Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Müsahib rubrikasıdır, müsahibəni aparan Şəfa Vəlidir. Müsahibsə Mirzə Fətəli Axundzadənin Şəkidəki ev-muzeyinin baş fond mühafizi Sevda Rəhimovadır.8 mart bayramı öncəsi layihəmizdə xanımlardan bəhs etməyimiz təbiidir.

 

 

MÜSAHİB

 

 

         Sentyabr sarısında havalanan bir yarpaq misalı yerini-yurdunu qəribsəyir şair ömrü. Və bu ömürdən keçənlər yadımıza nağıllardakı “ən yüyrək nədir?” sualını salır. “Şəkinin payızı  gözəl olur...”-demişdi şair Hədiyyə Şəfaqət. İl boyu mamırı əksilməyən divarlara düşən gün işığı sarı olmur Şəki payızında; rəngsiz olur. Amma... O mamırlı divarların hamısı adamı yaşadığı “indi”nin əlindən çəkib alır, illərin, əsrlərin başı üstündən yelləyir, yelləyir, bir hovurda uşaqlıqda oxuduğu hansısa kitabın ucu qatlanmış, saralmış, kövrəlmiş vərəqlərinin arasına atır...

         2021-ci ilin payızında Bəxtiyar Vahabzadənin əlyazmalarının arasında tapmışdım özümü. Bu dəfə isə Mirzə Fətəli Axundzadənin qələmdanına baxmağa tələsdim.

         Uşaqkən elə bilirdim ki, Axundzadəni tanımayan adam yoxdur. Böyüdükcə, cild-cild kitablarla daha çox dərdləşdikcə təəssüflə bir şeyin dərkinə vardım: Axundzadə irsi, şəxsiyyəti hələ də tam olaraq araşdırılmamış qalıb. “Araşdırmaq kimin borcudur?” sualını dəfələrlə öz-özümə vermişəm, amma bir dəfə də olsun cəsarətlə, ucadan: “Mənim!”-deyə bilməmişəm....Və bəlkə də, heç vaxt deyə bilməyəcəyəm. “Çünki” ilə başlayan cümlələri “n” qədər quraram, imkanlarımı, imkansızlıqlarımı ömür tərəzisində təkrar-təkrar çəkə bilərəm, sonda yenə əliboş qalacağıma olan əminliyimə yeniləcəyəm.

 

         ...Böyük mütəfəkkirin Şəkidə yerləşən ev muzeyinin həyətindəki büstünə baxa-baxa bu pessimist düşüncələrə qapılıram. 

– Xoş gəlmisiniz!

         Səsə geri çevrilirəm. Yenə həmin xanımdı-muzeyə ilk dəfə gələndə məni qarşılayan, bu muzeyi mənə sevdirən, Axundzadəyə olan ehtiramı gözlərindən oxunan baş fond mühafizi Sevda Rəhimova.

– Xoş gördük!  Yenə güzgüyə baxmağa gəlmişəm.

– İstəyirsiniz, birinci ekspozisiya zalına baş çəkin.

– Aha...

         Tələskənliyim üçün utanıram. Ürəyimdə isə Sevda xanımın muzeyin mistik ab-havasını pozmamaq üçün gələn qonaqların ziyarətini nizamlamasını təqdir edirəm.

         İçəri keçirik. Gözlərimi qapıdan sola-ədibin yazı masasına çevirirəm. Baxışlarım qələmdana kilidlənir. Ramiz Həsənoğlunun rejissorluğu ilə çəkilmiş “Sübhün səfiri” (2012) filmi düşür yadıma.  Axundzadənin öz əsərlərinin obrazlarını necə tanımasını,  indi oxuyanda bizi gülümsədən hadisələrə şahid olduqca içində göynəyə dönən qocaman təəssüfünü xatırlayıram.

– Buyurun, əyləşin, – deyir Sevda xanım.

         Çəkinğənliklə baxıram və yazı masasının yanındakı stulda otururam. “Görəsən, bu stulda – ədibin sağ tərəfində qızı Nisə xanım əyləşirmiş, yoxsa oğlu Rəşid bəy?” – deyə bir sual keçir ağlımdan. Amma Sevda xanıma başqa sual verirəm:

– Muzey nə vaxtdan fəaliyyət göstərir?

–1940-cı ildən. Azərbaycanda ilk ev muzeyidir.

– Görəsən, təşəbbüskarı kim olub?

–Təşəbbüskarının kim olmağı barədə heç bir məlumat verə bilməyəcəyəm, təəssüf ki. Mirzə Fətəli Axundzadənin anadan olduğu ev 1800-cü ildə tikilib. Şərq üslubunda olan ev tikildiyi dövrdə necəydisə, elə də qalıb. Sonradan evə heç bir əlavə edilməyib. Bu ekspozisiya zalı isə 2012-ci ildə-ədibin 200 illik yubileyi ərəfəsində tikilərək istifadəyə verilib.

– Bu yazı masası Tiflisdən gəlib?

–Yox, bu evdə olub. 1940-cı ilədək qohum-əqrəba tərəfindən qorunub. Sonra ev muzey kimi fəaliyyətə başlayıb. İndi burda da (ekspozisiya zalını nəzərdə tutur), evdə də olan əşyaların çoxu elə evin öz əşyalarıdır. Qohumlar qoruyub saxlayıblar.

– Sədaqətli qohumlar imiş.

– O vaxt insanlar indiki kimi deyildi. Maddiyyat güdmürdülər. Evin muzey olmasında da, əşyaların olduğu kimi təhvil verilməsində də əsas məqsəd dahinin gələcək nəsillər tərəfindən tanınması olub. Məsələn, sizin sevdiyiniz bu qələmdan, bu mürəkkəbqabı... Təsəvvür edəndə ki Mirzə məhz bu masada, bu qələm-mürəkkəblə yazıb öz maarifçi fikirlərini, adamda qəribə hisslər oyanır. Həm fəxr edirsən, həm də bu əşyaları qorumağa, gəcələk nəsillərə tanıtdırmağa borclu olduğunu dərk edirsən.

– Sonradan əlavə edilən eksponatlar varmı?

