Fədakar ömrün 8 anı- 8 PƏRDƏLİ SƏNƏT VƏ SEVGİ DRAMI ÜÇÜN SİNOPSİS Featured

Hafiz Ataxanlı, “Ədəbiyyat və incəsənət” üçün

 

Proloq

Hüseyn kişi tarladan arğın- yorğun dönmüşdü. Sazı götürdü. Bəsti xala çay gətirmək istədi.

- Yox, çayı bir azdan verərsən,- eyvanda oturub sazı köklədi,- yorğunluğumu ancaq sazla çıxarıram,bu gün əldən düşmüşəm.

Sazı sinəsinə basıb ayrıldı bu dünyanın qayğılarından,beynini gündəlik məşğul edən taxıl planından,əməkgünü cədvəlindən,sədrlik məsuliyyətindən.

 

Qazaxda, Yuxarı Göycədə o qədər qəm yiyəsi tanıyırdı,onları düşünürdü,ikinci cahan savaşının başsız qoyduğu ailələri,atasız uşaqları göz önünə gətirirdi,kədərli duyğuları ürəyindən barmağına,ordan da dərdə simsar simlərə ötürürdü. Bir də başını qaldırdı ki, İbrahim,İsrafil əmioğlanları dayanıblar qarşısında,ona baxırlar

-Ağrın aleym,tanımasaydım səni,elə bilərdim ki, Qori seminariyasını yox,aşıqlar məktəbini bitirmisən, - İbrahim heyranlıqla gülümsədi

İsrafil də zarafata qoşuldu:

- Əmioğlu,öleym,ta sənin yanında əlimə saz götürmərəm.

-Bəsdirin, məni çox tərifləməyin,sonra sizin çalğınızı bəyənmərəm ha,- Hüseyn müəllim ürəkdən güldü,sonra Bəstiyə səsləndi:

-Vidadi hardadır, a Bəsti, bayaqdan gözümə dəymir axı.

-Harda olacaq, teatr çıxarır, - Bəsti çayları gətirdi. 

İbrahim sevincək dilləndi:

-Hə, Hüseyn qağa, doğrudan ha, Allah saxlasın, dünən biz də baxdıq, əminəvəsi əməlli- başlı oyun çıxarır.

-Yaxşı, balam, bəs tamaşa nədən bəhs edir? Bildiyimə görə pal- paltar, müəyyən əşyalar- filan lazım olur tamaşa üçün. Bəs onları hardan tapıb?

-İndiyəcən kəndimizdə nə qədər məzəli hadisə baş veribsə, yığırmış çinədanına, özü yazıb- pozub, internat məktəbdən də döşəkağı gətirib, soyunma otağı, bir də səhnə düzəldib. Maşallah, fərasətli uşaqdır, yaxşı gələcəyi var.

İbrahim əmioğlusunun sözünə qüvvət verdi:

-Hə, dünən əslində yığışdırmaq istəyirdi, camaat əl çəkmədi. Daha iki gün oynayacaqlar.

-Onda sabah vaxt tapıb mən də gəlib baxaram. Amma kənardan. Mənim orda olduğumu deməyəsiniz ha! Uşaq məni görəndə çəkinər, karıxar.

 

Bakı- İrəvan qatarı

Vidadi Əliyev arzularının ardınca yüyürdü, İncəsənət institutunun aktyorluq fakültəsinə qəbul olundu. Kursun rəhbəri Tofiq Kazımov, müəllimi Nəsir Sadıqzadə idi. İstedadı, zəhmətsevərliyi, öyrənmək təşnəsi, fəallığı və şübhəsiz ki, iki böyük sənətkardan öyrəndikləri tələbəlik illərindən onun uğur hekayəsinin yazılmasına rəvac verdi. Azərbaycan Dövlət Televiziyasında çəkilən "Birincilər və sonuncular" teletamaşasına dəvət aldı. Ünlü aktyor Səməndər Rzayevlə tərəf- müqabil oldu   Təyinatını Akademik Dövlət Dram Teatrına ayırmışdılar. Amma hələlik kurs yoldaşları ilə birlikdə "Sevil" tamaşasını diplom işi üçün hazırlayırdılar. Yenicə fəaliyyəti bərpa olunmuş İrəvan Azərbaycan Dövlət Dram Teatrından gəlmiş nümayəndənin çıxışı onun və həmkurslarının taleyini dəyişdirdi.

