
Super User
Azərbaycan Yazıçılar Birliyində Rusiyalı yazıçılarla görüş keçirilib
Ölkəmizə Rusiya mədəniyyət xadimlərinin gəlişi son günlər xeyli intensivləşib. Musiqiçilər, teatr xadimləri və rəssamların ardınca, indi də ədəbiyyat xadimləri təşrif buyurublar.
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Bakıya təşrif buyurmuş Sankt-Peterburq yazıçıları ilə görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş Sankt-Peterburq xarici əlaqələr komitəsinin təşkilatçılığı, Rusiyanın Azərbaycandakı səfirliyinin, Bakıdakı Rus evinin və Azərbaycan Dillər Universitetinin “Rusiyaşünaslıq Mərkəzi”nin dəstəyi ilə reallaşan “Maslenitsa bayramını Sankt-Peterburqla birlikdə qeyd edirik” layihəsi çərçivəsində təşkil olunub.
Görüşdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, AYB-nin beynəlxalq əlaqələr üzrə katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, Sankt-Peterburqun xarici əlaqələr komitəsi sədrinin birinci müavini Sergey Markov çıxış ediblər.
Peterburqlu yazıçı və şairlər Yevgeni Lukin ilə Vladimir Şemşuçenko qonaqlara öz yaradıcılıqları barədə söhbət açıb, planlarını bölüşüb, əsərlərindən parçalar səsləndiriblər.
Xatırladaq ki, slavyan xalqlarının qədim bayramlarından olan “Maslenitsa” ənənəvi olaraq ölkəmizdə hər il keçirilir. Rusların Pasxadan təxminən ay yarım öncə qeyd etdikləri “Maslenitsa” bayramı qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. Tonqalların qalanması, qışın (köhnəliyin) rəmzi olan “Maslenitsa” müqəvvasının yandırılması bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Cəld və məhsuldar hərəkət edin - Uorren Baffetdən 13 Uğur qazanmaq qaydası
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz böyük uğrlar sərgiləmiş Uorren Baffetin uğur qazanmaq qaydalarıdır. Qaydalar 13-dür. Hər buraxılışımızda sizlərə 1 yeni qayda verərək əvvəlkiləri də təkrarən saxlayırıq ki, biliyiniz daha təkmil və mükəmməl olsun.
Beləliklə 4-cü qayda.
Cəld və məhsuldar hərəkət edin
«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».
Əvvəlki qaydalar bunlar idi:
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
«Yox!» deməyi öyrənin
«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».
Heç vaxt başqalarına qulaq asmayın
«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.
Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»
5-ci qayda “Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız” olacaq.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Cemal Durmazdan “Vicdanların ədaləti”
“Ədəbiyyat və incəsənət”in əməkdaşı Habil Yaşar bu gün oxuculara Türkiyənin sevilən yazarı Cemal Durmazın “Vicdanların ədaləti” kitabını tövsiyyə edəcək. Cemal Durmaz “Yazarlar ve Şairlər Dayanışma Dernek" Başkanı, "İLKSES" qəzetinin köşə yazarıdır.
Son zamanlar oxuduğum ən maraqlı əsərlərdən biri... Dünyalar qədər sevdiyi həyat yoldaşı "Fulya" xanımın təcavüz edilərək öldürülməsindən sonra intihar həddinə çatmış birinin, Kemal bəyin, həyat hekayəsi... Hər anı oxuyucunu intizarda saxlayacaq bir roman...
Sky adlı xilaskar pişiyin çox insanlardan daha sədaqətli olması.. Melisa
xanımın bir insanın həyata qaytarılmasında əvəzsiz xidmətləri...
Kezban xalayla Bekir əminin ürəkləri dağlayan faciələri... Hansı birinin ürəyi yanmadı ki... Əsərdə Muharrem, Ali Osman, Hıdır, Attila, Sultan və s. kimi dəyərli obrazların varlığı insana dostluğun, sədaqətin hələ də var oldugundan xəbər verir...
