Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
6 may 2025-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Gənclərin Maarifləndirilməsinə Dəstək" və "Gənc Könüllülər" İctimai Birliklərinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 102 illik yubileyinə həsr olunan, gənc musiqiçilərin ifasında Ulu Öndərin sevdiyi musiqi əsərlərindən ibarət xüsusi konsert proqramı təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin, Vətən müharibəsi qəhrəmanlarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Çıxış üçün ilk söz Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilova verilib. O, çıxışında Ulu Öndərimizin irsinin öyrənilməsinin vacibliyini vurğulayıb və bildirib ki, onun həyat yolu uzun illər araşdırılmasına baxmayaraq, hələ bundan sonra da uzun müddət araşdırılacaq. Həmçinin qeyd edib ki: “Bu cür silsilə tədbirlərin keçirilməsi, görüşlərin təşkil olunması çox önəmlidir. Bu tədbirlərə, həmçinin, mədəni tədbirlər də daxildir. Belə tədbirlərdə Ulu Öndərimizin sevdiyi mahnıların yenidən gənclərimizə aşılanması əsas məqamlardandır.
Ulu Öndər irsi dedikdə, ölkəmizdə mümkün olan bütün məsələlərdə, bütün sahələrdə biz onun imzasını görürük.
Azərbaycan gənci həm cəbhədə, həm də mədəni sahədə öndədir. Bir sözlə, Azərbaycan gənci hər sahədə söz deməyə layiqdir."
O, çıxışını Azərbaycan gəncinə olan inamla tamamlayıb: "Azərbaycan gənci qələbəni, bu suveren hüquq dövlətini qoruyacaqdır və Azərbaycan gənci bu ölkənin döyünən ürəyidir. Biz birlikdə güclüyük!"
Daha sonra bədii hissəyə keçid edilib. İnklüziv istedadlar Ulu Öndərin sevdiyi “Küçələrə su səpmişəm", "Qarabağ", "Ala göz" kimi mahnıları səsləndiriblər.
Elvin Məmmədov və ansamblı, "Azəri İncələri" qrupu, "Dalğa" rəqs ansamblı da öz çıxışları ilə tədbiri yadda qalan ediblər. Sonda isə sürpriz qonaqlar tədbiri daha da maraqlı ediblər.
Xalq artisti Zaur Rzayevin ifasında səslənən "Can Azərbaycan" mahnısı gənclərə çox xoş hisslər yaşadıb. Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Ələkbərli də bu tədbirin önəmindən və Azərbaycan könüllülərinin bu tədbirdəki rolundan danışıb. Daha sonra digər sürpriz qonaq Günay İbrahimli öz vətənpərvər ifası ilə tədbirin coşqusunu artırıb və gənclərin vətən sevgisini daha da alovlandırıb.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)