Super User

Super User

Çərşənbə axşamı, 20 Sentyabr 2022 10:06

Tarixi abidələrə qarşı misli görünməyən vandallıq

 

Bəşəriyyət çox dağıdıcı müharibələr, işğallar görüb. Çox işğalçılar başqa torpaqları zəbt ediblər. Amma zəbt edilən şəhər və kəndlər büsbütün dağıdılmayıb, dəyər kəsb edən mədəniyyət abidələri yer üzündən ucdantutma silinməyib. Bunu etməyi yalnız ermənilər bacardılar. Ağdam şəhərini tamamən yox etdilər, içi Şuşa qarışıq digər şəhərləri viran qoydular.

Ermənilər Şuşa şəhərini işğal altında saxladığı dövrdə tarixi memarlıq abidələrini tamamilə məhv ediblər.

Şuşa şəhərinin tarixini silmək üçün ermənilər xüsusilə qədim tikililəri, xan, bəy evlərini dağıdıblar.

APA informasiya agentliyinin Qarabağ bürosu bu dağıntıları lentə alıb. “Ədəbiyyat və incəsənət” portalı həmin görüntüləru sizlərə təqdim edir.

 

Şuşada Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilir.

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, əvvəlcə  sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin törətdiyi təxribat nəticəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda açılış nitqləri ilə startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov çıxış edib.

Startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran bildirib ki, ötən gün qonaqlar üçün maraqlı olub. Səfər zamanı həm kədərli, həm də sevincli hisslər yaşanıb. Diqqətə çatdırıb ki, Qarabağın sürətlə bərpası və əvvəlki vəziyyətinə qayıtmasını görmək qonaqları valeh edib.

“Bu gün dünyada mədəniyyət və yaradıcı sahədən iki trilyon dollara yaxın gəlir əldə olunur. Biz bu gün konfransda məhz bunu müzakirə edəcəyik. Qarabağın gələcəyi barədə müzakirələrin ediləcəyi tədbirlər davamlı olaraq keçiriləcək”, - deyə T.Katran qeyd edib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd torpaqlarımızın işğaldan azad olunmasından sonra bu ərazilərdə mədəni və yaradıcı sənayelərin inkişafına töhfə verməkdən ibarətdir. Qeyd edib ki, Şuşa şəhəri Azərbaycan mədəniyyətində böyük rol oynayır. Şuşada Azərbaycan mədəniyyətinə töhfəsini vermiş dahi şəxsiyyətlər dünyaya göz açıb. Bu şəhər Üzeyir Hacıbəylinin Vətənidir.

“Konfransın əsas məqsədi Azərbaycan mədəniyyətinin potensialının aşkar olunnmasıdır. Azərbaycan mədəniyyətinin fərqli cəhətlərindən biri onun sülhsevərliyidir. Mədəniyyətimiz insansevərdir, nifrət və dözümsüzlük yaymır. İstəyirik ki, bizim mədəniyyətimiz dünyanın yaradıcı sənaye bazarında öz yerini tutsun, onun yaratdığı zövq iqtisadiyyatımıza töhfə versin, mədəniyyət xadimlərinin yaratdığı məhsul dünyada tanınsın. Bizim mədəniyyət iqtisadiyyatında çox böyük potensialımız var”, - deyə nazirin birinci müavini diqqətə çatdırıb.

Konfransda İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov qeyd edib ki, bu günlərdə Azərbaycanda mədəniyyətə hər kəs sadəcə istehlakçı kimi baxır. O bildirib ki, konfransdan əvvəl mədəniyyət iqtisadiyyatı ilə əlaqədar araşdırmalar aparılıb. Artıq əsas etibarı ilə alimlər arasında bu sahəyə maraq yaranıb.

Sonra mədəniyyət iqtisadiyyatı üzrə beynəlxalq ekspert Ornela Ramasauskaite azad edilmiş torpaqlarda mədəni dirçəliş mövzusunda çıxış edib. Bildirib ki, tədbirin Şuşada keçirilməsi simvolik xarakter daşıyır. İşğal edilmiş ərazilərdə mədəniyyətin bərpası unikaldır. Qeyd edib ki, qonaqların bu cür xoş qarşılanması mədəniyyətin, yaradıcılığın görüntüsüdür.

