Super User

Super User

Çərşənbə axşamı, 14 Fevral 2023 16:30

Musiqinin sərhəddi olmur

Musiqinin sərhədi olmur- bu leytmotivlə Bakıdakı Rus Evində musiqişünas, pedaqoq, publisist, Azərbaycan Bəstəkarlar və Jurnalistlər ittifaqlarının üzvü, “Humay” mükafatının laureatı Raya Abbasovanın yaradıcılıq gecəsi keçirilib. 

 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin bildirdiyinə görə, tədbirdə Xalq artisti, Azərbaycan Dövlət Akademik Xalq Çalğı Alətləri Orkestrinin baş dirijoru və bədii rəhbəri Ağaverdi Paşayev, Əməkdar mədəniyyət xadimləri professor Zemfira Qafarova, Cəlal Abbasov, Lalə Quliyeva, Əməkdar artistlər Töhfə Babayeva, Samara Aşumova, Cəmilə Kərimova, Ceyla Babayeva, dosent, Milli Konservatoriyanın Dirijorluq kafedrasının müdiri Leyla Zalıyeva, Azərbaycanın Əməkdar rəssamı Cəsar Məmmədov iştirak ediblər. 

Tədbirdə Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina çıxış edərək təşəkkürünü bildirib. 

Qeyd olunub ki, Raya Abbasova bir çox elmi məqalələrin və kitabların müəllifidir. O, Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun həyat və yaradıcılıqlarına həsr olunmuş “Balet, ömrüm mənim” sənədli filminin ssenari müəllifi və musiqi redaktorudur. Bu ekran əsərində əfsanəvi artistlər, dünya baletinin ulduzları iştirak ediblər. 

Mübaliğəsiz olaraq söyləmək olar ki, Raya Abbasova musiqişünaslıq, jurnalistika, elmi işin müxtəlif sahələrində çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyətinin təbliğinə ciddi töhfə verib. Onun ensiklopedik bilikləri, musiqinin müxtəlif janrlarının sehrli sirlərini dinləyicilərə məntiqli çatdırmaq qabiliyyəti və pedaqoji təcrübəsi ölkəmizin mədəniyyət həyatında əlamətdar sayıla bilər.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

Kulis.az “Skafandrlı adam” kitabına istinadla Fuad Poladovun qızı Fəridə Poladova ilə olan müsahibəni təqdim edib. Həmin müsahibəni Daycest bölümündə diqqətinizə çatdırırıq.

 

- Fəridə xanım, ananız da, Ağarəhim də dedilər ki, ailənizdə Fuad müəllimə ən çox siz oxşayırsınız - həm zahirən, həm də xasiyyətcə. Necə fikirləşirsiniz, doğrudan belədir?

 

- Oxşamaq barədə deyə bilmərəm, amma bizim öz yaxınlığımız var idi. Görünməsə belə... Çünki o, heç kimlə danışan, sıx yaxınlıq quran insan deyildi. Evdə uşaqlarına qarşı da belə idi. Amma bizim, sanki özəl bir bağlılığımız vardı. Bir-birimizi çox tez, sözsüz başa düşürdük.

 

- Bu necə bir şeydir? Adətən ən sərt atalar belə qızlarına qarşı daha mehriban olurlar, ən azından, müəyyən yaşa qədər. Sizin yaxınlığınız da belə idi, yoxsa daha fərqli bir bağı nəzərdə tutursunuz?

 

- Fərqli -di. Çünki dediyim kimi, oxşamaq, öpmək, qucaqlamaq bizim atamızda belə şeylər yox idi. Ancaq çox uzun müddətə ezamiyyətə gedəndə bizi öpüb qucaqlayıb qapıdan çıxırdı və bir də qayıdanda qucaqlayırdı.

 

- Necə qucaqlayırdı? Bərk, yoxsa yüngülvari?

 

- Gedəndə yüngülvari. Qayıdanda daha bərk qucaqlayırdı. O, hisslərini başqa cür ifadə eləyirdi. Məsələn, baxışları ilə. Mən həmişə anama da, qardaşıma da deyirəm ki, həyatda nəyə nail olmuşamsa, onun baxışları üçün nail olmuşam, o, mənə elə baxsın deyə.

 

- Necə baxırdı?

 

- Fəxrlə - “Fəridəm, qızım!”, - deyən baxışları vardı. O baxışları, arxamızda dayanmağı... Biz həmişə bilirdik ki, arxamızda ata var, heç nədən qorxmurduq. Hərdən fikirləşirəm ki, o, sağ olanda mən nə balaca ikən, nə də böyüyəndən sonra heç nədən qorxmamışam. Hətta ölümdən də. Bilirdim ki, atam var. İzah olunası hiss deyil bu.

