Abdulla Qədirinin “Ötən günlər” kitabı Azərbaycan dilində təqdim olunub Featured

Rate this item
(0 votes)

BU, BÖYÜK ÖZBƏK YAZIÇISININ İKİ ŞEDEVRİNDƏN BİRİDİR

 

Bəli Bakıda Özbəkistan mədəniyyəti günləri uğurla davam edir və mədəniyyət günləri çərçivəsində ötən gün Azərbaycan Milli Kitabxanasında “Özbək ədəbiyyatı guşəsi”nin açılışı və özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində yeni tərcümə olunmuş nəşrinin təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Abdulla Qədiri 1984-cü ildə Daşkənddə varlı tacir olan Qədir kişinin ailəsində doğulmuşdur. Yazıçının atası Qədir kişi 102 il ömür yaşamışdır. Abdulla Qədiri uşaq olarkən atası müflisləşmiş və sonra o, bağçılıqla-üzümçülüklə məşğul olmağa başlamışdır. Oğlunu təhsilli, ziyalı görmək istəyirdi. Ona görə də Abdullanı əvvəlcə köhnə müsəlman məktəbinə, sonra isə yerli rus-özbək məktəbinə qoymuşdu. Bu məktəbdə Abdulla rus dilini öyrənmiş, sonralar bu imkan ona rus ədəbiyyatı ilə yaxından tanış olmağa kömək etmişdi. İbtidai təhsilini başa vurduqdan sonra o, müstəqil həyata qədəm qoymuş, Daşkənddə bir varlının-mülkədarın yanında mirzəliyə (katibliyə) başlamışdır. Beləliklə, qeyd edək ki, onun uşaqlıq və yeniyetməlik dövrü tacirlər, varlı və kasıb təbəqələr, peşəkar sənətkarlar, daim bir yerdə məskunlaşaraq xırda alış-veriş edən alverçilər və torpaqsız kəndlilər arasında keçmişdir. Gördüyü bu insanların həyat tərzi, yaşam dünyası, eləcə də şəhər mühiti onun – gələcək yazıçının dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Bunlar əsas verir deyək ki, o, öz xalqını eşitdikləri və yaxud oxuduğu kitablar vasitəsilə yox, məhz gördükləri, müşahidələri əsasında daha yaxından tanımışdır. Nəvainin, Lütfinin, Muqiminin, Fitrətin, Çolpanın və digər cığatay (özbək) klassiklərinin əsərlərini maraqla mütaliə etmiş və milli ədəbiyyatın tarixinə yaxından bələd olmuşdur.

XX əsrin əvvəllərində Asiyanın, Avropanın bir hissəsini inqilab dalğası bürümüşdü. Belə bir dövrdə özbək yaradıcıları, millətçi ziyalılar da milli-azadlıq mübarizəsinə qoşulmuşdu. Təbii ki, Azərbaycanda baş verən ədəbi hadisələr, "Molla Nəsrəddin", Mirzə Cəlil, Sabir kimi nəhəng satirik – inqilabçı demokratların yaradıcılıqları özbək ədəbi həyatına böyük təsir etmişdir. Bu təsir Abdulla Qədirinin da yaradıcılığından yan keçməmişdi. Özbəkistanda millətçilik ideyalarının təbliğində, yayılmasında vətənsevər, millətsevər ziyalılar fəallıq göstərirdilər. Dini xurafat, mövhumat əleyhinə mübarizə genişlənir, yeni təhsil sistemi, dünyəvi biliklərə yiyələnmək, savad almaq uğrunda təbliğat getdikcə güclənirdi. Abdulla Qədiri ərəb və fars dillərinə yiyələnmək üçün yeni üsullu mədrəsədə-müsəlman seminariyasında təhsilini davam etdirir. Buradakı təhsil proqramında milli burjuaziya tələbləri əks olunurdu, onun ideoloqları cədidçilər adlanırdı. "Cədid" – ərəb sözü olub, "yeni" anlamını verir. Bütün Rusiyanı, Azərbaycanı, Türküstan ellərini bürümüş inqilabçı-demokratlar hərəkatının aparıcı ideyalarını Özbəkistan həyatında da cədidizm nümayəndələri həyata keçirməyə cəhd edirdilər. Cədidçilər, feodal təfəkkürünün ləğvinə, xurafat yönümlü dini məktəblərin köklü islahatı, islamın yüksək dini elm səviyyəsində tədrisi lehinə çıxışlar edirdilər.

