Super User

Super User

İntiqam Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz insan, hamının qəlbini nisgilli qoyub dünyadan köçən Qənirə Paşayeva barədə xatirələr bitib-qurtarmır. Bu günlərdə özbək həmkarımız, DGTYB-nin üzvü Xasiyyət Rüstəm Qənirə xanımın 2020-ci ildə onun barəsində yazdığı məqaləsini paylaşıb. Gəlin biz də oxuyaq. 

 

Qardaş Özbəkistanın sevilən şairi Xasiyyət Rüstəmi DGTYB-nin xətti ilə Azərbaycanda olduğu vaxt tanımışdım. Sonra münasibətlərimiz daha da inkişaf 

etdi, bir-birimizi yaxından tanıdıq və bir-birimizə bağlandıq. Ən azı öz tərəfimdən deyə bilərəm ki, mən onu həm bir ziyalı, bir ədib olaraq, həm də türkcanlı, Turan¬eşqli xanıməfəndi olaraq, bir vəfalı dost olaraq çox dəyərləndirirəm. Özəlliklə, “Kitab Dünyası”nı yalnız Özbəkistanın deyil, türk dünyasının (və bütün dünyanın) ədəbiyyat-sənət ocağına çevirməsini, bu planda, Azərbaycan ədəbiyyatına genişürəkli diqqət yetirib, yer ayırmasını böyük sevgi-sayğıya layiq bilirəm. 

Bəzən “Kitab Dünyası” Özbəkistan və Azərbaycanın ortaq ədəbi nəşri təsiri bağışlayır və bütün bu gözəlliklər, çiçəklənmələr Xasiyyət Rüstəmin adı ilə sıx bağlıdır.

Xasiyyət xanım Azərbaycanda dəfələrlə olub və mən də, bir neçə dəfə Özbəkistanda olmuşam; artıq bir-birimizin ökəsinə bir-birimizdən xəbərsiz səfər edə bilməz hala gəlmişik. Bu, çox xoşdur! – Təsəvvür edin, uzaqlarda səni həmişə gözləyən bir şair var, sənin səfərindən şad olan ölkə var...

Xasiyyət Rüstəm insani keyfiyyətlərini, şəxsiyyətinin məziyyətlərini şeirlərində böyük ölçüdə yansıdan şairlərdəndir. Məncə, yansıtdığı ən böyük keyfiyyət, məziyyət məhz incə qadın qəlbi, qadın dünyası ilə - zərif duyğular, kövrək məqamlarla bağlıdır. Əgər Xasiyyət Rüs¬təmin şeirlərini müəllifi bilinmədən təqdim etsələr, onun bir qadın şairə, duyğulu könülə, xeyirxah insana və məhz bir türk qızına aid olduğunu sezmək çətin olmaz. O, oxucusuna məhz bu imkanı verdiyi üçün də alqışa layiqdir.

Xasiyyət Rüstəm ədəbiyyatda həm aşikar, həm də gizli mənalarla çıxış edir. – Bir tərəfdən kimliyi özünü gös¬tərir, digər tərəfdən sanki demədikləri dediklərindən da¬ha çoxdur. Mən bilərəkdən “demədikləri” yazıram, “deyə bilmədikləri” yazmıram. Bunun iki səbəbi var: birincisi, poetexnologiya baxımından onun ifadə edə bilmədiyi məna, deyə bilmədiyi fikir yoxdur, məncə; ikincisi, o, o sözü ki demir, o mənanı ki sətiraltı verir, bu da Xasiyyət xanımın şair kimliyini qətiyyən zədələmir – arif oxucu anındaca hiss edir: “demək, belə məsləhətdir”. – Necə deyərlər, bəzən deməmək özü də (nəyisə) deməkdir...

Xasiyyət Rüstəmin özəlliklərindən biri, çox məşğul olmaısndan, enerjisinin bir neçə paralel (amma zəruri!) işə bölünməsinə baxmayaraq, həmişə, hər yerdə şair qala bilməsidir. Sıx uluslararası ədəbi əlaqələr, səfərlər bir yandan; davamlı çıxan populyar nəşrin məsuliyyətli baş redak-toru olmaq digər yandan; həyat yoldaşı, ana, nənə mənəvi vəzifələri (“evtapşırıqları”)daşımaq bir başqa tərəfdən... – bütün bu mənəvi, ədəbi və hüquqi vəzifələrin, işlərin öhdəsindən gələrkən, məhz şair duruşu, şair kimliyi ilə görünmək özü bir istedaddır.

