Zamanı rənglə ölçən sənətkar Featured

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

(Tanınmış rəssam Qafar Sarıvəllinin 70 illik yubileyinə dost sözü)

 

Onun rəsmlərinə baxanda, bir rəngin içində bir ömür, bir xəttin içində bir yaddaş görürsən. O, fırçanı sanki əlində deyil, ruhunda daşıyır. Qafar Sarıvəlli - öz torpağından, ocağından boylanan, boylandıqca Vətənin ağ üzünü və dünyanın hər üzünü görən bir sənət yolçusudur.

 

Kəmərlinin, İncədərəsinin və də Qazaxın küləkləri, çinarları, dağ havası, saz havası — hamısı, hsmısı onun rənglərinə hopub, yaşayır. O rənglərdə nə azadlığın coşqusu, nə də təbiətin sükutu tək deyil; hər rəngin arxasında bir duyğu, bir düşüncə, bir fikir və deməli, zamanın özünün nəfəsi var. Qafar müəllim rəssamlıqla yanaşı, həm də baxış fəlsəfəsi yaradıb - desək, yanlış olmaz. Onunku görməkdən irəlidir - düşünür, düşüncə ilə boyayır, boya ilə düşünür və düşündürür. Qazaxlı olduğu üçün fırçanı şair qələmi kimi işlədir və bu, onun əsərlərinə özünəxas çalarlar qazandırır.

Rəssam 1985-ci ildən etibarən bir çox Respublika və Uluslararası sərgi və yarışmalara qatılıb. 1989-cu ildə Gənclərin Respublika Plakatları yarışmasında birinci yerə layiq görülüb, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü kimi öz sözünü deyib. Rəssamlar İttifaqının xətti ilə keçirilən fərdi sərgilər onun sənət yolunun uğurlu aşamalarını göstərir.

Sarıvəllinin yaradıcılığı çoxşaxəlidir: 100-dən çox kitabın tərtibatını verib, yüzlərlə illüstrasiya ərsəyə gətirib, bir neçə kataloqu çap olunub. Əsərlərinin muzeylərdə, qalereyalarda və şəxsi kolleksiyalarda qorunması təsadüfi deyil.

Onun əsərlərində qəhrəmanlıq da var, yanğı da; satira da var, inam da; zamanın ağrısı, amma ruhi güc sayəsində dik duruş da var. Hər tablosu “Yaşa, düşün, yarat, inan!” çağırışı kimidir.

O, 70 ildir bu dünyada, 50 ildir sənət dünyasındadır. İlləri boşuna keçirməyib, rəngli yaşayıb - illər onun sənət yoluna çevrilərək, ömrün rənglərdə çəkilmiş özkeçmişinə dönüşüb elə bil… Qafar Sarıvəllinin rəsmləri keçmişin xatirəsi olmaqdan ötə gələcəyin işartısıdır həm də - ümid-ümid, inam-inam, dalğa-dalğa… O, rənglərlə ulusun yaddaşına toxunur, təsviri sənətin dilində Azərbaycanın ruhi gücünü danışdırır.

Bəli, Sarıvəllinin fırçasından süzülən tabloları irsə dayalı, günümüzü anlatan və gələcəyə yönlüdür - bir çağırış, bir tanıqlıq kimi…

Bu dünyaya gəlişinin 70, sənət dünyasına gəlişinin 50 illiyi qeyd edildi, qutlu olsun!

Rəngin işığa, xəttin zamana qarışdığı bu yolda ilhamı heç solmasın.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.