Super User

Super User

 

Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nəvai şəhərində möhtəşəm açılış mərasimi keçirilib.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə gerçəkləşən tədbirlər ölkənin Daşkənd vilayəti ilə yanaşı, Buxara, Səmərqənd və Nəvai vilayətlərini də əhatə edib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva dövlətimizin Özbəkistanla əməkdaşlığa mühüm önəm verdiyini bildirib. O, ortaq köklərə malik xalqlarımız arasında dil, din, tarix birliyindən söz açaraq, mədəniyyətlərimizin yaxınlığını, qarşılıqlı doğmalığını xüsusi vurğulayıb. Komitə sədri bu doğmalığın, yaxınlığın dərin tarixi ənənələrə malik olduğunu qeyd edərək, böyük gələcək vəd etdiyini qürur hissi ilə söyləyib.

Q.Paşayeva mədəniyyət və ədəbiyyat sahəsində əməkdaşlığımız haqqında danışaraq, Əlişir Nəvainin Nizami Gəncəvini özünün mənəvi ustadı sandığını, Hüseyn Cavid və Abdurrauf Fitratın oxşar taleyi, Qafur Qulam və Səməd Vurğun arasında güclü yaradıcılıq əlaqələri və dostluq əlaqələri haqqında fikirlərini bölüşüb, bu münasibətlərin bu gün yeni nəsil yazarları tərəfindən uğurla davam və inkişaf etdirildiyini söyləyib.

Türk dünyasında mədəniyyət və digər əməli fəaliyyət sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinin, genişləndirilməsinin önəmindən danışan Q.Paşayeva Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət və ədəbiyyatı günləri çərçivəsində milli mədəniyyətimiz və xalqlarımız arasında dostluğa, həmrəyliyə dair çoxsaylı tədbirlərin, layihələrin gerçəkləşməsini məmnunluqla qeyd edib.

O, Nəvaidə ilk dəfə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin Nəvai sakinlərinin yaddaşında xoş xatirə olaraq qalacağına inandığını bildirib.

Komitə sədri deyib: “Qardaş Özbəkistan dövləti və çoxmilyonlu özbək xalqı bizim haqlı mövqeyimizi həmişə müdafiə edib. Biz 44 günlük müharibə vaxtı bunun bir daha şahidi olduq. Bu gün də ilk növbədə Özbəkistan xalqına və dövlətinə minnətdarlığımızı bildirir, ən xoş diləklərimizi yetirirəm”.

Milli Məclisin deputatı, eyni zamanda, Mədəniyyət paytaxtımız Şuşadan danışıb, Şuşanı yalnız Azərbaycanın deyil, Türk-İslam dünyasının mədəniyyət paytaxtı kimi xarakterizə edib: “Şuşa özünəməxsus tarixə, mədəni irsə malik şəhərdir. Şuşa qərinələr boyu Azərbaycan və Türk-İslam musiqisi üçün önəmli isimlər yetişdirib, mədəniyyət beşiyi olub. Ümumtürk mədəniyyətinə önəmli töhfələr verən neçə-neçə dahi şəxsiyyət Şuşada doğulub, boya-başa çatıb.”

Çıxışına davam edən komitə sədri erməni vandalizmindən, bir çox mədəniyyət və tarixi abidənin məhv edilməsindən danışıb. Sonda Q.Paşayeva tədbir iştirakçılarının çoxunun hələ Şuşada olmamasını vurğulayaraq, hər bir özbək aydınını ölkəmizə, qədim Şuşamıza dəvət edib.

Tədbirdə Nəvai vilayət hakiminin müavini Sədullo Mirzoyev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və başqaları çıxış edib, ürək sözlərini bölüşüblər.