 

- Fuad müəllim qapalı, hisslərini göstərməyən insan idi. Yəni anladığım qədəri ilə, “qorxma, qızım, mən varam, səni çox istəyirəm” filan kimi sözlər deməyib. Bəs haradan bilirdiniz ki, ona həmişə güvənə bilərsiniz?

 

- Qətiyyən deməyib. Bizim maraqlı münasibətimiz vardı. Mən bilirdim ki, heç kim xətrimə dəyə bilməz; onun sevgisini həmişə çox aydın hiss eləmişəm. Düzdür, heç vaxt “səni çox sevirəm” deməyib, amma baxışları... Mən də, qardaşım da... Məsələn, biz yüngülvari soyuqlayanda, xəstələnəndə kişi ağlını itirirdi, çox narahat olurdu.

 

- Heç olub ki, məktəbdə, küçədə kiminləsə dalaşasınız, sonra gəlib ona şikayət eləyəsiniz?

 

- Hə, olub. Əslində, mən sakit, necə deyərlər, düzgün uşaq olmuşam, həmişə onun standartlarına, onun istəklərinə layiq olmaq üçün özümə, dərslərimə çox fikir vermişəm. Onun o baxışlarını qazanmağa çalışmışam. Bilmirəm, yəqin, psixologiyada bütün bunların izahı var.

 

Ona sizi incidən uşaqlardan şikayət eləyəndə nə deyirdi?

 

- Belə şey bircə dəfə olub. Bir oğlan vardı məktəbdə, mənə nəsə demişdi, indi tam xatırlamıram, ibtidai sinifdə idik. Bizim məktəb evə çox yaxın idi. O qədər yaxın idi ki, bir dəfə ayaqqabı geyinməyi unutmuşdum, ev başmaqları ilə getmişdim dərsə. Həmin gün də qaça-qaça gəlmişdim üstünə. Gəldi məktəbə, sinfin qarşısında həmin uşağın başını sığalladı, dedi ki, mən bilirəm, sən elə oğlan deyilsən, yaxşı oğlansan, belə şey deməzsən. Gəlib hamının yanında o uşağa “sən belə oğlan deyilsən” dediyinə görə mən də bir az pərt oldum.

 

- Əks-psixologiya tətbiq eləyib.

 

- Hə. Ondan sonra elə bir şey olmayıb ki, gəlim, kimdənsə, nədənsə şikayət eləyim.

 

- Ananız deyəndə ki, Fəridə xasiyyətcə ona daha çox oxşayır, düşündüm ki, bəlkə, siz onu hər kəsdən daha yaxşı anlayarsınız. O niyə o qədər qapalı idi, niyə özünü gizlədirdi?

 

- Hərdən mən də özümə bu sualları verirəm. Bilirsiniz, biz onun keçmişi - 40 yaşına qədər olanlar barədə çox şey bilmirik. Bildiklərimizi də elə onun müsahibələrindən öyrənmişik. O qədər qapalı insan idi! Kim bilir, bəlkə də, o vaxtlar kimsə ona çox ağır zərbə vurub? Dostlarından, yaxınlarından kimsə... və ondan sonra belə olmağı seçib. Biz ondan bu barədə soruşanda heç vaxt danışmazdı öz keçmişindən.

 

- Məsələn, bir ailə məclisidir, deyib-gülürsünüz, hər kəs uşaqlığından, gəncliyindən, tələbəliyindən bir xatirəsini danışır. Belə anlarda da heç nə danışmırdı?

 

- Belə də... standart şeylər. Elə bir şey desin ki, sən maraqlı nəsə öyrənəsən, suallar verəsən, yox, belə şeylər danışmazdı. O nəyi danışıb nəyi danışmayacağını çox yaxşı bilirdi. Yadımdadır ki, bir dəfə, deyəsən, yaxınlarımızdan kiminsə ad günündən gəlmişdik, bir az içmişdi. Hamımız otaqda idik - atam, anam, mən və qardaşım. Nəsə danışdı. Nə olduğunu söyləməyəcəyəm, amma gəncliyində baş vermiş çox maraqlı bir əhvalat danışdı. Ertəsi gün “ata, dünən sən belə bir şey danışdın, o barədə bir şey soruşmaq istəyirəm” deyəndə... o anda üzümüzə elə baxdı ki! Baxışları ilə - “Sizin başınız xarabdır? Mən sizə elə bir şey danışmamışam!”, - dedi. Bu, elə bir baxış idi ki, hamımız özümüzü dəli kimi hiss elədik, fikirləşdik ki, bəlkə, kollektiv şəkildə yuxuda görmüşük bunu? Elə o cür baxa-baxa əlavə elədi ki, gedin, işinizlə məşğul olun. Üçümüz də döndük və getdik işimizlə məşğul olmağa. Yəni o, işini, söhbətini bilən insan idi. Belə baxanda hər şeyi açıb-tökməyi nəyə yarayardı? Ancaq insanların marağını söndürərdi. Məncə, onun sənəti ilə eləmək istədiklərinə, vermək istədiyi mesajlara bunun heç bir təsiri olmayacaqdı. Sadəcə insanların marağını təmin eləyəcəkdi.

