
Super User
POETİK QİRAƏTdə “Bütün cütlər əslində təkdi...” deyən Əlizadə Nuri
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə Əlizadə Nuri görüşür.
Bir gün...
Bir gün yaxamızdan yapışıb,
Allahı istəyəcək uşaqlar,
Soruşacaqlar: ''Neynədiniz ONU?"
...Bir gün biləcəksən ki,
ipdən özünü asanlar
təkcə intihar etmirmiş,
həm də özünü günə verirmiş...
Bir gün duz səpsək də üstünə
dadı qaçacaq ümidlərin də.
Bir gün biləcəksən ki,
dünyadakı bütün cütlər
əslində təkdi.
Ən ağır ayrılıq Allahdan ayrı düşməkdi.
Bir gün görəcəksən ki,
bütün ömür əriyib
Yerində bir ovuc xatirə qalıb...
Bir də görəcəksən ki, qocalıb adın,
hamı unudub səni
Bu doğma vətəndə qürbət yerisən...
..Və bir gün ölüb gedəcəksən,
başdaşın keşik çəkəcək məzarına...
...Bir gün
bu " bir gün" də olmayacaq...
Hərdən dərdin özü elə əlacdı...
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
İnsanlığa, mənəviyyata xidmət
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yüksək mədəniyyət, xeyirxahlıq kübarlığından irəli gəlir. Sadə, təvazökar, işgüzar və zəhmətkeş xanımdır. Yazıb-yartmaq, maarifləndirmək onun həyat kredosudur. Ərsəyə gətirdiyi əsərlərin hər biri insanlığa, mənəviyyata xidmət edir. Ünsiyyətdə çox mehriban və iltifatlıdır. Məhz elə bu keyfiyyətləri onu həmişə diqqət mərkəzində saxlayıb.
Gözəl adı var- Zemfira. Adının mənası ciddi, şanslı, aktiv və diqqətli deməkdir. Bir vaxtlar işğal altında olan torpaqlarımız uğrunda döyüşən fədakar qadınlar haqqında ərsəyə gətirdiyi “Qarabağ müharibəsi: zərif talelər” kitabı bəlkə də, bu mövzuda qələmə alınan ən gözəl publisist yazılar toplusudur.
İndiyədək on beşə yaxın kitabı işıq üzü görüb. Onların əksəriyyətində məhz Qarabağdan söhbət açılır. Bu xanıma hakim kəsilən vətən qeyrəti, düşmənə nifrət yazdığı əsərlərdə də öz əksini tapıb. Bu da onun böyük vətənpərvər olduğunun təzahürüdür…
Dekabrın 11-i Azərbaycan xanımına xas olan ən gözəl xüsusiyyətləri özündə birləşdirən yazıçı-publisist, "Əməkdar jurnalist", pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin növbəti ad günü idi. Onu bir gün gecikməklə bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram.
Yeni yaşınız mübarək, Zemfira xanım!
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
Bağçadan nazirliyəcən
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bu həftə də fərqli bir gülüş menyüsü ilə başlamaq istəyirəm. Qısa gülməcələr. Bəyənəcəyinizə əminəm.
Mərminin üstünə yıxılanın hansı hündürlükdən yıxılması bir məna kəsb etmir
Sən bağçaya gedəndə eşitdiyin “sənin dalınca gəliblər” kəlməsi ilə sən nazir işləyəndə eşitdiyin “sənin dalınca gəliblər” kəlmələri çox-çoooox fərqlidir, əfəndim.
Məktəblərdə də biznes və ekonom klasslar tətbiq ediləcək. Hamı öncə 1-ci klass-a gedəcək. Sonra varlılar biznes, kasıblar ekonom klass-a gedəcəklər.
Fəlsəfəni çox sevən oğru “Daşları yığmaq vaxtı yetişdi” deyib zərgərlik mağazasına girdi.
“Ədəbiyyat və incəsənət”
(12.12.3023)
Fikrət Əmirovun adına layiq
Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi
Ulu Öndər Heydər Əliyevin yüz illiyi çərçivəsində Azərbaycan Milli Konservatoriyasının Vokal Kafedrası “Fikrət Əmirovun yaradıcılığına səyahət ”adlı konsert proqramı hazırlamışdır.
Azərbaycan Milli Konservatoriyasının böyük zalında keçirilən bu tədbirin coşqusu tələbələrin həyəcanında nəzərimi cəlb etdi.İlk əvvəl özümü təqdim etmək üçün müəllim ilə görüşdüm. O, gülərüzlə məni qarşıladı.
Bu respublikanın əməkdar artisti,
Milli Vokal Kafedrasının baş müəllimi, uzun illər opera səhnələrindən sevərək izlədiyim Zenfira İsmayılovadır. Uzun illər Opera və Balet Teatrının solisti, baş rolların ifaçısı, prezident təqaüdçüsü, sənətinin vurğunu müəllimənin istedadlı tələbələri olacaq düşünüb, onlara uğur diləyib, zala daxil oluram, yavaş- yavaş izləyicilər öz yerlərini alırlar. Milli Vokal Kafedrasının müdiri Azər Zeynalov sözə başlayıb tədbiri açıq elan edir, sevimli müəllimə və tələbələrinə uğur diləyir…
*
Səhnə Fikrət Əmirovun görüntüləriylə, bir-birindən zəngin əsərləriylə davam etdi.
Nəzərimi cəlb edən məqamlardan ən önəmlisi isə birinci kursdan ta maqistr dərəcəsinə qədər olan tələbə qrupunun eyni səhnəni eyni peşəkarlıqla bölüşməsi oldu. Tələbələr səhnədə sərbəst, səslərinə və bütün səhnə hərəkətlərinə son dərəcədə diqqətli, nizamlı idilər. Fikrət Əmirovun “Sevil" operasından Sevilin, Dilbərin ariyaları çox uzun müddət yaddaşlardan silinməyəcək kimi iz qoydu. Zeynəb Hüseynova sanki həmin obrazların bütün səhnə keyfiyyətini mənimsəmişdi. “Sevil" operasında Bir çox Dilbərlər gördük. Tələbənin ifa etdiyi Dilbər heç də onlardan geri qalmırdı. Laylay" əsərinin ifaçısı Nigar Rüstəmova səhnə geyimi, mədəniyyəti və səsinin gözəlliyi ilə tamaşaçıları fəth etməyi bacardı.