Xasiyyət Rüstəm istər öz ölkəsində, istər Azərbaycanda və bir çox başqa ölkələrdə təltif edilib, təqdir görüb, əsərləri bir neçə dilə çevrilib, neçə-neçə kitabı gün üzü görüb, bununla belə, mənelə təsəvvür edir, elə ina¬nıram ki,onun daha böyük uğurları hələ qabaqdadır. Bu təsəvvür onun indiyədək əldə etdiyi uğurları heç bir şəkildə kölgə altına salmır; sadəcə olaraq, hər kitab, hər səfər, hər tanışlıq və əlbəttə, hər şeir onu daha da kamilləşdirir və Xasiyyət Rüstəm şeirinin yeni üfüqləri, yeni imkanları üzə çıxır. Və biz dostları, oxucuları ona daha böyük uğurları yaraşdırır, özümüzə ondan yeni ba¬şarılar gözləmək haqqı veririk...

Fürsətdən istifadə edib, Azərbaycanda çıxan ikinci kitabı münasibəti ilə müəllifi ürəkdən təbrik edərkən, Azərbaycan oxucusuna bu gözəl kitabı qazandıran könül dost¬larıma da təşəkkür edirəm! Var olun! Oxucularımızı isə bu gözəl “Leyli ağaclar”ına sahib olduqları üçün təbrik edirəm!

Qoy, bu kitab iki qardaş ölkə arasında, qardaş ədə¬biyyatçılar arasında yeni bir bağ, yeni körpü olsun!

 

Prof.Dr.Qənirə PAŞAYEVA

Azərbaycan Respublikası 

Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri

İyul-2020. Bakı

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2023)

Çərşənbə axşamı, 26 Dekabr 2023 11:45

Psixoterapevtik təmsillər

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hamı ədəbiyyatda eyni yolla getməkdədir. Amma hərdən fərqli cığır açanlar da olur. Valeh Heydər kimi. 

 

Az öncə Azərbaycan Respublikasının Təhsil İnstitutu onun “HAMI BUNU BİLMƏLİ"  (1-ci cild) təmsillər toplusu kitabına verdiyi geniş rəydə  bu kitabda yer alan 22 təmsilin təhsilə uyğunluğu barədə müsbət fikir bildirilmişdir.

İndi isə Azərbaycan Respublikası Psixologiya Elmi -Tədqiqat İnstitutu tərəfindən həmin 22 təmsil əsasında "PSİXOTERAPEVTİK TƏMSİLLƏR" adlı  kitab nəşr olunub. 

İnstitutun rəhbərliyi tərəfindən edilən təşəbbüs, müəssənin elmi şurası tərəfindən də dəstəklənmiş və İnstitutun tanınmış psixoloqları bu təmsillərin psixoloji cəhətlərini araşdırmış, şagirdləri sağlam düşüncəyə yönəldən tərəfləri müəyyən edərək tövsiyə və suallarla istiqamətləndirmişlər. 

Kitabda uşaqlar üçün çox maraqlı psixoloji texnikalar da yer alıb.

"PSİXOTERAPEVTİK TƏMSİLLƏR" kitabının ərsəyə gəlməsində təşəbbüsü və əməyi olanlar aşağıdakılardır: Psixologiya Elmi Tədqiqat İnstitutunu rəhbəri dəyərli alim, hörmətli ziyalı, fəlsəfə üzrə fəlsəfə doktoru, həm də kitabın elmi redaktoru Elnur Rustəmov; İnstitutun digər dəyərli elm adamları,

Hökmə Əliyeva (rəyçi)- psixologiya üzrə fəlsəfə doktoru, dosent; Mətanət Əliyeva-Psixologiya Elmi -Tədqiqat İnstitutunda "Yaş və İnkişaf Psixologiyası" şöbəsinin müdiri, BDU-nun doktorantı və müəllimi; 

Ülviyyə Məhmətova- Psixologiya Elmi -Tədqiqat İnstitutuda "Yaş və İnkişaf Psixologiyası" şöbəsinin elmi işçisi, BQU- nun müəllimi, ADPU-nun ümumi Psixologiya üzrə fəlsəfə doktoru; Narınc Rüstəmova - Amerika Beynəlxalq Nevroreqluyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman klinik psixoloq. 

