Super User

Super User

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un, onun nəzdində yaradılan Türk Dövlətləri Yazarlar Birliyinin, UNESKO-nun  və Avrasiya Yazarlar Birliyinin dəstəyi ilə Azərbaycan da daxil olmaqla türk dünyasının 30-dan çox türk xalqları arasında "VII Beynəlxalq Kaşqarlı Mahmut hekayə müsabiqəsi" keçirilir. 

 

TÜRKSOY-un Baş Katibi, qırğızıstanlı yazıçı  Sultan Rayev müsabiqənin türk dünyası ədəbiyyatı nümayəndələri arasında daha istedadlı qələm adamlarını aşkar etmək və onları dünyaya tanıtmaq məqsədilə keçirildiyini qeyd edib. 

Bu yerdə Rayevin öncəki günlərdə Report-a açıqlamasını xayırlayaq. Rayev demişdi: 

"Bizim qırğız xalqı Çingiz Aytmatov kimi bəşəri dəyərləri özündə daşıyan, hələ sovetlər dönəmində cəsarətli fikirləri ilə təkcə qırğız cəmiyyətində deyil, dünyada tanınan azad düşüncə adamı yetişdirib. Məqsədimiz türk xalqlarının gənc düşüncə adamlarını üzə çıxarmaq, onları tanıtmaq, dostlaşdırmaq, aralarında fikir mübadiləsinə zəmin yaratmaqdır".

 

Qeyd edək ki, müsabiqə Türkiyə Cümhuriyyətinin quruluşunun 100, TÜRKSOY-un yradılmasının 30 illiyinə həsr olunub. Müsabiqənin mövzusu sərbəstdir. Hekayələr sentyabrın 15-dək qəbul olunacaq. 

İndi isə mükafat fondu barədə: 

Birinci yerin qalibi 35 min, ikinci yer 25 min, ücüncü yer 20 min Türk lirəsi ilə mükafatlandırılacaq. 10 min türk lirəsi isə bir nəfər fərqlənənə həvəsləndirici mükafat kimi veriləcək. 

Qaliblərin müəyyənləşdirilməsi oktyabrın 1-də, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrın 4-də Ankarada keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2023)

Cümə axşamı, 10 Avqust 2023 09:00

Qayıt, sahmana sal bu kainatı…

Xalq artisti Oqtay Kazıminin vəfatından 13 il ötür

 

Dünən onun anım günü idi. Məzarı tər çiçəklərə qərq olunmuşdu. Onu doğmaları, keçmiş kolleqaları ilə yanaşı, sadəcə, əsərlərinə aşiq olan sadə insanlar da yad etdi. Söhbət görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazımidən gedir.

Və təsadüfən onun adını eşitməyənlər qoy Aybəniz Haşımovanın ifasında “Qayıt” mahnısına qulaq assınlar. Oqtay Kazımi ruhu bu mahnıdadır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1932-ci il dekabrın 27-də Astara şəhərində anadan olan Oqtay Kazımi 1950-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun xor dirijorluğu şöbəsində orta musiqi təhsilini almağa başlayıb və paralel olaraq bəstəkarlıqla məşğul olub. O, 1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olub, bir il sonra isə bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirib. 1965-ci ildə konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılıq yoluna qədəm qoymuş O.Kazımi musiqi sənətinin müxtəlif janrlarında öz qələmini sınayıb. “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya”, “Meşədə futbol” musiqili komediyalarının, “Dədə Qorqud - nəğmələri” adlı epik operanın, “Qəhrəmanlıq” və “Şəhidlər” simfoniyalarının, “Qarabağ lövhələri”, “Sumqayıt lövhələri” simfonik süitalarının, “Hophopnamə”, “Peyğəmbər”, “Murovdağ nəğmələri” oratoriyalarının, “Nəğməmsən, Azərbaycan” kantatasının, piano və orkestr üçün poema-konsertin, xalq çalğı alətləri üçün konsertin, “Millətin oyaq gecəsi” vokal-simfonik poemasının, “Qarabağ rapsodiyası”nın, təntənəli uvertüranın, xor və simfonik orkestr üçün “Trilogiya”, eyni zamanda kamera-instrumental əsərlərin, xalq çalğı alətləri orkestri və estrada orkestri üçün pyeslərin müəllifidir.

