Super User

Super User

Cümə, 22 İyul 2022 12:23

…Dumandı, ay gedən, əylən!

 

Bu gün mərhum şair Akif Səmədin doğum günüdür. Sağ olsaydı, 63 yaşını qeyd eləyərdi. Allah ona qəni-qəni rəhmət eləsin! 

 

 

Bu nə yeriş, bu nə nazdı,

Amandı, ay gedən, əylən.

Bu günlər, yoxsa sabahlar

Gümandı, ay gedən, əylən.

 

Gülə can verən arıyıq,

Yönü sevdaya sarıyıq,

Ölüm heç nədi, ayrılıq

Yamandı, ay gedən, əylən.

 

Açıb yasəmən kolları,

Açılıb bizə qolları,

Tanı getdiyin yolları,

Dumandı, ay gedən əylən.

 

Elman Eldaroğlu yazır

 

 

Beş yaşınadək keçmiş “Sovetsk”idə- “Həmşəri palanı” küçəsində, 7 kvadrat-metrlik bir evdə böyüyüb. Sonra yeni mənzilə köçüblər. Daha sonra orta məktəb, institutut, əsgərlik, bədii yaradıcılıq, televiziya və “Dalğa” verilişi. Onu Azərbaycana tanıdan da elə “Dalğa” oldu…

 

Deyir ki,- “Səmimi bir etiraf edim: atamın mənim üçün kim olduğunu hələ tamamilə dəqiqləşdirə bilməmişəm. Hətta həyatımda oynadığı rolu da. Bilirəm ki, məndə nə varsa, hamısı atamdandır. Amma nə vaxt verib, necə verib, hansı mexanizmlə verib, bilmirəm”...

Nikbin, məğrur, zəmanəylə ayaqlaşan, ətrafında cəryan edən hadisələrə həssas, səbrsiz insandır. Gördüyü iş ürəyincə olmayanda, ideyaları tükənəndə, bəzən dünyadan bezir. Amma böyük işlər görmək həvəsi heç zaman onu tərk etmir. Gözlərində qəribə bir kədər var. Keçmişin acı xatirələri onu heç vaxt rahat buraxmır. Odur ki, güləndə sanki ürəkdən gülmür…

Atası Əlfi Qasımov əslən Ağdam rayonunun Poladlı kəndindəndir. Azərbaycanın tanınan yazıçılarından biri idi. Eyni zamanda jurnalist, publisist və tərcüməçi kimi yaddaşlarda qalıb...

Yüksək intuisiya, hissetmə qabiliyyətinə malikdir. Bəzən həmsöhbətini hipnoz etməyi bacarır. Qəribə xasiyyətləri çoxdur. Həzin musiqi səsindən, şam işığından, tənhalıqdan ilhamlana bilir. Mübariz, haqsızlığa qarşı amansızdır. Yanında kiminsə haqqı tapdalananda sərt reaksiya verir. Buna görə də bəziləri onu acıdil adam kimi tanıyırlar. Heç zaman ruh düşkünlüyünə mübtəla olmur. Əksinə çətinliklə üzləşəndə daha əzmkar, daha döyüşkən olur. Sadə geyinməyi xoşlayır. Onun üçün insanların libası yox, daxili keyfiyyətləri əsasdır…

Deyir ki,- “Ömrüm 20 yaşına qədər acı bağırsaq kimi uzanırdı. 20-60 arası isə heç bilmədim necə keçdi. İndi hər günümü dəyərləndirirəm - görəsi o qədər iş var ki. Sadəcə, planlar qurub, Allahı özümə güldürmək istəmirəm - məsləhət Onunkudur”…

Güclü yumor hissinə malikdir. Şən və gülərüzdür. Atmacaları ilə aranı qarışdırıb, müzakirə meydanına çevirməyi bacarır. Şəhər uşaqlarına məxsus jestləri var. Necə deyərlər, əsl centelemendir. Nəvaziş göstərməkdən zövq alır. Ana dilimizin məftunudur. Lazım gələrsə, onun uğrunda mücadiləyə girə bilər. 

El arasında belə bir ifadə var- canlara dəyən adam. Bir sözlə, İlqar Əlfioğlu doğrudan da canalara dəyən adamdır...

Rəsm qalereyası: Adil Hacıyev, “Balıqçılar”

“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın “ÖZÜNÜ QAYADAN ATAN QADINLAR” adlı şeirini təqdim edir. 