Sovet ideologiyasında qeyd edilir ki, cədidçilər Türkiyə pantürkistlərinə meyl edir, tatar və Azərbaycan pantürkistləri ilə əlaqə saxlayır, xalq kütlələrini inqilabi çıxışlardan çəkindirirdilər. Müəyyən proqramı, rəhbərlik mərkəzi və nizamnaməsi olmayan cədidçilər Türküstan və Buxaradakı leqal nəşrlər ətrafında, yeni üsullu məktəblərdə, xeyriyyə cəmiyyətlərində və s. yerlərdə toplaşırdılar. Bəzən cədidçilərə demokratik ziyalılar da qoşulurdu, lakin onların siyasi cəhətdən cədidçilərlə yaxınlığı yox idi. Məsələn, H. H. Niyazini, S. Aynini, A. Qədirini və başqalarını göstərmək olar.

Adları qeyd olunan və olunmayan o dövr yaradıcılarının ümdə vəzifəsi xalqının gözünü açmaq - maarifləndirmək, elmə-ədəbiyyata marağı gücləndirmək və beləliklə, xalqının dünyaya baxışını zənginləşdirmək idi. Hər kəs öz sözü, qələmi ilə bu ideyalarını həyata keçirmək əzmində idi. Bunun adını isə nə qoyurlarsa qoysunlar, Abdulla Qədirinin gənclik yaradıcılıq dövrü məhz belə zamana təsadüf etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, o, elə bir ailədə, əhatədə doğulub böyümüşdü ki, kifayət qədər formalaşmış dünyagörüşü var idi. Həyatın hər üzünü görmüş və təfəkküründə saf-çürük etməyi bacarırdı. Abdulla Qədirinin "Millətimə", "Bizim vəziyyət" şeirləri məhz bu ruhdan doğmuşdur. "Əxlaqsız" (1915) adlı nəsr əsəri 1916-cı ildə "Türküstan vilayətinin qəzeti"ndə dərc olunmuşdu. Bu əsərdə yazıçı mülkədar oğlu Saqdullanın timsalında gənc ticarətçilərin nöqsanlarını, onların əxlaqsız, məhvə məhkum həyat tərzlərini açıb göstərərək ifşa etmişdir. Elə həmin illərdə yazdığı "Bədbəxt adaxlı" dramında isə yazıçı israfçılığı, bədxərcliyi ifşa etmişdir. Əsərdə mülkədarın yanında işləyən kasıb gəncin faciəli taleyi təsvir olunur. Bu gənc adaxlıdır, öz məsrəfinə uyğun olmayan böyük toy ziyafəti təşkil edir, bununla borca düşür və borcunu ödəyə bilmədiyi üçün özünü öldürür. Əsər əldə olunan afişaya görə, yazıldığı tarixdə yerli teatr xadimləri tərəfindən səhnələşdirilibmiş.

Yazıçının qələmə aldığı mövzular onun həyatda çox tez-tez gördüyü və şahidi olduğu hadisələrdir. Abdulla Qədiri Özbəkistanda nəşr olunan ilk satirik jurnalın – "Müştüm" ("Yumruq") jurnalının banilərindən və fəal müəlliflərindən biri olmuşdur. O, gördüklərini gah satirik yolla, gah faciə şəklində qələmə almışdır. Sovet hökuməti Özbəkistanda qurulandan sonra cədidizm aradan götürüldü. Lakin milli azadlıq mübarizəsi, vətənsevərlik, millətçilik duyğusu elə bir şeydir ki, onun başqa adı olmur. Müxtəlif cərəyanlar, təşkilatlar, hərəkatlar, siyasi quruluşlar ötüb keçə bilər, amma qanla, təfəkkürlə doğulan millətçilik duyğuları ölməzdir (İllahdakı hürlüksevər türk soylarından olub Turan məfkurəsinə, Türküstan idealına tapınanlar nəslindən olasan).

