Super User

Super User

Çərşənbə axşamı, 17 Oktyabr 2023 12:15

BİRİ İKİSİNDƏdə Aysel Fikrətin “Məscidin dəlisi”

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün yenə Nəsr saatıdır, sizlərə Aysel Fikrətin “Məscidin dəlisi” hekayəsi təqdim olunacaq.

 

 

 

NƏSR

 

Aysel FİKRƏT

 

 

MƏSCİDİN DƏLİSİ                                                                     

 

Allahın tanımadığı evi olmaz. Yerin özü də Onun evidi. Bax sənin də, mənim də nə et­di­yimizi, harda olduğumuzu bir o Yaradan bilir. Nənəsi Abdullanı belə böyütmüşdü. Onun süngüyə gedən dilinə qurban, sadağa gedə-gedə. Sübh namazında: “Ay Allah, bu balamı da qat bu dünyanın uşaqlarına. Axı mənim bu dünyadan yanına köç edən, mələk qızımın nə günahı var idi ki, onun uşağının dili lal ola. Ay Allah, bu uşağın dilini aç. Onun da, bəlkə, Sənə sözü var”. Güllü yorğanlardan gə­lən gülab iyinin gözəlliyində böyümüşdü Ab­dulla. Bir gün də tezdən oyanıb “Nənə” – de­miş­di Abdulla. "Ay nənə..."

Abdullanın dilinin açıldığı gün nənəsi o dün­yaya köç etdi. Abdulla ölümün nə oldu­ğunu görməmişdi. Saatlarca nənəsinin ya­nın­da oturub onu oyandırmaq üçün səslər çı­xarmışdı. Abdulla özü də anlamadan sözlər deyirdi. Ac idi, susuz idi. Qonşu Zibeydə gəl­məsə, bəlkə də, Abdulla da ölüb gedəcəkdi. Qonşunun hay-küyünə adamlar yığıldı. Ab­dul­lanın nənəsini harasa apardılar. Abdulla nənəsiylə dua etməyə getdiyi evin ta yanında torpaq qazıldı. Abdulla nənəsinin torpağa əkil­məsini gözüylə gördü. Onda onun gözləri böyüyüb dünyanı aşdı. Abdulla bu dünyanı hələ bu günə qədər belə aydın görməmişdi.

Nənəsinin dua etmək üçün onu gətirdiyi məs­cid adamla dolu olardı. İsti idi. Yerə xalçalar, yorğanlar döşənmişdi. Nənəsi tez-tez Abdul­laya “Gözlərini yum, bala, yat. Yuxuda sənə şəfa verilər”, deyərdi. Abdulla çox yorul­muş­du. Adamların  arasından qaçıb məscidin içində bir sakit yer tapıb uzandı. Gülab ətri verən yorğanı üstünə örtüb nənəsinin sözlə­ri­ni bir də düşünüb yatdı.

Kəndin adamları onu məsciddə tapanda çox kövrəldilər. Bu gecə ona dəymədilər. Sə­hər azan səsinə oyanan Abdulla bir daha evi­nə getmək istəmədi.

Hər gün obaşdan oyanıb ətrafı səliqəyə sal­dı. Su daşıdı. Nənəsinin qəbrinin yanına su tökdü. Hər dəfə su tökdükcə bir az böyüdü Abdulla. Axırda böyüyüb 19 yaşında bir gənc oldu. Kənddə hamı sevərdi Abdullanı. Təkcə Ağgüldən başqa. Uşaqlıqdan bəri gözünün tut­duğu bu qız Abdullanın onun üçün dərdiyi gülləri yolun düzünə səpələyib “məscidin də­li­si” deyib qaçmışdı bir dəfə.

O gündən Abdulla heç ağıllı olub bir kəlmə deyə bilmədi. Lal baxışlarla, ağzından çı­xan bir-iki sözü də içində susdurdu.

Abdulla nənəsindən sonra sığındığı Allah­dan, bir də Ağgüldən başqa bir həqiqət ta­nı­mırdı.

Məscidə baxan Hüseyn kişi də deyirdi, ay kişi, Abdulla olmasa, bu məscidin halı ne­cə olar. Abdulla səhər durub həyətin bütün işlərini görərdi. Darvazanı açar, insanlara yar­dım edərdi. Dua üçün gələn xəstələri əlin­də daşıyar, qocalara su verərdi. Abdullanın başqa yönü yox idi. Abdulla üzü Allaha bö­yümüşdü. Dua vaxtı minbərin altında oyuq ki­mi bir yer tapıb gizlənərdi. İnsanların di­ləklərini Allahla bir eşidərdi Abdulla.

Heç kimin onu görməyəcəyindən əmin olub yerini rahatlardı. O, qonşu Zərbə­linin Allaha pənah gətirib, “Ay Allah, sən gü­na­hımdan keç” deməsinə xeyli gülmüşdü. Zər­bəli bu kəndin mal-qarasını, kasıbını tala­yan qumarbazın biri idi. Abdulla gülür, gülür, səsini içinə qısa bilmirdi. Zöhrəbəyim qarı­nın “Allah, bilmirəm bu insanlar mənim lal canımdan, dilsiz-ağızsız canımdan nə istəyir” deməsinə lap qəşş etmişdi. Çünki bu məhəllə­nin uşaqları, böyükləri Zöhrəbəyimin davala­rıyla böyümüşdü.

Abdulla burda nələr görmüşdü, nələr... Dos­tu­nun malını yeyib iman istəyəni, ev dağıdıb aman istəyəni... Hərdən Abdulla ağlardı, Pa­ki­zə ananın xəstə canına, qonşusu Ağcanın it­kin oğluna, Qasımın evsiz-eşiksiz, küçədə qal­mağına.

Hərdən də qəzəblənirdi sələmçinin, iman­sı­zın bura gəlişinə. Onda Abdulla əlində olan xırda daşları göydən atardı. Günahlılar onun məscidində çox qalmasın deyə.