         

(Birinci Qarabağ müharibəsində Kəlbəcərin işğalı zamanı yerli qadın sakinlərdən bir neçəsi düşmənə əsir düşməmək üçün əl-ələ tutaraq özlərini qayadan atmışdılar)

 

Çovğunlu, şaxtalı, buz havalarda

Ağı havasına kökləndi Vətən.

Qəfil sınaqlarda, sərt çabalarda

El-el, oba-oba təkləndi Vətən...

 

Murov silsiləsi  -- tək xilas yolu;

Qarlı aşırımlar açdı nələri...

Əfsusla, fəryadla, eyvahla dolu

Ağdaban, Başlıbel faciələri!..

 

Yağılar qurduğu hiylə torunda

ümidlər dörd yandan mühasirədə...

Qətiyyət nə idi bu zor sorunda --

Yaşamaq anamuzd, həyat kirədə...

 

İsmət nuru hopdu qana, iliyə;

Son addım nə günah, nə də ki, suçdu...

Divar hörülüncə təslimçiliyə,

Faşistlik, vandallıq hasarı uçdu...

 

Qorxunc qayalıqlar sıldırım, girdə,

Üstə mərd ayaqdan sirr ələnirdi...

Qızlar sığındığı qanlı dərədə

Mərdlik tariximiz zirvələnirdi!..

 

Qeyrəti bayraqtək tutan qadınlar

Uçrumlar başında baş taclarımdır.

Özünü qayadan atan qadınlar

Məğrur analarım, bacılarımdır!..

 

...Paytaxtda kreslo davası tin-tin...

Meydanda məsləki birdi qadınlar.

Əldən yapışmayan hakimiyyətin

səhvindən...əl-ələ verdi qadınlar...

 

Qalxıb könüllülər döyüşə haqla

Darda haray çəkən elimə yetdi.

İqtidar əl-ələ vermədi xalqla,

Qadınlar əl-ələ ölümə yetdi...

 

Hərc-mərclik içində yol əyiş-üyüş...

O yolda hər yoldan ötən gedirdi...

Arxada vəzifə uğrunda döyüş,

Cəbhədə arxasız Vətən gedirdi...

 

Yanar ürəklərə yol versəydilər,

Xəyanət ağzında dil açmazdılar...

Məmurlar bu xalqa əl versəydilər,

Əllər ölümlərə əl açmazdəlar...

 

Neyçün bağlanmışdı nicat  qapılar?!

Nədən xilas meylə qatlanmaq olmur?!

Dərədən, təpədən at da çapılar,

Amma dərd üstündən atlanmaq olmur...

 

Orda zaman özü dayanaydı kaş;

Özünəqəsd tənə biyabanıdır...

Onlar həlak olan o qaya, o daş

Könüllü şəhidlər xiyabanıdır!..

 

Geniş götür-qoya zaman yox darda,

Hər an amansıza öc ayətiydi.

Ölüm ağuşuna atılmaq orda

Millətin yaşarı şücayətiydi!..

 

Qorxu -- bir silah ki, geri təpilən,

Hünər -- qanda bitən dilək fidanlar...

Namus toxumuydu Yurda səpilən

özünü qayadan atan qadınlar!

 

Məsləki, məramı titan qadınlar

Acı həqiqəti rəmzə atdılar..

Özünü qayadan atan qadınlar

Şərəf tariximə imza atdılar!

 

Bu gün - iyulun 22-də Azərbaycan Rəngkarlığı Muzeyində “Rəssamın gözü ilə” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək. 

 

Görüşdə Əməkdar rəssam Yelena Haqverdiyeva, publisist, musiqişünas Fərizə Babayeva, filoloq, fotoqraf-rəssam və publisist Leyla Sultanzadə, eləcə də sənətşünas Toğrul Əfəndiyev iştirak edəcəklər. Görüş zamanı hazırda Azərbaycan Rəngkarlığı Muzeyində açılan azərbaycanlı rəssam Ucal Haqverdiyevin "Mövcudluqda ünsiyyət" adlı fərdi retrospektiv sərgisi, habelə onun həyat və yaradıcılığından danışılacaq. Həmçinin qonaqlar iştirakçıların sualını cavablandıracaq, maraq doğuran mövzular müzakirə ediləcək. 

Tədbirin moderatoru kurator, “BARZA Art Bureau”nun təsisçisi Samira Sefidir. 

Görüş rus dilində keçiriləcək.

