
Super User
Milli Teatr Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
Bu günün - 10 mart Milli Teatr Gününün, Azərbaycan peşəkar milli teatrının 150 yaşının tamam olmasının şərəfinə Mədəniyyət Nazirliyi silsilə tədbirlər hazırlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, yubiley münasibətilə müxtəlif tədbirlər, layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 mart – Milli Teatr Günündə ölkəmizin televiziya kanallarının iştirakı ilə keçiriləcək telemarafon isə bütün teatrsevərlərə xoş bir sürpriz olacaq.
Gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək. Bir sözlə, bu gün Azərbaycanın televiziya məkanında əsl teatr rüzgarı əsəcək.
1873-cü ildə qədim tarixə malik xalq teatrı ənənələri üzərində, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə əsası qoyulan peşəkar teatr sənətimiz bu illər ərzində zəngin inkişaf yolu keçib.
Azərbaycanda peşəkar milli teatrın yubileyi ilk dəfə dövlət səviyyəsində, böyük təntənə ilə yarım əsr öncə mədəniyyətimizin böyük himayədarı Heydər Əliyevin rəhbərliyi ilə qeyd edilib. Teatrımızın 100 illik yubileyində dərin məzmunlu nitq söyləyən Ulu öndər milli teatr sənətinin inkişafına xüsusi diqqət və qayğı göstərib. Ümummilli liderin respublikamıza rəhbərliyinin hər iki dövründə bu istiqamətdə mühüm qərarlar qəbul olunub, teatr xadimlərinin yaradıcılıq nailiyyətləri dövlət tərəfindən qiymətləndirilib.
Teatr sənətinə diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı 3 fevral 2023-cü il tarixində Azərbaycan teatrının 150 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edildiyi kimi, teatr xalqımızın mədəni sərvətidir və onun qorunması, inkişaf etdirilməsi dövlətin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Bu gün milli teatrımız 150 illik yubileyini qeyd edir
Təqvimimizdə 10 Mart günü Milli Teatr Günü kimi qeyd edilib. Hər ilin bu gününü ölkənin teatr ictimaiyyəti təntənə ilə keçirir. Amma bu dəfə bir başqa büsat var. Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu əlamətdar yubiley ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı qədim və zəngin yol keçən Azərbaycan teatrının tarixinə bir rakurs edir.
1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirildi. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynadılar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin də böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir. Danılmazdır ki, Azərbaycan teatrı bu gün tam dövlət qayğısı ilə əhatələnib.
“Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd olunması haqqında” Sərəncam buna bariz nümunədir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.
2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.
Qayıdaq Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət proqramına. Bu proqram öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edib.
Dövlət proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.
Regionlarda teatrlarımızın inkişafı, xalq teatrlarının yaranmasını da bu yüksəliş siyahısına daxil etsək məsələ tam aydınlaşar.
İnanırıq ki, Azərbaycan teatrının uğurları hələ qarşıdadır. Biz bütün teatr cameəsini təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Heydər Əliyev və teatr
Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu əlamətdar yubiley ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı builki Heydər Əliyev ilində ümummilli liderin Azərbaycan teatrına göstərdiyi diqqət və qayğıya nəzər salır.
Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Yeri gəlmişkən qeyd etməliyik ki, bu il ölkəmizdə Ulu Öndərin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunmasının teatrımızın 150 illiyi ilə üst-üstə düşməsi də rəmzi xarakter daşıyır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində tamaşa təqdimatları davam edir.
Ulu Öndər hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb. Onun premyeralara getməsi, prədə arxasında sənətçilərlə görüşməsi, ünsiyyət qurması əsla yaddan çıxmaz.
Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Rəsm qalereyası: Rafael Əsədov, “Mənzərə”
Günün fotosu: İsrail diktatura əleyhinə!
Günün fotosu: İsrail diktatura əleyhinə!
