Super User
Azərbaycan UNESCO-da Beynəlxalq Çay Günündə təmsil olunub
UNESCO-nun mənzil qərargahında qurumun çay istehsal edən üzv ölkələrinin daimi nümayəndəliklərinin iştirakı ilə Beynəlxalq Çay Günü qeyd olunub.
AzərTAC xəbər verir ki, UNESCO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın stendi Fransadakı səfirliyimizin dəstəyi ilə Fransa-Azərbaycan Dialoqu və Toğrul Nərimanbəyov adına assosiasiyalar tərəfindən təşkil edilib.
Tədbirdə UNESCO-nun Baş direktorunun müavini Sin Ku, çay istehsal edən ölkələrin təşkilat yanında daimi nümayəndələri çıxış edərək çay bitkisinin yarpaqlarından hazırlanan bu içkinin sudan sonra ən çox istehlak edilən içki olduğunu, bu bitkinin mənşəyinin dəqiq yeri məlum olmasa da, onun 5000 il bundan əvvəl Çində istehlak edildiyini qeyd ediblər. Həmçinin çay istehsalı və emalının inkişaf etməkdə olan ölkələrdə milyonlarla ailənin əsas gəlir mənbələrindən biri olmaqla yanaşı, az inkişaf etmiş ölkələrdə ən yoxsul ailələrin əsas dolanışıq vasitəsi olduğu bildirilib. Qeyd edilib ki, çay sənayesi əslində bəzi kasıb ölkələr üçün əsas gəlir və ixrac mənbəyidir. Çayın sağlamlıqla bağlı məziyyətləri vurğulanıb.
Çay süfrələri hər ölkənin ənənələrinə uyğun şəkildə UNESCO yanındakı daimi nümayəndəliklər tərəfindən təşkil edilib. Tədbirdə yanaşı olan Azərbaycan və Türkiyə çay stendləri daha çox diqqəti cəlb edib.
Milli suvenirlərlə bəzədilmiş Azərbaycan çay stendində milli şirniyyatımız və Azərbaycan çayı, eləcə də Heydər Əliyev Fondunun UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına salınmış mədəni və tarixi irs abidələrinə dair fransız dilində nəşrləri, armudu stəkanlar, milli musiqi alətlərini əks etdirən suvenirlər nümayiş olunub. Ziyarətçilərə Azərbaycan çayı haqqında məlumat verilib və fransız dilində nəşrlər hədiyyə edilib.
Tədbirdə Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdlərinin Azərbaycan, Şuşa, eləcə də sülh mövzusu ilə bağlı çəkdikləri rəsm əsərləri nümayiş olunub.
Tədbirin bədii hissəsində iştirakçı ölkələrin incəsənət nümayəndələri milli musiqi və rəqslərini təqdim ediblər.
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
Yığmamız
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Qadın - təsadüfi fikirlərin generatorudur.
2.
Bir vaxtlar futbol üzrə Albaniya yığması Azərbaycandan bir pillə aşağıda - Lixtenşteyn, Farer, Lüksemburq kimi aşkar autsayderlərlə bir cərgədə qərarlaşmışdı. Zaman keçdi, onlar irəlilədilər, biz yerimizdə saydıq. İndi Albaniya Avropa çempionatına gedir, bizə də üç dənə vurur.
Bizdə futbol bilirsiz necədir? Fut var, amma bola toxuna bilmir sanki.
3.
Ata oğluna nağıl danışır:
-Bir varlı dayday olur. Özünə ən son pentium kpmpütüri alır və çoxlu lisenziyalı proqram alır.
Oğlu dillənir:
-Necə yəni, lisenziyalı proqram?
Ata deyir:
-Balam, dedim axı, bu nağıldır.
4.
Azərbaycanın ən xarizmatik deputatı Siyavuş Novruzovdur. Molotov kokteylinə Molotov kotletini də bilərəkdən deyir. Çünki kişi ət yeyər, kokteyllə məzələnməz.
5.
Eyni ölkədə həm ölüm sayı, həm ömrün uzunluğu artır. Bərəkallah.
6
Hər göydə uçan quş olmaz, hər suda üzən balıq. (Təyyarəni və gəmini ilk dəfə görən çukçalar bu məsəli söyləyiblər)
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
“Yaxşı insanı xatırlamaq həmişə xoşdur” - Çingiz Abdullayevin Vaqif Səmədoğlu haqqında xatirələri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində 85 illiyini qeyd etdiyimiz mərhum Xalq şairimiz Vaqif Səmədoğlu barədə növbəti yazı təqdim edilir. Müəllif Xalq yazıçısı Çingiz Abdullayevdir.
Yaxşı insanı xatırlamaq həmişə xoşdur. Vaqif Səmədoğlu çox istedadlı şair və gözəl dost idi. 1991-ci ildə "yenidənqurma" qurultayında (qurultay üç gün oldu!) mənə və Anara hücumlar olanda o, qardaşı ilə birgə belə bir yanlış mövqeyi yalnız tənqid etməklə kifayətlənmədi. Bəli, qardaşlar əsl ziyalı və əsl dost kimi davrandılar. Səməd Vurğunun övladlarını yaxşı tanıyırdım, üçü də heyrətamiz yumor hissinə malik idi. Demək, Yusif Səmədoğlunun yubileyində (mən də orada tamada idim) Vaqif Heydər Əliyevin növbə ilə onun böyük qardaşını və bacısını öpdüyünü gördü. Ucadan dedi ki, yəqin, məni unutmusunuz, fikirləşirsiniz ki, valideynlərimin oğlu da, qızı da olub deyə, üçüncünü istəməyiblər? Heydər Əliyevin incə yumor hissi vardı, zarafatı dəyərləndirə bilirdi. Gülüb dedi ki, gəl, gəl səni də öpüm.