Möhtəşəm konsert proqramı ilə davam edən tədbirdə Azərbaycan və Özbəkistan milli naxışlarını özündə əks etdirən milli libaslar kolleksiyası nümayiş etdirilib. Qeyd edək ki, geyimlər azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadə tərəfindən hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalının 3X3 rubrikasında  çağdaş ədəbiyyatımızın 3 nümayəndəsinə 3 sualla müraciət edilib. Aqşin Yeniseydən, Orxan Fikrətoğlundan və Kənan Hacıdan əməkdaşımız Ümid Nəccari soruşub ki:

-Bugünkü Azərbaycan ədəbiyyatında ədəbi mühiti necə dəyərləndirirsiniz? Ümumiyyətlə, ədəbi mühit varmı?

-Azərbaycanda yazıçıların əsas problemi olan kitablarının az sayda satılmasına, ədəbiyyata diqqətin azlığına başlıca səbəblər nə ola bilər? Və çıxış yolunu nədə görürsünüz?

-Ölkəmizdə təşkil olunan kitab sərgiləri ədəbi mühiti canlandıra bildimi?

 

Kənan Hacının cavablarını təqdim edirik:

-Ədəbi mühit hələ də bulanıq mərhələdədir, heç cür durula bilmir ki bilmir. Mühiti şərtləndirən amillər hansılardır? Yazılan əsərlərin, nəşr olunan kitabların müzakirələrin keçirilməsi, alternativ düşüncə, fərqli ədəbi platformaların yaranması, oxucu-yazıçı təmasının intensivliyi... Bütün bunların heç biri yoxdur, varsa da dekorativ xarakter daşıyır. Kitab təqdimatlarında siz oxucu görürsünüz? İki-üç imzanı çıxmaq şərtilə əksər yazıçılarımızın kitab təqdimatlarında eyni simaları görürük, onlar da müəllifin öz qələm dostlarıdır. Çox yaxşı əsərlər yazılır, amma bu əsərlər sanki boşluğa düşüb itib-batır, tənqidçilərin başı titullu, yaxud pullu yazıçıları tərifləməyə qarışıb. Burda da dostbazlıq, tərəfkeşlik rol oynayır. Elə bir mexanizm yaranmalıdır ki, nə tənqidçi yazıçıdan asılı olsun, nə də yazıçı tənqidçidən tərif umsun. Muzdlu tənqidçilər, muzdlu yazıçılar, muzdlu şairlər əmələ gəlib. Belə bir vəziyyətdə hansı sağlam ədəbi mühitdən danışmaq olar? 

Ədəbi layihələrə eyni adamlar cəlb olunur, efirə eyni adamlar dəvət olunur, xaricdə keçirilən ədəbi festivallara eyni adamlar göndərilir, mükafatlara eyni adamlar təqdim olunur. Niyə? Nə səbəbə? Sanki ədəbi mühit elə bu beş-üç nəfərdən ibarətdir. Nəticədə ömrünü ədəbiyyata həsr etmiş nə qədər qələm dostlarımız kənarda qaldıqları üçün, qiymətləndirilmədikləri üçün ruhdan düşürlər, mənəvi zərbə alırlar. İmkanı olanlar öz hesablarına kitablarını xarici dillərə tərcümə etdirib başqa ölkələrdə çap etdirirlər, yenə öz hesablarına beynəlxalq kitab festivallarına gedə bilirlər. Bəs imkanı olmayanlar neyləsin? 

Bəziləri dövlətdən nəsə umurlar. Bu, düzgün deyil, hər şeyi dövlətin üzərinə yükləmək də olmaz. Baxın, ölkədə nüfuzlu nəşriyyatlar var, “Qanun” nəşriyyatı, Teas Press, “Parlaq imzalar”, “Xan”, “Mücrü” və sair. Bu nəşriyyatlar ölkədə yaxşı-pis, kitab bazarı formalaşdırıblar. Kitab sərgilərinin yükü də bu nəşriyyatların üzərindədir. Azərbaycan Nəşriyyatlar Assosiasiyası yaranıb, Bakıda, Sumqayıtda, Gəncədə kitab yarmarkaları keçirirlər. Əsas məsələ, kitaba sevginin olmasıdır. Sevgi və həvəs olandan sonra insan qarşıya qoyduğu məqsədə çatır. İndiki halda naşirlər, yazıçılar və oxucular birləşib sağlam mühit yaratmalıdırlar. 

