
Super User
Səhnəmizin İsfəndiyar kişisi
Xalq artisti Məmmədrza Şeyxzamanovun doğum gününə
Onu azərbaycanlı tamaşaçılara ən çox sevdirən Rejissor Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində oynadığı İsfəndiyar kişi obrazı olub. Bu obraz insanlara sanki bir mənəvi, əxlaqi dəyərlər aşılayıb.
Bu gün Azərbaycanın tanınmış, görkəmli teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Xalq artisti Məmmədrza Şeyxzamanovun doğum günüdür. Bəli, həmin o İsfəndiyar kişini oynayan aktyorun!
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1915-ci il avqustun 4-də Gəncədə anadan olan sənətkar 2 yaşında ikən atasını itirib. Ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olub. Repressiya illərinin ən ağır sınaqlarından keçən ailə həmin dövrün çətinliklərinə məruz qalıb. M.Şeyxzamanov ibtidai təhsil aldığı müddətdə şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənib.
Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz toxumlarını səpməkdə idi. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olub. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilib. İlk dəfə Ə.Həmidin “Hind qızı” tamaşasında Brahma adlı kiçik rolda çıxış edib. Bu, gələcək aktyorun peşəkar teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olub. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olub. Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyib. Çalışdığı dövrdə “Vaqif”, “Fərhad və Şirin”, “Yaşar”, “İki qardaş” və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınıb və sevilib. Teatrda “Göz həkimi”ndə Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb. Rollarını o qədər böyük aktyorluq məharəti ilə ifa edib ki, obrazın xarakterini aça bilib. Onun səslər içində seçilən, əsl səhnə və kino səsi olub. Həyatda da o, təkrarolunmaz və xaraktercə mətin, zəngin dünyagörüşə malik bir şəxsiyyət idi.
M.Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxıb. Bununla da kino yolunda ilk uğurlu çıxışı olub. Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilib. Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradıb. 1963-cü ildə böyük sənətkar Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi “Əhməd haradadır” musiqili komediya filmində Şirin kişi rolunda çıxış edib. Rahat və yaradıcı sənətkar olduğundan onunla çalışmaq asan olub və hamıya xoş təsir bağışlayıb.
1975-ci ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rejissor Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində İsfəndiyar kişi rolunda çıxış edib. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik M.Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən olub.
Qeyd edək ki, Xalq artisti Məmmədrza Şeyxzamanov 1984-cü il yanvarın 25-də 68 yaşında vəfat edib.
Və anadan olmasından 108 il ötən unudulmaz səhnə ustası Məmmədrza Şeyxzamanov Azərbaycan sənət tarixində öz yeri olan, bir çox uğurlara imza atmış sənətkarlardandır ki, onu unutmağa haqqımız yoxdur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(04.08.2023)
Uşaqlar üçün yeni nağıl kitabı nəşr olunub
Tanınmış uşaq yazarı Vüqar Haqverdiyevin “Qıvrımsaçın hoqqaları” adlanan yeni nağıl kitabı çapdan çıxıb. Nəşrin redaktoru yazıçı və tərcüməçi Əyyub Qiyas, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, rəssamı isə müəllif özüdür.
Kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulan sözügedən kitab “Tutuquşu Cimi”, “Uçan mələfə”, “Bağça uşaqları zooparka gedir”, “Qızıl ilan” əməliyyatı” və “Uşaqlar sirkdə” adlı bir-birindən maraqlı beş hissədən ibarətdir. Əsər uşaq bağçasına gedən beş yaşlı dəcəl bir oğlanın başına gələn qeyri-adi sərgüzəştlərdən və əyləncəli hadisələrdən bəhs edir.
Müəllifin süjetlərə uyğun çəkdiyi rəngarəng və cəlbedici illüstrasiyalar uşaqlara əsərdəki obrazları və baş verən hadisələri daha aydın təsəvvür etməyə köməklik edir.
“Ədəbiyyat və incəsənət”
(04.08.2023)
Bu “Qayınana”nı o qaynana da bəyənərdi
Könül, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, Bakıda keçirilən Özbəkistan mədəniyyət günləri çərçivəsində Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edib, qardaş ölkənin sənət ocağının yaradıcı heyəti “Qayınana” tamaşası ilə azərbaycanlı teatrsevərlərin görüşünə gəlib.