Bəstəkarın yaradıcılığında mahnı janrı xüsusi yer tutub. Onun 200-dən artıq mahnısı - “Həyat, sən nə qəribəsən”, “Qaytar eşqimi”, “Bakının qızları”, “Bayram olsun” və s. mahnıları gözəl, lirik melodikası ilə dinləyicilərin qəlbinə yol tapıb. Bəstəkarın mahnıları respublikamızın görkəmli müğənniləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadənin və başqalarının repertuarında möhkəm yer tutub. Onun “Həyat, sən nə qəribəsən” mahnısı 60-70-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanıb.

O.Kazımi ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında fəal iştirak edib. Azərbaycan Dövlət Filarmoniyasının musiqi redaktoru, Sumqayıt estrada orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb. O, həmçinin 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.

Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Xalq artisti Oqtay Kazımi 2010-cu il avqustun 9-da vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2023)

 

Azərbaycan Milli Xalça Muzeyi peşəkarların rəyləri əsasında, Bakının ən yüksək reytinqli görməli yerlərindən biri kimi dünyanın ən yaxşılarının siyahısında yer alaraq, “Ekspertlərin Seçimi Mükafatı 2023”ə layiq görülüb. 

 

AzərTAC xəbər verir ki, dünyanın məşhur səyahət saytlarından olan “Tripexpert”in təqdim etdiyi mükafat 100-dən artıq səyahət bələdçilərinin, jurnal, eləcə də qəzetlərin rəy və materiallarına əsasən təqdim olunur. 

Qeyd edək ki, ən gözəl rəyləri alaraq qalib olan turizm obyektləri ilə bağlı xəbərlər “The New York Times”, “The Daily Telegraph” və “GQ” kimi önəmli nəşrlərdə işıqlandırılır.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2023)

 

 

2019-2023-cü illər ərzində DOST Agentliyinin 142 Çağrı Mərkəzinə 4 milyon 442 mindən çox müraciət daxil olub. Yeddi ay ərzində bu rəqəm 1 milyon 40 minə yaxın təşkil edib. 

Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş görüşdə deyib.

F.Məmmədov qeyd edib ki, zənglərin çox hissəsi Bakı və Abşeron yarımadasından daxil olub. 

Agentliyin İdarə Heyətinin sədri daxil olan zənglərin 98.4 faizinin cavablandırıldığını da diqqətə çatdırıb. 

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Xeyrəddin Qocanın növbəti felyetonunu diqqətinizə çatdırır. 

 

Qonşuya qonaq getmişdim, oturub çaydan-zaddan içib, nərddən-zaddan oynayırdıq. Ev sahibinin arvadı gəldi ki, qardaş, Allahdan gizlin deyil, səndən niyə gizlədək, bəs, həftənin axırında qızımıza elçi gələcək, gəl, sən də iştirak elə. Zəhmət çəkmə, hər tədarükümüzü görmüşük, təkcə sənin iştirak eləməyin bizim üçün şərəfdir. Dedim ay bacı, qonşu deyilik, mütləq gələcəyəm. Təki xeyir iş olsun.

Həftə başa çatdı, elçilər gəldilər. Ayrı-ayrı ölkələrin diplomatları kimi oğlan adamları masanın bir tərəfində, biz də o biri tərəfində oturduq. Bir neçə dəqiqə sükutdan sonra oğlan atası dilləndi ki, bəs "sizdə zər var, bizdə zərgər", "sizdə bağ var, bizdə bağban", "sizdə qaş var, bizdə üzük" və sair və ilaxır. Oğlanın anası da dedi ki, sözün kəsəsi, qızınıza elçi gəlmişik, bir "mübarək" deyin, çıxaq gedək, toya hazırlaşaq.

 

Qonşumuz, yəni qızın atası söz aldı, görək nə dedi:

 

- Bacı, nə mübarəkbazlıqdır? Bizim də dostumuz var, düşmənimiz var. İlk dəfədir qapımızı açırsınız. Qoyun, bir götür-qoy edək.