 

- Ananıza qarşı qısqanc olubmuş. Bəs sizə qarşı?

 

- Həmçinin. Yadımdadır, anam danışırdı ki, mənə elçi gələcəyini öyrəndiyi gün atam gecə səhərə qədər yatmayıb siqaret çəkibmiş.

 

- Elçilik necə keçmişdi?

 

- Maraqlı keçmişdi. Əslində, elçilər gedəndən sonra mənə dedi ki, sakitləşdim, düşünülmüş bir addım atdığını başa düşdüm. Çünki mən çox tez, iyirmi bir yaşımda ailə qurmuşam. O belə tez gözləmirdi.

 

Nişanlınızla ilk dəfə elçilikdə tanış olmuşdu?

 

- Hə, orada tanış olmuşdu. Sonra mənə dedi ki, onu görəndən, söhbət eləyəndən sonra bir az rahatlaşdım. Elçilikdə qayınanam bir söz işlətdi. Dedi ki, biz artıq oğlumuzun böyüdüyünü, ailə qurmağa hazır olduğunu başa düşmüşük. Atam da qayıtdı ki, amma biz hələ başa düşməmişik. Onlar da çıxıb gedəndə anlamadılar ki, bu, hə idi, ya yox. Bir-iki dəfə gəlib gedəndən sonra razılığını aldılar.

 

- Fuad müəllimin tamaşalarına gedirdiniz?

 

- Gedirdik.

 

- Ən çox hansı rolunu xoşlayırdınız?

 

- Teatr Xadimləri İttifaqında oynadığı bir tamaşa vardı adı “Növbəti” idi. O tamaşanı çox xoşlayıram, bircə dəfə baxmışam, amma yadımdan çıxmır. Qocalar evində olan iki yaşlı aktyordan bəhs eləyirdi. Onlardan birini atam oynayırdı, tərəf müqabili isə Rafiq Əliyev idi. Yadımdadır ki, çox təsir eləmişdi mənə. Sonralar çalışdım, onun videoyazısını tapım, təəssüf ki, tapa bilmədim. İttifaqdan dedilər ki, ola bilsin, rejissorun özündə var. Tamaşanı səhnələşdirən rejissoru Ələkbər Tağızadəni Moskvadan dəvət eləmişdilər, ittifaqda “Kaktus çiçəyi” və “Növbəti” tamaşalarını qoyub sonra getmişdi. Onunla da əlaqə qura bilmədim. Hə, bax, bir o tamaşanı çox sevirdim, bir də “Şah Qacar”. “Qacar”a neçə dəfə getmişəm. Əslində, həmişə deyirdi ki, nəyinizə lazımdır, gəlməyin. Amma biz onu dinləmirdik.

 

- Sonra fikirlərinizi deyirdiniz?

 

-Özü soruşurdu həmişə və çox maraqla dinləyirdi.

 

- Tənqid elədiyiniz nə isə olubmu?

 

- İndi yadımda deyil, yəqin, olub. Amma, əminəm ki, Ağarəhim tənqid eləməsəydi, olmazdı. Ola bilsin, mən fikirləşmişəm ki, indi heç nə deməyim, premyera günü əhvalını pozmayım. Amma Ağarəhim deməmiş olmaz.

 

- Sizin ixtisasınız nədir?

 

- İki ixtisasım var. İqtisadçı və insan resurslarının idarəsi.

 

- Heç incəsənətlə məşğul olmaq istəməmisiniz?

 

- Üç, ya dörd yaşımda bir dəfə demişdim ki, ata, mən aktrisa olmaq istəyirəm. O vaxt çox balaca olmağıma baxmayaraq, nədənsə həmin gün çox aydın yadımdadır. Köhnə evimizdə atam qonaq otağı ilə şüşəbəndin arasında bizim üçün turnik asmışdı. Mən həmin turnikdən sallanırdım. Bizdə evdə qəşəng açıqcalar vardı. Hər birində hansısa xarici aktrisanın şəkli və haqqında kiçik məlumat olurdu. Çox gözəl qadınlar idilər. Mən də turnikdən sallanırdım, arada düşüb həmin açıqcalara baxırdım. Onlara baxa-baxa dedim ki, ata, mən də aktrisa olmaq istəyirəm. Atam televizora baxırdı. Çevrildi. Onun bir baxışı vardı. Daha doğrusu, baxışlar silsiləsindən biri... baxdı və dedi ki, çox böyük səhv eləyirsən. Onunla da bitdi. Amma deyim ki, mənim incəsənətlə bağlı heç bir istedadım yoxdur. Ona görə də sonralar bir də bu məsələyə qayıtmadım.