İnqilablar, cəmiyyət dəyişiklikləri Abdulla Qədirinin dünyagörüşündə böyük dönüş yaratmışdır. O, mətbuatda çox tez–tez dərc olunurdu. 1919-22-ci illərdə yazdığı felyetonlarını, hekayələrini "İştirakiyun" ("Kommunist") və "Qızıl bayraq" qəzetlərində, "İnqilab" jurnalında çap etdirirdi.

1922-ci ildə "İnqilab" jurnalında "Mənim atam bolşevikdir" əsəri dərc olunmuşdur. 1923-cü ildə isə "Müştüm dərgisində çalışmağa başlamışdı. Hekayələrini, felyetonlarını, məqalələrini "Cul qunbay", "Dunbul", "Ciyən", "Sovrunbay", "Ovsar", "Dumbulnisə" və başqa gizli imzalarla nəşr etdirən Abdulla Qədiri alverçiləri, kəndxudaları, ikiüzlü çinovnikləri, bürokratları, qadın azadlığı əleyhinə olanları, maarifçiliyin düşmənlərini tənqid atəşinə tutur, xalqını yeni günə, işıqlı, ziyalı sabaha çağırırdı. O, öz yazıçı, ziyalı təfəkküründən doğan bu arzularını qələmə almağa çalışırdı.

Buna görə də onun satirik janra müraciət etməsi, bu janrda yazmağı bacarması daha uğurlu cəhd idi. Çünki, az sözlə böyük məna, böyük mətləblər açırdı. Yumorla, gülüşlə eybləri göstərmək, oxucu əhatəsini genişləndirmək digər ölkələrin də ədəbi üsullarından biri idi. Onun xalq aforizmlərinə, özbək folkloruna müraciət etməsi təbii hisslərdən doğurdu.

"Mənim tərcümeyi-halım" hekayələr silsiləsindən olan "Kalvayı Məhzum", "İnadcıl Taşpulat nədən danışır" və "Şarvon xala nədən danışır" hekayələrində yazıçı öz obrazlarını satirik dillə ifşa edir. Yazıçı istər Kalvayı Məhzumun, istərsə də işsiz, gücsüz, avara Taşpulatın – qəhrəmanlarının daxili dünyasını satirik-psixoloji təhlil vasitəsilə açıb tökür. Satirik hekayələrində obrazlarını psixoloji cəhətdən son dərəcə güclü təsvir edən müəllif bir yazıçı kimi özü də qələmini möhkəmləndirir. Real həyatdan götürdüyü obrazlarını bədii ifadələrlə oxucusuna tam şəkildə açır. Bütün bunlar, əlbəttə, yüksək yazıçı təxəyyülündən, qabiliyyətindən, istedadından irəli gəlirsə də, eyni zamanda, onun həyatı gözəl dərketmə, insan xarakterini olduğu kimi təhliletmə bacarığındandır.