İsraildə Benyamin Netanyahu hökümətinin tətbiq etmək istədiyi məhkəmə islahatlarına qarşı kütləvi hərəkat başlayıb. İnsanlar bu islahatı diktatura ərəfəsi hesab edirlər.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Sabah “Ah, bu uzun sevda yolu” nümayiş olunacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” tamaşası sabah - martın 11-də nümayiş ediləcək.
Səhnə əsəri dramaturq Ə.Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edirlər.
Qeyd edək ki, Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” əsəri 1937-ci ilin repressiya qurbanı olmuş istedadlı şair Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqındadır. Tamaşada xalqımızın heç vaxt unutmayacağı qanlı-qadalı repressiya illərindən bəhs edilir. Səhnə əsərində M.Müşfiqin nakam taleyi əks olunsa da, bu əsərdə repressiyaya məruz qalmış minlərlə insanın məhv edilmiş nakam taleyi gözümüz qarşısında canlanır.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Unudulmaz sevgi romanlarından parçalar
“Ədəbiyyat və incəsənət” portalı çox bəyənilən “Sevgi romanlarından parçalar” rubrikasında sizlərə Varisin “Qırmızı ləçəklər” romanından bir seçməni təqdim edir.
Əlbəttə, yüzlərlə tədqiqat var ki, sevənin halını xəstəlik halı ilə uzlaşdırır, ümumən sevgiyə düçar olmağı xəstəlik növü adlandırır. Amma mən həmişə "sevgi" sözünün "xəstəlik" sözü ilə müqayisəsindən çəkinmişəm, hətta diksinmişəm.
Xəstəlik — müalicəsinə çalışdığın, ondan qopmaq istədiyin anormal haldır. Sevgi isə daha şiddətlə mübtəla olmağı arzuladığın bir həzdir, bir gözəllikdir.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Sabah Xalça Muzeyində İnna Kostina mühazirə oxuyacaq
Martın 11-də Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam İnna Kostinanın “Göyün yeddinci qatı” adlı fərdi yubiley sərgisi çərçivəsində batika üzrə mühazirə keçiriləcək.
Qeyd edək ki, mühazirə İnna Kostina tərəfindən rus dilində təqdim olunacaq.
İştirak üçün öncədən https://forms.gle/Sx6YeA2sWY7hhh7T7 linkinə müraciət edərək qeydiyyatdan keçmək olar.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
“Gəncliyə müraciət” – Muhterem Şahin
“Dərgi içində dərgi” bölməsində Türkiyədə çıxan “Gənc ürəklər” dərgisindən sizlərə Humay Yılmazın çevirimində Muhterem Şahinin “Gəncliyə müraciət”ini təqdim edəcəyik. Bu gün bu sayaq mövzuların çox aktual olmasını nəzərə almağınız vacibdir.
Muhterem ŞAHİN
GƏNCLİYƏ MÜRACİƏT
Ey gənc dost! Ey igid könüldaş! Ey təmiz vicdanlı, saf ürəkli insan!
Sözümüz sənədir. Hər canı can bildik. Sənin yanında olmaq üçün gəldik. Dostcasına salamlaşmağa, sevda bağçasından gül dərməyə, məhəbbət otağını bəzəməyə gəldik. Sözləri, hekayətləri təkcə nağıl kitabından oxumuruq. Dünyanın və əsrin qəlbindən keçənlərdən xəbər veririk. Səni özünə şahid tuturuq, sözə aid, gözə aid nə varsa, sənə şahid tuturuq.
Ey ür'yi mərhəmətli bahadır!
İnsanlıq bir böhran içindədir, bunu sən də bilirsən. Bu, sadəcə, bir böhran və çöküş deyil, həm də dəlilik və çirkinlikdir. Kirlənmiş, qatılaşmış, daşlaşmış bir dövrdür bu. Haqdan qaçan, həqiqətə düşmən bir dövrdür... Bəzi ölkələrdə müharibə, terror, zülm, aclıq və yoxsulluq baş alıb gedir. Yaxın Şərqdə, Asiyada, Afrikada qan su yerinə axır. Eyni adı daşıyanlar bir-birini boğazlayır. Bir tikə çörəyə, bir qurtum suya həsrət uşaqlar var. Hər gün gözümüzün içinə baxa-baxa həyatdan köçürlər. Bəzi ərazilər qıpqırmızı, qapqara, bombozdur...