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2023)

Çərşənbə axşamı, 26 Dekabr 2023 15:30

QİRAƏT SAATInda “Eşq mələyi”

  “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

21-ci hissə

 

Yeni başlanğıc

 

2015-ci ilin 11 aprel günüydü, Aylinin on yaşını – ilk yubileyini qeyd edirdilər. Evlərinə yaxın “Damla” kafesində masa sifariş eləmişdilər. Xəyal gəlmişdi, yoldaşı ilə Leyli gəlmişdi, Nazəndə xanım gəlmişdi, qızları və yoldaşı ilə Gülgün gəlmişdi, bir də Ülkər, Aylin və Zöhrə idi. Kişilər masanın ayaq tərəfində üçlükdə vururdular, qadınlar öz keflərində idilər, deyib-gülürdülər. Uşaqlar da ora-bura qaçır, dəcəllik edirdilər.

Bu vaxt iki kuryer içəri çox böyük bir yumşaq oyuncaqayınıdartıb gətirdilər. Hamının diqqəti bu ağappaq ayıya yönəldi. Aylin də, əkiz bacılar da ağızlarını açıb heyranlıqla ayıya baxarkən, onunla oynamaq arzusunu qurarkən kuryerlər “Aylin kimdir?” sual etdilər. Ayının sinəsindən “Sevimli Aylin, 10 yaşın mübarək!” lövhəciyi asılmışdı.

Bu möcüzəli ayının məhz ona gəldiyini gördükdə Aylin sevindiyindən necə qışqırdı, atılıb-düşdüsə, hamı uşaq sevincinin gücünə heyran qaldı.

Hədiyyənin kimdən gəldiyini hamı götür-qoy eləməyə başladı, gümanlar heç yerə gedib çıxmırdı.

Ülkərin elə bir qohumu, tanışı yox idi bu cür bahalı hədiyyə göndərməyə. Məktəbdən hədiyyə göndərilməsi də absurd idi, heç Aylinin ad günü barədə kollektiv bilgili də deyildi.

Zöhrə hisslərə qapılıb “Bəlkə atası göndərib?” deyəndə Nazəndə xanım “Madar elə mərifətin yiyəsi deyil” cavabı ilə Zöhrəni fikrindən daşındırdı.

Yalnız Gülgünün gözləri gülürdü. Bir anlıq Ülkər şübhələndi, ehmalca Gülgündən “Rəşid müəllim göndərib?” deyə soruşdu, təsdiq cavabını alanda xeyli duruxub qaldı.

Nə eləsin, gerimi qaytarsın hədiyyəni?

Aylin özündən böyük ayıya o qədər aludə olmuşdu, o qədər sevinirdi ki...

Ülkər yenidən Gülgünə üz tutdu:

-- Niyə edir axı bunu? Mən yek kəlmə ilə demədimmi ki, həyatımda bundan sonra kişi olmayacaq?

Gülgün üzünü turşutdu:

-- Axmaqsan, vallah. Çim yağ-bal içində yaşayassan, ay zavallı. Nə qədər sıxıntı, nə qədər ehtiyac olar? Nə qədər acı çəkmək olar axı?

Ad günü major notlarla başa çatdı.

Növbəti günlərdə Rəşid müəllimdən hədiyyə gəlişləri lap intensivləşdi. Evə, iş yerinə iri gül buketləri, brend ətirlər, bahalı şokolad korobkaları ayaq açıb yeriyirdi.

Bir dəfə Gülgün biclik işlətdi, Ülkəri kafeyə apardı, Rəşid müəllim də orada peyda oldu. Bu cür adamların diqqət mərkəzinə düşdünmü, qopa bilmirsən. Cazibələri maqnitdən betər olur, adamı çəkir.

Rəşid müəllim onların toyuq naqetsi, kartof frisi və koladan ibarət kasıb süfrələrini xeyli doladıqdan sonra süfrəyə kalmarlı sezar salatı, narda qovrulmuş nərə balığı, Periyer mineral suyu, bir də fransız şampanı gətizdirdi. Ülkər durub getmək istəyirdi, amma tək nəzakət xatirinə yox, həm də Rəşid müəllimin nüfuz zəhminə görə bunu edə bilmirdi. Qapının ağzında onun iki cangüdəni dayanmışdı, pəncərənin qarşısında AA seriyalı zil qara “Qallenvagen”avtomobili bərq vururdu, Rəşid müəllim Ülkər üçün məktəbdə eşq elan edən müəllim yoldaşları deyildi ki, bir kəlmə “məndən əl çək” söyləsin.