– Təbii ki... 600-ə yaxın eksponat var muzeydə. Bir qismi burda sərgilənir, bir qismi evdədi. Fond otağında olanları da var. Vaxtaşırı eksponatları dəyişirik ki, tez-tez gələn ziyarətçilər hər dəfə fərqli şeylər görə bilsin. Ekpsonatlar sırasında eləsi var ki, sonradan bizə hədiyyə olunub.

– Axundzadənin istifadə etdiyi əşyalardandır o hədiyyələr?

– Yox. Amma onun doğulduğu, böyüdüyü dövrə aid əşyalardı. Məsələn, tutaq ki, mən gedirəm anamgilə, orda qədimi bir güzgü görürəm. Hansı ki, müasir dövrdə onlar “köhnəlmiş” sayılır. Mənimçünsə həmin əşya tarixin bir parçasıdır. Tez götürüb gətirirəm, eksponatlar siyahısına əlavə edirəm. Eləcə də muzeyimizin direktoru Ulduz xanım, digər işçilər... Bəlkə də, bizim muzey işçisi olmağımız tarixi məna kəsb edən əşyalara fərqli yanaşmağımıza səbəb olur. Amma əminliklə deyə bilərəm ki, hədiyyə olunan, sonradan əlavə edilən eksponatların sayı çox deyil.

– Ədibin öz kitabxanasından olan kitablardan varmı burda?

– Yox... Onun mütaliə siyahısını bilmək mənə də maraqlı olardı.

         Sevda xanımın çöhrəsinə kədərli bir təbəssüm çökür. Yenə yadıma düşür Axundzadə irsinin dərininə enə bilən qəvvasların, demək olar ki, yox dərəcəsində olması... Təəssüfümüz də, kədərimiz də, içimizdə özümüzü günahlandırmağımız da eyni ölçüdədir Sevda xanımla...

– Sonradan özünün nəşr olunan kitablarından gətirilib bir az.  Kitabxanasından heç nə yoxdur. Əlyazmaları da yoxdur, sadəcə, yazılarının bəzilərinin fotosurəti var.

– Hamısı Tiflisdədir?

– Heç orda olmamışam. Amma bilirəm ki, ordakı eksponatların sayı burdakından azdır. Burda evin özü də eksponatdır.

– Tiflisdəki eksponatlarla burdakıları, belə deyək, dəyiş-düyüş edə bilərsiniz? Ki, oraya getməyə imkanı olmayanlar ədibin əşyaları ilə tanış olmaq imkanı tapsın. Eləcə də ordakılar burda olanları görə bilsinlər.

– Bu, maraqlı təklifdi, amma mümkün olub-olmayacağı zamana bağlıdır. Mən özüm Əlyazmalar İnstitutunda ezamiyyətdə olmuşam. Yeni, muzeyə əlavə olunası, daha doğrusu, bizdə olmayan heç nə tapmamışam.

– Kaş muzeyin təşəbbüskarı haqqında da azacıq məlumat əldə edə bilək...

– Kaş... Düşünürəm ki, bir Axundzadəsevər olub, yəqin. Bəlkə də, qohum-əqrəbadan kimsə olub. Evin sovet dönəmindən qorunmasının özü böyük işdi. Əslində, bura ilk ekspozisiya zalı deyil. İlk zal sovet vaxtı tikilib. Çox primitiv formada idi. Yayda isti, qışda soyuq olurdu. Üstü dəmirdən, yan divarları şüşədən idi. İşçilər üçün ayrıca otaq yox idi. Bir Axundzadəsevər insan var: Səbuhi müəllim. Bir gün muzeyə baş çəkməyə gəlmişdi, zalın get-gedə daha da bərbad hala düşdüyünü gördü. Lazımi yerlərə müraciətlər ünvanladı, diqqət çəkdi. Beləcə, 2012-ci ildə prezidentin sərəncamı ilə bu yeni zal tikildi. Əslində, ilkin fikirlərdə eksponat sayılan evin də ekspozisiya zalının içində olması nəzərdə tutulurdu. Beləcə, ev yağışdan qorunmalıydı. Amma o fikir elə fikir olaraq da qaldı. Yenə şükür, indi işçilər üçün ayrıca otaq da var. Hərçənd, bəzi ziyarətçilər müasir zalın qədimi ab-havaya malik evə yaraşmadığını dilə gətirirlər. Amma zal necə olmalıdır bəs? Bu qədər eksponat o balaca evə sığmır axı. Burda elə rəsmlər, elə əşyalar var ki, evin zirzəmisindən çıxarmışıq, təmizləmişik, gətirib zala qoymuşuq.

– Axund Hacı Ələsgərin evi harda olub, görəsən?

– Dəqiq deyə bilmərəm. Amma əvvəllər burda-məhlənin bir az  aşağısında köhnə ev vardı. Ehtimala görə, Axund Hacı Ələsgərin evi olub. Axundzadənin uzaq qohumu olan Zemfira xanım deyirdi ki, ora mənim nənəmgilin evi olub.

– Necə qohumluğu çatır Zemfira xanımın ədibə?

– Desəm ki, bunu da dəqiq deyə bilməyəcəyəm, yəqin, məni günahlandırmazsınız.  Bilirsiniz, bəzən insan nələrisə özü danışır və sən anlayırsan ki, o, səndən heç bir sual gözləmir. Ona görə də Zemfira xanımın öz danışdıqları ilə kifayətlənirəm. Amma hər halda burdakı evin Axund Hacı Ələsgərə məxsus olması ehtimal edilirsə və Zemfira xanımın nənəsi bu evin sakini olubsa, qohumluğa şübhə etmək olmaz. Hətta bir söz deyim, “Sübhün səfiri” filmində həmin evin bir divarı kadra düşüb. Üstəlik, həmin evin sökülməsi üçün məhz Zemfira xanımdan rəsmi icazə alınıb.

– Zemfira xanım Şəkidə yaşayır?

– Yox, Bakıda yaşayır. Çox nəcib, nəzakətli və ziyalı xanımdır. Hər il gəlir muzeyə. Bir dəfə bir söz dedi, heç unuda bilmirəm. Dedi: “Hansı il mən muzeyə gəlmədimsə, bilin ki, artıq bu dünyada yoxam...” Biz onun yolunu hər il səbirsizliklə gözləyirik.

– Tanrı ömür versin! Soyuna-kökünə vəfalı olmaq da bir xüsusilikdir...

– Hə...

