DAHİ MİRCAVADOV - o göründüyündən daha ucadadır Featured

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

 Azərbaycanın ən görkəmli rəssamları sırasında yer alan, fəqət əməkdar incəsənət xadimi olaraq dünyadan köçən, Xalq rəssamı adı ona çox görülən Cavad Mircavadov barədə danışacağam sizlərə. Bu gün onu xatırlamağın lap yeridir.

 

Cavad Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda doğulub. Uşaqlığı Bakının Fatmayı kəndində keçib. O 1938-ci ildə, 15 yaşı olanda «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssamı Zarubinin yanında işə düzəlir. İstedadı dərhal gözə çarpır. Kinoteatrın baş rəssamı afişa işlərinin hamısını ona tapşırır. Burada 1 il çalışdıqdan sonra… işə gecikdiyi üçün 6 ay müddətində həbs edilir və Bayıl həbsxanasına göndərilir. Bəli, o dövrlərin belə sərt qanunları da var imiş.

 

1941-1949-cu illərdə Mircavadov Bakıda rəssamlıq məktəbində ilk rəsm təhsilini alır. Hələ məktəbdə oxuduğu illərdə o, Pol Sezanın əsərlərindən ibarət bir kitabla tanış olur və 1949-cu ildə buradakı təhsilinin tamamladıqdan sonra Sezanın əsərlərini Ermitajda görmək məqsədilə Leninqrada yola düşür. 1949–1954-cü illərdə Leninqradda yaşayır, Dövlət Ermitajında fəhlə kimi çalışır, təki o dahiyanə əsərləri hər gün görsün.

 

Onun məqsədi Ermitajda sərgilənən rəsmlərlə yaxından tanış olmaqla, rəsm texnikaları ilə tanış olmaqla, bura gələn görkəmli şəxslərlə ünsiyyət qurmaqla tam olaraq rəssamlqı sənətinə transfer olunmaq idi. Bu məqsədlə rəssam 5 il müddətində burada çalışır. Eyni zamanda, gənc rəssam tez-tez Moskvaya səfər edir və gənclik illərində Sezanın davamçıları olan böyük sovet rəssamlarından bəziləri ilə tanış olmaq imkanı qazanır. Bu rəssamlardan biri də “Bubnovıy Valet”in və Bədii rəssamlar birliyinin əsasını qoyan Pyotr Petroviç Konçalovski idi.

 

Cavad Mircavadov Qabriel Qarsia Markes pərəstişkarı idi. "Yüz ilin tənhalığı", "Montan esseləri" əsərləri onun təkrar-təkrar oxuduğu kitablar idi. Rəssamın həyat yoldaşı onunla bağlı xatirələrində bu barədə danışır:

 

"1987-ci il idi. Evdə oturmuşduq. Varşavadan zəng gəldi. Danışan Çingiz Aytmatov idi. Cavadın səhhəti yaxşı olmadığına görə yerinə mən cavab verdim. Çingiz dedi ki, yaxın günlərdə Markes Varşavaya gəlir, ordan birlikdə Moskvaya uçacaqlar: “Siz də gəlin, orda Cavadı Markeslə görüşdürüm”.

 

Çingiz Cavadın Markes sevgisini bilirdi, onların yaradıcı dünyası eyni idi, hər ikisi mifik obrazlar yaradırdı. İzah elədim ki, səhhəti yaxşı deyil, ona görə gələ bilməyəcyik. Cavad qərara aldı ki, sevimli yazıçısı ilə görüşmək nəsib olmasa da, ona bir tablosunu göndərsin, göndərdi də. “Yanğın” adlı başqa bir tablosunu isə yazıçı Artur Miller alıb."

 

Rəssamın qrafika əsərləri ilə bağlı məşhur Qırğız yazıçısı Çingiz Aytmatov belə demişdir:

 

"Mircavadov əsərlərində şeytanı dramatikləşdirib, onu güclü və bənzərsiz miqyasda təsvir edib. Araşdırmalar nəticəsində Cavad silueti müəyyən etməklə yanaşı, həm də rəngi formadan ayırmağı bacarıb ki, bu da əsərlərinə qeyri-adi görkəm verib. Bəlkə də buna görə rəssam öz kətanlarında personajları üçün lazımi yer ayırıb. O, əsərlərində əşya və fiqurları həcm yaradaraq sanki kətandan çıxacaq kimi təsvir etməyi bacarıb. Eyni zamanda sənətin başqa formalarını və məsafələrini tələb edib. İstifadə etdiyi rənglərin unikal modulyasiyası təbiətin özündə mövcuddur. Onun qanun, məkan və hüdudlardan kənara çıxması aydın görünür."

 

1987-ci ildə Vəcihə Səmədova adına salonda rəssamın ilk sərgisi keçirildi. Növbəti sərgi isə Moskvada baş tutdu. 1991-ci ildə isə Kopenhagen şəhərində fərdi sərgiləri keçirilib. Rəssamın 1989-cu ildə Moskvada Şərq Xalqları Muzeyində təşkil olunmuş fərdi sərgisinin annotasiyasında Cavad Mircavadov müasir Azərbaycan rəngkarlığının banisi adlandırılıb.

 

1992-ci ilin 24 iyun günündə o, Kopenhagen-Moskva qatarında yol gedərkən vəfat edib. 69 yaşındaydı, 70-ə doğru gedirdi…

Rəssamın ölümündən sonra bir çox xarici ölkələrdə fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları Muzeyi və həmçinin, bir çox şəxsi qalereya və kolleksiyalarda saxlanılır.

Və bird aha təkrarlayıram, o, göründüyündən daha ucadadır. Fəqət, öz layiqli qiymətini ala bilməyib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.