“Mədəniyyət iqtisadiyyatı dünyada aktual mövzulardan biridir. Bu sahədə məlumatların toplanılması, statistik monitorinq sisteminin olması vacib təməldir. Mədəniyyət iqtisadiyyatının inkişafı üçün ölkəyə bu sahə üzrə ixtisaslaşmış şirkətləri, müxtəlif peşə sahiblərini dəvət etmək, bir araya gətirmək vacibdir”, - deyə O.Ramasauskaite diqqətə çatdırıb.

Konfrans işini “Azad edilmiş torpaqlarda mədəni dirçəliş və mədəni iqtisadiyyat” mövzusunda panel müzakirəsi ilə davam etdirib.

Qeyd edək ki, “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə gerçəkləşən tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub.

Beynəlxalq konfransda 15-ə yaxın ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya, İsrail, Almaniya, Hindistan, Qazaxıstan və digər ölkələrdən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər iştirak edirlər.

 

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Süleyman Ələsgərova həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə musiqi və mədəniyyət beşiyi olan Şuşada anadan olub. İlk təhsilini musiqi texnikumunun tar sinifində alıb. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan S. Ələsgərov ali təhsil almaq üçün Bakıya üz tutub. Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirən Süleyman Ələsgərov qısa müddət ərzində müsiqi ictimaiyyətində tanınmağa başlanıb. 

Gənc bəstəkar 1943-cü ildə Ü.Hacıbəylinin zəmanəti ilə Bəstəkarlar İttifaqına qəbul olunub. Süleyman Ələsgərovun yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi “Gözlə məni” mahnısı böyük rol oynayıb. Tükənməz yaradıcılıq imkanlarına malik olmuş Süleyman Ələsgərov on bir operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyaların, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı orkestri üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi sevilən romansların, iki yüzdən artıq nəğmənin müəllifi olub. Süleyman Ələsgərov səmərəli yaradıcılığı ilə yanaşı, həm də fəal ictimaiyyətci olub. O, müxtəlif illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Radio və Televiziya xalq çalğı alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru, Mədəniyyət Nazirliyinin İncəsənət idarəsinin rəisi, Bakı Musiqi Akademiyasında xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində işləyib.

O, bütün varlığı ilə Qarabağa, doğulub boya-başa çatdığı Şuşaya bağlı idi. Qarabağda baş verən hadisələrə bəstəkar öz fikirini bəstələrində ifadə edib. “Yürüş mahnısı”, “Gənclik marşı”, Aslan Aslanovun sözlərinə “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan”, Qurban Musayevin sözlərinə “Biz qələbə çalmalıyıq”, Bəşir Nəzərlinin sözlərinə “Bura vətəndir” mahnıları, Bəhlul Orucoğlunun sözlərinə “Əsgər marşı”, Qüdrət Əzizin sözlərinə “Güllələnən abidələr” balladası, “Azərbaycan polisi”, “Bakı-Ankara” əsərləri, orkestr üçün çoxlu sayda hərbi marşlar Süleyman Ələsgərov yaradıcılığında yer alıb. 

Süleyman Ələsgərov 1999-cu il yanvarın 21-də 74 yaşında vəfat edib.

 

Özbəkistanın Daşkənd şəhərində “İpək Yolunun dürdanəsi” XIV-cü Daşkənd Beynəlxalq Kinofestivalının bağlanışına həsr olunmuş təntənəli tədbir keçirilib.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə beynəlxalq festival çərçivəsində Özbəkistanın Daşkənd və Buxara şəhərlərində Azərbaycan Kino Günləri təşkil olunub, Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmlərinin nümayişi keçirilib. Həmçinin festivalın açılışında Özbəkistan Respublikasının Kino Agentliyi ilə birgə istehsalı nəzərdə tutulan, Xalq artisti Vaqif Müstafayevin "Molla Nəsrəddin" bədii film layihəsinin təqdimatı olub.  

Qeyd edək ki, bağlanış mərasimdə festivalın qonaqları, kinosevərlər, alimlər, sənətşünaslar, kino ulduzları, Azərbaycandan kinematoqrafçılar, rejissorlar, kino sahəsinin mütəxəssisləri, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşlıları iştirak ediblər.

Çıxış edən Özbəkistanın Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimov qonaqları salamlayaraq, ölkə başçısının təşəbbüsü ilə keçirilən Daşkənd Beynəlxalq Kinofestivalın yüksək əhval-ruhiyyə ilə tarixə düşəcəyini bildirib.

