Könül, “Ədəbiyyat və incəsənət”
Düzü, öncə peyk yayımı, ardınca internet televiziyası, sonra da sosial media o qədər keyfiyyətsiz musiqi ixrac edir ki, bayağı musiqi trendə çevrilib.
Xüsusən elitar musiqi gündəmdən sıxışdırılıb çıxarılır. Belə bir zamanda bu musiqini yaşatmaq üçün hər bir təşəbbüs alqışalayiqdir.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Barokko musiqi axşamının keçirilməsi, əlbəttə ki, musiqi qurmanlarının ürəyincə oldu.
Sözügedən tədbirdə çıxış edən Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov musiqisevərləri konsertlə bağlı məlumatlandırdı.
Daha sonra bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi, Azərbaycan Dövlət Xor Kapellası, konsertmeyster Xurşid Abdullayevanın müşayiəti ilə solistlər Əməkdar artist İlham Nəzərov (kontratenor), beynəlxalq müsabiqələr laureatı Tofiq Zeynalov (kontratenor) və Nuray İsmayılova (soprano) dinləyicilər qarşısında çıxış etdilər.
Proqramda Avropa bəstəkarlarının əsərləri yer almışdı.
Bu arada “barokko” sözü yadımıza məşhur “Təhminə” filmini saldı. Zaur Moskvaya televiziya və kino heyəti ilə yollanan Tahminənin dalınca gedir. Orada heyət onu yalnız uğursuz bir “uxajor” kimi qəbul eləyir. Amma Zaur bir rus rejissordan eşitdiyi “Fellini barokkodan rokokkoya keçdi” cümləsini qonaqlıq zamanı təkrarlayır və dərhal hamının ona münasibəti dəyişir.
Dostlar, bəlkə bizlər də bozbaş müğənnilərdən qurtulub barokkoya, rokokkoya keçək?
“Ədəbiyyat və incəsənət”
(16.05.2025)