 

Oğlan atası "biz sizi tələsdirmirik, nə istəyirsiniz deyin, biz də işimizi bilək" sözlərini nəzakətlə ifadə etməyə çalışsa da, alınmadı. Bu dəfə qız anası söz aldı:

 

- Qızı böyüdüb boya-başa çatdıran mənəm. Gərək başlıq verəsiniz.

 

- Ay bacı, nə başlıq? İndi on yeddinci əsr deyil ki! - Oğlan anası təəccüb etdi.

 

- Lap iyirmi ikinci əsr olsun, başlıq verməlisiniz, vəssalam!

 

Qızın atası onların sözünü kəsdi:

 

- Mən də qızın fundamental atasıyam. Mənim də öz tələblərim var.

 

Oğlan atası "buyur" deyən kimi, qız atası başladı, nə başladı:

 

- Sizi çox bərkə salmayacağam. Qonağım çox olacaq. Nə gətirməlisinizsə bir-bir sayım, siz yazın. On beş qoyun, on kisə qənd, iyirmi yeşik araq, on tay düyü, əlli kiloqram yağ, beş yüz adamlıq balıq, otuz kiloqram kürü, 50 kiloqram fındıq, iyirmi kiloqram çay - yaxşısından olsun - turşməzə Göyçay narı, narşərab da öz yerində. Qırx yeşik "Badamlı", ona uyğun "Koka-kola", "Fanta", iyirmi kiloqram pendir, o qədər də qatıq. Daha nə qaldı? Hə, musiqiçilərin də haqqını siz verməlisiniz.

 

Aldı qızın anası görək, nə dedi:

 

- Almaz bilərzik, mirvari boyunbağı, medalyon, saat, üzük də bahalısından olmalıdır. Qaldı pal-paltar məsələsi, onlarsız olmaz. İcra başçılarının, prokurorların, polis rəislərinin, nazirlərin arvadları necə geyinirsə, mənim qızım da elə geyinməlidir. Gözəl-göyçək qızdır, kimdən əskikdir?! Şubası, paltosu, plaşı, ayaqqabıları da bir-birindən gözəl olmalıdır. Yadımızdan çıxan xırda-xuruşları da sonra deyərik.

 

"Elçilər odlandılar: - Qız almırıq, vəssalam.

 

Çox bahadır qiyməti, biz almırıq, vəssalam".

 

O gedən getdilər...

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2023)

 

Gəncə Dövlət Filarmoniyasının direktorunun əmək müqaviləsinə xitam verilib.

Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifovun əmək müqaviləsinə, onunla bağlanan əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq, 07.08.2023-cü il tarixindən xitam verilib.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2023)

 

Türk rok musiqisinin məşhur siması Erkin Koray vəfat edib.

APA xəbər verir ki, bu barədə sənətçinin qızı sosial media hesabında məlumat verib.

 

82 yaşlı Koray uzun müddət idi ki, Kanadanın Toronto şəhərində yaşayırdı.

O, daha çox Anadolo roku tərzində ifaları ilə tanınıb. Bu yistiqamətdə Anadolunun tarixi türkülərinə yenidən nəfəs verən ustad rokçu həm Türkiyədə, həm də dünyada populyarlıq qazanıb.

Sənətçi 1969-cu ildə "Yeraltı dördlüsü" adlı qrupu yaratmaqla Türkiyədə "underground music" tərzinin geniş yayılmasında da önəmli rol oynayıb.

1982-ci ildə "Benden sana" və 1986-cı ildə "Gaddar" adlı albomları isə Türkiyədə ən çox satılan albomlar siyahısında yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2023)

Çərşənbə, 09 Avqust 2023 11:43

Bu gün həm də Yerli Xalqlar Günüdür

 

Bu gün tək kitabsevərlərin deyil, həm də yerli köklü xalqların günüdür. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, hər il avqustun 9-da qeyd olunan beynəlxalq yerli köklü xalqlar günü 1994-cü ildə BMT Baş Assambleyası (qətnamə A/RES/49/214) tərəfindən təsis edilmişdir. 1992-ci ilin bu günündə, insan hüquqlarının təşviqi və müdafiəsi Alt Komissiyasının yerli işçi qrupunun ilk iclası keçirilmişdi, qəbul olunan sənəddə deyilirdi:

"Bu beynəlxalq yerli dünya günündə biz yerli mədəniyyətlərin zənginliyinə və onların dünya xalqları ailəsinə verdiyi xüsusi töhfələrə hörmətlə yanaşırıq. Biz həmçinin bir çox yerli xalqların üzləşdiyi böyük çətinlikləri — yoxsulluğun və xəstələnmənin yolverilməz miqyasından tutmuş əmlakdan məhrum edilməyə, ayrı-seçkiliyə və fundamental insan hüquqlarının rədd edilməsinə qədər hər şeyi xatırlayırıq".
1995-ci ildə başlayan bu qeydetmə - dünyanın ilk beynəlxalq yerli xalqlar günü dünyadakı yerli xalqların səsini daha aydın eşitməyə və yerli problemlərə diqqəti artırmağa kömək etdi.
Gəlin unutmayaq ki, İrəvanda, Göyçədə, Zəncəzurda, Basarkeçərdə yüz minlərlə yerli xalq - Azərbaycan türkü öz doğma yurdunda yaşamaqdan məhrum olub. Bura Xankəndini, Xocalını da əlavə etsək mənzərə tam aydın olar.

Şəkildə: Azərbaycanlıların deportasiyası

“Ədəbiyyat və incəsənət”
(09.08.2023)

Çərşənbə, 09 Avqust 2023 11:41

Bu gün Beynəlxalq Kitabsevərlər Günüdür

Yayın bax bu  9 Avqust günü Beynəlxalq Kitabsevərlər Günüdür (Book Lovers Day).

 

Bu gün ilk olaraq Amerika Birləşmiş Ştatlarında, qeyri-rəsmi olaraq, özü də Milli Kitab günü kimi qeyd olunmağa başlanıb. Daha sonra isə Amerikada yaranan bu bayram demək olar ki, dərhal dünyanın bir çox yerlərində pərəstişkar qazanaraq Beynəlxalq Kitabsevərlər Gününə çevrilib. 

 

Bu gün bütün dünyada insanlara kitab hədiyyə etməklə qeyd edilir. Azərbaycanda da “Hədəf” şirkəti ilk olaraq Binəqədi parkında yerli icra hakimiyyəti ilə kitabhədiyyəetmə bayramını qeyd etməklə sonradan estafeti digər təşkikatlara ötürüb. 

Təbii ki, ölkəmizdə kitabsevərlər ümumi orta statistikadan az olsalar da hər halda vardırlar. Bu təqvim günü kitabsevərlər üçün ən gözəl bayramdır. Kitabı sevdirmək üçün onu hədiyyə etməkdən başlamaq lazımdır. Bu oxucuları mütaliəyə cəlb etməyin ən gözəl yoludur. İllərdir oxuduğumuz, təkrar oxumayacağımız kitabları başqalarına, ətrafımızdakı insanlara bağışlaya, onların da faydalanmalarını təmin edə və bununla mütaliəni dəstəkləyə, onları mütaliəyə təşviq edə bilərik.

Kitabın sehri xüsusi bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə görüş xoşbəxt andır və yeni bir əsəri oxumağın başlanğıcı, insanın şüuru və təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır.

Əgər siz bu bayram münasibətilə hansısa kitabsevəri təbrik etmək istəyirsinizsə ona kitab hədiyyə edin. Siz bax bu il bunu dəbə mindirin, gerisi gələcək.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2023)

Günün fotosu: 2023-ün iyulu - tarixin ən isti dövrü

 

Avropa Birliyinin iqlim dəyişikliyi monitorinq xidməti 2023-cü ilin iyul ayının qlobal orta temperaturunun rekord həddə çatdığını təsdiqlədi. Bu barədə Euronews məlumat yayıb. 

 

2023-cü ilin iyul ayı, bu günə qədər bu “ən isti ay” adını qoruyan 2019-cu ilin iyulundan 0,33 dərəcə isti olaraq yer üzündə ən isti ayın rekordunu qoydu. Bu barədə çərşənbə axşamı Avropa iqlim dəyişikliyi müşahidə xidməti Copernicus bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.