 

Arayış

1882-ci ildən başlayaraq qədim İrəvan şəhərinin aydınları bir truppa təşkil edirlər. Beləliklə, Qafqazın  mədəni mərkəzlərindən biri tarixə düşür. Ədəbiyyatşünas alim, görkəmli ictimai xadim Firudin bəy Köçərlinin təşəbbüsü və yaxından köməyi ilə 1886-cı ildə İrəvan truppası Mirzə Fətəli Axundovun " Müsyo Jordan və dərviş Məstəli şah" komediyasını hazırlayır. Sovet hakimiyyəti qurulduqdan sonra,1928-ci ildə teatr dövlət statusu alır, 1935 ci ildə isə sənət ocağına Cəfər Cabbarlının adı verilir.

SSRİ  rəhbərinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür- Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il 27 dekabr və " Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür- Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında" 1948-ci il,10 mart tarixli qərarları ilə azərbaycanlıların ulu yurdlarından kütləvi deportasiyası, Mərkəzi hakimiyyətin və Ermənistan rəhbərliyinin qərəzli siyasəti teatra da öz zırbəsini vurdu: teatr bağlandı.

1967-ci ildə Qərbi Azərbaycan ziyalılarının gərgin səyləri, davamll müraciətləri, Şıxəli Qurbanovun milli təəssübkeşliyi sayəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti bərpa olundu.

 

Qərar

Milli qürur hissi, sənət sevdası on bir tələbəyə təyinatdan imtinanı, İrəvana yollanmağı diktə etdi. Vidadi Əliyev, Mərziyyə Məmmədbəyova, Qasım Qasımov, Ədalət Ziyadxanov, Hacı İsmayılov, Qurban Ələkbərov, Ramiz Məlikov, Hacı Xəlilov, Sara Əliyeva, Nəsimi Eminov dərslərdən azad olunaraq İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərildilər.

Bakı- İrəvan qatarının sərnişinləri arasında tələbə- aktyorlar yol gedirdilər. Şirin xəyallarla, böyük arzularla, romantik duyğularla yollara baxırdılar. Onlar şərəfli, amma çətin bir yola çıxmışdılar. Düşmən hikkəsinin qurbanı olmuş milli mədəniyyətin bərpası uğrunda böyük fədakarlıq, ağrılı, acılı günlərlə dolu yol düşmüşdü qismətlərinə.

1967-ci il martın 16-da boyunlarına şərəfli bir missiya götürmüş gənclər İrəvana çatdılar.

 

Doğma yurdda qəriblik

Nəsir Sadıqzadə tələbələrini tək buraxmadı. Teatrın şəraitsiz məkanında "Sevil"in məşqləri davam etdi. Aprelin-28 də tamaşanın premyerası Ermənistan Dövlət Akademik Dram Teatrında keçirildi.

Bir ildən sonra istedadlı şair- publisist Hidayət Orucov teatra direktor təyin olundu

 

"Təkcə sənətkar kimi yox,həm də düşmən ölkənin iqlimində doğma teatrımızın keşiyini çəkən qəhrəman- Böyük Adam: Vidadi Əliyev" (İlhamə Nasir, yazıçı)

 

21 il ərzində Vidadi müəllim aktyorluqla bərabər uğurlu rejissor fəaliyyəti də göstərdi. Yazı- pozu bacarığı, dünya və Azərbaycan dramaturgiyasına bələdçiliyi, nəzəri bilikləri ona ədəbi hissə müdiri işləmək imkanı da verdi. Bir də tale Vidadi Əliyevin yolunun üstünə Elmira xanımı çıxartdı.

 

Xatırlatma

Elmira Məhərrəm qızı İsmayılova 1945-ci il, noyabrın 1- də İrəvanda ziyalı ailəsində dünyaya göz açıb. Şəcərəsi İrəvan xanına bağlanır. 1968-ci ildə İrəvan Dövlət Pedoqoji İnstitutunu bitirib. Elə həmin ildən İrəvan teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Humay (Əliqulu evlənir), Afət (Qaynana), Dilarə (Şəhərin yay günləri), Dilbər (Hacı Qənbər), Böyükxanım (Aydın), Xala (Arşın mal alan), Nazik (Ulduz) və s. onun obrazlar qalereyasında mühüm yer tutur. "Ömürdən uzun gecə" və  " Əkizlərin nağılı"  televiziya filmlərində çəkilib.  Beş il televiziyada fəaliyyət göstərib.

