
Super User
“Koğuştaki mucize"nin ulduzu Bakıda
"7. Koğuştaki mucize" filminin balaca qəhrəmanı Nisa Sofiya Aksongur Bakıya gəlib.
Azşam.az bildirir ki, ekran işində Ova obrazını canlandıran aktrisa İTV-də qonaq olub. Aparıcı Azər Süleymanlı Nisanın Bakıya ailəsi ilə birlikdə gəldiyini bildirib:
"Həmin kinoya baxan bütün dostlarımdan, yaxınlarımdan uzun müddət onun təsirindən çıxa bilmədiklərini eşidirdim. Ona görə cəsarət tapıb baxa bilmirdim. Nəhayət ki, xeyli tərəddüddən sonra izlədim. Bu ekran işi müasir türk kinosunun ən təsirli nümunələrindəndir. Yanımdakı balaca gözəl Nisa isə həmin filmin nailiyyətlərindən biridir. Artıq bir neçə ildir ki, Nisa və onun gözəl ailəsi ilə dostluq edir, hər dəfə Azərbaycana gələndə görüşür, efirimizə çağırırq".
“Ədəbiyyat və incəsənət”
(15.08.2023)
“Mənim hekayəm” - Xatirə Səfər
“Ədəbiyyat və incəsənət” portalı Oxucularımızın yaradıcılığı rubrikasında sizlərə Xatirə Səfərin “Mənim hekayəm” hekayəsini təqdim edir.
Əslində çox qorxurdu...
Ancaq içindəki burulğanına savaş açmaq üçün yeganə çıxış yolu bu idi. Evlərindən körpüyə qədər olan yolu km-lərlə ölçə bilməsə də, təxmin etmişdi. Bu təxminlərində saysız hesabsız şəkildə var-gəllərini nəzərə alsaq ora tez çatmağı düşünürdü, həmçinin nədənsə gizlincə indiyə qədər inandığı, tutunduğu müqəddəslərin hamısının bir- bir adını çəkmiş, dönməsi üçün hərəsinin ətəyindən yapışmağa çalışmışdır. Fəqət tək gedəcəyi gerçək yer Rəbbinin hüzuru olduğunu dərk edə bilməmişdi təəssüf ki..
Ona görə də anlaya bilmirdi, hərəkəti onu hansı uçuruma apara bilər, sezə bilmirdi ürəyinin qaranlığında itib-batmış, yox olmuş ümidin iynə ucu qədər də gerçek olmasını...
Bəlkə də hiss edirdi, içindəki qərarın son mənzil üçün beynini gəmirdiyini, onun ruhu çoxdan qəbul etmişdi bu ayrılığı, sadəcə cismi qaldığı üçün nigaran idi və O, bu səfər artıq cismini də qurban verərək adlayacaqdı, azadlıq naminə. Ömür boyu onu içində sıxıb, tənə ilə hər dəfə üzünə vurub günahlandırdığı bu səhv, bu yanlış bəlkə də ədalətli idi.
İntizarın addımları tez-tez dayanır, gah itiləşir, gah da hansısa qüvvə tərəfindən geri gedirdi, sanki məcburən ilahi qüvvə onu çəkindirməyə çalışırdı, həyatın necə gözəl olduğunu, xüsusilə gecələr həyatın daha başqa, əsrarəngiz sehrə malik olduğunu göstərmək üçün isti avqust ayının ən orta günlərində, daha dəqiq desək 22-ci günündə, öz 35 illik həyatının ən qaynar çağında verdiyi qərarı əsən bir yay mehi , səmalardan baxan günahkar və günahsız ruhlardan ibarət ulduz tavanı və indiyə qədər heç kimin toxuna bilmədiyi o füsunkar zərli libası pozmağa çalışırdı.
Artıq gec olduğu üçün körpünün üstü ilə heç bir avtomobil gözə dəymirdi. İntizar sağındakı və solundakı ömürlük yandaşları ilə birlikdə addımlarını sayırdı. Hərdən onların mübahisə etməyi belə onu aldığı qərarlı düşüncədən əl çəkməyə kafi deyildi.