Pulun, vəzifənin insanı insanlıqdan çıxardığı, vəhşiləşdirdiyi Berkecan kimi cinayətkarlar iblisin özüdür ki, var...
Müəllif, Cemal Durmaz bəyin qələmə aldığı bu möhtəşəm əsərin tez bir zamanda üçüncü dəfə nəşr olunması bu kitabın oxucular tərəfindən çox sevildiyinin bariz göstəricisidir...
Qeyd etmək lazımdır ki, romanın davamı da yazılmaqdadır...Biz oxucular isə növbəti kitabları böyük səbrsizliklə gözləyir və yaradıcılıq işlərində müəllifə bol-bol ugurlar arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda növbəti görüş
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türkdilli dövlətlərin mədəni əlaqələrinin formalaşdırılması və inkişafı sahəsində fəaliyyətini davam etdirməkdədir. Təşkilatın prezidenti Günay Əfəndiyeva Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüşdə Türk Əməkdaşlıq Təşkilatlarının genişmiqyaslı ortaq fəaliyyətlərinin türk dövlətlərinin çoxtərəfli əlaqələrinin davamlı inkişafında oynadığı roldan söz açılıb. Tərəflər rəhbərlik etdikləri təşkilatlar tərəfindən üzv və müşahidəçi ölkələrlə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində aparılan işlərdən bəhs edib.
Həm də tərəflər yaxın vaxtlarda Türkiyədə baş vermiş şiddətli zəlzələlərin bütün Türk dünyasında böyük mənəvi sarsıntıya səbəb olması məsələsinə toxunaraq, ölkəyə dəstəklərini davam etdirəcəklərini bildiriblər. Görüşdə hər iki qardaş təşkilatın 2023-cü il üzrə planları və qarşılıqlı işbirliyinin daha da gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb, gələcək birgə tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət” xatırladır ki, Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
“Baharın rəngləri” rəsm müsabiqəsinə əsər qəbulu başa çatıb
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunan “Baharın rəngləri” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu başa çatıb.
Xətai Sənət Mərkəzinin məlumatına görə, müsabiqə uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət etmək məqsədilə keçirilib.
Seçim 3 yaş kateqoriyası üzrə - 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası aparılıb.
Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Rəsm qalereyası: Rəfael Əsədov, “Təbii natürmort”
Günün fotosu: Okeanlar xilas ediləcək!
Günün fotosu: Okeanlar xilas ediləcək!
BMT 2030-cu ilə qədər okeanların 30% -ni qorumağa ümid edir
BMT-nin yüzdən çox dövlətinin nümayəndələri şənbə günü axşam Nyu-Yorkda okeanların qorunması ilə bağlı tarixi razılığa gəldilər. Hüquqi cəhətdən bu məcburi sənəd onilliyin sonuna qədər dünya okeanlarının 30% -nin qorunan ərazilərə çevrilməsini təmin edir.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
“Bu gün vizit kartımız zəngin mədəni irsimizdir” - Mehriban Əliyeva
Günün sitatında “Ədəbiyyat və incəsənət” portalı Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan iqtibas gətirir:
“Vaxt var idi ki, Azərbaycanı yalnız birinci neft fontanının vurduğu ölkə kimi tanıyırdılar. Bu gün isə vizit kartımız zəngin mədəni irsimizdir. Bu, həm nadir qədim xalçaçılıq məktəbi, həm də miniatür sənətidir. Bu, zəngin poeziya və ədəbiyyat, Azərbaycan musiqisi və rəqsləri, Azərbaycan muğamı, təsviri sənət, tarix və memarlıq abidələri və bir çox başqa sənət inciləridir.”
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Hamımız eyni körpüdən keçirik - sevilən şair İbrahim İlyaslının 60 yaşı tamam olur
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, martın 10-da Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun direktoru, Azərbaycan Yazıçılar Birliyi Poeziya sektorunun rəhbəri, tanınmış şair-tərcüməçi İbrahim İlyaslının 60 yaşı tamam olacaq.
