"Bülbülün qonaqları" layihəsi Rəşid Behbudovun 110 illiyinə həsr olunub

 

Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" layihəsi Azərbaycan mədəniyyətinin ölməz simalarından biri olan, öz möhtəşəm səsi və mahnıları ilə milyonların qəlbini fəth edən, dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunub.

  

“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova Rəşid Behbudovun Azərbaycan mədəniyyətinə verdiyi böyük töhfələrdən, Bülbüllə olan sıx dostluq əlaqələrindən bəhs edib.

 

Həmçinin Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev çıxış edərək bu cür tədbirlərin sənətkarın irsinin təbliğində böyük rol oynadığını bildirib.

 

Tədbirdə Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərəfəliyeva, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri Eleanora Mustafayeva, Emil Zeynallı, Sübhan Rüstəmov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəhmin Əhmədli, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Ləman Mustafayeva Rəşid Behbudovun repertuarından "Zibeydə", "Əziz surət", "Əziz dost", "Qızıl üzük", "Bakı", Azərbaycan xalq mahnısı "Qoy gülüm gəlsin, ay nənə", Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgərin ariyası, Fikrət Əmirovun "Sevil" operasından Balaşın mahnısını səsləndiriblər. İfaçıları pianoda Fidan Məmmədova, Roza Səlimova, Tamara Nəhmədova müşayiət ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.