Gecələr nənəsinin qəbrinin daşını öpüb, qoxlayıb yenə məsciddə yatardı. Bu minvalla Abdullanın gülüşü, göz yaşı da insan diləyi idi.

O günə qədər ki Ağgül məscidə gəldi...

O gün Abdulla məscidin həyətindəki güllə­ri suvarırdı. Qapıda Ağgülü görüb yerində don­du. Əlində satılı, ayağının altında daşı hiss etməyib yıxıldı. Üst-başı su içində, Ağ­güldən qaçıb oyuqda gizləndi. Ağgül yaxa­sın­dan bir məktub çıxardı. Gözəl sinəsində töv­şüyən ürəyinin sanki səsi eşidilə-eşidilə “Ay Allah, dedi, məni bu məktubla aldat­dılar. İndi mənə ölüm yaraşar”.

“Bu məktubda o qədər gözəl sözlər var idi. Məni aldatdılar, deyib dizlərini yerə qoyub ağladı. Mən kirləndim. Mən sevginin belə eybəcər olduğunu, o yaraşıqlı oğlanın gözlə­ri­nin belə iyrənc olduğunu bilmirdim. Bil­mirdim, ay Allah. Ölməliyəm, bilirəm. Yalnız Sən məni bağışla. Keç günahımdan”.

Abdulla heç nə anlamasa da, Ağgülün göz yaşlarına dözmürdü. Ona qoşulub xeyli ağla­dı. Ağgül hıçqırıq səsi eşidib qaçdı. O gecə qar­daşı Ağgülü ölüncə döydü. Ağgülün səsi, naləsi bütün kəndi bürümüşdü. Onu aldadan oğlan da çoxdan qaçıb getmişdi. Ağgül qaçıb gedəndə Allahın evində unutduğu məktubu oxuya bilməsə də, Abdulla onu bir dərd kimi qorudu. Abdulla özü də bilmədiyi bir ürpən­tinin ona verdiyi "daha Ağgülü sevə bilməzsən" acısın­da üşüyürdü... Amma onu sevməyə bilmirdi. Abdulla bir səhər oyanıb nənəsinin qəbrini bağrına basıb getdi... Danışa bilməsə də, son dəfə Allahın dərgahında azan çəkdi. Var səsiy­lə üzü göyə inildədi. Ürəyində bir söz giz­ləmişdi, onu heç vaxt demədi... Bir gün də nə su vedrələri, nə ağaclar, nə qəbirlər, nə min­bər sevindi. Allahın lütfü düşən bu evdə Ab­dulla qədər işıq azaldı. Abdulla getdi. Allahın tanımadığı evi olmaz. Yerin özü də onun evi­di. Bax, sənin də, mənim də nə etdiyimizi, har­da olduğumuzu bir o Yaradan bilir. Nə­nə­si Abdullanı belə böyütmüşdü. Onun süngüyə gedən dilinə qurban, sadağa gedə-gedə. Sübh namazında: “Ay Allah, bu balamı da qat bu dün­yanın uşaqlarına. Axı mənim bu dünya­dan yanına köç edən mələk qızımın nə güna­hı var idi ki, onun uşağının dili lal ola? Ay Allah, bu uşağın dilini aç. Onun da, bəlkə, sənə sözü var”.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

40-CI DƏRC

 

Baş Hakim onun sözünə qüvvət olaraq üzünü Vaçyantsa tutub əlavə etdi:

-Cənab Vaçyants, siz hətta müxtəlif yollarla cəzadan yayınmasaydınız belə, humanist müsəlmanlar bir il keçmiş sizə amnistiya verəcəkdilər. Bu, onların üzü, bu da sizin üzünüz.

Vaçyants bu məqamda susdu.

Sonra söz şahidlərə verildi.

Elan olundu ki, bu şahidlər 1918-ci ilin 4 dekabr tarixində Bakı şəhərində Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının keçirdiyi istintaq dinlənilməsi zamanı Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirilmişlər.

1-ci şahid gördüklərini belə nəql etdi:

-Xədicə Qəni qızıyam, 35 yaşım var, Bakı sakini, 1-ci Kanitapinskaya küçəsi, dalan № 7, ev № 8 ünvanında yaşamışam, savadsızam. 1918-ci ilin mart ayının 19-da səhər tezdən yüz nəfərdən artıq erməni əsgəri yuxarıda qeyd etdiyim ünvandakı evimizə soxuldular və mənim 45 yaşlı ərim İsmayıl Kərbəlayı Abbas Qulu oğlunu öldürdülər, mənim mənzilimi 6240 rubl dəyərində qarət etdilər, ərimin cibindən isə 7000 rubl pulunu çıxardılar. Mən azyaşlı uşaqlarımla qonşu yəhudi qadının evində gizlənmişdim. Bir saatdan sonra ermənilər məni əsir götürdülər. Ermənilər mənim əşyalarımı mənzilimdən çıxarıb avtomobilə qoyurdular və aparırdılar. Erməni əsgərləri qonşularımızı da öldürdülər və evlərini qarət etdilər. Mənim ərimi tüfənglə öldürdülər və ayaqlarını kəsdilər.

2-ci şahid hadisələri bu cür nəql etdi:

-Zərəfşan Bəyəli qızıyam, 40 yaşım var, Bakı şəhəri, 10-cu Kanitapinskaya küçəsi, 34 №-li evdə yaşamışam, savadsızam. Həmin il mart ayının 19-da – o qara gündə erməni əsgərləri evimizə soxuldular, mənim 20 yaşlı oğlum Məmməd Əli Nəcəf Qulu oğlunu gözümün qabağında öldürdülər və mənzilimi qarət etdilər. 5124 rubl dəyərində qarət edildik. Ermənilər 300 rubl nağd pulumu sandıqdan çıxardılar. Məni uşaqlarımla birlikdə əsir apardılar və dörd gün saxladılar. İki yaşlı oğlum əsirlikdə qollarımın üstündə öldü. Onun adı Abbasəli idi. Mənim ərim bağrı çatlayaraq öldü. Dörd gündən sonra məni buraxdılar və elə həmin gün iki oğlum - 6 yaşlı Həsən Bala və 9 yaşlı Hüseyn Bala da acından öldülər. Mən bir tikə çörəyə möhtac qalmışdım, bütün varımızı-yoxumuzu əlimizdən almışdılar.