Gəl sənə bir yalan uydurum, könül,
Adına aldanıb yaşa da, getsin.
Ən böyük yalanmış doğru deyilən,
Doğruçu olmağı boşla da getsin.
Dosta yalan danış, yara yalan de,
Dağa dərə söylə, quşa ilan de.
Baxıb olmazlara: budu olan, - de,
Oxunu daşlara tuşla da, getsin.
Təpil yarğanlara, çəkil çallara...
Boylan məzə kimi qeylü-qallara.
Çürük matahını bürü şallara,
Bəh-bəhnən alınsın, xoşa da getsin.
Nə gözəl toxunub fələyin toru? -
Adam özü qaçır ağzına doğru.
İçində quldurdu, çölündə oğru,
İçini-çölünü xışla da getsin.
Ömür deyiləni qılıqla, yanla,
Fanidə oyun qur cisimlə, canla.
Bir zaman qapına gerçək yalanla
Qoşamı gəlmişdi? - Qoşa da getsin!
Bu cür fərqli, bənzərsiz misraları yalnız öz dəst-xətti ilə seçilən İbrahim İlyaslıda görürük. Və yubilyarı qarşıdan gələn yubileyi münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva təbrik edib.
Milli Məclisdə baş tutan görüşdə yubilyar şairin yaradıcı və ictimai fəaliyyətinə yaxından bələd olduğunu bildirən Komitə sədri, onun özəlliklə Türk dünyasında ədəbi əlaqələrə verdiyi töhfələrə, gənc istedadların üzə çıxarılması və onlara qayğı göstərilməsi sahəsindəki xidmətlərinə diqqət çəkib.
Komitə sədri 60 illik yubiley münasibəti ilə İ.İlyaslıya Qarabağ motivli xatirə hədiyyəsi və Komitə adından Təbrik məktubu təqdim edib. Təbrik məktubunda şairin həyat və fəaliyyətinin ən önəmli məqamlarına toxunularaq yazılıb:
“Hörmətli İbrahim müəllim,
Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz Sumqayıtın gənc ədəbi qüvvələrinin 1988-ci ildə yaratdığı və Sumqayıt Şəhər Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Dəniz” Ədəbi Birliyinə sədr seçilmiş və o vaxtdan taleyinizi bu şəhərin ədəbi mühiti ilə bağlamısız.
1990-cı ildə Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubuna direktor təyin edilmisiz və o vaxtdan indiyədək həmin vəzifədə çalışırsız. 1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilmisiz; “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabınız da həmin il gün üzü görüb.
06 dekabr 1999-cu ildə Azərbaycan istedadlı gənc yazarlarına fərdi təqaüdlərin verilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüsüz.
2004-cü ildə “Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabınız nəşr olunub.
“Yuxuma söykənmiş adam” adlı üçüncü şeirlər kitabınız 2011-ci ildə çıxıb. Həmin kitab Güneyli soydaşlarımızın istəyi ilə 2013-cü ildə transliterasiya edilərək Təbriz şəhərində yerləşən “Haşimi Sudmənd Yayın Evi”ndə də kütləvi tirajla yayınlanıb.
2018-ci ildə mərkəzi qərargahı İstanbulda fəaliyyət göstərən Türk Ədəbiyyatı Vəqfinin Fəxri üzvü seçilmisiz.
2019-cu ildə “Şair olmaq zülümdü” adlı şeirlər kitabınız Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” mükafatına layiq görülüb.
Azərbaycan Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətlərinizə görə “Tərəqqi” medalı ilə təltif edilmisiz.
Siz peşəkar tərcüməçi olaraq da çalışırsız. 50-dən çox kitabı dilimizə uyğunlaşdırmısız. Türk dünyasının klassikləri olan Abayın “Seçilmiş əsərləri”ni, Çingiz Aytmatovun “Hekayələr” kitabnı, eləcə də Antuan De Sent Ekzüperi və bir çox başqa Avropa yazarlarının şeir və hekayələrini də Azərbaycan dilinə siz çevirmisiz.