Biz Vaqiflə Azərbaycanı və başqa ölkələri çox gəzmişik. Bir dəfə Bağdadda bütün qrup səhər saat dördə qədər oyaq qaldıq. O vaxtlar İraqda spirtli içkilərin satılmasına qadağa yox idi. Səhər Kərbəlaya yola düşməli idik. Baxdıq ki, Vaqif avtobusda yoxdur. Ədəbi fondun müdiri Arif İbrahimovla birlikdə qalxdıq mehmanxanaya, gördük ki, Vaqif hələ də yatır. Nə qədər çağırırıq, oyanmır. Nəhayət, gözlərini açdı: "Mən Qazaxdan gəlmişəm, - dedi, - biz sünniyik axı, görünür, Kərbəla məni qəbul etmək istəmir. İmkan verin, yatım. Mən heç yana getmirəm". Daha onu oyatmağın mümkün olmadığını görüb çıxdıq. Sonra o, zarafatla bizə acıqlanırdı ki, "Siz nə etmisiniz? Anam bu hərəkətimi mənə heç vaxt bağışlamayacaq".
Bir gün Fikrət Qoca ilə Anarın yanında idik, Vaqif də gəldi. Mən dedim ki, şairlərdən danışırdıq, Anar ikinizi də görkəmli şair hesab edir. Vaqif yenə yalandan hirsləndi: "Elə şey ola bilməz, bir gözəli o birinin qarşısında tərifləmək olmaz. Sən hələ cavansan, başa düşmürsən. Bizi ayrı-ayrılıqda tərifləmək lazımdır". Hamımız bərkdən gülüşdük. O, doğrudan da görkəmli şair və çox yaxşı yumor hissi olan insan idi. Mən Səməd Vurğunun övladlarını həmişə xatırlayacağam. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Çölməkdə baliq
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Çölməkdə baliğın hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Balıq – 183 qr
§ Tomat pastası – 5 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Əsasən, yağlı balıqlara üstünlük verilir. Balıq doğranır, çölməyin içinə yığılır. Bir xörək qaşığı tomat bir stə- kan su ilə duru məhlul halına gətirilir və balığın üzərinə əlavə olunur. Du- zunu da zövqə görə vurduqdan son- ra çölməyin ağzı örtülərək təndirə sallanır. Istəkdən asılı olaraq, xörəyə halqavarı doğranmış kiçik baş soğan da əlavə edilə bilər. Zövqə görə isti- ot vurulur. Xatırladaq ki, çölməyin qapağını qoyduqdan sonra kənarları xəmirlə örtülür və közün üstünə qoyulur.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
İşiniz-gücünüz yoxdur?
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Xeyrəddin Qocanın miniatür hekayələrinin təqdimini davam etdirir.
Gənc yaşlarında Xeyrəddin Qoca dövlət qəzetlərindən birinin redaksiyasına böyük bir oçerk təqdim edir. Şöbə müdiri oçerki oxuyur, bir cümlədə sözün yerinə düşmədiyini bildirir və özünü göstərmək üçün deyir:
-Jurnalist məsuliyyətli olmalıdır, bu peşənin sahibi hər sözün yerini bilməlidir. Görürsən, mən hər cümləni beş dəfə yazıb, beş dəfə redaktə edirəm. Bu da əlyazmalarım, baxa bilərsən...
Xeyrəddin Qoca onun sözünü kəsir:
-Müəllim, yaxşı jurnalist yazını bir dəfə düşünə-düşünə yazar, sonra da redaktə edər. Sizin işiniz-gücünüz qurtarıb-nədir?!
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sənə sarı” şeiri
Poetik Qiraətdə bu gün yenə də daimi müəllifimiz, ustad şairimiz Əlizadə Nuridir. Onun “Sənə sarı” şeiri də zəmanədən şikayət motivlidir.
Kütə gedən kündəyəm,
Bir həsrət köşkündəyəm.
Ağlamalı gündəyəm-
Bir az ağla, gəlirəm.
Xoş mütaliələr!
SƏNƏ SARI
Deyirlər eşq də haqdı,
Mən bu haqla gəlirəm.
Yağış yağsa üstünə
Əllərimi göndərim-
Çətir bağla, gəlirəm...
Bir qaranlıq dərədi,
Qaranlıqlar tələdi.
Bu ürəklə -bu qədim
Bir çıraqla gəlirəm.
Keçirəm Qaf dağından,
Eşq damır dodağımdan...
Günəşi qucağında
Tutub saxla, gəlirəm...
Daddım dərdin dadın mən,
Doğma dərdi atım mən?
Allahı tapmadım mən-
Sən soraqla... gəlirəm.
Kütə gedən kündəyəm,
Bir həsrət köşkündəyəm.
Ağlamalı gündəyəm-
Bir az ağla, gəlirəm.
Bir qırıq kamanam mən,
Bir qatı dumanam mən,
Bir yetim gümanam mən-
Dur qucaqla, gəlirəm.
Yarpız olan gülüm var,
Yanmasam da, külüm var.
Yanımda bir ölüm var-
Bu qonaqla gəlirəm...
Ədəbiyyat və incəsənət”
(11.06.2024)
REDAKSİYANIN POÇTUNDAN: “Şapalaq” – Çoşqun Xəliloğlunun hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının poçtunda Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun məktubu var. O, “Şapalaq” adlı bir hekayəsinin dərcini xahiş edir. Hekayə ibrətamizdir, insan ləyaqətindən bəhs edir. Düçünürük ki, onu oxuyan xüsusən gənc nəsil ibrət dərsi çıxara biləcək.