Ülkər daha sivil qaydada Rəşid müəllimdən onu rahat buraxmağı xahiş edəcəkdi, bunu bir qədər sonraya saxlamışdı, amma məclis qızışdıqca hər dəfə bu kəlmələri söyləməyi bir az da təxirə salırdı.

Rəşid müəllim Gülgünün sağlığına badə qaldırdı, dedi, sənin sayəndə mən Ülkər adlı bir xanımın varlığından xəbər tutdum. Dedi, həyatım boyu axtardığım ideal xanım obrazını mən Ülkərdə tapmışam.

Həmin gün Rəşid müəllimlə Gülgünün təkidinə baxmayaraq, Ülkər onlarla içki içmədi. Ürəyindən keçənləri isə axşam mesajla Rəşid müəllimə yazdı.

“Salam Rəşid müəllim. Personama maraq göstərməyiniz, sevgi bəsləməyiniz məni çox mütəəssir edib. Üstəlik, məni tutduğunuz hədiyyə yağışına görə də sizə hədsiz minnətdaram. Ciyərparamın ad günündəki centlmenliyiniz, onu xoşbəxtlər xoşbəxtinə çevirməyiniz üçün ayrıca sağ olun. Amma mənimlə yaxın olmaq təklifinizə qətiyyətlə yox deyirəm, üzrlü sayın. İki uğursuz ailə həyatı cəhdindən sonra özümə qapılmış, balamı böyütmək amacı ilə yaşayan birisiyəm. Axtardığınız sevgini, əfsus ki, sizə bəxş edə bilməyəcəyəm”.

Yazdı, yüz dəfə ora-burasını dəyişdi, nəhayət, yolladı.

Növbəti dəfələrdə Rəşid müəllimin Ülkərə marağı əsla əskilmədi, əksinə, get-gedə artdı. Gülgün də öz ampluasında idi, onun beynini doldurur, yola gətirməyə çalışırdı.

Bir dəfə yenidən Gülgünün restorana dəvəti Rəşid müəllimin orada peyda olması ilə sonuclandı. Bu dəfə Rəşid müəllim onlara Texas steyki dadızdırdı, bu dəfə şampan şərabından Ülkər də vaz keçmədi, nəzakət xatirinə bir-iki qurtum içdi.

Rəşid müəllim özü haqda tam bilgiləri Ülkərin ovcuna qoydu. İki oğlu, bir qızı var, hamısı ailəlidir. Altı nəvə sahibidir. Həyat yoldaşını valideyn təhriki ilə alıb, kənd qızıdır, əsla onu təmin etmir. Bu qədər müddətdə hələ də ləhcəsini dəyişə bilməyib, hələ də şəhərli kübar qadın imicinə keçməyib. Deməzsənmiş, ailəvi məclislərə, dövlət ziyafətlərinə Rəşid müəlim onu aparmağa utanırmış.

-- Bilirsiz, Ülkər xanım, kişinin bir özü yaşda, uzağı iki yaş o yan-bu yana uşaqlarının anası, onun qulluğunda duran həyat yoldaşı olar, bir də onun duyğularına hakim kəsilən, onu hiss-həyəcan burulğanına salan gözəl-göyçək gənc sevgilisi. Həyat yoldaşı daha çox adama yoldaş, dost ola bilər, ondan sevgili çıxmaz. Bir evdə yaşamaq, hər gün üz-üzə gəlmək sevgi hissini korşaldar. Sevgi hərdən gələn bayram kimi olmalıdır, sevgilin üçün darıxmalı, ondan ayrı qalıb həsrətini çəkməlisən. Siz, həqiqətən, mənim qadınlıq və gözəllik idealımsız. Sizi qızıla, brilyanta tutacam, zənginlər zəngini edəcəm, bütün arzularınızı həyata keçirəcəm. Qızınızı da ən bahalı məktəblərdə oxutduracam, gələcəyini tam təmin edəcəm. Bu badəni sizin sağlığınıza içmək istəyirəm.