Sən də bilirsən, ən işıqlı dövr qaranlığa qərq olur. Ölüm, aclıq, zülm, yoxsulluq çoxlarının axırına çıxıb. Amma əksinə, pulun, rahatlığın, var-dövlətin içində üzənlər, nəfslərinə korluq çəkdirməyənlər də az deyil. Əbu cəhllər qitə-qitə gəzir, əbu ləhəblər sürü-sürü dolaşırlar... Nuha, İbrahimə, Yusifə, Əhmədə rast gəldinmi? İrqlər arasında dava, savaş, dinlər arasında münaqişə aləmi qatıb-qarışdırıb. Və mən, sən, o – hər birimiz, sadəcə, tamaşa edirik. Sanki bir romandan quraşdırılmış filmi izləyirik. Necə də üzücü, qəribə, necə də böyük ziddiyət, həyasızlıq, dəhşətli bir səhnə...
Ey həqiqət yolçusu!
Kirlənməmiş, xarab olmamış və çürüməmiş bir sən qalmısan, bir də məsum uşaqlar. Hə, bir də heç bir zaman gerçəyin, yaxşılığın, doğrunun, ədalətin ətəyindən qopmamış geniş ürəklilər... Salam olsun insan olaraq doğulub insan olaraq qalanlara. Sionizm, kapitalizm, kommunizm, materializm, konformizm insanı, cəmiyyəti, ölkələri istismar edir, əridib yoxa çıxarır. Hər birinin ayrı-ayrı dəyirmanları var. Və bu dəyirmanlar məni, səni, onu üyüdüb sovurur. Ölürük, can veririk.
Ey müqəddəs əmanəti daşıyan can!
Zəng sənin üçün, mənim üçün, hamımız üçün çalınır. Müqavimət göstərməyəcəksənmi? Müdafiə etməyəcəksənmi? Qarşı çıxmayacaqsanmı? Bir hərəkətin, bir vuruşun olmayacaqmı? Pislərə və pisliyə qarşı hayqırmayacaqsanmı? Haqqı dəstəkləyib, onu yüksəklərə qaldırmayacaqsanmı? Bil ki, gözün, qulağın, dilin və əlin sənə xəyanət edəcək bir gün. O gün gəlmədən özünə gəl. Qalx, düzlən, dik dur və ağlınla, ürəyinlə düşün, fikirləş, mən kiməm, nəçiyəm, niyə gəldim, haraya gedirəm deyə. Özünə sual ver! Sorğu-sual et, bildiklərini, öyrəndiklərini və ya bilmədiklərini soruş! "Bilənlər bilməyənlərlə eyni ola bilərmi, səncə?" Hər şeyi bilən elə demirdimi?
Ey qiymətli can!
Bir çağırışımız var sənə, bir dəvətimiz, bir müjdəmiz var. Özündən qopub gələni sözə tökən, içindəki iztirabı dilə gətirən, tərtəmiz dillə yazılmış şanlı məktubumuz var. İnsanı, kitabı və həyatı oxu deyə, buyuran və qələmə and içən Qüdrətin, həqiqət sirrinə vaqif olmaq muradıyla yola çıxanlar adına arzumuz, sevdamız var. Bu müjdə, bu məktub, bu sevda gənc ürəklərdir. Ürəyini fəda edənlərə salam olsun!
Ey Anadolunun sinəsi dağlı övladı!