Sahib inşaatçı olmaq arzusu ilə Bakıya gəlsə də, ali məktəbə qəbul ola bilməmiş, kəndə qayıtmışdı. Çox pərt idi, hamıdan, ən çox isə müəllimlərindən utanırdı. Heç kimin gözünə görünmək istəmirdi.
Məmməd kişi axşam işdən qayıdanda oğlunu səslədi:
–Sahib, gəl bura. Görürəm yaman fikir edirsən. Min fikir bir borcu ödəməz. Olan oldu, keçən keçdi, İnşallah, gələn il qəbul olunarsan. Ona görə də indidən hazırlaşmalısan... Bu gün Cəlil müəllimi gördüm. Sənə görə çox təəssüfləndi. Özü də dedi ki, gəlsin məktəbə, onun üçün bir iş taparıq, işləyər. Gözümüz də üstündə olar, yenidən hazırlaşar.
Cəlil müəllim savadlı, təcrübəli, tələbkar pedaqoq, bacarıqlı məktəb rəhbəri idi. Onun sevimlisi olmaq hər şagirdə nəsib olmurdu. Gərək çalışqan olasan, əla oxuyasan. Sahibin bəxti gətirmişdi, müəlliminin razı qaldığı şagirdlərdən olmuşdu.
Atasının sözlərini eşidən Sahib neçə gün ərzində sankı birinci dəfə sinədolusu nəfəs aldı. Müəllimi tərəfindən məktəbə işləməyə dəvət edilməsi onu ruhlandırdı. Ürəyindən “Həm işləyər, həm də müəllimlərimin köməyi ilə qəbul imtahanlarına hazırlaşaram,” fikrini keçirdi.
–Yaxşı, ata, onda sabah gedərəm məktəbə.
Sahib məktəbdə işləməyə başladı, həm də səylə qəbul imtahanlarına hazırlaşdı. Bir ilin necə keçdiyini hiss etmədi. Bakıya gələrək növbəti dəfə imtahanları verdi, özü də uğurla. Sevinə-sevinə cibində tələbə bileti kəndə qayıtdı. Çox xoşbəxt idi. Qəlbində qürur hissi keçirirdi. Oxuduğu orta məktəbə gəlib müəllimləri ilə görüşdü. Cəlil müəllim onun alnından öpdü:
–Oğlum, təbrik edirəm! Unutma ki, bu hələ başlanğıcdır. Səndən çox şey gözləyirik.
- Çox sağ olun, müəllim.Yaxşılıqınızı heç zaman unutmaram, – Sahibin üzünə xəfif qızartı çökdü.
...Məmməd kişi aldığı maaş çox olmasa da əlindən gələni edirdi ki, oğlu korluq çəkməsin. Nadirin də ali məktəbə qəbul olunması ailənin maddi ehtiyaclarını artırdı. İki tələbəni Bakı kimi yerdə oxutmaq üçün hər ay filan qədər pul lazım idi. Bu pulu birtəhər tapacaqdı. Amma indi Sahibgili Bakıya yola salmaq üçün bir qədər pul gərək idi. Kimdən borc alsın?
...Məmməd fikirlər içində Səlimin darvazasını döydü. Səsə ev sahibi çıxdı.
–Xoş gəlmisən, dayıoğlu. Bəs nə üçün burda dayanmısan? Keç içəri.
– Bibioğlu, xoş gününə gəlim. Vallah utanıram deməyə... Bilirsən ki, uşaqları Bakıya yola salacağam... Bir az pul lazımdır. Allah qoysa, nar yetişəndə qaytararam.
Səlim arvadı Tamamı səslədi. Saxlancdakı pulu gətirməyi tapşırdı. Məmmədə pulu verib, dedi:
–Biz qohumuq, həm sənin, həm də uşaqlarının xətrini çox istəyirəm. Bu pulun yarısını oğlanlarına bağışlayıram, sağlıqla xərcləsinlər. Yarısını isə nə vaxt imkanın olsa, qaytararsan, darıxma.
Məmməd razılıq hissi və sevinclə evə qayıtdı. Arvadını çağırıb Səlimin verdiyi pulu birlikdə saydılar. Pul Məmmədin istədiyindən iki dəfə çox idi. Ata pulu oğlanlarına verib:
–Səlim əminizin yaxşılığınızı heç vaxt unutmayın. Təhsilinizi başa vurduqdan sonra da onunla əlaqəni üzməyin. - dedi
İllər keçdi. Sahib ali məktəbi qurtardı. Bakıda işləməyə başladı. Tikinti mühəndisi kimi vəzifə pillələrində ucalmağa başladı. Əvvəllər kəndə tez-tez gələr, qohum-əqrəbanı yoxlayar, oxuduğu məktəbə gedib müəllimlərinə baş çəkərdi. Səlim əmi və Cəlil müəllimlə isə xüsusi ehtiramla görüşərdi.
Bir neçə ildən sonra Sahib tikinti idarəsinin rəisi təyin olundu. Onun hörməti getdikcə artırdı. Cavan rəisin rəhbərliyi ilə ən məsul obyektlərin tikintisi aparılırdı. İndi onun oturub-durduğu adamlar da yüksək vəzifə sahibləri idilər. Lakin Sahibdə getdikcə, özü də hiss etmədən, mənfi xüsusiyyətlər formalaşırdı. O, köhnə dostlarından, yaxınlarından tədricən uzaqlaşır, özündən yuxarı vəzifədə olanlara açıq-aşkar yaltaqlanırdı. Onun rəis işlədiyi idarənin də tabe olduğu baş idarəyə Mürşüdov soyadlı yeni rəhbər təyin etmişdilər. Sahib eşitdi ki, həmin adam yerlibazdı. Ona görə də Mürşüdovun doğulduğu bölgə, oranın adamları haqqında müfəssəl məlumat öyrəndi. İki gündən sonra Mürşüdovun qəbulunda Sahib elə danışdı ki, baş idarə rəisi onunla eyni rayondan olduğuna inandı və ən yaxın adam kimi əlini sıxdı.