Çox təəssüf ki, Azərbaycanda milli burjuaziya yaranmadı, taleyin ümidinə buraxılmış yazarlarımızı yalnız milli burjuaziyanın ədəbiyyata yatırım etməsi xilas edə bilərdi. Bu da baş vermədi. 

Kitab nəşri, yazıçıların əsərlərinin çapı bəzən kortəbii şəkildə baş verir. Yazıçılar dəhşətli bir ümidsizlik vəziyyətindədir. Təsəvvür edin, ölkədə ədəbi jurnallar yox dərəcəsindədir. Yazıçılar Birliyinin “Azərbaycan”, “Ulduz” jurnalları və “Ədəbiyyat qəzeti” də olmasaydı, vəziyyət necə olardı? Yeganə qonorar verən ədəbi nəşrlər bunlardır. Bir də “Ədəbiyyat və incəsənət” portalı. “Ədəbi ovqat”, “Yazı” jurnalları redaktorların şəxsi vəsaiti hesabına nəşr olunur və çap xərcini belə çıxarmır, müəlliflərə qonorar vermək iqtidarında deyillər. Ədəbi mühit o zaman canlana bilər ki, alternativ ədəbi qurumlar yaransın, müstəqil ədəbi qəzetlər, jurnallar dərc olunsun, yazılan əsərlər müzakirə olunsun. Rəqabət mühiti yaranmalıdır.  Heç olmasa, qardaş Türkiyədən nümunə götürmək olar.  

-Bu sualınıza qismən cavab verdim. Əlavə olaraq onu deyə bilərəm ki, ölkədə kitab sənayesi yetərincə formalaşmayıb. Bizdə ədəbiyyat tək-tük şəxslərin fədakarlığı hesabına yaranır. Kitab insanların həyatının tərkib hissəsinə çevrilməyənə qədər vəziyyət dəyişməyəcək. Bu barədə dəfələrlə yazmışam, müsahibələrdə də demişəm. İnsanımızın kitaba münasibəti kökündən dəyişməlidir. O, anlamalıdır ki, kitab gündəlik mənəvi qidadır, necə ki, hər gün yemək yeyirik, hər gün də kitab oxumalıyıq. Onda şüurumuz inkişaf edəcək. Bunun üçün televiziyalar qələm adamlarını təmənnasız təbliğ etməlidir. Düşük müğənnilər, şoumenlər bu xalqın zövqünü hər gün zorlamaqla məşğuldur və teleaparıcılar özləri də fərqinə varmadan genefondu məhv etməklə məşğuldurlar. Beş şou verilişi verəndə iki veriliş də ədəbiyyata, kitaba ayırın. Bununla kasıb düşməzsiniz. Mənəviyyata qoyulan kapital mütləq insana qayıdır. 

-Kitab sərgiləri davamlı keçirilməlidir. Ən azı, iki aydanbir ölkənin müxtəlif şəhərlərində, rayonlarında kitab yarmarkaları keçirilməlidir. Sonuncu Milli  və Beynəlxalq Kitab Sərgiləri göstərdi ki, ölkədə tədricən oxucu kontingenti yaranır. Bu proses davamlı olmalıdır. 

 

 

Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi İsa İsmayılzadənin gürcü dilinə tərcümə olunmuş “Mən bir termos şüşəsiyəm”, “Qatım bir-birinə gecə-gündüzü” və “Bir də görərsiniz...” şeirlərinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən verilən məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin gürcü dilinə tərcümə müəllifi –tanınmış şair, tərcüməçi İmir Məmmədlidir.

Qeyd edək ki, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə yayımı maliyyələşdirilən portal, mütəmadi olaraq səhifələrində Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino, Ceyi Hopler kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

Mədəniyyət Nazirliyinin bu ilin mart ayından həyata keçirdiyi “Yeni adlar” layihəsi yeni mövsümdə də davam edir. Layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

“Yeni adlar”ın payız-qış mövsümündə ilk musiqi axşamı oktyabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi.

