Super User

Super User

Sumqayıt şəhərinin “Kimyaçı” Mədəniyyət Sarayı bu gündən ayın 15-dək növbəti kitab bayramına evsahibliyi edəcək. 

III Sumqayıt Kitab Sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Artıq iki ildir ki, keçirilən sərgi oxucular tərəfindən rəğbətlə qarşılanır. Üçüncü sərgi isə daha möhtəşəm proqram və çoxçeşidli kitablarla qarşınızda olacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatının iştirakı ilə baş tutacaq, müxtəlif faizli endirimlər tətbiq olunacaq.

Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, tamaşa, uşaqlar üçün nağıl saatları və master-klasslar keçiriləcək.

 Müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar, masterklaslar və əyləncəli fəaliyyətlərlə bu sərgi daha rəngarəng olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Bu gün Bakıdakı Rus evində rəssam Mahru Nortonun "Musiqinin rəngləri" adlı fərdi sərgisi açılacaq. Bu barədə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidməti məlumat yayıb. 

 

Sözügedən sərgidə ziyarətçilərə qeyri-adi texnika üzrə hazırlanmış və bənzərsiz incəliklərlə dolu musiqi və mistika seriyasına aid əsərlər təqdim olunacaq.

Mahrunun əsərləri müxtəlif qalereyaların sərgi salonlarını bəzəyir və bütün dünyada şəxsi kolleksiyaların bir hissəsini təşkil edir. Rəssamın musiqiyə olan bənzərsiz sevgisi onun rəsm əsərlərində xüsusilə təcəssüm olunur. O, sözün əsl mənasında, tamaşaçını özünün əsrarəngiz obrazları və rəsmlərindəki həssas fiqurlarla zəngin dünyasına qərq edir.

Sərgi oktyabrın 31-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşları iTicket.Az saytından növbəti maraqlı tamaşanı tapıb sizinlə bölüşürlər:

 

Sankt-Peterburqun “Kukla formatı” teatrının quruluşundakı “Qırmızı çiçək” tamaşası noyabrın 26-da Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.

 

Bir çoxu “Qırmızı çiçəyin” xalq nağılı olduğunu zənn edir... Ancaq bu nağılın hekayəti yazıçı Sergey Aksakovun özünün uşaqlığı ilə bağlıdır, ona qırmızı çiçək haqqında rəvayəti Pelageya adlı anbardar qadın nəql edibmiş. Artıq yetkinlik yaşına çatan və sevimli nağılını qələmə alan Aksakov sonralar Pelageyanın bu saysız-hesabsız nağıllarına gecə-gündüz yorulmadan qulaq asa biləcəyini həssaslıqla xatırlayırmış.

Quruluşçu rejissor Anna Viktorova və aktrisa Olga Donets (Pelageya) qədim rus folklor modelinə uyğun olaraq yaradılan kuklaların köməyi ilə Gözəl qız və Bədheybətin hekayətini danışmağa qərar veriblər. Səhnədə yalnız anbardar qadın Pelageya bir vaxtlar kiçik Seryoja Aksakova nəql etdiyi kimi, indiki dövrün uşaqlarına sevgi və sədaqət haqqında gözəl bir nağıl danışır...

Tamaşanın premyerası 24 aprel 2014-cü ildə baş tutub.

Tamaşa bir çox beynəlxalq festivalların iştirakçısıdır. 2015-ci ildə Bangkokdakı Ümumdünya Kukla Karnavalında (World Carnival of Puppets) aktrisa Olga Donets oynadığı rola görə “Ən yaxşı aktrisa” adını qazanıb, tamaşa özü isə “Baş mükafat” nominasiyasına layiq görülüb. Aktrisa 2017-ci ildə Astanadakı Ümumdünya Kukla Karnavalında bu uğurunu təkrarlayaraq, "Ən yaxşı aktrisa" nominasiyasının qalibi olub.

Çoxsaylı rəylər bütün tamaşa boyunca uşaqların və onların valideynlərinin maraq və diqqətini özünə cəlb etməyi bacaran yeganə aktrisanın parlaq oyunundan bəhs edir. Bununla yanaşı, onun kukla köməkçiləri də parlaq xarakterə malikdirlər, onlar həvəslə rəqs edirlər və zarafatlaşırlar. Ancaq ən tələbkar və həssas auditoriya uşaqlardır, onları aldatmaq və müxtəlif fəndlərlə ələ almaq mümkün deyil.