 

- Evdə birlikdə filmlərə və s. baxırdınız?

 

- Ümumiyyətlə, atam televizora çox baxırdı. Evdə olanda sevimli yeri televizorun qarşısı idi. Köhnə evimizdə mətbəximiz yox idi, amma yeni evdə ən xoşladığı yer mətbəx idi. Orada divan da vardı. Özü çay dəmləyirdi, otururdu divanda və televizora baxırdı.

 

Dəmlədiyi çayı da özündən başqa heç kimə süzmürmüş.

 

- Hə. Biz ona süzəndə də bəyənmirdi. Gah deyirdi, açıq süzürsünüz, gah başqa şey. Filmlərə çox baxırdı, bizimlə birlikdə izləməyi də xoşlayırdı. Sonra fikirlərimizi bölüşürdük. Amma öz filmlərinə baxmağı sevmirdi. Heç vaxt birlikdə baxmamışıq, özünü də baxan görməmişik. Bəlkə, tək baxırmış, bilmirəm. Artıq özünü pis hiss eləməyə başlayanda bir filmi çıxmışdı. Kommersiya filmi idi. Ona baxmağı təklif elədim, dedi ki, yox, mən diski götürmüşəm, tək baxacağam.

 

- Sizə elə gəlmir ki, o, xəstəliyə lap başdan təslim olmuşdu? Ola bilsin, diaqnozu məlum olduğuna görə imiş. Adətən insanlar ən çarəsiz zamanlarda həyata daha çox sarılırlar.

 

- Elə idi. Xüsusən ilk vaxtlar. İlk vaxtlar deyəndə ki, həmin müddət o qədər də uzun olmadı: diaqnoz qoyulandan mayın beşinə qədər - heç bir il çəkmədi. Əvvəllər çox təslim olmuş kimi idi. Mənə elə gəlir ki, xəstəlik onu ən həssas yerindən vurmuşdu - səsindən. O bilirdi ki, bir də heç vaxt səhnəyə qayıda bilməyəcək. Hətta ömrünü bir neçə il uzatsalar belə... Məncə, mübarizə aparmamağının səbəbi bu idi; yaşamaq üçün səbəb görmürdü. Buna görə ağır söhbətlərimiz olmuşdu, çünki təslim olmağı mənə çox təsir eləmişdi. Bir tərəfdən onu başa düşürdüm, digər tərəfdən çox pis təsir edirdi. Düşünürdüm ki, məgər onun yaşamaq üçün elə bircə səbəbi varmış? Ancaq bizim söhbətlərdən sonra çox dəyişdi.

Xaricə getməyə, alternativ terapiya almağa razılıq verdi. Sonralar müsahibələrindən birində (mən həmin müsahibəni o rəhmətə gedəndən sonra oxudum) demişdi ki, mən nəvəmi məktəbə aparmaq istəyirəm. Bu, mənim sözlərim idi. Ona qınaq gətirmişdim, demişdim ki, sən nəvəni məktəbə aparmalısan. Bu mesajın ona çatması, sonra özünün də dilinə gətirməsi mənim üçün çox böyük məna daşıyırdı. Həmin söhbətlərimizdən sonra onun xəstəliyə münasibəti bir az dəyişdi, ümidi yarandı. Ancaq son bir neçə ayda artıq özü də başa düşürdü ki, məsələ hara gedir. Son günlərdə hətta doğma bacısını da evinə buraxmadı. Heç kimin onu görməyini istəmirdi. Detallara çox varmaq istəməzdim, özünüz bilirsiniz də... Həm də bunları təsvir eləmək çox çətindir.

 

- Siz zahirən də Fuad müəllimə çox oxşayırsınız.

 

- Saçımı qırxsam, demək olar ki, onun hayatını bir də yaşaya bilərəm.

 

- Bu, yaxşıdır?

 

- Zahirən ona bu qədər oxşamaq çox yaxşıdır. Həmişə bunu özümə fəxr bilmişəm. Hərdən kiminləsə təzə tanış olanda deyir ki, sizi kiməsə oxşadıram. Sonra başa düşəndə “Aaa!” eləyirlər. Kişiyə bənzədilmək adama maraqlı gəlir. Amma heç vaxt buna görə heyifsilənməmişəm, kompleks keçirməmişəm. Anamı görmüsünüz, çox gözəl qadındır. Cavanlıqda da çox gözəl olub. Ancaq ona da demişəm ki, sənə yox, atama oxşadığıma görə xoşbəxtəm. Bu, mənim sanki vizit kartımdır.