3-cü şahid söz aldı:

-Zeynəb Xanım Əkbər qızıyam, 20 yaşım var, Bakı sakini olmuşam, Tatarskaya küçəsi, 90 №-li evdə yaşamışam. 1918-ci il mart ayının 21-də otuz nəfər silahlı erməni əsgəri yuxarıda göstərilən ünvandakı evimizə gəldilər, mənim mənzilimi 24.425 rubl dəyərində qarət etdilər və 1 yaş yarımlıq qızım Teyraxanımı ayaqlayıb əzdilər. Eşitdiyimə görə erməni əsgərləri mənim qonşularımın evlərində də uşaqları ayaqlayaraq əziblər. Mən ayaqlanan qızımın çığırtısını indi də eşidirəm.

Çıxışları təqribən oxşar olan, oxşar acılar çəkmiş ardıcıl 12 şahidin çıxışı dinlənildi. 12-ci şahid Bakı sakini olmuş Ziyarət Xanım Zülfəli qızı idi.

- 45 yaşım var, savadsızam, Bakı şəhəri, Qoqolevskaya küçəsi, 83 №-il evin sakini olmuşam, daimi olaraq isə Bakı quberniyasının Binəqədi kəndində yaşamışam. 1918-ci ilin sentyabrında ermənilər Binəqədidə müsəlman kəndlilərini, o cümlədən mənim 6 nəfər qohumumu, yəni 2 uşaq, 2 qadın və 2 kişini xəncərlə doğramışdılar. Bundan əlavə ermənilər ümumi dəyəri 28.800 rubl olan əmlakımı qarət etmişdilər.

12-ci şahid ifadəsi verildikdən sonra Vaçyantsın hadisələr vaxtı – martın 17-də Bakı Şəhər Dumasının iclasından çıxıb şəhərdə ilk atışma başlayanda  Nikolayevsk küçəsində hadisələrə rəhbərlik etməsini iddia edən Mirzə Əhməd Hüseynzadənin şahid ifadəsı də alındı. Vaçyantsı yaxşı tanıdığını deyən Hüzeynzadə onu heç kəslə qarışıq salmadığını bəyan etdi, Vaçyants yenə and-aman etdi ki, guya orda olmayıb. Belədə, müsəlman şahid Quran çıxarıb əlini basdı ki, düz deyir, Vaşyants şəxsən qətllərin təşkilatçısı olub. Doğrudan, niyə də yalan desin axı?

Bu məqamda artıq zaman çox gec olduğundan Baş Hakimin təklifi ilə Divan öz işini ertəsi günə kimi təxirə saldı, hökm eşitmək arzusunda olan tamaşaçılar səbirlərini basıb növbəti günü gözləyəsi oldular.

Axirət dünyasında növbəti şər qaraldı, Baş meydan, Bazar meydanı, bulvar – hamısı tədricən boşaldı. Ay səmada tam bərqərar oldu. Burada Ay Əsas dünyadakından daha parlaq olur. Sanki o, daha yaxındadır, sanki, əl atsan tuta biləcəksən. Amma Axirət dünyasında Əsas dünyadakı kimi ulduzlara rast gəlməzsən. Nə sirrdirsə, buranın səmasında bilmərrə olaraq ulduz yoxdur. Deyilənə görə, Əsas dünyadan çox-çox uzaqda yerləşən bu, öz qravitasiyası və daxili təzyiqi nəticəsində müvazinətini saxlayan, işığı özündə əks etdirən ulduz adlı massiv qaz şarının öz daxilində baş verən nüvə reaksiyaları sintezini apararkən yalnız Əsas dünyada görünməsinin səbəbi var, bu, onun olduqca uzaqda – Əsas dünyaya ən yaxınının oradan 4,2 işıq ili məsafəsində yerləşməsi səbəbindəndir. 6000 ulduzun heç biri Axirət dünyasında görünməz. 4,54 milyard yaşı olan Əsas dünyanın alt qatında, nüvəsində yerləşən Axirət dünyasına yalnız Əsas dünyaya nisbətən yaxın olan Ay və  Ulduz işıq sala bilir.

Buranın gecələrinin daha zülmətli olması isə Ayın daha çox parlaqlığını şərtləndirir.

 

 

 

9-CU PROSES.

HAMAZASP SRVANTSYAN

 

Növbəti proses günü erməni tarixində bəlkə də, ən çox qan tökən iki-üç şəxsdən biri hesab olunan, Andronikdən bu sahədə heç də geri qalmayan Hamazaspın tərcümeyi halı və cinayət dosyesinin oxunuşu ilə başladı. Bu insanın adı mənbələrdə o qədər cinayətlərdə hallanmışdı ki, hətta ekspertlərdə əməlləri insan adı ilə sığmayan bu şəxsi tez görmək marağı yaranmışdı. Ekspertlərdən emosional italyalı hətta yarızarafat, yarıgerçək söyləmişdi ki, proses başlayanda səhnəyə əcaib bir yeddibaşlı əjdaha gətiriləcək. Odur ki, onlar dünəndən Vaşyantsla birgə müttəhimlər kürsüsünü tutan bu şəxsdən gözlərini ayıra bilmirdilər.

Başında ağ qaragül dərisindən papaq, boynu qara mexli uzun plaş, yaxasında patrondaş, kəmərinə taxılan mauzer və azacıq çəpləşmiş gözlərdə hiylə və hədsiz qəzəb... Əjdaha-zad deyildi, adi insan idi, əgər beləsinə insan demək mümkündürsə. Saymazyana keçib yerində əyləşdi, pet şüşədəki suyu stəkana süzmədən başına çəkdi.