2020-ci ildə klassik və çağdaş Avropa və Asiya yazarlarından etdiyiniz tərcümələrdən ibarət “Qırmızı almadan Qızıl almaya” adlı kitabınız “VEKTOR” Nəşrlər Evində gün üzü görüb.
Sizin elmi, ədəbi-tənqidi məqalələriniz və şeirləriniz ingilis, rus, alman, qazax, qırğız, özbək və bir çox başqa dillərə çevrilib, müvafiq ölkələrdə yayınlanıb.
2011-ci ildən başlayaraq eyni zamanda Türkiyədə, Qazaxstanda, Rusiyada keçirilən simpozium və festivallarda Azərbaycanı layiqincə təmsil edirisz. Türk dünyası yazarları arasında ədəbi əlaqələrin qurulmasında, inkişaf etdirilməsində, o cümlədən ədəbi antologiyaların nəşrə hazırlanmasında xidmətlərinizə görə Dünya Gənc Türk Yazarlar Birliyinin “Üstün xidmət” medalı ilə təltif olunmusuz.
Sizin məktəblilər üçün işlədiyiniz – Mark Tven (“Tom Soyerin macəraları”), Viktor Hüqo (“Paris Notrdam kilsəsi”), Artur Konan Doyl (“İtmiş dünya”), Herbert Uels (“Görünməz adam”), Astrid Lindqren (“Uzuncorab Peppi”) kimi dünya ədəbiyyatı korifeylərinin əsərlərindən ibarət kitablar da oxucular və təhsil işçiləri tərəfindən maraqla qarşılanıb.
AYB-nin 2022-ci ildə keçirilmiş XIII Qurultayı öncəsi poeziya üzrə məruzəçi olmuş, habelə Yazıçıların Qurultayında AYB “Poeziya” seksiyasının rəhbəri vəzifəsinə təsdiq edilmisiz.
Sizi 60 illik yubileyiniz və yaradıcılıq uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
İbrahim İlyaslı görüş və təbrikə görə Qənirə Paşayevaya təşəkkür edib. Əlbəttə ki, bu cür qəbullar, yaradıcılığına verilən bu cür dəyər yaradıcı şəxs üçün əsl ilham mənbəyidir.
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)
Onun adı Darxan
Türk dünyasının tanınmış oğlu, uzun illər Beynəlxalq Türk Akademiyasına başçılıq etmiş, hazırda Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf naziri Darxan Kıdıralının fəaliyyəti “Ədəbiyyat və incəsənət” portalının oxucularına yaxşı tanışdır. Akademya barədə ilk mənbədən mütəmadi yazılar dərc etmişik. Türk xalqlarının birləşməsi amalına xidmət edən, onları daha da gücləndirən nəzəriyyələr bizə qol-qanad verib. Amma bu dəfə onu şəxsiyyət kimi tanımağımız gərəkiyir. Əməkdaşımız Aida Eyvazlının “Onun adı Darxan” adlı yazısının dərcinə başlayırıq. Bu gün sizə yazının ilk hissəsini təqdim edir – qəhrəmanımızın uşaqlıq, yeniyetməlik və ilk gənclik dövrü barədə söz açırıq.
Bilirsinizmi “Darxan”, “Darhan” sözünün etimoloji mənası nədir?
“Tar”- “Dar” kökündən törəyən bu söz qədim Altaylarda və moğollarda yaymaq, yayılmaq, törəmək, termək sözlərinin mənasını zənginləşdirir. "Törəmək"- törəyib, çoxalmaq, "termək"- dərib –toplama mənasını verir.
Dar- Tar - xan sözü həm də Tarkan-Tarhan sözlərini əmələ gətirib. Eli terən- bir yerə toplayana Tarkhan-Tarhan-Darhan deyiblər. Öz dövründə tarkanlık yüksək bir status sayılırdı.İslamiyət öncəsi Tarhan, Targan, Dargan, Darkan Türkdövlətlərində generallara, sərkərdələrə verilənadvə statusidi.