 

- Etiraf eləyim ki, biz Fuad müəllimlə danışanda sizinlə görüşmək istədiyimi demişdim, qəti etiraz eləmişdi. Hətta, məncə, teatrdan, qrim otağından çıxmaq istəməməsinin səbəbi də bu idi. O istəyirdi ki, mən də oradan kənara çıxmayım.

 

- Həmişə özünə qapanırdı, özü ilə çox söhbət edirdi. Səhərlər tez qalxanda onun özü ilə söhbətlərini eşidə bilərdin. Ayla danışan bir insan idi. Uşaqlıqda hər il yayda bizi Pirşağıda bir bağa aparırdı. Gecələr dənizdən qayıdanda özü qabaqda tək gedirdi, ayla söhbət edirdi. Təsəvvür edin: ailəsi - üç nəfər onun ardınca gəlir, o isə dönüb ailəsi ilə söhbət eləmir, ayla danışır. Çox introvert insan idi və bu, onun komfort zonası idi. Qəribə olanı budur ki, o, obraz deyildi. Yəni bizi ona görə gizlətmirdi ki, nələrisə bilirik, danışacağıq və hamı Fuad Poladovun, əslində, belə yox, elə insan olduğunu anlayacaq.

O necǝ idisə, elə idi. Mənə elə gəlir ki, ən dəyərlisi də elə budur. Məsələn, adətən ciddi olmağına baxmayaraq, hərdən elə şaqqanaq çəkirdi ki, bir anlıq təəccüblənirdin. Amma o elə təbii gülüş, elə təbii hal idi ki! O da atam idi. Başını arxaya atıb ürəkdən gülən adam da atam idi, adətən qaşqabaqlı olan adam da atam idi. Hamısı o idi, özü idi. Heç vaxt fərqli görünmək istəmirdi. Mənim oğlumla - Suadla həmişə o ki var gülürdü, onun hər şıltaqlığına dözürdü. Düzdür, onda Suad balaca idi. Suadın ikinci ad günündə artıq diaqnozunu bilirdik, heç kimin əhvalı yaxşı deyildi. Atamın yanına aparmışdım onu, elə orada öz aramızda qeyd elədik. Axıra qədər nə qədər ki ayağa dura bilirdi - onun üçün dururdu. Nə zaman dura bilmədi, dedi ki, gətirmə, dura bilmirəm.

 

- Ata deyəndə ən birinci yadınıza nə düşür?

 

- Qoxusu yadıma düşür. Odekolonunun qoxusu.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

Çərşənbə axşamı, 14 Fevral 2023 15:30

Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb

Gözəlliklə mübarizə aparanlarla mübarizə. Mövzu oxucularımız üçün maraqlıdır. Növbəti antibrokonyer xəbəri:

 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Meyniman kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən beş nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların Abşeron rayon sakinləri O.Nağıyev və T.Nağıyev, Bakı şəhər sakinləri O.Mirzəyev və A.Əsədov, Tovuz rayon sakini İ.Nağıyev olduqları müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən iki ədəd ov silahı, 23 ədəd patron və qanunsuz olaraq ovlanmış üç ədəd çöl ördəyi aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

HÜMBƏT HƏSƏNOĞLUNİN AFORİZMLƏRİ

 

1) “ Düşmənlərim yoxdur” deyən insan dostlarını yaxşı tanımır.

2) İtin həyatı kimə hürməsindən və kimə quyruq bulamasından asılıdır- lap insanlardakı kimi.

3) Qəlbə yağan yağışa çətir açmaq olmur.

4) Dünyanı, bəlkə də, gözəllik xilas edərdi, amma eybəcərlər buna imkan verməz.

5) Böyük buludun kölgəsindənsə, kiçik ağacın kölgəsi etibarlıdır.

6) Həyat səhvlərinin yazı səhvləri kimi rezin pozanı olmur.

7) Kişi bircə qabırğasından düzəldilmiş qadına görə bütün canını qurban verməli olur.

8) Sevgidə heç- heçə olmur, ya hər iki tərəf udur, ya hər iki tərəf uduzur.

9) Aldadılmağa hazır olmayan insan yaşamağa hazır deyil.

10) Həyat mahnı, sevgi onun nəqarətidir.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

Çərşənbə axşamı, 14 Fevral 2023 14:00

Hər gün bir Şuşa xəbəri

TÜRK DÜNYASI XALQLARININ ADƏT-ƏNƏNƏLƏRİ TƏBLİĞ OLUNACAQ

 

Şuşada türk dünyası xalqlarının adət və ənənələrini özündə əks etdirən tədbirlər təşkil olunacaq. Bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb. 