Baş ekspert hətta dünənki göz müşahidələri ilə kifayətlənməyib bu gün Hamazaspa yaxınlaşdı, bu qana susamış manyaka yaxından xeyli tamaşa da etdi.

Diktorlar mətni bir-birilərinə ötürərək bu şəxsin insanlığa sığmayan əməllərini faş elədilər.

-Hamazasp Srvantsyan 1873-cü ildə Osmanlı İmperiyasında - Vanda anadan olub, 1921-ci ildə Yerevanda vəfat edib. Erməni mənbələri onu fədai kimi qeyd edirlər, general rütbəsi var. 1905-1918-ci ildə rəsmən adı Osmanlı ordusunda, 1918-ci ildə bolşevik ordusunda, 1918-1920-ci illərdə Ermənistan ordusunda gedib. Amma gənc yaşlarından inqilabi fəaliyyətə qoşulub, Osmanlının sarsılmasına çalışıb. Tezliklə türklər tərəfindən təqib edilib, öncə Yerevana, ordan da Şuşaya qaçıb. 1905-ci ildəki erməni-müsəlman qırğınında fəal iştirak edib. 1908-ci ildə bir neçə daşnak dostları ilə birlikdə dövləti cinayətlərdə iştirakına görə Çar hökuməti tərəfindən həbs edilərək Sibirə sürgün edilib. Amma sürgün həyatı uzun çəkməyib.

Tarixçənin davamı sürətlə oxundu: 15 illik sürgün həyatını tam çəkmədən Hamazasp 1913-cü ildə sürgün yerindən qaçıbmış, öncə Avropaya, ordan da Konstantinopola gedibmiş. 1914-cü ildə 1-ci Dünya müharibəsinin başlanması ilə əlaqədar Rusiyada daşnaklara amnistiya verilmiş, Hamazasp da Qafqaza qayıtmışdır. O, 3-cü könüllü erməni drujinasına rəhbərliyi qəbul etmişdir. Onun drujinası Osmanlı İmperiyasında türklərə qarşı bir çox döyüşlərdə iştirak etmişdir, Vanda, Bitlisdə, Xizanda türk əsgərlərinin və türk kəndlilərinin qanını tökmüşdür. 1918-ci ildə Bakıda mart hadisələri zamanı Hamazaspın 3500 nəfərlik dəstəsi yerli müsəlman sakinlərə amansız divan tutmuşdur.

Baş Hakimin tövsiyyəsi ilə bu yerdə alman tarixçisi Yorq Baberovskinin xatirələrinə istinad edildi. Baberovskinin yazdığına görə Hamazaspın əsgərləri Bakıda insanları küçədəcə öldürür, yaralayır, zorlayırdılar.

Təfərrüatlar gətirildikcə tamaşaçıların təəccüb, heyrət və acıma sədaları ərşə ucalırdı.

Sonra ekspertlər məlumat verdilər ki, Hamazaspın dəstəsi Gəncə və Yevlaxda da eyni ssenari ilə müsəlman əhalinin qətliamını təşkil etmiş, Qafqaz İslam Ordusu ilə 4 ay müharibə aparmışdır. 1918-ci ilin iyulunda Hamazasp gücdən düşmüş ordusunun qalıqlarını sərhəddən keşirmişdir. Buna görə Erməni Briqadasının komissarı Anastas Mikoyan – o şəxs ki, sonradan SSRİ-nin ən yüksək dövləti postunu tutmuşdu, Hamazaspı xainlikdə ittiham etmişdir. “Mən dəstəyə rəhbərlik edən şəxsin bütün hərəkətlərini fikir süzgəcindən keçirdikdən sonra başa düşdüm ki, onun hərəkətinə bir ad qoymaq olar: xainlik və satqınlıq. Mən bu qərara gələn kimi Bakıya – Şaumyana bu məzmunda teleqram vurdum: ”Mənim əmrləri ona çatdırmaq cəhdlərimdən Hamazasp yan keçdi, ardınca da piyada dəstəsini çəkdi. Günahkarlar məhkəmə qarşısında durmalıdırlar.”

Az sonra Hamazasp İrana keçir, 1-ci dünya müharibəsi qurtaranda Ermənistana gedir. Onu Nor-Bəyazit regionunda Erməni ordusunun komandiri təyin edirlər. 1920-ci ildə o, türk-erməni müharibəsində iştirak edir. Sovet hakimiyyəti qurulandan sonra həbs olunub 1921-ci ildə Yerevan həbsxanasına salınır, orada da kommunistlər onu qəddarcasına öldürürlər.

Bu yerdə monitorda bir dərgi göstərildi, stenoqramda yazı ilə görüntü müşayiət olundu.

 Rusiyanın məşhur  “Oqonyok” jurnalının 1918-ci ilin oktyabrında çıxan sayının üz qabığına baxın: Bakının bir küçəsində - ikimərtəbəli yaşayış evlərinin önündə  əli silahlı motal papaqlı kişilər bir birinə tüfəng qundağı və süngüsü ilə zərbə endirə-endirə vuruşurlar. Altına da yazılıb: “Erməni-müsəlman qırğını”. Jurnalın içində isə qara tüstünün fonunda yaylım atəşi açan erməni silahlıları sıra ilə düzülüblər, altından da yazılıb ki, “Erməni silahlıları Bakının yandırılmış müsəlman bazarı qarşısında”

