Super User

Super User

Bazar ertəsi, 01 May 2023 09:00

Öncə rəqs, sonra caz

İstirahət günlərində mədəniyyət aləmində iki bayram qeyd edildi. Şənbə günü Beynəlxalq rəqs, bazar günü isə Beynəlxalq caz günləri. 

“Ədəbiyyat və incəsənət” portalı hər iki bayramı zəruri xatırlatmalarla yada salır. Öncə rəqsdən başlayaq.

 

RƏQS

 

Dünyada növbəti dəfə peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramı qeyd edildi. Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı, 18-ci əsrdə yaşamış Jan Jorj Noverrin anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.

Təbii ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunur.

Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır.

Kökləri eramızdan əvvəlki minilliklərə gedib çıxan milli rəqslərimiz tariximizlə ayrılmaz surətdə bağlı olub, xalqımızın milli xüsusiyyətini, həyat və məişətini əks etdirir. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir.

Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.

Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.

Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.

 

CAZ

 

Beynəlxalq Rəqs gününün səhərisi Caz Gününün kimi qeyd edilməsi ənənəsinin kökü nisbətən yaxındadır. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir: dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər cazın vətəni hesab edilən Yeni Orleanın Konqo meydanında xüsusi konsert proqramı ilə davam etdirilir.

Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir.

Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdır. Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtuoz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir.

Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre Caz Festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.

 

Milli rəqsimiz də, cazımız da daim inkişafda, təkmilləşmədədir. 

Uğurlar və zirvələr!

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2023)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Qırğızıstanın görkəmli yazıçısı, ictimai-siyasi xadimi Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə Azərbaycan Milli Akademik Dram Teatrında ədibin “Ana tarla” povesti əsasında hazırlanmış tamaşanın premyerası keçirilib. 

 

AzərTAC xəbər verir ki, Fondun Bakı Bələdiyyə Teatrı ilə əməkdaşlığı çərçivəsində səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Tamaşanın premyerasında görkəmli ictimai, mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, səfirlər, Milli Məclisin deputatları və yaradıcı gənclər iştirak ediblər.

Həmçinin tədbir çərçivəsində Çingiz Aytmatovun Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlərini, Bakıya səfərlərini və s. əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub.

Tədbirin açılışında çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin bütün Türk dünyası üçün əlamətdar olduğunu qeyd edib.

Fondun prezidenti Ulu Öndərin mədəniyyətə, incəsənətə vurğunluğuna diqqət çəkib. Günay Əfəndiyeva bildirib ki, Heydər Əliyevin mədəniyyət və incəsənət nümayəndələri ilə - yazıçılarla, şairlərlə, rejissorlarla, aktyorlarla, rəssamlarla, bəstəkarlarla özünəməxsus, isti münasibətləri var idi.

“Bu münasibət təkcə Azərbaycanla məhdudlaşmayıb, digər ölkələrin incəsənət nümayəndələrinə, o cümlədən Türk dünyasının simalarına da şamil edilirdi. Onlardan biri də bu il 95 illik yubileyi qeyd olunan, qırğız xalqının fəxri, Türk dünyasının böyük yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatov olub, - deyə Günay Əfəndiyeva bildirib. 

Fondun prezidenti Heydər Əliyevlə Aytmatovun bir-birinə bəslədikləri doğmalıqdan və rəğbətdən, onların dostluq əlaqələrindən bəhs edib. 

Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən danışaraq təşkilatın Türk dünyasının zəngin mədəniyyətini öyrəndiyini, qoruduğunu və dünyada təbliğ etdiyini vurğulayıb. Günay Əfəndiyeva 2018-ci ildə Fond tərəfindən Çingiz Aytmatovun 90 illik yubileyinin Azərbaycanda təntənəli şəkildə qeyd olunduğunu xatırladıb. Həmin tədbir çərçivəsində qırğız sənətçilərin ifasında Aytmatovun "Cəmilə" povesti əsasında hazırlanmış tamaşa təqdim olunub.

Aytmatovun əsərlərinin beynəlxalq səviyyədə geniş tanındığını vurğulayan Fondun prezidenti vurğulayıb:

“Ana tarla” əsəri bir qadının faciəsi, bir ananın fəryadıdır. Amma bir ananın simasında minlərcə, milyonlarca anaların ağrısı, acısı, iztirabıdır. Neçə-neçə nəsillərin taleyidir. Bunları danışarkən Vətən müharibəsində doğma Qarabağ uğrunda canlarını fəda etmiş igid oğullarımız gözlərimizin önündən keçir. Bu tamaşa, eyni zamanda, onların, bizim qəhrəmanlarımızın ruhlarına olan ehtiramdır. Və əlbəttə, onları bizə bağışlayan Analara ithafdır”.