Səhnə - profesionallığı, sərbəstliyi ona hakim olmağı sevir. Tələbələrin istedadı bütün bu meyarlara yüksək səviyyədə cavab verirdi. Fikrət Əmirovun "Şeyx Sənan" əsərindən Kor ərəbin mahnısını ifa edən Cavidan Isayevin yüksək peşəkarlığına söz tapa bilmədim. Tələbələr bir-birindən gözəl ifalar nümayiş etdirdi. Bu Zenfira İsmayılovanın ucalığı və uğuru idi.
Konsert boyu Fikrət Əmirovun görüntülərini görüb səsini eşitdik. Fikrət Əmirov Azərbaycan musiqisinin korifeyi,
Bəstəkarlıq məktəbinin yaradıcısı olmuşdur. Onun yazdığı əsərlər Azırbaycan Operasının əsasını təşkil edir. Bir bəstənin böyüklüyü onun insan ruhuna, obrazına yaxın olmağıdır ki, Fikrət Əmirov bu sahədə Azərbaycan musiqisində böyük iz qoyub gedən sənətkardır. İndi onun yaradıcılığına müraciət etmək bir müəllim və tələbə heyəti üçün böyük sənətkarlıq tələb etməklə yanaşı bu musiqini də daima yaşatmaqdır. Konsertdə iştirak edən bütün tələbələrın adlarını qeyd edirəm: Sevil-Səma Həmzəyeva, Gülüş-Günel Əsədova, Tafta-Vüsalə Teymurzadə, Laylay-Nigar Rüstəmova, Dilbər-Zeynəb Hüseynova, kor ərəbin mahnısı -Cavidan İsayev, Fikrət Əmirovun İşləməsində xalq mahnısı "Küçələrə su səpmişəm" - Mikayıl Nəsirov, Şəms Cəfərova, Sara Hüseynova, Fidan Mənsurova (trio Reyhan, Baharımsan-Ləman Əhmədova, Mədinə Mirzəyevə - Göy göl, Günel Əsədova - Fikrət Əmirovun işləməsində -Evləri var xana -xana, Konsertmeyster Vəfa Əzizova, Rəhimə xanım Qurbanova - hər kəsə daha böyük səhnələrdə çıxış edərək sənətin zirvəsinə qədər qalxmağı arzu edirəm.
Azərbaycan Milli Konservatoriyası bir sənət ocağıdır. Bu ocaqdan musiqi sənətinə atılan qığılcımları daim yaşayacaq.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
“Həyat mahnı, sevgi onun nəqarətidir” - HÜMBƏT HƏSƏNOĞLUDAN 10 AFORİZM
“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Kim qalib gəlirsə, haqlını da o təyin edir.
2.İnsanın pulu qurtardıqdan sonra onu xərcləməyin daha yaxşı yolları haqda çoxlu fikirləri peyda olur.
3.Həyat mahnı, sevgi onun nəqarətidir.
4.İnsan yazır ki, onun yaza bilmədiklərini anlasınlar.
5.Uşağınıza oxumağı öyrədəndən sonra hər oxuduğuna inanmamağı da öyrədin.
6.İnsanın ən böyük qazancı onu daşıyacaq çiyinləri qazanmaqdır.
7.Pislik edə-edə yaxşı nəticə gözləmə.
8.Qızılın susaraq dediyini heç bir insan dili ilə deyə bilməz.
9.Ən dözülməz insan yanlış əqidəsində israr edəndir.
10.İnsanlar özlərindən aşağı saydıqları ilə daha səmimi olurlar.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
9-cu hissə
Yenə də güzgü ilə üzbəüz
Saatın əqrəbləri sürətlə irəliləməkdə idi.
21:30.
Ülkər saymağa başladı. Yarım saat burdan. Saat olur 22. İki saatı da gəl üstünə. Olur 24. Demək, iki saat yarıma bu gün bitdi. On bir saat da sabahdan. Demək, on üç saat yarım.
On üç saat yarımdan sonra O, az qala uça-uça özünü Ülkərə yetirəcəkdi ki, təkliyin, uğursuz ailə həyatının acıları ilə biryolluq üzülüşsün, ürəyinə yatan, qəlbinin ən dərin tellərini titrədən birisi ilə ailə həyatı qursun, xoşbəxt olsun. Onun, yəqin, ağlına belə gəlmir ki, Ülkər indi hansı vəziyyətdədir. Düşünür ki, yəqin, indi Ülkər də sevincindən qanad açıb. Düşünür, yəqin, indi Ülkər qol götürüb oynayır, yeni həyata, yeni ailəyə təşnə kimi Onun yolunu gözləyir. Ağlına necə gətirə bilər ki, Ülkər indi tərəddüdlər içində qovrulmaqdadır. Ağlına necə gətirə bilər ki, Ülkər seçim qarşısında qalıb. Seçim deyəndə ki, bir ömür Onunla yaşamaq, Onun qolları arasında olmaq, qoxusunu duymaq, çox sevdiyi cod saçlarına barmağı ilə daraq çəkmək, qonur gözlərinin atəşli baxışları altında hey qalmaq, qalmaq indi Ülkərçün hər şey deməkdi. Bu xoşbəxtlikdən imtinamı etmək olar? Amma vicdan deyilən bir şey var ki, bax, bu imtinanı Ülkər istəməsə belə, zəruri edirdi.
Bu günün bir həqiqəti vardı, Ülkər suçlu idi, günahkar idi.
Ülkər fahişəydi, sayı-hesabı bilinməyən kişilərə xidmət göstərmiş, murdarlıqları, rəzillikləri bu otuz bir yaşına kimi üstündə daşımış ləkəli birisiydi. Vəssalam!
Qəfildən dik atıldı, telefonunu götürdü. Qızı ilə əlaqə saxlamamışdı neçə saat idi.
-- Alo, mama qurban, necəsən?
Sualın cavabı xeyli gec gəldi:
-- Yaxşıyam, ma, yemək yeyirəm. Evindəsən, yoxsa Dubayda?
