Ayın əsas musiqi hadisəsi - Ivor Novello mükafatları təqdim edildi Featured

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Londonun Grosvenor House otelində Ivor Novello mükafatları təqdimetmə mərasimi keçirilib. Bu mükafatlar mahnı yazarlığı və bəstəkarlıq sahəsində görkəmli nailiyyətləri qeyd edir.

Mükafat 1893-1951-ci illərdə yaşamış məşhur uelsli bəstəkar və ifaçı İvor Novellonun (əsl adı David Ayvor Davies) adına təsis edilmişdir və dünya müsiqisində önəmli yer tutur.

 

Gecənin əsas qalibləri Rosalía, Lily Allen, Lola Young və Sam Fender olublar. George Michael isə vəfatından doqquz il sonra The Ivors Academy tərəfindən fəxri üzv adına layiq görülüb.

Kataloniyalı superulduz Rosalía 2025-ci ildə buraxdığı və yüksək qiymətləndirilən “LUX” albomuna görə “İlin beynəlxalq mahnı müəllifi” mükafatını qazanıb. Bu albom Euronews Culture tərəfindən ötən ilin ən yaxşı albomu seçilib.

Akademiya bildirib ki, o, “qlobal mahnı yazarlığının və eksperimental pop musiqisinin sərhədlərini genişləndirib”.

Mükafatı qəbul edərkən Rosalía mahnı yazarlığında daha müxtəlif səslərin vacibliyindən danışıb və qeyd edib ki, “saysız-hesabsız istedadlı müəlliflər heç vaxt layiq olduqları tanınmanı əldə etməyəcəklər, çünki onlar orta təbəqədən olan ağdərili avropalı deyillər”.

 

İlin qalibləri

Ən yaxşı albom
İrlandiyalı müğənni və müəllif CMAT-ın “Euro-Country” albomu ilin ən yaxşı albomu seçilib. Münsiflər heyəti onun “səmimiliyini, orijinallığını və şəxsi hekayələri siyasi və mədəni mövzularla birləşdirmək bacarığını” vurğulayıb.

İlin mahnı müəllifi
Sam Fender – “ən mühüm britaniyalı mahnı müəlliflərindən biri” kimi qiymətləndirilib.

Görkəmli mahnı kolleksiyası
Lily Allen – son iki onilliyin ən fərqli və təsirli britaniya musiqi kataloqlarından birinə görə.

İlin yüksələn ulduzu və ən yaxşı mahnı (musiqi və mətn)
Jacob Alon – “Don't Fall Asleep” mahnısına görə iki mükafat qazanıb.

 

Gecənin ən təsirli anlarından biri George Michael-a ölümündən sonra Akademiyanın fəxri üzvü statusunun verilməsi olub. O, Paul McCartney, Kate Bush və Bruce Springsteen kimi sənətkarların sırasına qoşulub.

Mükafatı onun keçmiş həmkarı Andrew Ridgeley və dostu Chris Organ qəbul ediblər.

Akademiya vurğulayıb ki, bu titul onun “musiqi yaradıcılığına verdiyi töhfəni və dünya miqyasında təsirini” qeyd edir.

Həmçinin Thom Yorke (Radiohead qrupunun solisti) də “müstəsna yaradıcılıq ustalığına” görə fəxri üzv seçilib və “öz nəslinin ən müəyyənedici mahnı müəlliflərindən biri” adlandırılıb.Gecənin digər önəmli hadisəsi Elton John-un Akademiyanın tarixində ilk prezident elan olunması olub. Mükafatı ona Lola Young təqdim edib.

Elton John çıxışında bildirib:
“Yazdığınız musiqinin hansı növdə olmasının fərqi yoxdur – bu sizin musiqinizdir, o sizə məxsusdur... O sizin ruhunuzdan gəlir və sizin üçün çox böyük əhəmiyyət daşıyır. Heç kimə, xüsusilə süni intellektə, onu sizdən almağa imkan verməyin.”

 

Tam qaliblər siyahısı:

  • İlin mahnı müəllifi: Sam Fender
  • İlin beynəlxalq mahnı müəllifi: Rosalía
  • Ən yaxşı albom: Euro-Country – CMAT
  • Ən yaxşı müasir mahnı: “I Stand on the Line + Know Yourself” – Kae Tempest / Fraser T. Smith
  • Ən yaxşı mahnı (musiqi və mətn): “Don't Fall Asleep” – Jacob Alon
  • Ən çox ifa olunan əsər: “Messy” – Lola Young
  • Görkəmli mahnı kolleksiyası: Lily Allen
  • Yüksələn ulduz: Jacob Alon
  • “Musiqi ikonu” mükafatı: Calvin Harris
  • Ən yaxşı film saundtreki: “Testimony” – Tom Hodge
  • Ən yaxşı TV saundtreki: “Trespasses” – David Holmes / Brian Irvine
  • Xüsusi beynəlxalq mükafat: Linda Perry
  • “Vizioner” mükafatı: Kano
  • Akademiyanın fəxri üzvləri: George Michael, Thom Yorke

 

Şəkillərdə: əsas mükafatçılardan biri - Lola Young; Ivor Novello mükafatı

Fotolar: AP

Euronews-un materialları əsasında.

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.