Musiqi axşamında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə gənc tarzənlər – respublika və beynəlxalq müsabiqələr laureatları Məhəmməd Xanlarov və Vaqif Təhməzov mükəmməl ifaları ilə musiqisevərlərin könlünü oxşadılar.

Musiqi axşamının tamaşaçıları arasında Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, mədəniyyət və incəsənət xadimləri vardı.

Orkestr tərəfindən Üzeyir Hacıbəylinin “Koroğlu” operasından "Uvertüra" və Rauf Hacıyevin “Qaytağı” əsərləri böyük ustalıqla ifa edildi.

Məhəmməd Xanlarov Hacı Xanməmmədovun “Tar və orkestr üçün 1 nömrəli konsert”, Vaqif Təhməzov isə bəstəkarın “Tar və orkestr üçün 3 nömrəli konsert” əsərlərini təqdim etdilər. Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

“Yeni adlar”ın budəfəki iştirakçılarını yaxından tanıyaq.

Məhəmməd Xanlarov 1996-cı ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə L. və M.Rostropoviçlər adına 21 saylı onbirillik Musiqi məktəbinə qəbul olunub. 2015-ci ildə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin tar sinfini, 2019-cu ildə AMK-nın bakalavr, 2022-ci ildə isə magistr pilləsini tar ixtisası üzrə bitirib.

M.Xanlarov 2010-cu ildə xalq çalğı alətləri ifaçılarının II Respublika müsabiqəsində III dərəcəli diplomla təltif olunub. 2011-ci ildə milli musiqi alətləri ifaçılarının Respublika festivalında III dərəcəli, 2014-cü ildə III Respublika müsabiqəsində I dərəcəli diplomlarla təltif edilib. Gənc tarzən Polşanın Volin şəhərində keçirilən XII Beynəlxalq müsabiqədə (2016) I yer və xüsusi mükafata, Antalyada (Türkiyə) keçirilən (2017) Beynəlxalq TV müsabiqə-festivalında “Qızıl ulduz” mükafatına layiq görülüb. Musiqiçi hazırda Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblında fəaliyyət göstərir.

Vaqif Təhməzov 2000-ci ildə Bakı şəhərində anadan olub. 2018-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini tar sinfi üzrə bitirib. Həmin il AMK-ya daxil olub. Hazırda konservatoriyanın magistrantıdır.

V.Təhməzov 2013-cü ildə Qara Qarayevin 95 illik yubileyinə həsr olunmuş “Təhlil və ifa edir gənc musiqiçilər” II Respublika elmi-ifaçılıq müsabiqəsində laureat adını qazanıb. 2017-ci ildə “Testene Art Baku” beynəlxalq incəsənət festival-müsabiqəsində 1-ci dərəcəli diplomla təltif olunub. Eyni zamanda Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr edilən milli musiqi alətləri ifaçıları, xanəndələri və vokal ifaçılarının 3-cü müsabiqəsində laureat olub. 2018-ci ildə Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş xalq çalğı alətlərinin ifaçılarının I Respublika müsabiqəsi və 2019-cu ildə Gürcüstanda keçirilən “Harmony” beynəlxalq müsabiqəsində I yerləri qazanıb. 2020-ci ildə Çexiyada keçirilən “Crystal Star Praque” müsabiqəsi, həmin ildə Malta və Polşada təşkil olunan “Star Bridge” müsabiqəsində Qran-priyə, “Şuşa İli” və Bülbülün 125 illik yubileyinə həsr olunmuş respublika müsabiqəsində də Qran-priyə layiq görülüb.

Çərşənbə, 26 Oktyabr 2022 10:00

Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib

 

Oktyabrın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əmircan qəsəbə mədəniyyət evində "Qonağımız var" layihəsi çərçivəsində  yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Ramiz Rövşənlə görüş keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İlk öncə Azərbaycan  Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Baş İdarənin rəisi İbrahim Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, mədəniyyət evinin əməkdaşları, rayon ictimaiyyəti və şair sevərlər iştirak ediblər.

Aparıcı Günay Firudinqızı qonaqları salamlayaraq Xalq şairi Ramiz Rövşənin həyat fəaliyyəti və yaradıcılığı haqqında məlumat verib.