Qeyri-ixtiyarı “Hə, Dubaydayam” dedi.
Ömrünün Dubay mərhələsi başlayanda məcburən dünyalar qədər sevdiyi, gözünün bəbəyi, ürəyinin döyüntüsü olan qızından ayrı yaşamağa məcbur olmuşdu. Bəzən həftələrcə orada qalası olurdu, nənəsinin yanında qalan qızı üçün burnunun ucu göynəyirdi. Bakıya dönən kimi ciyərparasını da götürüb evinə aparırdı, yeni səfərə qədər bir neçə gün birgə yaşayırdılar. Bu dəfə ilk kəzidi ki, Bakıya dönmüş, amma nə evinə, nə də qızı ilə görüşməyə getmişdi. Dubaydan birbaşa Onun evinə gəlmişdilər. Burada iki bənzərsiz, təkrarsız gün keçirmişdilər, sonra da təcili Dubaya yollanan O, yoldaca Ülkərə mesaj yazmışdı ki, qayıdan kimi səninlə ailə quracağam, Aylinə də öz balam kimi baxacağam.
-- Dərslərin necə gedir, mənim canım?
Özü həyatda büdrəmişdi, amma qızını dünyanın ən xoşbəxti etmək amacında idi. Aylinin on iki yaşı var idi, altıncıda oxuyurdu, indidən onun gələcəyinin qeydinə qalaraq ingilisdilli liseydə oxudurdu, xoreoqrafiya və rəssamlıq dərnəklərinə üzv etmişdi. Qızı üçün sürücü tutmuşdu, Malik adlı yaşlı kişi öz “Opel”i ilə Aylini məktəbə, dərnəklərə aparıb gətirir, hər ayın tamamında da Ülkərdən maaş alırdı.
-- Ma, tətilqabağı nə dərs? Boşuna gedib-gəlirik, dərs-zad olmur.
Aylinin bu cavabından sonra özünü diqqətsizlikdə qınadı. Doğrudan axı, may ayı idi, mayın 22-si idi, bu vədələrdə dərsə getmək formal xarakter daşıyırdı.
-- Nənə necədi?
-- Yaxşı.
-- Malik əmi necədi?
-- Ma, yenə ağzına bir ovuc qoz-fındıq atıb yol boyu mırc-mırc eləyir Malik əmi.
Ülkər gülümsədi, yadına düşdü ki, Aylin həmişə sürücünün mırçlarından təngə gəldiyini deyib şikayətlənərdi.
-- Təzə nə xəbər var?
Bu suala Aylinin cavabı çox uzun oldu. Aylin böyüklərsayağı “Şelkunçik” baletini məşq etdiklərindən, amma bu baletin uşaq psixologiyası ilə uzlaşmadığından, rəsm dərnəyində çəkdiyi son rəsmdən (özündən asılı olmayaraq rəssamın təklif etdiyi Xeyir və Şər mövzusunda Yeddibaşlı div rəsmi şəkmişdi), YouTube-da baxmağa başladığı yeni Ukrayna uşaq serialından hey danışdı, danışdı. Ülkərisə “yeddibaşlı div” sözü xəyalən çox-çox uzaqlara apardı. Madar yenicə ailəsini atıb Rusiyaya getmişdi, hər gecə Ülkər üç yaşlı Aylinə xoşbəxt olmaq istəyən iyirmi iki yaşlı bir qadınla üç yaşlı bir qızcığazın bu xoşbəxtliklərini əllərindən alan yeddibaşlı divin nağılını danışardı.
Kövrəldi, qəhərləndi, göz yaşlarını saxlaya bilmədi. Aylin necə duyğusal idi. Bir bax, 2017-ci ildə on ikiyaşlı uşaq 2008-ci ilin acı xatirələrini necə də içində saxlayıbmış.
Uşaqlar əslində böyüklərdən daha duyğusal olurmuşlar. Böyüklər eqoistcəsinə seçim edir, yaxşı xatirələri qoruyub saxlayıb pislərini çıxdaş edirlər. Böyüklərin xatirə boxçası tam senzuradan keçmiş, özlərinə sərf edən tərzə uyğunlaşmış olur. Uşaqlardasa hər şey təbiidir, necə var elədir, pis adamlar da, yaxşı adamlar da, qara günlər də, ağ günlər də orada qərarlaşır.
Qızı ilə sağollaşanda saata baxıb gördü ki, düz bir saat on beş dəqiqə danışıblar.
Saat 22:45 idi.
Boğazı qurumuşdu, bərk aclıq hiss edirdi. Hamam otağına keçmək zərurəti də duyurdu. Amma nə idisə, sanki onu güzgünün qabağındakı kətilə pərçimləmişdi, yerindən dura bilmirdi.
Güzgü onun simasını göstərirdi, hər gün güzgülənməyi sevdiyindən öz cizgilərini də, təbii ki, əzbər bilirdi. Boy-buxunu, bədən quruluşu, sifət cizgiləri… Amma bu gün nədisə, güzgü sanki onun içini də göstərirdi, yaşantılarını, əzablarını, acılarını da göstərirdi.
Bir yol tutub gəlmişdi, büdrəyərək, yıxılıb-duraraq, sınaraq, əzilərək, tapdanaraq. Bu yolda neçə dəfə özünə qıymaq, onunçün zülmətə dönmüş işıqlı dünyadan qopmaq istəmişdi. Damarını kəsmək, eyvandan özünü atmaq, sirkə turşusu içmək, özünü asmaq… Hər dəfəsində bir fərqli yol fikirləşərək intihar etmək istəmişdi. Amma Aylin gəlib durmuşdu gözünün qabağında. Qızını taleyin ümidinə atıb dünyadan köçməyə ixtiyarı olmadığını duyub bu yoldan əl götürmüşdü.
Yenə xatirələr onu çəkib apardı. Həyatına kino lenti kimi tamaşa etməyin davamı onu bugündən qoparıb 2004-cü ilin şaxtalı-sazaqlı 12 yanvar gününə apardı…
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
Səkinə İsmayılova: “Rübabə xanıma salam verirdim, salamımı almırdı”
Çox vaxt jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib müğənni Səkinə İsmayılovadır. Ondan müsahibə1998-ci ilin fevralında götürülüb.