 

 Teatr naminə

Yaradıcı heyət var qüvvəsi ilə çalışırdı. Tamaşalar hazırlanırdı, amma şəraitsizlik ucbatından premyeralar İrəvan Dövlət Musiqili Komediya Teatrında, Rus Dram Teatrında, Ermənistan Dövlət Dram Teatrında, Zabitlər evində təşkil edilirdi. Bəzən də ətraf kəndlərə qastrollara çıxırdılar.  Soğlun çiçəklər, Sənsiz, Hacı Qənbər, Aydın, Nəsrəddin, Məşədi İbad, İkinci səs, Molla İbrahimxəlil kimyagər, Arşın mal alan, Toy kimindir, Ulduz, Toy, Qaynana, Tribunal, Şərəfin sandığı, Sən nə üçün yaşayırsan, Məni qınamayın, Məhv olmuş gündəliklər, Atayevlər ailəsi, Təklif, Hicran, Müsyo Jordan və dərviş Məstəli şah, Ər və arvad, Qarağaclar altında məhəbbət tamaşaları maraqla qarşılanmışdı

 

Ağlama yasəmən, salamat qal tut ağacı

1988-ci ilin payızında teatr Neftçala və Cəlilabad rayonlarına qastrol səfərinə yollandı. Geri qayıdarkən rastlaşdıqları mənzərədən əndişələndilər. Aktyor Şamil Dəmirçiyevin bağlı qapısının arasından benzin töküb mənzilini yandırmışdılar. Qorbaçov hakimiyyəti tarixən Azərbaycana kin bəsləmiş ermənilərin əl- qol açmalarına münbit şərait yaratmışdı. İrəvan meydanında qızışan mitinqlərdə Azərbaycan əleyhinə aqressiv şüarlar səslənir, İrəvanda yaşayan azərbaycanlıların şəhəri təcili tərk etmələri ilə bağlı ultimatum verilirdi.

 

"Teatrın normal fəaliyyətinə imkan vermirdilər, bağlanması üçün hər tərəfdən təzyiq göstərirdilər. Bunun qarşısını almaq üçün bütün qüvvə ilə çalışırdıq. Fəhlə işini də özümüz görürdük. Mitinqlərdən bir az öncə, uzun süründürməçilikdən sonra ev almışdım. Bayırda mitinqlər gedirdi, mən mənzilə oboy vururdum. İşin sonluğunu ağlıma belə gətirmirdim. Son anda qədim yurdumuzdan çıxmaq məcburiyyətində qaldıq. Qaldığım həyətdə yasəmən əkmişdim, bir də tut ağacı. Uzun müddət yuxumda ağlayan yasəmənləri görürdüm, budaqlarından ney səsi gələn tutun harayını eşidirdim" (Vidadi Əliyev)

 

Dar günlər və dar günün dostları

Bakıda yerləşəndən sonra Vidadi Əliyev bir neçə həmkarı ilə birlikdə Azərbaycanfilm kinostudiyasının direktoru Ramiz Fətəliyevə müraciət etdi. Kinodramaturq onların vəziyyətini anladı. Dərhal aktyorları ştata götürdü. Maddi cəhətdən vəziyyət düzəlsə də, səhnə eşqi, teatr təşnəsi Vidadi müəllimi rahat buraxmırdı. O, yeni təşəbbüslə Mədəniyyət Nazirliyinə getdi. Həmkarlarının bir neçəsi Vidadi Əliyevi tək buraxmadı.

 

"Nazir Polad Bülbüloğlu, nazir müavini Ədalət Vəliyev və Akademik Dövlət Dram Teatrının direktoru, SSSİ Ali Sovetinin deputatı Həsənağa Turabov bizi anlayışlı qarşıladılar. Onlara dedim ki, düşmən içində qədim mədəniyyətimizi təbliğ etmiş, qorumuş teatrımızı qorumaq lazımdı. Söylədiklərimə şərik çıxdılar. Beləliklə, 1989-cu il, iyulun 4-də Xırdalanda bizə yer verildi. Elə ordaca qərara gəldilər ki, teatra rəhbərlik işini mən boynuma götürüm"  (Vidadi Əliyev)

 

Akademik Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Opera və Balet Teatrının, Sumqayıt Dövlət Dram Teatrının köməyi ilə studiya rekvizit, əlbəsə, geyimlə təmin olundu. Altı aya qədər məvacibsiz çalışan fədailərə Qayğı cəmiyyətinin sədri, akademik İmam Mustafayev əl tutdu.