Qəfildən qarşıdan gələn avtomobilin qabaq işığı sanki İntizarı qorxunc yuxudan oyadırmış kimi diksindirdi. Avtomobil gözə görünməz hadisə nəticəsində çevrildi və tüstüləməyə başladı.
Öz-özünə deyinərək dodaqaltı dondquldamağı sevirdi. Deyinə-deyinə yavaş-yavaş maşına doğru getdi. Gördüyü mənzərə qarşısında nitqini yay gecəsində necə şaxta vurdusa, orda olsaydın düşünərdin ki, sanki 26 fevral Xocalı faciəsində əli, ayağı, dili, dodağı donmuş biçarə , zavallı körpə kimidir.Heç bir həyat nişanəsi qalmayan...
Tərsinə çevrilmiş avtomobilin tüstüsü getdikcə çoxalır, ön hissəsi sanki alışacaqmış kimi hiss etdirirdi İntizara..
Cəld yubanmadan içəriyə baxdı, 3 nəfər gördü, artıq ikisi ruhunu tapşırmış, biri isə mədət umurdu sağ qalmaq üçün. Bir anlıq , hətta 1 dəqiqə belə çəkmədən insan ömrünün tükdən asılı olması vəziyyəti İntizarın içindəki intihar qorxusunu yenməyə başlayırdı. Zaman avtomobilin içindəki insan ömrünün əleyhinə işləyərkən, İntizarın həyat eşqinin yenidən doğulmasına səbəb olurdu. İndi hər cəhdlə o, içəridə qalan adamı xilas etmə dərdində idi, çunki 1 neçə dəqiqə sonra onların ikisi üçün də, orada qalmaq həqiqətən də təhlükəli ola bilərdi. İllərlə varlığına inanmağa cəhd göstərməyə çalışan İntizar son məqamda "Allah " deyərək göy üzünə baxdı: "mənə güc ver " deyib avtomobilin qapısını dartdı.
Göylərin bu iki insan üçün hansı planları var olduğunu bilmirəm, amma görünür onları birləşdirən hansısa səbəb İntizara daxili inamını, itirdiyi imanını və ağrıdan qıvrılan adama isə ikinci yaşama şansını geri qaytardı..
Gözlərini açdıqda bəyaz bir tavanla üz-üzə gəldi.
Yavaş-yavaş ətrafa göz gəzdirdi, bura necə düsdüyünü qısa-qısa kino lenti kimi xatırlamağa çalışdı. Fikirlərdən bir səs onu ayırdı.
"-İntizar, qızım ! Hər şey yaxsi olacaq" -deyə ağsaçlı bir kişi onun sistem qoşulmuş əlini tumarlamağa başladı.
Yaşadığı hadisənin qaynar, odlu- alovlu
nəticəsi İntizarı və xilas etdiyi gənci bir müddət ayrı-ayrı otaqlarda məhkum etmişdi..
"Göndərən Allah isə hər bir dərdi
Demək könlümün şəfasını səninlə verdi"
...deyə bir mahnı oxunurdu dəhlizdə... Və onların ikinci dəfə rastlaşması, üz- üzə gəlməsi xəstəxanada olsa da, duaların ən çox edildiyi yerdə olması, ən səmimi, ən içdən edilən dualara şahid olmuş bu xəstəxana nəyəsə işarə idi..
