Aerokosmik modelçilik sizə maraqlı gəlirmi? – bu da ASANlaşdı Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Sovetlər dönəmində Pionerlər və Məktəblilər Sarayları geniş vüsət almışdı, oralarda uşaqlara ən müxtəlif şeylər, ö cümlədən təyyarə modelçiliyi öyrədilirdi. Ağız büzüb bəzi yaşlı adamlar deyirlər ki, indi belə şeylər yoxdur. Amma biz deyirik ki, var, özü də daha təkmil, daha sivil.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bunu bir daha sübut etdi.

 

Səmada bir uçaq süzürdü. Ağappaq uçağın qanadları qırmızıydı. Sanki aşağıda dayanıb onu seyr edən xoşbəxt uşaqların arzularıydı, səmaya pərçimlənmişdi…

Bəli, Agentlik daha bir möhtəşəm layihəyə imza ataraq “Aerokosmik Modelçilik Festivalı 2025”i reallaşdırdı, özü də Bakı şəhərinin Hövsan qəsəbəsində.

Tədbir Azərbaycan Agentliyin “İnnovasiyalar Mərkəzi”nin və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə gerçəkləşdirilmişdi.

Əsas məqsəd ölkəmizdə raket və peyk modelçiliyinin inkişafına, gənclərin innovativ düşüncə tərzinin formalaşmasına, sağlam həyat tərzinin təşviqinə və texniki yaradıcılığın kütləviləşməsinə dəstək idi və bəri başdan deyək ki. Təşkilatçılar məqsədlərinə çatdılar. Tədbir yüksək səviyyədə keçirildi.

Qeyd edək ki, təmiz havada intellektual aktivliklə fiziki fəaliyyəti birləşdirən bu idman növü iştirakçıların həm fərdi, həm də komanda şəklində yarışmasına şərait yaradır. Qiymətləndirmə zamanı uçuşun hündürlüyü və müddəti, enişin dəqiqliyi, modellərin texniki səviyyəsi və uçuş reallığı əsas götürülür.

Düşünməyin ki, ilk dəfədir ölkəmizdə belə festival keçirilir. Artıq üçüncü dəfədir təşkil olunan festival iki mərhələdə, 10 növ yarış üzrə təşkil edilmişdi:

"S-3-B Paraşüt",

"S-3-C Paraşüt",

"S-4-D Raketaplan",

"S-6-A Streamer",

"S-6-B Streamer",

"S-6-C Streamer",

"Peyk (CubeSat)",

"Startap" (aerokosmik sahədə), dron və təyyarə modelləri).

Həmçinin intellektual müsabiqə və aviaşou xarakterli helikopter və təyyarə modellərinin nümayişi də gerçəkləşdi. İştirakçılara bu çərçivədə aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik formada tətbiq üçün də geniş imkanlar yaradılmışdı.

Xüsusi olaraq vurğulayım ki, bu ilki festivala “YAŞAT” Fondunun dəstəyi ilə 5 şəhid övladı da qatılmışdı. Raket modelçiliyi yarışının “S-6-A Streamer” kateqoriyasında bir araya gələn komanda üzvləri öncəki müddətdə festivala hazırlıq məqsədilə Fond tərəfindən raket, paraşüt, dron, təyyarə və s. modellərinin təlim məşqlərinə cəlb olunmuşdular.

Festivalda bu il ilk dəfə raket modelçiliyi üzrə beynəlxalq FAI standartlarına uyğun S-4-D Raketaplan kateqoriyasında və peyk modelçiliyi (CubeSat) sahəsində yarışlar keçirildi. Həmçinin startaplar bu sahədə ideyalarını inkişaf və kommersiyalaşdırmaq məsədilə yarışda iştirak edirdilər.

Sonda mütləqdir ki, tərəfdaşları da qeyd edim:

Tərəfdaşlar: Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərkosmos, Milli Aviasiya Akademiyası,  Hədəf STEAM Liseyi, “IT INNOVATIONS computer academy”, Nərgiz klinikası, “AzST”, “OUTSITE” və “RC CARTING”

Səmada bir uçaq süzürdü. Ağappaq uçağın qanadları qırmızıydı. Sanki aşağıda dayanıb onu seyr edən xoşbəxt uşaqların arzularıydı, səmaya pərçimlənmişdi…

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.