Xalq artisti, korifey sənətkar Nəsibə Zeynalovanın baş rolda oynadığı
“Qayınana” (Məcid Şamxalov, Zakir Bağırov, Tofiq Quliyev) komediyası Azərbaycan Mədəniyyətinin qızıl fondunda qərarlaşıb, “Qaynana” deyəndə hər bir azərbaycanlı məhz Nəsibə xanımı nəzərdə tutur. Və bu obrazda başqa heç kəsi görməyə alışmamışıq. Amma bu dəfə özbəklər tamaşadakı bütün rolları çox məharətlə ifa etdilər və bizdə belə bir təəssürat yarandı ki, Nəsibə xanım sağ olsaydı özü də bu tamanı bəyənərdi.
Özbək “Qaynana”sının rejissoru Daston Xakberdiyev, dirijoru Akmal Turayev, rəssamı Cəlalədin Rahimov idi.
Xatırladaq ki, özbək teatrının ifasında “Qayınana” tamaşası Musiqili Teatrın səhnəsində ötən ilin dekabrında rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivinin iştirakı ilə də nümayiş olunmuşdu. Özü də 3 gün dalbadal, anşlaqla!
“Ədəbiyyat və incəsənət”
(04.08.2023)
Müharibədən zərər çəkən daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib
Ukraynadakı müharibədən əziyyət çəkmiş daha 30 nəfər ukraynalı uşaq Azərbaycana gətirilib.
AzərTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi düşərgəyə cəlb edilən uşaqlar Bakı, Şamaxı, Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaqlar.
Peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək.
Qeyd edək ki, onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar da təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(04.08.2023)
“Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” adı altında film nümayişləri başlandı
Dünən axşam saatlarında “CinemaPlus Gənclik Mall” kinoteatrında Mədəniyyət Nazirliyinin, Kino Agentliyinin və “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə Azərbaycan kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə Milli Kino Gününə həsr olunmuş "Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı" adlı silsilə film nümayişlərinin açılış mərasimi keçirilib.
Mərasimdə əvvəlcə "CinemaPlus" kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədri Zaur Darabzadə çıxış edərək, Azərbaycan kinosunun inkişafı istiqamətində təşkil olunan bu cür tədbirlərin əhəmiyyətindən söz açıb: "Azərbaycan Kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə klassik Azərbaycan filmləri festivalını keçirməyi düşündük. Bu yolda bizə dəstək olan Mədəniyyət Nazirliyi, Kino Agentliyi və "Azərbaycanfilm" kinostudiyasına sonsuz təşəkkürümüzü bildiririk ki, burada nümayiş olunacaq filmləri bizə təqdim etdilər. Biz bütün bu filmləri tam yeni formatda yenilədik və bunu də sizə nümayiş etdirmək istədik".
Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov kino nümayəndələrini təbrik edərək bildirib ki, 2 il bundan əvvəl Rusiya kinoteatrlarında oxşar bir təşəbbüslə çıxış etdik və təxminən bir həftə ərzində Azərbaycan kinosu Moskva kinoteatrlarında nümayiş olundu: "Azərbaycan kinosunun qərib ölkədə nümayişi bizim üçün qürurverici idi. Orada klassik filmlərimizlə yanaşı, müasir filmlər də nümayiş olunurdu. Eyni zamanda, Azərbaycanın səssiz filmləri də orada təqdim edildi. Bizim milli filmlərimiz universaldır və bütün ölkələrdə nümayişə tam yaralı ekran əsərləridir".
Xalq artisti, kinorejissor Vaqif Mustafayev bu layihənin gözəl təşəbbüs olduğunu vurğulayaraq Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib, həmçinin bütün kino ictimaiyyətini təbrik edib.
Sonda 1985-ci ildə istehsal edilən "Bəyin oğurlanması" filmi tam yenilənmiş versiyada nümayiş olunub.
Bildirək ki, avqustun 10-dək “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” üzrə 21 Azərbaycan filminin nümayişi təşkil olunacaq.
Giriş sərbəstdir.
“Ədəbiyyat və incəsənət”
(04.08.2023)
Bakıda dünyaşöhrətli musiqiçi Villi Villiamın konserti olacaq
Avqustun 25-də “Sea Breeze Event Hall” kurort kompleksinin “White Beach Club” səhnəsində əfsanəvi musiqiçi, bəstəkar, multi-platin prodüser və DJ Villi Villiam “White Fest” musiqi festivalı çərçivəsində heyrətamiz DJ proqramı ilə pərəstişkarları qarşısına çıxacaq.
Bu isti avqust axşamı yayın ən unudulmaz anına çevriləcək. Çünki həmin gün dünyaşöhrətli musiqiçi Villi Villiam pərəstişkarlarına unudulmaz musiqi axşamı bəxş edəcək. Musiqili gecədə musiqiçinin ən parlaq rəqs hitləri və mahnıları təqdim olunacaq.