Özbəkistan Respublikası Kino Agentliyinin baş direktoru Firdavs Abduxolikov ölkəsində kinematoqrafiyanın inkişafının dövlət başçısının birbaşa diqqətində olduğunu qeyd edib. 1968-ci ildə əsası qoyulmuş Daşkənd Beynəlxalq Kinofestivalının yenidən dirçəldilməsi ideyası və təşəbbüsünün Prezident Şavkat Mirziyoyevə məxsus olmasının Özbəkistanda kino sənətinə göstərilən böyük diqqətin əməli təsdiqi olduğunu vurğulayıb.

Bağlanış mərasimində kinofestival çərçivəsində “Kino 5 gündə” beynəlxalq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Sözügedən mükafatlar 1-ci yer üçün “Kaset” qısametrajlı filminə görə Temur Murodova (Özbəkistan), 2-ci yer üçün “Torpaq” qısametrajlı filminə görə Nəriman Taktakulova (Qırğızıstan), 3-cü yer üçün “Günəşə mahnı” filminə görə Feliks Kalmensona təqdim edilib.

Azərbaycanlı gənc kinorejissor  Aleksandr Hacıyevskinin “Turan” adlı qısametrajlı filmi müsabiqənin xüsusi mükafatına layiq görülüb.

Ümumilikdə müsabiqədə dünyanın 19 kino məktəbinin nümayəndəsi olan 1500-dən çox gənc kinorejissor iştirak edib.

Özbəkistan Kino Agentliyinin baş direktoru Firdavs Abduxolikov qaliblərə mükafatlar, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim edib.  

Qeyd edək ki, “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Kinofestivalı sentyabrın 13-dən 18-dək keçirilib. Kinofestivalda  dünyanın Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Rusiya, Hindistan, Polşa, Kanada və s. 40 ölkəsindən 500-dən çox kinematoqrafçı iştirak edib.

Kinofestival çərçivəsində Özbəkistan tamaşaçılarına 150 bədii, sənədli və qısametrajlı film nümayiş etdirilib.

 

17-18 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində ilk dəfə Beynəlxalq Çəpni Barış Festivalı keçirilib. Festivalda ölkəmizi Mədəniyyət Nazirliyinin nümayəndə heyəti təmsil edib. 

 

“Ədəbiyyat və incəsənət” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nümayəndə heyətində nazirliyin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin əməkdaşı Nicat Şərifov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev, idarənin məsləhətçisi Cəbrayıl Qəniyev və aşıq Qəlbinur İbrahimli yer alıb.

Qədim Oğuz türklərinin boylarından biri olan çəpnilər (çəpni – igid, cəsur anlamına gəlir) hazırda müxtəlif ölkələrdə yaşayırlar və özünəməxsus adət-ənənələri ilə seçilirlər.

İzmir Böyük Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə gerçəkləşən festivalda ölkəmizlə yanaşı, İran, İraq, Suriya və Moldovadan nümayəndələr, eləcə də Türkiyənin müxtəlif bölgələrindən çəpnilər də iştirak ediblər.

Tədbirin ilk günü festival iştirakçıları izdihamlı yürüşlə Berqama Cümhuriyyət meydanına gəliblər. Çəpnilərin mədəniyyətini əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıqdan sonra festivalın açılış mərasimi keçirilib. Mərasimə Türkiyə Böyük Millət Məclisinin deputatları, bələdiyyə sədrləri, digər rəsmilər qatılıblar.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəis müavini Vaqif Alıyev çıxış edərək Azərbaycanda çəpnilərin Kürdəmir, Kəlbəcər, Şamaxı, Şabran rayonlarında məskunlaşdığı barədə məlumat verib. Həmçinin çəpnilərin kompakt yaşadığı Kəlbəcər rayonunun Çəpli kəndinin otuz ilə yaxın Ermənistanın işğalı altında olduğu, kəndin 150 ailəsinin köçkün həyatı yaşadığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər sayəsində, illərlə yurd həsrəti yaşayan digər soydaşlarımızla yanaşı, onlar da tezliklə doğma torpaqlarına qovuşacaqlar.

Çıxış edən digər natiqlər dünyanın müxtəlif guşələrində yaşayan çəpnilərin mədəni dəyərlərindən, adət-ənənələrindən söz açıb, bu irsin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar.