Təbii ki, bədii yaradıcılıq xalq qəlbinə, xalq ruhuna yaxın olmalıdır. Oxucu əsəri oxuyarkən, əhatəsini, lap özünü, yaşadığı cəmiyyəti, hökm edən qanun-qaydaları, haqsızlıqları, narazılıqları orada görsün və qəlbinə doğma-həmdəm, həmfikir sansın, sirdaş bilsin. Abdulla Qədiri 1924-25-ci illərdə Moskvada B. Y. Bryusov adına Ali Bədii Ədəbiyyat İnstitutunda təhsilini mükəmməlləşdirmişdir. Satirik fikirləri ilə qələmini möhkəmləndirən yazıçı "Ötən günlər" adlı romanını 1922-ci ildən hissə-hissə çalışdığı "İnqilab" jurnalında dərc etdirirdi. Bu əsərini Abdulla Qədiri 1925-ci ildə ayrıca kitab şəklində çapdan buraxdırmışdı. Əsər 3 hissədən ibarətdir. Birinci hissə 23, ikinci hissə 17, üçüncü isə 16 hekayətdən (cəmi 56 hekayət) ibarətdir. Burada XIX əsrin I yarısında özbək xalqının həyatı təsvir edilmişdir. Əsərin başlanğıcında yazıçı "Müəllifdən" adlı giriş sözündə qeyd edir ki, "biz yeni əsrə qədəm qoymuşuq və bütün ölkəni yeni yolla getməyə çağırıram. Yazıçılar müxtəlif janrlarda – roman, hekayə və şeir olsun, yeni yaradıcılıq nümunələri yaratmaq əzminə dolublar. Öz dövrümüzün "Tahir və Zöhrə"sini, "Fərhad və Şirin"ini, "Bəhram Gur"unu və "Dörd dərviş"ini yazmalı, yaratmalıyıq. Bu mənada "Ötən günlər" romanı ilk cəhddir. İstənilən işdə ilk addımda zəiflik, çatışmazlıq olur. Təcrübə artdıqca həmin çatışmazlıqlar görünür, dolğunlaşdırmağa çalışırsan. Bu fikri bəyənərək, amma təcrübəsizliyimə də qulaq asmayaraq, gücümü sınamağa can atdım. Deyirlər ki, nəyi isə yeni başlayırsansa, keçmişinə nəzər sal, onda uğur qazanmaq mümkündür. Ona görə də mən keçmişdən, yenicə ötən günlərimizdən, axırıncı xanlıq dövrünün – tariximizin çirkin və qara günlərindən yazmağa başladım. " (96, s. 6)

1928–ci ildə Azərnəşrdə nəşr olunan "Ötən günlər" kitabının giriş hissəsində əsəri ilk dəfə Azərbaycan dilinə tərcümə edən, milliyyətcə özbək olan, amma Bakıda yaşayıb – yaradan Xalid Səid Xocayev yazmışdır: "İndiki Özbəkistan Cümhuriyyəti Türküstan ölkəsinin ən zəngin qismindən təşkil edilmişdir. Buradakı xalq inqilaba qədər başqa millətlər kimi Rusiya çarlığı, Rusiya kapitalıst yumruğu altında hüquqdan məhrum bir halda yaşamışdır. Zəhmətkeşlər, kəndçilər əski xanlıqlar dövründə nə qədər elmdən, mədəniyyətdən məhrum halda yaşamışdırlarsa, çarlıq dövründə də eyni halda qalmışlar. İnqilaba qədər Türküstan xalqının (tam mənasıyla) mətbuatı yox idi. Olan mətbuat da çar hökumətinin təşviqatçısı idi. Özbək ədəbiyyatı tarixində birinci olaraq həyati, tarixi roman – özbək ictimaiyyətini, özbək xalqının yaşayışını özündə əks etdirən bir əsər yazılmışdır və bununla da özbək ədəbiyyatında yeni bir dövr açılmış oldu. Əsərin müəllifi Özbəkistanın mahir yazıçılarından olan Abdulla Qədiri (Çolkanbay) zəmanənin adamlarındandır, ancaq proletar ideolojisilə hələ ki, yoğrulmamış, proletar dünyasına qarışmamış ziyalılardandır. O, mədrəsədə oxumuş, bir neçə zaman qulluqçu sifətilə ticarət işlərilə məşğul olmuş, inqilabdan sonra "Muştum" jurnalında "Xəlvət məxsum", "Taşbulax Təcən" imzaları altında nəşr olunan yazıları ilə mətbuat aləmində tanınmışdır. Ancaq yenə milli ruhdakı ziyalıların sırasındadır. "Ötən günlər"in qiyməti keşmiş xanlar dövründəki qanlı faciələri, başkəsmələri, hakimiyyət uğrundakı çarpışmaları təsvir etməsindədir. Mühərrir bu əsərində keçmiş, unudulmuş günləri gözümüzün qabağında canlandırır. Əsər nəfis özbək ədəbiyyatının birinci romanlarından sayılır: əsərdə bir tərəfdən özbək həyatı, qadınların, qızların yaşayışı, onların yumşaq təbiətləri, sədaqətləri, şirin ədaları təsvir edilirkən, ikinci tərəfdən də onların kişilərin təhəqqümü altında qul kimi ömür sürdükləri, ailə içindəki çarpışmaları nəfis surətdə göstərilir. Romanın zəif cəhətləri də vardır. Azərbaycancaya çevirdikcə belə yerlər mümkün olduqca qısaldılmış, əsəri mahir qələmlə yazılmış bir roman siqlətinə salmağa çalışılmışdır. …Əsərin üslubu özbəklərin səciyyələrini tamamilə əks etdirir. Uslub təmkinli, … qəhrəman ən təhlükəli dəqiqələrdə belə vüqarını itirməz, qanlı mücadilələrdən sonra belə soyuqqanlılığı saxlar. Sirrini kimsəyə söyləməz. Qəhrəman özbək xalqının bütün səciyyələrini özündə toplayan bir özbəkdir. Əsər realist, bəzi yerdə də naturalistcəsinə yazılmışdır. Buna görə də "realist məsləki özbək ədəbiyyatına bu əsər ilə girir" demək olur. Abdulla Qədiri özbəklərin Mirzə Fətəlisi sayıla bilər. Bu roman Özbəkistanda hər savadlı vətəndaş tərəfindən sevilə – sevilə oxunmaqdadır. Özbəkistan nəşriyyat dairəsi tərəfindən üç dəfə çap edilmişdir. Özbəkistan və Azərbaycan əməkçilərini bir – birilərinin həyat və yaşayışları ilə tanışdırmaq üçün bu əsərin nəşri lazım bilindi. Özbəkistan şuralar bayrağı altında mədəni tərəqqidə çox irəli getmişdir. Bununla bərabər özbək xalqının həyatilə tanış olmaqda bu roman bir neçə yollar açacaqdır".

