Estoniya Azərbaycan musiqisinin sehrinə bürünüb

 

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Estoniyanın paytaxtı Tallinin mərkəzində yerləşən “Mere Mədəniyyət Mərkəzi”ndə Azərbaycanın dahi bəstəkarı, musiqişünas Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş "Aşıq və Muğam" adlı konsert keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir Komitənin dəstəyi, “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyev, Estoniya parlamenti və Mədəniyyət Nazirliyinin nümayəndələri, İnteqrasiya Fondu, diplomatik korpus üzvləri, incəsənət xadimləri və şəhər sakinləri iştirak ediblər.

Tarzən Asim Pirimov, kamança ustası Hüseyn Nağıyevxanəndə Rəvanə Vəliyeva Azərbaycan muğamının sədaları ilə, aşıq Mübariz Əliyev isə sazın ecazkar ifası ilə tədbir iştirakçılarının ruhunu oxşayıb. Onların ifasında səslənən xalq mahnıları, muğam parçaları eləcə də aşıq musiqiləri sürəkli alqışlarla qarşılanıb.

Gecənin ən yaddaqalan məqamlarından biri də Tallinin məşhur “Gracia” rəqs qrupunun “Sarı Gəlin” ifası olub.

Tədbirin sonunda qonaqlar bu kimi mədəni tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan musiqi və rəqs sənətinin Estoniya tamaşaçısına çox doğma gəldiyini bildiriblər. Onlar bu gecəni yalnız bir incəsənət bayramı kimi deyil, eyni zamanda xalqlar arasında mədəniyyət körpüsü kimi qiymətləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.