         İkimizin də baxışları yol çəkir... İkimiz də dünənimizə olan vəfa borcumuzu xatırlayırıq, vəfalı olub-olmamağımız barədə özümüzü sorğu-sual edirik... Və yenə cavabsızdır suallarımız...

– Axundzadənin nəslinin davamçıları da belə vəfalı olaydı kaş... – İnsanın daim günahkarı kənarda axtarması instinktinə yenilməyim üçün mənə lazım olan  cəmi bir neçə an imiş...

        Gəlin. – Sevda xanım ayağa qalxıb qarşıdakı divara yaxınlaşır.

         Tələsik özümü onun yanına çatdırıram.

– Baxın, bu şəkildəki ədibin qızı Nisə xanımın nəticəsidir. Adı Pərirux Parsinecatdır. 1982-ci ildə ədibin 170 illiyi keçiriləndə Pərirux xanım öz həyat yoldaşıyla gəlibmiş. Baxın, şəkil də evin qarşısında çəkilib.

– İndi harda yaşayır Pərirux xanım?

– O vaxt Yaponiyada, Tokioda yaşayırmış. Əri universitetdə professor imiş. Həmin vaxt, yəni 1982-ci ildə Pərirux xanımın Parsi adında 11 yaşlı oğlu varmış. Hazırda həmin oğlan hardadır, nə işlə məşğuldur, bilmirik. Bu yaxınlarda diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov növbəti dəfə muzeyin qonağı oldu. Şəkli görən kimi dedi: “Bu xanımı o vaxt mən axtarıb tapmışdım, Yaponiyadan dəvət etmişdim”. Sonradan əlaqələr itib... Heç kimi də qınamaq olmur; hamının öz həyat qayğıları, öz ömür naxışları var.

– Nəvələr, nəticələr də sürətlə yadlaşır...

– Bəlkə də, həyat bunu məcbur edir...

– Sizin üçün muzeyin ən dəyərli eksponatı hansıdır? Söhbətin yönünü dəyişməyə borclu hiss edirəm özümü...

– Əl ağacı! – Sevda xanım birnəfəsə deyir və əl ağacının qoyulduğu stendə yönəlir: – Baxın, burdadı. O dövrdə əl ağacı, bir növ, xarakter simvolu idi. Məhz buna görə də o dahi insanın əli dəyən əşyaların içində mənə ən dəyərli gələn əl ağacıdır.

– Mənimçünsə...

– Nanə xanımın güzgüsü! – Sevda xanım gülümsəyir: – Mənim siyahımda o güzgü əl ağacından sonra gəlir.

– Bəs gələn ziyarətçilərin ən çox diqqətini çəkən hansı eksponatlardır?

– Qılınc, əl ağacı, kəmər, qələmdan, qrammofon... O qədər adam təəssüflə başını bulayıb ki: “Kaş biləydik ədib bu qrammofonda nəyə qulaq asıb”.  Heyif ki, işləmir qrammofon. Təmir edən usta yoxdur deyə, təmir etdirə bilmirik.

– Bu daş kitabları kim hazırlayıb? – Əlimlə qarşıdakı masaya işarə edirəm.

– Heykəltəraş Məzahir Əliyev. Ədibin daşa həkk olunmuş portretini isə bizə şəkili həkkak İsmayıl Paşayevin nəvəsi hədiyyə edib. Bu örtük də əl işidi, ailəyə aiddir.

– O vaxt necə də səbirli olub insanlar. Saatlarla bir masa örtüyünün üstündə işləyiblər. Bəlkə də, günlərlə...

– Yenə günahı ataq həyatın boynuna. İndi bizim işimizin yarısını texnologiya görür, bir başqa texnologiya isə vaxtımızı alır. – Bunu deyib Sevda xanım təəssüflə başını bulayır.

         Bu dəfə gülümsəmə sırası məndədir. Və düşünürəm: “Gülümsəmələr də insanın öz duyğularının üstünə örtdüyü örtük deyilmi?!”

 

– Bura ədibin əlifba layihəsinə həsr olunmuş guşədi. – Sevda xanım əli ilə divardakı çərçivəli fotosurətləri göstərir: Axundzadə əlifbanı sadələşdirmək üçün 3 layihə hazırlayır. Xatirələrində yazır: “Əlifbada bir nöqtə sözü “olum” və “ölüm” kimi dəyişə bilir”. Elə ona görə də ədib istəyib ki, həmin nöqtələr atılsın, əlifba sadələşsin, sadə insanlar da oxuyub anlaya bilsin. 1863-cü  ildə ədib Türkiyəyə gedir və əlifba layihəsi orda müzakirə olunur. Layihəsi qəbul olunmur. Bu yağlı boya ilə çəkilmiş rəsm  məhz həmin hadisəni əks etdirir. Burdakı yağlı boya ilə çəkilmiş rəsmlərin müəllifi Tofiq Kərimovdur. Ədibin rəsmini isə Əməkdar rəssam Teymur Rzayev 2012-ci ildə muzeyə hədiyyə edib. Xalça-portreti 1982-ci ildə peşə məktəbinin tələbələri toxuyub.

– Miniatür kitabı da var ədibin? Stenddə marağımı çəkən kitabı ovcumun içinə alıram.

– Ən sevdiyim kitabıdır! “Puşkinin ölümünə Şərq poeması”dır.

– Evə keçək?

– Güzgünü görməyə tələsirsiniz? – Sevda xanım mehribanlıqla deyir və əliylə ekspozisiya zalının çıxış qapısını göstərir.

         Sevincək çıxıram qapıdan, düşürəm  pillələri, yüyürürəm və... Və dayanıram böyüklüyünü anlatmaq üçün söz tapmadığım ədibin doğulduğu evin önündə.