...Cəlil müəllimin vəfatı bütün kəndin kədərinə səbəb oldu. Hamı kəndin ziyalısına, hörmətli şəxsinə borcunu verməyə çalışırdı. Bir vaxtlar dərs dediyi şagirdləri müəllimlərinin əziz xatirəsinə ehtiramlarını bildirmək üçün rayon mərkəzindən, Bakıdan kəndə gəlirdilər. Onların arasında nə Sahib, nə də qardaşı görünmürdü. Bir neçə vaxtdan sonra Səlim kişi də dünyasını dəyişdi. Gözləmək olardı ki, Sahib həmişə onlarla yaxın münasibətdə olan Səlim əminin yas mərasiminə gələrək ailələrinə başsağlığı verəcək. Amma Sahibi qohumunun vəfatı deyil, daha “vacib” qayğılar maraqlandırıdı.
Rəhmətliklərin qırxı hələ çıxmamışdı. Sahib kəndə gəldi. Polis rəisinin nəvəsinin kiçik toyunda iştirak etmək üçün arvad-uşağını da gətirmişdi. Artıq qocalmış Məmməd kişi oğluna: –Ay Sahib, nə müəlliminin, nə də əminin hüzürünə gəlmədin, indi kəndə gəlmişkən, gec də olsa get, el bizi qınayar axı... –dedi.
–Ata, öldülər, getdilər. Hamı öləcək də, –Sahib heç nə olmayıbmış kimi dilləndi.
Oğlu ilə həmişə fəxr edən Məmməd kişi Sahibin bu sözlərindən sarsıldı. Sankı üzünə qəfil bir şapalaq dəydi, kiçildi yumağa döndü.
Həyatın maraqlı təsadüfləri çoxdur. İş elə gətirmişdir ki, Cəlil müəllimim oğlu Səməd Səlim kişinin qızı Zeynəblə ailə həyatı qurmuşdu.
...Televiziyada ziyalılar haqqında veriliş gedirdi. Səməd həyat yoldaşı Zeynəblə birlikdə ekranın qaşısında əyləşmişdi. Diktor iştirakçıları təqdim etdi. Sahibi görən ər-arvad bir-birinə baxdılar. Sahib mənəvi kamillikdən, xeyirxahlıqdan, torpağa, el-obaya məhəbbətdən, müəllimə hörmətdən elə hərarətlə danışırdı ki... Bir zamanlar qohumları ilə fəxr etmiş gənc ailə son vaxtlar Sahibin əsl simasına bələd olduqlarından onun çıxışının səmimiliyinə inanmırdılar.
Birdən Zeynəb: – Ay Səməd, televiziyada danışan bütün ziyalılar Sahib kimi olurlar?– deyə soruşdu.
Səməd: –Sahib ziyalı deyil, gündə bir dona girən buqələmundur, – deyə əsəbiliklə cavab verdi.
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
“İTKİ” – Orxan Fikrətoğlunun tammetrajlı bədii film ssenarisi (4-cü – son paylaşım)
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
İTKİ
4.
Səhnə 37. İnt. Gün.
Səfər şüşənin arxasında ona göstəriləcək növbəti adamı gözləyir. Nəhayət, otağın qapısı açılır və adam içəri girir. Arxadan səs eşidilir.
Polis:
– İtirdiyin bu adam idi?
Səfər arxadan dinməzcə dayanır...
Polis:
– Bu idi axtardığın adam?
Səfər şüşəyə yaxınlaşıb öz-özünə diqqətlə baxır... Səfərin üzündə çaşqınlıq var. O, özünü tanısa da, tərəddüd edir... Səs yenə də eşidilir...
Polis:
– Bu idi axtardığın?
Polis əsəbi halda sualı təkrarlayır...
Polis:
– Ya hə de, ya da yox de... Bilək işimizi...
Səfər üzünü polisə tutaraq pıçıltıyla deyir...
Səfər:
– Üzüm yadımdan çıxıb...
Səhnə 38. Ext. Gecə
2-ci adam əlində aşlışqan fənərlə dənizin sahilinə tərəf gedir. 1-ci adam baxır və onun arxası ilə gəlir. Daha sonra 2-ci adam sahildə qəribə bir cismin olduğunu görünür. Bu insan vücuduna oxşayır.
Səhnə 39. Ext. Gecə
Dəniz kənarı. 2-ci 1-ci adamı səsləyir.
2-ci adam:
– Bura gəl! Ora bax!
2-ci adam arxaya çevrilib baxanda 1-ci adamın artıq orada olmadığını görür…
2-ci adam cəsədə tərəf gedir. Arxadan 1-cinin səsi eşidilir.
1-ci adam (istehza ilə):
– Tapdın? Onsuz da uduzmuşdun… Tapmağının nə faydası…
Səhnə 40. Ext. Gün.
Park. Səfər və qadın skamyada əyləşiblər. Bu dəfə onlar yanaşı oturublar. Fəhlə skamyanın sağ tərəfini rəngləməyə davam edir. Səfər qadına asta səslə bu sualı verir.
Səfər:
– Bizim niyə şəklimiz yoxdur?