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

17 oktyabr. Siyasi məhbusluq yaşamış yazıçı Çingiz Ələkbərzadənin doğum günü

Çingiz Ələkbərzadə yaxşı yazıçıdır, çox oxunan “Zindan” romanının müəllifidir. Qızını da tanıyırsınız, müğənni Sevda Ələkbərzadə. Çingiz Əbülhəsən oğlu Ələkbərzadə 1936-cı il oktyabr ayının 17-də Bakı şəhərində anadan olub. Yaradıcılığa BDU-dakı tələbəlik illərindən başlayan Ç. Ələkbərzadə 1958-ci ildə “Kökəlməyin sirri” adlı hekayəsini almanaxda dərc etdirib və bundan sonra dövri mətbuatda müntəzəm çıxışa başlayıb. 1972-1973-cü illərdə Azərbaycan SSR Televiziya və Radio Verilişləri Komitəsində “Günün səsi” xəbərlər baş redaksiyasında müxbir, 1973-1975-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında ssenarist, 1976-1979-cu illərdə “Kirpi” satirik jurnalında ədəbi işçi, 1979-1984-cü illərdə AzTV-də “Günün ekranı” redaksiyasında ştatdankənar müxbir, 1984-1989-cu illərdə Şirvan zonası üzrə xüsusi müxbir olub. Ç.Ələkbərzadə “Yarpaqlar töküləndə”, “Qızıl yəhərli at”, “Çılpaqlı”, “Vulkan” “Qumarbaz”, “Dünyanın qopduğu yer” kimi maraqlı nəsr əsərlərinin müəllifidir.

Tale ona həbsxana həyatı da yaşadıb. 1986-1988-ci illərdə durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə o, günahsız həbs edilib. Ç.Ələkbərzadə həbsxanada çox böyük hörmət qazanıb, məhkumlar ona “şair” deyə müraciət ediblər. O, həbsdə olduğu müddətdə yaradıcılıqla məşğul olub, onun zindan şeirləri çox məşhur idi. Ömrünün iki il yarımını zindanda keçirib bəraət alaraq azadlığa çıxan yazıçı həyatının ağır günlərindən bəhs edən “Zindan” romanını qələmə alıb. Bəraət aldıqdan sonra yenidən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə düzəlib, sonra isə “Azərnəşr”də işləyib. Lakin həbsxana həyatının fəsadları yazıçının səhhətindən yan keçmədiyindən stresdən, əsəbdən ciddi problemlər yaşayıb. Çingiz Ələkbərzadə 1999-cu il yanvar ayının 7-də Bakıda vəfat edib. Allah rəhmət eləsin!

 

17 oktyabr. Yoxsulluqla mübarizə günü

İnternational Day for the Eradication of Poverty. 2018-ci ildən dünyada aclıqdan əziyyət çəkənlərin sayı artmağa başlayıb, bu gün planet əhalisinin 11 faizi aclıq çəkir. Yoxsulluqla mübarizə  BMT-nin əsas prinsiplərindən biridir, bu gün bütün bəşəriyyət yoxsulluqla mübarizəyə çağırılır. Dövrümüzün Hacı Zeynalabdinləri olduqca azdırlar, amma sıravi insanlarımız var ki, onsuz da kasad olan büdcələrindən kəsib tam imkansız qonşusuna yardım edirlər. Belələri var olsun!

 

17 oktyabr. Streyt-ədj günü

Təqvimin çox maraqlı günlərindən biridir. Həmin gün streyt-ədj həyat tərzini seçən insanlar həmrəylik nümayiş etdirirlər. Nədir streyt-ədj? Narkotiklərə, alkoqola, siqaretə, təsadüfi cinsi əlaqələrə, eləcə də istənilən millətçi-faşist təzahürlərə insan qrupunun prinsipial etiraz bildirməsidir. Yəni, nümunəvi insanlar nümunəvi əxlaq tərəfdarlarıdırlar. Düzü, bizdə də bu hərəkatın yayılmasının gözəl və effektiv olacağını düşünürəm. Gənclər, niyə təşəbbüs göstərməyəsiniz? Həmişə yuxarıdan gələn direktivlərlə hərəkət etməyəcəksiniz ki. Bir dəfə də özünüz irəliyə düşün!

 

17 oktyabr. Frederik Şopen sevgisi

Ümumdünya donorluq günü. Ümumdünya zədələr günü. Elektron tablolar günü. Al-əlvan paltar günü. Beynəlxalq zəlzələ zamanı düzgün hərəkətlər günü. Argentinada loyallıq günü. Tailandda polis günü.  Hindistanda rəqəmsal cəmiyyət günü. Yaponiyada Kannamsay festivalı günü. ABŞ-da isə milli pasta (bizlər buna perojna deyirik) günü.

1905-ci ilin bu günündə Balkan liqası Osmanlı imperiyasına müharibə elan edib (balkanlıları türklərə qarşı qızışdıran, təbii ki, ermənilər olub). 1849-cu ilin bu günündə ən sevdiyim iki bəstəkardan biri (digəri Üzeyir Hacıbəylidir) Frederik Şopen dünyadan köçüb. Musiqidə romantizmin banisi, dünyaşöhrətli Polşa bəstəkarı və pianoçusunun dünyanın dörd tərəfində yüz milyonlarla pərəstişkarı var. Azərbaycana Şopeni kütləvi olaraq “Təhminə” filmi sevdirib desəm, inanın ki, yanlışlıq etmərəm. “Zaur, eşidirsən, Şopenin Prellüdiyasıdır”.

Nə qaldı? 1729-cu ildə məşhur “Dezertir” komik operasını yaratmış fransız bəstəkarı Pyer Monsinyi doğulub.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

Çərşənbə axşamı, 17 Oktyabr 2023 17:00

Günəşimmi, ayımmı, ulduzummu? Yox, heç biri - ESSE

Gülnaz, “Ədəbiyyat və incəsənət”

 

 

Günəşim olarsanmı? Sabahlar səmadan gülümsünər, məni isidərsən. Ancaq yandırmazsan.

 

Ayım olarsanmı? Qaranlıqda işığıma çevrilərsən. Yolumu aydınladarsan.

 

Ulduz olarsanmı? Elə doğmalaşarıq ki, uzaqlardan mənə göz vuranda səni milyonların içindən tanıyaram.