– Bu evi Axundzadənin öz atası Məhəmmədtağı tikdirib. O, Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində  kəndxuda olub. Bir gün orda kəndli iğtişaşı baş verir, kəndxuda kənddən uzaqlaşmağa məcbur olur, ticarət məqsədilə Şəkiyə gəlir. Həmin dövrdə karvansara ticarət mərkəzi idi. O vaxt gediş-gəliş indiki kimi asan deyildi. Məhəmmədtağı burda qalmağa məcbur olur. Burda məhlə alır, 1800-cü ildə bu evi tikdirir. Sonra da Axund Hacı Ələsgərin qardaşı qızı Nanə xanımla evlənir. Mirzə Fətəli 1812-ci ildə məhz bu evdə dünyaya göz açıb. Sonra Məhəmmədtağı Nanə xanımla oğlunu götürüb Xamnəyə qayıdır. Amma Nanə xanım ərinin birinci arvadıyla yola gedə bilmir. Məcbur olur, oğlunu da götürüb Şəkiyə qayıdır. Burda da dövrün ziyalılarından sayılan Axund Hacı Ələsgər onlara himayədarlıq edir. Bundan sonra ədibin ömrünə Mirzə Şəfi Vazeh daxil olur. Ona xəttatlıq öyrədən gəncəli ziyalının Mirzə Fətəlinin həyatında böyük rolu olub.

– O məşhur sual-cavab...

– Hə... 1834-cü ildən sonra həyatı Tiflislə bağlıdır ədibin.

– Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli ilə söhbətimizdə belə bir söz demişdi: “Bəxtiyar Vahabzadə Şəkidə qalsaydı, Bəxtiyar Vahabzadə olmazdı”. Bu fikri Axundzadənin Tiflis yaşamına aid etmək mümkündürmü?

– Başqa cür deyərdim: “Balaca Fətəli İranda böyüsəydi, indi dahiliyinə heyran olduğumuz mütəfəkkir, “Tatar Molyeri” olmazdı”. Tiflis isə o vaxt Zaqafqaziyanın mədəni paytaxtı idi. Təbii ki, mühit ədibin şəxsiyyətinə, düşüncələrinə, yaradıcılığına təsir eləmişdi.

– Heyif ki, şəcərəsindən tanıdığımız, bildiyimiz kimsə yoxdur.

– Axund  Hacı Ələsgərin qızı Tubu xanımla evlənən Axundzadənin 13 övladı olur.  Mənbələrə görə, yalnız ikisi-Nisə xanım və Rəşid bəy sağ qalır.

– Bir yerdə oxumuşdum ki, iki qızı sağ qalır: Seyrəbəyim və Nisə xanım. Amma məlumatı doğruluğuna əmin olmaq üçün əlimizdə heç bir istinad nöqtəsi yoxdur.

– Ümidim böyükdür. Çox qısa vaxtda Axundzadə irsindəki kölgəli məqamlar da gün işığına çıxar, ədəbiyyat tariximizin görkəmli nümayəndəsi, dramaturgiyamızın banisi olan bu dahi insan haqqında daha ətraflı məlumat ala bilərik. Hətta doğum günü belə qarışıqdır dahinin. Məsələn, internetdə, bəzi mənbələrdə 12 iyul kimi qeyd olunur. Bizsə hər il iyunun 30-da qeyd edirik. Hansı tarix dəqiqdi? Hansı mənbəyə istinadən dəqiqləşdirə bilərik? Bilinmir...

– Faciəmiz ondadır ki, bizdə araşdırmaçılar da bir-birindən xəbərsiz araşdırır. Tapdıqları mənbələri qarşılaşdırmırlar.

 

         Evə daxil oluruq. Divar dibindəki nimdərlərə, döşəkçələrə,  rəflərdəki mis, çini qablara göz gəzdirirəm. Nanə xanımın güzgüsünə baxıram... Üçüncü dəfədir ki, bu güzgünün önündə dayanıram. Amma özümü bu güzgüdə gördüyüm yadıma gəlmir. İndi özümü görmək ümidiylə başımı daha da irəli əyirəm. Yenə mən yoxam o güzgüdə... Dəmir barmaqlıqlı pəncərənin önündə oturmuş, qarşısına sevdiyim qələmdanı qoymuş kiçik Fətəlini görürəm.

 

– Sevda xanım, bilirsiniz, nəyi bilmək istəyirəm? Yaradıcılıq, xüsusən də şeir elə bir şeydir ki, o, insanın ruhunda var. Necə ola bilər ki, Fətəli burda – bu evdə, bu pəncərədən təbiəti seyr edə-edə heç nə yazmasın?

– Yazmış  olar. Mən də həmişə bunu fikirləşirəm. Amma əlimizdə heç nə yoxdur; nə bir parça kağız qalıb o illərdən, nə də dildə-ağızda hansısa şeiri. Bəlkə də, bu, onun şeirinin qəliz dili ilə bağlıdır. Axı el dilinə daha yaxın olan nümunələr el yaddaşında qalır. Axundzadə isə dövrün ədəbi normalarına uyaraq yazıb.

 

         Kiçik evdəki böyük səyahətim nə qədər çəkir, bilmirəm. Burda zamansızlıq hökm sürür... Evdən çıxıram, bir az daha kənardan baxıram bu evə; çardağa qalxan torpaq pillələrinə, zirzəmisinin taxta qapısına... Birdən pilləkənin yanındakı suvağın ovulduğunu görürəm. Əyilirəm ki, daha diqqətlə baxam.

– Şəki nəmişlik zonadır axı, gur yağışlar vurur evin divarına, suvağı tökülür. – Sevda xanım hayıfslanaraq deyir.

         Evin başına fırlanıram, zirzəmisinə baş çəkməyi də unutmuram. Nə axtarıram burda? Bilmirəm ki...

         Darvazaya çatanda Sevda xanım deyir:

– Əvvəl burda Şəki memarlığına uyğun tağlı darvaza da olub. Sonra sökülüb. Yolun başındakı “Səbuhi” bulağında isə  rəqəm qarışıqlığı var.  Bir tərəfində 1812-ədibin doğum ili yazılıb, digər tərəfində isə bulağın tikilmə tarixi-1982.  Bu rəqəmlərin Axundzadənin doğum  və ölüm tarixi olduğunu düşünənlər də tapılıb.

– Yəni Axundzadə haqqında məlumatsız olan azərbaycanlı var?

– Heyif ki, var... Ölkənin başqa bölgələrindən danışmıram, elə Şəkinin özündə də bu muzeyi tanımayanlar var. Elə olur ki, gələn qonaqlar muzeyi çox çətin tapdıqlarını deyirlər. Halbuki Xan sarayına ən yaxın ev muzeyi buradır. Di gəl, tanıyan, səmtini bilən azdır. Bir tərəfdən düşünürsən ki, hamının öz qayğısı var. Digər tərəfdən isə, qınamaya bilmirəm ki,  bir xalqın həyatında dönüş nöqtəsi yaratmış mütəfəkkir yaddan çıxır. Axı indinin məktəblisi, gənci Axundzadəni tanımasa, gəlib onun doğulduğu evi görməsə, gələcəkdə öz övladına bu dahini necə anladacaq? Ancaq internetdəki natamam məlumatlarla?