Qadın:
– Çünki sən belə şeyləri sevmirsən… Bunu da unutmusan? Həmişə deyərdin, ay ruh belə gəldi, daxili aləm elə getdi, sən qəlbimin yaddaşındasan, falan-filan… Axırı da bu… İtirdin də… Heç olmasa şəklimiz olsaydı, verərdim, baxardılar… Bəlkə tapmağa kimsə kömək edərdi.
Səfər:
– Gərək tapım. Belə olmaz. Mən belə yaşaya bilmərəm axı…
Fəhlə skamyanı boyamağa davam edir.
Səhnə 41. Ext. Gecə
Dəniz sahili… 2-ci adam cəsədi sudan çıxarır. Artıq o, yalnızdır. 1-ci adama tərəf səslənmək istəyəndə görür ki, o, yerində yoxdur.
2-ci adam:
– …Zər itirdik, meyit tapdıq…
2-ci adam:
– Görəsən, bu bədbəxt kimdir belə…
Səhnə 42. Ext. Gecə
2-ci adam daxmanın arxasında saxladığı köhnə “QAZ 24”-ünü işə salır. Arxa tərəfin qapısını acır. Cəsədi maşının arxa oturacağına uzadır. Burada o, özünü görür. Cəsədin üzü… Səfərin üzüdür.
Səhnə 43. İnt. Gecə
Maşının içi. 2-ci adam fikirli şəkildə sükan arxasında yol gedir. Radioda itmiş insanlar haqqında elanlar gedir. …Yollar qaranlıqdır.
Səhnə 44. Ext. Gecə
Sahildəki balıqçı daxması görünür… Tilov yerindədir… Masa boşdur. Xəfif külək əsir.
V.O. 2-ci adamın səsi eşidilir.
2-ci adam:
Dənizə girdim,
arzularımın rənginə boyanım deyə.
Ya keçmişimi yumaq istədim.
Səhnə 45. İnt. Gecə
Maşın. 2-ci adam “QAZ 24”-ü sürətlə idarə edir. Yol, demək olar ki, boşdur.
2-ci adam (V.O.):
Ləkələr çıxsın deyə
dərinə getdim. Dərinə…
Səhnə 46. İnt. Gecə
Xəstəxana. Palatada üzü bağlı bir nəfər uzanıb. Səfər diqqətlə o adama baxır.
Səfər:
Dərindən mən çıxdım… Ruhum islanmışdı…
Ləkələr qalırdı …
Səhnə 47. İnt. Gün.
Həmin otağın qapısı açılır. İçəri Sarışın və polis əməkdaşı daxil olurlar. Polis əməkdaşı cəsədin üzərindən bəyaz örtüyü çəkir. Sarışın razılıq əlaməti olaraq başını yelləyir.
Səhnə 48. Ext. Gün
Sarışın parkın qarşısındakı binadan çıxıb yolu keçir… O, skamyaya, qadına tərəf gəlir. Gəlir və qadının qarşısında dayanır. Bunu görən fəhlə Sarışına deyir.
Fəhlə:
– Ay qardaş, bu xanıma neçə defə demişəm, özü də görür… İş görürəm axı… Durub getmir, elə bil ağlını itirib nədi… Xahiş eləyirəm, qoyun işimizi görək, orda quru skamyalar var, gedin oturun da.
Sarışın başı ilə fəhləyə razılıq işarəsi verir.
Sarışın:
– Yaxşı, yaxşı… Narahat olmayın. Gedirik.
Səhnə 49. Ext. Gün
Park. Qadın tərpənməz oturub naməlum istiqamətə baxır. Fəhlə də onların skamyanı tərk edəcəyini gözləyir.
Qadın:
– Tapıldımı?
Sarışın susur…
Qadın:
– Səninləyəm, tapıldımı?
Sarışın:
– O, artıq yoxdu…
SON
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
“Hansı zəmanədə yaşadığınızı dərk etməlisiniz... - Uğura doğru kreativ irəliləmənin Xakamada yolu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.
Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.
Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. (Məsələn, Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz).
Gəlin bunlara diqqət yetirək:
4.Uğurlu olmaq istəyirsinizsə hansı zəmanədə yaşadığınızı dərk etməli, bunu öz fəaliyyətinizdə əks etdirməlisiniz. Biz elə bir anlaşılmaz, şərholunmaz zamanda yaşayırıq ki, yeni texnologiyaların hesabına informasiya və hadisələr elə sürətlə dəyişir ki, sabitlik itir.
Sabitlik arzulayan hər kəs uduzur. Amma epoxanı qeyri-sabit, dəyişkən görməyə alışıb yeni çağırışlara uyğun olaraq hər gün yenidən doğulanlarda da, həyatın sürpriz və hədiyyələrinə istehza ilə yanaşanlarda da hər şey alınar.
Bu isə öncəki gün paylaşdığımdır:
1.
Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.
2.
Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız.
3.Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.
Sabah davamı olacaq.
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)
Ağdamın işğalından sonra Qədir Oğuz rayonunda məskunlaşmışdı
– OĞUZLULARIN XATİRƏLƏRİ
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün
Milyonların sevgisini qazanmış Qədir Rüstəmovun heç bir təqdimata ehtiyacı yoxdur. “Sona bülbüllər”in Qədiri” ifadəsi onun haqqında hər şeyi deyir. Həmin “Sona bülbüllər” ki, maestro Niyazinin dediyi kimi ona “qulaq asmağa bir ömür bəs etməz”.
