Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Vəkilovlar oçağı Azərbaycan klassik poeziyasına Səməd Vurğun, Azərbaycan mdern poeziyasına Vaqif Səmədoğlu və Azərbaycan nəsrinə Yusif Səmədoğlunu bəxş etməklə Azərbaycan ədəbiyyatını həqiqətən də zənginləşdirib, gözəlləşdirib. Adətən biz bir rayondan, bir şəhərdən çıxmış dahiləri hesablayırıq, burada isə söhbət bir ailədən gedir. Cəmi-cümlətanı bir ailə - ata və iki oğlu.
Ötən 2025-ci ilXalq yazıçısı, kinodramaturq Yusif Səmədoğlunun anadan olmasının 90 illiyi idi, elə yeni ilin ilk günlərində ölkənin kino elitasının bu yubileyi qeyd etməsi, əlbəttə ki. Lap yerinə düşdü.
Yanvarın 9-da Azərbaycan Dövlət Film Fondunda düzənlənən tədbir Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2025-ci il tarixli Sərəncamına müvafiq olaraq təşkil olunmuşdu, tədbirin başlanğıcında bu zəruri qeydi məxsusi vurğuladılar, çünki dahi şəxsiyyətlərə dövlətin diqqət və qayğısı ən başlıca şərtdir.
Yubiley tədbirini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Yusif Səmədoğlunun əsəri əsasında çəkilmiş “Foto-fantaziya” filminin yeganə nüsxəsinin Dövlət Film Fonduna daxil olmasının tarixçəsindən bəhs etdi.
Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimləri İntiqam Qasımzadə və Ayaz Salayev görkəmli yazıçı haqqında xatirələrini bölüşdülər, onun yaradıcılığını təhlil etdilər.
Sonunda Y.Səmədoğlunun eyniadlı əsəri əsasında çəkilmiş, Dövlət Film Fondunun arxivində qorunub saxlanılan “Foto-fantaziya” filmi ilk dəfə olaraq, geniş ictimaiyyətə təqdim olundu.
1970-ci ildə rus dilində lentə alınmış film Azərbaycan dilində subtitrlərlə nümayiş etdirildi.
Qeyd edək ki, film Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifovun kurs işi kimi Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda istehsal olunub. Filmin rejissoru Dövlət mükafatı laureatı Rauf Nağıyevdir.
Əlbəttə ki, mərhum yazıçı barədə indiyədək üzə çıxmayan hər bir fakt, detal böyük maraq doğurur. Elə “Foto-fantaziya” da hədsiz maraq doğurdu.
“Ədəbiyyat və incəsənət”
(12.01.2026)


