Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Çox maraqlı tarixçəsi olan bu sandığın hekayəsini sizə danışmaq istəyirəm. Ümumiyyətlə, sandıqlar hər zaman saxlanc yeri olub. Ulularımız ən dəyərli əşyalarını həmin sandığa qoyar, onu möhkəm bağlayarmışlar. Sandıq həm maddi, həm də mənəvi dəyərlərin qoruyucusu kimi milli mentalitetimizin bir parçasına çevrilərək tariximizdə öz izini qoyub.
Belə sandıqlardan biri də Ordubad şəhərində yerləşən Məmməd Səid Ordubadinin ev-muzeyində, onun şəxsi əşyaları arasında qorunub saxlanılır. İlk baxışdan sadə görünən bu sandıq əslində böyük bir tarixə şahidlik etmiş, ədibin həyatının qorunmasında mühüm rol oynamışdır. Necə? Gəlin birlikdə oxuyaq.
1905-ci ildə “Qeyrət” mətbəəsində Məmməd Səid Ordubadinin “Qəflət” şeiri çap olunur. Şeirdə mollaların elmsizliyindən bəhs edilən bir misrada belə deyilir:
Səd heyif ki, xəlqi-demə vermədi fürsət,
Sözdən götürdüm pərdəni, kəşf olsun həqiqət.
Bu şeirdən sonra Ordubad mollaları məscidlərdə çıxış edərək Ordubadini bəhailiyi təbliğ etməkdə günahlandırmağa başlayırlar. Hacı Molla Əli Dəstəqi “Qəflət” şeirini əlinə alaraq Yəhya bəy məscidində minbərə çıxır və həmin misraları oxuyur. Ağa Seyidin oğlu Mir Yusif Cümə məscidində, Mir Mürtəza Vaiz isə Mədrəsə məscidində çıxış edərək Ordubadini kafir adlandırırlar.
Bu hadisələr məhərrəmlik ayına təsadüf edirdi. Ordubadinin anası və yeznəsi onu məcbur edirlər ki, məscidə gedib kafir olmadığını onlara sübut etsin. Anasının məcburiyyəti ilə Ordubadi məhərrəm ayının altıncı gecəsi saqqalını qırxıb Mingis məscidinə gedir və Məhəmməd Tağı Sidqinin yeznəsi Məşədi Cəlilin yanında əyləşir.
Məsciddə hamıya çay paylanır, lakin Ordubadiyə çay verilmir. Məşədi Cəlil “Səidin çayı hanı?” deyə soruşduqda, Məşədi Əkbər “Səid evdə içib gəlib”, deyə cavab verir. Məsciddən çıxarkən Kərimin oğlu Hüseyn ona yaxınlaşıb deyir: “Sabahdan məscidə gəlmə.” Ordubadi anlayır ki, bu, Molla Seyid Mirağanın sözüdür və bir daha məscidə getmir.
Məscidə buraxılmayan Ordubadi və onun kimi ziyalılar bir cəmiyyət qururlar. Cəmiyyətin üzvləri Mirzə Sadıq, Mirzə Salman, Mirzə Əsgər oğlu Məmməd, Məşədi Əsgər Hüseynzadə, Mirzə Xəlil Salehzadə və başqaları idi. Bu cəmiyyət üçün bir qiraətxana lazım olur. Nəhayət, Mir Adilin evində kiçik bir qiraətxana təşkil edirlər. O dövrdə qiraətxana açmaq çox çətin idi. Lakin pristav Terpelovski bu cəmiyyətə rəğbət bəslədiyindən qiraətxananın açılmasına köməklik edir.
Terpelovski cəmiyyətdə hökumətin inqilabı boğmaq barədə gizli qərarları və polis idarəsində verilən təlimatlar haqqında məlumat verirdi. Məşədi Əsgər Hüseynzadənin Təbrizlə əlaqəsi olduğundan oradan xarici qəzetlər gətirilirdi. Cəmiyyətdə aparılan müzakirə və mühakimələr əsasən millətçilik ideyaları ətrafında gedirdi. Həmin dövrdə erməni-müsəlman toqquşmaları geniş vüsət almışdı. Terpelovskinin cəmiyyətdə olması və hökumətin diqqətini yayındırması nəticəsində Naxçıvanla müqayisədə Ordubadda bu toqquşmalar o qədər də günişlənmədi.
1907-ci ildə yenə “Qeyrət” mətbəəsində Ordubadinin “Vətən və hürriyyət” adlı əsəri çap olunur. Bu əsərdə o, Çar Rusiyasının Cənubi Qafqazdan birdəfəlik çıxmalı olduğunu bildirirdi. Məhz bu əsərə görə Naxçıvandan jandarm rotmistri Pepel Ordubadinin evində axtarış aparır. Məqsəd onun Cənubi Azərbaycanla məktublaşmasını və inqilabi sənədləri üzə çıxarmaq idi.
Jandarm evə axtarışa gələndə pristav Terpelovskini də özü ilə gətirir. Ordubadi onu görən kimi sandığın arxasında revolver və İran inqilabına dair intibahnamələrin gizlədildiyini işarə ilə bildirir. Pristav isə sandığın üzərinə oturur və axtarış başa çatanadək ayağa qalxmır.
Sandıqda olan revolver və Cənubi Azərbaycanla yazışmalar istisna olmaqla, Ordubadinin bütün əlyazmaları şöbəyə aparılır. Əlyazmaların arasında heç bir sübut tapılmadığından Ordubadini azad edirlər. Əgər həmin gün o sandıq və Terpelovski olmasaydı, Ordubadi yerindəcə güllələnə bilər, sənədləri isə məhv edilə bilərdi.
Ordubadinin ev muzeyində diqqət çəkən digər əşyalar isə stullardır. Bu stulların arxa hissəsində açar nişanı var. bunun mənası belə izah olunur: həmin stullarda elə insanlar əyləşməlidir ki, orada danışılan söhbətlət sirr olaraq qalsın, kənara çıxmasın.
Beləliklə sadə bir sandıq təkcə əşyaların deyil, bir ziyalının həyatının, bir dövrün ideyalarının və azadlıq düşüncəsinin qoruyucusuna çevrilmişdir.
“Ədəbiyyat və incəsənət”
(27.02.2026)