 

İl ərzində qala-şəhərdə türk dünyası xalqlarına məxsus qədim idman növlərinin nümayişi, eyni zamanda kulinariya günlərinin keçirilməsi nəzərdə tutulub. Həmçinin cari il ərzində türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili də gözlənilir.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

UNUDULMAZ SEVGİ ROMANLARINDAN PARÇALAR

 

“Sevən sevdiyinin fiziki görünüşünə, daxili aləminə, xasiyyətinə o qədər valeh olur ki, mövcud qüsurları sadəcə görmək istəmir. Bunu psixoloqlar "Çəhrayı eynək effekti" adlandırırlar. 

 

“Çəhrayı eynək" yalnız gözəllikləri, müsbət keyfiyyətləri göstərməyə aiddir, mənfiliklər, eybəcərliklər heç cür onun görmə əhatəsinə düşə bilmir. 

 

 Hətta sevən sevdiyinin qarşılıqlı sevgisinə tuş gəlsə belə, açıq-aşkar hislərin birtərəfli olduğunu görəndə belə özünü aldadır, sevdiyinin münasibətinə "sevmir" kimi yox, "xasiyyəti belədir, bir az soyuqdur, sevgisini izhar etməkdə çətinlik çəkir" şəklində izah verməklə özünü ovudur. 

 

Özünü aldaltmaq, özünə yalan satmaq — bunlar da sevginin xarakterik xüsusiyyətləridir.

 

"Çəhrayı eynəyi" yaxşılıq etmək naminə dartıb sevənin gözündən çıxarmaq lazımdırmı? Bax bu, bütün zamanların ən mübahisə doğuran məsələsidir. Çünki sual oluna bilər ki, sənin yaxşılığına yaxşılıq etmək istədiyinin çoxmu ehtiyacı var?

 

“Qırmızı ləçəklər”, Varis

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

Çərşənbə axşamı, 14 Fevral 2023 13:00

Türk rejissorun filmi YARAT-da göstəriləcək

Bu gün YARAT Müasir İncəsənət Mərkəzində türk rejissor Pelin Əsmərin “10-dan 11-ə qədər” dram filmi nümayiş etdiriləcək. 

 

“Multiperspektivdə” qrup sərgisi çərçivəsində nümayiş olunacaq ekran əsərinin xronometrajı 110 dəqiqədir.

Filmdə hadisələr belə cərəyan edir: Mithat bəy təqaüddə olan dövlət qulluqçusudur. Əli onun yaşadığı binada konsyerjdir. İki qəhrəman eyni binada yaşasalar da, fərqli dünyalara mənsubdurlar. Amma bir gün həyat onları vacib məsələ üçün birləşdirir - yaşadıqları ev zəlzələyə davamlı olmadığı üçün sökülür...

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

Çərşənbə axşamı, 14 Fevral 2023 12:45

“Tovuzlu tələbənin əhvalatı...”

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Amalya Pənahovadır.

 

 

AMALYA PƏNAHOVA

(1945)

***

1990-cı ildə İncəsənət İnstitutunun dram teatrı və kino aktyoru fakültəsinin buraxılış imtahanında komissiyanın sədri idim. Maraqlı bir tamaşa hazırlamışdlar. Professor Fikrət Sultanovla dosent Vidadi Həsənovun kursu idi. F.Dürrenmattın “Xanımın təşrif buyurması” (“Yaşlı xanımın gəlişi”) tamaşası. Tamaşada əsas rollardan birini Rövşən Məmmədov adlı tələbə oynayırdı. Çox maraqlı, istedadlı gənc idi. Tamaşanın kulminasiya nöqtəsində, tamaşaçının gərgin vəziyyətində:

– İl, artıq gecdir, artıq hər şey bitdi, – deyən qəssab öldürmək məqsədi ilə baltanı götürüb ona doğru getdi. İl də ona: – Balteyi yerə qoy, Hofbauer, – dedi.

Belə deyib tez də səhvini düzəldib bir neçə dəfə “baltanı” deyib təkrarladı. Zalda gülüş səsləri qopdu. Tələbələr tamaşanı davam etdilər. Müəllimlər pərt olmuşdu. Möhtəşəm tamaşa idi.

Bu Tovuzlu balasının dili çaşıb tamaşanın ən gərgin yerində öz ləhcəsi ilə danışmışdı, demək, yaşayırmış, yalan oynamırmış. Tamaşaya yekdilliklə “əla” qiymət verdik.

 

 “Ədəbiyyat və incəsənət”

(14.02.2023)

 

 

Çərşənbə axşamı, 14 Fevral 2023 12:30

12 manata da biletlərini alan olmayıb

Ən çox oxunan xəbər: Müğənni Rəqsanə İsmayılovanın Tbilisidə bu gün - Sevgililər günündə  baş tutmalı olan konserti təxirə salınıb.

 

lent.az xəbər verir ki, Rəqsanə konsertin martın 11-də keçiriləcəyi barədə elan verib. Təxirəsalma səbəblərini izah etməyib. 