Tamaşanın nümayişi Sankt-Peterburq Mədəniyyət Komitəsi və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Sankt-Peterburq teatr mövsümləri” XVII İllik Mədəniyyətlərarası Festivalı çərçivəsində keçirilir və Heydər Əliyev ilinə həsr olunur.

Tamaşa saat 12:00 və 15:00-da başlayır və yaşı 4+ olan auditoriya üçün tövsiyə olunur. Müddəti antraktsız 55 dəqiqədir.

 

Biletlər teatrın kassasında, şəhərin mərkəzi kassalarında, həmçinin iTicket.Az saytında onlayn satılır.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının gətirdiyi sitat TÜRKSOY-un Baş katibi Sultan Raevdəndir.

 

“lll “Korkut Ata” Türk Dünyası Film Festivalı gücümüzün, birliyimizin, qardaşlığımızın bariz nümunəsidir.

Biz Azərbaycanda olduğumuz vaxt müqəddəs torpağın gücünü hiss edirik. Burada Xurşidbanu Natəvanın, Nizami Gəncəvinin, Üzeyir Hacıbəylinin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Bülbülün ruhunu duyuruq. Kino sahəsi on illər sonra da türk dünyası və xalqlarını bir araya gətirəcək və buna səmimi qəlbdən inanıram.”

 

Sitatı TÜRKSOY-un Baş katibi Sultan Raev lll “Korkut Ata" Türk Dünyası Film Festivalının bağlanış və mükafatlandırma mərasimində söyləyib. 

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Cümə, 13 Oktyabr 2023 11:45

Uşaqlar ölməsin!

Adilə Nəzər yazır

 

“Ədəbiyyat və incəsənət” portalı “Ziyalı mövqeyi” rubrikasında şair, ədəbiyyatşünas, Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin Yaxın Şərqdə alovlanan müharibə ocağı ilə bağlı qeydlərini diqqətinizə çatdırır. 

 

Fələstin-İsrail müharibəsində Azərbaycanda da hər iki tərəfi dəstəkləyənlər var. 

İsraili dost hesab edənlərin əsaslandıqları arqument var - Qarabağ savaşında Fələstinin Ermənistanı dəstəkləməsi. 

Bəli, bu əsas və ciddi səbəbdir. Amma son döyüşdə (1 günlük) bu da bəlli oldu ki, İsrail Azərbaycana satdığı raketlərin eynisini Ermənistana da satıbmış. Bu da belə... 

Türkiyədə əksəriyyət Fələstini dəstəkləyir, din qardaşlığına görə. Əslində isə cənab Ərdoğan başda olmaqla sağçıların Fələstini dəstəkləməsinin səbəbi Qüdsü qorumaqdır. Yəni Qüdsün müsəlman ölkənin tərəfində qalması istəyidir. (Biz necə deyirdik, Şuşaya kim nəzarət edirsə Qarabağ onundur.)

Çünki Qüds gedərsə Mədinə, Mədinə gedərsə Məkkə, Məkkə gedərsə Kəbə gedər. Müsəlmanların əsas məbədi Kəbə, Məhəmməd peyğəmbərin məzarı və  s. hamısı gedər. O zaman İslam dininin sütunu çökər ki, bu olmazsa olmazdır... 

(Buna İsrailin gücünün yetməyəcəyini düşünürəm. Hazırda qazanan tərəf isə rəsmi Tehrandır.)

Mənim və mənim kimi sıradan vətəndaşların hansı ölkəni dəstəkləməsinin heç bir fərqi yoxdur. Olsaydı əgər, şəxsən mən ikisinin barışmağını çox istərdim. Müharibələrə yox deyək! 

İnsanlar ölməsin, uşaqlar ölməsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Azərbaycan Milli Xalça Muzeyində Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin “Naxışlarda motivlərin gözəlliyi” adlı sərgisi açılıb.