SƏN SEHRKARSAN, SƏKİNƏ
Müsahibimiz Azərbaycan Dövlət Opera və Balet Taetrının solisti, Xalq artsiti Səkinə İsmayılovadır.
-Səkinə xanım, indiki şöhrətinizin zirvəsindən baxanda sənətə ilk gəldiyiniz anları necə xatırlayırsınız?
-Mən hüquqşünas olmaq istəyirdim. Bizim məktəbdə əslən qarabağlı olan Vidadi Xəlilov adlı bir musiqi müəllimimiz var idi. O bir dəfə mənə dedi ki, qızım, hamı hüquqşünas ola bilər, amma hamıda səndəki kimi səs yoxdur. Səndən yaxşı xanəndə ola bilər. Bu sözlər mənim gələcək taleyimi müəyyən etdi. Xalq artisti adını alanda Vidadi müəllim zəng edib dedi ki, mənə sürprizi var. Bu sürprizin altıncı sinifdə oxuduğum iki mahnının lent yazısı olduğunu biləndə, bu gözəl insana minnətdarlığımı necə ifadə edəcəyimi bilmirdim.
-Hər bir xanəndə özündən öncəki hansısa sənətkara vurulur, onun tərzini mənimsəyir, repertuarını təkrarlayır, neçə illər onun təsirindən çıxa bilmir. Siz sənətə kimə vurulub gəlmisiniz?
-Səhnəyə Zeynəb xanımı görüb gəlmişəm. Mən uşaq və yeniyetmə olanda Zeynəb xanım təkcə mənim yox, sənətə gələn hər bir qızın pərəstiş ünvanı olub. Amma bütün ömrüm boyu sənətinə böyük hörmət bəslədiyim sənətkar Rübabə Muradovadır. Sonra tale elə gətirdi ki, Rübabə xanımla eyni teatrda işləməli oldum.
-Rübabə xanım Leyli rolunun Opera Teatrı səhnəsində ən uzunömürlü ifaçılarından biridir. Yaşlı müğənnilər gəncləri adətən gülə-gülə qarşılamırlar. Teatra gələndə Rübabə xanımdan necə münasibət gördünüz?
-O, bir qədər sərt, ağır təbiətli xanım idi. Həyatda çox ağrılar, acılar yaşamışdı. Doğulub böyüdüyü Ərdəbil şəhərindən ömürlük uzaq düşmüşdü. Bu, şəxsi həyatından gələn ağrı-acıları bir az da artırırdı. Rübabə Muradova Leyli rolunu təkcə mənə yox, hər bir xanəndəyə, hətta Füzulinin özünə belə qısqanırdı. Mən səhnəyə gələndə o artıq 50 yaşını keçmişdi. Çoxları belə bir yaşlı müğənninin gənc qız rolunda səhnəyə çıxmasını normal saymırdı. O isə bu söz-söhbətlərə önəm verməyir, “mən səhnəyə Leyli kimi gəlmişəm, Leyli kimi də gedəcəm, qoy, kim nə deyirsə-desin” deyirdi. Salam verirdim, salamımı almırdı. Bir dəfə soruşdum ki, ay Rübabə xanım, mən sizə neyləmişəm, mənim salammımı niyə almırsınız? Qayıtdı ki, mən yalandan gülə bilmirəm.
-Opera Teatrı öz qapılarını hamının üzünə taybatay açmır. Necə oldu ki, belə asanlıqla teatrın kollektivinə daxil ola bildiniz?
-Mən Operaya 1980-ci ildə Konservatoriyanın muğam sinfini bitirəndən sonra Leyli roluna dəvət olunmuşam. Leyli ifaçılarından Rübabə xanım dediyim kimi artıq yaşlaşmışdı. Zeynəb xanım xarici ölkələrdə qastrol səfərlərində olurdu. Bircə qalırdı, Nəzakət Məmmədova. Rübabə xanımdan fərqli olaraq, o məni səmimiyyəytlə, həssaslıqla qarşıladı. Onun mənə yaxşılığını heç vaxt unuda bilmərəm. Böyük səhnə plastikasına, qeyri-adi artistlik məharətinə malik olan bu zərif xanım çox gözəl insan idi. Məşqlərimin necə getməsi ilə daim maraqlanır, mənə mənəvi dayaq olmağa çalışırdı. İlk tamaşam olan gün onun böyrəklərinin sancısı tutmuşdu. Amma tamaşa zalını mənə görə axıra qədər tərk etmədi. Tamaşa bitəndən sonra gəldi pərdənin arxasına, məni qucaqlayıb üzümdən öpdü, təbrik elədi, dedi ki, mən ilk dəfə Leyli roluna çıxanda təbrik edən olmadı, istəmirdim ki, səninlə də belə olsun. Ona görə böyrəyimin ağrısına baxmayaraq, tamaşaya axıra qədər baxdım. Mənə ürək-dirək verirdi ki, heç nəyə fikir vermə, mən də səhnyə təzə gələndə mənə soyuq sifət göstərənlər var idi.
-Səkinə xanım, bu gün siz Xalq artisti, adlı-sanlı sənətkarsınız. Şöhrətiniz Azərbaycanın hüdüdlarını aşaraq dünyanın müxtəlif ölkələrinə yayılıb. Bu gün də səhnəyə yeni leylilər gəlir. Bəs, onlar necə, vaxtilə Rübabə xanımdan gördüklərinizi sizdən görmürlər ki?
-(dərindən nəfəs alır, köks ötürür. Pauza verir...) Yox...
-Sizdən əvvəlki nəsil müğənnilərin ən parlaq nümayəndəsi kimi Zeynəb xanımın adı mahnı ifaçılığı tarixinə gətirdiyi şuxluq, dinamizm, rəqs elementləri ilə düşüb. Ondan sonrakı nəslin ən parlaq nümayəndəsi kimi siz sənətə gətirdiyiniz yeniliyi nədə görürsünüz?
