolunda –şeirdə, musiqidə, teatr sənəti sahəsində biz, incəsənət işçiləri həmişə Səmədlə əl-ələ verib, birgə addımlamışıq. O, həmişə bədii yaradıcılığın ön sırasında getmişdir”.
Səməd Vurğun Şuşaya, onun adamlarına elə vurulmuşdu ki, buradan heç yerə getmək fikri yox idi, elə “ölüb, burda qalmaq” istəyirdi. Amma ... amma getməliydi. Hansısa dahi bir qüvvə - sevgilisi Dürrənin eşqi onu harasa çəkib aparırdı. Bir neçə gündən sonra o, “dağlar, salamat qal, el salamat qal”,- deyib bir də görüşmək arzusu ilə qəlbinin bir parçası olan Dürrə qədər sevib-əzizlədiyi Şuşadan ayrıldı. Ancaq gənc şairə elə gəlirdi ki, ürəyinin yarısını burada qoyub gedir, onun bu şəhərdə nəyisə qalıb, burada nəsə itirib və nə vaxtsa o itkinin dalınca bura yenə də üz tutacaq...
Nəhayət, onillik ayrılıqdan sonra Səməd Vurğun yenidən “öz sevgilisi”nə qovuşdu, ikinci dəfə “Vaqif” pyesini yazarkən, 1936-cı ilin yayında Şuşaya gəldi. Qabil baba ilə (1780-1939) yenidən görüşdü, ondan Vaqif haqqında, Qarabağda o dövrdə baş vermiş hadisələr barədə çoxlu şeylər öyrəndi, əsəri üçün qiymətli materiallar topladı. Bakıya qayıdandan sonra Qarabağ tarixinin bilicisi, görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli ilə dəfələrlə görüşdü. Sonralar yazıçının oğlu Orxan Vəzirov atası haqqında qələmə aldığı xatirələrində yazırdı: “... O vaxtlar Səməd Vurğun da bizim qonşuluğumuzdakı Lermontov küçəsində yaşayırdı. O, “Vaqif” pyesini yazarkən Qarabağ xanlığına aid tarixi materiallar toplamaq üçün 1935-1936-cı illərdə bizə tez-tez gəlib, atamdan müəyyən məsləhətlər alardı və hörmət əlaməti olaraq atama “Mirzə” deyə müraciət edirdi.
Mehdixan Vəkilov 1976-cı ildə “Azərbaycan” jurnalında çap etdirdiyi “Mənim qardaşım” adlı xatirələrində bu barədə yazmışdı: “...1936-cı ildə Vaqif dövrünə, onun həyatına, bütünlüklə Qarabağ xanlığına dair Səmədin Yusif Vəzirlə saatlarla söhbət etdiyi mənim yaxşı yadımdadır”.
Nigar Həsənzadənin “Seçilmiş şeirlər” kitabı nəşr olunub
Dövlət Tərcümə Mərkəzi tanınmış Azərbaycan şairi Nigar Həsənzadənin “Seçilmiş şeirlər” kitabını nəşr edib.
Xalq şairi Ramiz Rövşənin “Oxunan və eşidilən şeirlər” adlı “Ön söz”ü ilə təqdim olunan şeirlərin Azərbaycan dilinə tərcümə müəllifi – tanınmış şair Salam Sarvandır, redaktoru – tanınmış şair – tərcüməçi Mahir N. Qarayevdir.
101 yaşlı qocaman kənd məktəbi
Quba-Xaçmaz bölgəsinin Alıcqışlaq kənd tam orta məktəbi bu il 101 yaşını qeyd etdi. Bu gün ölkəmizdə bu yaşda çox az məktəb tapmaq olar. Ona görə də bu məktəb unikal məktəblər sırasında qərarlaşıb.
Olduqca səfalı bölgədə yerləşən Alıcqışlaq kəndi qədim kənddir, dəniz səviyyəsindən 207 metr hündürlükdə yerləşir, 19-cu əsrin ortalarında Qubanın Alıc kəndinin camaatı gəlib burda qışlaq salıb, o vaxtdan da bura yurd yeri olub. 2009-cu il siyahıyaalınmasına görə kəndin 539 nəfər sakini var.
Məktəb yerləşən bina isə lap əvvəllər məscid olub. Burada həm də bölgənin ən böyük mədrəsələrindən biri fəaliyyət göstərirmiş. 1921-ci ildə kənd camaatının təbirincə desək, allahsız Şura hakimiyyəti gəlib məscidi qapadıb, amma yaxşı ki, barı, mədrəsəni qapatmayıb, o vaxtlar molla məktəbi adlanan mədrəsənin bazasında dünyəvi məktəbin fəaliyyət göstərməsi qərarını verib. İlk dövrlərdə Alıcqışlaq məktəbi dördillik olub. Sonra yeddiillik və səkkizillik oldu.