1989-cu il, noyabrın 4-də teatr-studiya ilk işini təqdimata çıxardı. Georgi Xuqayevin Elbrus evlənir əsəri maraqla qarşılandı.

 

Mədəniyyətimizin hamisi

1993-cü ilin yayında xalqın tələbi, ziyalıların müraciəti ilə görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Dövlət quruculuğu, ordu formalaşdırılması ilə bərabər ulu öndər ədəbiyyat və incəsənəti də diqqət mərkəzində saxladı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətini yaxşllaşdlrmaq barədə " 31 avqust, 1994 cü il tarixli, 320 sayll əmri verildi. Əmrə əsasən, sənət ocağı Nəsimi rayoni ərazisində, Hüseynqulu Sarabski adına Mədəniyyət evinə yerləşdi. Vidadi Əliyev teatrın direktoru və bədii rəhbəri kimi fəaliyyətini davam etdirdi. Yaradıcılıq ruhu artdı. Dramaturgiyadan seçmələr səhnəyə gətirildi. Muxtəlif teatrlardan tanınmış rejissorlar dəvət olundular. 

 

"20 Yanvar faciəmizə həsr etdiyimiz tamaşanı Təbriz və Ərdəbil şəhərlərində oynadıq. Tehran televiziyası tamaşanı lentə aldı." (Vidadi Əliyev)

 

Portretə cizgilər

"Çətin məqamlarda- hər kəs ağır psixoloji sarsıntıya, çıxılmaz vəziyyətə düşəndə Vidadi müəllim qəhrəmanlıq göstərərək teatrın kollektivini bir araya cəmlədi. Bütün bunlar heç bir texniki - maddi bazası olmayan teatr üçün əvəzsiz xidmət idi. O, həm aktyor, həm rejissor, həm də direktor kimi layiqli sənətkar, vətəndaşdır. Ümumiyyətlə, İrəvan teatrında onun haqq- sayı sonsuzdur. Vaxt olub ki, direktorluq dövründə fəhlə yerinə də iş görüb.

Elmira teatrın Azərbaycanda fəaliyyətinin yenidən davam etdirilməsində çox böyük zəhmət çəkib. O, teatrı son dərəcə sevən, teatrın önündə gedən, onun yükünü çiynində daşıyan sənətkarlardan biridir. Bir sözlə, Elmira xanım İrəvan teatrının anasıdır." ( Almaz Ülvi, filologiya elmləri doktoru)

 

Vidadi Əliyev 1988-ci ildən 2000-ci ilə qədər rəhbər kimi bütün enerjisini teatrın inkişafı naminə sərf etdi, 14 nəfərlik məhdud aktyor ştatı ilə dəyərli tamaşaların ərsəyə gəlməsi üçün həm direktor- bədii rəhbər, həm də quruluşçu rejissor kimi əzmlə çalışdı.

 

"Verdiyi quruluşlar rejissorun yüksək sənətkarlığından, tükənməz təxəyyülündən xəbər verir. İşində əsas gücü aktyor ifasına verən Vidadi Əliyev maraqlı və təkrarolunmaz yozumları ilə tamaşaçı rəğbəti qazanmış səhnə əsərləri yaradıb. Onun yaradıcılığında lirik məqamlar, psixoloji vəziyyətlər, realistcəsinə poetik ifadələr yer alıb. Vidadi Əliyevin quruluşunda aktyor mizanla, psixoloji durumla dediyi söz arasında üzvilik, vəhdət yaradıb, sadə, səmimi və inandırıcı şəkildə ifa edir "  (İlham Rəhimli, professor, əməkdar incəsənət xadimi)

 

Vidadi Əliyevin aktyorluq imkanları kino rejissorlarının da diqqətini çəkib. Bayquş gələndə, Küçələrə su səpmişəm, Doğma sahillərdə, Qəzəlxan, Təxribat, Yalan, Nabat, Girov, Cavid ömrü bədii filmlərində xarakterik obrazlar yaradıb.