Moğollarınmiflərində və əfsanələrində də yurdda, mahaldaseçilənkişilərə və qadınlarada “Darhan” adı verərlərmiş. Darhanhəmdə bacarıqlı dəmirçiustalaraverilənadidi. Hundövründənyayılan “Darhan" adı Altaylarda, Türkxalqları yaşayanyerlərdə mifləşmiş və nağıllarda, əsərlərdə yaşayaraq, bugünümüzə qədərgəlib çatmışdı. Oğlunuucayerlərdə görməkistəyənatavə ana, babavə yanənə, elağsaqqalı ona “Darxan” adı verəndə, deyərdiki, adına, törəsinə layiqolsun. Necə ki, Dədə QorqudKitabımızdayazılankimi: “DədəmQorqudgəlsün, buoğlanaadqoysun: biləsincə alubbabasınavarsun, babasındanoğlanabəglikistəsün, təxtalı versün» – dedilər, Dədə Qorqudgəluboğlanaadqoyduvə atasınadedi: “... Adını bənverdüm, yaşını allahversün".
Dədə Qorqud dastanında ad insanın taleyi, əməli,yaşam tərzi idi.
YəniDarxansözü insan üçünmüqəddəsbir ünvandır. Buadı layiqincə daşıyabiləninnə xoş halına.
Mənimhaqqındadanışmaqistədiyim, ünvanını göstərməkistədiyimDarxanKuandıkoğluKıdıralı daadınabəylik, terlikverənbirinsandır. Adındakı müqəddəsliyiqoruyan, sukimitəmizsaxlayanDarxanXıdıralı baharın 16 aprelgünündə 1974-cü ildə CənubiQazaxıstanınTülkübaş (əslində rayonunadı Türkübaşdır) rayonundadoğulmuşdur. Kuandıkoğlununadını “Darxan” çağırdı. Bugəncailə başçısı vilayətin ənböyükkolxozlarındanbirininzootexnikiidi. Əkin-biçinvaxtı, soyuqlu-şaxtalı havalardaancaqişininbaşındaoldu. Birgünevdə olanda , üç günçöldə-bayırdadövlətinmalını qorudu. Qəndgülxanım ərini "Çöladamı" sayırdı. Bilirdiki, həyatyoldaşı dövlətinmalına-mülkünə birziyandəyməsindeyə, çöllərdə kolxozunmal-heyvanını qoruyur. İnsanların köməyinə çatır.
Darxanın ayağı yüngül oldu. Daha sonra Qəndgülün daha üç övladı gəldi dünyaya. Darxanın 8 yaşı olanda 36 yaşlı Kuandık bu dünyaya əlvida dedi. Dünya malında gözü olmayan Kuandık 4 körpənisevgili həyat yoldaşının ümüdinə qoydu. 31 yaşlı Qəndgül o gündən etibarən həm atası, həm anası oldu övladlarının. Əri dünyadan köçəndən sonra, dünyası tar-mar oldu Qəndgül müəllimənin. Ərinin sağlığında palçıqdan yoğurub kərpic-kərpic ucaltdığı ər evindən, həyətindən heç zaman uzağa, çölə-bayıra çıxmadı. Getdiyi yer müəllimə işlədiyi kənd məktəbi, gəldiyi yer ocağının başı oldu. Ata evi yaşadığı Türkübaş rayonunun 4 kilometrliyində olsa da, bircə dəfə anası rəhmətə gedəndə ata evinin qapısını açdı.
Burada sənin dəyərini bilməzlər, get oğul...