İki gün davam edən festivalda sənətçilərin, rəqs qruplarının, şairlərin iştirakı ilə mədəni proqramlar təşkil olunub. Proqramlarda Azərbaycandan aşıq Qəlbinur İbrahimli də ifaları ilə tamaşaçıların rəğbətini qazanıb.

 

Sentyabrın 12-dən 18-dək Vyanada Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (ICDO) təsis etdiyi “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət festivalı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bir həftə Vyananın müxtəlif tarixi məkanlarında keçirilən festival Avstriyanın ən böyük mədəni tədbirləri sırasında yer alır və Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi də mədəni müxtəlifliyin təbliğinə xidmət edən silsilə tədbirlərdə iştirak edib. 

Festivalın təntənəli açılış mərasimində “Dünyanın geyimləri” adlı moda sərgisində müxtəlif xalqların 130-dan çox milli geyimi nümayiş olunub. Azərbaycan Mədəniyyət Mərkəzinin təqdimatında Azərbaycan milli geyimləri də moda sərgisində təqdim edilib və milli geyimlərin tarixi və xüsusiyyətləri barədə tədbir iştirakçılarına məlumat verilib. 

Festivalın ikinci günü “Sülh və mədəni müxtəliflik” mövzusunda panel müzakirələr təşkil olunub. Müzakirələrdə iştirak edən elmi və diplomatik dairələr, beynəlxalq təşkilatların nümayəndələri mədəni müxtəlifliyin qlobal sülh və inkişafın tənzimlənməsi üçün təkanverici qüvvə olduğunu diqqətə çatdırıblar. Tədbirin mədəni hissəsində Ruhulla Əziz (kamança) və Tamilla Sadıqbəyli (fortepiano) Azərbaycan xalq və bəstəkar mahnılarından ibarət musiqi proqramı ilə çıxış ediblər. 

Sentyabrın 14-də Vyanada Yunus Əmrə İnstitutunda “Mədəni müxtəliflik və sülh” mövzusunda rəsm sərgisi keçirilib. Sərgi ədalət, bərabərlik və insanlar arasında müxtəlifliklərə hörmət etməklə sülhə nail olmaq ətrafında ideyaları araşdırmaq və bədii şəkildə çatdırmaq məqsədi daşıyır. Sərgidə 20 ölkənin təmsilçiləri arasında Azərbaycanı təmsil edən qrafik dizayner, illüstrator Nadir Fərəcullayevin əsərləri böyük maraqla qarşılanıb. Tablolarda təsvir olunan azərbaycanlı obrazı digər xalqların adətlərini böyük maraqla sınayır və öz adətləri ilə birlikdə gündəlik həyatına əlavə edir. Üç hissədən ibarət qrafik əsər daha 10 gün sərgi salonunda nümayiş olunacaq.

Festival çərçivəsində “Dünyada müxtəliflik” mövzusunda sənədli və qısametrajlı filmlərin nümayişi baş tutub və sülh, mədəni müxtəliflik, inklüzivlik, bərabərlik və insan hüquqları mövzularında 16 sənədli film nümayiş olunub. Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun dəstəyi ilə ECONES tərəfindən hazırlanmış Azərbaycanda yaşayan yəhudilərin həyatına həsr olunmuş sənədli film bu sırada yer alıb. Filmdə Azərbaycanda əsrlər boyu yaşayan yəhudi qruplarından və onların azərbaycanlılarla sülh və əmin-amanlıq şəraitində yaşamasından danışılır. Filmdə Azərbaycan multikulturalizm, tolerantlıq və qonaqpərvərlik prinsipləri ilə dünya üçün birgəyaşayışın müsbət nümunəsi kimi göstərilir. 

Festivalın bağlanış mərasimində təşkilatın əməkdaşlıq etdiyi diplomatik dairələr, mədəniyyət mərkəzləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri “Mədəniyyətlərarası bağlılığın uzun gecələri”nin və ICDO-nun 5 illik yubileyi münasibətilə təşkil olunan Qala gecəsində iştirak ediblər. Tədbirdə Vyanada təhsil alan azərbaycanlı gənclər - Orxan Cəlilov (vokalçı) və Tamilla Sadıqbəylinin (fortepiano) ifasında Azərbaycan xalq və bəstəkar mahnıları ilə yanaşı, xarici klassik estrada mahnılarından ibarət musiqi proqramı tamaşaçılara təqdim olunub.