-Muğam üçlüyü ilə çıxış edən ilk qadın xanəndəsi olmağı Allah mənə qismət edib. Qadınlardan ibarət ilk muğam üçlüyünü də mən yaratmışam. Mən qaval çalan ilk xanəndə qadınam. Əvvəllər qadınlar ya ümumiyyətlə qaval götürməz, ya da forma üçün götürsələr də, qaval çalmazdılar.
-Bəs, necə oldu ki, siz bu ənənəni qırdınız?
-Bakı və Hyuston şəhərlərinin qardaşlaşması münasibətilə keçirilən konsertdə muğam üçlüyü ilə çıxış etməli idim. Mədəniyyət naziri Polad Bülbüloğlu dedi ki, qavalı özün çalmalısan. Çünki qoşa nağara əlavə olunsa, bu artıq trio yox, kvartet olacaq. Bu təklif əvvəlcə o qədər də ürəyimcə olmadı, amma indi fikirləşirəm ki, nə yaxşı belə olub. İndi görürəm ki, gənc müğənnilərin çoxu qaval çalmağı özlərinə borc bilirlər.
-Niyə muğamlar üstündə ən çox Füzulinin qəzəllərini oxuyursunuz?
-Füzulinin qəzəllər divanı mənim stolüstü kitabımdır. Onu çox oxumaq sənətçiyə ruhən təmizlənməyə, özünüdərk etməyə kömək edir. Amma gərək oxuduğun qəzəlin mənasını dərk edəsən. Əgər başa düşmürsə, xanəndə Füzulinin qəzəllərini dilinə gətirməməlidir. Bu, günahdır. Ondansa, götürüb daha asan, anlaşıqlı Vahidi oxusunlar.
-Toylara gedirsiniz?
-Xanəndənin toyda oxuması təbii və vacibdir. Mən toyda oxumağı xanəndə üçün əskiklik saymıram. Əvvəllər həyat yoldaşım icazə vermədiyindən toylara gedə bilməmişəm. Bir dəfə on min manat müqabilində məni toya dəvət edirdilər. Toy sahibi övladı hələ körpə olarkən əhd edibmiş ki, oğlumun toyuna Səkinəni dəvət edəcəm. Nə qədər təkid etdi, hətta daha böyük məbləğ təklif etdisə də, yoldaşım razı olmadı. Sonra eşitdim ki, toya Mələkxanımı dəvət ediblər. Amma indi hamının yeyib-içdiyi, şənləndiyi, söhbət etdiyi, oynadığı, yəni mahnıya diqqətlə qulaq asılmadığı bir yerdə oxumağı özüm də istəmirəm.
-Ailə vəziyyətiniz barədə nə deyə bilərsiniz?
-Ailəliyəm, həyat yoldaşım öz bibim oğludur və mühəndisdir. Qızım Bibixanım orta məktəbin beşinci sinfində oxuyur.
-Qızınızın gələcəkdə müğənni olmasını istərdinizmi?
-Qızımın musiqi qabiliyyəti var. Özü də arzu edirdi ki, incəsənətlə məşğul olsun. Amma mən onu bu fikirdən daşındıra bildim. İstəmirəm sənətin enişli- yoxuşlu yollarında mən gördüklərimi o da görsün. İngilis dilini yaxşı bilir, dilçi olmağa hazırlaşır.
-Belə bir fikir var ki, sənətçi qadının ailə sahibi olması çətindir və hətta mümkün deyil.
-Bu, yanlış fikirdir. Elə etmək olar ki, həm təmiz ailən olsun, həm də sənəti atmayasan. Bizim də ailədə bu mövzuda çox söz-söhbət olub, amma son nəticədə ortaq dil tapa bilmişik.
-İdeal sənətçi qadını necə görürsünüz?
-Təbii olan, amma bu təbiilik içində özünün kim olduğunu, hər şeydən əvvəl, bir müsəlman qadını, sonra isə bir ailənin xanımı olduğunu unutmayan adam.
-Müsəlmanlığın hansı vacib tələblərinə əməl edirsiniz?
-Dörd ildir ki, oruc tuturam, özümü dinə, Allaha bağlı adam hesab edirəm.
-Sizcə, Səkinə xanım necə adamdır?
-Ayağını yorğanına görə uzadan, özünə tənqidi yanaşan bir adamdır. Bir az romantikdir. Kin saxlamır, düşmənini də bağışlayır. Çox mərhəmətlidir, taksi pulunu dilənçiyə verib, özü piyada gedər.
-Gözəl bir xanım kimi kino çəkilişlərinə dəvət almısınızmı?
-“Nizami” filmində Afaq roluna dəvət almışdım. Evdən razı olmadıqlarından imtina etməli oldum.
-Həyatda ən çox sevindiyiniz və kədərləndiyiniz anlar nə vaxt olub?
-Ən xırda şey belə məni sevindirir. Mağazada qəşəng bir kukla da görəndə sevinirəm.
-Onda sizin evdə çoxlu kukla olar?
-Doludur ev (gülür, sonra düşüncəli bir tərzdə). Çox duyğusal olduğumdan tez kədərlənirəm. Məni ən çox haqsızlıq kədərləndirir.
-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
-Füzulinin qəzəllər kitabını.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
BİRİ İKİSİNDƏdə Əkbər Qoşalının şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, tanınmış şair, beynəlxalq mükafatlar laureatı Əkbər Qoşalının şeirləri ilə tanışldıqdır.
***
Nə zamansa işim qalıb çətinlərdən çətində,
Gözgörəsi qəm qarışıb ən sonuncu ümidə,
Təvəkkül eyləmişəm...
Olmadığım ürəklərin boylanmadım gözünə...
Güzgüyə də baxmadım heç – baxdım dostun sözünə...
Təvafüq eyləmişəm.
Qırıq cama su tökmürəm, yaş keçəndən qırxları,
“Bu dünyaya ağır gələr, bir qırıx qəlb hesabı” –
Tərənnüm eyləmişəm...
Coşan dəniz, yatan sahil... qarışqaynan balığı
bir-birinə ruzi qılıb... – nədi başa saldığı?.. –
Təfəkkür eyləmişəm.
Bir köklücə yaşıl ağac budaq-budaq quruyub,
Kölgəsində böyüyənlər çıxıb gedib, unudub...
