Sahibə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Qazaxıstanda keçirilən beynəlxalq Silk Way Star musiqi müsabiqəsində Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorqyana 12 bal verib.
Bundan təsirlənərək bu yazını yazdım.
Bəzən düşünülməmiş bir jest xalqın yaddaşına toxunanda, içimizdə görünməyən bir ağrı yandırır bizi, deyilmi? Biz illərlə yaşadığımız ədalətsizliyi, itirdiklərimizi, torpağa düşən övladlarımızı unutmamışıq, Samirə əfəndi. Unuda da bilmərik. Çünki unutmaq öz kökünü itirmək deməkdir.
Bu gün verilən o on iki bal, bəlkə sadəcə bir musiqi qərarı idi. Amma yaddaşı olan xalq üçün hər davranışın, hər jestin bir mənası var. Çünki bizə yaxşı məlumdur: düşmənə göstərilən hədsiz mərhəmət bəzən öz xalqının acısına xəyanət kimi görünür.
Əlbəttə, nə musiqiyə, nə də sənətə qarşıyıq. Amma bir şeyi yaxşı anlayırıq ki, sənət də davranış da yaddaşla dəyərlənir. Yaddaşsız verilən qərarlar isə insanı öz xalqının səsini eşitməyən bir nöqtəyə gətirib çıxarır. Öz xalqının acısını unudanların verdiyi qərar nə qədər obyektiv ola bilər ki? Bəzən kimin kimə neçə bal verdiyi yox, kimin nəyi unutduğu daha çox ağrıdır insanı.
Bəli məsələ balda deyildi... yaddaşda, dəyər hissindəydi.
Tarixin yükünü daşıyan bir xalq üçün verilən hər yanlış balla deyil, unudulan həqiqətlərlə çətinliklər başlayır.
Biz ədalətin tərəfdarıyıq. Biz də sənin qədər sülh istəyən, amma yaddaşı olan bir xalqıq. Biz heç kimə nifrət etmirik, amma, heç kimin də etdiyini unudacaq qədər nankor deyilik.
Bəzən bir bal, sadəcə bal deyil. O, kimin kimə nə qədər yaxın olduğunu deyil, kimin öz xalqından nə qədər uzaqlaşdığını göstərir.
Və bu da subutu:
Haqqını tapdaya bilmədiyin bir erməni ilə sən əsl azərbaycanlıların haqqını tapdaladın.
Unutmayaq ki,..
Düşmənə mərhəmət Vətənə xəyanətdir.
“Ədəbiyyat və incəsənət”
(24.11.2025)