 

Muzeydən verilən məlumata görə, Türk dünyasının simvolu – xalça” mövzusunda II Türk Dünyası Muzeyləri Görüşü çərçivəsində keçirilən sərgidə Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin etnoqrafik kolleksiyasından 40-dan artıq eksponat nümayiş olunur. Bunlara qazax xalqının zəngin mədəniyyətini, dünyagörüşünü, yaşadıqları köçəri həyat tərzinin minilliklər boyu formalaşdırdığı özünəməxsus ənənələri əks etdirən xovlu və xovsuz xalçalar, xalça və keçə məmulatları, geyim və zərgərlik nümunələri, toxuculuq alətləri, məişət əşyaları, atın bəzədilməsi üçün ləvazimatlar aiddir.

Bədii və tarixi baxımdan yüksək dəyərə malik, fakturası, gözəlliyi, ornamentlərinin zənginliyi ilə fərqlənən kiçik ölçülü “kilem” – ənənəvi qazax xalçaları və xalça məmulatları sərgidə xüsusi yer tutur.

Sərgidə qazax mədəniyyətinin özünəməxsusluğunu əks etdirən, estetik baxımdan zövqlə işlənən, interyerə xüsusi ahəngdarlıq verən eksponatlar alaçıqda olduğu kimi yerləşdirilib. Ona görə ekspozisiyanı ziyarət edən qonaqlar qazax xalqına məxsus ənənəvi yaşayış yeri olan alaçığın ab-havasını duyurlar.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Sevilən şair, Cəlilabadda yaşayıb yaradan Əlizadə Nurinin yeni kitabı işıq üzü görüb. “Sənə yağış dərirəm” adlanan kitab “Adiloğlu” nəşriyyatında ərsəyə gəlib, 224 səhifədən ibarətdir.

1000 tirajla çıxan kitabın redaktoru şair  Əbülfət Mədətoğludur. 

 

“Ədəbiyyat və incəsənət” portalı Əlizadə Nuri ilə telefon əlaqəsi yaradaraq ondan yeni kitabı barədə bilgilər almışdır. 

Əlizadə Nuri söyləmişdir: 

-“Sənə yağış dərirəm” sayca onuncu kitabımdır, ən son şeirlərim bir araya gəlib. Çox sevincliyəm. Amma onu da deyim ki, yeni kitabım məni çox yordu, işi ağır oldu.

 

Əminik ki, kitab poeziyasevərlər üçün əsl hədiyyə olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Dərviş Təbrizlinin şeirlərini təqdim etməkdədir. 

 

Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı işıq üzü görübdür. 10 kitabdan artıq roman kitabını Azərbaycan  əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə Təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının yazarı və baş yazarıdır.

Bu gün şairin “Yağış altda” şeirini təqdim edirik.

 

 

YAĞIŞ ALTDA

 

Mən könlümü bir gün sənə satdım yağış altda,

Sandım ki, yatan baxtı oyatdım yağış altda.

 

Ağzımda susan dil səni görcək işə düşdü,

Ağzım dolu bir dəfə söz atdım yağış altda.

 

Güldün mənə, bir kəlmə danışcaq geri döndün,

Saldım üzümə azca yubaltdım yağış altda.

 

Gəzdik təpədən-dırnağa ıslandıq o axşam,

Sən hey sözü kəsdin, mən uzaltdım yağış altda.

 

Addımlarılan təbrizi başdan-başa ölçdük,

Öpdüm səni atdıqca hər addım yağış altda.

 

Addım başı könlüm qəzəl istərdi gözündən,

Bilməm ki, nələr onda yaratdım yağış altda?

 

Düşdü araya ayrılıq, əl-əldən üzüldü,

Səndən ürək axirdə qopartdım yağış altda.

 

Minlərcə qəzəl lal qalıb ağzımda o gündən,

Sənsiz bu gün ağzım dolu yatdım yağış altda.

 

Dərviş, o yalan sevgini bir buxçaya yığdım,

Getdim görüşən yerdə boşaltdım yağış altda.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Cümə, 13 Oktyabr 2023 09:00

Artıq zaman yetişib...- ESSE

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir vaxt sənin üçün tamamən yad, özgə olan küçələr indi doğmalıqdan həsrət sarmaşıqları bağlayıb sanki, eynən yad, özgə insanların zaman ötəndən sonra doğmalaşıb vida üçün hazır olan əlvida saran qucaq qolları kimi...

 

Hər küçənin, döngənin bir xatirəsi və yanından ötərkən sənə səslənməsi içindəki məsumluğu və boş divarın künclərinə, qapısına, pəncərələrinə döyəcləyən həssas bir meh qədər amansız və sarı simləri tərpədəcək qədər ürkəkdir...