Gen ürəkləri şəhərin o biri ucundan qaçaraq gələn adamın hayqırışların bil! Hirada əks-səda qoparan və insanlığın vicdanına səslənən müqəddəs əmrin aydınlığına pərvanə olanları bil! Daşlara müqaviməti, hüzuru, birlik ruhunu həkk edən Bilgə Kağanın vəsiyyətini bil. Sultan Alparslanın duası, Şeyx Ədəbalinin yuxusu, Osman bəyin döyüşünü bil! İyirmi bir yaşındaykən çağ açıb çağ sonlandıran dədəmiz Fatihin cahangir ruhu və ağlı, dünyanı tutacağına inanan Yavuzun cəsarəti, qanunlar yazan Süleymanın ədalət sirri, aləmə diz çökdürən Mustafa Kamalın milli mücadiləsini bil! Gənc ürəkləri Yunisin misralarında əks olunan eşqi, sevgini və tolerantlığı bil. Qaracaoğlanın, Dadaloğlunun, Aşıq Veysəlin, Neşet Ertaşın sazından qopan sevgisin, hayqırışın, baxışın və üsyanın bil! Mehmet Akifin iztirabın, şikayətin, əzəmətin, şeirin bil! Sən də bizə qoşul!
Bura ölkəsi, milləti, dövləti, vətəni, bayrağı, dəyəri, prinsipi üçün döyünən ürəklərin elm və bilik otağıdır. Birlik, bərabərlik, qardaşlıq, dostluq ocağıdır. Mədəniyyət, sənət, ədəbiyyat, fikir, elm məktəbidir. Oxuyan, yazan, düşünən, danışan, müzakirə edən, ortaya bir şey qoyan, mübarizə aparan azad ruhların öz evidir. Ulu çinarın kölgəsində xəyallar quran və məmləkət türküləri oxuyan aşıqların dost məclisidir. Bulaqdan çağlayan tərtəmiz su ilə yaşıllaşmış, bərəkətli torpaqların bərəkətli qarışığıdır. Bayraq adamlara və onu yerə düşürtməyənlərə salam olsun!
Gəl, qardaşım! Bil, qardaşım!
Bu, millət və məmləkət üçün yaxşı işlər görmək uğrunda ümid, həyəcan, həvəs, sevgi hiss edən, elm, hikmət, qardaşlıq duyğusu ilə bağlanan yeni gənçlik çatısıdır. Cənnət kimi gözəl Türkiyəmizin hər bölgəsindən, hər şəhərindən, hər qəsəbə, hər kəndindən, hər məhəlləsindən ürəklə gəlib yığışdığı, hər cür işlərinin dəyərləndirildiyi bir gənclik məktəbidir. Atelye, salon, səhnə və kürsüdür. Gəl əl-ələ, yan-yana, çiyin-çiyinə verək. Kitabın, qələmin, sözün, yazının bağçasından, əsrlərdən o yana ətri yayılan bir qırmızı gül diləyirəm. Həqiqətə yetişmək arzusu ilə yola çıxanların ucalığına və müdrikliyinə çataq.
“Gelin tanış olalım,
İşi kolay kılalım,
Sevelim, sevilelim,
Dünya kimseye kalmaz.” (Yunus Emre)
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)
Firəngizi necə “yalanpışdan” öpdülər
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Firəngiz Mütəllimovadır.
FİRƏNGİZ MÜTƏLLİMOVA
(1959)
***
“Bəyin oğurlanması” filmində Nəsibə Zeynalovanın “yalanpışdan” sözü dillərə düşmüşdü. Bir dəfə qohumların arasında məclisdə idim, yaşlı qadınlardan biri məni görən kimi:
– Ay Firəngiz, çoxdandı səndən soruşmaq istəyirəm, – deyərək, sözə başlamaq istədi.
– Nəsibə xanım dedi də “yalanpışdandır”, – deyib, arvadı danışmağa qoymadım.
Qadın gözlərini döyə-döyə qaldı. Və dedi:
– Mən gördüm axı, o gədə səni traxtorda doğruçu öpdü.
Cavabında söylədim:
– Off, doğruçu öpdü, ancaq nə olsun, “yalanpışdan” öpdü.
Yazıq çiyinlərini çəkdi.
– Nə bilim…
Hamı gülüşdü.
“Ədəbiyyat və incəsənət”
(10.03.2023)