“Son beş ilin ağrısı” – Atam Fikrət Sadığa MƏKTUB Featured

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Səninlə həmişə dərdləşirdik. Son beş ili susmuşam… Əvvəl insan naxələfliyi sarsıtdı məni, sonra itgimiz. O gündən bu günə susuram, səninlə heç nə danışa bilmirəm.

İstəyirəm deyim ki, bağışla, sən bildiyin, sən dediyin kimi qoruya bilmədim heç nəyi. Əvvəllər elə bilirdim, sənin dediklərini edə biləcəyəm. Nə olsa da, mənə inanırdın axı. İndi yanında utanıram… Bacarmadım, deyəsən. Dünyada ən böyük sevgim sən idin, elə sən də qaldın. Amma tənha içimi ovudan şeirlərdən də, Allahdan da, elə anamdan da uzaq düşdüm.Sanki babamın 1937-ci ildə sürgün edildiyi kimi, sürgün etdim özümü yadlar içində.

Həm gec yeridin, həm gec dil açdım — həmişə məni belə xatırlayırdın. Gec yeriməyi bilmirəm… Çox güman, bu yalançı dünyaya addımlamaq istəməmişəm elə o vaxtdan. Elə bu gün də həmin adamam. Bu gün mən, səninlə qulaqbatıran uğultunun, göz-gözü görməyən tüstünün, dumanın içindən ilk dil açdığım gündəki kimi, bu beş ildə ilk dəfə danışıram.

Ağ saçlarına, ətri ürəyimdəki daşı əridən əllərinə həsrətəm. Çoxdandır ki, başımı sığallayıb "Mən burdayam, qorxma" demirsən. Çünki bilirsən ki, əslində mən daha qorxmuram — hissizləşirəm.

Rəssam Sehran Allahverdi sənin rəsmini göydə çəkib, buludların içində. Həmişə istəyirəm ona sual verim ki, "Siz haradan bildiniz ki, mən həmişə atamla dərdləşəndə göyə baxıram?" Onun orada olduğundan əminəm — getdiyi gündən, üzünü göyə tutub getdiyindən əminəm. Rəssam ürəyidir, çox güman ki, məni duyub.

Gözümdə yaş düyünləndi… Gəl sənə son illər necə yaşadığımı danışım.

Deyirlər: “Əgər bir xalça toxuyan rəssamı dustaq edib keçə toxutdurmağa məhkum etsən, o rəngsiz keçəni toxuya-toxuya xalçaların rəngini unudacaq”. Mən də o haldayam indi. Amma yaranışdan və doğuluşdan mənə bəxş etdiyin o qığılcımdan arxayın ol — ölmür. O qığılcım hələ də mənim içimdədir. Bəlkə bir gün önümə düşüb məni xilas edər...

95 illik yubileyini qeyd edəcəyik. Gör necə ötüb keçdi...

Dostun Nəriman Həsənzadə ilə telefonda danışdım. O telefon danışığı əslində mənim üçün səni anmağa bəs etdi. Bütün tədbirləri əvəzlədi. Onun dediyi sözləri, səni xatırlamağı, göz yaşları ilə danışmağı məni həm çox üzdü, həm də sevindirdi.

Səni heç unutmurlar. Həmişə yaşayacaq olan şeirlərini sevirlər. İstədiyin də yəqin ki bu idi — gözəl xatırlanmaq. Hər dəfə məni hansısa tədbirdə təqdim edəndə adın çəkilir. O gün Əsəd Cahangir sənin haqqında danışdı, dedi:
"Ağ saçlı, Stalin kiteli geyinən, ağır-ağır gəzən, dağ cüssəli, xeyirxah şairimiz Fikrət Sadıq."
Sənin haqqında elə danışdı ki, kimdən, nədən danışacağımı yadımdan çıxartdım.

Bu il may ayının 30-da düz 95 ildir ki, varsan. Neçə il əvvəl özünü götürüb bu dünyadan köç etdin. Bizi tək qoydun. Amma zaman və illər məni yalnızca son beş ildə tənhalaşdırdı. Hərdən deyirəm ki, bu əzablar səni üzərdi, ruhun incidi — çox güman. Ruhun duydu məni.

Məqamın gözəllik olsun, gözəl atam. 95 yaşında, qocaman dağ kimi, daima kölgən, adın ürəyimdədir.

Yenə çox məqamı susdum.

Son beş ilin ağrısı...

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.