Yeni quruluşda “Toska" operasının nümayişi bir incəsənət hadisəsinə çevrildi Featured

Könül, “Ədəbiyyat və incəsənət

 

Həftəsonu Bakı Musiqi Akademiyasının nəzdində Opera studiyasının konsert salonunda görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Toska" operasının tamaşası nümayiş olundu. Həqiqətən də bu, mədəniyyətimiz üçün bir hadisə sayıla biləcək nümayiş idi.

 

Tamaşada Toska partiyasını Əməkdar artist İlahə Əfəndiyeva, Kavaradossi partiyasını ilk dəfə olaraq Əməkdar artist Ramil Qasımov, Skarpia partiyasını isə Əməkdar artist Anton Ferştandt ifa edirdilər. Həmçinin Əməkdar artist Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə, İqor Yadrov, Ruslan Persan, Fatimə Məmmədova tamaşada rol almişdılar. Səhnə əsərini Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edirdi.

Süjet xəttində Fransa imperatoru Napoleonun hakimiyyətinin ilk dövründəki siyasi avantüralar və sevgi intriqaları dayanan operanın premyerası 1900-cü ildə Milanda baş tutub. Bu tamaşa klassik opera sənətinin ən dəyərli nümunələrindən biri olaraq, dünyanın bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir. Fransız dramaturqu Viktorian Sardin opera müğənnisinin faciəli həyatı haqqında qələmə aldığı pyes hələ 1899-cu ildə Puççini ilə bərabər Verdi və Franketti kimi bəstəkarların da diqqətini cəlb edib. Lakin sonda bu pyes əsasında opera yazmaq hüququnu məhz Puççini qazanıb. Nəticədə L.İllika və C.Cakozanın librettosu əsasında Puççini “Toska” operasını qələmə alıb.

 

Tanınmış opera ifaçısı, Əməkdar artist, Kavaradossi partiyasını ifa edən Ramil Qasımov tamaşadan sonra Azər TAC-a müsabibəsində belə söylədi:

“Hər rolun özünəməxsusluğunu yaratmaq və operasevərlərə düzgün təqdim etmək böyük məsuliyyət tələb edir. Bizdən öncə səhnədə sözünü demiş sənətkarlar isə həmişə bizim üçün ilham mənbəyi olub.

Yadımdadır ki, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Toska" operasına baxmışdım. Bu tamaşa yaddaşımda unudulmaz iz buraxmışdı. Toska rolunda dövrümüzün canlı əfsanəsi, Xalq artisti Xuraman Qasımova, Kavaradossi rolunda Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili, dirijor pultunda isə musiqi mədəniyyətimizin canlı əfsanəsi, Xalq artisti Rauf Abdullayev çıxış edirdi. Həmin tamaşada səslənən musiqi məni dərindən heyran etmişdi. Xüsusilə Kavaradossinin ölüm səhnəsi, onun ariyaları və bütövlükdə əsərin musiqi üzərində qurulan dramatik süjet xətti mənə unudulmaz təsir bağışlamışdı. Elə həmin gün bir qərar verdim və haçansa bu partiyanı özüm ifa etmək arzusunda idim. O arzu gerçəyə çevrildi.

Dünya opera incilərindən olan Cakomo Puççininin "Toska" operası dinindən və dilindən asılı olmayaraq, musiqini sevən, ona ruhu ilə bağlı olan hər kəsə bir töhfədir. Əsərin dramaturji xəttini ifam ilə təqdim etməzdən əvvəl teatrın direktoru, Xalq artisti, dünyaşöhrətli tenor Yusif Eyvazovdan tövsiyələr aldım. Düşünürəm ki, ilk dəfə ifa etdiyim Kavaradossi partiyası növbəti tamaşalarda təkmilləşərək daha da mükəmməl olacaq".

Söyləyim ki, yeni quruluşda “Toska” bəyənildi, bunu həm tamaşanı izləyən musiqişünaslardan, həm də tamaşaçılardan aldığım rəylər tam isbatladı.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.