Azərbaycan Respublikasının Xalq artisti və “Şöhrət” ordenli əfsanəvi müğənninin sənətinə ümummilli liderimiz H.Əliyev başda olmaqla, dövrünün dövlət və mədəniyyət xadimlərihər zaman yüksək qiymət vermişlər.
Xan Şuşinski onu dinləyib, deyib ki, “Qara oğlan, boy-buxunun yaxşıdır, sənin gələcəyin çox yaxşı olacaq. Sən sənətkar olacaqsan”. Firudin Şuşinski yazırdı ki, Qədir Şuşada ilk muğam məktəbinin qurucusu Xarrat Qulunun sonuncu şagirdidir. Qədir oxuyanda Ə.Dadaşovu ağlamaq tutub. Deyib ki, “məni indiyə kimi heç bir xanəndə belə kövrəltməmişdi. Qədir “Sona bülbüllər”i oxuyanda bəstəkar A.Rzayeva necə ağlayıbsa, ürəyi tutub, ona su veriblər. Niyazi isə bildirirdi ki, ”Qədir Rüstəmov heç kəsə bənzəməyən bəşəri bir səsə malikdir. Onun yanğısı hamını alışdırıb yandırır” və s. Onu “muğamın Füzulisi” adlandıranlar tamamilə haqlıdırlar.
Xalq artisti Q.Rüstəmovun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Reyhan”,“Neçin gəlməz”, “Ay dili-dili”, “Sarı gəlin”, “Sən getdin”, “Olmaz, olmaz” və neçə-neçə digər mahnılar bu gün də hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyatmaqda davam edir. Qədirin ölməz sənət əsərləri yaşayır və onu yaşadır, gələcəkdə də yaşadacaqdır.
Biz də Qədirin mahnılarının vurğunuyuq. Amma onun sənətini qiymətləndirməkdə acizik. Birdəki, görkəmli şəxsiyyətlərin (X.Şuşinski, S.Suşinski, Ə.Dadaşov, F.Əmirov, Niyazi, H.Hüseynov, F.Şuşinski, X.Rza, B.Vahabzadə, E.Sabitoğlu, A.Rzayeva, Ə.Məmmədov, A.Babayev, S.Rüstəm, Anar, S.Səxavət və b.) Qədirin sənəti haqqında söylədiklərinin və yazdıqlarının qabağında söz demək, nə isə yazmaq bizə düşməz.
Ona görə də bu yazıda sadəcə olaraq Q.Rüstəmovun həyatının Oğuz dövründən söhbət açacağıq. Onun həyatının Qarabağsız, Ağdamsız keçən, çətin günlərindən.
Ağdamın işğalından sonra Qədir Oğuz rayonunda məskunlaşmışdı. İnternat məktəbin yataqxanasında yaşayırdı. Niyə məhz Oğuzda? Həm də belə bir şəraitdə?
Buna Q.Rüstəmovun ən yaxın dostlarından olan A.Abbas müsahibələrinin birində belə aydınlıq gətirmişdi: “Oğuzda Qədir Rüstəmovu sevənlər çox idi deyə, xanəndə sonralar həmin rayonda yaşadI... Oğuzdakı dağlar, təbiət və s. ona Ağdamı xatırladırdı. Lakin Qədir Rüstəmov təkcə təbiətinə görə deyil, həm də o rayonun insanlarına görə Oğuzu seçmişdi. Yəni onun Oğuza pənah aparması oradakı insanların sevgisindən irəli gəlirdi”.
Bəli, bur müddət Oğuzda yaşayan görkəmli xanəndəyə oğuzluların sevgisi sonsuz idi. O, burada hamının (Qədirin sənətinin böyüklüyünü anlamayanlar istisna olmaqla) hörmətini qazanmışdı. Çoxlu dostlar tapmışdı. Bu yerlərin təbiətinə və təbiəti qədər də saf olan insanlarına vurulmuşdu.
Mən Q.Rüstəmovu şəxsən tanıyan və onu canlı-canlı dinləyən insanlardan biriyəm. Bir necə dəfə məşhur müğənninin iştirak etdiyi toy və şənlik məclislərində olmuşam. Çox sadə adam idi. İnsanlarla asanlıqla dil tapa bilirdi. Səmimiyyəti və şux, duzlu-məzəli zarafatları ilə hamıda maraq oyadırdı. İradlarını zarafatla deyirdi. Kənardan qaradinməz və adama yovuşmaz görünsə də, olduğu yerdə hamını danışdıran, güldürən, diqqət çəkən insan idi. Həm də çox emosional adam idi. Bəzən tez təsirlənir, inciyir, küsür, əlindəki işi yarımçıq saxlayırdı. Onu ürəyi istəməyən heç nəyə məcbur etmək mümkün deyildi. Xaraktercə inadkar və dəymədüşər idi. Əlbəttə, Qədiri Qədir edən onun xarakteri yox, səsi idi.
Çox təvazökar idi həm də. Öz sənətinə belə tənqidi yanaşır, “bəyənmirdi”. Onu alqışlayanda və ya tərif edəndə “Əşi, mən nə edirəm, hamı kimi oxuyuram da” deyərək söhbətin axarını dəyişərdi. Heç vaxt istedadını gözlərə soxmur, əksinə, ona vasitə kimi baxırdı. Onu da deyim ki, onun toylarda oxuduqları radioda və televiziyada səsləndirilən mahnılarından qat-qat təsirli gəlirdi insana.