 

Bulud olub hərdən dolarsan, amma gurlamazsan.

 

Yağış olarsanmı? Məni oxşaya-oxşaya qulağıma həzin-həzin pıçıldayarsan.

 

Küləyim olarsanmı? Məni sərinlədər, ancaq üşütməzsən.

 

Qar dənəm olarsanmı? Pəncərədən əlimi uzadıb səni ovcumda qoruyaram. Nə olar,  çıxıb getməzsən. 

 

Sən gəl səma ol. Mənə qucaq aç. Hər kəs üçün əlçatmaz, sirli qal. 

Mən göylərə aşiq biriyəm.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

Çərşənbə axşamı, 17 Oktyabr 2023 13:00

TOP 5. Ən güclü xüsusi xidmət orqanları

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Dünya qan-qada içindədir. Biz öz Qarabağımızı mənfur terrorçulardan xilas etdik. Amma bir yanda Rusiya Ukraynanı bombalayır, bir yanda İsrail Həmas terrorçularına cavab verməli olur. 

Mən sizə ölkələri bu cür basqınlardan qorumağa hesablanmış xüsusi xidmət orqanlarından danışacam. Daha doğrusu, sizlərə dünyanın ən güclü XXO-nı təqdim edəcəm. 

 

Xüsusi xidmət orqanları ölkələrin daxili təhlükəsizliyi və ictimai asayişinin qorunması üçün əvəzsiz rola malik strukturdur. Onların effektivlik dərəcəsi geniş casus şəbəkəsi, dünyanın müxtəlif ölkələrindən əldə etdikləri kəşfiyyat məlumatlarını ölkənin təhlükəsizliyi üçün istifadə etmək kimi bir çox funksiyalara malikdir.

 

NÖMRƏ BEŞ - Mİ-6

 

Mİ6 - Dünyada yaradılan ilk xüsusi xidmət orqanı hesab olunur. Mi6 1909-cu ildə Londonda yaradılıb və Britaniya imperiyasının milli maraqlarını müdafiə edən ən önəmli struktura çevrilib. Təşkilatın büdcəsi və üzvlərinin sayı barədə məlumatlar məxfi saxlanılır. Mİ6 Birinci və İkinci Dünya Müharibələrinin gedişinə əsaslı təsir edib.

 

NÖMRƏ DÖRD - ÇMTN

 

Çin Milli Təhlükəsizlik Nazirliyi - Bu struktur 1983-cü ildə Pekin şəhərində yaradılıb. Ölkə daxilnidə və xaricində terror təhlükəsinə, ölkənin milli maraqlarının qorunmasında və Çini maraqlandıran kəşfiyyat məlumatlarının toplanmasında iştirak edən qurum 300 mindən artıq əmıkdaşa malikdir. Milli Təhlükəsizlik Nazirliyi gizli agnetləri vasitəsilə həm ölkə daxilnidə, həm də Çin diasporunun yaşadığı digər ölkələrdə geniş şəbəkəyə malikdir.

 

NÖMRƏ ÜÇ -KQB

 

Federal Təhlükəsizlik Xidməti - Nüfuzlu "KQB"nin varisi sayılan bu federal xidmət 1995-ci il aprelin 12-də yaranıb. FTX Rusiyada terror aktları planlaşdıran, qanunsuz silahlı birləşmə üzvlərinə qarşı uğurlu əməliyyatlar həyata keçirib, parallel olaraq öz xaricdəki filialları vasitsilə geniş kəşfiyyat fəlaiyyətləri aparıb. Federal Təhlükəsizlik Xidmətinin üzvlərinin dəqiq sayı və ona ayrılan büdcə barədə informasiya yoxdur.

 

NÖMRƏ İKİ MOSSAD

 

Mossad - İsrailin ən effektiv xüsusi xidmət orqanlarından biri sayılır. Dünyanın müxtəlif ölkələrində bir sıra uğurlu əməliyyatlar həyata keçirən Mossad 1951-ci il aprelin 1-də Təl-Əvivdə yaradılıb. Təxminən 1200 əməkdaşı olan təşkilat dünyanın müxtəlif ölkələrində, o cümlədən İsraillə gərgin münasibətlərdə olan qonşu ərəb ölkələrində geniş kəşfiyyat məlumatları və agent şəbəkəsinə malikdir.

 

NÖMRƏ BİR MKİ

 

Mərkəzi Kəşfiyyat İdarəsi. ABŞ-ın və dünyanın ən məşhur xüsuysi xidmət orqanı sayılır. MKİ 1947-ci il sentyabrın 18-də Virciniya ştatının Lenqli şəhərində anadan olub. 20 min əməkdaşı olan təşkilat dünyanın ən müxtəlif ölkələrində agent şəbəkəsi mövcuddur.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar  “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyalar müsabiqədə yer alıb və bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də bu layihələrə meydan verəcək. 

Mərkəz 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.

2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, Mərkəz müsabiqəyə TÜRKSOY-un planladığı “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edib.

Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən  məlumat verilib.

 

Mərkəzdən bildirilib ki, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan qurtarılmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə nominasiyada üstünlük veriləcəkdir.

Həmçinin Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.

Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb. 

Müsabiqədə sadalanan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər. 

Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edəcəklər.

Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.

Müsabiqəyə göndərilən materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.

Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Azərbaycan Mədəniyyət Mərkəzinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 2023-cü il noyabrın 30-na müəyyən edilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

Çərşənbə axşamı, 17 Oktyabr 2023 12:30

Zülm dağı - PRİTÇA

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

Biri var idi, bir yox idi. Pislik adında bir bəla vardı. Bu bəla öz əməlləri ilə yaman öyünürdü. Elə zənn eşitmişdi ki, günahkar yox, etdiyi əməllər haqdır. Etdiyi günahlar yekə bir daş parçasına çevrilirdi. Pislik isə bu daşların sayını artırmaqda yaman israrlı idi. O bu daşlardan "dağ inşa edib" hər kəsə ucadan baxmaq istəyirdi. 