Bir müddət keçdi və İntizar xəstəxanadan evə yerləşdikdən sonra yanına bir neçə özəl saytlardan və qəzetlərdən müxbirlər gəlmişdilər, hadisə ilə maraqlanırdılar. İntizar olduqca heyrətlənmisdi ki, nə üçün onunla tanışlığa bu qədər can atırlar. Müxbirlərin orda olduğu müddətdə karqo vasitəsi ilə İntizarın ünvanına büyük qızıl gül dəstəsi göndərilmişdi. Gül dəstəsinin üzərindəki not təsadüfi bir mehlə qopub jurnalistin üstünə yapışdı. Qeyri-ixtiyari də olsa nota göz yetirən jurnalist artıq hər şeyi bilib təsdiqləmiş halda həmkarlarına işarə etdi. (Can həkiminin İntizara olan böyük məhəbbəti artıq sirr deyildi ). Onların hər birinə çox qəribə və inanılmaz gəlirdi dünyaca şöhrətli bir can həkiminin öz qəlbini öz xəstəxanasındakı həyatını xilas etmiş İntizar adlı sadə, düşüncəsi bəsit, iradəsi zəif, fəqət cahanın özü boyda ürəyə sahib olduğu bir qıza verməsi...
“Ədəbiyyat və incəsənət”
(15.08.2023)
Bakıda Pakistanın mədəniyyəti və milli mətbəxinə həsr olunan festival keçirilir
Bakıda Pakistanın Müstəqilliyinin 76-cı ildönümü münasibətilə bu ölkənin mədəniyyətinə və milli mətbəxinə həsr olunan festival keçirilir.
Repor xəbər verir ki, tədbir Pakistanın görməli yerlərini əks etdirən videoçarxla başlayıb.
Festivalı giriş sözü ilə açan Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iki ölkə arasında əlaqələrin əsrlərə gedib çıxdığını qeyd edib: “Bundan başqa, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub”.
Səfir həmçinin 20-ci əsrin əvvəllərində Pakistanda vəba xəstəliyinin yayılmasına qarşı mübarizədə Hacı Zeynalabdin Tağıyevin müstəsna rolundan danışıb: “Azərbaycanlı xeyriyyəçi öz vəsaiti hesabına Pakistana yüz minlərlə ampula vəba peyvəndi alıb göndərib, bu da ölkənin ölümcül xəstəliyə qalib gəlməsində mühüm rol oynayıb”.
Diplomat bildirib ki, Azərbaycan və Pakistan beynəlxalq arenada həmişə bir-birini dəstəkləyib: “Bu gün Kəşmirlə azad edilmiş Qarabağın bir çox oxşar cəhətləri var. Ümid edirik ki, Azərbaycanın və digər dost ölkələrin dəstəyi ilə Kəşmir tezliklə azad olacaq”.
Tədbir zamanı Azərbaycan və Pakistanın milli rəqsləri ifa olunub.
“Ədəbiyyat və incəsənət”
(15.08.2023)
BİRİ İKİSİNDƏ - “Salam, payız adam”, Ceyhunə Mehman
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Poeziya vaxtıdır, Ceyhunə Mehman qarşınızda öz lirik “Salam, payız adam” şeiri ilə dayanır.
Ceyhunə MEHMAN
SALAM, PAYIZ ADAM...
Salam, payız adam! Salam, qış adam!
Qar adam, buz adam və yağış adam!
Səni bu dünyadan almağa gəldim,
Nəyin var, dur topla, tez yığış, adam!
Gördüm ki, gözlərin yoldan asılıb,
Gördüm ki, səsin də bir az qısalıb;
Haylasan, səsinə hay verən olmaz,
Səni dinləməyir dost-tanış, adam.
Demə hardan bildin halımı, demə,
Könlündən süzülən yaşlar söylədi.
Dualar səpmisən üzü göylərə,
Dünən dən atdığın quşlar söylədi.
Hardandı bu qədər inanış, adam?
Gedək, yer üzündən üzülsün əlim,
Gedək, bu dünyanın sonuna gedək.
Bir ulduz gecəyə batıb qarışsın,
Gəl gedək, Allahın yanına gedək.
Gedək, şeir adam, gedək, söz adam!
Qar adam, buz adam və yağış adam!
Səni bu dünyadan almağa gəldim,
Nəyin var, dur topla, tez yığış, adam!
“Ədəbiyyat və incəsənət”
(15.08.2023)
Samur-Yalama milli parkında “Təmiz oyunlar” beynəlxalq ekokönüllülük layihəsi həyata keçirilib
Azərbaycanda ilk dəfə Samur-Yalama milli parkında “Təmiz oyunlar” beynəlxalq ekokönüllülük layihəsi həyata keçirilib.