Təəssüf eyləmişəm.
Əzəl başdan bir sevdiyi olmalıdı insanın...
Sevib yetə bilmədiyim gələn ömrümə qalsın...
Tərəddüd eyləmişəm...
İnsanoğlu, çiyinlərin iki günə yarayar:
Dərdli başa yastıq olar, bir də tabut daşıyar...
Təsadüf eyləmişəm...
Nə ki yaxşılıq etmişəm – unutmuşam, çox şükür,
Nə yaxşılıq görmüşəmsə – yaddaşımda görünür…
Tədarük eyləmişəm...
***
“Yüz ev tikən cənnətini bu dünyada qazanar” –
Eşitdim ki, mən yaşayan şəhərdə
nə zamanmış belə inanc varıymış.
O inancla evlər tikib adamlar –
səksən olub, doxsan olub, yüzü görən olmayıb…
Kainatın cilvəsidir elə bil:
Olmur, cənnət sınaşıqla olmayır… –Amma yenə o inancın işığı
ev tikdirib adamlara,
ev tikdirir bu gün də… –
Əgər kimsə bilə-bilə yalan danışıbsa da,
Yenə kimsə o yalanı bu şəhərdə yayıbsa,
cənnət olsun məqamı!
Mənim gözəl şəhərimdə ayrı bir inanc da var –
Deyərlər ki, “Bir ev yıxan cəhənnəmi bu dünyada satın alıb
elə bil”…
Gəl görəlim, yenə evlər yıxılır…Cəhənnəmi satın alır gözgörəsi tanıdığmız adamlar…
O qaranlıq niyə çəkir adamları? – bilmirəm…
Görən, onlar özlərini aldadırlar nə ilə?..
Yenə evlər tikilir,
Yenə yıxılır evlər…
Tikin, qardaşlar, tikin,
Bəlkə, yüzə çatmadınız,
cənnət görmədiniz, bəlkə…
Amma
evyıxanlar
cəhənnəmdəsə,
demək,
evtikənləri
unutmayıb Yaradan…
Eviniz yıxılmasın…
***
(Dostum və qardaşım YOLÇU üçün)
Bir gün, əlbət, bir gün
olanlar olmayacaq,
olmayanlar olacaq.
Nə qurşun atdıq bir kəsə,
nə qurşun atdılar, ölək;
Ömür deməm ömürə,
yol yoxsa, cavan ölümə…
Onsuz da olanlar olmayacaq, olmayanlar olacaq…
Nə qurşun atdılar, ölək,
nə qurşun atdıq bir kəsə;
Ömür dedim ölümə,
özüm dedim özümə:
bütün ömürlər
ölümə aparır…
Baxma, hər ölünü bir qoşun aparır, kim dünyadan nə götürür?
Qoy desinlər, bir şair dünyadan qurşun aparır…
***
Sən necə soyundun ayaqlarını?.. – Sən elə soyundun ayaqlarını,
Sanki soyunmayır, əzizləyirdin!
O da elə bil ki, ərkələnirdi...
Qoy mən təşəkkürlər edim onlara, səni mənə,
səni mənə gətirib...
Var olsun, var olsun ayaqlarını!Gözlərim ayrılmır ayaqlarından:
Yeriyən, “düşünən”, “döyünən” ayaq...
Ağ ayaq, gül ayaq, ətirli ayaq...
Ha yana baxsam da, görünən ayaq...
“Gümüş topuğunda xal, sənə qurban” –
hələ yüz il öncələr Müşfiq belə yazırdı.
Əlbət, Müşfiqdən öncə,
əlbət, öncədən öncə,
qadın ayaqlarından vəcdə gələnlər olub.
Düşünə bilirsənmi, dünyanın ilk qadını
ilk dəfə ayaq açır,
yeriyir bu yer üstə;
Qadın ayaqlarıyla tanış olur torpaqlar...
Yəqin, elə o vaxtdan
işvə, naz qarışıbdı torpağın canına da,
bəlkə, ona görə də
qapqara torpaqlardan ağappaq güllər çıxıb, çiçəkləyib Yer üzü...
Və
ilk qadın addımı
ilk kişiyə doğruydu...
İnsanlıq doğulurdu…
Budur, min illər sonra sənsən ayaq yiyəsi,
qalxıb mənə gəlmisən.
Gəlmisən, xoş gəlmisən!..
Qoy
bircə doyunca baxım onlara –
Qoy
bir də, qoy bir də baxım onlara…“Ayaq” dediyimiz başabəlaya.
Ah, hələ barmaqların,
Ah, rəngli dırnaqların,
Ah, bir də topuqların!.. –
“Xallı, gümüş topuqlar”...
Bu gün sən səbirsizsən,
Bu gün qayğılıyam mən;
Ta Adəmdən-Həvvadan
dönüb gələn fikirlər
ayaqda tutur məni...
Söylə,
yeni söz söylə
ayaq verək keçidə...
HƏSRƏTİN HEKAYƏTİ
İl yarım olmuşdu biz ayrılalı,
İl yarım deyirəm, zarafat deyil.
Şeytanın qıçını sındırdıq axır,
İkimiz də kövrək, ikimiz dəli...
Bilmirəm, həsrəti necə keçirib,
Bilmirəm, o zalım nə yeyib-içib?
Özümə çəkilib o aylar boyu,
İçimi yemişdim mən gizlin-gizlin.
Bilirəm, daha çox həsrət çəkən var,
Bilirəm, tez küsüb-barışıb kimsə.
Söz var: od düşdüyü yeri yandırar,
Bizim il yarımmız bəs edər bizə...
Deyirdim, nə geyər bugün üçün o,
Qırmızımı geyər, qaramı, ağmı?
Qapqara geymişdi günü ağ olmuş,
Kəməri, çantası qıpqırmızıydı.
Deyirdim, ilk sözü nə olacaq, nə?
Sinəmə sığmırdı yarımcan ürək.
O gəldi, mən baxdım, ikimiz susduq...
unutduq ilk sözü, nə deyəcəkdik?..
Sonrası, sonrası “itotu, bağayarpağı”... –
Elə bil dünəncə sağollaşmışıq...