 

"Bu yaxınlarda Yurd yeri filminə baxdım. İlahi, necə təsirli idi?! Onun baxışları atamın baxışlarını xatırlatdı. Qabarıb- çəkilən sinəsində Qubadlı deyə- deyə dünyadan köçən atamın Vətən ağrılarını hiss etdim. Həm də o baxışlarda, gözlərinin dərinliklərində Vətən nisgili, İrəvan həsrəti" (İlhamə Nasir, yazıçı)

 

Sədaqət

Çətin zamanlarda Musiqili Komediya Teatrının direktoru Hacıbaba Bağırovdan Vidadi müəllimə də, Elmira xanıma da iş təklifi gəlib. Daha sonra Xalq artisti Afaq Bəşirqızı Elmira xanımı teatra dəvət edib. Hər ikisi dəvətə görə minnətdarlıq edib, doğma teatrı dar ayaqda qoyub getməyi özlərinə sığışdırmayıblar.  Onlar üçün sədaqət önəmli prinsipdir. 2016-cı ildə Türkiyədə qastrol səfərində Abidəmin dastanı tamaşasında bir yerdə oynayıblar və bu, ömürlərini səhnəyə həsr etmiş  fədakar cütlük üçün vida oyunu olub.

 

Qəfil zərbə

Dəmirçi dəmiri döyür,

saat zamanı,

ürəyim sükutu.

dəmir əyildi,

zaman əridi,

ürəyim hanı?!

         Faiq İsmayılov

 

Mən bu ailəni rəhmətlik Oqtayla tanımışdım. Tələbəlik illərindən. Sonralar Azərbaycan televiziya sınayesinı mükəmməl menecer konsepsiyasını uğurla tətbiq edən peşəkar, böyük təşkilatçı, SOY-un yaradıcısı kimi daha yaxından tanıdım.

 

"Oqtayın qəfil gedişi sarsıtdı məni, qəddimi əydi. Dözməli dərd deyil. İçimdə ağlayıram. Göz yaşım ürəyimi yandırır. Yuxuma girir tez- tez. Həmişə də, həyatda olduğu kimi, qaynar, hay- küylü, haray- həşirli, tələsən, həm də zarafatcıl" (Vidadi Əliyev)

 

 Mustika

"Oqtay mənə bir telefon almışdı.  O, haqqın dərgahına qovuşan gün telefon birdən birə işləmədi. Heç kimin də başı çıxmadı. Oqtayın üçü çıxan gün telefon özü özündən açıldı, işləməyə başladı" (Elmira İsmaylova)

 

Ailənin ikinci övladı Elçinlə məni CNF production-da unudulmaz şairimiz Cabir Novruzun oğlu, rəhmətlik Müşfiq tanış edib. Fundamental əsərlərini, televiziyaşünaslıqla bağlı  araşdırmalarını həvəslə oxuyuram. Elçin Əlibəyli böyük intellekt sahibidirə

 

"İrəvan teatrının baş rejissoru Tofiq müəllimin qurduğu tamaşaya daxili baxış keçirilirdi. Elçini də özümüzlə götürmüşdük. Hardasa, 5 yaşı olardı. Çıxışlar bitəndən sonra birdən Tofiq müəllim Elçinə tərəf döndü:

-Balaca, tamaşa xoşuna gəldi?

Elçin elə bir irad bildirdi ki, hamımız heyrətləndik. Və maraqlı burasıdlr ki, rejissor o iradla razılaşdı, düzəlişi etdi."  (Vidadi Əliyev)

 

74 gün

Onlar bir-biri üçün bu dünyaya gəliblər.

Tale onları İrəvanda görüşdürdü.

Sevgilərini etiraf edib ailə oldular.

Sevgi və sənət eşqi üzərində qurulmuş ailə modeli yaratdılar.

Azərbaycan incəsənətinə mühüm töhfə verən iki övlad böyütdülər.

Sərvət həvəsinə düşmədilər, var- dövlət dalınca qaçmadılar. İradələri, gözütoxluqları nəfsə qalib gəldi.

Ən böyük kapitalın intellektual övladların olması düşüncəsinə aksiom təntənəsi yaşatdılar.

Çətinliklərə birlikdə sinə gərdilər.

Faciənin, övlad itkisinin acısını da birgə yaşadılar. Bir-birinə hayan oldular, toxtaqlıq verdilər.

Və hər ikisinin 80 illik yubiley məqamıdır. Arada vur- tut 74 gün fərq var.

Sentyabrın 1-də əməkdar artist Vidadi Əliyevin, noyabrın 13-də Xalq artisti Elmira İsmayılovanın doqquzuncu onilliyə qədəm qoyduqları ünlü tarixdir.

Mübarəkdir!

 

“Ədəbiyyat və incəsənət”

(01.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.