AzərTAC xəbər verir ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti, “Gənclərin Töhfəsi” İctimai Birliyi, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi, “Azərbaycanın Rus Gəncləri Assosiasiyası” İctimai Birliyi və Peşə Təhsilinin İnkişafına və Məsulluğa Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova ətraf mühitin qorunması istiqamətində görülən işlər və layihələr haqqında geniş məlumat verib.
Sonra xidmətin Xüsusi Mühafizə olunan ərazilər şöbəsinin müdiri Elnur İbrahimov ekoloji maarifləndirmənin gənclər arasında təbliğinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Xidmətin əməkdaşı Turqut Əhmədov bu istiqamətdə müxtəlif səpkili layihələrin gənclərin iştirakı ilə davam etdiriləcəyini bildirib.
Layihədə iştirak edən 60 iştirakçı komandalara bölünərək bir saat ərzində yarışaraq milli park ərazisinin ətrafında tullantılardan təmizləyiblər. Yarışın sonunda 500 kiloqram müxtəlif ətraf mühit tullantısı toplanaraq müvafiq quruma təhvil verilib.
Sonda “Şuşalılar” komandası birinci, “Qoçaqlar” komandası ikinci, “Xarıbülbül” komandası üçüncü yeri tutaraq diplomlar və müxtəlif hədiyyələrlə, digər komandaların üzvləri isə aktivlik sertifikatları ilə təltif olunublar.
Qeyd olunub ki, layihə ölkə ərazisinin müxtəlif bölgələrində davam etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(15.08.2023)
Arxeoloqlar, Afaq Bəşirqızı və Napoleon Bonopart
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün - avqustun 15-dir. Bu günün əlamətdar hadisə və bayramlarını nəzərinizə çatdırırıq.
Arxeoloq Günüdür.
MDB məkanında, o cümlədən Azərbaycanımızda qeyd olunan bir bayramdır.
Tuva Günüdür.
Rusiya Federasiyasının şimalında yaşayan tuvalılar azsaylı aborogen xalqlardandır.
Bolqarıstanda dini bayramdır - Müqəddəs Məryəm Həzrətləri və onun şəninə dua oxuma günüdür. Eləcə də Yunanıstanda.
Kosta Rikada Ana Günüdür.
Hindistanda dövlət bayramıdır - Hindistanın Müstəqillik Günüdür. Bu günü hindlilər ingilis müstəmləkəçiliyindən çıxmaqla haqq ediblər.
Polşada və Zimbabvedə silahlı qüvvələr günü qeyd ediləcək.
Bir də bu gün zaoastrizmə aid Amertat və Odlar şahı günü qeyd ediləcək. Amertat - ölümsüzlük günüdür.
Biz azərbaycanlılar bütün digər xalqların bayramlarını təbrik etməyəkmi, edək!
Bu gün sevimli aktrisamız Afaq Bəşirqızının, məşhur aparıcımız Dilarə Səlimin doğum günləridir.
Bu gün həm də dahi sərkərdə Napoleon Bonopart, dahi yazıçı Valter Skott və çağdaşımız, populyar müğənni Timati dünyaya gəlmişlər.
O ki qaldı bu gün vəfat edənlərə, məşhur sovet müğənnisi Viktor Soyun ömrünü killer məhz bu gün qırıb.
Klassik italyan yazıçısı Rafaello Covanyolli, rus yazıçı Pyotr Katayev, alman əfsanə- futbolçu Herd Müller və ən əsas, görkəmli aktrisamız Məhluqə Sadıqova da gözlərini əbədiyyətə məhz bu gün yumublar.
“Ədəbiyyat və incəsənət”
(15.08.2023)
Azərbaycanlı üç şagird TÜRKSOY-un inşa müsabiqəsinin qalibi olub
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 30 illiyi münasibətilə təşkil olunan “TÜRKSOY - türk dünyasının qızıl körpüsüdür” mövzusunda inşa müsabiqəsinin qalibləri təltif edilib.