Sonra Xalq şairi çıxış edərək, ədəbiyyat, poeziya, sənətlə bağlı qənaətlərini bölüşüb, yeni yazılan şeirlərini oxuyub, yaradıcılığı ilə bağlı çoxsaylı suallara cavab verərək, Azərbaycan və dünya poeziyası haqqında öz fikirlərini bölüşüb.

Tədbirdə iştirak edən Ramiz Rövşən  poeziyasının vurğunu olan gənc və yaşlı nəslin nümayəndələri şairin şeirlərini böyük həvəslə səsləndiriblər.

Çıxış edənlər tədbirdə Ramiz Rövşən yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən, əhəmiyyətindən danışıblar. Qeyd  olunub ki, Ramiz Rövşən şeiri oxuculara sevdirən və şeirə yeniliklər gətirən imzalardandı.

Sonda şair tədbir təşkilatçılarına, iştirak edənlərə öz təşəkkürünü bildirib və sənətsevərlər tərəfindən təqdim olunmuş kitablara öz xatirə imzasını qeyd edib.

 

Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır.

 

Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkiləcək serialın ilk mövsümünün 24 bölümdən ibarət olması nəzərdə tutulub. 

Film-layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin obrazları təqdim olunacaq. 

Serialda tariximizin ən şərəfli dövrlərindən biri olan XII-XIII əsrlərə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək, həmin dövrün hərbi-siyasi müstəvisindən başqa, həm də elmi və mədəni sahələrini təmsil edən dühalarının obrazı yaradılacaq. 

Qonşu dövlətlərlə münasibət faktoru, tarixi faktların dəqiqliyi və etibarlı mənbələrin üzə çıxarılması üçün AMEA-nın Tarix İnstitutunda mütəxəssislərdən ibarət işçi qrup yaradılıb.

Çoxseriyalı televiziya filminin çəkilişi Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşn “Şahdağfilm”ə həvalə olunub. “Şahdağfilm”in yaradıcı heyəti treninqlər üçün bir neçə dəfə qardaş ölkədə olub, “Bozdağ Film” və “Akli Film” kimi tarixi filmlər istehsal edən məşhur prodakşnlarda təcrübə mübadiləsi aparıblar. Türkiyədən olan mütəxəssislərin bu istiqamətdə geniş təcrübəsi nəzərə alınaraq çoxseriyalı filmin çəkilişlərində onlarla müştərək çalışmaq üçün ilkin razılığa gəlinib.

Bundan başqa, orta əsrlərin dil üslubu, ədəbi mühiti, sosial-mədəni həyatı barədə ciddi araşdırmalar aparılır. Ssenari qrupu 600 min sözlük tarixi mənbələrə müraciət edib, mövcud olmuş ozanlar, ədəbi məclislər, divanlar barədə materiallar və müdrik kəlamlar toplanılıb. 

Nizami Gəncəvinin “Xəmsə”si məhz həmin dövrlə bağlı olduğundan ssenarinin əsas mənbələrindəndir. Eyni zamanda, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı, İsa Muğannanın “Gurün’’ romanı, Nəriman Həsənzadənin “Atabəylər” poeması, Yunus Oğuzun “Şəmsəddin Eldəniz” romanı həmin dövrü əhatə edir. 

Ssenaridə Haşhaşilər və onların sui-qəsdləri, xristian missionerlərin fitnələri, döyüş səhnələri, saray intriqaları, müdhiş sevgi hekayələri, dini-siyasi ziddiyyətlər və digər məqamlar yer alıb. 

Serialla bağlı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də görüş keçirilib. Görüşdə QSC-nin sədri Rövşən Məmmədov, serialın layihə rəhbəri Sərvər Bayramov, AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov, “Şahdağfilm”in həmtəsisçiləri iqtisad elmləri doktoru professor Əlibala Məhərrəmzadə və Azərbaycanda Amerika Ticarət Palatasının vitse-prezidenti İlqar Mehdi, ssenari qrupunun üzvləri Tufan Bora, millət vəkili Hikmət Babaoğlu, tanınmış yazıçı Varis Yolçuyev və digərləri iştirak ediblər.