Bu tostdan sonra Ülkər, nəhayət ki, cəsarət tapıb “Məni hansı ampluada görmək istəyirsiz? O imkanlı kişilər deyire, filankəsi saxlayıram, o sayaq saxlamaq istəyirsiz” sualını verdi, ardınca da “Mən buna əsla razı olmayacam” söylədi.

Söhbətə Gülgün də qatıldı, mövzunu xeyli müzakirə etdilər, axırda üçlərin sirri kimi aralarında şərt bağlayaraq Rəşid müəllimlə Ülkərin molla kəbini ilə yaşamasını qərarlaşdırdılar.

Həyat yeni qapılar açırdı Ülkərin üzünə.

Onu birdən-birə zəngin, arxalı bir xanıma çevrilmək perspektivi gözləyirdi.

 

 “Ədəbiyyat və incəsənət”

(26.12.2023)

 

 

Çərşənbə axşamı, 26 Dekabr 2023 15:00

Xankəndindəki matça erməni reaksiyası

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Normal kişilər səhər evdən çıxıb axşam qayıdırlar. Anormal kişilər isə axşam evdən çıxıb səhər qayıdırlar. 

 

Qadınlar üçün təbiət kişidən yaxşı heç nə fikirləşə bilməzdi. 

 

Müasir qadınlar çox xoşbəxtdirlər, piylərini fotoşopla silə bilirlər. 

 

Azərbaycan-monqol lüğətindən:

baka - gicbəsər

qaydzin - əcnəbi

baka qaydzin - amerikalı

 

Ermənilər Xankəndindəki “Qarabağ” - MOİK oyunundan sonra erməni futbol federasiyasını tənqid atəşinə tutublar. “Ara, siz vaxtında futbol oynaya bilsəydiniz indi onlar gəlib yerinizə oynamazdılar”.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sevər Şəhabinin  şeirlərini  təqdim edir.

 

 

Sevər Şəhabi kimi tanınan şair, etimoloq və Güneydə muasir məşhur mahnıların müəllifi 1983-cü ildə Təbrizdə doğulmuşdur. O, şeirdən çox, illərdir ki, etimoloji və lüğətlər qonusunda çalışır.

 

ÖLSƏM ÖLƏCƏK 

 

O küsdü, ayrıldı, getdi

Yıxıldım, bir təhər durdum.

Quyladım onu qəlbimə,

Qədəh-qədəh kafur vurdum.

 

Qırx gün keçdi, o gəlmədi,

Getdim qəlbimin üstünə.

Qıçlarımı aralayıb,

Etdim qəlbimin üstünə.

 

Dedim: "Bu da ölənlər tək,

İllər sonra yaddan çıxar."

Bilmədim qəlbim atdıqca,

Damarımda ölü axar.

 

Məndə bir diri, ölü var,

Nə dirilir, nə də ölür.

O, qəbrinin əzabını -

Mənə verir, mənə gülür.

 

Bilən varmı bundan sonra,

Qəlbimə kimlər gələcək?

Təkcə bunu bilirəm ki,

Mən ölsəm, ölən öləcək...

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Əlizadə Nuri görüşür. Kədərli şeirdir, bədbin şeirdir. Şairlər görəsən niyə bunca dərdli olurlar? 

 

Dəfinəymiş hər dəfəsi bu dəfin,

Səfsəfələr səhv taniyar sədəfi.

Bir canım var, neçə- neçə hədəfim,

Bir bəxtim var, yüz bəxtimdən küsmüşəm.

 

Duza gedir, ya ardınca duz gedir?

Gedir ömür, bir qədər də sus, gedir...

O əyrinin işi yaman düz gedir,

Mən də elə " düz" bəxtimdən küsmüşəm.

 

Bala - bala bal yığmışdı Balayan,

Öz- özünü vurar bir gün cərəyan...

Bir kəlməni yüz kəlməyə calayan

Calaq olan  söz bəxtimdən küsmüşəm.

 

Tilsim idi, indi axı nədi o?

Özü öldü, özü ağı dedi o...

Kərəm yandı, söndürə bilmədi o-

Simi sınmış saz bəxtimdən küsmüşəm.

 

Göydən yerə enəcəkdi sirr yağış,

Gələcəksən məni də dindir, yağış..