Bazar ertəsi, 19 Sentyabr 2022 15:00

Günün fotosu: Yaponiyaya tayfun zərbəsi

Günün fotosu: Yaponiyaya tayfun zərbəsi

 

Foto: Euronews

 

 

 

Atanı çiynində oğul daşıyar,

Çiynində daşımaz adam balasın,

Deyirlər ki, həyat davam eyləyir,

Heç nə davam etmir, atam balası!!!

 

Bəs necə oxşasın, necə ağlasın,

Bu qərib atalar qərib oğlunu,

Ata var qürbətdə çörək qazanıb,

İldə bircə dəfə görüb oğlunu.

 

Turqutun gülüşü, Elçinin səsi,

Əkbərin baxışı ağlımdan getmir,

Biz bitdik, tükəndik, öldük, ilahi,

Nə dava qurtarmır, nə şəhid bitmir!

 

Bu gün məzarlarda rahatlıq tapan,

Gecələr gözünü yummayanlardır,

Vətənə dağ boyda oğul verənlər,

Vətəndən bir qəpik ummayanlardır.

 

Ürəkdə saxlayın, göz üstdə tutun,

Əzrayıl dadanıb oğul yığmağa,

Bir gecədə ölüm fərmanı  gəlir,

Gəlinlər qorxurllar oğlan doğmağa.

 

Sentyabrın 18-də - Milli Musiqi Günündə mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, mərasimdə əvvəlcə Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub. Sonra dahi bəstəkarın “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru səsləndirilib.

Mərasimdə çıxış edən nazir A.Kərimov bildirib ki, sentyabrın 18-i Azərbaycan xalqı üçün mühüm tarixlərdən biridir. Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. O, elə bir şəxsiyyətdir ki, ondan sonra Azərbaycan musiqisində yeni bir cərəyan yaranıb. Qarabağda, mədəniyyət beşiyimiz Şuşada anadan olması Üzeyir bəy üçün ilk məktəb olub. Milli mədəniyyətimiz bir çox məsələlərə görə Üzeyir bəyə minnətdar olmalıdır. Onun əsərləri bəstəkarlar üçün böyük nümunə olub. O, tanınmış musiqiçi olmaqla yanaşı, həm də görkəmli dövlət xadimi idi. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır. O, Azərbaycan və Azərbaycan musiqisi üçün bir simvoldur.

Nazir, həmçinin qeyd edib: “Üzeyir Hacıbəyliyə hörmət əlaməti olaraq 1995-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir ki, xalqımız bu günü qeyd edir. Bu, bir daha Heydər Əliyevin bizim mədəniyyət xadimlərinə göstərdiyi qayğının bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərirlər. Bu qayğı göz qabağındadır. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli adına festival keçirilir. Biz bu il də festivalı keçirməyi planlaşdırmışdıq. Ancaq cəbhədə baş verən məlum hadisələrlə bağlı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq biz bu festivalı təxirə saldıq”.

Sonda nazir Anar Kərimov, mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri xiyabanda digər mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sentyabrın 19-dan 21-dək Polşanın Varşava Universitetinin təşkilatçılığı ilə “Türk Dünyası Araşdırmaları – Multidissiplinar Perspektivlər” adı altında VI Beynəlxalq Türkologiya Konqresi keçiriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın Polşadakı səfirlikləri, eləcə də Yunus Əmrə İnstitutu, Karaim İrsi Fondu konqresin təşkil olunmasında əsas tərəfdaş qismində çıxış edirlər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konqresdə fəxri qonaq qismində iştirak edəcək. 

Konqresdə türk xalqlarının tarixi, siyasəti, iqtisadiyyatı, incəsənəti, dili və ədəbiyyatı, o cümlədən bu gün və keçmişdə türklərin yaşadıqları coğrafi ərazilər, bu sahədə həyata keçirilən müasir araşdırmalar və tədqiqatlar ətrafında müzakirələrin aparılması gözlənilir. 

Konqres çərçivəsində Azərbaycan və türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərinə həsr olunacaq panelin və Şuşanın tarixi, ictimai, siyasi, mədəni həyatını əks etdirən nadir fotolar əsasında sərginin təşkil edilməsi, muğam triosunun çıxışı, eləcə də milli mətbəx nümunələrinin təqdim edilməsi nəzərdə tutulur. 

Konqres çərçivəsində, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülər Abdullabəyovanın XIX əsrdə Azərbaycan və Polşa ədəbi əlaqələrindən bəhs edən kitabının təqdimatı da həyata keçiriləcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.