Bakı Beynəlxalq Qadınlar Klubu (International Women’s Club Baku) yeni prezidentinin seçilməsi barədə məlumat verməkdən məmnunluq duyur.
1 fevral tarixindən etibarən Bakı Beynəlxalq Qadınlar Klubunun prezidenti vəzifəsinə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirinin həyat yoldaşı xanım Asemgül Bayel seçilib.
“Ədəbiyyat və incəsənət” portalına Bakı Beynəlxalq Qadınlar Klubundan verilən məlumata görə, xanım A. Bayelin seçilməsi, otuz ildən artıq müddətdir diplomatik icmanı, beynəlxalq təşkilatları və işgüzar dairələri təmsil edən qadınları bir araya gətirən, mədəni dialoqun inkişafına, xeyriyyə təşəbbüslərinə töhfə verən, habelə Azərbaycanda müxtəlif xalqlara və millətlərə mənsub qadınlar arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən Klubun fəaliyyətində yeni mərhələnin başlanğıcını simvolizə edir. Xanım Asemgül Bayel son illər ərzində xeyriyyə tədbirləri təşkil etməklə Klubun fəaliyyətində fəal iştirak edib.
Bakı Beynəlxalq Qadınlar Klubu əvvəlki prezidentə göstərdiyi töhfəyə və dəyərli fəaliyyətinə görə səmimi minnətdarlığını bildirir, eyni zamanda xanım Asemgül Bayeli salamlayır və ona Klubun gələcək inkişafına və onun missiyasının möhkəmləndirilməsinə yönəlmiş yeni təşəbbüslərin həyata keçirilməsində uğurlar arzulayır.
Bakı Beynəlxalq Qadınlar Klubu (International Women’s Club Baku) — otuz ildən artıq müddət əvvəl təsis edilib, müxtəlif ölkə və mədəniyyətləri təmsil edən qadınları dostluğun, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də xeyriyyə və sosial layihələrin dəstəklənməsi məqsədilə birləşdirən qeyri-kommersiya təşkilatıdır.
“Ədəbiyyat və incəsənət”
(29.01.2026)