         Sualına cavab verə bilmirəm Sevda xanımın. Mən də o natamam məlumatlardan daha artıq nəsə bilmirəm axı... Günahkarcasına boynumu bükür və  sağollaşıram.

         Dramaturgiyamızın, ədəbi tənqidimizin banisi olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər”in siyahısına daxil edilən Mirzə Fətəli Axundzadə haqqında oxuduğum pərakəndə məlumatlardan biri də budur: “Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olmuşdur. O həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə etmişdir. Eləcə də Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları ilə döyüşdə həlak olmasından sonra onun mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olmuşdur”.

         Xan sarayının divarı boyunca üzü Yuxarıbaşa qalxa-qalxa düşünürəm ki, görəsən, nə vaxtsa ev muzeyində ədib haqqında bildiklərimizin istinad nöqtəsi-mükəmməl  bir araşdırma mövcud olacaqmı?

 

P.s. “İnternet əsri”nə güvənib sosial şəbəkədə Axundzadənin kötücəsi Parsi Parsinecatın axtarışına çıxdım. Bir sosial hesab tapdım, qısa mesaj yazdım və 2 həftə cavab gözlədim. Cavab gəlmədi... Tapdığım Hafiz Əhmədovun 2019-cu ildə Parsidən aldığı bir müsahibə oldu ki, orda da kötücənin öz ulu babası haqqında dediyi ən ağır çəkili sözlər bunlar idi: “Mirzə Fətəli Axundzadəni insanları “qutunun kənarında” düşünməyə məcbur edən  və ənənəviliyə meydan oxumaq istəyən bir insan kimi təsvir edərdim”.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

 

 

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə daha bir elitar incəsənət nümunəsi tamaşaçıların ixtiyarına veriləcək. Martın 11-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Cakomo Puççinin “Toska” operası nümayiş olunacaq. 

 

Toska partiyasını ifa etmək üçün teatrın rəhbərliyi tərəfindən Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artist Viktoriya Çenskaya və Skarpia Belarus Respublikasının Milli Akademik Böyük Teatrının solisti, Belarusun Xalq artisti Vladimir Qromov dəvət olunublar. Əsas partiyalardan biri olan Kavaradossi rolunu isə Əməkdar artist Azər Rza, Rizniçiy partiyasını isə Xalq artist Əkrəm Poladov ifa edəcəklər.

Səhnə əsərində, həmçinin Əməkdar artistlər Cahangir Qurbanov, Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə və başqaları iştirak edəcəklər.

Opera sənət ocağının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunacaq. 

Xatırladaq ki, premyerası 1900-cü ildə Milanda baş tutan bu səhnə əsəri klassik opera sənətinin ən dəyərli nümunələrindən hesab olunur.

 

«Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz böyük uğrlar sərgiləmiş Uorren Baffetin uğur qazanmaq qaydalarıdır. Qaydalar 13-dür. Hər buraxılışımızda sizlərə 1 yeni qayda verərək əvvəlkiləri də təkrarən saxlayırıq ki, biliyiniz daha təkmil və mükəmməl olsun.

 

Beləliklə 5-ci qayda.

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

Əvvəlki qaydalar bunlar idi:

 Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

6-cı qayda ”Hər şey barədə əvvəlcədən razılaşın” olacaq.

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa Xalidə Əliməmmədovanın 50 illik yubileyi "Göyçək Fatma” tamaşası ilə qeyd edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki,  tamaşadan əvvəl çıxış edənlər aktrisanın iştirak etdiyi tamaşalardakı obrazları haqqında danışıb və ona yaradıcılıq uğurları arzulayıblar.

Çıxışlardan sonra yubilyara Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təbrik məktubu və Fəxri fərmanı, Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı və teatrın diplomu təqdim edilib. Yubilyar göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib.

Daha sonra tamaşa nümayiş etdirilib. Azyaşlıların böyük sevgisini qazanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rəssamı Mustafa Mustafayevdir.

Tamaşada rolları Xalq artisti Nübar Novruzova, Əməkdar artist Güvşər Şərifova, aktyorlar Zemfira Əbdülsəmədova, Xalidə Əliməmmədova, Asya Atakişiyeva, Ədalət Əbdülsəmədov, Anar Seyfullayev, Sevinc Əziz, İradə Rəşidova, Xaliq Bəkir, Yusif Dadaşov və Mələk Bəxtiyarlı canlandırıblar.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Çərşənbə axşamı, 07 Mart 2023 11:00

Yerlə göy arasında qərarlaşmaq olarmı?

İncəsənət bütün suallara cavab axtarıb tapmaq gücündədir. Bəşəri suallardan biri də yerlə göyün sərhədinin hardan keçməsidir. Bu suala öz fotolarında tanınmış fotoqraf, güneyli soydaşımız Reza Deqatı daim cavab axtarıb tapmırmı? Onun ən qaynar nöqtələrdən çəkilmiş fotolarında biz insan hənirtisini, səsini, nəfəsini duymuruqmu? 

“Ədəbiyyat və incəsənət” portalı olaraq Reza Deqatinin sərgilərini həmişə gözləyir, izləməyə çalışırıq. Və budur, martın 9-da Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” adlı Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı olacaq. Deyəcəksiniz, bunun Reza Deqatiya nə dəxli? Tələsməyin. 

 

Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Latviyadan İeva Krumina və… Bəli, İev Kruminanın tərəfdaşı dünyaşöhrətli fotoqraf Reza Deqati olacaq, onların əsərlərinin nümayiş olunacağı sərgi aprelin 3-dək davam edəcək.

Latviya səfirliyi rəssam İeva Kruminanı necə xarakterizə edir? 

 

İEVA

Məlumata görə, xanım İeva Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İeva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin “Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur” sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır. Onun hər bir sənət əsərinə baxanda özümüzü o sənət əsərində görürük. Onun sənət əsərləri insanlara dünyamızı sevgi sapları ilə təmir etmək ismarışını çatdırır. 