Bulud əkdim... göyərmədi bir yağış-

Bahar vaxtı yaz bəxtimdən küsmüşəm.

 

Qulluqçunu oynatdılar, qul qalıb,

Bir az ömür, bir azca da pul qalıb...

Həyat ölüb...arzularım dul qalıb

Öz taxtımdan , öz bəxtimdən küsmüşəm.

 

Ağla qara görüşdülər...boz oldum,

Məni minə vursalar da, az oldum.

Torpaq idim, ələdilər toz oldum,

Bəxti qara toz bəxtimdən küsmüşəm...

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2023)

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir. 

 

1.Güzgünün sehri ondadır ki, o, sənə həm xoşbəxtliyinin, həm də bədbəxtliyinin səbəbkarını eyni vaxtda göstərir.

 

2.Az bilənlər az da səhv edərlər, ən çox səhvi bildiyini güman edənlər edərlər.

 

3.Əzraili ən çox kədərləndirən şey onunla zarafat etmək istəyən insanların olmamasıdır.

 

4.Özünə hörmət edən hamıya hörmət edər.

 

5.Söz deyəndə arada susaraq sükuta mərhəmət göstərək.

 

6.Hamını özünə borclu sayan, sonda öz borcu ilə tək qalar.

 

7.İsti yay günləri haqda ən inandırıcı yazılar soyuq qış axşamlarında yazılar.

 

8.Düz qılıncın əyri qınla dostluğu heç vaxt tutmaz.

 

9.Çörəyə ehtiyacı olana moizə oxumaq hər iki tərəf üçün vaxt itkisidir.

 

10.İnsan Allah deyil, hər səhvi bağışlamaya da bilər.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2923)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfəki müsahibimiz “Dünya Gənc Türk Yazarlar Birliyi”nin ilk üzvlərindən biri olan Vüqar İsmayılzadədir.

 

-Salam Vüqar bəy, necəsiniz? Özünüzü necə təqdim edərdiniz?

 

-Salam, mən şair Vüqar İsmayilzadəyəm. Salyanda doğulmuşam. 9 yaşından şeir yazıram. Uşaqlıgım Neftçalada keçib. Orada ədəbi birliyin ən az yaşlı üzvü olmuşam. Sovet dönəmində qonorar deyilən qələm haqqını ən çox mən alırdım. Yəni şairlik mənə anamın laylayından hopub. Şair dostum Mətləb Ağanın köməkliyi sayəsində mən 1997-ci ildə “Dünya Gənc Türk Yazarlar Birliyi”nə üzv oldum. Ən böyük arzum AYB -yə üzv olmaqdır. İnşallah, məqsədimə Allahin izni ilə çataram.

Bu gün mənim əlyazmalarım dərc oluna  bilmirsə, bu mənim  maddi durumumun zəif olmasına dəlalət edir. Bəzən kövrəlirəm, ona görə ki, əsərlərim mətbəx yazısına çevrilib. Mənim kimi sayagəlməz yazarlar var bu vəziyyətdə.

 

-Bədbin notlara kökləndiniz. İlham mənbəyiniz nədir? Bu bədbinlikdirmi?

 

-İlhamın nə vaxt gələcəyi məlum deyil. Sadəcə Mirzəli etmək mənə düşər. Uşaq şeirlərim, dini səpgidə yazılarım çoxluq təşkil edir. Mən şeirsiz yaşaya bilmirəm...

 

-Əsərlərinizi ən çox nə zaman və harada yazmağı sevirsiniz? 

 

-Sakit bir yer mənim düşüncəmi duruldur. O, zaman mən duyğulanaraq şeir yazıram.

 

-Ümumiyyətlə hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?

 

-Əruz vəznində qəzəl, hecada gəraylı, qoşma. Klassik ədəbiyyatda məsnəvi janrını sevirəm. Sərbəst şeirlərdən başqa bütün janrlarda yazıram. 

 

-Əsərləriniz haqqında mümkünsə məlumat verə bilərsinizmi? 

 

-Mən 1998-ci ildə Bakıda “Qəhrəmanlıq növbəsi” adlı kitabçamı dərc etdirmişəm. Sonra təxminən, 2000-ci ildə “Könül harayıdır Kürün töhvəsi” almanaxında şeirlər dərc etdirmişəm. İki kitab müəllifiyəm.