Daha sonra Günay Əfəndiyeva tamaşanın hazırlanmasında əməyi keçən hər kəsə, Bakı Bələdiyyə Teatrının kollektivinə və onun rəhbəri Aynur Muxtarovaya, quruluşçu rejissor Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyova minnətdarlığını bildirib.

Qırğız Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Taalatbek Masadıkov çıxış edərək bildirib ki, bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur. Taalatbek Masadıkov Heydər Əliyevin Azərbaycan xalqının və bütün Türk dünyasının dahi oğlu olduğunu vurğulayıb.

"Heydər Əliyev şəxsiyyətinin böyüklüyü zaman keçdikcə bizim tərəfimizdən daha çox dərk olunur. Bu gün biz siyasi dünyanın və tarixin gedişatına təsir edən bu iradəli şəxsiyyətə heyranlıqla baxırıq", - deyə o bildirib.

Çingiz Aytmatovun yaradıcılığından danışan Taalatbek Masadıkov böyük qırğız yazıçısının Türk dünyasının ən görkəmli mədəniyyət xadimlərindən biri olduğunu qeyd edərək, onun ümumtürk mədəni irsinə verdiyi misilsiz töhfəsindən bəhs edib.

“Aytmatov yaradıcılığı qırğız xalqının adət-ənənələri və tarixində dərin köklərə malikdir. Onun əsərləri bütün dünya oxucularında əks-səda doğuran ümumbəşəri məhəbbət, itki və insanlıq mövzularını tədqiq edir. Aytmatov ənənəvi qırğız mədəniyyətini müasir ədəbi formalarla birləşdirmək bacarığına malik idi. Bu gün də Aytmatovun irsi yeni nəsil yazıçı və sənətkarları ruhlandırmaqda davam edir və onun türk mədəni irsinə təsiri şübhəsiz ki, gələcək nəsillərə də ötürüləcək”, - deyə o bildirib.

Qırğız Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi tədbirin təşkilinə görə Fondun prezidenti Günay Əfəndiyevaya, eləcə də Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivinə minnətdarlığını bildirib.

Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Ulu Öndər Heydər Əliyevin Çingiz Aytmatova həm yazıçı, həm də görkəmli ziyalı kimi yüksək qiymət verdiyini vurğulayıb. Diplomat qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün də uğurla davam etdirilir.

"Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında möhkəm birlik var, iqtisadiyyat möhkəmlənir, mədəniyyət və ictimai həyatın digər sahələri inkişaf edir. Qırğızıstan ilə Azərbaycan arasında 30 illik diplomatik münasibətlər ərzində güclü qardaşlıq əlaqələri qurulub", - deyə o bildirib.

Səfir “Ana tarla” hekayəsindən söz açaraq qeyd edib ki, “Əsərin qəhrəmanı Tolqonay müharibənin ağır illərində cəsarəti, mənəvi gücü və müdrikliyi Ana Torpaqdan götürüb”. Kayrat Osmonaliyev bu tamaşanın izləyicilər tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.

Daha sonra Çingiz Aytmatovun qızı Şirin Aytmatovanın videomüraciəti tədbir iştirakçılarının diqqətinə təqdim olunub.

Çıxış edənlər türk mədəniyyətinin və irsinin təbliği kimi mühüm missiyanı yerinə yetirdiyinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna, eləcə də Bakı Bələdiyyə Teatrına və bu genişmiqyaslı tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

Povestin baş qəhrəmanı - Tolqonayın obrazını Azərbaycanın Əməkdar artisti Hüsniyyə Mürvətova canlandırıb. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Çingiz Aytmatovun əsərini Azərbaycan dilinə Teymur Elçin tərcümə edib. Tamaşada Əməkdar artist Səmayə Sadıqova, aktyorlar Rəşad Kəsəmənli, Tural Əhməd, Namiq Cavadov, Elçin Muradov, Ülviyyə Rza, İsmayıl Atakişiyev, Zülfiyyə Məmmədova, Günel Qəmidova, Aynur Abbasova, Arzu Ağayeva iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)

5-7 may tarixlərində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummulli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” Forumu keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, Quba şəhərində yerləşən “Şahdağ Quba-Truskavets” sanatoriyasının evsahibliyi edəcəyi  Forumda ölkənin ədəbi elitası bir araya gələcək.

Heydər Əliyevi - bu böyük və müdrik insanı şəxsən tanıyıb, onunla yaxından təmasda olanlar onunla bağlı xatirələrini dilə gətirəcəklər, məruzəçilər Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açacaqlar.

İki günlük Forum zamanı həm də Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin 100 illiyinə hazırladığı töhfə - “Əbədi ömrün yüz ili” kitabının təqdimatı baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)

 

 

 

 

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə mayın 3-dən 5-dək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Sən elə bir zirvəsən..." adlı bədii qiraət müsabiqəsi təşkil ediləcək.