Ekran əsərinin çəkilişlərinə hazırlıq çərçivəsində keçirilən görüşdə QSC-nin sədri Rövşən Məmmədov bildirib ki, layihə Azərbaycanın ilk tarixi çoxseriyalı bədii televiziya filmi kimi tarixə düşəcək. O, məhz Atabəylər dövrünə müraciət edilməsinin təsadüfi olmadığını vurğulayıb: “XII əsrdə Şəmsəddin Eldənizin başçılığı altında Azərbaycan coğrafiyasında əldə edilən hərbi-siyasi uğurların ekrana daşınması, regional kontekstdə geniş tamaşaçı auditoriyasına çatdırılması müasir Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazandığı qalibiyyət fonunda daha aktualdır”.

Film-layihənin ssenari qrupunda yer alan millət vəkili Hikmət Babaoğlu da mövzunun aktuallığına diqqət çəkib: “Azərbaycan tarixini kino estetikası və ekran dramaturgiyası ilə ortaq türk tamaşaçısına təqdim etmək zəruridir. Bu baxımdan XII-XIII əsrlərdə Azərbaycan coğrafiyasında öz tarixi ənənəsi ilə seçilən Azərbaycan Atabəylər dövlətinin tarixi bu sahədə başlanğıc üçün uğurlu hesab oluna bilər”. 

Bədii televiziya filminin layihə rəhbəri Sərvər Bayramov bildirib ki, növbəti mövsümdə daha 24 bölüm “Turan yoluna doğan günəş” adı altında təqdim olunacaq: “Azərbaycançılıq ideologiyası, dövlətçilik anlayışının daha da gücləndirilməsi üçün müasir çağırışların film-layihədə yer alması, müxtəlif sloqanlar və həştəqlər vasitəsilə şüuraltı mesajların ötürülməsi əsas hədəflərdəndir”.

“Şahdağfilm”in həmtəsisçiləri isə hazırlıq prosesi haqqında məlumat verib, bu sahədə mövcud təcrübəyə diqqət çəkiblər. O da qeyd olunub ki, həmin dövrdə İslam dininin dominantlığı və müasir Azərbaycan dövlətinin dünyəvi modeli, multikultural, tolerant mahiyyəti, ideoloji siyasəti nəzərə alınaraq uzlaşdırılması üçün Azərbaycan İlahiyyat İnstitutu ilə tərəfdaşlıq qismində yaxından əməkdaşlıq edilir. 

Sonra ssenari qrupunun üzvləri Tufan Bora və tanınmış yazıçı Varis Yolçuyev çıxış edib, görülən işlər barədə detallı məlumat veriblər.

AzTV hazırda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərir, 1956-cı il fevralın 14-də yayıma başlayıb. Azərbaycan Televiziyasının dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV “Avropa keyfiyyəti” medalına layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Rövşən Məmmədov 2019-cu ildən QSC-də uğurlu islahatlara başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub. Rövşən Məmmədov televiziya kanallarının texniki təchizatının yenilənməsinə xüsusi diqqət ayırıb. Hər üç TV kanalında onlarla yeni uğurlu layihələr hazırlanıb, yüzlərlə bədii-sənədli film istehsal olunub. 2021-ci ildən AzTV HD formatında yayıma başlayıb.

Günün fotosu: Britaniyanın baş naziri rəsmən təsdiqləndi

 

Rişi Sunak Kral III Karl tərəfindən formal təsdiqlənərək Briyaniyanın yeni baş naziri oldu.

Foto: Euronews

Çərşənbə axşamı, 25 Oktyabr 2022 09:00

Yazıçılar Birliyinin XIII qurultayına 330 nümayəndə seçilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı oktyabrın 26-da keçiriləcək.

 

“Ədəbiyyat və incəsənə” portalı AYB-yə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşəcək qurultayda AYB-nin dəvəti ilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonağın iştirak edəcəyi də gözlənilir.

