Şəhid övladları üçün “YAŞAT” yay məktəbi Londonda davam edir

“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”in, “Norm” ASC-nin və “Bakcell”in sponsorluğu, “Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü “YAŞAT” yay məktəbi davam edir.

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, yay məktəbi “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılır və London Universitet Kollecində (University College London – UCL) keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak edirlər. 

Proqram çərçivəsində zəngin ekskursiyalar da təşkil olunur. Şagirdlər dünyanın ən məşhur meydanlarından biri olan Trafalgar meydanında, Böyük Britaniyanın və dünyanın ən böyük muzeylərindən biri Britaniya muzeyində və “Chinatown”da olublar. Monarxiyanın simvolu sayılan Bukinqem sarayı, Hayd-park, Qrinviç parkı ve Qrinviç meridianına ziyarət də iştirakçıların xüsusi marağına səbəb olub.

“YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır. 

Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.