Reza Deqatiyə isə özümüz tərif verək. 

 

REZA DEQATİ

Reza kimi tanınan dünyaşöhrətli fotojurnalist Reza Deqati müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb. O, Fransanın “Xidmətlərə görə” kavaler ordeninə və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.

 

İndi bu iki sənətkar fotoqraf islam mədəniyyətini, sufiliyi təbliğ edəcəklər. İnanılmaz bir tamaş olacağına əminik. 

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Dəyərli oxucular. “Ədəbiyyat və incəsənət”in əməkdaşı Habil Yaşar sizin müzakirənizə növbəti nəşri qoyur: Maykl Hartın “Tarixdəki 100 Ən Nüfuzlu Şəxslərin Sıralaması” kitabını. 1978-ci ildə işıq üzü görən kitab hələ də mağaza rəflərindən düşmür, çoxunun stolüstü kitabıdır. Gəlin kitabdakı sıralanmaya nəzər yetirək: 

 

1.Məhəmməd -Peyğəmbər

2. İsaak Nyuton-Fizik, Astronom, Filosof, Riyaziyyatçı, Kimyaçı

3. İsa-Peyğəmbər

4. Budda-Filosof

5. Konfutsi-Filosof

6. Həvari Pavel-Həvari

7. Çay Lun-Alim

8. İohann Qutenberq-İxtiraçı

9. Xristofor Kolumb-Tədqiqatçı, Səyyah

10. Albert Eynşteyn-Fizik

11. Lui Paster-Bioloq, Kimyaçı

12. Qalileo Qaliley-Alim, Fizik, Astronom, Riyaziyyatçı

13. Aristotel-Filosof

14. Evklid-Riyaziyyatçı

15. Musa-Peyğəmbər

16. Çarlz Darvin-Təbiətşünas, Səyyah, Yazıçı

17. Sin Şi Xuandi- İmperator

18. Oktavian Avqust- İmperator

19. Nikolay Kopernik-Astronom, Riyaziyyatçı, İqtisadçı

20. Antuan Loran Lavuazye-Kimyaçı

21. Böyük Konstantin- İmperator

22. Ceyms Vatt-İxtiraçı

23. Maykl Faradey-Fizik, Kimyaçı

24. Ceyms Maksvell-Fizik, Riyaziyyatçı, Mexanik

25. Martin Lüter Kinq-Yazıçı, İlahiyyatçı, Tərcüməçi

26. Corc Vaşinqton-Prezident

27. Karl Marks-Filosof, Yazıçı, Siyasətçi, İqtisadçı

28. Uilber və Orvil Rayt qardaşları-İxtiraçılar

29. Çingiz xan- İmperator

30. Adam Smit-Filosof, İqtisadçı

31. Uilyam Şekspir-Şair, Yazıçı, Dramaturq

32. Con Dalton-Fizik, Kimyaçı

33. Makedoniyalı İsgəndər-İmperator

34. Napoleon Bonapart-İmperator

35. Tomas Edison-İxtiraçı, Sahibkar

36. Antoni van Levenhuk-Təbiətşünas

37. Uilyam Tomas Qrin Morton-Cərrah

38. Qulyelmo Markoni-İxtiraçı, Mühəndis

39. Adolf Hitler-Reyxskansler, Prezident

40. Platon-Filosof

41. Oliver Kromvel-İnqilabçı, 

42. Aleksandr Bell-Alim, İxtiraçı, Mühəndis

43. Aleksandr Fleminq-Bakterioloq

44. Con Lokk-Filosof, Həkim

45. Lüdviq van Bethoven-Bəstəkar

46. Verner Heyzenberq-Fizik

47. Lui Dager-Rəssam, Kimyaçı, İxtiraçı

48. Simon Bolivar-Lider

49. Rene Dekart-Filosof, Astroloq, Yazıçı, Rəssam, Fizik

50. Mikelancelo-Heykəltəraş, Memar, Şair

51. Papa II Urban-Papa

52. Ömər ibn Xəttab-Xəlifə

53. Aşoka-Hökmdar

54. Avqustin Avrelius-İlahiyyatçı, Filosof

55. Uilyam Harvey-Biloq, Həkim, Anatomiyaçı

56. Ernest Rezerford-Fizik

57. Jan Kalvin-İlahiyyatçı, Filosof

58. Qreqor Mendel-Bioloq

59. Maks Plank-Fizim

60. Joşep Lister-Alim, Cərrah

61. Nikolaus Otto-Mühəndis, İxtiraçı

62. Fransisko Pizarro-Səyyah

63. Ernan Kortes- Tədqiqatçı, Səyyah, Qubernator

64. Tomas Cefferson-Prezident, Filosof, Yazıçı, Memar

65. Kastiliyalı I İzabella-Kraliça

66. İosif Stalin-İnqilabçı

67. Yuli Sezar-Lider, Yazıçı

68. I Vilhelm-Kral

69. Ziqmund Freyd-Nevroloq, Filosof

70. Edvard Cenner-Alim, Həkim

71. Vilhelm Rentgen- Fizik

72. İohann Sebastyan Bax- Bəstəkar

73. Lao-tszı- Filosof

74. Volter-Filosof, Şair, Tarixçi, Politoloq

75. İohann Kepler-Astronom, Riyaziyyatçı

76. Enriko Fermi-Fizik

77. Leonard Eyler-Riyaziyyatçı, Fizik, Astronom

78. Jan Jak Russo-Filosof, Yazıçı, Bəstəkar

79. Nikkolo Makiavelli-Filosof, Yazıçı

80. Tomas Maltus-Alim, İqtisadçı

81. Con Kennedi-Prezident

82. Corc Qudvin Pinkus-Tədqiqatçı, Bioloq

83. Mani-Peyğəmbər, Şair, 

84. Vladimir Lenin-İnqilabçı, Publisist

85. Sun Ven-İmperator

86. Vasko da Qama-Tədqiqatçı, Səyyah

87. Böyük Kir-İmperator

88. Böyük Pyotr-İmperator

89. Mao Tszedun-Şair, Yazıçı, Filosof, Müəllim, İnqilabçı

90. Frensis Bekon-Filosof, Yazıçı, Siyasətçi, Astroloq

91. Henri Ford-İxtiraçı, Sənayeçi

92. Men-Tszı-Filosof

93. Zərdüşt-Peyğəmbər, Şair

94. I Elizabet-Kraliça

95. Mixail Qorbaçov-Prezident

96. Menes-Hökmdar

97. Böyük Karl- İmperator

98. Homer-Şair

99. I Yustinian-İmperator

100. Mahavira-Filosof

 

Öncə İslam peyğəmbəri Məhəmmədin xristian və yəhudi peyğəmbərləri İsa və Musadan öndə getməsini dəyərləndirək. Unutmayaq ki, söhbət bir xristian nəşrindən gedir. 