Qurultay nümayəndələrinin siyahısı oktyabrın 22-də qurumun saytında dərc edilib.

Məlumatda diqqətə çatdırılır ki, AYB-nin XII Qurultayında qəbul olunmuş Nizamnaməsinə görə, növbəti qurultaya nümayəndələr aşağıda göstərilən qayda ilə seçilir: AYB-nin rəhbərliyi (sədr, birinci katib, sədrin müavini, katiblər), Ağsaqqallar Şurasının üzvləri (Xalq şairləri, Xalq yazıçıları, AMEA-nın həqiqi və müxbir üzvləri), bundan əvvəlki qurultayda seçilmiş AYB İdarə Heyətinin üzvləri, Gənclər Şurasının üzvləri, seksiyaların və regional bölmələrin rəhbərləri, qurultaya AYB-nin seksiyalarında və yerli bölmələrində (o cümlədən Naxçıvan Yazıçılar Birliyində) seçilən (hər on nəfərdən biri olaraq) digər nümayəndələr.

Bu qayda üzrə XIII qurultaya AYB rəhbərliyi – 6 nəfər (sədr Anar, birinci katib Çingiz Abdullayev, sədrin müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi), Ağsaqqallar Şurasının üzvləri – 19 nəfər, İdarə Heyətinin üzvləri – 24 nəfər, Gənclər Şurasının üzvləri – 21 nəfər, seksiya rəhbərləri – 6, bölmə rəhbərləri – 19 və bölmələrdən və seksiyalardan seçilənlər də əlavə olunmaqla ümumilikdə 330 nəfər nümayəndə müəyyənləşib.

Xatırladaq ki, AYB-nin XII qurultayı 2014-cü il iyunun 17-də keçirilib. Həmin qurultaya 439 nəfər nümayəndənin seçildiyi, 364 nəfərin qeydiyyatdan keçərək tədbirdə iştirak etdiyi bildirilmişdi. Həmçinin qurultaya 20-dən çox ölkədən 60-dək qonaq qatılmışdı.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının əməkdaşları tərəfindən 173 nömrəli tam orta məktəbdə görkəmli şair, yazıçı, dramaturq Hüseyn Cavidin 140 illiyi ilə əlaqədar tədbir keçirilib. 

 

Baş İdarədən AzərTAC-a bildirilib ki, kitabxana əməkdaşı Səidə Rəcəbova Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verib. Qeyd edib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatının böyük ustadlarından biridir. “O, həm şairlik məharəti, həm də dahi dramaturq kimi məşhurdur. Onun “İblis” faciəsi, “Şeyx Sənan”, “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam” kimi möhtəşəm dram əsərləri tək Azərbaycan ədəbi mühitinin deyil, ölkəmizin hüdudlarından kənarda belə ədəbi aləmin ən uğurlu əsərlərindən hesab olunur. H.Cavid yaradıcılığında ədəbiyyatımızın bənzərsiz ədəbi nümunələri öz əksini tapıb”. 

Bununla yanaşı, kitabxanaçı, şairin yaradıcılığında mühüm yer tutan uşaq şeirlərindən bəhs edərək, “Dəniz pərisi”, “İlk Bahar”, “Öksüz Ənvər” şeirlərinin adlarını sadalayıb, həmçinin şagirdlərlə birgə şairin məşhur “Qız məktəbində” şeirini müzakirə ediblər.

Tədbirin sonunda Aynur Nəsibova şairin “Qız məktəbində” şeirini səsləndirib.

 

Sitatda sizə Milli Kulinariya Konqresində Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının sədr müavini Fərhad Aşurbəylinin sitatını təqdim edirik. 

 

“Gələn il “Qızıl şah, qızıl yüzlük” adlı kulinariya çempionatı keçiriləcək. Bu çempionatın Azərbaycan üçün dünyadakı bu cür yarışlara çıxışını təmin edəcəyik. Burada yerli və əcnəbi mütəxəssis və hakimlər iştirakçıları qiymətləndirəcək. Çempionat Ulu Öndərin 100 illik yubileyinə həsr olunacaq”.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.