Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Beynəlxalq Muzey Günü münasibətilə bazar günü olmasından istifadə edərək Bakı şəhərində yerləşən bir neçə muzeyə baş çəkdim, onlardan birincisi məhz Bülbülün memorial ev muzeyi oldu.
Bilməyənləri agah edim ki, muzey Bakı şəhəri, Bülbül prospektində yerləşir.
Muzey 1976-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yəni 1961-ci ilin sentyabr ayının 26-dək yaşayıb yaratmışdır.
1977-ci il, iyulun 1-də Bülbülün Memorial Muzeyinin direktoru vəzifəsinə onun xanımı Adelaida Məmmədova təyin olundu. Yalnız 1982-ci il, iyun ayının 10-da Memorial Muzeyinin təntənəli açılışı oldu. Bakının köhnə məhəllələrinin birində, tarixlə müasirliyin qovuşduğu bir məkanda, Azərbaycanın musiqi tarixində əvəzsiz iz qoymuş sənətkarın ruhu yaşayır. Bülbülün memorial ev muzeyi sadəcə bir muzey deyil, Azərbaycan musiqi mədəniyyətinin əsrlər boyu formalaşmış ənənələrinin və keçmişinin əks olunduğu canlı bir məkandır.
Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır.Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmışdır.
Muzeyə daxil olarkən, sanki zamanda səyahət edirmiş kimi hiss etdim özümü. Qapıdan içəri girər-girməz, böyük sənətkarın varlığını hiss etməyə başladım. Divarlardan asılmış fotolar, şəxsi əşyalar və pianinosu hər biri sanki keçmişdən bir hekayə danışırdı. Bülbülün səsi sanki otaqların arasında əks-səda verirdi.
Muzeydə Bülbülün həyat və yaradıcılıq yolunu əks etdirən eksponatlar xüsusilə diqqətimi çəkdi. Onun musiqi təhsilinin, Azərbaycan musiqi tarixində mühüm rol oynamağa başladığı illərin xronikası bir insanın səs sənətinə olan fədakarlığının təcəssümü idi.
Ömrünün müəyyən illərində çəkilmiş fotoları və sənədləri, Avropa vokal məktəbi ilə milli ifaçılıq ənənələrini necə ustalıqla birləşdirdiyini göstərirdi. Bəlkə də ən təsirli guşə, Bülbülün səhnə kostyumları və şəxsi əşyalarının nümayiş olunduğu bölmə idi. Hər bir əşya sanki onun daxili aləmindən, zövqlərindən və həyata baxışından xəbər verirdi. Onun istifadə etdiyi not dəftərləri, müxtəlif dillərdə qeydlər – bunlar hamısı böyük zəhmət və peşəkarlığın göstəricisi idi.
4 otaqdan ibarət bu muzeyi gəzdikcə, Bülbülün yaradıcılığında necə ustalıqla milli və klassik Avropa ənənələrini birləşdirdiyini dərk etdim. O, Azərbaycan xalq mahnılarını və muğamları opera səhnəsinə çıxarmış, milli musiqimizə beynəlxalq səviyyədə hörmət qazandırmışdı.
Muzeydəki qədim qrammofon valları və lent yazısı üçün aparatura onun səsinin ecazkar gücünü bir daha sübut edirdi. Bülbülün dövrünün məşhur mədəniyyət xadimləri ilə görüşlərini əks etdirən fotolar və sənədlər xüsusilə maraqlı idi. Qara Qarayev, Niyazi, Rəşid Behbudov və digər sənətkarlarla birgə çəkilmiş şəkillərAzərbaycan musiqi tarixinin qızıl səhifələrini xatırladırdı.
Bülbülün dünya miqyasında tanınmış müğənni və bəstəkarlarla əlaqələrini əks etdirən materiallar onun beynəlxalq musiqi aləmində necə yüksək qiymətləndirildiyini göstərirdi. Muzeyin ən təsirli tərəfi isə Bülbülü sadəcə bir sənətkar kimi deyil, həm də bir insan kimi tanımağa imkan verməsi idi. Ailəsi ilə birlikdə çəkilmiş fotolar, şəxsi məktublar və xatirələr onun daxili aləmini, dəyərlərini və sevgilərini açırdı. Bu eksponatlar vasitəsilə dahi sənətkarın necə qayğıkeş bir ata, sədaqətli bir dost və vətənpərvər bir vətəndaş olduğunu görmək mümkün idi.
Səfərimin sonunda mənə hədiyyə edilən "Bülbül – Bütün Zamanların Nəğməkarı" adlı kitab isə mənim üçün sadəcə bir nəşr deyildi, eyni zamanda bu kitab mənə sənətə və sənətkara verilən dəyərin, hörmətin və minnətdarlığın simvolu kimi təqdim olundu, onun üçün muzeyin müdirinə xüsusi təşəkkürümü bildirirəm.
Muzeydən çıxarkən, Bülbülün Azərbaycan mədəniyyətinə verdiyi töhfələrin miqyasını yenidən dərk etdim. Onun həyatı və yaradıcılığı sənət yolunda əzmlə irəliləməyin, öz köklərinə sadiq qalaraq dünyaya açılmağın parlaq nümunəsidir. Bülbülün səsi əbədi olaraq Azərbaycan musiqisinin simvolu olaraq qalacaq və gələcək nəsillərə ilham verəcək.
Bu muzey ziyarəti məndə dərin təəssürat yaratdı və milli mədəni irsimizə olan qürur hissimi daha da gücləndirdi. Bülbülün memorial ev muzeyi, sadəcə bir sənətkarın xatirəsini əbədiləşdirən məkan deyil, eyni zamanda Azərbaycan musiqi tarixinin canlı şahididir. Hər bir azərbaycanlının və musiqi sevərin bu müqəddəs məkanı ziyarət etməsi, milli mədəniyyətimizin bu parlaq ulduzunun həyat və yaradıcılığı ilə daha yaxından tanış olması vacibdir.
Bildirmək istəyirəmki, yalnızca bu gün deyil, bu muzeyə hər zaman giriş tam ödənişsiz şəkildə mümkündür. Muzey ziyarətim bitdikdən sonra, bir də Bülbülün ifalarını dinləmək istədim. İndi, onun səsi daha doğma, daha əziz gəlir mənə. Çünki artıq mən bu səsin arxasındakı insanı, onun keçdiyi çətin və şərəfli yolu daha yaxşı anlayıram.
“Ədəbiyyat və incəsənət”
(19.05.2025)