AzərTAC xəbər verir ki, azərbaycanlı üç məktəbli qız da müsabiqənin mükafatçıları arasında yer alıb.
Türk xalqlarının mədəniyyətinin, adət-ənənələrinin birliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib. Dövlət ümumtəhsil məktəblərində təhsil alan 13-15 yaşlı şagirdlərin qatıldıqları müsabiqədə Azərbaycan məktəbliləri Nərmin Məmmədli, Yaqut Bəyova və Fatimə Məmmədova da qalib elan edilərək mükafatlara layiq görülüblər.
“Ədəbiyyat və incəsənət”
(15.08.2023)
Mədəniyyət Nazirliyində gənc kinematoqrafçılarla görüş olub
Avqustun 14-də Mədəniyyət Nazirliyində gənc kinematoqrafçılarla görüş keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli gənc kino işçilərini salamlayıb, bu il 125 yaşı qeyd olunan Azərbaycan kinosunun zəngin ənənələrindən, bu sahənin inkişafına öz töhfəsini vermiş görkəmli sənətkarlardan bəhs edib.
Dövlət tərəfindən mədəniyyətin digər sahələri kimi, kinematoqrafiya sahəsində də diqqət və qayğı göstərildiyini deyən nazir ölkə başçısının bununla bağlı müvafiq fərman və sərəncamlar imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin fərmanı ilə Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması da bu sahəyə yüksək qayğının daha bir təzahürüdür.
Adil Kərimli bu ilin aprel ayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ilk Kino Forumundan keçən dövr ərzində görülən işlər barədə də məlumat verib, yaradıcı sənayenin inkişafının əhəmiyyətini vurğulayıb.
Görüşdə gənc kinematoqrafçıların fikir və təklifləri, məsələlərə münasibəti dinlənilib, maraqlı diskussiya keçirilib, kino sahəsinin inkişaf məsələlərinə dair geniş müzakirə aparılıb. Qeyd olunub ki, gələcəkdə belə platformaların, görüşlərin sistemli, mütəmadi keçirilməsi, kinematoqrafiyanın müxtəlif sahələrində yaradıcı əməklə məşğul olan bütün gənclərin əhatə olunması önəmlidir. Sonda görüş iştirakçıları xatirə fotosu çəkdiriblər.
“Ədəbiyyat və incəsənət”
(15.08.2023)
DİQQƏT! Yaxın iki gün ərzində paytaxt havasında toz hissəciklərinin konsentrasiyası normadan çox olacaq
Bu gün Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur. Havada müşahidə olunan toz axını cənubdan hərəkət edən hava kütlələri vasitəsilə ölkə ərazisinə daxil olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub istiqamətli küləyin yaxın iki gün ərzində, avqustun 15-16-da da davam edəcəyi, bununla əlaqədar toz hissəciklərinin konsentrasiyasının yol verilən qatılıq həddindən bir qədər çox olacağı gözlənilir.
Avqustun 16-sı axşam saatlarından etibarən cənub istiqamətli küləyin şimal istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar toz hissəciklərinin konsentrasiyasında azalma müşahidə olunacağı proqnozlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(14.08.2023)
Sabah Bakıda 40 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28°, gündüz 35-40° isti olacaq.
Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-27°, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 18-23°, gündüz 28-33° isti olacağı ehtimal edilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 23-28°, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti olacağı bildirilir.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 29-34°, bəzi yerlərdə 36-38° isti olacağı ehtimal edilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33°, bəzi yerlərdə 36-38° isti olacağı ehtimalı var.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-26°, gündüz 36-40° isti olacağı gözlənilir.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-39° isti, dağlarda gecə 18-23°, gündüz 28-33° isti olacağı proqnozlaşdırılır.
Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27°, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 35-39° isti, dağlarda gecə 20-23°, gündüz 29-34° isti olacağı ehtimal edilir.
“Ədəbiyyat və incəsənət”
(14.08.2023)