Qədir müəllim musiqi məclisində yersiz söhbətləri, şit hərəkət və rəqsləri xoşlamazdı. Təsadüfi deyil ki, müsahibələrinin birində deyirdi: “Mənim yüngül adamdan zəhləm gedir. Toyda belə şeylər görəndə dözə bilmirəm. Düzü belədi e…".Şahidiyəm ki, o, kənd toylarının birində oxuyarkən bir nəfər ortaya düşüb yarısərxoş vəziyyətdə oynamağa başladı. Müqənni mahnını yarımçıq kəsdi. Həmin adamı oturub qulaq asmağa məcbur etdi.
“Qədir səsə heykəl qoyur, abidə ucaldır, səsdən məmləkət qururdu. Onu dinlədikcə bu məmləkəti qarış-qarış gəzir və anlayırsan ki, bu məmləkətin öz qanunları, öz meyarları var”. (Loğman)
Rayonda heç bir toya haqq danışaraq getməzdi. Yadımdadır, 1996-cı ildə qohumlarımdan biri qızına toy edirdi. Toya müğənni kimi Qədiri dəvət etmək istəyirdi və ona xeyli pul təklif etmişdi. Lakin Qədir bunu qəbul etməmişdi. Bir az tərs olduğuna görə heç kəs onun toya gələcəyinə də inanmırdı. Lakin Qədir məclisin gur vaxtı gəldi. Xeyli oturdu. Hətta bir neçə mahnı da oxudu. Ailə quran gəncləri təbrik edib xəbərsiz çıxıb getdi.
O, kasıb və imkansız ailələrin toy məslislərinə də qəflətən gələr, təbrik edər, bir-iki mahnı oxuyar və sağollaşıb gedərdi. İmkansız ailələrdən heç vaxt nə isə ummazdı. Onun iştirak etdiyi toy və şənlik məclisləriinin söhbəti aylarla, illərlə davam edərdi. Qədirin iştirak etdiyi toy məclislərinin video yazıları indi də bəzi evlərdə tutya kimi qorunub saxlanılır.
Oğuzun siravi sakinlərindən tutmuş rəsmi şəxslərinə kimi hamı ona hörmət və ehtiram göstərirdi. Burda çoxlu dostları vardı. Onlar Qədirə kömək edir, korluq çəkməsinə imkan vermirdilər. Q.Hidayətov, N.Bəbirov, Ə.Əliyev, Q.Babayev, H.Hüseynov, R.Novruzov, R.Alızadə, İ.Mənəfov, F.Rəşidov, Ə.Seyidov və digərləri onun yaxın dostları idilər. Qədir çətinlik çəkəndə ilk növbədə bu dostlarına müraciət edirdi. Rayonun məmurları da onun hörmətini saxlayır, öz köməkliklərini əsirgəmir, sözünü yerə salmırdılar.
O, Oğuzun təbiətinə vurğun idi. Qonşuları söyləyirdilər ki, yayda evyanda durub siqaret yandırar, uzun müddət Oğuzun dağlarına baxar, saatlarla susar və fikrə gedərdi. Bu yerlərin havası ona Ağdamı xatırladırdı, ancaq əvəz edə bilmirdi. Oğuz meşələrini gəzməkdən yorulmazmış. Həyat yoldaşı F.Rüstəmova müsahibələrinin birində qeyd edir ki, Bakıya köçəndən sonra da tez-tez Oğuza gedərdik. Qədir saatlarla çayların kənarında gəzər və rəngbərəng kiçik daşlar yığardı. (Sonralar həmin daşlar H.Əliyev fonduna bağışlanmışdı.)
Oğuzun dağlarında və meşələrində ov etməyi sevərdi. Ən çox sevdiyi balıq ovu idi. Tilovunu atardı çaya və gözləyirdi ki, nə vaxt balıq çıxacaq. Balıq ovuna çox vaxt dostluq etdiyi müəllim Q.Babayevlə gedərdi. Qismət müəllimin onunla bağlı çoxlu xatirələri var. Deyir: “Q.Rüstəmov möhtəşəm ifası və öz məzəli söhbətləri ilə daha çox yadımda qalıb. Rəhmətliklə bir xeyli balıq ovuna getmişik. Həm də mən həmin vaxtlar rəhmətlikdən elə ifalar eşitmişəm ki, bəlkə də onları məndən başqa eşidən olmayıb. Belə bir səs çətin ki, bir də gələ”.
Xahişimizlə Qismət müəllim Qədirlə bağlı bir xatirəsini bizimlə bölüşdü. Dedi: “Yay idi. Mən istirahət mərkəzində işləyirdim. Eşitdim ki, Qədir yaxınlıqdakı çayda balıq tutur. Yanına gedib nahara dəvət etdim. Sözümü yerə salmadı. Onun üçün dana ətindən kotlet hazırlatdım. İkilikdə nahar etdik. Nahardan sonra bir kənarda oturub xəyala dalan Qədir qəflətən ucadan və yanıqlı-yanıqlı oxumağa başladı. O qədər yanıqlı və dərdli-dərdli oxuyurdu ki, tüklərimiz biz-biz olmuşdu. Yaxınlıqdakıların hamısı işini saxlayıb ona qulaq asırdı. Ancaq o, birdən başladığı kimi birdən də dayandı. Davam etməsini xahiş etdik. Lakin Qədir dedi ki, yox, dana kotletinə bu qədər oxumaq bəsdir. Xeyli gülüşdük. Amma yaxşı başa düşürdük ki, o öz dərdini, Qarabağ həsrətini, Ağdam nisgilini mahnı ilə ifadə edir. Dərdini, qəmini ifadə etmək üçün mahnı bir vasitə idi Qədirə. O, öz ifası ilə dərddə, kədərdə yanır, yandırır, yandırdığı qədər də qandırırdı”.