Villi Villiam DJ, prodüser olmaqla yanaşı, bir çox mahnıların müəllifi və ifaçısıdır. O, “Grammy” mükafatı daxil olmaqla xeyli sayda digər musiqi mükafatlarına layiq görülüb. Musiqiçi eyni zamanda J.Balvin, Beyons, Afrocak, Stiv Aoki, David Guetta kimi dünyaşöhrətli sənətçilərlə işləyir.
Qeyd edək ki, bütün yay boyunca “Sea Breeze” kurort kompleksinin ərazisindəki ən gözəl məkan olan “White Beach Club”da “White Fest” yay musiqi festivalı təşkil olunacaq. Enerjidolu fantastik əyləncə vəd edən festivalda dünyaca məşhur bir çox başqa ulduzların iştirakı ilə unudulmaz anlar yaşanacaq. Canlı səs, inanılmaz atmosfer və sərhədsiz emosiya - bütün bunlar festival çərçivəsində “Sea Breeze Event Hall” məkanına gələn qonaqları gözləyir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(04.08.2023)
IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının hazırlıq mərhələsi davam edir
IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu il eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində təşkil olunacaq və festival sentyabrın 15-dən 22-dək keçiriləcək.
Festivala film qəbulu artıq sona çatıb. Belə ki, xarici və yerli rejissorların müəllifi olduqları filmlər iyunun 30-dək “FilmFreeway” platforması vasitəsilə qəbul edilib. Seçki komissiyası tərəfindən seçiləcək filmlər festivalın müsabiqə mərhələsində iştirak hüququ qazanacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmlərin adları tezliklə açıqlanacaq.
Qaliblər festivalın bağlanış mərasimində elan ediləcək.
Qeyd edək ki, “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığı nəticəsində festivalın ötənilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”da iştirak haqqı qazanıb. Festivalın bu ilki yerli qalibini də xüsusi mükafat gözləyir.
Adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədilə yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(04.08.2013)
Azərbaycan Bəstəkarlar İttifaqı Heydər Əliyevin 100 illiyi ilə əlaqədar müsabiqə elan edib
Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.
Bəstəkarlar İttifaqından verilən məlumata görə, noyabr ayının 20-22-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir.
Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. İştirak etmək istəyənlər noyabrın 10-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər (ərizə, 13x18 ölçüdə 2 rəngli fotoşəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı).
Müsabiqənin təşkilat komitəsi və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.
Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, “lirik pyeslər”in ifası daxildir.
İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni bütöv, yaxud onlardan hissələri ifa edə bilərlər.
Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.
Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.
Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər.
Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.
“Ədəbiyyat və incəsənət”
(04.08.2023)
Çaytikanı yağı - İnsan orqanizminin havadarı
Sirr deyil ki, mədəni elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir.
“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq.
Çaytikanı yağı
İnsan orqanizminin havadarı
Əbəs yerə çaytıkanı yağı ən faydalı yağlardan hesab edilmir ki? Həm həzm sisteminə kömək edir, həm iltihab, şiş və mikrob əleyhinə xüsusiyyətlərə malikdir, üstəlik, dərinin, saçların və dırnaqların sağlamlığına da müsbət təsir göstərir.
Azərbaycanın ən saf təbiətində yetişən çaytikanını toplayaraq yağını sizlər üçün əlçatan etdik!
Ədəbiyyat və incəsənət”
(04.08.2023)
Əbasət Rurhəsənlidən “Uşaqlıq yoldaşım”
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasının ən bəyənilən şeirlərinin təqdimatı sırasında bu həftə Əbasət Purhəsənin həftəsidir. Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır.
Şair Əbasət Purhəsən bu gün “Uşaqlıq yoldaşım” deyəcək.
UŞAQLIQ YOLDAŞIM
Hava ağlayırdı ağırlığından,
Elə anlayırdım çırpınırsan sən.
Əlimi uzaldıb əlimə aldım,
Sənə layla çaldım doyunca dünən.
Ovcumun içində yuxuya keçdin,
Körpə uşaq kimi, ətsan quş kimin.
Ağzını yumurdun lal dünyamıza,
Ya sona çatırdı sənin də qəmin.
Sən elə ovcumu qucaqlamışdın,
Səni ovucumdan ata bilmirdim.
Yuxu gözlərimi alırdı, ancaq –
Sənsiz yuxularda yata bilmirdim.
Ovcumun içindən ayrılmadın heç,
Səni sevə-sevə öldürdüm dünən.
Uşaqlıq yoldaşım, bayram balığı,
Daha çırpınmayır nə mən, nə də sən...
Ədəbiyyat və incəsənət”
(03.08.2023)