1971-ci ildə məktəbə yeni bina tikilib. 1972-ci ildə ilk tam orta məktəb buraxılışı olub. Mən özüm 1973-cü ildə məzun olmuşam, necə deyərlər, 101 yaşlı məktəbin 49 illik məzunuyam. Allah ömür versə, gələn il sinif yoldaşlarımız məzunluğumuzun 50 illiyini qeyd edəcəyik. O vaxt biz 17 nəfər məzun olmuşuq.
Məktəbimizin 93 yaşlı məzunu da var, Ələkbər baba deyə bütün rayon ona ehtiram göstərir, bu pirani insanı danışdırsan tarix kitabı kimi çox böyük, hadisələrlə zəngin bir dövrün xronologiyasını göz önündə canlandırar. Ayın 27-də doğum günündə Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev kəndə gələrək rayonun ən qocaman sakini sayılan Ələkbər babaya qol saatı da bağışlayıb.
Məktəbin yanındakı ərazidə əvvəllər bir varlı kənd sakininin - Şura hakimiyyəti belələrini qolçomaq adı ilə damğalayıb həbs etdirmişdi - tövlələri yerləşirdi. Məktəbə yeddiillik status veriləndə əvvəlki mədrəsə binasında darısqallıq yaranmışdı deyə bu tövlələri sinif otaqları halına gətirmişdilər, biz 70-ci illərdə bax bu keçmiş tövlələrdə dərs keçirdik. 71-ci ildə güclü yanğın oldu, məktəbin böyük hissəsi yanıb kül oldu, arxivi də yandı, yeni bina məhz bu səbəbdən tikildi.
2019-cu ilin 16 sentyabrında isə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova, Xaçmaz Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagird və valideynlər məktəbin modul tipli yeni binasının açılışında iştirak etdilər. Unudulmaz anlar idi.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova son illərdə ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirdi, bu modul tipli yeni məktəb binasının tikilməsini də məhz bu işlərin parlaq nəticəsi olduğunu söylədi.
Qeyd edim ki, geniş və işıqlı sinif otaqları ilə şagirdlərin ixtiyarına verilən yeni məktəb binası 96 şagird - yerlikdir. Ölkə Prezidenti məktəbimizin yeni binasının inşası üçün 425000 manat vəsait ayırmışdı.
Məktəbin keçmiş direktoru İslam Zahirov da hazırkı direktor əvəzi Günay Mahmudova da məktəbin qabaqcıllar sırasında olması üçün əllərindən gələni əsirgəməyiblər.
Onu da deyim ki, bizim məktəb hazırda tək öz kəndimizin deyil, qonşu kəndlərin də uşaqlarına xidmət edir. Mirzə Qışlaq, Qaracık Zeyid, Ağyazı, Suxtakələ kəndinin uşaqları gəlib burda tam orta məktəb təhsili alırlar.
Məktəbimiz 1-ci Qarabağ müharibəsi şəhidi İlqar Nuru oğlu Mujdabəyovun adını daşıyır, məktəbin həyətində onun büstü də var.
Ötən il məktəbin yüz illiyi pandemiya səbəbindən keçirilmədiyi üçün bu il 101 illiyi təntənə ilə qeyd edildi. Tarixdə belə bir təntənə bu məktəbdə görünməmişdi, bütün məzunlar gəlmişdilər, şirniyyat süfrələri açılmışdı, hamı xoşbəxt idi. Azərbaycan Televiziyası gəlib süjet çəkdi, həm məktəbin şagirdləri və pedaqoji kollektivi, həm də kənd camaatı bundan qürur hissi keçirdilər. Yeri gəlmişkən, fürsətdən istifadə edib Ana Televiziyamızın sədri Rövşən Məmmədova Alıcqışlaq kənd sakinləri adından minnətdarlıq bildiririk.
Maddiyyatı ən böyük dəyər hesab edənlər yanılırlar, ən böyük dəyər mənəviyyatdır. Azərbaycanın mənəvi sərvətlərini yüz illərdir ki, folklorumuz, adət-ənənələrimiz, ədəbiyyatımız, mental xüsusiyyətlərimiz, eyni zamanda təhsilimiz formalaşdırır. Bu cəhətdən də, 101 illik fəaliyyəti dövründə on minlərlə insana təlim-tərbiyə verən, onları bilik xəzinəsinə çatdıran Alıcqışlaq kənd orta məktəbinin yeri bir ayrıdır.
102-ci ildönümündə görüşənədək, əziz məktəbimiz!
Malik Məmmədov,
Xüsusi olaraq Alıçqışlaq
kənd orta məktəbindən