 

-Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?

 

-Kitab mənim ruhumun qidasıdır. Əgər mən mütaliəyə etməsəm yaşaya bilmərəm.

 

-Yazıçı olmaq istəyən gənclərə hansı məsləhətlərinizi verərdiniz?

 

-Bu gün hansısa bir gəncə tövsiyyə verəndə inciyir. Xüsüsən də tərifləməyəndə... Amma bizim zamanımızda, yəni sovetlər dönəmində ədəbi tənqid var idi. Zəif şeirə və zəif şairə yer yox idi. Gənclərə məsləhətim budur ki, çoxlu mütaliə etsinlər. Xüsusən də səmimi hisslər müəllifliyindən uzaq dursunlar. Poetikaya şeirlərində çox yer versinlər.

 

-Dəyərli zamanınızdan bizə vaxt ayırdığınız üçün minnətdaram, Vüqar bəy! Əgər mümkünsə bir şeirinizi bizlərlə paylaşa bilərsinizmi?

 

-Mən də sizlərə öz dərin təşəkkürümü bildirirəm. İşlərinizdə uğurlar arzulayıram! Əlbəttə.

      

Çoxu ömür yaşayır,

Zənlə güman içində.

Yaz ömrü qış daşıyır,

Solğun xəzan içində.

 

Salır sərvətə həvəs,

Alır şöhrətlə nəfəs,

Nifrət qazanır əbəs,

Külli insan içində.

 

Odu qoxusuz olur,

Zülmü yuxusuz olur,

Cahil qorxusuz olur,

Dursa nadan içində.

 

Sözün də baxışı var,

Bəzəyi, naxışı var,

Nə yaxşı ki yaxşı var,

Yaxşı - yaman içində.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. 

 


... hər yerinnən duran “şairəm” deyir,

İnsanın üzündə həya gərəkdir!

M.Müşfiq

 

İşıqlar səsləyir yolnan gedəni,

qaranlıq baxmağa Aya saxladır,

qışda İlham pərim dindirmir məni,

qəlbində olanı yaya saxladır.

 

Pərim də soyuqdan bezardı bəlkə,

mənimki “mövsümü azardı” bəlkə?

Dünyanın yarısı yazardı bəlkə –

yaxşı ki, çoxunu həya saxladır!

 

Yer üzü o vaxtdan azarlı imiş,

sevinclər biçarə, dərd – varlı imiş!

Amma oğrular da abırlı imiş;

bilirmiş – çəpəri paya saxladır.

 

Zəkalar yenilməz zəfərlər çalır,

məğrur çiyinlərdə Vətən ucalır,

aqillər puluynan şəhərlər salır,

axmaqlar – şabaşlıq toya saxladır.

 

Didərgin köçləri düşüb yollara,

batar xəyanətdən pozulan sıra,

nəsillər kimləri yazacaq ora –

“Qızıl dəftərini” saya saxladır.

 

Pərvanə ömrüdür işıqlarınkı,

indiyə nə var ki, dərd sabahınkı!

Qadın çantasına bənzəyir Bakı –

içində hər cürə boya saxladır...

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2023)

Çərşənbə axşamı, 26 Dekabr 2023 11:15

47 abidə yer üzündən tamamilə silinib

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Vaxtı yetişmiş bir sual: Qarabağ və Şərqi Zəngəzurda nə qədər tarixi və mədəniyyət abidəsi var? Açıq portfeldə növbəti rəqəmi açıqlayırıq və qeyd edirik ki, sözügedən bölgədə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.

 

Bu barədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən “Mədəni İrs” forumunda mədəniyyət nazirinin müavini Səadət Yusifova məlumat vermişdi və mən də bunu qeyd etmişdim. 

Oeyd edək ki, işğaldan azad edilən ərazilərdə aparılan təhlillər nəticəsində müəyyən olunub ki, həmin ərazilərdə çoxsaylı dövlət qeydiyyatına alınmayan tarixi, arxeoloji və memarlıq əhəmiyyətli daşınmaz mədəni irs obyektləri də mövcuddur.

İşğal dövründə onlar məqsədli şəkildə dağıdılıb, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən tamamilə silinib. 

2020-2022-ci illərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin - yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb.

Bəli, rəqəmlər çox şeydən xəbər verir! 

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.