 

İndi isə tədbir barədə reportajı təqdim edirik: Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Özbəkistan mədəniyyəti günləri” çərçivəsində silsilə tədbirlərin təşkil olunacağını qonaqların diqqətinə çatdırıb. O, iki qardaş ölkənin milli kitabxanaları arasında daim sıx əməkdaşlığın mövcud olduğunu, həmçinin 2019-cu ildə Azərbaycan Milli Kitabxanasının “Beynəlxalq əməkdaşlıq” zalında Özbəkistan daimi guşəsinin açıldığını, bu gün isə özbək milli roman janrının banisi Abdulla Qədirinin “Ötən günlər” kitabının yeni nəşrinin təqdimatının və “Özbəkistan ədəbiyyatı və incəsənəti” adlı guşənin açılışını diqqətə çatdırıb. 

Özbəkistan Mədəniyyət naziri Ozodbek Nazarbekov Özbəkistan və Azərbaycan mədəni əlaqələrindən danışıb. O, “Azərbaycanda Özbəkistan mədəniyyəti günləri” çərçivəsində 200-dən çox özbək sənət və ədəbiyyat nümayəndələrinin Azərbaycana təşrif buyurduğunu və üç gün ərzində müxtəlif səpkili tədbirlərin həyata keçiriləcəyini söyləyib. Nazir “Özbəkistan mədəniyyəti günləri” tədbirində iştirak edənlərə müvəffəqiyyət arzulayıb, tədbir vasitəsilə özbək ədəbiyyatının Azərbaycanda daha da tanınacağına ümid etdiyini, iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə vəsilə olacağını bildirib. 

Sonra qonaqlar “Özbəkistan ədəbiyyatı və incəsənəti” adlı guşə ilə tanış olublar.

Tədbir Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində yeni tərcümə olunmuş nəşrinin təqdimat mərasimi ilə davam edib. 

Milli Kitabxananın direktoru Kərim Tahirov kitabın gənc oxucular üçün vacib nəşr olduğunu bildirərək, özbək xalqının milli-mənəvi dəyərlərinin Azərbaycan oxucusuna çatdırılmasında nəşrin əhəmiyyətini qeyd edib. 