 

Bizim üçün əlamətdardır ki, Şuşa şəhəri məhz Türkiyənin Bursa şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Böyük Qarabağ Zəfərindən sonra Şuşa şəhərinin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi bizi sevindirir. Əminik ki, Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı missiyasını layiqincə yerinə yetirəcək. 

 

Bu fikirləri AzərTAC-a açıqlamasında Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş ifadə edib.

“Şuşa türk dünyasının incisi, fəxrimiz və iftixarımızdır!”, - deyən bələdiyyə sədri Alinur Aktaş bildirib ki, Bursanın türk dünyasının mədəniyyət paytaxtı estafetini Şuşaya verməsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir təzahürüdür. Hazırda Bursa türk dünyasının birliyi və həmrəyliyinə yönələn böyük layihələrə ev sahibliyi edir. Azərbaycanın bu proseslərdə fəal iştirakından çox məmnunuq. 

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən fövqəladə iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.

Günün fotosu: Dəhşətli istilər və fillər

 

Kopenhagen zooparkında dözülməz isti filləri də əldən salıb.

Foto: TASS

 

Ən çox küsüb barışanlar, lap elə sonadək düşmən olanlar şou-biznes əhlidir, sirri nədədir, bilən yoxdur. 

“Bağışlamadığım insan yoxdur. Əlbəttə, bağışlamışam. Hətta illər əvvəl mənimlə ciddi konfliktə girən sənət adamlarını da bağışlamışam".

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Bağ mövsümü" proqramında deyib. Müğənni aparıcı Murad Əzimzadənin "Bu sənətdə kimi bağışlamamısınız? Sizinlə ciddi konflikti olan sənət adamları gördük. Heç peşman oldunuzmu? O səhvi bir də təkrarlaya bilərlər" sözlərinə belə cavab verib:

"Sevinirəm ki, aciz olmadım. Söhbət dünyadan köçəndən gedir (mərhum Xalq artisti İlhamə Quliyeva nəzərdə tutulur - red.). Onu bağışladım və özüm onun üçün Yasin də oxudum. Allah qəbul etsin. Çünki yuxuma girdi, halallıq istədi. Amma ondan əvvəl artıq onu bağışlamışdım. Böyük Allah bağışlayandır, biz isə onun bəndələriyik".

Qeyd edək ki, mərhum Xalq artisti İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasında illərlə qalmaqal yaşanıb. Onların mübahisəsi məhkəməyə qədər gedib çıxıb. İ.Quliyeva Dostəliyevanı məhkəməyə vermiş və 25 min manat təzminat almışdı.

 

“Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvanın Milli Azərbaycan Tarixi Muzeyində qorunan əl işlərindən biri olan köynək bərpa edilir. Bu barədə APA Milli Tarix Muzeyinə istinasən məlumat verib. 

 

Qeyd olunub ki, sözügedən köynək hazırda bərpa və konservasiya işlərinin aparılması məqsədi ilə muzeyin Bərpa laboratoriyasına cəlb olunub. Qarabağ incilərindən olan eksponatın tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq, bərpa və konservasiya işləri zamanı eksponatın heç bir hissəsi demontaj edilmədən aparılacaq. Belə bir üsul bərpanı yetərincə çətinləşdirsə də, Xurşidbanu Natəvanın əl işinin tam orijinallığını qoruyacaq. Bərpa və konservasiya işləri yekunlaşdıqdan sonra eksponat ictimaiyyətə təqdim ediləcək.

Xatırladaq ki, eksponatın konservasiya və bərpa işləri muzeyin tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən icra olunur.

 

“Azərkitab” Kitab Mərkəzində 22 iyul Milli Mətbuat gününə həsr olunmuş “Qələmlə vətənə xidmət edənlər” adlı sərgi-tədbir təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə rəhbəri Elnurə İsgəndərova, təşkilatçı Aygün İsgəndərova olan sərgi-tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, media nümayəndələri və rəssamlar iştirak ediblər. 

İştirakcılara Milli Mətbuat günü ilə bağlı diplom və medallar təqdim olunub. 

“Azərkitab” Kitab Mərkəzinin direktoru Mirisrafil Həsənov əməkdaşımıza bildirib ki, bu tədbirdə həm media, həm rəssamlıq mövzu olub və bu sayaq miks tədbirlərin keçirilməsi daha effektiv olur. 

Mirisrafil müəllim onu da bildirib ki, “Azərkitab” yeni ünvanda 3 böyük zalla kitabsevərlərin xidmətindədir, bundan sonra da onun qapıları kitabsevərlərin üzlərinə açıq olacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.