 

Hə, Pislik bu daşların sayını günbəgün artırırdı. Hər dəfə də ucalan daşlara baxıb fəxr edirdi. Axı o hamıya daha ucadan baxırdı. Hər kəsi ayaqları altında görmək artıq Pislik üçün hobbiyə çevrilmişdi. Birinin halal ruzisinə mane olurdu, birinin şərəfini və mənliyin alçaldırdı, birini zəhərli sözlərlə acılayırdı. Ən sonda ana-atasını itirmiş fəqir birinin malını mənimsədi və yekə bir daş parçası ilə uca bir "Zülm dağı" inşa etdi. Təkəbbürlü şəkildə bu dağın zirvəsinə çıxdı: -Hamınız ayağımın altındasınız,-  demək istəyəndə ayağı sürüşdü və uca "Zülm dağı"-dan yerə çırpıldı. 

İndi o, onun gölməçə şəklində yaranmış qanına baxan və yazığı gələn insanların ayaqları altında idi...

                     

 “Ədəbiyyat və incəsənət”

(17.10.2023)

Çərşənbə axşamı, 17 Oktyabr 2023 11:30

Bu gün Gəncə terrorundan 3 il ötür

Heyran Zöhrabova,  "Ədəbiyyat və incəsənət" 

 

Lap beşikdə, bələkdə

Eşitdik bu qarğışı:

"Gəzməyə qərib ölkə,

Ölməyə vətən yaxşı" 

 

Biz də bəndənik axı,

Bizə nə dərd, nə qəm ver.

Ölməyə yox, İlahi,

Yaşamağa vətən ver!... 

 

Tanrının nə günahı vardı axı yaratdığın bəndələr bir-birinə doğmaca, halalca vətənində rahat yaşamağa imkan vermirdi.

Tarix boyu neçə soyqırımına, neçə qanlı qırğına məruz qaldı bu xalq. Mart, Xocalı, ADNA, Yanvar, Gəncə, Bərdə, Tərtər, Sentyabr..

Neçə günahsız insan qanına qəltan olundu, arzuları, xəyalları yarım qaldı. Neçə insan yurd-yuvasından qovulub didərgin düşdü. Neçə insan bir gülləylə sevdiklərindən, doğmalarından ayrıldı. Neçə insanın ömrünün bahar çağı dönüb çovğunlu qış oldu. Neçə qız neçə qadın çirkin erməni əliylə çirkləndiyini hiss etdi. Neçə uşaqlıq, neçə gənclik puç oldu. Güllə səsiylə  neçə qocanın qaşları çatıldı, yuxusu rahatlığı pozuldu. Neçə körpə hələ qundaqdaykən eşitdiyi ana laylasıyla şirin yuxuya dalacaqkən, böyüyüb boya başa çatacaqkən ölüm yuxusuna daldı. Hələ yenicə dil açan neçə az yaşlının eşitdiyi güllə səsiylə dili tutuldu. Neçə körpə hələ heç bircə dəfə olsun gün işığını, valideyn nəvazişini, təbəssümünü görmədən, duymadan anasıyla birlikdə elə ana bətnindəcə tələf oldu. 

Bu gün sizə onların hansından danışım? 

Yaralanmış qanlı üzüylə kameralara gülümsəyən. Və vəhşət saçan o gecənin qaranlığında eyni ilə şərin qarşısında heç bir zaman sınmayan xeyir ədası tək parlayan o məsum gülüşüylə şəhid generalımız Polad Həşimova bənzədilən Bəxtiyardan. 

 

 

Yoxsa o gecədə həm ana-atasını, həm nənəsini, həm də bir neçə ay sonra düyaya gələcək olan balaca qardaşını itirən 2 yaşlı Nilaydan. 

 

Hər iki valideynini itirən 16 yaşlı bacı, 8 yaşlı qardaş. Sevil və Hüseyndən 

 

 

Yaşadıqlarının nə olduğunu hələ heç anlamayan, eşitdiyi Partlayış səsindən dili tutulan 2 yaşlı Məryəmdənmi 

 

Ya doğum gününə saatlar qalmış yaş günü hədiyyəsi mənfur erməni raketi olan 15 yaşlı Nigar Əsgərovadan. 

Körpə balasını kəfənləyib bağrına basan, ondan qopa bilməyən çarəsiz atadan. 

 

 

Türklərin bir sözü var deyir: 

Çocuklar ölünce deyil uyuyunca susulur.. 

Gəncə terroru

İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu OTR-21 TOÇKA ballistiк raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi

Üstəlik Ermənistan tərəfi bu raket hucumu ittihamını rədd edib. Hücuma görə məsuliyyəti rəsmi olaraq Dağlıq Qarabağın rəsmiləri üzərinə götürüblər. Onlar hədəfin mülki insanlar yox, şəhərdə olan hərbi təyinatlı binalar, habelə Gəncə Beynəlxalq Aeroportu olduğu bildiriblər. Azərbaycan tərəfi isə Gəncədə ümumiyyətlə hərbi təyinatlı binaların olmadığını bildirib.

Hadisə yerində olan rus jurnalist və hava limanının direktoru Kovid-19 pandemiyasına görə martdan bəri çalışmayan hava limanının vurulması xəbərini yalanlayıb. 

İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb.

Bu zaman Ermənistan ərazisindən atılan raket Gəncənin "Grand Qafqaz" Ticarət Kompleksinə düşüb.  

Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. 

Bu gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi. Nəticədə ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi. 

Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. 

Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir.