Sonra qonaqlar Abdulla Qədiri haqqında sənədli filmə baxıblar. 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək, qədim tarixə malik mədəni və siyasi əlaqələrin bu gün də yüksək səviyyədə davam etdirildiyini söyləyib, özbək ədəbiyyatının klassiki Abdulla Qədirinin kitabının təqdimatında iştirak etməkdən şad olduğunu, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunduğuna görə təşəkkürünü bildirib. 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dünyasının ayrılmaz parçası olan Özbəkistanın, Türk dünyasının digər ayrılmaz hissəsi olan Azərbaycanda mədəniyyət günlərinin keçirilməsindən məmnun olduğunu söyləyib. Azərbaycan və Özbəkistan ədiblərinin daimi qarşılıqlı qardaşlıq əlaqələrindən söz açıb. Eyni zamanda, hər iki ölkənin dövlət başçılarının nümayiş etdirdikləri qardaşlıq nümunəsinin ölkəmizdə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə dayandığını bildirib. 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Özbəkistan mədəniyyəti günləri”nin Azərbaycanda keçirilməsinin Türk dünyasının birliyinin bariz nümunəsi olduğunu qeyd edərək, minillik zaman çərçivəsində istər qədim, istər çağdaş dövrdə iki xalq arasında əlaqələrin mövcudluğundan danışıb. Natiq hələ ötən əsrin 70-ci illərində hər iki ölkənin prezidentlərinin əsasını qoyduğu dostluq münasibətlərinin bu gün də eyni şəkildə davam etdirildiyini, həmçinin beynəlxalq arenada hər iki ölkənin daha da yaxınlaşdığını deyib. O, kitabın müəllifinin, tərcüməçisi Xalid Səid Xocayevin və redaktoru olmuş Hənəfi Zeynallının repressiya qurbanı olduğunu xatırladaraq, Abdulla Qədirinin Azərbaycan ədəbiyyatına da müsbət təsirini vurğulayıb. 

Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov “Azərbaycanda Özbəkistan mədəniyyəti günləri”nin keçirilməsindən məmnun olduğunu, tədbirin təşkilinə görə Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təşəkkürünü bildirib. O, Azərbaycan xalqı tərəfindən hər zaman özbək ədəbiyyatına dəyər verildiyini, əsərin 2022-ci ildə 100 illiyinin, həmçinin bu il Abdulla Qədirinin banisi və fəal müəlliflərindən biri olduğu Özbəkistanda nəşr olunan ilk satirik jurnal olan “Müştüm” jurnalının da 100 illik yubileyinin keçirildiyini vurğulayıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, yazıçı-publisist Fazil Mustafa tədbirin Azərbaycan-Özbəkistan münasibətləri baxımından əhəmiyyətli olduğunu qeyd edib. Bildirib ki, iki ölkənin intibahı Türk dünyasının inkişafına təsir edəcək.

Özbəkistan Respublikası Milli Məclisinin üzvü, Özbəkistanın Xalq şairi Mahmudjan Tohirov bu əlamətdar gündə Azərbaycanda özbək sənətinin belə çox sevildiyinə heyrətləndiyini və bundan fəxr hissi duyduğunu söyləyib. 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, professor Almaz Ülvi, Özbəkistan Yazıçılar İttifaqının üzvü, Daşkənd Dövlət Universitetinin Ədəbiyyat nəzəriyyəsi və müasir ədəbi proses kafedrasının müdiri Bahadur Kerimov, filologiya elmləri doktoru, professor Ramiz Əsgər, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı və digərləri çıxış edərək iki ölkə arasındakı əlaqələrdən danışıb, kitabla bağlı fikirlərini bölüşüblər. 

Abdulla Qədirinin nəvəsi, yazıçı Xondamir Qədiri bu möhtəşəm təqdimata görə hər iki ölkənin mədəniyyət nazirlərinə və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. 

Sonra Azərbaycan Milli Kitabxanası tərəfindən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekova dahi Nizaminin Fransa Milli Kitabxanasında saxlanılan “Xəmsə”sinin əlyazmasının nəfis nəşri, elektron daşıyıcıda “Ötən günlər” kitabının 1929-cu il nəşri, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitabı, “Azərbaycan Milli Kitabxanası” adlı fotoalbom hədiyyə edilib.

Təbiidir, dahilər unudulmur. Abdulla Qədiri tək özbəklərə deyil, türk dünyasına aiddir.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)