Ah, mənim il yarım yaşadıqlarım,
Ah, mənim hələ də yaşamadığım...
***
Gecələrə Günəş,
gündüzlərə Ay…
Say, zalım əfəndim,
ömrümü gəl say…
Eşq dolu – sevdaya ac,
bir körpə nazlı turac,
Ömrümü etdi tarac,
Nə “uf” derim, nə də “oy”…
Yağış yağmaz Günəşə…
Kimdi gələ gənəşə?..
Ətimi çəkməz şişə,
Tənimi eyləyər zay…
Yağış, Günəş və hava,
Hər dərdə olsa dəva;
Ollam daşa dost, valla,
Demə, olduq nəyə tay…
Eşq dolu – sevdaya ac,
o körpə nazlı turac,
Ömrümü aldı xərac,
Nə “uf” deməm, nə də “oy”…
Gecələrə Günəş,
gündüzlərə Ay…
Say, zalım əfəndim,
ömrümü gəl say…
ŞUŞA ALXIŞI
Şuşada açmışam sabahı bu gün,
Şuşamıza şükür, sabaha şükür.
Dolaşdım, toxundum, gördüm-götürdüm,
Özümə tapdığım cavaba şükür.
Ucada görmüşəm bayrağımızı,
Ondan öyrənmişəm növrağımızı,
Gündüzü cilvəli qutsalımızı,
sığala yetişən axşama şükür.
Yaddaşım oyandı, tərpəndi lay-lay,
Gah aypara oldum, gah da dolunay…
Xankəndi tərəfə boylandım bir az,
Orda çatacağmız tonqala şükür.
Əkbər, hər şəhərin öz gözəlliyi,
Burdakı gözəllik döz gözəlliyi…
Daha aramadım söz gözəlliyi,
İdraka, iqbala, amala şükür!..
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
BU GÜN ÇİNGİZ AYTMATOVUN 95 İLLİYİDİR –Gənclər Kitabxanasının töhfəsi
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün Türk dünyasının məşhur siması, əsərləri dünyanın 174 dilinə tərcümə edilən Qırğızıstanın xalq yazıçısı, siyasətçi, diplomat Çingiz Aytmatovun anadan olduğu gündür. Böyük ədib 12 dekabr 1928-ci ildə Qırğızıstanda anadan olub. Və o, dünya ədəbiyyat xəzinəsinə “Əsrə bərabər gün”, “Cəmilə”, “Dəniz kənarı ilə qaçan Alabaş”, “Kötük” kimi romanlar bəxş edib.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçının 95 illik yubileyi ilə əlaqədar olaraq silsilə materiallar - virtual kitab sərgisi və yazıçının bədii, ictimai, siyasi fəaliyyətindən bəhs edən videomaterial hazırlanıb.
Hazırlanan materiallarda yazıçının həyat və fəaliyyəti, ictimai-siyasi mühitdə malik olduğu mövqe, dərin milli xüsusiyyətlərə malik yaradıcılıq nümunələri - müəllifi olduğu roman və povestlər haqqında məlumat verilir. Videomaterialda qədim köklərə malik Azərbaycan-Qırğızıstan mədəni əlaqələri, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, akademiklər İsa Həbibbəyli və Nizami Cəfərovun Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatov haqqında söylədikləri dəyərli fikirlər, yazıçının layiq görüldüyü təltif və mükafatlar haqqında məlumatlar da yer alır.
Virtual kitab sərgisində müəllifin “Çingiz xanın ağ buludu”, “Ağ gəmi”, “Mənim ilk müəllimim”, “Cəmilə”, “Qırmızı yaylıqlı qovağım mənim”, “Dəniz kənarı ilə qaçan Alabaş”, “Dağlar yıxılanda” kimi əsərlərinin qısa annotasiyası təqdim edilir.
Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib. https://ryl.az/multimedia/cingiz-aytmatov-95
https://ryl.az/multimedia/cingiz-aytmatov
Düşünürəm ki, Aytmatov yaradıcılığını sevənlər buradan tam bəhrələnə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)
Uğur üçün 15 keyfiyyət - Planlaşdırılmış həyat yaşamaq
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
13) Planlaşdırılmış həyat yaşamaq.
Uğur qazanmanın daha bir parametrinin planlaşdırılmış, qayda-qanuna tabe bir həyatın olduğunu zənn edirəm. Məncə, kortəbii, biz azərbaycanlıların təbirincə desək, «harda qırıldı, qırıldı» devizi ilə yaşanan, zərurətlərə deyil, daha çox təsadüflərə hesablanmış həyatda uğur qazanmaq qeyri-mümkündür.
Həyatınızı lokal (gündəlik rejim) və qlobal (nail olmaq istədiyiniz mərtəbə) şəklində planlaşdırıb dəqiq xətt üzrə hərəkət edin. Yuxudan durma, qidalanma, iş və istirahət vaxtları – hamısının dəqiq vaxtı bəlli olunsa yaxşıdır. Təhsil alırsınızsa hansı sahədə çalışıb hansı mərtəbəyə yüksələcəyinizi, işləyirsinizsə dünyada hansı izləri qoymaq istədiyinizi, kimlərlə eyni mərtəbədə dayanmaq istəyinizi özlüyünüzdə planlaşdırmağınız yalnız sizə fayda verə bilər. Planlaşdırılmış həyatda təsadüfi nəsnələr, süni əngəllər, bağlı şlaqbaumlar az olur, xaotik, kortəbii həyatda isə addımbaşı gözlənilməzliklərlə, anlaşılmaz situasiyalarla üzbəüz qalmalı olursan.
Uğurunuza doğru planlı şəkildə irəliləyin, dostlar.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
3). Milli kök və dini mənsubiyyətə bağlılıq.
Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.
Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.
Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.
4) Yüksək səviyyəli təhsil ala bilmək.
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\
5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.
Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.
Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.
Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.
6). Yaxşı əhatə dairəsinə malik olma.
Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.
İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.
7) Bol mütaliə, qabaqcıl təcrübənin mənimsənilməsi üstünlüyü.