 

Sözügedən müsabiqənin məqsədi dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə hər zaman fəxr etmiş milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevə həsr edilmiş ədəbi-bədii nümunələri təbliğ etmək, habelə milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq, eyni zamanda yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

Müsabiqədə ilk üç yerin sahiblərinə fəxri fərman və pul mükafatı təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)

 

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasına və Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm və xidmət üzrə iş” Komissiyasına rəhbərlik edən Ruslan Quliyev Şimali Kipr Türk Cümhuriyyətinə səfəri çərçivəsində Lefke Avropa Universitetinin rektoru Mehmetali Yükselenlə görüşüb.

 

Ruslan Quliyev “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında bildirib ki, qısa bir müddətdə bu ali təhsil ocağında böyük bir irəliləyişin şahidi olub:

“Burada tələbə sayı 3000 nəfərdən 15000 nəfərə qədər artıb. Ən əsası isə universitetdə tibb fakültəsi açılıb və mən bunu çox böyük uğur kimi qiymətləndirirəm. Bu ildən burada azərbaycanlı tələbələr üçün xüsusi təkliflər paketi də hazırlanıb”.

Onun sözlərinə görə, görüş zamanı ikitərəfli əməkdaşlıq və yeni layihələr barədə müzakirə aparılıb, eyni zamanda Azərbaycan universitetləri ilə tələbə mübadiləsinin həyata keçiriləcəyi bildirilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının MODA bölümündə Səbinə Məmmədova sizlərə bu gün ətəklər barədə kuturye tövsiyyəsini təqdim edəcək. Söhbət dəri ətəkləri necə kombin etməkdən gedəcək. 

 

Midi ətəklər qadınların vazkeçilməzləri arasındadır. Bir çox qadın bu ətəklərlə öz çəkiciliyini ortaya qoymağı bacarır. Əsasən də iş qadınları bu geyimdən xüsusi olaraq istifadə edir. Son illər isə xüsusilə dəri ətəklər aktualdır. Bu geyimi isə bir az kombin etmək çətindir. Çünki dəri geyimləri bacardıqca sadə paltarlarla birləşdirmək lazımdır.

Bəs, midi ətəkləri necə kombin etmək olar? 

Beləliklə, bununla bağlı bir neçə kombin təkliflərini təqdim edirik.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)

Bu gün Xalq artisti Məhluqə Sadıqovanın doğum günüdür

 

Taleyin hökmüylə ikiyə bölünən və tikanlı məftillərlə bir-birinə həsrət qalan Quzeyli və Güneyli Azərbaycanı uzun illər ədəbiyyat və bir də Azərbaycan Radiosu birləşdirib. Güneylilər Quzeydə yaranan Araz həsrətli mükəmməl poeziya nümunələrini əzbər biliblər, eyni zamanda radio verilişlərini mütəmadi dinləyiblər. İranda Ana dilində yazmaq, oxumaq, musiqi dinləmək, filmə baxmaq - hər şey yasaq olduğundan ümid Sovet Azərbaycanının radiosuna qalıb. Azərbaycan radiosunun “Bulaq” verilişini xüsusən o tayda məşhur olub, aparıcı Məhluqə Sadıqovanının səsi ümid olub, təsəlli olub, məlhəm olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Xalq artisti, görkəmli aktrisa Məhluqə Sadıqovanın anadan olmasından 106 il ötür.

“Bulaq” verilişinin qızıl səsli aparıcısı 1917-ci il aprelin 28-də Şuşa şəhərində anadan olub. Yaradıcılıq fəaliyyətinə 1936-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan görkəmli aktrisa ömrünün 60 ildən artıq bir dövrünü bu sənət ocağı ilə bağlamışdır. Azərbaycan teatr məktəbinə xas olan yüksək peşəkarlıq, böyük emosional təsir gücü, zamanın ruhunu gözəl əks etdirmək bacarığı onun yaradıcılığında öz parlaq ifadəsini tapıb. Aktrisa Azərbaycanın böyük sənətkarlar nəslinin yaradıcılıq ənənələrinə həmişə sadiq qalıb. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova “Oqtay Eloğlu”, “Solğun çiçəklər”, “Almaz”, “Sevil”, “Dönüş”, “1905-ci ildə”, “Göy quş”, “Skapenin kələkləri”, “Pəri cadu”, “Vaqif”, “Fərhad və Şirin”, “Xanlar”, “Günahsız müqəssirlər”, “Şeyx Sənan”, “Qış nağılı”, “Vanya dayı”, “Şeytanın şagirdi”, “Nazirin xanımı”, “Lənkəran xanının vəziri”, “Qadın faciəsi”, “Yalan”, “Atayevlər ailəsi”, “Şöhrət və ya unudulan adam” və digər səhnə əsərlərində mükəmməl obrazlar yaradıb.