Darxan beləcə böyüdü, məktəbə getdi, elmin sirlərinə yiyələndi, buraxılış sinfinə yetişdi. 8-ci sinfi bitirdiyində müəllimlərindən biri ona “4” yazdı. Bu o demək idi ki, Darxan qırmızı attestat ala bilməyəcəkdi. Darxan xəbəri anaya dedikdə, elə bil ki, ananın qanadları qırıldı. Ana öz oğlunun biliyinə, istedadına bələd idi. Bu kəndin böyüklərinin əmr-fərmanı belə idi. Atasız uşağa yuxarıdan aşağı baxardılar. Atasız uşağın qırmızı attestat almağa pulu çatmazdı ki... Gecəni gözünə yuxu getmədi Qəndgülün. Səhər yeməyi süfrəsinə oturduqda Darxanın könlünü ala-ala, üsulluca ona belə dedi: “Oğul, Almatıda bir yeni məktəb açılıb, burada sənin qiymətini bilməzlər. Get orada oxu. Orada həm də yatmağa yer verəcəklər sənə”. Darxan "hə" demək əvəzinə anasından soruşdu: “Ana, səni burada tək qoyub hara gedim, bəs bacı-qardaşım?”. Ana isə israr etdi: “Oğul, uzağa getmirsən ki, Almatı əlimizin içindədir. Bir də ki, paytaxt elə paytaxtdır... get adam ol, böyük ol, yolun-irizin işıqlı olsun..!". Beləcə uğurlayıb, oxumağa yola saldı oğlunu. Bu, Qəndgül müəllimənin haqsızlığa, ədalətsizliyə hayqırtısı idi. Ailənin namusunu, evinin istisini-ocağını qorudu Qəndgül. Təzə paltar geyinmədi, əlində olanı oğluna-qızına yedirtdi. Qızıl-gümüş taxmadı. Belə fikirləşdi ki, dul qadının bəri-bəzəyi olmaz. Ana ümidlə yaşadı.
Aldığı ruhani tərbiyəsi mükəmməl olan Qəndgülün gördüyü röyalar çin olardı. Bilirdi ki, yolun sonunda bir işıq var. Bilirdi ki, Darxan bacı-qardaşının da, elinin də köməyi, dayağı olacaq.
Almatıya işıq, elm dalısınca getdiyi gündən tale, bəxt yazısı da dəyişdi Darxanın. Məktəbi bitirdikdən sonra Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin tarix fakultəsinə qəbul oldu. 2 il sonra təhsilini Türkiyənin Mərmərə Universitetində davam etdirməyə başladı. Doqquz Eylül, Egey, İstanbul Universitetlərində elm, bilim öyrəndi. Egey universitetində ilk elmi işini müdafiə etdi, İstanbul universitetində PhD elmi dərəcəsini qazandı. Bildiklərini, oxuduqlarını, öyrəndiklərini, qazandıqlarını xalqına, elinə qaytarmaq üçün elinə, yurduna döndü. Təhsil aldığı universitetlərdə, həm də Türk, Azərbaycan, Özbək, Qırğız dillərini mükəmməl mənimsədi.
Böyük Çölün oğlu
Türkiyədə elm dəryasından türk dünyasının incilərini götürən Darxan Kıdıralı geniş Qazax şanırakının altına elə bir vaxtda dönmüşdü ki, hər yerdən “Türkəm” sədaları gəlirdi. 2001-ci ildən etibarən Xoca Əhməd Yassəvi adına Beynəlxalq Qazax-türk Universitetində elmi işçi kimi fəaliyyətə başlayan Darxan Kıdıralı 2005-ci ildə artıq kafedra müdiri, aparat rəhbəri vəzifəsinə qədər yüksəlmişdi. Daha sonra paytaxt Astanada yerləşən L.N.Qumilyov adına Milli Avrasiya Universitetində dosent və baş elmi işçi kimi fəaliyyət göstərdi. Ölkənin aparıcı kütləvi informasiya vasitələrindəki çıxışları Türk dünyasının birliyi çağırışlarına ayna tutdu. Bəs sonra nə oldu? Davamı da olacaq.
1-ci şəkil: Darxan Kıdıralının ömrü qədim türk izlərini araşdırmaqda keçməyibmi?
2-ci şəkil: Qəhrəmanımız və yazının müəllifi.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)