10 oktyabrda imzalanmış atəşkəsdən sonra, yerli vaxtla 02:00-da Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistanın Berd rayonunda yerləşən Erməni Silahlı Qüvvələri Gəncəni Skad ballistik raketlərindən atəşə tutmuşdur. Raket insanlar yaşayan binaya tuş gəlmiş və onu tamamilə dağıtmışdır. Qısa müddət sonra axtarış və xilasetmə komandaları hadisə yerinə çatmışdır. Hücum nəticəsində şəhərdəki infrastruktura mühüm ziyan dəymişdir. Ümumilikdə, 31 mənzil tamamilə dağıdılmış, hadisə yerində və onun yaxınlığındakı obyektlərə və avtomobillərə ciddi ziyan dəymişdir. Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil təsirlənmişdir. Ermənistan hücum üçün məsuliyyəti inkar etmişdir 

Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir.

Təxminən yerli vaxtla 01:00-da Azərbaycanın rəsmi dairələri bildirdiriblər ki, Erməni Silahlı Qüvvələri Skat ballistik raketləri ilə Gəncəni atəşə tutmuşdurlar. Jurnalistlər şəhərdə 3 güclü partlayış səsinin eşidildiyini bildirmişdirlər

RİA Novosti agentliyinin müxbirinə görə, ballistik raketlər əhalinin sıx yaşadığı əraziyə düşmüşdür.

Bu zaman xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər ziyan görmüşdür. İlk raket şəhər binasından cəmi 2 km uzaqlığa düşmüş, ikinci raket isə şəhərin qərbində olan Kəpəz bölgəsinə düşmüşdür. "Dojd" kanalının müxbiri Vasili Polonski raketlərin düşdüyü yerlərin yaxınlığında heç bir hərbi, o cümlədən hər hansısa vacib obyektlərin olmadığını bildirmişdir. Yerli səlahiyyətli şəxslərin bildirdiklərinə görə, 20 ev dağıdılmış və xeyli sayda mülki şəxs bu dağıntıların altında qalmışdır. Azərbaycan Respublikasının axtarış və xilasetmə komandaları, Azərbaycan Müdafiə Nazirliyinin işçiləri hadisə yerinə gəlmiş və dağıntılar altında qalan şəxsləri olduqları yerdən çıxarmağa başlamışdırlar. 

Ermənistan bu hücumun da onun tərəfindən edildiyini inkar etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının Lirik irsimizdən rubrikasında nakam şairimiz Mikayıl Müşfiqin “Sənin gülüşlərin” şeirini diqqətinizə çatdıracağıq. 

 

Qarşımda nazlanıb yenə gülürsən,

Bilsən, gülüşlərin nəyə bənzəyir?

Mən desəm artıqdır, özün bilirsən,

Lalə yarpağında şehə bənzəyir.

 

Sənin gülüşlərin bir rüzgar kimi

Əsərkən arzumun gülü açılır.

Gülsə dodaqların ulduzlar kimi

Ruhuma bir sərin işıq saçılır.

 

Söylə, gözəllərin dodaqlarından

Bu oynaq gülüşlər umulmuşmudur?

Sənin hər qəhqəhən ay kənarından

Keçən buludmudur, uçan quşmudur?

 

Sənin gülüşlərin yaz səhərindən

Hissimə, fikrimə sanki rəng alır.

Gül ki, şeirlərim gülüşlərindən

Qırılmaq bilməyən bir ahəng alır.

 

Sən güldüyün zaman bu şad günümdə

Açılır qarşımda, canlanır bahar,

Bəzən baş ucumda, bəzən önümdə

Şimşəklərim çaxar, sularım axar.

 

Cahan ki, solmayan bir bağça-bağdır,

Burda rəvamıdır gülmədən ölmək?!

Yazıq o şəxsə ki, qaraqabaqdır,

Nə qədər yaraşır insana gülmək!

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

Çərşənbə axşamı, 17 Oktyabr 2023 12:00

Kəlağayı ilə eldən elə

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xəbər vermişdik ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində  ''Kəlağayı əlvan qıyqacı'' layihəsini həyata keçirir. Layihə çərçivəsində 14 Oktyabr 2023-cü ildə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində kəlağayıdan bəhs edən növbıti ədəbi-bədii gecə keçirildi.

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq  “Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı ilə əlaqə yaradaraq tədbir barədə məlumat aldıq. Məlumatı nəzərinizə çatdırırıq:

Ədəbi-bədii gecəni İsmayllı rayon İcra Hakimiyətinin əməkdaşı Gülər Baxışova açaraq tədbir iştirakçılarını salamladı,  kəlağayımızın keçmişindən, bu günündən, bu günkü geniş təbliğatından danışdı. Sonra sözü Güllü Eldar Tomarlıya verdi.  Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Sonra Güllü Eldar Tomarlı layihənin təşkili, mahiyyəti haqqında məlumat verdi.Bildirdi ki, layihənin mahiyyəti kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaqdır. Tədbirdə Mirvarid  Dilbazi Poeziya Məclsi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu, məclisin idarə  heyətinin üzvləri Vüsal Ağa, Mərziyyə Sarvan, şairlər- Mətanət Uluşirvanlı, Turac Hilal, Roman Səfərov, Xatun İsmayıllı, Nial instrumental ansamblı, ansamblın solisti, Əməkdar Mədəniyyət işçisi Sahibə Abdullayeva, xanəndə Qalib Güləliyev çıxış etdilər. İsmayıllı rayonu R.Novruzov adına Basqal qəsəbə tam orta məktəbinin direktoru Yeganə Ağayeva kəlağayı haqqında maraqlı  məlumatlar verdi, məktəbin şagirdləri kəlağayı haqqında şeirlər söylədilər.

Layihə çərçivəsində "Kəlağayı əlvan qıyqacı" kitabı oxuculara təqdim olundu. Sonda Güllü Eldar Tomarlı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə təşəkkür etdi.

"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı, Qazax, İsmayıllı və Şəki rayonlarında kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin keçirilməsi və kəlağayı haqqında kitabın nəşri nəzərdə tutulmuşdur.

Kəlağayı ulu keçmişimizin bir artefaktıdır, maddi mədəni irsimizdir. 

Onun bu cür təbliğini sadəcə alqışlamaq lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.