Bol mütaliəli olmaq, təbii ki, insanı kamilləşdirməkdə, onun nitq və qabiliyyətlərinin inkişafında, bilikli, ünsiyyətcil, hazırcavab olmağında əvəzsiz rol oynayır. Kitab həyat müəllimidir, ondan yalnız öyrənmək, bəhrələnmək mümkündür.
Hazırkı İnformasiya Kommunikasiya Texnologiyalarının hədsiz inkişafı dövründə bol informasiya almağın zəruriliyi hər kəsə bəllidir. Bilik və informasiya, haradasa, uğur qazanmaq istəyən müasir insanın iki qolu anlamındadır, iki qanadı anlamındadır.
Mütaliənin ikili xarakterini də nəzərə almaq yerinə düşərdi. Ümumi biliklər almaqla, dünya və təbiət, insan münasibətləri barədə bilgilər alıb kamilləşməklə yanaşı uğura doğru gedən insan spesifik biliklər almaqla məhz seçdiyi sənət, peşə yolu barədə zəruri bilgilər əldə edə bilir ki, bu da onun uğura doğru yolunu xeyli sürətləndirir.
8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.
İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.
Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.
9) Peşəkarlıq.
Peşəkarlıq və diletantlıq. İki ayrı-ayrı qütblər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən: «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan». Peşəkar palançı olmaq diletant papaqçı olmaqdan daha şərəflidir, Nizami Gəncəvinin təbirincə.
Peşəkarlıq özünə güvəndir, güclü olmaqdır, sahənin bilicisi olmağındır, qabaqcıl təcrübə, məktəb keçmək anlamıdır, işdən həzz duymağındır.
Diletantlıq isə gözüqıpıqlıq, inamsızlıq, stress və əsəb gərginliyidir. Əksərən bir sahə üzrə təhsil alıb digər sahədə işləyənlər, yaxud da seçdikləri sahə üzrə vaxtında lazımi bilik və praktik təcrübə qazanmayanlar diletantlar ordusunu təşkil edirlər. Bu cür təsadüfi adamların işdə uğur qazanacağı, təbii ki, real görünə bilməz.
Uğura yol mütləq peşəkarlıqdan keçir, bu aksiomdur.
10. Öz xarakterini idarə etmək.
Uğur qazanmaq istəyən şəxs öz eqosunun fövqündə dayana bilən, onu istədiyi səmtə yönəldə bilən şəxs olmalıdır. Sən uğur marafonuna çıxmısan, amma tənbəlsən. Zəhmət çək, tənbəlliyin daşını at. Qətiyyətsizsən? Özünü dəyiş. Utancaqsan? Xilas ol bu xüsusiyyətdən. Qorxaqsan? Özündə güc aşıla.
İnsan xarakteri bir qatardır ki, bu qatar da ayrı-ayrı xüsusiyyət vaqonlarından ibarətdir. Son məntəqəyə getdiyin yolda hansı vaqon sənin sürətini azaldır, sənə hərəkətində maneçilik törədirsə ondan qurtulmalısan. Əks halda, mənzil başına yetişməyin mümkünsüz olacaq.
11) Məqsədyönlü olmaq.
Məqsədinə çatmaq üçün mütləq mücadilə etməli, adi çətinlikdən, uğursuzluqdan sınmamalısan. Həyatda heç nəyə insan asan nail ola bilməz. Uğur yolu daş-kəsəkli, eniş-yoxuşludur, onu minbir əziyyətə qatlaşaraq dəf etməlisən. Qarşına çıxan barılar, hasarlar yolundan sapınmağına səbəb olmamalıdır. Yalnız son nəticəyə hesablanmış inamla məqsədyönlü şəkildə uğura nail olmaq mümkündür.
12) Nikbin olmaq.
Nikbinlik – həyatda ancaq yaxşı cəhətlərə diqqət etmək, uğura, müvəffəqiyyətə, gözəl gələcəyə inanmaq, şən və gümrah olmaq dünyagörüşüdür. Sinonimi optimizm (optimus – latın dilində «ən yaxşı») olan «nikbinlik» həyat baxışı olaraq iddia edir ki, dünya gözəldir, istənilən çətin şəraitdən çıxmaq mümkündür, hər şeyin axırı yaxşı olacaq! Bir özünüz düşünün, uğura doğru yolda nikbin olmaq necə böyük əlavə dividendlər gətirir insana. İndi «nikbinlik» sözünün antonimi olan «bədbinlik» sözünə diqqət edin. İnamsızlığı, hər şeyin pis olmasını ifadə edən, qara rənglərə tapınan bu həyat baxışı insana necə uğur gətirə bilər axı?
Nikbinliklə bədbinliyin qarşıdurmasının ən məşhur misalı yarım stəkan suyun vəziyyətinin şərhidir. Nikbin deyir ki, stəkan yarıyacan doludur. Bədbin deyir ki, stəkan yarıyacan boşdur.
Fəlsəfədə alman filosofu Qotfrid Leybnitsin «Biz ən mümkün dünyaların ən yaxşısında yaşayırıq» sözləri ilə fəlsəfi təlim səviyyəsinədək yüksələn nikbinlik tək uğur qazanmaqçün yox, ümumən insan həyatı üçün faydalıdır. Belə ki, elmi tədqiqatlar sübut ediblər ki, nikbinlik insan sağlamlığına hədsiz fayda verir:
- köməksizlik və çarəsizlik halının yaranmasını aradan qaldırmaqla immunitetin möhkəmlənməsinə dəlalət edir;
- Sağlam həyat tərzinə, istənilən narahatlıq duyan kimi həkimə müraciətə sövq edir;
- dostluq, yoldaşlıq münasibətlərinə daha rahat nail olmaqla insanlar özlərinə sosial dəstək yaradırlar ki, bu da sağlamlığın qorunması şərtlərindən biridir.
Əziz oxucularım, həyatda nikbin olun, uğursuzluqları müvəqqəti sayın, problemlərin hamısını keçəri hesab edin, bədbəxt hadisələri təsadüfi hadisə sanın, əksinə, yaxşı hadisələri qanunauyğun, təbii sanın. Nə qədər nikbin olsanız, uğura doğru yolunuz bir o qədər sürətli olacaq.
“Ədəbiyyat və incəsənət”
(12.12.2023)