Təbii ki, mübahisə doğuracaq məqamlar da  az deyil. Tarixin ən qəddar imperatorları, diktatorları, on minlərlə insanın qətlinə fərman verənlər də burada təmsil olunublar. Amma onlar həm də dünyanın mizan-tərəzisinə əl qoyublar, gedişatı dəyişiblər. Arxalalarınca milyonlar gedib. Demək, nüfuzludurlar. Elə Qorbaçovu götürək. Statistik azərbaycanlı üçün bu insan Qarabağ müharibəsinə rəvac vermiş cinayətkardır. Amma dünya üçün o, kommunizmin məhvini labüdləşdirən siyasi liderdir.

Mədəniyyət portalı olaraq bizim əsas diqqətimizi çəkən isə, şübhəsiz, siyahıda təmsil olunan mədəniyyət xadimləridir. Yazıçılar, şairlər, rəssamlar, bəstəkarlar, filosoflar, heykəltaraşlar… Onlar kifayət qədərdir, demək, mədəniyyətin aparıcı rolu danılmazdır. 

Siyahıda kimlər çatmır? 

Ən azı 4 azərbaycanlı. Qul olmaqdan hökmdar olmağa qədər ucalan, Şərqdə demokratik dəyərlərə istinad edən möhtəşəm bir imperiya qurmiş Atabəy Şəmsəddin Eldəniz. Dahi filosof və şair Nizami Gəncəvi. Dahi astroloq Nəsirəddin Tusi. Dahi alim, qeyri-səlist məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə. 

 

Şəkildə: Məhəmməd peyğəmbər dünya kinematoqrafiyasının müraciət etdiyi əsas tarixi obrazlardandır. 

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Çərşənbə axşamı, 07 Mart 2023 10:30

“Nəğməmə inan” tamaşasının 8 mart nümayişi olacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında hazırlanan “Nəğməmə inan” tamaşası yenidən nümayiş olunacaq. Gurultulu premyeradan elə də çox keçməyib, amma budur, tamaşaya yenidən müraciət olunur. 

 

Teatrın rus bölməsində hazırlanan bu musiqili komediyanın nümayişi martın 8-də teatrsevənlərə təqdim olunacaq və bu tamaşa həmçinin martın 11-də də oynanılacaq.

Libretto müəllifi və mahnılarının mətni Mixail Şerbaçenkoya məxsus olan bu səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edəcək.

Xatırladaq ki, Rusiyanın bir neçə teatrında oynanılan bu əsərin radio-tamaşasında baş rolu Polad Bülbüloğlu özü səsləndirib.

 

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Oğuzun dağ yəhudiləri haqqında sənədli filmin çəkilişləri başa çatıb

 

 

Bu dəfə sizə Azərbaycan və İsrail dostluğundan bəhs edən sənədli filmdən danışacağıq. Amma film sahilinə uzun bir körpüdən keçib gələcəyik. Azərbaycan - yəhudilərin kompakt halda yaşadığı çox azsaylı bölgələrdən biridir. Ölkəmizin Quba rayonu ərazisində yerləşən dağ yəhudilərinin Krasnaya sloboda qəsəbəsi məhz bu səbəbdən dünyada məşhurdur, İsrail və Azərbaycan dövlətləri bu qəsəbəni iki xalqın dostluq rəmzi hesab edirlər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dağ yəhudiləri Azərbaycanın tək Quba bölgəsində deyil, eyni zamanda Göyçay və Oğuz bölgəlgələrində də məskunlaşıblar. Azərbaycanın dağ yəhudiləri arasından Telman İsmayılov, Qod Nissanov, German Zaxaryayev kimi məşhur iş adamları çıxıblar, postsovet məkanında bu adlar çoxuna tanışdır. Azərbaycanın milli qəhrəmanı, əfsanəvi tankçı Albert Aqarunovun adı isə Azərbaycanda uşaqdan böyüyə hər kəsə məlumdur. Şuşanın müdafiəsi zamanı şəhid olan qəhrəman döyüşçü əbədi dostluq rəmzidir. 

Bu xalqların dostluğunun əbədiləşdirilməsi daim sənətçilərin diqqətini cəlb edib. Elə bu yaxınlarda azərbaycanlı yazıçılar Varisin və Əlibala Məhərrəmzadənin bu dostluğu vəsf edən A.M.İ.N. adlı romanları Moskvada - İSP nəşriyyatında nəşriyyat hesabına çap edilib. Bizsə bu söhbətimizdə kinodan danışacağıq.

 

Oğuzun dağ yəhudiləri haqqında Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan filmin çəkilişləri başa çatıb. Filmdə Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir.

Filmin qəhrəmanı əslən Oğuz rayonundan olan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, ictimai xadim, hazırda Amerikad yaşayan ravvin-Şmuel Simantovdur. Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, operatorları Mahir Atakişiyev, Roman İsakov, icraçı prodüseri Şaul Siman-Tovdur.

Filmin çəkilişləri Azərbaycan, İsrail, ABŞ və Almaniyanın müxtəlif bölgələrində aparılıb.

Qeyd edək ki, bu film Rüfət Əsədovun “Dağ yəhudiləri” silsiləsindən 6-cı filmidir. Digər filmləri “Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, ”Peyğəmbər Yereminin göz yaşları”, “Əgər səni unutsam,Yerusəlim”, ”Kənddə sonuncu yəhudi. 9 il sonra” filmləridir. 

 

Kadr:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədri Rav Şmuel Simantov ilə görüşür. Gprüşdə Mübariz Qurbanlı bildirir ki, Azərbaycan vətəndaşı “Dini etiqad azadlığı haqqında” qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir. Azərbaycanın ictimai-siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Bütün dini konfessiyalara bərabər imkanlar, şərait yaradılıb. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir.