Rayonda Qədirlə bağlı maraqlı xatirələri olanlar çoxdur. Onlardan biri də Oğuz şəhər sakini R.Alızadədir. Rauf bəy söyləyir: “Qədir müəllim uşaqları çox sevirdi. Saatlarla onlarla söhbət edər, necə oxuduqlarını, hansı peşəni sevdiklərini, hansı filmlərə tamaşa etdiklərini və s. soruşar, hətta onlara mahnı da oxudardı. Uşaqlara yaxşı oxumağı və ağıllı olmağı məsləhət görərdi. Bir dəfə rayonda yaşayan qaçqınlar üçün ərzaq və geyim paylanırdı. Biz də Qədir müəllimin maşını ilə oradan keçirdik. Qədir müəllim maşını saxladı. İkimiz də maşından düşdük. Bu vaxt o yaxınlıqda oynayan bir neçə yarıçılpaq oğlan uşağı gördü. Onları yanına çağırıb maşının yanına gətirdi. Uşaqlara əyin-baş verməyi tələb etdi. Halbuki bu uşaqlar qaçqın yox, yerli ailələrindən idilər. Qədirin sözündən çıxmayan məsul şəxslər dinməz-söyləməz onun tapşırığını yerinə yetirdilər. O, üzünü uşaqlara tutub dedi ki, gedin bunları əyninizə geyin, sizi bir də çılpaq görməyim. Ata-ananız soruşsa, deyin ki, bunları Qədir əmi alıb”.
Məşhur olduğu qədər də sadə olan Q.Rüstəmov qonşuların da rəğbətini qazanmışdı. Keçmiş qonşuları hələ də onun düzlu-məzəli sohbətlərini həsrətlə xatırlayır, böyük sənətkara rəhmət oxuyurlar.
Qədir Rüstəmov Oğuzda yaşayan qaçqın ailələri ilə də tez-tez görüşər, onların vəziyyəti ilə maraqlanardı. Özünün imkanı yaxşı olmasa da, kimin problemi vardısa, qabağa düşüb həll etməyə çalışardı. Deyərdi ki, “darıxmayın, qorxmayın, Qarabağa gedəcəyik”.
Ağdamlı telejurnalist F.Hacıbəyli onun haqqında veriliş çəkib AzTV-də yayınlayandan sonra elə bil yenidən hamının yadına düşdü. Q.Rüstəmovu Bakıya dəvət etdilər. Ona ev və maşın hədiyyə edildi. Ümummilli liderimiz H.Əliyevin qayğısı ilə əhatə olundu.
Q.Rüstəmovun Bakıda evi olsa da, çox sevdiyi Oğuzdan ayrıla bilmirdi, bir ayağı Oğuzda idi. Yay aylarını isə, demək olar ki, Oğuzda keçirirdi. Köhnə dostları, qonşuları və qaçqın düşmüş həmyerliləri ilə görüşər, onların dərdinə şərik olar və öz köməkliyini göstərərdi. G.Allahverdiqızının “Qədirin “Sona bülbüllər”i – “Sona bülbül”lərin Qədiri” adlı yazısında Oğuzda müsahibə götürdüyü N.Quliyeva deyirdi: “Qədir qağam haqqında nə danışacağımı bilmirəm, ölümündən sonra onun haqqında danışmaq mənə çətindir. Qağamın yaxşılıqdan başqa heç nəyini görməmişik. O, elə bir insan idi ki, heç zərərli böcəyə də ziyan verib onu əzməzdi. Bakıda yaşamasına baxmayaraq, tez-tez gəlib bizimlə hal-əhval tutardı. Heç vaxt bizləri yaddan çıxarmazdı. Hər gələndə uşaqlara şirni paylayıb könüllərini xoş edərdi. Qədir qağam xəngəli çox sevərdi. Gələn kimi mən də soruşmadan xəngəl bişirərdim. Halal xoşu olsun. Deyərdi ki, bu günləri heç özünə dərd eləmə, inşallah, qayıdacayıq öz yurd-yuvamıza.
Bir də görürdük ki, səssiz-səmirsiz gecə gəlib evinə. Səhər açılanda deyərdim ki, ay Qədir qağa, niyə gəlib girməmisən bizə? Deyərdi ki, sizi narahat etmək istəmədim. Halbuki bizlər onun gəlişindən çox sevinirdik, məzəli söhbətlərindən zövq alırdıq. O qədər sadə, səmimi, təvazökar insan idi ki… Biz yaşadıqca onunla bağlı xoş xatrələrimiz də yaşayacaq. Qədir bizim üçün ölməyib, Ağdam camaatı həmişə onunla fəxr edib, qürür hissi keçirib, daim də belə olacaq. Allah məkanını cənnət etsin!”.
Qədir müəllim bir dəfə özü haqqında danışanda deyib ki, “Lovğalıq olmasın, deyəsən, mən də özümdən sonra bir iz qoyub gedəcəm”. Dediyi kimi də oldu. O elə bir iz qoydu ki, indi hamı bu izin bənzərsizliyindən xüsusi hörmət və ehtiramla danışır. Onun qoyduğu izlə, yolla, yöntəmlə getmək isə hər müğənninin işi deyil.
Çətin və ağır olsa da, Q.Rüstəmovun ömrünün Oğuzda keçən illəri Oğuzu şərəfləndirdi.
Bu gün əfsanəvi xanəndəni canlı görən, mahnılarını dinləyən, onunla həmsöhbət olan oğuzlular şərəf duyur, qürur hissi keçirir, onu böyük hörmət və ehtiramla yad edirlər. “Sona bülbülər”in Qədiri oğuzluların xatirələrində yaşamaqda davam edir.
“Ədəbiyyat və incəsənət”
(11.06.2024)