Xatırladaq ki, Rəqsanə İsmayılovanın konserti iki min tutumu olan Tbilisi Konsert Zalında keçirilməli idi. Hələ bir ay əvvəldən biletlər satışa çıxarılsa da, lazımi qədər satılmayıb. 

Onu da qeyd edək ki, Lent.az-ın müxbiri təşkilatçılara zəng vuraraq biletin qiymətinin 12 manat olduğunu öyrənmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti oxucularımızı güneyli yazarlarımızla hər həftə tanış edirlər. Bu dəfə sizlərə Əli Cavadpurun şeirləri təqdim edilir.

 

 

 

Əli Cavadpur 1973-cü ildə Güney Azərbaycanın Araz sahilində yerləşən Xudafərin bölgəsinin İskanlı kəndində anadan olub.1997-ci ildə Təbriz şəhərində Fars dili və ədəbiyatı fakültəsini bitirib. 2007-ci ildə Təbriz Universetetində “Nazim Hikmət şeirində və təfəkküründə axtarışlar” adlı elmi Tezindən müdafiə etməklə Ədəbiyat üzrə yüksək lisansını alıb. Neçə illər Xudafərin bölgəsində və indi isə Təbriz şəhərində orta məktəb Ədəbiyat müəllimidir. Aşağıdaki kitabların müəllifididr:

 

1-Bəyənsəndə budur, bəyənməsəndə (şeirlər). Təbriz:1998

2-Əsrimizin yuxusunda (şeirlər). Tehran:2007

3- Təbiyət və şeir/Budaqov (köçürmə).Tehran2002

4-Mənim dəli yaşıdlarım (poema). Təbriz:2016

5-Səsində bir hekayə var (şeirlər). Təbriz:2016

 

 

HƏR ŞEY XƏBƏRDİ!..

 

Hər şey xəbərdi,

Hər şey xəbər qədərdi.

 

Yalavaclıqdan baş götürüb

Gəmilərə təpilən mühacirlər

Hər gün qırılmaqdadır.

-Bir xəbərdi.

Havanın soyuqluğu neçə gün davam edəcək.

-Bir xəbərdi.

Səhərdən-axşama dünyada inqilab olur.

-Bir xəbərdi.

 

Diktatorlar həmişə diktə oturarlar

Və dinc oturmazlar.

-Bir xəbərdi.

 

Nobel adına verilən mükafatların kökü

Gedib Bakının neft quyularına dayanır.

-Bir xəbərdi.

Orta doğu bir ağ göyərçinin oxuduğu ağıdır.

Orta doğu qan ocağı, qan çanağıdı.

-Bir xəbərdi.

Ulayan yalquzaqdır,

Oxuyan bayquşdur Ərəb çölləri.

-Bir xəbərdi.

Çoxdandır səndən xəbərim yoxdu,

Necəsən dostum?

-Bir xəbərdi.

Afrika aclıqdan qaça bilər, amma “qaravaclıqdan” qaça bilməyəcək!

-Bir xəbərdi nə vaxtsa eşitmişəm.

Üstəki o “qaravaclıq” sözün özüm düzəltmişəm,

Yalavac sözünə borcluyam bu tapıntını

Təqdim edirəm ağ dərililərə.

-Bir xəbərdi.

Xəbərlərin gözüdür yaşamaq,

Bəbəyinə güllələr xoruzlanır.

Yaşamaq xəbər başlığıdır

Ayaq altında sürünür!

 

Bir xəbərdi:

Hələbin soyulan dərisi

Qarabağın oxunan şikəstəsi.

Urmu gölü bir duzlu xəbəridi

Yellər apardı uzaqlara,

Gətirdi yaxınlara!

 

“İqnosiya” matador xəbəridi Lorkadan.

“Günəş bir gün soyuyacaq” köhnə bir xəbərdi Nazimdən.

Kəndimizdə “Qarağanlı düz “ adında-

Mavi çalmalı, ipək yaylıqlı

Yovşan qoxulu bir otlaq var

Yaz gələndə onun üstündə uzanar, yaşıllanar

İndi loderlər ciyərini sökür

Şirkətlərə qum daşımaq üçün.

-Bir xəbərdi.

 

“İncirli Bulağı”nın üstündə bir bənövşəyə darıxdım

Və burnumun ucu göynədi, bu üzü yaza doğru gedən günlərdə.

-Sən deyən bir xəbər deyil,

Amma xəbərdi.

Artıq xəbərə dönmüşük

Nə var, nə yox, nə xəbər?

Xəbərik, xəbərə yaşayırıq!..

Xəbərəm

Xəbərdi

Xəbərsən,

Hər şey xəbərdi, xəbərin yoxdu!

Xəbər var daha heç nə yox!...

 

 

İTİN BALASI DA BALADIR..

 

Bu qədər it balasına

Kimdir yal verən deyə?!