 

Öz dünyamda boğulanda və düşüncələrimin 4 divara sığmazlığını anlayanda külək, yarpağın ağaca vida deməsi anındakı uçuşundakı səssizlik, narın yağış, zərif zəif işıqlar və ümidverici sözlər köməyimə çatırdı sanki...

 

Sətirlərdə belə sözlər səhnəyə kim çıxsın deyə təlaşda idilər hər zaman, tamaşaçılar onları maraqla gözlədikləri üçün rol oynamaq naminə və ya yola vermək adına bər bəzəkli sözləri təki inciməsinlər, narazı qalmasınlar deyə gözə soxurdular...

 

Nələrisə nələrdəsə bəzən zirvədə buraxmaq lazımdı, sənə ümid işığı kimi görünən bir şeyin əslində projektor işığı ilə canlandırıldığını görmək hündürmərtəbəli binadan sənin indicə intihar etməni səbirsizliklə  gözləyən insanların dillərindən çıxan yalançı təsəllilərini eşitmək qədər acizanədir...

 

Cismimlə, hisslərimlə rəqs etməyə kimsəni tapmayanda, ya da tapılanın əslində o olmadığını anlayıb uzaqlaşanda, bax o zaman sətirlər məni rəqsə dəvət edirdi...

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində ərsəyə gətirilmiş “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitabın təqdimatı keçirilib.

 

İB-nin yaydığı məlumata görə, təqdimat mərasimində universitetin filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova aşıq sənətinin və bu sənətə bağlı olan instrumental ifaçılığın inkişafında mühüm rol oynayan sazbəndlik sənətinə və sazbəndlərə həsr olunmuş bu kitabı sazbəndliyin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən çox mühüm və vacib bir layihə kimi dəyərləndirib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxışında qeyd edib ki, indiyədək sazbəndliklə bağlı nəinki ayrıca kitab, heç bir məqalə də yazılmayıb: “Bu barədə elmi monoqrafiya bir yana dursun, mənzərəni təqdim edən albom səviyyəli tanışlıq kitabı da hazırlanmayıb. Sözügedən istiqamətə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun ayrıca diqqət yetirmək cəhdini bu mənada xüsusi vurğulamaq və qədirşünaslıq duyğusu ilə dəyərləndirmək lazımdır.

Araşdırma səciyyəsi daşıyan və böyük zəhmət bahasına başa gələn bu əsərdə sazbəndliyin tarixi köklərinə diqqət yetirilməklə bərabər, sazın quruluşu, onun müxtəlif hissələri barədə məlumat çatdırılır, ayrı-ayrı sazbənd emalatxanalarındakı istehsal prosesi maraqlı tərzdə təqdim olunur”.

Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, filologiya elmləri namizədi, dosent Qüdrət Umudov və digər çıxış edənlərdə kitabın aşıq sənətinin araşdırıcıları, bütövlükdə folklorşünaslar üçün qiymətli mənbəyə çevriləcəyinə inamlarını ifadə ediblər.

Sonda layihənin həyata keçirilməsinin məqsəd və vəzifələrindən danışan “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, kitab iki hissədən ibarətdir. Birinci hissədə mədəniyyətimizin çox mühüm qollarından biri, xalqımızın qədim və ölməz sənəti kimi 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş aşıq sənətinin ayrılmaz tərkib hissəsi olan sazbəndlik bir sənət sahəsi kimi diqqət önünə gətirilir, onun incəlikləri araşdırılır. İkinci hissə isə sazbəndlərə həsr olunub və burada ayrı-ayrı sazbəndlər haqqında qısa tanıtım məlumatı verilir.

Tədbirdə, eyni zamanda, ADPU-nun filologiya fakültəsinin tələbələri sənətlə bağlı şeirlər səsələndiriblər, aşıq İmran Göyçəli isə balabançı Ələkbər Ələkbərovun müşayiəti ilə bir neçə aşıq havası ifa edib.

Xatırladaq ki, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun müəllifi olduğu bu kitabın elmi redaktoru ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli və ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədlidir.

Kitabdan folklor və musiqi araşdırıcıları, ölkəmizin müvafiq ali məktəblərində aşıq sənəti üzrə təhsil alan bakalavr və magistrlər, tədqiqatçılar istifadə edə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.