Rav Şmuel Simantov Azərbaycanda yəhudi xalqına göstərilən diqqətdən, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirir. Qonaq qeyd edir ki, Azərbaycanda yəhudilərə qarşı daima xoş münasibət olub və biz yəhudi icması olaraq hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Çərşənbə axşamı, 07 Mart 2023 10:00

“Baxış-3” teatr festivalının açılışı olub

Martın 6-da Azərbaycan Teatr Xadimləri İttifaqında “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın “Baxış-3” teatr festivalının açılışı olub. 

Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək festival haqqında məlumat verib və festivalın əhəmiyyətini vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət” İttifaqa istinadən xəbər verir ki, festivalın keçirilməsində əsas məqsəd 4 ay ərzində laboratoriyada məşğul olan gənclərin mənimsədikləri bilik və bacarıqları nümayiş etdirmək, onları yeni axtarışlara ruhlandırmaq və teatr məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.

“Baxış – 3” festivalında “Rejissor”, “Aktyor” və “Eksperimental teatr” laboratoriyalarının işləri təqdim olunacaq. Dörd gün davam edəcək festival çərçivəsində 8 tamaşa nümayiş olunacaq. Səhnə əsərləri Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov adına səhnəsində nümayiş ediləcək. Bildirilib ki, martın 10-da isə festival çərçivəsində nümayiş edilən tamaşaların mükafatlandırma mərasimi təşkil olunacaq. 

Qeyd edilib ki, “Gənc rejissorların yaradıcılıq laboratoriyası”nın bədii rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Sonra rejissor Məhəmməd Verdiyevin səhnələşdirdiyi “Sonuncu güllə” tamaşası nümayiş edilib. Tamaşada rolları Feyruz Bayramov və Leyla Ələsgərova canlandırıblar.

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Uşaq İncəsənət Festivalı barədə bütün suallarınızı portalımız cavablandırır. 

 

Xəbər verdiyimiz kimi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə və Heydər Əliyev ili çərçivəsində Mədəniyyət Nazirliyi müxtəlif tədbirlərə imza atır. Bunlardan biri də Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzi ilə  birgə təşkil edilən Uşaq İncəsənət Festivalıdır. Bu festivalın Müstəqillik tarixində respublikamızda təşkil olunan ən irimiqyaslı uşaq festivalı olmasını nəzərə alanda ona olan hədsiz marağın səbəbləri də bəlli olur. 

 

“Ədəbiyyat və incəsənət” portalı festivala qatılmaq istəyən çoxsaylı uşaqların istəyini nəzərə alaraq Mədəniyyət Nazirliyindən festivalda iştirakla bağlı bilgi alıbdır. 

 

1.

-Festivalda yaş məhdudiyyəti nə qədərdir? 

-Festivala istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəs qatıla bilər. 

 

2.

-Neçə nominasiya üzrə qalib adı uğrunda mübarizə aparılacaq?

- 21 nominasiya üzrə. Nominasiyaları təqdim edirik:

Rəqəmsal incəsənət – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger);

Piano ifaçılığı;

Klassik simli alətlər ifaçılığı; 

Klassik nəfəs alətləri ifaçılığı; 

Azərbaycan xalq çalğı alətləri ifaçılığı; 

Akademik vokal; 

Estrada oxuma; 

Xanəndəlik sənəti; 

Aşıq sənəti; 

Xor; 

Caz ifaçılığı;

Solo milli rəqs; 

Milli rəqs ansamblı;

Solo müasir rəqs; 

Müasir rəqs ansamblı; 

Aktyorluq; 

Bədii qiraət; 

Hekayəçilik (stand-up);

Dekorativ-tətbiqi sənət; 

Rəssamlıq; 

Heykəltaraşlıq.

 

3.

-Ayrı-ayrı mədəniyyət sahələri üzrə peşəkarlıq dərəcəsi şərtdirmi? 

-Xeyir, həm peşəkar (sahə üzrə tədris müəssisələrində təhsil alanlar), həm də həvəskar (kurslarda, dərnəklərdə və ya fərdi qaydada məşğul olanlar) kateqoriyalar üzrə yarışmalar olacaq.

 

4.

-Neçə yaş qrupu var

-Cəmi üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) var.

 

5.

-İştirakçıların qeydiyyatı harada aparılır?

-İştirakçıların qeydiyyatı www.uif.az internet saytı üzərindən aparılır.

 

6.

-İştirakçıların qeydiyyatı nə zaman bitir? 

-Qeydiyyat 30 mart tarixində bitir. 

 

7.

-Bəs festival hansı qaydalar üzrə keçiriləcək?

-Uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edən festival üç mərhələdən ibarətdir.

Rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olanlar iyun-avqust aylarında keçiriləcək zonalar üzrə ikinci mərhələdə iştirak hüququ qazanacaq. İkinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsinin sentyabr ayında Bakı şəhərində təşkil olunması nəzərdə tutulur.

 

8.

-Əlavə suaılar yaranarsa hara müraciət etmək olar?

-Əlavə məlumatları festivalın internet saytı, elektron poçtu, (050) 2880147 mobil, 147 qısa nömrələri, həmçinin festivalın rəsmi sosial şəbəkə hesabları vasitəsilə əldə etmək mümkündür:

Rəsmi sayt - https://uif.az
E-poçt - Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. 
Facebook - https://www.facebook.com/uif.az
Instagram - https://www.instagram.com/uif.az
Twitter - https://twitter.com/uif_az
Youtube - https://www.youtube.com/@uif_az
Tiktok - https://www.tiktok.com/@uif.az

 

9.

-Bugünədək nə qədər uşaq qeydiyyatdan keçib? 

-Bugünədək müxtəlif şəhər və rayonlar üzrə 1230-dan çox uşaq qeydiyyatdan keçib.

 

Tapdanmış cığırlarla gedib hamı kimi olmaq da olar, hamıdan fərqlənmək, istedadınla diqqət çəkmək, yüz minlərlə pərəstişkar toplamaq, məşhur olmaq da. İkincilərdən olmaq çox gözəldir. 

Əziz uşaqlar, içinizdəki istedadı həmən üzə çıxarın. Bunun üçün Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzi sizin üçün gözəl bir şans verir. Uşaq İncəsənət Festivalına qatılın. Birinci olun!

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.