Beş küçükdən dördünü

Basdırdılar diri-diri!

 

Bir birindən gözəl və totuq idi

İt küçükləri.

Zingiltiləri yandırdı göyü-yeri

İt ürəyi dözmədi, ana ürəyi idi

Eşdi çıxartdı balaların.

Ağzından alıb yenə basdırdılar adamlar!

Ana itin başına hava gəldi

O havada bala səsi var idi

Dilin yelə verə-verə qudurdu

Küçüklərin anası!

Adamların balasına hürdü

Küçüklərin anası!

 

Havalar soyudu, qar yağdı

Hələ dünyanın üzü də ağardı.

Qancıqlar köpəklər uladı yana-yana

Hər şey qarın altında qaldı

Qaldı gün çıxana.

 

 

YOL ADAMI

 

Başının üstündə qaralar bulud

Başının üstündə çaxmaq daşı, od

Başının üstünü sən unut, unut...

Yol adamı.

 

Üzü uzaqlara yol gedən adam

Keçər neçə gündən, kölgədən adam...

Yollar quş dimdiyi

Sən də dən adam

Yol adamı.

 

Yolda ay işığı, qaranlıq da var

İşıqda olmayan qaranlıqda var

Yürü saçlarını darasın rüzgar

Yol adamı.

 

Yeri öz yolunu it hürsün səni

Korlar kərməlikdə itirsin səni

Uzaq işıqlara yetirsin səni

Yol adamı.

 

Hay-haraydan boyu uca bir sükut -

Yol yoldaşın, birdə yolun özün tut

Get...

Get...

Qalan nə var

Unut, sən unut...

Yol adamı.

 

 

İÇİNDƏ BÖYÜYÜR ÇİN DİVARLARI

 

Dünya süd üzüdür, qatıq qaymağı

Sevinci də təzə, qəmi də təzə.

Nə vaxtdır yol gedir dəvənin ağı

Qarası da çatmır hələ Təbrizə!

 

Hardanmı başlayıb haramı gedir -

O dəvəsi ölən Ərəb qardaşım?

Ərzrum gədiyi hələ də qardır

Soyur öz dərisin Hələb qardaşım.

 

Sən deyə bilməzsən, deyə bilərsən

Nə vaxt barışacaq özündən küsən?!

Hələ bir qocanın Quzey Koredə,

Gözündən yaş kimi düşən ümidsən.

 

Yol çəkir gözlərin kəhkəşanlara

İçində böyüyür Çin divarları.

Özündən-özünə bir addım yolun,

Kəsilmir hələ də boranı, qarı!..

 

Qoşmamı yazırsan postmodern qardaş?

Maşınlar götürmür at çapanları.

Əlçatmaz qayadan süzülən ballar

Qaldı dağ ayısına sarı tel arı.

 

Baxtımız düşübdür gündoğanlara

Hələ də göyümüz qıp-qırmızıdır.

Günəşi göylərə doğmaq asandır

Bu çətin ağaran yerin üzüdür.

 

Nə çox qumbarası belində gəzən -

Alan cənnət iyin intiharından.

Dünya süd üzüdür, qatıq qaymağı

Hələ doyan yoxdur dadlı varından

Belə-belə şirin yuxularından...

 

 

SƏRHƏDDƏ BİTƏN AĞAC...

 

Sərhəddə bitən ağac,

Sən hansı ölkəninsən?

Astanada duran dost,

Nədir səni incidən?

 

Bağda dar ağacları,

Ucalır yerdən-göyə.

Boyumuz da çatmadı,

Ordan çiçək dərməyə!

 

Bura ki, qar yağırdı,

Ora gün hardan çıxdı!?

Biz harda durmuşuq ki,

Göy quru, yer palçıqdı!

 

Dağın qaşında duran -

Ay qaraltı, ay adam;

Günəşmi batır bəlkə

Mən belə sayıqlıram!

 

 

YAZIQ

 

Getmək istəmirsə ürəyin sənin

Zorla apardığın, ayaqlar yazıq!

Gedəndə ayağın yolları deyil -

Yazıq ürəyini ayaqlar, yazıq!

 

Başını basdıran çiçəyin, otun,

Payını günəşdən ayırmaq çətin.

Yuxusu dağlardan ağır millətin,

Yükünü daşıyan, oyaqlar yazıq.

 

Bu dünya qurutmaz alın tərini,

Dağıdar, uçurar hördüklərini,

Gündüz gözlərilə gördüklərini,

Gecə yuxusunda sayaqlar, yazıq!

 

İndi arabaya qoşulan atdan,

QırAtlıq umusu çıxıbdı yaddan!

İçini yandıran alovdan-oddan-

Necə qızarmasın, yanaqlar yazıq!

 

 

Qeyd: Orfoqrafiyaya toxunulmamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.