Doğma səhnədə, əsasən, lirik və xarakterik rolların yaddaqalan ifaçısı kimi tanınan görkəmli sənətkar yaratdığı dolğun və rəngarəng obrazlarla Azərbaycan teatr sənətinin inkişafına mühüm xidmətlər göstərib. Məhluqə Sadıqovanın ifasında təbii və gözəl səhnə təcəssümünü tapdığı üçün tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan bu qadın obrazları böyük aktyor sənətinin qiymətli nümunələri olub, Azərbaycan milli teatr salnaməsinin unudulmaz səhifələrini təşkil edir.

Səhnəmizə Azərbaycan qadınının sadə və təmkinli danışığını, şirin ləhcəsini gətirən Məhluqə Sadıqova XX əsr milli mədəniyyətimiz tarixində məharətli bədii qiraət ustası kimi də yaxşı tanınıb. O, 40 ildən çox Azərbaycan radiosunda “Bulaq” verilişinin əvəzsiz aparıcısı olub, özünün dərin təsir gücünə malik, emosional və bənzərsiz səsi sayəsində tükənməz xəzinə olan xalq yaradıcılığını Azərbaycan dinləyicisinə sevdirməsi ilə yaddaşlarda silinməz iz qoyub.

Ali insani keyfiyyətləri özündə toplayan Məhluqə xanım Azərbaycan qadınının canlı təcəssümü kimi tamaşaçıların həmişə sevimlisi olub, öz sənətkar şəxsiyyəti ilə bir neçə nəslin yüksək milli-mənəvi dəyərlər ruhunda yetişməsində əhəmiyyətli rol oynayıb.

Məhluqə Sadıqovanın milli teatr sənətimizin inkişafı sahəsində hədsiz sədaqətlə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)

Günün fotosu: Türkiyə prezidenti seçkilərinə start verildi. Öncə Almaniyada

 

Xaricdəki türk diasporunun nümayəndələri Türkiyədə yalnız may ayının ortalarında keçiriləcək prezident və parlament seçkilərinə start veriblər.

Xaricdə yaşayan üç milyon türk vətəndaşı prezident və parlament seçkilərində vaxtından əvvəl səs verirlər. Ən çox təmsil olunan türk icmasının yaşadığı Almaniyada 16 şəhərdə seçki məntəqələri açılıb.

 

Foto: İkili vətəndaşlıq seçicisi, Essen, Almaniya, 27 aprel 2023-cü il.  Martin Meissner müəllif hüquqları / Copyright 2023 the AP. All rights reserved.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)

 

 

Xəbər verdiyimiz kimi, bu il Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, dünyaşöhrətli müğənni Rəşid Behbudovun atası Məcid Behbudovun (1873-1945) anadan olmasının 150 illiyi tamam olur. Bu münasibətlə mayın 2-də Beynəlxalq Muğam Mərkəzində xanəndənin yubileyi münasibətilə keçirilməsi nəzərdə tutulan tədbirin vaxtı dəyişdirilib.

Muğam Mərkəzi tədbirin mayın 5-də keçiriləcəyini açıqlayıb. Tədbirdə xanəndənin ailəsinin təqdim etdiyi qrammofon valları əsasında repertuarına müraciət olunacaq və gənc xanəndələrin ifasında Məcid Behbudovun vaxtilə ifa etdiyi xalq mahnıları və muğamlar səslənəcək. 

Qeyd edək ki, Məcid Behbudalı oğlu Behbudov 1873-cü il aprelin 18-də muğam-sənət beşiyimiz Şuşa şəhərində dünyaya göz açıb. Uşaqlıqdan məlahətli səsi ilə seçilən Məcid Behbudov gənc yaşlarından xanəndəliyə başlayıb. O, ilk vaxtlar xüsusi məclislərdə, sonralar isə toy şənliklərində iştirak edib, professional xanəndə və opera müğənnisi kimi şöhrət qazanıb. 

Dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaşöhrətli "Arşın mal alan" operettasının qəhrəmanı tacir Əsgərlə məhz Məcid Behbudovun obrazını yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)

Rusiyanın "Forbes" dərgisi 30 yaşına çatmayan 30 ən məşhur simanın reytinqini hazırlayıb.

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, nəşrin internet saytında iştirak etmək üçün 100 namizəddən ibarət uzun siyahı dərc edilib. Siyahıya on müxtəlif kateqoriya üzrə 30 yaşa qədər on ən parlaq gənc daxildir.

"Forbes"də "Bizim qəhrəmanlarımız 30 yaşına qədər peşəkar ictimaiyyətdə tanınıb, Ümumrusiya və hətta qlobal səviyyədə tanınan insanlardır" sözləri qeyd edilib.

Siyahıda azərbaycanlı ifaçı, 27 yaşlı Coni də yer alıb. (Cahid Hüseynli). Nəticələr dərginin iyun buraxılışında yayımlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.